
Super User
Ruhum həm azaddır, həm də qəfəsdədir -ESSE
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Bəzən ruhumun azad olduğunu hiss edirəm. Səmanın sonsuz sərhədlərində suzən quş kimi. Küləyin ritminə qarışıb qəlbimin sevincdən titrədiyi yerlərə uçuram. Burada nə bir sərhəd var, nə də məni həbs edəcək zəncirlər. Bu an mənə özümü qaytarır, var olduğumu hiss edirəm.
Mənim varlığım başqaları üçün sadəcə görünən insan obrazını xatırladır. Amma mən ruhumun azad olduğunu hiss edəndə var oluram. Mən sərhədsiz anlarda özümü tapıram. Və həyat gözümdə yaşanacaq sehirli və sonsuz bir yaşam kimi canlanır. Bu anda nə keçmişin izlərini xatırlayıram, nə də gələcək qayğılarını. Bu an indi var və mən bu anın sehrində yox oluram. Bəlkədə heç bitməsini istəmirəm. Lakin elə anlar olur ki, arxanı dönüb geriyə baxanda sən bu sərhədsizliyin içində bir sərhəd olduğunu hiss edirsən. Sanki bir ip səni geriyə çəkir və səni reallığa döndərir. Həyatın indidən ibarət olmadığını, keçmişin və gələcəyinlə birlikdə bu hekayənin bir bütöv olduğunu xatırladır. Bu hissin içində bir paradoks var: sərhədsizliyin içində yaşamağa can atarkən, bu anın içindəki sərhədləri də qəbul edirik.
Ruhumun qəfəsdə olduğu anlar isə mənə nə qədər sıxıldığımı, məhdudlaşdırıldığımı hiss etdirir. Sanki mən bu qaydalara məhkum oluram. Və mən bu qəfəsin içindən çıxmağa çalışdıqca həyat məni bu qəfəsə daha çox zəncirləmək istəyir. Hər çıxışımda daha çox tükənirəm, əzab çəkirəm. Ancaq mən bu yoldan dönmürəm. Mübarizə aparıram - həm həyata, həm də özümə qarşı. Mənim mübarizəm təkcə dünyaya, həyata qarşı deyil, həm də daxilimdəki özümə, qorxularıma, məhv etdiyim xəyallarıma, üzləşməkdən qaçaraq basdırmağa çalışdığım duyğularıma qarşıdır. Mən sərhədsiz olmaq üçün savaşıram. Bu asan olmayacaq bilirəm, ancaq mən bu qəfəsi sındırmalıyam...
“Ədəbiyyat və incəsənət”
(18.03.2025)
Azərbaycan filmləri- “Dağlarda döyüş”
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
“Dağlarda döyüş” filmi 1967-ci ildə Kamil Rüstəmbəyovun rejissorluğu altında ekranlaşdırılmış, döyüş və macəra janrında çəkilmişdir. İnsan üçün bu həyatda ən qiymətli və əvəzedilməz varlıq valideyndir. Bu həyatda ac qala bilərsən, hətta ən pis halda susuz da qala bilərsən. Ancaq valideynsiz qalmayasan.
Övlad üçün valideyn tamamilə fərqli bir əhəmiyyət kəsb edir. Valideyn insan üçün müsbət varlıq olduğu kimi istisnalar da olur, bəzən mənfi xüsusiyyət də daşıya bilir. Məsələn, valideynlərindən birinin, xüsusilə də atanın suyunu içdiyi, çörəyini yediyi vətəninə xəyanəti övladını dərindən sarsıdan ortamlardandır. Fərrux kursu bitirdikdən sonra əsgərliyə çağırılır və DSX-də xidmətə başlayır. Fərrux o dönəm kənddə meşəbəyi olaraq çalışan Qənbər kişinin qızı Hicranı istəyirdi. Lakin Qənbər kişi kənddə yayılan söz-söhbətə görə Fərruxla Hicranın bir araya gəlməsinin əleyhinə idi. “Sarıqaya” zastavasında tez-tez sərhəd pozulmaları baş verirdi. Buna görədə DSX əsgərləri ciddi rejimdə çalışmağa başlamışdılar. Sərhəd pozulmaları bir neçə səbəbdən baş verirdi. Çox zaman bu hallar qaçaq mal keçirilməsinə görə idi. Fərrux anasını kəndlərində baş verən sel zamanı itirmişdi. Atasının isə İkinci Dünya Müharibəsi zamanı həlak olduğu bildirilirdi. Lakin az sonra söyləyəcəklərim Fəruxun da ağlından “kaş ki atam həqiqətən ölsəydi” fikrini keçirməyə vadar edəcək. Gecə saatlarında sərhədin pozulması nəticəsində “Sarıqaya” zastavasının əsgərləri həyəcan təbili ilə ayağa qaldırılır. Baş tutan axtarışlar zamanı sərhəd pozucularından biri müvəffəqiyyətlə ələ keçirilir. Fərrux silahına sarılıb digər şəxsin ardınca gedir. Bəlkə də az sonra qarşılaşacağı acı gerçəyin ardına düşmüşdü kim bilir... Tilsimli qayada tez-tez uçqunlar baş verir ya heyvan, ya da insan itkisi olurdu. Bu səfərki uçqun bir-birinə yad olan ata-balanı qarşılaşdırır. DSX-nin əsgərləri baş tutan axtarışlara rəğmən nə Fərruxdan, nə də sərhəd pozucusundan hər hansı bir izlə rastlaşmır. Çox problemləri və sərhədləri aşmağı bacaran Sərxan kişinin dişi bu səfər Fərruxa batmır. Hər nə qədər onu yoldan çıxarmağa çalışsa belə Sərxan kişi Fərruxun əlindən qurtula bilmir. Uzun çəkən qovala-qaçdan sonra nəhayət ki, ata-bala bir-biri ilə üzləşir. Əslində, bu üzləşmə belə təsadüfən baş verir. Sərxan kişinin əsas məqsədi seldən sonra viran qalan kəndini görmək idi. İlk anlarda oğlunun sel zamanı öldüyü söylənmişdi. Lakin uşaq vaxtı oğlu ilə arasında keçən dialoqu səsləndirməsi aradakı sirr pərdəsini sonuna qədər aralayır. Fərrux acı gerçəklə- atasının vətənə xəyanəti ilə qarşılaşır.
Sərxan kişi almanlara əsir düşdüyünü söyləsə də Fərruxun dünyasında atası vətən xaini idi. Fərrux atasına inanmaq üçün şərtini bildirir. Təslim olmaq və veriləcək cəzaya boyun əymək. Ancaq Sərxan kişi təslim olmaq fikrində deyil. Atasını yola gətirə bilməyəcəyini görən Fərrux xain atanın oğlu olaraq anılmaqdansa, bu dünyadan köçməyi üstün tutur və özünə xəsarətlər yetirir. Lakin Sərxan kişinin ata ürəyi bu ağır mənzərəyə tab gətirmir və o, oğlunu xilas edir. Nəticədə Sərxan kişi təslim olma qərarı verir.
ALLAH heç bir qulunu nə valideyni ilə, nə də valideynini vətən xaini olaraq anılmaq kimi bərbad mənzərələrlə rastlaşdırmasın.
“Ədəbiyyat və incəsənət”
(18.03.2025)
Ölüm başlanğıcdı… – KİNOBƏLƏDÇİdə
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Ölüm başlanğıcdı.
2 ay ömrü qalmışdı. Yaşamağını sadəcə o yox, ailəsi də istəyirdi. Bunun üçün donor vacib idi. Uyğun ürək nəqli olarsa, o da yaşaya biləcəkdi. Qanuni yollarla bəlkə alına bilərdi. Lakin onlar qeyri - legal olana can atdılar. Və birinin həyatını qurtarmaq lehinə, 3 insanın həyatını söndürdülər.
Qadının ürəyini almaqla onun üçün dəyərli olan iki insanı - yoldaşı və qızını ondan məhrum etdilər. Ürək nəqlindən sonra daşıdığı qəlbin kimə aid olduğunu araşdırıb öyrəndi. O təmiz idi və cinayət yolu ilə birinin qəlbinə sahib olmaq ona ağır gəlirdi. Ürək nəqlindən sonra ilk dəfə yuxu görmüşdü. Oyanıb masanın arxasında əyləşdi və günlüyə təxmininən bu sözləri yazdı. "Başqasının qəlbi ilə ilk yuxumu gördüm. Tərtəmiz bir qəlb daşıdığımdan şübhəm yoxdur. Bəs mənim ona nə qədər haqqım var? O qəlb olduğu bu bədəndən nifrət edə bilərmi? Əgər elədirsə bu qorxunc bir haldır. İnsan özündən nifrət edən qəlb ilə qalan ömrünü yaşaya bilərmi? Bunu gözə alarsa o qəlbi də kirlətmiş olmazmı? Buna haqqım varmı? Bu rəzil dünyada 3 gün daha yaşamaq üçün məsum bir qəlbi kirlətməyə haqqım varmı?
O yaşamaq istəmir, dənizə gəlir və yüksək yerdən atlanaraq intihara təşəbbüs etmək istəyir. Amma bu baş tutmur. Polislər tərəfindən donor sahibinin ailəsi dəniz kənarına gətirilir. lk öncə həyatı əlindən alınan xanımın ürəyi onu həyata döndərmişdi, indi isə həmin qadının qızı sözləri ilə onu ölümdən xilas edir. Həmin gün balaca qızcığaz "anamdan geriyə təkcə qəlbi qaldı, heç olmasa o yaşasın. Nə olar etmə, anam içində yaşasın. Xahiş edirəm bacı, xahiş edirəm" sözləri ilə onu bu həyata bağladı.
Bu cinayət idi. Birini həyatda tutmaq uğruna birinin həyatını məhv etməyin qəbul ediləcək bir yanı yoxdur. Həyatda elə hallar yaşanır ki, baş verənlər qarşısında nə deyəcəyini bilmirsən. Bu yaxınlarda baş verən ölüm hadisəsində 16-17 yaşlarında iki yeniyetmə arasında baş verən növbə davası birini ölümə digərinə isə həbsə, ya çətin tərbiyə olunanların düşərgəsinə məhkum edir. İnsan ali varlıqdır. Lakin özündə olan bu qədər gözəl xüsusiyyətlərindən həyata töhvə vermək, kimlərinsə həyatını qaradan ağa çevirmək üçün istifadə etmək var ikən o çirkinliklər arxasıyca gedir. Nə xoş həyatını elmə, biliyə və insanların üzünü güldürməyə sərf edənlərə. Onlar bu dünyada daşların arasında özünə yol açaraq baş qaldıran çiçəyə bənzəyirlər. Onlar yaxşı ki vardırlar.
(“Arka sokaklar” filmindən təəssüratlar)
“Ədəbiyyatvə incəsənət”
(18.03.2025)
BİR ŞAİR, BİR ŞEİR – Əli Çağlanın “Zəng”i
Könül, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalının Bir şair, bir şeir rubrikasında bu gün sizlərə güneyli gənc şair, naşir Əli Çağlanın “Zəng” şeirini təqdim edirik. Bu nə zəngdir belə? Kimdir onu çalan?
“Ölümə tapşırın barmağını götürsün zəngdən...” deyir şair. Mükəmməl poetik ifadədir, deyilmi?
Gecə gəlir,
Kimin gücü çatar köhnə kölgələrimi süründürməyə?
Kimin əli çatar qapımın zəngini dindirməyə?
Gecə gəlir,
İşıqların üzərinə çarşab örtməliyəm
Ulduzların əyyaş olduqlarını atam öyrədib,
Atam öyrədib işıqların suyu boş olduqlarını.
Dünən atamın fotoşəkillərinin arasından qocalıq şəklimi tapan kim idi?
Kim idi ölümə yeriklədiyimi görmüşdü nə bilim 2073-cü ildə?
Zırrr... Zırrr...
Zamanın köləsi olan xoş xatirələrimlə
Xəyalımda neçə-neçə evlər tikdim Təbrizdə
Bilmədim, siqaret almağa pul yoxdur cibimizdə.
Mənə xoşbəxtlikdən danışmayın lütfən!
Lütfən bu MRI tunellərindən çıxardın bədənimi
Dəliliyimin quşlardan savayı heç kimə dəxli yoxdur.
Ehey... Ruhumu laboratoriyalarda dəlib-deşən həkimlər,
Sizinləyəm;
Cırın yazdığınız bu dərmanları
Mən qanadları sınmış dəliyəmsə,
Siz pulumla xoşbəxt olmaq istəyən demaqoqlarsınız.
Zırrr... Zırrr...
- Nədən barmağını götürmürsən sovxa qalmış zəngdən?
Əynimdə paltarım yoxdur, gözlə, geyinməliyəm!
Gözümü qamaşdıran günəşdirsə gündüzlər,
Gecələr məni sevən qadının xəyanətidir.
Xəyanət, qanov suyundan duru olsaydı içərdim,
Xəyanət, o başı yaşıllığa yönələn körpü olsaydı, keçərdim.
Bu xəyanətdən keçə bilmədimsə
Yəni özümdən keçə bilmədim həkim.
Səhərlər həyatın ortasında bir daşam,
Gecələr, ölümün cəbhəsində yaralanan sərxoşam!
Başımı qoyub ağlamağa bir çiyin yoxdursa,
Mənə xoşbəxtlikdən danışmayın lütfən!
Zırrr... Zırrr...
- Ölümə tapşırın barmağını götürsün zəngdən,
Hələ geyinməmişəm...
“Ədəbiyyat və incəsənət”
(18.03.2025)
“Tün çiçəyi qoxuyurdu xəlvət küçəmiz …” – YALÇIN TÜRKAY
Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi
Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Yalçın Türkayın şeirlərini təqdim edəcəyik.
Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir.
ANATOMİK DÜNYA GÖRÜŞÜ
Bir az göylərdən danış!
Bir az da,
-Məhəbbətin muzikal dünyasından-.
Başqa şeydən danışma!
Qulağının içində yeriyirik göylərin...
Azacıq göy üzündə,
-Uçan quşları düşün-
Bir də ki,
-Ağacların fəlsəfi düşünməsin-.
Ayaqların üstündə gəzən adamlara bax!
Nifrətdən-dərddən iraq
Gözlərinin içində yeriyirik göylərin...
DƏRD SİMGƏSİ: "ANAM"
Tün çiçəyi qoxuyurdu xəlvət küçəmiz...
Kimsəni qarşılamağa -
Kimsəni izləməyə -
Kimsəni görməmək üçün -
Dışarıya çıxmamışdım o qərib axşam.
Bir hekayə söyləmişdi anam otaqda
Çıldırmışdım -
Dışarı çıxdım...
Öz başına gələnləri
Başqasının dilindən hekayə söyləmişdi
Nədənmi görən?
Nədənmi belə didərgin -
Belə yalqızca ömür sürən -
Dediyini gözü ilə görən
Yaşadığı həyata yanaşırdı özgələr kimi!
Nədənmi sən, mən kimi;
Mənsə anam kimi, özgələr kimi;
Öz həyatımızı bir başa
Gərgin yaşayırıq ki, belə didərgin?!
Tün çiçəyi qoxuyurdu xəlvət küçəmiz
Ulduzlar sayrışırdı,
Ay çıxmamışdı hələ...
-İçəriyə qapandım-
Qapını örtdüm!..
III.
Hadisədən neçə mənzil uzaqda
Əlləri ciblərində -
Yüyürürdü usu pərişan!..
Bir təkcə getdiyi yolu duyurdu
Bir də yalnızlığını!
Gərgin idi - didərgin idi
Yol uzunu bir başa, durmadan yüyürürdü -
Yüyürürdü - dururdu;
Dururdu və göy üzünə baxıb gülürdü.
Hadisə baş vermədən,
Baş alıb yola çıxdı...
O, yola çıxdığında, ölüm evinə girdi!
O, yola çıxdığında, ölüm evini yıxdı...
Hadisədən neçə mənzil uzaqda
Əlləri ciblərində
Yüyürürdü usu pərişan
MUZİKAL YAŞAM
Piano klaviaturaları üstündə -
Yerimək kimi bir şeydir həyat!
Hər addım atanda
Pərdə dəyişir -
Hava donur
Və
Həyat yeni bir ritmə düşür.
IV.
Və günəşin sonuncu xiyabanında
Görüşürüksə də birdən,
Heç də möcüzə deyil,
Keç marketdən bir şey al içək!
“Ədəbiyyat və incəsənət”
(18.03.2025)
Şəki-Zaqatala bölgəsində Novruz tədbirləri keçirilib
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsiıçisi
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələr tərəfindən Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.
Çıxış edənlər xalqımızın qədim və əziz bayramı Novruz münasibətilə tədbir iştirakçılarını təbrik edərək, onlara xoş arzularını çatdırıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan qələbə nəticəsində erməni işğalından azad olunmuş torpaqlarımızda Novruz bayramının qeyd edilməsinin böyük mənəvi əhəmiyyətinə də toxunublar.
Keçirilən tədbirlərdə Novruz bayramına həsr olunmuş milli musiqi və rəqs nümunələri təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(18.03.2025)
“Bədii ədəbiyyat tərcüməçisi yalnız dilləri bilmək deyil, həm də yazı ustalığına sahib olmalıdır” - MÜSAHİBƏ
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Tərcümə məsələləri... Yaralı yerimizdir, bilirəm. Xüsusən, bizim-redaktə ilə məşğul olan qələm adamlarının. 2019-cu ildə Dan Braunun “Rəqəmsal qala”sını oxuyurdum. Hər abzasda bu söz vardı: oxşayır ki.... (“oxşayır ki, o, belə deməyib...”, “oxşayır ki, hadisə belə olub...” və s.) Bir kitabda isə tərcüməçi Əndəlüs əvəzinə yazmışdı: Andaluziya... Bunlar kiçik texniki səhv deyil. Bunlar ürəyimizin yarasıdır... Bunlar oxucu zövqümüzü korlamaqla qalmır, bizi oxuduqlarımızdan küsdürür də... Hələ əsərdəki bədiiliyin itməsini, hadisələrarası keçidlərin başqalaşmasını demirəm...
“Ədəbiyyat və İncəsənət”in oxucuları Xanım Anela ilə artıq tanışdır. Yazıçımızın tərcümə ilə məşğul olduğunu da bilirlər. Qərara gəldik ki, bu dəfə Xanım Anela ilə tərcümədən danışaq...
-Tərcüməçi kimdir?
-Təbii ki, burada bədii ədəbiyyat tərcüməçisindən söhbət gedir. Bədii ədəbiyyat tərcüməçisi - kitabları original dildən xarici dilə çevirən mütəxəssisdir. Onun işinin məqsədi mətnin mənasını və mədəni dəyərini, eləcə də müəllif üslubunu qoruyub saxlamaqdır.
Tərcüməçilik peşəsi çoxəsrlik zəngin tarixə malikdir və onun öyrənilməsi müxtəlif xalqların dili, ədəbiyyatı və mədəniyyətinin inkişafında mühüm rol oynayır. Tərcüməçilər və tərcümələr sayəsində fərqli mədəniyyətlər bir-birindən təcrid olunmur, əksinə, daim qarşılıqlı əlaqədə olur və bir-birini zənginləşdirir.
Məhz tərcümələr sayəsində bu gün biz Tolstoyu, Dostoyevskini, Şekspiri, Aristoteli və digər dahi yazıçıları və filosofları tanıyırıq.
Ən qədim bədii tərcümələrə nəzər salsaq, görərik ki, ilk ədəbi-bədii tərcümələr Avropada hələ XII-XIII əsrlərdə meydana çıxmışdır. Bunlara “Roland nəğməsi”nin (Fransız ədəbiyyatının ən qədim iri həcmli əsəri) uyğunlaşdırılmış variantları və Makedoniyalı İskəndər haqqında poetik roman daxildir.
İlk bədii tərcümələr adaptasiya xarakteri daşıyırdı - tərcüməçilər mətnləri elə dəyişirdilər ki, bəzən onlar müstəqil əsərlərə çevrilirdi. Tərcümə prosesi ilə bağlı müzakirələr isə tarix boyu davam etmişdir və bu gün də aktuallığını qoruyur. Bəzi tərcüməçilər mətnin originala tam və sözbəsöz uyğunluğunu tələb edirdilər, digərləri isə əsərin “ruhunu” qorumağı üstün tutaraq sərbəst tərcüməni müdafiə edirdilər.
Mən mətnin originala yaxın olmasının tərəfdarıyam.
-Hansı dillərdən tərcümə edirsiniz?
-Əsasən rus (Qədim rus dili) və türk (Osmanlı türkcəsi) dillərindən Azərbaycan dilinə tərcümə edirəm.
-Əgər Ceyn Austinin (sevdiyim yazıçılardandır deyə ürəklə misal çəkirəm) “Emma” əsərini rus dilindən tərcümə edirlərsə, bu, əsərin bizə “İkinci əl” kimi çatmasıdırmı?
-Mən bir oxucu olaraq rus tərcümələrini çox bəyəndiyim üçün deyə bilərəm ki, onların əksəriyyəti yüksək səviyyədə olur. Bəzən elə dəqiqliklə işlənir ki, əsər elə bil həmin dildə yazılıb. Şəxsən öz təcrübəmdə olub ki, ingilis dilindən Azərbaycan dilinə tərcümə edilmiş bir əsəri oxuyanda bəzi cümlələrin və ya hissələrin çatmadığını hiss etmişəm. Daha sonra həmin əsərin rus dilindəki variantını oxuyanda mətnin daha tam və originala yaxın olduğunu görmüşəm. Odur ki, əgər bir gün “Emma” əsərini rus dilindən Azərbaycan dilinə tərcümə etsəm, əmin olun ki, sizə originala mümkün qədər yaxın bir tərcümə təqdim edəcəyəm.
-Tərcümə olunan əsərin yazıldığı dövr, müəllifin yanaşması, müəllifin kimliyi-şəxsiyyəti, yazı üslubu, hətta vərdişləri belə, öyrənilməlidirmi? Mənim fikrimcə, tam olmasa da, ən azından, tərcüməçinin bunlar barəsində məlumatlı olması arzuolunandır.
-Birmənalı şəkildə, bəli. Tərcüməçi müəllifin məqsədini, üslubunu və oxucuya ötürmək istədiyi mesajı bilməsə, tərcümə yanlış istiqamətə gedə bilər. Hər hansı bir əsərin tərcüməsinə başlayanda müəllifin üslubunu tam qavrayana qədər çətinlik çəkə bilərsən. Amma üslubu anladıqdan sonra iş daha rahat gedir.
-Tərcümədə dəyişməyən qayda nədir?
-Hər bir tərcüməçinin yanaşması fərqli ola bilər, amma mənim fikrimcə, ən əsas prinsip ilkin mənanın qorunmasıdır. Tərcümə zamanı əsərə yeni məna əlavə olunmamalı və mətnin dəqiqliyi qorunmalıdır. Yəni təmiz iş olmalıdır. Əlbəttə ki, sonrakı mərhələdə redaktor mətn üzərində işləyir, amma tərcüməçi də bacardığı qədər təmiz və keyfiyyətli iş təqdim etməlidir.
Hər bir yazıçının öz üslubu var və tərcümə zamanı bu üslubu qorumaq vacibdir. Oxucu məhz müəllifin səsini eşitməlidir, elə hiss etməlidir ki, əsər tərcümə olunduğu dildə yazılıb. Bədii ədəbiyyat tərcüməçisi yalnız dilləri bilmək deyil, həm də yazı ustalığına sahib olmaq və yaradıcı yanaşma nümayiş etdirmək bacarığına malik olmalıdır.
Poeziya tərcüməsi isə xüsusilə çətindir; burada təkcə mənanı yox, həm də ritmi, qafiyələri və poetik ahəngi qorumaq lazımdır. Nə qədər şeir oxumağı çox sevsəm də, şeir tərcümə edə biləcəyimi sanmıram.
Bir də düşünürəm ki, tərcüməni bir müddət dayandırıb sonra davam etdirmək düzgün deyil, çünki ritm və axıcılıq itə bilər.
-Tərcümədə janr seçimi varmı? Məsələn, sizə bir elmi əsər verilsə, “mən elmi yox, bədii əsər tərcüməçisiyəm” demək kimi bir hal yaşanırmı?
-Bəli, tərcümələrdə janr seçimi olur. Mən kiçik həcmli elmi məqalələr tərcümə etmişəm. Onu deyə bilərəm ki, elmi və tədris materiallarının tərcüməsi daha dəqiqlik tələb edir, çünki burada məna dəyişikliklərinə yol vermək olmaz. Bədii tərcümədə isə yaradıcı yanaşma tələb olunur və bu mənim üçün daha rahatdır. Ona görə də, düşünürəm ki, elmi əsərləri mütəxəssislərin tərcümə etməsi daha məqsədəuyğundur.
-Tərcümədə əsərin originallığından nəsə itirmi?
-Təəssüf ki, bəli. Amma bu itki minimuma endirilə bilər. Tərcüməçiliyə yeni başladığım vaxtlar hər bir ifadəni mümkün qədər dəqiq çevirməyə çalışır, dəyişikliyə yol verməkdən çəkinirdim. Sanki müəllif gəlib məndən bunun hesabını soruşacaqmış kimi hiss edirdim. Amma zamanla anladım ki, bəzi ifadələr və deyimlər doğma dilə uyğunlaşdırılmalıdır. Ən azından, məna dəqiqliyini qorumaq şərtilə izah verilməlidir ki, oxucu həmin ifadənin kontekstini düzgün anlasın.
Əziz oxucu! Xanım Anela gözəl yazır… Xanım Anela gözəl tərcümə edir… Xanım Anela gözəl danışır.
Bir kitab mağazasına girərkən qarşınıza müəllifi, redaktoru, ya da tərcüməçisi Xanım Anela olan kitabların çıxması diləyilə…
“Ədəbiyyat və incəsənət”
(18.03.2025)
Qədim türklər Novruzu necə qeyd edirdi və indi türklər Novruzu necə qeyd edirlər?
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının növbəti birgə layihəsi olan Türk xalqlarında Novruz bayramı layihəsinin II buraxılışını təqdim edirik.
Novruz bayramı türk xalqlarının ən qədim və ən müqəddəs bayramlarından biridir. Onun kökləri türklərin əcdadlarının kosmoqonik dünyagörüşü, qədim inancları və təbiətə bağlılıqları ilə sıx əlaqəlidir. Bu bayramın yaranması və inkişafı türklərin tarix boyu keçdiyi yollarla sıx bağlıdır.
Bu yazıda Novruz bayramının qədim türklərdən başlayaraq müasir dövrə qədər necə qeyd edildiyi, hər türk xalqında bu bayramın necə yaşadıldığı və onun mədəni irs kimi qorunub saxlanıldığı araşdırılacaqdır.
1. Qədim Türklərdə Novruz bayramı
Novruzun mənşəyi və türk mifologiyasındakı yeri
Novruz qədim türklərin kosmoqonik dünyagörüşü ilə sıx bağlı olan bir bayramdır. Qədim türklər təbiətin canlanmasını və yeni ilin başlanmasını müqəddəs hesab edirdilər. Novruzun əsası Günəşə sitayişə və yazın gəlişi ilə təbiətin dirçəlməsi inancına dayanır. Türklərin əsas inanclarında yer alan Göy Tanrı və Yer-Su kultları Novruz bayramında mühüm rol oynayırdı.
Bəzi tarixçilər Novruzun köklərinin Hun, Göytürk və Uyğur dövlətlərinin dövrünə qədər uzandığını bildirirlər. Göytürklərin Ergenekon dastanı da Novruzla bağlıdır. Dastana görə, Göytürk türkləri uzun müddət Ergenekon adlı bir vadidə mühasirədə qalmışdılar. Nəhayət, dəmir dağın əridilməsi ilə oradan çıxaraq azad olmuş və yeni bir dövrə qədəm qoymuşdular. Bu hadisə yazın ilk günündə baş vermiş və türklər bunu bayram kimi qeyd etməyə başlamışdılar.
Uyğurların inanclarında Novruz Kün toyu (Günəş toy günü) adlanırdı. Bu gün insanlar Günəşin qayıdışını və torpağın canlanmasını şərəfləndirirdilər.
Türklər Novruz bayramında xüsusi ayinlər keçirirdilər:
• Atəş yandırmaq və onun üstündən tullanmaq – Göy Tanrıya qurban vermək və təmizlənmək rəmzi idi.
• Su ilə bağlı rituallar – çay kənarında yuyunmaq, suya daş atmaq gələcək ilin bərəkətli keçməsinə işarə idi.
• Heyvan qurbanı kəsmək – Göy Tanrıya şükranlıq etmək məqsədilə həyata keçirilirdi.
• İgidlik oyunları – oxatma, atçılıq yarışları, güləş, qılınc döyüşləri təşkil olunurdu.
2. Orta əsrlərdə Türk dövlətlərində Novruz
Orta əsrlərdə türklərin qurduğu müxtəlif dövlətlərdə Novruzun qeyd edilməsi yeni xüsusiyyətlər qazandı. Bu dövrdə İslamın türklər arasında yayılması Novruz bayramına da təsir göstərdi.
Səlcuqlular dövründə Novruz rəsmi bayram kimi qeyd olunurdu. Səlcuq sultanları bu bayramda xalqı üçün xüsusi mərasimlər təşkil edir, əhali üçün hədiyyələr paylayırdılar. Novruz günü qapılara yaşıl budaqlar taxılır, hökmdarlar xüsusi mərasimlərlə xalqın qarşısına çıxırdılar.
Osmanlı imperiyasında Novruz bayramı “Sultan Novruzu” kimi qeyd olunurdu. Saraylarda şeir müsabiqələri keçirilir, sultanlara Novruziyyə adlanan şeirlər təqdim olunurdu. Saray aşpazları xüsusi Novruz şirniyyatları hazırlayırdılar.
Azərbaycan və Qızıl Orda dövründə Novruz daha geniş xalq bayramı kimi qeyd edilirdi. İnsanlar tonqal qalayır, evlərini təmizləyir, bayram süfrəsi açır və bir-birinə “Novruz bayramın mübarək olsun!” deyirdilər.
3. Müasir dövrdə Türk xalqlarında Novruz bayramı
Hazırda türk xalqları arasında Novruz müxtəlif formalarda qeyd edilir. Hər xalq bu bayramı öz adət-ənənələrinə uyğun şəkildə yaşadır.
Azərbaycan
Azərbaycan Novruz ənənələrini tam qoruyub saxlayan türk dövlətlərindən biridir. Bayramdan əvvəl dörd çərşənbə qeyd olunur: Su, Od, Yel və Torpaq çərşənbələri. İnsanlar bayram axşamı tonqal qalayır, xonçalar hazırlayır, papaqatdı oyunu oynayır, qulaq pusqusuna çıxır, yumurta döyüşdürürlər.
Türkiyə
Türkiyədə Novruz əsasən Şərqi Anadolu və Güneydoğu Anadolu bölgələrində geniş qeyd edilir. Ənənəvi olaraq atəş üstündən tullanmaq, halay çəkmək, qədim türk musiqi alətləri ilə bayramı qarşılamaq adətləri var.
Qazaxıstan
Qazaxlar Novruza Naurız deyirlər. Bu bayramda Naurız köje adlı xüsusi yemək hazırlanır. Güləş yarışları, atçılıq oyunları keçirilir və insanlar bayram axşamı axsaqqalların xeyir-duasını almağa gedirlər.
Özbəkistan
Özbəklərdə Novruz süfrəsi zəngin olur. Sumalak adlı xüsusi bayram şirniyyatı bişirilir. Şəhərlərdə böyük şənliklər, konsertlər təşkil edilir.
Türkmənistan
Türkmənlərdə Novruz günü çadırlar qurulur və qədim türk mətbəxi təqdim olunur. At yarışları və xalq oyunları keçirilir.
Tatarlar və başqırdlar
Tatar və başqırd xalqları Novruzu xüsusi mərasimlərlə qeyd edirlər. Bu xalqlarda Novruz gecəsi həqiqət gecəsi sayılır. İnsanlar gələcəklə bağlı niyyət tuturlar.
Uygurlar
Uygurlar Novruz bayramında ailəvi süfrə açır, qohumlar və dostlar bir-birini ziyarət edir. Tonqallar qalayır və yeni ilin xoş keçməsi üçün dua edirlər.
Novruz bayramı türklərin tarixi, mədəniyyəti və inancları ilə sıx bağlı olan bir bayramdır. Qədim türklərdən başlayaraq, Göytürklər, Səlcuqlular, Osmanlılar və müasir türk xalqları bu bayramı yaşadaraq gələcək nəsillərə ötürmüşlər.
Bu gün də Novruz birliyimizin, bərəkətimizin və milli kimliyimizin simvoludur. Türk xalqları bu bayramı eyni coşqu ilə qeyd edərək tarixi köklərinə sahib çıxırlar.
Qədim türkcədə Novruz təbriki:
“Kun tugı bolsun! Qutluq tuğ, uluq qut!” (“Günəşin doğuşu mübarək olsun! Mübarək bayram, böyük xoşbəxtlik!”)
“Ədəbiyyat və incəsənət”
(18.03.2025)
Ramazan: Ruhun sükut dəvəti
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Ramazan...
İnsan ruhunun ən dərin qapılarını döyən, onu öz gerçəkliyinə qaytaran ilahi bir mövsüm. Bu ayda insan yalnız aclığı ilə deyil, ruhunun qırıq parçaları ilə də üzləşir.
Bir gün gələcək...
Bu Ramazan süfrələrində valideynlərimizin "yeməyinizi yeyin, dualar edin" sözləri yox, susqun divarların xatirəsi əks-səda verəcək. Biz bir gün, bu süfrələrdə oturub çörəyi paylaşan yox, eyni süfrədə sevdiklərini itirən insanlar olacağıq. O gün, qapının ağzında "bir qarpız al" deyən anamız yox, evin körpəsinə pul uzadıb "qaç, qarpız al" deyən biz olacağıq.
Bu ay insanın nəfsi ilə savaşdığı bir zamandır. Amma bəzən bu savaş aclıqla deyil, içimizdə yığılıb qalan həsrətlərlə aparılır. Həsrət, itirilmiş bir ata, dualarında hələ də adını çəkdiyin, ancaq qəbri uzaqlarda olan bir ana...
Ramazan gecələrində dua edərkən, sanki ruhumuz bir-bir ayrılıb getmiş insanlarımızı ziyarət edir. Onların isti nəfəsiylə dolu olan o köhnə evlər, həmin süfrələr, "Allah qəbul etsin" deyən əllər... Bütün bunlar zamanla xatirəyə çevrilir.
İnsan bəzən düşünür:
"Bu Ramazan, bəlkə də son sığınacağımızdır..."
Çünki biz bir gün valideynlərimizin yoxluğuna alışmağa çalışacağıq. O zaman, iftar vaxtı süfrəyə baxanda, yoxluq bizi daha çox doyuracaq, qəlbimizdəki boşluqlar isə sükutla dolacaq.
Bəlkə də, bu Ramazan, hər şeyi daha dərindən dərk etmək üçün bizə verilən son fürsətdir. Sevdiklərimizi sağ ikən qucaqlamaq, dualarımızda yalnız adlarını yox, varlıqlarını hiss etmək üçün son şansdır.
O gün gələndə, gözlərimiz dolacaq, çünki insan itirmədən dəyəri anlamır. Bəlkə də bu Ramazan, illər sonra "Kaş ki, o zaman daha çox sevsəydim, daha çox dua etsəydim" deməmək üçün bizə verilən bir lütfdür.
Gəl, bu Ramazanda həm ruhumuzu, həm qəlbimizi təmizləyək. Gəl, bu Ramazanda hələ qapını açan anamıza, hələ süfrəyə dua ilə oturan atamıza doyunca sarılaq. Çünki bir gün bu xatirələr də torpağa qarışacaq...
Ramazan, insanın nəfsi ilə deyil, həsrəti ilə sınandığı bir aydır...
“Ədəbiyyat və incəsənət”
(18.03.2025)
Şəhidlər barədə şeirlər – Rəvan Məlikov
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü
Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Rəvan Məlikova həsr edilmiş şeirlə tanış olacaqsınız.
RƏVAN ƏLİABBAS OĞLU MƏLİKOV
(06.03.1996.-01.10.2020.)
Kürdəmirin Şıxımlı kəndindən olan olan, Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
QORXMAZ RƏVAN
Sizə söhbət açım mən kürdəmirli Rəvandan,
Vətəni candan artıq sevən bir qəhrəmandan.
O, qısaca ömrünü yaşadı ləyaqətlə,
Vətənə xidmət etdi sonsuz bir sədaqətlə.
Şıxımlının mərd, qoçaq cəsurlarından biri,
Düşmənə qan udduran məğrurlarından biri.
İllər keçdi, böyüdü, çatdı on səkkiz yaşa,
Rəvan kənd məktəbini bitirdi, vurdu başa.
Hərbi xidmət zamanı, vaxtı gəldi, yetişdi,
Bu necə də şərəfli, müqəddəs yol, gedişdi.
Əsgər oldu, bərkidi, bütövləşdi orduda,
Elə bir məktəb keçdi, mətinləşdi orduda.
Əsgərliyi qurtarıb qayitdı kəndlərinə,
Çarə tapılmalıdır Vətənin dərdlərinə.
Düşündü: - Pünhan kimi, yenə də əsgər olsam,
Vətən daşı yastığım, evimsə səngər olsa…
Qardaşım kimi mən də ordumuzda qalaram,
Məqamında düşməndən intiqamı alaram.
Əsirlikdə qalammaz yurdun, çiçəyi, gülü,
Meşəsi, bulaqları, nə də Xarıbülbülü.
…Sevinirdi, orduda xidmət edəcək Rəvan,
Qalib kimi Şuşaya bir gün gedəcək Rəvan.
Hər kəs əməli ilə, alır əsil qiymətin,
Xidmətdə əsgərlərin qazanmışdı hörmətin.
Başladı müharibə, ölüm-dirim savaşı,
Haqq işimiz yolunda, namus-torpaq davası.
Ali Baş Komandandan sonsuz ilham alındı,
Ordumuzun gücüylə şanlı zəfər çalındı.
Rəvan da döyüşürdü qorxmaz bir əsgər kimi,
Düşməni tar-mar edən igid cəngavər kimi.
Deyirdi, Türk oğluyuq, göstərməliyik hünər,
Türkün qəlbi millətlə, Vətən ilə döyünər.
Vuruşların birində Rəvan canından keçdi,
Tanrı cənnətlik üçün əziz bəndəsin seçdi.
Zəfər tariximizdə Rəvanın da var adı,
Xalqımız da unutmaz belə əziz övladı.
“Ədəbiyyat və incəsənətz”
(18.03.2025)