İnsanları susan, küləklərisə susmayan bir şəhərin unudulmuş bir sakini Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

 

Külək, hər şeydən əvvəl gəlir bu şəhərə. İnsanlar doğulmamışdan, yollar çəkilməmişdən, binalar ucalmamışdan öncə də vardı. Və indi, bütün bunların içində hələ də təkcə küləkdir şəhərimə sadiq qalan. O gün də 20 Yanvar dairəsinin üstündən əsirdi. Üşütmək üçün yox, sanki yaddaşı təmizləmək üçün. Asfaltın üstündəki ayaq izlərini, divarlardakı baxışları, havada qalan fəryadları silmək üçün əsirdi…

 

Orada, yolun kənarında dayanmışdım. Finansal şəkildə sıfırda idim və gözləyirdim. Dostumu? Bəlkə özümü. Bəlkə də məni evə aparacaq adamı. Amma əslində heç bir yerdə deyildim. İnsan bəzən bir dairənin ortasında dayanıb, hərəkətdə olan hər şeyə baxarkən, özünü dayanmış bir zamanın parçası kimi hiss edir. Məni belə donmuş bir anın içində tapdı o. "Mənə bir manat kömək edərsən?" deyə..

Görünüşcə insan idi. Amma ona baxanda düşünürsən ki, bədən bir qəbirdir, ruhu hələ də orada ilişib qalıb. Üzündə zamanın əl izləri vardı, sanki həyat onu əlində çox sıxıb, sonra bir kənara atmışdı. Gözləri... Yox, o gözlər bir hekayə danışmırdı, çünki danışmağa halı qalmamışdı. Sadəcə baxırdı. Bir məzar daşına çevrilmiş baxışla.

- Mən elə-belə düşməmişəm bu hala… - dedi.

Səsi içkidən titrəyirdi, amma təkcə alkaqol deyildi onu qıran. İnsanın içini içdən yeyən bir şey vardı orada. Hər sözündə, hər nəfəsində. O danışmırdı. Sanki vicdan danışırdı, peşmanlıq fısıldayırdı. Çünki bu adam artıq cəmiyyətin gözdən saldığı bir "alkoqolik" deyildi. O, öz varlığının məzarlığında səssizcə yaşayan bir məxluqa çevrilmişdi.

Bax, qaranlıq bir paradoks burada başlayır, məhz elə bu nöqtədə. Harada ki, insan öz günahının fərqində olur, amma ondan qurtulmaq üçün artıq gec olur. O, öz içindəki Tanrını çoxdan itirmişdi, amma yenə də Allahsız yaşamaqdan qorxurdu. Sanki hər içki qurtumu ilə onu unutmağa çalışır, amma yaddaşı daha da ayılırdı.

 - Mən bomj deyiləm, qardaş… Mən məhv olmuş bir niyyətin canlı sübutuyam. Həyat... O, bir dəfə səni udanda, səni necə gəldi geri qaytarır... Amma artıq tanınmaz bir halda...

Ən çox bu cümlə dondurdu içimi. Sanki Dostoyevskinin “Cinayət və Cəza”sında Razumixinin dilindən çıxmalı idi bu sözlər. İnsan bir dəfə yerə yıxılanda, ona əl uzadılmır. Əksinə, o uzanan əllərin içində daş olur bəzən və sən bilmirsən, səni xilas edirlər, yoxsa batırırlar.

O adam əyildi, ayaqqabısının bağını yoxladı. Sanki bir ömrün qırıq hissələrini toplamağa çalışırdı. Mənə baxdı, gözlərimdə nə axtardığını bilmirdim, amma görünür, tapmadı.

- Sən qal burada. Mən... 10 dəqiqə fırlanım, sənə pul gətirərəm.

Və getdi. Əlində heç nə yox idi, cibləri boş idi, bədəni titrəyirdi. Amma nədənsə, sanki məndən daha zəngin görünürdü. Çünki onun hər şeyi yox idi və bu “yoxluq”, mənim daşıdığım yalanlarla dolu varlıqdan daha dürüst idi.

O getdi, külək isə susmadı. Yalnız insanlar susur bu şəhərdə. Külək heç vaxt unutmur.

Bəzən insanın dediyi ən sadə cümlə, əslində içində bir ömrün qaranlığını daşıyır. “Mən elə-belə düşməmişəm bu hala”. Bu sözlər, dilə asan gəlir, amma ruhun ən dərin qatından, vicdanın illərlə gizlətdiyi bir zindandan gəlir. Bu cümlədə nə bəraət istəyi var, nə də ağlamaq. Sadəcə fakt var. Çılpaq, soyuq və geri dönməz bir fakt.

O adam danışanda, səsi sanki onun dodaqlarından deyil, içində illərlə danışmaq istəyən, amma susmağa məcbur edilmiş bir uşaqdan gəlirdi. O uşaq, bəlkə on yaşında, bəlkə otuz... İlin, ayın, yaşın əhəmiyyəti yoxdur. Hər insanın içində bir zaman donub qalır və həyat boyu sən o donmuş zamanın əsirisən. O adamın zamana münasibəti pozulmuşdu. O, saatlarla yox, keçmişlə ölçürdü ömrünü.

-Mən də bir zamanlar geyinirdim - dedi. - Təmiz geyim. Qoxusu belə başqa idi. İnsanlar mənim yanımda rahat otururdular. Qızlar üzümə baxırdı... Elə baxırdılar ki, insan olduğumu xatırlayırdım.

Bu sözləri deyərkən gülümsədi. Amma bu gülüş həyatın yumşaqlığından yox, ömrün sərtliyindən doğan bir gülüş idi. O, həyatına gülmürdü. Öz halına da yox. Sadəcə susmağa çalışırdı. Səsi ilə deyil, sifəti ilə.

-Hər şey bir səhvlə başladı. Bilirsən, insanlar səhvlərin böyüklüyünü nəticədən anlayır. Amma məncə, ən böyük səhvlər heç vaxt görünmür. Sakitcə gəlirlər, sən hiss etmirsən. Hətta xoşbəxtlik kimi görünür bəziləri əvvəlcə... Sonra səni içindən yeyir.

Bu adamın dedikləri, bir müdrikdən çox, bir məhkumun sözlərinə bənzəyirdi. Amma o, cəmiyyətin deyil, özünün məhbusuydu. Öz seçimlərinin, öz qorxularının, öz unutqanlığının zindanında idi.

 - İçməyə başlayanda, heç kim "məni xilas edin" demir. Hətta bir az xoşbəxt hiss edirsən. İlk dəfə içəndə bir qız məni tərk etmişdi... Mən ağlamadım. İçki məni sakitləşdirdi. Sonra işdən çıxarıldım. İçki məni güldürdü. Anam öldü. İçki məni unutdurdu... Mən sandım ki, bu mənim dostumdur. Amma içki dost kimi gəlir, qəbir kimi gedir.

Ətrafımızdan maşınlar keçirdi. İnsanlar, biri gedir, biri gəlir. Onlar üçün bu adam bir parazitdir. Bir rahatsızlıq. “Cəmiyyətin zibilliyi” deyərdilər bəlkə. Amma heç biri onun içindəki cəhənnəmi görə bilməzdi. Çünki cəmiyyət, aludəliklə yox, görüntü ilə mühakimə edir.

 - Bəlkə də mən hələ də insanam, amma insanlar məni çoxdan silib. Bilirsən, bir insanı öldürmək üçün onun bədənini deyil, varlığını yox saymaq yetərlidir...

 Sözləri havada qalırdı. Sanki Tanrı belə susmuşdu ona qarşı. Mən isə heç bir cavab verə bilmirdim. Çünki o məni sorğu-suala çəkmirdi. Sadəcə danışırdı. Və bəlkə də, ilk dəfə danışmağa layiq bir qulaq tapmışdı.

  - Mənə nə narkotik lazımdır, nə iynə, nə də alkoqol artıq. Sadəcə... bir nəfər desin ki, "sən bu dünyada varsan". Bu kifayətdir. Amma o sözü illərdir eşitmirəm.

 Mən baxırdım. Qəribədir, adamın üstü toz içində idi, əynindəki paltar cırıq, amma sanki mənə həyatın əsl üzünü göstərirdi. Biz hamımız ömrümüz boyu pərdələrin arxasında yaşamağa öyrəşmişik. Gözəl sözlər, gözəl geyimlər, gözəl planlar... Amma onun üzündə həyat çılpaq idi və bəlkə də, ilk dəfə qorxurdum bu qədər dürüst bir aynaya baxmaqdan.

Bəzən bir insanın "indi qayıdıram" deməsi, əbədi bir gedişin anonsudur. O kişi mənə baxdı və dedi:

 -Gözlə, 10 dəqiqə fırlanım, sənə pul gətirərəm.

  Bu cümlə, yerdəki bir siqaret kötüyündən daha qısadır əslində. Amma onda qəribə bir təmkin, bir inam vardı. Sanki əslində özü də bilirdi ki, heç yerə getmir və heç vaxt qayıtmayacaq. Amma yenə də dedi. Nə üçün? Mənə ümid vermək üçünmü? Özünə son bir oyun oynamaq üçünmü? Yoxsa bu, sadəcə həyatın içindəki bir mikro-trajediyanın sadə bir replikasımıydı?

Mən gözlədim. Dəqiqələr ağır keçirdi. Ətrafdan keçən adamların heç biri mənə və ya onun yoxluğuna baxmırdı. Heç kim üçün heç nə olmamışdı. Halbuki mən, bu kiçik anın içində  böyük bir varlıq-yoxluq məsələsini yaşayıb dururdum. O adam orada idi, indi isə yox idi. Və mən nə bir iz, nə bir sübut, nə də bir cavab ilə tək qalmışdım. İnsan, yoxluqla üz-üzə qalanda dəyişir. Hətta bu yoxluq, bir evsizin, bir alkaqolikin yoxluğu olsa belə. Bəzən insanın yoxluğu, onun varlığından daha çox iz buraxır. Sanki həyatda bəzi adamlar yalnız getmək üçün doğulub. Onlar bizə gəlib ilişirlər, qısa müddət bir şey öyrədirlər və sonra yox olurlar. Tanrının gizli məktubları kimi, ünvanı oxunmayan, amma məğzi içimizdə partlayan məktublar kimi...

  "Gözlə..." - bu, həm də Tanrının bəşərə dediyi bir söz ola bilərdi. “Gözlə, bəlkə bir gün qurtulacaqsan. Gözlə, bəlkə bir gün anlayacaqsan. Gözlə, bəlkə o gələcək.” Biz hamımız kimisə və ya nəyisə gözləyirik, bəraətimizi, izahımızı, xilasımızı... Hətta gecikmiş bir peşmanlığı belə.

Mən o adamı gözlədim. Hər keçən dəqiqə, onun qayıtmayacağına bir az daha əmin oldum. Amma yenə də gözlədim. Çünki bəzən insan birini yoxluğuna baxmayaraq gözləyir. Çünki içində hələ də onun üçün bir yer var. Yoxluğun yerləşdiyi yeganə otaq, insan qəlbidir.

10 dəqiqəlik yoxluq deyib keçmək olar. Amma mənim üçün bu, həyatın bütün haqsızlıqlarını içində daşıyan bir sükut idi. Sanki cəmiyyətin kənarına atılmış bu adam, son dəfə bir insanla təmas qurmuşdu və sonra yenidən cəmiyyətin yaddaşsızlıq quyusuna gömülmüşdü. Heç kim onun adını bilmirdi, haradan gəldiyini, nə üçün orada olduğunu... Və bir gün, o tamam yox olacaq. Sanki heç yaşamamış kimi. Və biz, bir daha onun kimi biri ilə qarşılaşmayacaqmışıq kimi yolumuza davam edəcəyik.

 

Amma mən, unutmayacağam...

 

Bəzi insanlar var ki, dünyaya iz buraxmaq üçün gəlmir. Onlar bu həyatın səssiz fonudur – musiqi deyil, ancaq musiqini tamamlayan sakitlik kimi. Onlar günəşin altında kölgə kimi dolaşır, lakin heç kim onların adını, haradan gəldiyini və nə üçün bu qədər tənha olduqlarını soruşmur. Sanki cəmiyyət, onların varlığını qəbul etmir, amma onların yoxluğu ilə də narahat olmur.

O adam içkiyə sığınmış, amma əslində çoxdan qırılmış bir ruhun daşıyıcısı idi. Onun içkili olmağı bir seçim deyildi. O, cəmiyyətin qaranlıq dəhlizlərində itirdiyi mənliyini unutmaq üçün içirdi. İçmək bəlkə də susmaq üçün bir yol idi. Bəlkə də hər qurtumla öz keçmişini boğmaq istəyirdi. Kim bilə bilər ki? Axı onun üçün heç kim maraqlanmırdı. O, artıq "heç kim" olmuşdu.

Dostoyevski demişkən, "Ən böyük əzab, insanın artıq faydasız olduğunu hiss etməsidir." O adam da belə bir əzabın içində çürüyürdü. Onun üçün heç nə qalmamışdı. Nə ailə, nə ev, nə də sabah. Sadəcə bu gün vardı və o da yaşamaq yox, sadəcə nəfəs almaqdan ibarət idi. Və belələrinin çoxu, cəmiyyətin bir növ “unutmağa məhkum etdiyi” insanlardır.

 

 Biz onlara baxıb keçirik. Onlar isə, bəzən bizə baxır, bəlkə bir az ümid, bir az şəfqət gözləyirlər. Amma biz onlara yox, onların üstünə baxırıq. Sanki bir zibil qutusuna baxırmışıq kimi. Halbuki onların içində, bəlkə də bizim ən gizli qorxularımız yaşayır: tərk edilmək, unudulmaq, heç kimə lazım olmamaq...

 İnsan, insanın aynasıdır. O evsiz, mənim aynama çevrildi o gün. Onun gözlərində özümə baxdım. Özümə demədiyim sualları verdim. "Bəs sən, bu qədər rahat yaşamağa necə layiq oldun? Səni ondan fərqli edən nədir? Sadəcə şans? Yoxsa sən də, o olmadığın üçün Tanrıya minnətdar olmalısan?"

 Bəzən bir insanın varlığı, milyonların vicdanını silkələməlidir. Amma olmur. Çünki artıq hər kəs susmağa, laqeyd qalmağa öyrəşib. Ən faciəli olan isə budur: unutmaq öyrənilir. Biz unuduruq. Onları, dərdlərini, simalarını. Onlar tədricən yaddaşdan silinir və bir gün, heç yaşamadıqları bir dünya tərəfindən “ölü” elan olunurlar.

 Mən o adamı unutmayacağam. Çünki onun yoxluğu, mənim içimdə var olan bir boşluğu işarələdi. O mənə göstərdi ki, bəzən bir insanın sadəcə danışmağa ehtiyacı olur. Və bəzən, sadəcə 10 dəqiqəlik bir söhbət, bütün bir varlığın sübutuna çevrilir.

 İndi gecədir. Şəhər yuxudadır. Metro qapıları çoxdan bağlanıb. Səssizlik, sanki hər şeyin üstünü örtən bir yorğan kimi çöküb küçələrə. Amma mənim içimdə hələ də o adamın səsi gəzir: “Gözlə, 10 dəqiqə fırlanım...”

 O 10 dəqiqə keçdi. Saatlar da keçdi. Aylar da keçəcək. Amma mən o baxışı, o təbəssümü, o səmimi yalanı unutmayacağam. Çünki bəzi yalanlar var ki, həqiqətin özündən daha doğrudur. O adam, bəlkə də heç kim üçün heç kim deyildi. Amma o anda, mənim üçün varlığın özü idi. Mənə həyatın kənarında yaşayanların da bir adının, bir səbəbinin, bir ruhunun olduğunu xatırlatdı.

Və bəlkə də bütün məsələ budur. Hər kəsin bir hekayəsi var. Amma çox az adam dinləyir. Və bu şəhər, bu dünya, daha çox danışanlardan deyil, dinləyənlərdən qorxur.

 Mən o gün bir evsizlə yox, unudulmuş bir insanın xatirəsi ilə tanış oldum. Onun yoxluğu, içimdə bir iz buraxdı. Bəlkə də bu yazı, onun üçün bir qəbirdaşı olacaq. Sözlərdən hörülmüş, səssiz bir məzar daşı.

 Əgər bir gün, əziz oxucum,  metro çıxışında bir adama rast gəlsən, sadəcə keçib getmə. Bəlkə də o adam, sənə şükür etməli bir varlığının olduğunu xatırlatmağa yox, vicdanını geri verməyə, xatırlatmağa gəlmiş biridir.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.