Super User
POETİK QİRAƏTdə Əlizadə Nuri “Göyərçin ovcuyam mən...” şeiri ilə
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir.
Hər axşam şam oluram,
Əriyib... tam oluram.
Səndə tamam oluram-
Mən gün, sən də həftəsən
-deyir şair.
Düzdürmü, mükəmməldir?! Əsl poeziya bax budur!
Xoş mütaliələr!
Hər axşam şam oluram,
Əriyib... tam oluram.
Səndə tamam oluram-
Mən gün, sən də həftəsən.
Eşq- şirin əzab kimi,
Bitməyən hesab kimi.
Ən yaxşı kitab kimi
Canımdakı rəfdəsən.
Sən yolsan, yolçuyam mən,
Göyərçin ovcuyam mən...
Yüz ildir ovçuyam mən-
Yüz ildir hədəfdəsən...
Qəmi sevdim, həm səni,
Qısqandı bu qəm səni.
Düşüb gəzmirəm səni-
Sən ki hər tərəfdəsən.
Bu dünyadı, kahadı?
Şah olmur hər şah adı.
Bu sədəf nə bahadı-
Yoxsa sən sədəfdəsən?!
“Ədəbiyyat və incəsənət”
(10.01.2025)
Siz ən gözəl sözlərə layiqsiniz, əziz sumqayıtlı həkimlər!
Almaz Ərgünəş Bəyazid, “Ədəbiyyat və incəsənət” üçün
Mənim üçün xəstəxana "Ocaq"dir.
İnsanların şəfa tapdığı "ocaq".
Yaşadığım şəhər bu baxımdan güvəndiyim ocaqdır və savadlı həkimlərlə çoxluq təşkil edir.
İllər öncə "Sadıqovun xəstəxanası" deyilən Təcili - tibbi yardım xəstəxanasında düz 1
ay, 5 gün yaşamışam. Həyat yoldaşım düz 2 dəfə ağır əməliyyatdan sonra həyata qayıdıb və biz orda qalmışıq.
Rəhmətlik İzzət Sadıqov, İlyas Məmmədov cəhrah kimi heç zaman unudulmazlar.
Çox ağır vəziyyətdən çıxan yoldaşıma “Səni 50 faiz biz, 50 faiz Almaz sagaltdi” deyib, yüngülcə ciynimi qucaqlayan İzzət doktorun xoş sözü hələ də xatirimdədir.
Ən ağır koronadan Yeni klinikada müalicəm, yenə həkimlər İbrahim Rufullayev, Emil Qasımov…
Xəstə insan üçün həyat gözdən düşür.
Göydə Allah, yerdə həkim deyib xəstəxanaya gedirik.
İnsanın həyata qayıtması üçün həkimlər Allahın ən yaxın vasitəciləridir.
Məhz həkimlər. Nə mollalar, nə də seyidlər...
3 gündür ki, yeni bir ocaqda şəfa tapıb dönmüsük.
Sumqayıt Yolxucu Uşaq xəstəxanası.
Məlum virus hazırda uşaqlar arasında geniş yayılıb.
Tibb bacıları əsl fədakardırlar.
Bir an belə dayanmadan uşaqlarla məşğuldurlar.
Paşayeva Gülbəniz, Abbasova Nəzakət, Rüstəmova İradə, Nəcəfova Mətanət, Məmmədova Simuzər, Sadıqova Könul…
Bu tibb bacıları ən gözəl sözlərə layiqdirlər.
-Hamımız sizi elə sevdik ki, Almaz xanım. Heyf ki, vaxt tapıb söhbət edə bilmədik.
Bunu tibb bacısı Simuzər deyir.
İllərdi tanıdığım doktor Babayev xəstəsi olmasa da nəvəm Bəyazidə xüsusi yanaşır.
Şöbə müdiri Günay İsgəndərova lazımi məsləhətlərini verir.
Bəyazidin həkimi Məmmədova Səidə evdə olduqda da xəstəsi ilə maraqlanır.
Bir sözlə Sumqayıt yaşamaq üçün ən rahat şəhərdir.
Siz ən gözəl sözlərə, ən böyük hörmətə layiqsiniz, əziz sumqayıtlı həkimlər.
“Ədəbiyyat və incəsənət”
(10.01.2025)
Gecə həm azadlıq, həm də yalnızlıq gətirir - ESSE
Harun Sultanov, “Ədəbiyyat və incəsənət”
Gecədir. Saat artıq 00:42-dir və gecənin sükutunda hər şey daha da aydın olur, amma eyni zamanda qarışır. Sanki gecə vaxtı düşüncələr daha güclü, daha qərarsız olur.
Hər şeyin bir kənarına bənzər, amma gecə öz içindəki qaranlıqla əhatə etdiyi zaman daha çox gizlənir. Bu saatda yazıram, amma həm də hiss edirəm ki, bu yazı bir çox şeyin təkrarıdır, ancaq hər dəfə biraz daha fərqli olur.
Gecənin içində hər şey bir az daha sükunətə bürünür, amma bir o qədər də qarışıqlıq yaranır. Yəni, gecə həm azadlıq, həm də yalnızlıq gətirir.
Belə anlarda, mənim içimdəki tənhalıq daha da güclənir. Yalnızlıqla üzləşmək, bəzən, o qədər də qorxulu olmur, əksinə, insan özünü tapmağa, dünyanı bir az daha anlamağa daha yaxınlaşır. Gecənin qaranlığında hər şey daha dərindir, daha gizlidir. Amma bu tənhalıq eyni zamanda mənim "mən"lərlə dolu dünyama səyahətimdir. Çünki bəzən, yalnız gecə saatlarında, ən dərin düşüncələr üzə çıxır.
Mən bu gecəni də öz düşüncələrimlə yaşayıram. Mənim üçün hər gecə, başqa bir başlanğıcdır. Nəhayət, keçmişin ağırlığını bir az daha azaldan, gələcəyin də mənə yaxınlaşmasına imkan verən bir an. Dövrün, həyatın, insanın özünü axtarmağın...
Gecə öz üzərində bir növ sükunət gətirir, amma eyni zamanda, dərin bir mürəkkəblik, həyatın və bütün bu izlərin öz içindəki sonsuz bir labirintini daha da çox hiss edirsən. Hər şey buradadır, gecənin içində, amma hər şeyə hələ də toxuna bilmirəm.
Həyatım bir labirintdir, sonsuz bir koridorlar silsiləsidir ki, hər döngəsində özümü itirirəm, hər dönüşdə başqa bir mənliyin əksini tapıram. Mən kiməm, nə edirəm, hara gedirəm? Hər gün bu suallarla başlayıram, amma heç bir cavab mənə tam olaraq aydın olmur. Bəzən düşünürəm: insan özünü tapa bilərmi? Yoxsa həmişə bir boşluqla qarşılaşar?
Hər səhər o mandalin qabığının və siqaret kötüklərinin iyi ilə oyanıram, amma bu dünyada mövcud olmağın mənası hələ də mənim üçün tam aydın deyil. Bəlkə də bu sualların özündə cavablar gizlidir, bəlkə də heç bir cavab tapmayacağam. Bəzən düşünürəm ki, həyatımı sadəcə ətrafımda baş verənlərdən yox, özümə əks olunan döymələrimdən də görürəm.
Həyat, mənə görə, bir aldanışdır – gözlərim önündə açılan dünyanın gerçəkliyini anlayan yoxdur. Mənim bu dünyada varlığım yalnız mənim xəyalımın bir məhsuludur. Ətrafımdakı hər şey mənim içimdəki qorxuların, arzuların və özümə qarşı gücsüzlüyün əksidir. Hər an keçən zamanın bir təkrarını yaşayıram – təkrarən, təkrarən, amma hər dəfə biraz daha fərqli, daha dolaşıq, daha çətin. Həyatın mənası varmı? Yoxsa sadəcə bir sükutdur, hər şeyi əhatə edən və heç nəyi ifadə etməyən bir sükut?Mən bu sükutu axtarıram. Çünki hər kəsin ruhunda bir boşluq var, bir narahatlıq, bir tənhalıq, amma onu anlamaqdan çəkinirik. Hər kəs tənhalığı sevir, amma heç kim onu həqiqətən dərk etmək istəmir. Çünki tənhalıq, özünə dönməyi, özünə qarşı çıxmağı tələb edir. Bu, ağır bir işdir. Hər an özünü tapmağa çalışan bir insan kimi, mən bu tənhalığı qəbul etməyə çalışıram, amma bəzən hiss edirəm ki, yalnız tənhalıqla üzləşərək insan həqiqətən özünü görə bilər.
Ailə mənim həyatımın ən dərin köküdür, amma bu kök həm də məni çətinliklərlə üz-üzə qoyur. Mənim içimdəki ziddiyyətləri, sevgilərimi və nifrətlərimi formalaşdıran bu əlaqələr, bir tərəfdən mənə sığınacaq verir, digər tərəfdən məni sıxır. Hər bir sevgi, hər bir bağlılıq mənə bir iz qoyur. Mən bu izlərə baxarkən yalnız keçmişi deyil, eyni zamanda özümü də tapmağa çalışıram. Lakin bir insan nə vaxt özünü tapa bilər? Biz özümüzü başqa insanlar vasitəsiləmi tapırıq, yoxsa yalnız daxili dünyamızda gizlənən gerçəklikləmi?
Təhsil, iş və məsuliyyət bütün bunlar həyatımı müəyyənləşdirən, amma mənə heç vaxt tam rahatlıq verməyən təbəqələrdir. Hər bir vəzifə mənə yeni bir ağırlıq gətirir. Bəlkə də mən özümü bu ağırlıqla birləşdirirəm, amma niyə? Mən nəyə görə bu qədər bağlıyam? Bu qədər bağlılıqla özümü necə azad edə bilərəm? Düşünürəm ki, bəlkə də həyatda heç nəyi tam olaraq idarə edə bilmərik. Bəlkə də həyatın əsl mənası özünü itirməkdir. Həddini aşmaqdır.. Cızığından çıxmaqdır..
Sevgi? Bu da bir xəyal, bir kəpənək kimi uçan bir şeydir. Mən sevirəm, amma bu sevgi hər zaman təkrarlanır, bəzən itirirəm, bəzən tapıram, amma o məni heç vaxt tam olaraq bəyəndiyi kimi qəbul etmir. Sevgi, bəlkə də, insana öz içindəki qaranlıqla barışmağı öyrədir. İnsan nə qədər özünə yaxınlaşmağa çalışsa da, sevgidə bir təzad, bir uyğunsuzluq olacaq. Bir tərəfdən sevdiklərimiz bizi bütün qüsurlarımızla qəbul etməlidir, amma digər tərəfdən, biz özümüz də bu qüsurlarla necə baş etməliyik?
Bədənimdəki izlər hər biri bir yaddaş, bir hissə, bir keçmişin təkrarıdır. Qızılgül döyməsi kimi.. Bəlkə də bir itkidir, arzularımdır. Amma hər itkini anlamalıyıq. Azadlıq bəzən öz içimizdə tapdığımız bu izlərdə gizlidir. Bu döymələr, həyatımın və özümün izlərini əks etdirir. Bir tərəfdən onlar mənə azadlıq verir, digər tərəfdən məni keçmişimlə bağlı saxlamağa məcbur edir. Azadlıq və bağlılıq arasında bir tarazlıq axtarışındayam. Döymələrim keçmişi və gələcəyi birləşdirən nöqtələrdir. Hər bir iz bəlkə də yeni bir başlanğıcı daşıyır. Amma bu tarazlıq heç vaxt tam tamamlanmır, çünki həyatın özü də dövridir sonsuz bir təkrardır. Necə ki, Vüqar -Füzuli, Aydın-Nəsimi,Sabir oldu..
Və gecə sona çatır. Yavaş-yavaş, sükunət içində keçən bir zamanın axışında, mən özümü tapmağa bir addım daha yaxınlaşmışam. Gecə gətirdiyi qaranlıqla, eyni zamanda öz içimdəki işıqları da açdı. Gözlərim önündə açılan bu sonsuz labirintin sonunda nə baş verəcəyini bilməsəm də, hər bir dönmə məni daha da yaxınlaşdırır. Mən hələ də suallar ilə yaşayıram, amma artıq sualların özünün bir cavab olduğunu hiss edirəm. Hər bir sual, içində bir şey aydınladır, hər bir boşluq bir anlam yaradır. Və bəlkə də həyatın gerçək mənası, heç vaxt tam aydın olmayan, amma daim axtarılan, tapılmaq üçün yaşamın özü ilə iç-içə olan cavablarda gizlidir.
Səhər, yenə o mandalin qabığının və siqaret kötüklərinin iyi ilə gələcək. Amma bu dəfə, o qoxuların mənə bir xatirə deyil, gələcəyə doğru bir addım kimi gələcəyini bilirəm. Hər gecə bir təkrar olsa da, hər səhər bir yenilik, bir ümid gətirir. Gecənin qaranlığında keçən zamanın özündə bir işıq var, bəlkə də bu işıq heç vaxt tam olaraq görünməyəcək, amma bu işığın ardında heç vaxt tam şəkildə təkrarlanmayan bir həyat, bir mənlik var. Bütün bu düşüncələr, bu təzadlar, məni həyatla barışmağa aparır. Mən daha çox bilirəm, amma eyni zamanda daha çox anlamıram. Bəlkə də bu da bir növ azadlıqdır.
Gecənin sona çatdığı an, mənim içimdə bir başlanğıc yaranır. Nə qədər qaranlıq olsa da, hər bir gecə özündə bir işıq saxlayır. Bəlkə də həyatın ən böyük sirri, o işığı tapmaqda deyil, onu axtararkən duyduğumuz və içimizdəki dəyişimi hiss etməyimizdədir.
Və yenə, yavaşca… həyat davam edir.
“Ədəbiyyat və incəsənət”
(10.01.2025)
QAPI: bir az tarixi, bir az filoloji, bir də həyati…
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Qapılar barədə çox deyilib, çox yazılıb. Amma qapıların bu qədər dərindən xarakteristikasını, deyəsən, indiyədək heç kəs verməmişdi…
1. Fəlsəfi və simvolik anlamlar
“Qapılar
açılır, örtülür,
Gah sürətlə,
gah asta;
Gah bu geniş dünyaya,
gah da yerin altına”... (Əli Kərim)
Hər gün qapılar açılır, hər gün qapılar örtülür. Həyat bu keçidlər üzərində qurulu…
Qapının anlamları təkcə fiziki deyil, həm də məcazi qatlarda gizli… Qapının önünə xəyal qoyun, eşq nəqş edin, irfan yaraşdırın, görün ki o, özündən necə üstün olur…
2. Tarixilik və dilçilik
Qədim türk dilində “kapığ” kimi səslənən “qapı” sözü, yüzillərin süzgəcindən keçib bizə çatdı.
Göytürk yazılarında həm fiziki, həm də simvolik anlam daşıyan bu söz, mədəniyyətlərin yaddaşında iz buraxdı.
Bir müddət sonra, bu söz, öz deyiliş şəklini yavaş-yavaş itirməyə başlamış olsa da, fərqli fonoformalar alaraq çağdaş türkcələrdə hələ də yaşayır.
Kaşğarlı Mahmud dədəmizin sözlüyündə “kapuğ”a dönən bu qavram - çağdaş Macarıstanda “kapu”, Anadoluda, Balkanlarda “kapı”, Türkmənistanda “gapy”, bizdə isə “qapı” şəklində yazılmağa, səsləndirilməyə davam edir.
Bizim türkcədə isə “qapı” və “qabıq” olaraq iki dəyişik forma və məzmunda işlədilir.
Qazax, qırğız, özbək, uyğur, tatar, başqurdca… isə necə deyərlər, qapının söz olaraq özü yox, ən yaxın, ən doğma məzmunu işləkdir: “eşik”. Bizdə necə “evim-eşiyim” deyirlər, bax onun kimi… Evdən çıxdınsa eşikdir, amma ev ilə eşik birlikdə bir bütövdür, tamdır.
3. Simvolik keçidlər, tarixi yönlər
Göytürk yazılarında “kapığ” yalnız fiziki giriş yeri deyil, həm də şəhərin və ya dövlətin inzibati mərkəzlərinə aid bir simvol idi. Bu, qapının həm maddi, həm də simvolik anlamını göstərir.
Göytürk yazılarında “kapığ” yalnız fiziki giriş yeri deyil, həm də şəhərin və ya dövlətin inzibati mərkəzlərinə aid bir simvol idi.
Bu məqamda qapıdan qapıya keçmiş olaq:
Dəmirqapı Dərbənddən tutmuş, çalınmış Gəncə qapılarından keçmiş, qarşısında Sisianovun kəlləsi kəsilmiş Bakının Qoşaqala qapısınadək, tarix qapılarda gizlidir…
Bəs Naxçıvan, Başkeçid, İrəvan, Ərdəbil, Təbriz, Kərkük, Hələb, Bayır-Bucaq adlarının yanıbaşındakı qapı məzmunları bir bütövün parçalarını ifadə etmirmi?..
4. İnsanın içəri qapıları
Ariflər deyir, ən ağır qapılar insanın öz içindəki qapılardır – pas atmış anıların ağırlığı altında “gizlənən” qapılar.
Bu qapıları açmaq üçün bəzən uzun illərə ehtiyac duyulur. Könül deyir, nə ola, o uzun illər keçmiş ola…
Ariflər onu da deyir ki, vardır, əfəndim - hər qapının illa bir açarı vardır.
Deyiliş, yazılış şəkli dəyişsə də, mahiyyət dəyişmədi: qapı həmişə bir keçid, bir bağlayıcı oldu.
Yunus Əmrə necə deyirdi? -
Dirildik pınar olduq, irildik irmak olduq,
Axdıq dənizə daldıq, daşdıq əlhəmdülillah.
Taptuğun tapusunda, qul olduq kapusunda,
Yunus miskin çiy idik, bişdik əlhəmdülillah.
5. Uşaqlıq dönəmi və həyat yaddaşı
Biz uşaqkən evimizin qapısından içəri girən hər kəs sanki özü ilə yeni bir aləm gətirirdi.
Biz uşaqkən qapımız hüzur idi, sevinc idi. Amma o qapının bağlanması heç vaxt kədər yaratmırdı; çünki hər bağlanış yeni bir başlanğıca hazırlıq idi…
6. Könül və mədəniyyət qapıları
İnsan könlü də bir qapıdır. Bəzən sevgi dolu, bəzən kədər… Onu açmaq cəsarət istər. Həyatda, bəlkə də, ən çətin şey ürəyin qapılarını birinə açmaqdır...
“Qapı” sözü və onun dəyişiklikləri təkcə dilin deyil, həm də mədəniyyətin bir dəyişim tarixidir.
Mədəniyyət özü bir qapıdır. Kitablar, rəsm əsərləri, musiqi – bunlar hamısı keçmişdən gələcəyə keçirən qapılar deyilmi?.. Onlardan keçərək başqalarının düşüncələrinə və hisslərinə toxunuruq. Bizə bəlli olmayan dünyalara, başqalarının xəyal gücünə yol tapırıq...
7. Qapının dərin anlamı
Hər qapının bir övgüsü və öyküsü vardır. İnsanın özünü, çevrəsini qorumaq, fərqlilikləri ayırmaq və eyni zamanda birləşdirmək ehtiyacı nə qədər çoxdursa, övgü və öykü də o qədər çoxdur.
Məcazi və fiziki baxımdan insanoğlunun həyatında əvəzsiz bir simvol və funksiya olan qapı mövcud olmasaydı, onu yenidən yaratmaq lazım gələcəkdi.
İnsan təbiəti yeni aləmləri kəşf etməyə və özünü yeniləməyə meyillidir.
Doxsan doqquz bağlı qapı varsa, mütləq bir açıq qapı vardır - bu, insanoğlunun inancını, fitrətini göstərirr…
“Ədəbiyyat və incəsənət”
(10.01.2025)
“Vərəqlədim keçmişini illərin” deyən Firuzə Məmmədlinin bu gün 85 illik yubileyidir
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Yazıçılar Birliyinin üzvü Firuzə Məmmədlinin - qurumun ağbirçəyinin bu gün doğum günüdür, özü də elə-belə doğum günü deyil, yubileyidir - 85 illiyidir.
Birdən-birə nə düşmüşdü yadına,
Vərəqlədin keçmişini illərin?!
Saydın, seçdin, seçmələdin nə yaxşı
Əllisini, yetmişini illərin?!
Bu seçdiyin ürəyincə deyilsə,
Ələ gələn gərəyincə deyilsə,
Donluq olub, çörəyincə deyilsə,
Nə gəzirsən itmişini illərin?!
Nəyi vardı, xəlbirlədin, ələdin,
Acısını şirininə caladın.
Çağaydımı, - laylaladın, bələdin
Daha vaxtı ötmüşünü illərin.
Sözgəlişi dedim bunu, incimə,
Hövüllənmə savaşına, dincinə.
At zamanın sənə düşən küncünə
Gəlmişini, getmişini illərin?
Nə qədər ki, yerişində dirisən,
Canım-gözüm, beş adamdan birisən.
Çəkmə, çəkmə... Çəkəmməzsən geri sən
Ömrü talan etmişini illərin.
Eh, il vardı, vaxt əlində saz idin,
Bir sarışın, bir alagöz qız idin.
Gərək onda arayaydın, gəzəydin
Düzü əyri bitmişini illərin.
Karvan gedib, izi qalıb yollarda,
Zaman adda tozu qalıb yollarda,
Qaytar geri, gözü qalıb yollarda,
Qəfil yada düşmüşünü illərin.
Firuzə Məmmədli 1940-cı il yanvarın 10-da Xaçmaz rayonunun Canaxır kəndində dünyaya göz açmışdır. Orada Hülövlü kənd orta məktəbini gümüş medalla bitirəndən sonra 1963-cü ildə Quba şəhər tibb məktəbində təhsil almışdır. 1964-1968-ci illərdə APİ-nin dil və ədəbiyyat fakültəsini fərqləmə diplomu ilə başa vurmuşdur.
Kitabları:
1. Gümüşü damla.
2. Yoluma bahar düşüb.
3. Sənin ömrün.
4. Yetkinlik.
5. Bir qarış ucalıq
6. Bədii dilin estetik mənbələri (Dərs vəsaiti).
7. Məni mənlə bölən dünya.
8. “Seçilmiş əsərləri” I c.
9. “Seçilmiş əsərləri” II c.
10. “Seçilmiş əsərləri” III c.
6 adda tərcümə əsəri də daxil olmaqla 37 kitab müəllifidir. 1992-ci ildə Türkiyənin Bursa şəhərində keçirilən “Türkcənin Uluslararası Şeir Şöləninin” üç böyük mükafatından biri olan “Əlişir Nəvai” mükafatına layiq görülən şairə, sonrakı illərdə dəfələrlə belə festivalların və simpoziumların iştirakçısı olmuş, bir sıra diplom və sertifikatlarla mükafatlandırılmışdır.
2017-ci ildə Azərbaycan Respublika Mədəniyyət Nazirliyi tərəfindən “Qızıl kəlmə” mükafatı, 2019-cu ildə “Nəsimi” mükafatı, 2021-ci ildə III dərəcli “Əmək” ordeni ilə təltif olunub. Firuzə Məmmədli 5 monoqrafiyanın və çoxsaylı elmi və publisistik məqalənin müəllifidir.
O, 2008-ci ilin Prezident təqaüdçüsüdür. Firuzə Məmmədli hazırda AYB Həmkarlar İttifaqının sədridir.
Allah xeyirli ömür nəsib etsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(10.01.2025)
Millət vəkili Əlibala Məhərrəmzadə: “Afad Qurbanov kimi alimləri unutmağa haqqımız yoxdur”
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Elə şəxsiyyətlər var ki, onlar barədə nə qədər yazılsa da azdır, onlar öz adlarını tarixə yazmağı bacarıblar. Azərbaycanın görkəmli dilçi-alimi Afad Qurbanov kimi.
1929-cu il yanvarın 10-da Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) anadan olan Afad Qurbanovun bu gün anadan olmasının 96-cı ildönümüdür.
Afad Qurbanov barədə oxucularımızı məlumatlandırmaq üçün millət vəkili Əlibala Məhərrəmzadəyə müraciət etdik. Millət vəkili söylədi:
-XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olmuşdur. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olmuşdur.
Görkəmli dilçi-alim, əlifba islahatçısı, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Onomastika elmi məktəbinin banisi və mənim şəxsən çox yaxından tanıdığım işıqlı ziyalı olan Afad Qurbanovun təşəbbüsü ilə 1990-cı il 1 avqust tarixində Azərbaycan Əlifba Komissiyası yaradılmış və əlifba mütəxəssisi olduğu nəzərə alınaraq o, həmin komissiyanın sədri təyin edilmişdir.
Hazırda istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbası və Azərbaycan dilçiliyində onomalogiya onun adı ilə bağlıdır. Odur ki, bu görkəmli alimin xatirəsini şərəflə anırıq.
Oxucularımıza bildiririk ki, Afad Qurbanovun çox qiymətli elmi əsərlərdən ibarət irsi vardır. Bir siyahıya diqqət edək:
1. Dilçiliyin sistemi
2. Dilçiliyin tarixi
3. Müasir Azərbaycan ədəbi dili
4. Bədii mətnin linqvistik təhlili
5. Azərbaycan onomastikası
6. Azərbaycan dilinin onomalogiyası
7. Ümumi dilçilik, I–II cildlər
8. Dünyanın dil ailələri
Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Afad Qurbanov 26 sentyabr 2009-cu ildə vəfat edib. Allah rəhmət eləsin! Amin!
“Ədəbiyyat və incəsənət”
(10.01.2025)
ONU CANDAN USANDIRDILARMI? - 2-ci yazı
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Məhəmməd Füzuli Gündoğar (Şərq) poeziyasının bədii, fəlsəfi və mənəvi dərinliyini təcəssüm etdirən, ancaq eyni zamanda ondan qırağa çıxaraq, zamanüstü mövqe qazanan bəşəri bir sənətkardır. Onun yaradıcılığı yalnız öz dönəmində deyil, həm öncəsində, həm də sonrakı nəsillərin ədəbi-bədii dünyasında “qarşılaşmalar”, dialoqlar və “mübahisələr” doğurub. Bu yazıda Füzulidən öncə və sonra, onunla “qarşı-qarşıya” duran və ya onu yenidən kəşf etməyə çalışan ədəbi, bədii və ictimai düşüncə sahələrinin nümayəndələrini yığcam təhlilə cəlb etməyə çalışacağıq.
1.
Füzuli yaradıcılığının özünəxaslığı, Füzuli sənətkarlığının bəşəri, zamanüstü səciyyəsi danılmaz olsa da, Füzulinin özündən öncə yaşayıb-yaratmış Nizami Gəncəvi və İmadəddin Nəsimi irsinə bələd olduğunu da, eyni qətiyyətlə deyə bilirik. Əgər bir dahi özündən öncəki dahilərə bələdsə, bu, onunçün təsir kimi deyil, bəlkə, başqa cür ifadə etməyə çalışsaq, əsas kimi götürülə bilər. Elmdə hər dahinin öncəki dahiləri əsas alması kimi... Hətta, bir elmi-fəlsəfi yanaşma inkar olunsa və ondan daha universal elmi-fəlsəfi yanaşma ortaya qoyulsa da, öncəki dahilərin əsərləri öz əsaslığını, istinadgahlığını itirmir...
Nizami özünəxas təhkiyə və əxlaqi-fəlsəfi şeir üslubu ilə Füzuli üçün bir ədəbi məktəb olub. Bu təsirlər Füzulidə:
- Nizaminin eşq və məhəbbəti həm mənəvi, həm də ictimai məsuliyyət kontekstində təsvir etməsi, habelə, Gəncəli dahinin hekayə və mənzum fəlsəfi dialoqları yerinə, Füzulidə daxili “mən” ilə kainat arasında danışıq (monoloq) önplana çıxır.
Nəsimi isə Füzuli üçün daha çox poetik coşqu və mənəvi dərki “cəbr edən” bir irsin daşıyıcısı olub. Hürufilik fəlsəfəsinin yaratdığı “insan ilahi həqiqətin daşıyıcısıdır” düşüncəsi Füzuli poeziyasında belə şəkil alır:
“Eşqdir aləmdə hər nə var,
Elm bir qeylü-qal imiş ancaq”...
Füzuli burada həm Nəsiminin “insanın eşqlə bütövləşməsi” düşüncəsini davam etdirir, həm də onu daha təvazökar bir fəlsəfi çərçivəyə çəkir...
2.
Azərbaycan ədəbiyyatında erkən realizm ədəbi cərəyanının yaradıcısı olan Molla Pənah Vaqif Füzuliyanə “Dərviş ruhu”ndan uzaqlaşaraq, təbiətə, dünyəvi eşqə və gerçək insan obrazlarına yönəlib. Füzulinin mistik və dərin fəlsəfi obrazlarından fərqli olaraq Vaqifdə:
- “Canlı eşq” təbiətin gözəlliyində aydınlıq tapır;
- Mistik iztirab yox, dünyəvi ləzzət və reallıq tərənnüm edilir.
Mirzə Fətəli Axundov isə Füzuli ilə açıq düşüncə döyüşünə qalxan ilk ədiblərdən olub. Axundovun materialist-maarifçi baxışları ilə Füzulinin romantik-mənəvi dünyası arasında bir “uçurum” yaranıb. Axundov üçün Füzuli “Köhnə dünya”nı təmsil edən bir sima idi; bu, Füzulinin yaradıcılığını “təftiş edən” ilk cəhdlərdən biri olaraq ədəbi-fəlsəfi önəm daşısa da, necə deyərlər, “Quran” ayəsi, daha doğrusu, ədəbi-fəlsəfi ehkam deyil...
3.
Axundov cəhdlərindən Üzeyir bəy Hacıbəyli və XX yüzil sənətkarlarının cəhdlərinə – Füzulini çağdaş etmək cəhdlərinə keçid edək:
Üzeyir bəy Hacıbəyli “Leyli və Məcnun” operası ilə Füzulinin poetik dünyasını XX yüzilin çağdaş musiqi səhnəsinə gətirdi. Burada Füzuli poeziyası bir “klassik əfsanə”dən çıxıb, canlı və çağdaş sənət əsərinə çevrildi. Bu, yalnız bir musiqi əsəri deyildi – həm də klassik irsin çağdaş dövrə adaptasiyasının şah əsəri idi.
Cahangir Cahangirov və digər bəstəkarlar Füzuli yaradıcılığının emosional dərinliyini musiqi dilinə çevirərək, onun universal estetik gücünü bir daha sübut etdi.
4.
Ən yeni dönəmə keçid etsək, vurğulamalıyıq ki, ən yeni – müstəqil düşüncəli gənc nəslin Füzuliyə yalnız vurğunluğunu yox, bəzən tənqidi yanaşmalarını da görə bilərik. Yeni nəsil onun öz qəbir yerini imam məqbərəsinin kölgəsində görməsini sorğulayırmış kimi görünür; habelə, fatalizm və iztirab poeziyasını “dünyəvi həyatın inkarı” kimi qiymətləndirir...
Əlbəttə, bu “bağışlanmayan” məqamların özü də bir təzahürdür: Füzuli hələ də müzakirə edilir, təhlil olunur və bir canlı irs olaraq qalır...
5.
Bütün olumlu, olumsuz yanaşmalara baxmayaraq, Füzuli sənətkarlığı zamana meydan oxuyur. Onun poetik dünyası:
* Dilin vəhdət və sonsuzluq gücü;
* İnsan mənəviyyatının dərinlikləri;
* Eşq və iztirab fəlsəfəsinin bədii təcəssümü ilə hər dönəmdə “qala bürcü” kimi vüqarla ucalır.
Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərində vurğulandığı kimi, Füzulinin dili və üslubu Azərbaycan ədəbi dilinin formalaşmasında ən önəmli mərhələlərdən biridir.
Füzuli yaradıcılığına hər dönəmin öz baxışı olub – sevgi, tənqid, yenidən kəşf və ya “uzaqlaşma”... Amma bu münasibətlərin özü Füzuli yaradıcılığının bəşəri və ədəbi dəyərinin bariz sübutudur. Füzulinin poeziyası insanın varlıq, eşq və mənəviyyat axtarışlarının əbədi ifadəsidir. Füzuli, yalnız dünənin yox, bu günün və sabahın da şairidir.
Bayat boyundan olan ulu şair özü necə deyirdi? –
“Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı”?.
“Ədəbiyyat və incəsənət”
(10.01.2025)
Azərbaycanda erkən nikahların qarşısı alınmalıdır və alınacaq da!
ƏVVƏLKİ İLLƏRDƏ BU BARƏDƏ YAZMIŞDIQ – “Ədəbiyyat və incəsənət” portal 2022-ci ildə qaldırdığı və get-gedə daha da aktuallaşan bir problem təkrar xatırladır: ERKƏN NİKAHLAR BƏLASI!
Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzrlü səbəblər olduqda, nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilir. Niyə?
Zülfiyyə Quluyeva yazır
Azərbaycanda nikah yaşına dəyişiklik edilməsi gözlənilir. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin son iclasında gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatını təqdim edərkən deyib. B. Muradova bildirib ki, qanunvericilikdə nikah yaşı 18 qəbul edilməlidir: “Bəzən 17 yaşında olanlara ailə qurmağa icazə verilir, amma biz 18 yaşdan aşağı olanların ümumilikdə nikaha girməsinin qadağan edilməsinin tərəfdarıyıq”.
Komitə sədri bildirib ki, qanunvericilikdə nikah yaşı birmənalı 18 qəbul edilməli, heç bir istisna olmamalıdır: “Mən sizdən istisna halların aradan qaldırılması ilə bağlı dəstək istəyirəm. Bizdə erkən nikah ifadəsi var. Biz 17 yaşa tətbiq edilən istisna hallarını aradan qaldırsaq, erkən nikah ifadəsi dilimizdən çıxarılacaq”.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirir ki, nikah yaşının 18 yaş qəbul edilməsi qanunvericilikdə edilmiş mühüm doğru addımdır. Onun sözlərinə görə, qanunvericilikdə nikah yaşında istisnanın qeyd olunması erkən evliliklərə yol açır. Bununla belə K. Ağazadə nişanlanmaq üçün də yaş məhdudiyyətinin qoyulmasını təklif edir. Bildirir ki, valideynlər adətən nişan adı altında övladlarına toy edirlər: ” Qapısında toy çalınır, amma qızın anası deyir ki, nişandır. Ona görə də məktəb yaşlı qızların nişanlanmasının qarşısı alınmalıdır”.
K. Ağazadə bildirir ki, əksər valideynlər nikah yaşında istisnalardan sui-istifadə edirlər: “İndi nikah yaşı 18 olsa da 17 yaşda nikaha icazə verilir. Valideynlər isə uşağın anasının, atasının xəstə olduğunu bəhanə edib qanundakı istisnadan sui-istifadə edirlər. 18 yaşdan aşağı nikaha icazə vermək olmaz. Ana ağır xəstə olanda uşağın gələcəyini məhv etmək olar? Valideyn dünyasını dəyişdikdən sonra övladı daha ağır vəziyyətə düçar olacaqsa, valideyn o dünyada rahatlıq tapmayacaq. Bunu valideynlər arasında təbliğ etmək lazımdır”.
Birlik sədri deyir ki, valideyn məsuliyyəti də qanun çərçivəsində müəyyən edilməlidir. K. Ağazadə övladını erkən yaşda nişanlayan, evləndirən valideynlərə qarşı daha sərt tədbirlərin görülməli olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, nikahdan kənar uşaqların doğulması, boşanmalar əksər hallarda erkən nikahlarda qeydə alınır.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Monitorinq və təhlil şöbəsinin həkim-metodisti Afət Məmmədova isə qeyd edir ki, erkən yaşda ərə gedən qızlarda bir sıra doğuş patologiyaları yaranır. Onun sözlərinə görə, anemiya uşağın inkişafına yaxşı təsir göstərmir. Erkən yaşda ailə həyatı quran qızlarda hansısa səbəbdən olduğu bilinməsə də qan təzyiqi qalxır: “Normal doğuş 14 saat çəkir. Ləng doğuş isə daha uzun çəkir. Bu zaman qadının uşaqlıq əzələləri yığılır və uşaq doğulandan sonraq qadında çox təhlükəli qanaxma baş verə bilər”.
Mütəxəssis vurğulayır ki, hazırda rayonlarda erkən nikahlarla bağlı vəziyyət qənaətbəxşdir: “Erkən yaşda nikahlara daha çox Mərkəzi Aran, Dağlıq Şirvan zonasında, hətta Bakı və Abşeron kəndlərində və cənub zonasında rast gəlinir”.
A. Məmmədova qeyd edir ki, beynəlxalq təhlillər göstərir ki, 15-19 yaşlı qızlar arasında əsas ölüm səbəbi hamiləlikdir: “Təhlillərə görə, 18 yaşına qədər qızlarda ana ölümü hallarına əsasən erkən doğuş səbəb olur. 15 yaşından kiçik yaşda hamilə olanlarda bir sıra fəsadlar özünü göstərə, vaxtından əvvəl doğuşlar meydana gələ bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qadın üçün dünyaya uşaq gətirmək yaşı 18-35 yaş arasındadır”.
Xatırladaq ki, Ailə Məcəlləsində 10-cu maddə “Nikahın yaşı” adlanır. Həmin maddəyə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Onu da bildirək ki, Milli Məclisin ötən gün keçirilən iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı” müzakirə edilib. Sənəd barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məlumat verib. Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
“Ədəbiyyat və incəsənət”
(10.01.2025)
Məhkum qadının rekordu - ANAİB V Kitabqurdu Qadın Oxu Marafonunu yekunlaşdırdı
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Mütaliə edən insan artıq cəmiyyətin seçilmişi hesab edilir. Biz ictimai nəqliyyatda, park skamyalarında, iş yerlərində, auditoriyalarda əllərində bədii kitab olan şəxsləri görəndə onlara rəğbət hissimiz yaranır. O da var ki, kitab oxuyanlarla həbsxana kameralarında rastlaşasan.
4 saylı cəzaçəkmə müəssisəsində Ədliyyə Nazirliyi Penitensiar Xidməti, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” (ANAİB) və “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” ictimai birliklərinin təşkilatçılığı, “Amal” xeyriyyə təşkilatının sponsorluğu ilə həyata keçirilən “V Kitabqurdu Qadın Məhkumların Oxu Marafonu”nun mükafatlandırma mərasimi keçirildi.
Mükafatlandırma mərasimində ANAİB sədri Şəmil Sadiq, marafonun ideya müəllifi və rəhbəri Səbuhi Şahmursoy, “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri Firuzə İskəndərova, “Amal” xeyriyyə təşkilatının sədri Rüfət Mirzəyev, yazıçılar Varis, Rövşən Abdullaoğlu çıxış edib, layihənin əhəmiyyətindən söz açdılar. Çıxışçılar azadlıqdan məhrum edilmiş şəxslərin sosial adaptasiyasının və cəmiyyətə reinteqrasiyasının daha səmərəli təmin olunması baxımından bu kimi tədbirləri müsbət qiymətləndirdilər.
Bəs V Kitabqurdu Qadın Məhkumların Oxu Marafonu dedikdə nə başa düşülür? Qeyd edək ki, final mərhələsində qaliblərin müəyyənləşdirilməsi üçün 5 ay ərzində 10 nəşriyyatın hər birindən 1 kitab olmaqla, 10 kitab oxuyan 83 qadın məhkum oxuduqları mövzularla bağlı hazırlanmış sualları cavablandırmışdılar.
Yekunda ən yaxşı nəticə göstərənlər mükafatlandırıldılar.
İlk dörd yeri tutmuş qadınların hər birinə müvafiq olaraq 1500, 1000, 500 və 300 manat məbləğində pul mükafatı təqdim edildi. Həmin vəsait ANAİB tərəfindən onların şəxsi hesablarına köçürüldü.
Maraqlıdır ki, iştirakçılar maksimum 30 xal toplaya bilərdilər. Və 1-ci yeri tutan iştirakçı tam 29 xal topladı. ANAİB bu müsabiqəni müəllimlər, şagirdlər və digər kateqoriyadan olan insanlar arasında keçirmişdi, amma hələ heç kəs qalıb olan məhkum xanım qədər 29 xal toplaya bilməmişdi.
İnanılmaz nəticədir, deyilmi?
“Ədəbiyyat və incəsənət”
(10.01.2025)
“Div boyda arzuların cırtdan ayaqları var...” – NİGAR ARİFİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalının Gənçliyin poeziyası rubrikasında bu gün sizlərə Nigar Arifin şeirləri təqdim edilir.
Gecikmiş görüş
Bax belədir, əzizim,
Yol uzundur, zaman dar,
Hardan biləydik axı
Div boyda arzuların
cırtdan ayaqları var...
Xəyallar qura-qura
Ağlımız kəsmədi heç
arzular da gecikər,
birdən bizə çatammaz.
Bir gün şirin yuxular
daha yalan satammaz...
Böyüməyə tələsdik
uşaqlıq dura-dura
Nə gənclik yaşadıq ki,
özümüzü o dağdan
bu daşa vura-vura...
Bir vaxt fil qulağında,
oyandıq qəh-qəhəylə,
Elə bil dan söküldü
əlimizdə qədəhlə...
Boylandı arxamızca
yük dolu karusellər,
Gülümsədi uzaqdan,
Londonlar, Brüsellər...
Öyrəşdik uçaqlara,
Kim nə deyə bilər ki,
indi bu qoçaqlara?
Gəzdik bütün dünyanı,
Nə sən bezdin, nə də mən
O cırtdan ayaqların
ümidindən yapışdıq,
Gec olsa da neyləyək
əsas odur,ölmədik,
evvəl-axır tapışdıq...
Bəstəsi mən, sözü sən
Bir dənizə dönmüşəm,
Ləpəsi sətir-sətir.
Dalğaların altında,
Balıqlar yallı gedir.
Bir dənizə dönmüşəm,
Şeirimin sahilində.
Kövrəlib sərt qayalar,
Günəş tutur əlindən.
Bir dənizə dönmüşəm,
Göyün üzünə qaçır.
Gəmi boyda arzular,
Sinəmdə yelkən açır.
Bir dənizə dönmüşəm,
Dəniz bəbəklərində.
Çaxılıram daş-qaşa,
İncə biləklərində.
Bir dənizə dönmüşəm,
Saçları yosun-yosun.
Zaman dodaqlarında,
Dincəlir uzun-uzun.
Bir dənizə dönmüşəm,
Bu dənizin özü sən.
Oxuduğu nəğmənin,
Bəstəsi mən, sözü sən.
İçimdəki səs
Bir səs gəlsə uzaqdan,
çağırsa gedənləri...
Axtarıb tapsa bir-bir
gözümdən itənləri,
qəlbimdə susanları,
dilimdə bitənləri...
Bir səs gəlsə uzaqdan,
Gəlsə, lap yaxın olsa...
İllərin dostu kimi,
Könül yoldaşı kimi
Keçmiş qayğılarımdan
Təzə qayğılaradək
gəlib dadıma çatsa,
əl tutsa bacım kimi,
Əlim çatmayanlara,
uzansa ümidlərin
boyu qardaşım kimi,
Bir səs gəlsə uzaqdan,
Gəlsə, lap yaxın olsa,
Evimdə-eşiyimdə,
Xoş günlər keşiyində,
dayansa atam kimi.
Arzular beşiyimdə
həzin bir layla çalsa,
oxusa anam kimi...
Bir səs gəlsə uzaqdan,
gedənləri çağırsa,
Gedənlər eşitməsə,
gedənlər qayıtmasa,
Bu səs məni də alıb,
kaş özüylə aparsa...
Sən də mənim kimisən
Kaşlardan corab hördün,
günlərimin başına,
Bir ayağın ilişib
bəlkələrin daşına,
Gözlərimdən, əllərimdən sürüşüb,
vərəqlərin üstünə
söz-söz tökülən ömür..,
Ovcumun içində
qoca qırışlar kimi,
beli bükülən, ömür,
Sən də mənim kimisən...
sən də mənim kimisən,
Bir az cılız, balaca,
Əynimə geyindiyim,
bu köhnə pencəyimdə,
düymələrin yerindən
yersiz sökülən, ömür..,
Eh... Daha bir-birimizə
dar gəlirik dəyəsən,
Əl dayayıb ağaca,
dincəlmək istəyirsən,
Duz olub dizlərimə,
vaxtsız çəkilən ömür...
Ciblərimdə gizlənən,
beş qəpiklər kimisən,
Beş qəpik qalan, ömür,
Əlim sənlə doludu,
Saydım qəpiklərimi,
bir çörəyin puludu...
Indi sol yanımda
dərin bir nəfəs dərib,
az əvvəl yandırdığın siqaretin közünü
ayağınla əzirsən...
Dodağın yana qaçır,
Gülməkdən çox elə bil,
gülüşündən bezirsən,
başı dikələn ömür,
Bilirəm, düşünürsən:
"buna da şükür",
buna da şükür...
“Ədəbiyyat və incəsənət”
(10.01.2025)