ABİDƏLƏRİMİZ – Şuşa qəsrləri Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

  

Azərbaycanın feodal dövrü qala-şəhərləri üçün xan sarayının yerləşdiyi qəsrlər xarakterikdir. XVIII əsrin əvvəllərindən formalaşmağa başlayan kiçik feodal dövlətləri olan xanlıqların paytaxtı olan yeni şəhərlərin memarlıq-planlaşdırma baxımından dominantı olan bu qəsrlərdə hökmdar və onun ailəsinin yaşaması, təhlükəsizliyi və fəaliyyətini təmin etmək üçün saray kompleksi və digər köməkçi binalar yerləşirdi.  XVI – XVIII əsrlərdə Azərbaycanda hökmdar qəsrləri İçəri qala, Bala qala və ya Ərk (məsələn Təbrizdə olduğu kimi) adlandırılırdı.

 

Şuşa qalasının yerləşdiyi ərazi özünəməxsus strateji xüsusiyyətə malik olduğuna görə, qaladaxili qəsrlərin, o cümlədən Pənahəli xanın qəsrinin inşasına Şuşa qalasının inşası ilə eyni dövrdə başlanılmışdır. Mirzə Adıgözəl bəyin məlumatına görə Pənahəli xanın hakimiyyəti dövründə Şuşada xan ailəsinin üzvləri üçün "geniş binalar və hündür saraylar" inşa edilmişdi.

Mirzə Adıgözəl bəyin məlumatına görə Pənahəli xanın hakimiyyəti dövründə Şuşada xan ailəsinin üzvləri üçün "geniş binalar və hündür saraylar" inşa edilmişdi.

Şuşa qalasındakı qəsrlərin özünəməxsus memarlıq xüsusiyyətləri qədim dövrlərdən səyyahlar və şəhər qonaqlarının diqqətini cəlb etmişdir. Məsələn XIX əsrin ortalarında "Qafqaz" (rus. Кавказ) qəzetində yazılır: "Şəhərdəki müxtəlif evlər və yaşayış binaları arasında xan ailəsi üzvlərinin yaşadığı qəsrlər o dəqiqə diqqət çəkir: onlar özünəməxsus xarakterə malikdirlər. Onları künclərində dairəvi qüllələr olan hündür divarlar əhatə edir."

Tarixi bilinməyən baş plana əsasən müəyyən edilmişdir ki, demək olar ki, bütün Şuşa qəsrləri oxşar konfiqurasiyaya malik olmuşdur: planda düzbucaqlı formaya malik olmaqla, onların dörd küncündə müdafiə qüllələri yerləşdirilmişdi. Daxildən bu divarlara bitişik şəkildə qəsr sakinlərinə xidmət edənlərin yaşaması üçün saray tipli binalar inşa edilirdi. Şuşa qəsrlərinin həcm-məkan və plan formalaşmasının həllinə Şahbulaq qalasının memarlıq xüsusiyyətləri təsir göstərmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.