Ümidi sonda da ölməyə qoymayan roman – KİTAB BƏLƏDÇİSİ Featured

“Ədəbiyyat və incəsənət” portalı Səbinə Yusifin yazıçı Varisin rəsmən müstəqil Azərbaycanda ən çox satılmış "Sonuncu ölən ümidlərdir" romanından bəhs edən “Ümidi sonda da ölməyə qoymayan roman” yazısını təqdim edir.

 

 

SƏBİNƏ YUSİF

“Ümidi sonda da ölməyə qoymayan roman” 

(Yazıçı Varisin "Sonuncu ölən ümidlərdir" romanını oxuduqdan sonra düşündüklərim)

 

Səhər saat səkkizə işləyirdi. İnterneti yandırdım. Whatsapp-ıma mesaj gəlmişdi. "Səhər-səhər xeyir olsun. Bu vaxtı nə mesaj?" -deyib, sualıma cavab tapmaq üçün mesajı açdım. Yazıçı Varisin "Sonuncu ölən ümidlərdir" kitabının şəkli və altında bu cümlələr yazılmışdı: "Məni də ağlada bilən kitab olarmış... Bu əsər... Çox üzüldüm.. sarsıldım desəm, yanılmaram" 

Bu mesaj, hətta ağlamaq işarəsi məni kövrəltmişdi. Bəlkə də bu yaxın adamım kitabı oxuyub, tamamlayan an mənə mesaj göndərmisdi. Bu da məni çox təsirləndirdi.

Məni ikiqat təsirləndirən isə mesajı yazanın ölümün gözünə dik baxan xüsusi təyinatlı hərbçi olması idi. Bu mesaj israrla mənə bu romanı oxumağa bir çağırış idi.

Demək, hər kəsin həyatında ümid etdiyi nələrsə olur və istəyərək, yaxud istəmədən o ümidi yarıda öldürür, dəfn edir. Sanki həmin yaxın adamımın da hansısa ümidi özü də istəmədən yarıda, bəlkə də lap əvvəldə məhvə məhkum olmuşdu.

Ona özümdə olan "Sonuncu ölən ümidlərdir" kitabının şəklini çəkib göndərdim və yazdım: "İllər öncə aldım bu kitabı. Bir neçə səhifə oxudum. Sonra başım qarışdı. Oxuya bilmədim. Mütləq oxuyacam".

Söz verdiyim kimi etdim. Əsəri 2 günə oxuyub bitirdim. İndi sizə qısa da olsa 2 gündə nələr yaşadığımı, nələr düşündüyümü, nələri təhlil etməyə çalışdığımı yazım.

 

İlk öncə onu qeyd edim edim ki, əsər peşəkarlıqla yazılıb. Yazıçı elə keçidlər edir ki, oxucu ümidin qırıldığı anda, qarşısında daha uğurlu bir yolun açılmasına şahidlik edir. Təbii ki, bu yazıçının istedadıdır. Əsər ümidlər, acılar və əlvida arasında vurnuxur.

...Nailə gənc və gözəl bir qızdır.

Cəmiyyətdə kişilərdən mərdlik görmür. Əvvəl atası onları bir rus qadınına dəyişir. Sonra atası yaşda müdiri ona eşq elan edir, sonra dəlicəsinə sevdiyi İlqar onu atır. İlqardan sevgisinin heyfini çıxmaq üçün Abbas Şeyxzadənin eşq təklifinə razılıq verir. 

Abbas Şeyxzadənin təklifinə razılıq verməsi, mənə də çox pis təsir etmişdi. Öz-özümə deyinirdim: İlqar səni cəhənnəmə atsın, gərək sən bu ayrılığa birtəhər tab gətirəydin. Ancaq pulu olub şərəfi olmayan qoca kaftarın təklifinə razı olmazdın.

Gah Nailəni qınayır, gah da halına acıyırdım. Və öz-özümə sual edirdim: Axı niyə bizim cəmiyyətdə hələ də imkansız, gözəl qızlara mərdliklə dəstək olmaq əvəzinə, onlara kömək etməyin tək çıxış yolunu namuslarını ləkələməkdə görürlər? Məgər o qızlara ata-qardaş kimi dəstək olub, daha rahat həyata uğurlaya bilməzdilərmi? Kasıb həmişə əzilməlidirmi? Kirayə qadınlarla təmiz qızları ayrıd etmək çoxmu çətindir? Kimdir günahkar? 

Bu suallara qəfil cavab da tapıram: Həyatı alt-üst olan qadınların, qızların acı taleyində günahkar məhz yırtıcı təbiətli, ecazkar qızın, qadının namusunu ləkələməkdən zövq alan əks cinsdir.

Bəlkə də Nailəyə vaxtında bir dostu, qohumu sahib çıxsaydı, o pis yola getməzdi. 

Birdən də Nailəni danlayıram: Səni atıb gedən, sənin üçün mücadilə etməyə qorxan, öz sözü olmayan İlqar üçün özünü güdaza verməyə dəyərdimi?

Yazıçı əsəri o qədər mükəmməl yaradıb ki, oxuduqca təzadlı sualların təzadsız cavabları ilə qarşılaşıram - Nailə günahsızdır.

Nailə heç də aciz biri deyil. O, bacarıqlı qadındır. Onun yeganə acizliyi İlqarı sevməyidir. Və hər dəfə də Nailə sevgisinin zülmünü çəkir. Düşdüyü mühit Nailəyə zərbələr yetirməklə qane olmur, onu peşəkar əxlaqsız kimi təqdim etməklə özlüyündə rahatlıq tapır.

Nailənin əxlaqsız olmadığını, əslində onun içində mərhəmətli bir insanın yaşadığını yazıçı ustalıqla qələmə alıb. Bu bir həqiqətdir ki, hər kəsin əsl üzü azca imkanı, işi olanda rahatlıqla üzə çıxır. Nailənin necə xeyirxah, təmiz qəlbli olması da əsərin sonunda - imkanlı iş qadınına cevriləndə daha qabarıq görünür. Nailə yaşadıqlarının ağrısından, iztirabından bezib xaricə gedəndə də mərhəmətini ona acılar bəxş edən keçmişindən əsirgəmir. İlqarın üç övladına daim baxılılsın, tapşırığını verir. İlqar Nailəni bataqlığa batmasına səbəb olsa da, Nailə onun balalarını qorumağa çalışır. Qadın böyüklüyü, qadın ürəyi budur.

Bakıdan xaricə köçəndə böyük ürək sahibi olan Nailənin atdığı mərhəmətli addımlar insanı ağladır. Onun həm sevgisinə, həm də ailəni dolandırmaq xətrinə çəkdiyi əziyyətlər adamı hıçqırıq səsinə boğur. 

Sonda Nailə imkanlıdır. Ancaq bu imkanından bir kimsəyə ziyan vurmaq üçün istifadə etmir. Əksinə, ehtiyacı olan insanlara kömək edir, dəstək olur, onların çətinlik çəkməsinə (pis yola düşməsinə) imkan vermir. Deməli, Nailə müsbət obrazdır. Yazıçı romanın sonunda bir daha sübut edir ki, qadın imkanlı olanda yırtıcıya yox, mərhəmətliyə çevrilir.

Və ən əsası – roman yüz illərdir ki, az qala dünyanın hər bir guşəsində formalaşmış  “məqsəd vasitələri doğruldur” postulatına qarşı bir üsyandır. Məqsədinə çatmaq üçün ləkələnən Nailə sonda zahirən xoşbəxtliyə qovuşursa da, hədəflərinə çatırsa da, həyatının həmin o ləkəli hissəsi ona dinclik vermir və o, bütün qazandıqlarından imtina edib həyatını yenidən sıfırdan başlamalı olur. Demək ki, məqsəd əsla vasitələri doğrultmur.

Yaxınıma söz verdiyim kimi, əsəri oxudum, bitirdim. Məni maraqlandıran suallara isə yazıçıya telefon zəngi açmaqla qismən cavab tapdım. Çünki suallarımın tam cavabı yazıçının "Son məktub" romanındadır. Mən suallarıma cavab tapmaq üçün o romanı alıb, oxumalıyam. İndi mən yaxınıma yazacağam: Sən hələ "Son məktub" romanını da oxumalısan.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.