“Ədəbiyyat və incəsənət” portalını “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sıra gənc nasirlərindir. Bu gün sizlərə Aysel Şıxlının ”Sonsuzadək gülümsəyən uşaq” hekayəsini təqdim edirik.
Aysel ŞIXLI
SONSUZADƏK GÜLÜMSƏYƏN UŞAQ
Tez boya-başa çatmaq arzusunda olan uşaq böyük həyata qədəm basanda yenidən geri – uşaqlığına qayıtmaq istəyir. Bəs uşaqlıq nədir? Qayğılardan xəbərsiz, sevgi və şəfqətlə qurulmuş balaca dünyada yerdən qalxmağa kömək edəcək böyük əllərin olduğu yerdir. Axı hər zaman qanamış dizini üfürərək hər şeyin yaxşı olacağını deyən birinə ehtiyac var...
Qızmar günəş şəfəqlərini ətrafa çiləyirdi. Otelin girişində dayanmış qara eynəkli qadın iri hörmə papağı ilə özünü yelləyirdi. O, saata baxıb ərinə narazılıq elədi:
09:50. Hələ on dəqiqə var. İstidən öləcəyik!
Bu zaman uzaqdan sarı avtobus göründü, otelin darvazasına çatmamış dayandı. İçəridən düşən cavan oğlan: “Şirincə turu”, – deyib əlini havada yellədi. Kişi cəld avtobusa tərəf qaçdı:
– Gördün? Vaxtından tez gəldi.
– Hə, nə olsun? Hələ yarım saat hamının yığışmağını gözləyəcəklər.
Ana papağını başına keçirib yolun kənarında qumla oynayan beş yaşlı oğlunu səslədi. Ata qapının ağzında dayanaraq onlara cəld olmalarını işarə edirdi. Hamıdan birinci içəri keçən balaca İsa: “Mən pəncərənin yanında oturacağam!” – deyərək özünə yer seçdi. İçəri isti və boğanaq idi. Sürücü kondisionerin mühərrik işə düşdükdən sonra işləyəcəyini deyib çölə çıxdı...
İsa pəncərənin qırağında oturub əsnəyirdi. Uşağın gözləri hey yumulurdu, o, yatmamaq üçün başını silkələyirdi. Yanında əyləşmiş anası pəncərənin pərdəsini çəkərək içəri vuran günəş şüalarının qabağını aldı. İsa: “Yox, yox! Mən çölə baxıram”, – deyib pərdəni təzədən açdı.
Avtobus yavaş-yavaş dolmağa başlayırdı. Hərdən bələdçi başını içəri salıb adamları nəzərdən keçirir, dəftərində qeydlər aparırdı. İnsanlar çoxaldıqca İsanın yuxusu qaçdı. O, ayaqlarını yelləyə-yelləyə pəncərənin şüşəsindən maraqla ətrafa baxırdı...
Uzaqdan onlara tərəf gələn orta yaşlı hündürboy kişi uşağın diqqətini çəkdi. O, gülümsəyirdi. Yöndəmsiz addımlarla avtobusa yaxınlaşır, arabir əllərini bir-birinə çırpıb gülürdü. Geyindiyi qısa şort nazik ayaqlarını ortaya çıxarmışdı. Bəyaz dərisində çəhrayı səpkilər var idi. Xırda çiyinləri və arıq qolları günəşdən yanmışdı. Sarıya çalan saçları gün papağının altından çıxırdı. Kişi hərdən müvazinətini itirirdi, bu zaman arxasında dayanmış qadın qolundan tutaraq ona kömək edir, yıxılmağa qoymurdu.
Kişi avtobusa çatanda dayandı, arxaya çevrilib ardınca gələn qadına baxdı və yalnız onun işarəsindən sonra pilləkənə ayaq basdı. Qalxmaq istəyən zaman yenə müvazinətini itirdi, yıxılacağından qorxub geri addım atdı. Qadın onun qoluna girərək bir daha cəhd etməsini istədi. Bir-iki uğursuz həmlədən sonra hadisəyə biganə qala bilməyən bələdçi də kişiyə köməyə gəldi.
Nəhayət, içəri girən kişi oturanlara bir-bir nəzər saldı. Bir anda gözləri sevincdən parıldadı və həyəcanlanmış uşaq kimi əl çaldı. Yanındakı qadın arxada yanaşı iki oturacağın boş olduğunu görüb oraya üz tutdu. Kişi də onun ardınca getdi. O, gülümsəyərək yanından keçdiyi adamlara əl edirdi. Bəziləri onun salamını alır, bəziləri özünü görməzliyə vururdu.
İsa bu qəribə kişi ilə göz-gözə gəldi. Utanıb tez üzünü yana çevirdi, ancaq marağına güc gələ bilməyib yenidən ona baxdı. Kişi hələ də gülümsəyirdi. İsa da güldü.
Kişi sevincək pəncərənin yanında ona göstərilən oturacağa əyləşdi. İsa anasına qısılıb pəncərədən maraqla baxan kişini gizlincə seyr edirdi...
Angelman sindromu təxminən 15.000 körpədən birində rast gəlinir. Bu sindromla doğulmuş uşaqların zəka geriliyi, nitq qüsurları və tarazlıq problemləri olur. Angelman sindromlu insanlar həyata göz açdıqları gündən bitməyəcək uşaqlıq yaşayır və böyüklərin dünyasında həyatda qalmağa çalışırlar.
Avtobus Şirincə kəndinin girişində dayandı. Adamlar düşüb bələdçinin başına toplaşdılar. O, kəndi gəzmək üçün iki saatlıq sərbəst vaxtın olduğunu dedikdən sonra alış-veriş üçün də bir neçə dükan məsləhət gördü. Hövsələsi daralan İsa atasının şalvarını dartışdırırdı. Bu zaman gözü yenə orta yaşlı kişiyə sataşdı. O, çətin qalxdığı pilləkənləri indi də enməyə çalışırdı. Görünür, yanındakı qadın insanları yubatmamaq üçün hər kəsin avtobusdan çıxmağını gözləmişdi. Onlar bələdçiyə yaxınlaşanda artıq hamı dağılışırdı. Üzündən gülüş əskik olmayan bu kişi İsaya maraqlı gəlirdi. Uşaq barmağını ona tuşlayıb atasına baxdı:
– Ata, o niyə belədir?
– İnsanları barmaqla göstərmək olmaz, ayıbdır! – Ata İsanın əlini aşağı salıb gözlərini ağartdı. – Gedək ananı tapaq, iki daşın arasında yoxa çıxdı. Allah bilir, hansı dükana girib.
İsa daha heç nə soruşmadı. Onlar dükanlara tərəf getdilər...
Şirincə gəzintisi bitəndən sonra dəstə avtobusa doluşdu. Bələdçi əlindəki siyahını açıb bir-bir adları çəkməyə başladı:
– Rüstəm, Nilufər!
– Burada!
– Həsən, Gültəkin, İsa!
– Burada!
– Səkinə, Seymur!
Adını eşidən kişi cəld yerindən qalxıb sevincək özünü işarə etməyə başladı. Yanındakı qadın onu yerinə əyləşdirib: Burada! – dedi. Avtobusdan pıçıltılı səslər eşidildi. İsanın anası da yerində deyinirdi:
– Xəstə adamla belə yerə gəlməzlər. – Ana başını buladı.
İsa təəccüblə anasına, sonra “xəstə”yə baxdı. Kişi deyilənlərdən xəbərsiz gülümsəyirdi...
Angelman sindromlu insanlar daima gülümsəyirlər. Buna “Xoşbəxt kukla” sindromu da deyilir. Çünki onlar hər zaman həyat dolu və həyəcanlı görünürlər. Angelman sindromlu insanlar uzun və aktiv həyat sürə bilərlər. Bunun üçün sevgiyə və dəstəyə, cəmiyyət tərəfindən qəbul olunmağa ehtiyacları var...
Avtobus səfalı yerlərdən keçərək, nəhayət, ünvana çatdı. Günorta olduğu üçün havanın istiliyi artmışdı. Dəstə vaxt itirmədən kafeyə tərəf getdi. Həyət olduqca gözəl idi: iri palmaların arasından çiçək kolları görünürdü, düz mərkəzdə iri, mərmər fəvvarə tikilmişdi.
Fəvvarədən şırıltı ilə axan suyu görən kişi sevincək qışqırdı, tələsik yöndəmsiz addımlarla o tərəfə getməyə başladı. O, əllərini yuxarı qaldırıb bir-birinə çırpırdı. Danışa bilmirdi, qırıq səslərlə sevincini ifadə etməyə çalışırdı. Dəstədə təlaş yarandı. Bəziləri uşaqlarını yanlarına çəkdilər. İsa da təntiyib anasına qısıldı. Qadın isə heç kimə fikir vermədən kişinin arxasınca getdi və onun əlini tutdu.
Qonaqlar üçün xüsusi hazırlanmış uzun masanın üstünə beqonvillər düzülmüşdü. Hər kəs özünə yer seçib oturandan sonra süfrəyə su və çörək qoyuldu.
Bir az keçmişdi ki, su ilə oynamaqdan əl çəkmiş kişi qadınla birlikdə zala daxil oldu və ortadakı boş stullardan birində əyləşdi. Bu zaman kişinin sağ tərəfindəki ailə narahat olub ayağa qalxdı və başqa, ondan daha uzaq yerə keçdi. Qadın buna əhəmiyyət vermədi. Kişi də heç nə anlamayaraq gülümsəyirdi.
Onlarla üzbəüz oturmuş ana ərinə göz-qaş elədi:
– Bəlkə, biz də yerimizi dəyişək? İsa qorxar...
Ərinin etirazından sonra ana susdu.
Masaya yeməklər gəldi. İsa xörəklə dolu qabına baxıb ağız-burun əydi:
– Bu kartoflar çox yekədi. Mən belə yemirəm.
Ana cəld çəngəli ilə kartofları əzməyə başladı, İsa narazı sifətlə stula söykənmişdi. Bu zaman gözü üzbəüzdəki kişiyə sataşdı. Arıq kişi də stula söykənib qadının onun kartoflarını əzməyini gözləyirdi. Onların baxışları toqquşdu. Kişi gülümsəyib ona dil çıxardı. Bunu gözləməyən İsa duruxdu. Kişi ikinci dəfə yenə dilini çıxaranda uşaq da ona qoşuldu. Onlar gülüşdülər...
Angelman sindromlu insanlar su ilə oynamağı çox sevirlər. Onlar tez-tez dilini çıxarır, əllərini bir-birinə çırpırlar. Yeməyi çeynəməkdə və udmaqda çətinlik çəkirlər. Onları uşaq kimi görmək və sevmək lazımdır...
Nahardan sonra istirahət saatı elan edildi. Bəziləri sərin kafedə dincəlməyi, bəziləri isə ətrafı gəzməyi seçdi. Yerlərində dura bilməyən uşaqlar həyətə axışaraq fəvvarənin qırağında oynayırdılar. İsa da onların arasında idi, balaca maşın oyuncağını fəvvarənin kənarında ora-bura sürürdü. Ondan bir az aralıda yerə çöməlmiş kişi əllərini suda şappıldadırdı. Hərdənbir ətrafında qaçışan uşaqlara tərəf gedir, onlara nəsə deməyə çalışırdı. Bu zaman kişidən ehtiyat edən valideynlər övladlarını səsləyir, ona çox yaxın getməməyi tapşırırdılar...
Kişi İsaya və maşın oyuncağa maraqla baxırdı. İsa onu diqqətlə izləyən kişiyə gülümsədi. Kiminsə ona maraq göstərdiyini görən kişinin gözləri parıldadı. İsa bir az götür-qoy edəndən sonra fəvvarənin qırağı ilə ona tərəf getməyə başladı. Az sonra onlar kəsişdilər. Uşaq sarı maşını kişiyə uzatdı:
– Sənin adın Seymurdu, hə?
Həyəcanlı kişi əllərini qaldıraraq sevinc hərəkətləri göstərdi, daha sonra maşını götürüb suyun içinə saldı və oynamağa başladı.
Ana bir kənarda oturub onlara tamaşa edirdi. Kişinin sərt və yöndəmsiz əl hərəkətlərindən narahat oldu, qalxıb fəvvarəyə tərəf getmək istəyəndə səs eşitdi:
Narahat olmayın, Seymur ziyansızdır. Elə bilin ki, o da bir uşaqdır. – Qadın anadan bir az aralıda oturmuşdu.
– Aydındır... Çox sağ olun, yanlış anlamayın...
– Mən öyrəşmişəm. – Qadın gülümsədi.
Sakitlik oldu. Bir az keçəndən sonra ana dilləndi:
– Yəqin, siz baxıcısınız.
– Yox, bacısıyam. Seymur mənim böyük qardaşımdır. – Qadın yenə gülümsədi. – Valideynlərimiz rəhmətə gedəndən sonra bircə əzizi mən qalmışam.
– Ah, yəqin sizə çox çətindir.
Ən çətini insanlar tərəfindən qəbul olunmaqdır. Çox adam onu ancaq “xəstə” kimi görür, yanından qaçırlar. Ancaq tanısalar, çox sevərlər. O qədər təmiz ürəyi var ki...
– Əminəm, elədir... – Ana nəzakət xatirinə gülümsədi. – Yəqin, qardaşınıza da çətindir. Sağlam adamlardan çox seçilir, geri qalır. Sizcə özü kimilərin arasında ona daha rahat olmazmı?
– Əksinə, onları cəmiyyətdən ayırmaq, fərqli olduqlarına görə haqlarını əllərindən almaq düzgün deyil. Seymur belə də rahatdır. – Qadın yavaşca əlavə elədi. – Narahat olan “sağlam” dediklərinizdir...
– Haqlısınız... – Ana utandı. – Allah köməyiniz olsun!
– Amin! – Qadın köks ötürdü. – Bircə qorxum var, məndən sonra kim onun qeydinə qalacaq, kim onu sevəcək?
Qəflətən tappıltı eşidildi. Ayağı nəyəsə ilişmiş kişi üzüqoylu yerə yıxılmışdı. Əlindəki sarı maşının bir təkəri qoparaq kənara dığırlanmışdı. Kişi pərt halda başını qaldırdı. Həyətə sakitlik çökmüşdü, hamı nəfəsini çəkib ona baxırdı.
Qadın cəld kişinin yanına qaçaraq yerdən qalxmağına kömək etdi və fəvvarənin qırağında oturtdu. Kişinin gözləri dolmağa başladı, qanamış dizini görəndə isə özünü saxlaya bilməyib ağladı. Qadın ona ürək-dirək verərək yarasını silir, üfürürdü. Ancaq kişi heç cür sakitləşmir, əli ilə üzünü qapayıb ağlayırdı. Yıxıldığını hamı görmüşdü, pərtliyini ancaq göz yaşları ilə ifadə edə bilirdi, hıçqırtısı həyəti bürümüşdü.
Kənarda donub qalmış İsa ağlayan kişidən gözünü çəkib ətrafa baxdı. Fəvvarənin qırağına toplaşmış insanların üzlərində qəribə ifadə var idi: bəziləri qəmgin, bəziləri narazı, bəziləri isə ürkək baxışlarla kişini süzür, ancaq yanına yaxınlaşmırdılar. İsanın başı gicəlləndi, dodağı əsməyə başladı və qəflətən özünü yerə çırpıb bərk səslə ağladı. Baxışlar bir anda kişidən uşağa yönəldi. Kişi də ağlamağını kəsərək nəm gözlərini iri açıb uşağa baxdı. Qaçıb gəlmiş ana oğlunu yerdən qaldıraraq üstünü çırpdı. İsanın dizi azca qanamışdı...
...İnsanlar dağılışmışdılar. Kişi artıq ağlamırdı, oturub sakitcə burnunu çəkirdi. O, valideynləri ilə birlikdə fəvvarədən uzaqlaşan İsanın arxasınca baxanda gülümsədi...
Angelman sindromlu insanlar ətrafa ancaq sevgi və nur saçır. Onların valideynlərinin payına sonsuz gülüşlər və işıq düşür...
“Ədəbiyyat və incəsənət”
(15.04.2025)