Bu səsə gəlməmək mümkün deyil... – KİTAB BƏLƏDÇİSİ Featured

Pərvanə Məmmədova-Kəlağay, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Güldərən Vəlinin “Səsinə gələrəm” kitabı haqqında

 

“Məndən nağıl istə, nənəm danışıb,

Yaddaşımda qalıb Simurq quşları...

Məndən şeir umma...

O misraları

Yazır yanağına gözümün yaşı...”

 

Güldərən Vəlinin “Səsinə gələrəm” kitabıoxucunu dərin duyğulara, vətən həsrətinə və insanın iç dünyasının incəliklərinə aparan poetik bir səyahətdir. Bu kitab, yalnız şeirlər toplusu deyil, həm də, bir qəlbin, bir qadının, bir Vətən aşiqinin sözlərlə toxuduğu duyğular xalçasıdır.

Kitabın hər səhifəsində oxucunu saran isti nəfəs var. Misralarda gah bir ananın laylası, gah vətən oğluna xitab, gah da kövrək bir sevdanın gizli pıçıltısı duyulur. Güldərən Vəli sözün sehrini ürəyindən süzüb, kağıza yazmayıb-yaşayıb, hiss edib, nəfəs kimi verib oxucusuna.

Mənə də sözə bükülən sevginin bir parçası nəsib oldu-müəllifin ilk kitabından bir nüsxəni sevgi ilə təqdim etməsi mənim üçün böyük dəyərdir. Bu səmimi hədiyyə üçün Güldərən xanıma dərin təşəkkürümü bildirirəm. Onun qəlbindən doğan sətirlər ruhuma yol tapdı. Hər misra bir iz qoydu...Və bu misralar sanki bir qəlbin sükutda hayqırtısıdır:

 

Töküşdürdüm söz taxçamı,

Açdım sevgimə boxçamı,

Ha becərdim öz bağçamı,

Güllənmədi,

Güllənmədi...

 

Bu misralarda təkcə bir həyatın deyil, həm də minlərlə oxucunun qırılmış arzuları, solmuş ümidləri, lakin yenə də yaşamağa çalışan könülləri əks olunub.

Təşəkkürlər, Güldərən ana! Sizin sözünüzlə gülümsəyən səhifələr, hiss edilən duyğular var bu kitabda. Vətənin səmasına, torpağın qoxusuna, insanın ruhuna toxunan şeirlər üçün minnətdaram. “Səsinə gələrəm” qoymusunuz kitabınızın adını...

Və doğrudan da, bu səsə gəlməmək mümkün deyil...

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.