Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
SƏMƏD VURĞUN
ŞAİR, NƏ TEZ QOCALDIN SƏN
Nemətsə də gözəl şeir,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən?!
Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kimi dayandı lal…
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən?!
Ovçuluğa meyil saldım,
Gecə-gündüz çöldə qaldım,
Dağ başından enib düzə
Bir ox kimi süzə-süzə
Neçə ceyran nişan aldım;
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən?!
Bəzən uca, bəzən asta,
Ötür sazım min sim üstə.
Andı yalan, eşqi yalan,
Dostluğu da rüşvət olan,
Ürək yıxan bir iblis də
Üzəvari deyir hərdən:
Şair, nə tez qocaldın sən?!
Saç ağardı, ancaq ürək
Alovludur əvvəlkitək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələm…
Bilirəm ki, deməyəcək
Bir sevgilim, bir də Vətən:
Şair, nə tez qocaldın sən?!
“Ədəbiyyat və incəsənət”
(16.04.2025)