İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayon Mərkəzi Kitabxana Sistemi tərəfindən " Müasir oxucu - Kitab və inkişaf " adlı maarifləndirici və inkişaf yönümlü layihə çərçivəsində filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas və Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirir.
Belə tədbirlərdən biri də "Bəxtiyar Vahabzadə -100” adı ilə MKS-nin 9 saylı filialında təşkil edilib. Açıq hava şəraitində keçirilən tədbirdə həmçinin “Açıq kitabxana” da təşkil olunub.
Tədbirdə Ərmənət kənd kitabxanaçısı oxucuları Xalq şairinin müxtəlif illərdə, müxtəlif mövzularda yazdığı maraqlı kitablarla tanış edib. O qeyd edib ki, B. Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.
Çıxışlarda Bəxtiyar Vahabzadənin çoxşaxəli yaradıcılığa malik bir şair olduğu qeyd olunub. Göstərilib ki, o öz Vətənini və xalqını sonsuz məhəbbətlə sevən içtimai-siyasi xadim, azadlıq aşiqi və həssas qəlbli şair idi. Xalqı oyandırmaq məqsədiylə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah etmişdir.
Tədbirin sonunda oxucular şairin müxtəlif illərdə, müxtəlif mövzu və janrlarda olan kitablarını mütaliə etmək üçün götürüblər.
“Ədəbiyyat və incəsənət”
(25.04.2025)