Super User

Super User

Вторник, 03 Декабрь 2024 10:16

BİR SUAL, BİR CAVAB El Roman ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

El Roman bəy, Sizin üçün kimlər cahil adlanır?

 

CAVAB:

- Birmənalı olaraq, cahil allaha inanmayandır. Sən dinə, peyğəmbərə, kitaba inanmaya bilərsən, amma hansı məntiqlə allaha inanmayasan? Allah sözü xoşuna gəlmirsə, öz yaradanına özün ad qoy. Amma səni yaradanı inkar etmə. Bu biabırçılıqdır. Cahillikdir.

 

“Ədəbiyyat və incəsənət”

(03.12.2024)

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu dünya dahilərinin, səmavi  insanların və Azərbaycan mütəfəkkirlərinin on üç mindən çox kəlamlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən  yaranan incilər” adlı kitab kimi çapa hazırlayırlar.  Bu sayımızdan başlayaraq həmin kəlamlardan, aforizmlərlərdən seçmələri səhifələrimizdə çap edirik. İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaqsınız.

 

HÜMBƏT HƏSƏNOĞLU

 

Hümbət  Həsənoğlu - həkim, yazıçı, ictimai xadim.  “Tərəqqi” medallı.  Altı mindən çox aforizmlərin müəllifidir. Tükdilli xalqlar arasında ən çox aforizmlər yazan azərbaycanlı yazıçıdır.

 

- Yaxşı müəllimin baxışında qamçı, dilində alqış olar.

 

- “Yox”u sığallamaqla “hə” yə çevirmək olur.

 

- Qadın kişini qurban seçibsə, onun qiblənin istiqamətini aramaqdan savayı heç bir şansı olmur.

 

- Düz qılıncın əyri qınla dostluğu heç vaxt tutmaz.

 

- İnsan yaxşılığı pislik qədər yadında saxlaya bilsəydi, kədər ona heç vaxt yaxın gələ bilməzdi.

 

- Ağıl itirilə bilər, amma tapıla bilməz.

 

- Hər kəsdə yaxşı nəsə tapsan, həmişə yaxşı insanların əhatəsində yaşayacaqsan.

 

- Nəfəsinlə bir cüt soyuq  əli isidə bilmirsənsə, nəfəs almağın hədərdir.

 

- Sevgini həvəskar düşünüb, peşəkar kədəri yaradıb.

 

-  Valideynlərinə uşaqların qədər diqqət yetirirsənsə, deməli böyümüsən.

 

“Ədəbiyyat və incəsənət”

(03.12.2024)

Вторник, 03 Декабрь 2024 13:29

Kənddən şəhərə gələn Aysunun sərgüzəştləri

Amil Əhmədov İqtisad Universtitetinin 3cü kurs tələbəsi, həvəskar yazıçı - “Ədəbiyyat və incəsənət” üçün

 

Kənddən şəhərə gəldi Aysu. Bakıda özəl universitetlərdən birinə qəbul olmuşdu. Atasının kənddə toyuq ferması, 100-lərlə baş mal-qarası, qoyun-keçisi var idi. Aysunun az bal topladığın biləndə kişi heç pis olmadı, 5-6 inəyini satdı, özəl universitetə yerləşdirdi qızını.

Universitetin açılmasına 2 gün qalmış Aysu anası ilə şəhərə gəldi. Anasını güclə razı salaraq şəhərli qızlar kimi görünə biləcəyi dizi cırıq şalvar, müxtəlif rəng kroplar, aksesuarlar, bahalı makyaj şeyləri aldı. Sonra yaxınlıqdakı kontakt home-yə getdi, kreditə İphone-nin ən son modelini götürdü. Artıq universitetə getmək üçün tam hazır idi. Kitab-dəftər, qələm satan mağazalar onun gözünə heeeç görünmürdü, axı Universitet oxumaq üçün onlara gərək yox idi.

Bakıda dayısıgilin evində qalacaqdı. 

Qaldığı yerdən Universitetə taksi ilə 20 m yazırdı, nə qədər varlı olsa da taksiyə 20 m vermək istəmirdi, ona verdiyi pula yeni makyaj şeyləri almağı daha üsdün bilirdi. 

Metroya endi Aysu. Zaradan aldığı 75 m-lıq cırıqlı şalvarda, çəharayı kropda, üsdündən geyindiyi ağ gödəkçədə, dodaqlarını, böyük üzünü qüsursuz göstərən makyajda, qolundakı balaca çantası ilə metrodakı insanlardan çox fərqləndiyini və göz oxşadığını içdən içə düşünürdü. 

Əhmədlidə qatar dayandı, Aysu keçib oturmağa yer tapdı.

Qatardakı bütün gənc oğlanlar ona baxırdı,  ilk vaxtda narahat olsa da sonradan ona gözəl olduğu üçün baxıldığını düşünüb ac canavar kimi olan eqosunu doyuzdurdu. Gün ərzində eqosunu doyurmaq üçün yüzlərlə fürsət tapacağının fərqində idi. Çünki Azərbaycanın cinsəlliyin Afrikası olduğunu bilirdi. 

Universitetə getdi və Universitetin qapısında, həyətində, bufetində, hətta tualetində şəkillər çəkdirdi. Hələ ki rəfiqəsi yox idi, amma tapacaqdı. Qrupunda onun kimi "varlı" 2 qız daha var idi, onlarla gəzməyə başladı. 

 

*

Bu 3-lük hər gün bufetdə küncdə oturacaqdı. 

Digər qızların geyindiyi modası keçmiş paltarları, oğlanların onlarla tanış olmaq üçün haldan hala girməsini, müəllimlərin sözləri tələffüz formalarından danışıb məzələnəcəkdilər…

Həmin gün varlı rəfiqələri ilə birgə Unidən çıxdığı üçün onların yanında metroya getməyə utandı, taksi vurdu, evə gəldi. 

Universitetin ilk günü çəkdirdiyi şəkilləri vp statusa qoydu. Sadəcə 14 nəfər baxdı, onlar da qohumları idi. Babası Əlövsət kişi, nənəsi Pakizə xanımın onu tərifləməsi eqosunu doyuzdurmadı. Daha çox maraq görmək istəyirdi. 

Universitet tualetində möhtəşəm pozla çəkilmiş şəkilləri daha çox adam görməli idi. Tez instagramı yüklədi. Gözəl bir ad, pp şəkli, bioya 4/1 yazdıqdan sonra ilk şəklini paylaşdı. Axşama qədər artıq 100 takibçisi oldu. 10-15 dm mesajı da almışdı artıq. Kənddə özünə qarşı bu qədər maraq görməmişdi Aysu. 

Onunla tanış olmaq istəyən oğlanlar var idi, özünü Aygün Kazımova, Hadisə, Röya kimi hiss edirdi.

İlk başda onu takib edən oğlanları geri takib edirdi, sonra seçici oldu yaraşıqlı oğlanları takib etdi, soradan isə təkcə yaraşıq da bəs etmirdi ona, yaraşıqlı olmaqla bərabər oğlanın maşını da olmalı idi. Və beləliklə metroya verdiyi 50 qəpik də cibində qalardı, rəfiqələrinin yanından da maşınla ayrılmış olacaqdı. Az sonra tiktok-u yüklədi və bufetdə rəfiqələriylə çəkdiyi bir videonu paylaşdı, qısa müddətdə 1000 takibçi qazandı, canlı yayınlar açmağa başladı Aysu.

 

*

Universitet açılan 2 ay idi, qruplarında 1-2 qız qiymət ortalaması dərdi çəkirdi, Aysu isə tiktok-da paylaşdığı son videonun digərlərindən az izlənməsini dərd edirdi. Aysunun dərdi əlbəttə ki, daha böyük idi. 

Üstəlik, 2 ay ərzində artıq 4-cü sevgilisindən dünən ayrılmışdı. Əlbəttəki problem onda deyildi, oğlanlarda idi. Tez Threds yüklədi və "Bütün oğlanlar şərəfsizdir" deyə bir yazı paylaşdı. Threads-da biraz gəzdi, qızların kitab şəkili paylaşdığını və like aldığını gördü. Tez googleyə müraciət etdi və George Orwelin 1984 kitabının çox oxunduğunu gördü. O kitabı aldı, təmiz ağ masaya qoydu, kollokvium vaxtı rəfiqəsindən aldığı qələmlə əlaqəsiz 2 cümlənin altını xətlədi, kofesini bəzəkli fincana tökdü, kitabın sağ üst tərəfinə qoydu, artıq hərşey hazır idi. Şəkili çəkdi, paylaşdı, üstündən bu "Çox möhtəşəm kitabdır" yazdı və like-ları gözlədi. 

1-2 vərəq çevirib oxumağa çalışdı, heyvanlardan nəsə danışılırdı kitabda, amma başa düşmədi. Kitabı örtdü, rəfə qoydu. Bununla belə, bir neçə gün əlində o kitabla gəzməyi unutmadı. Axı bu, onu çox intellektual göstərirdi. 

Bəli o necə biri olduğu ilə deyil, başqalarına necə göründüyü ilə maraqlanırdı. Mənfi tərəflərini düzəltmək yerinə görünməsin deyə xalçanın - xalça dedikdə "moda" dedikləri şeyi nəzərdə tuturam - altına itələyirdi. 

 

*

Yeni il gəlirdi qabağda, qrup uşaqları ilə kiçik bir parti verəcəkdilər. Bu Aysu üçün çox böyük bir fürsət idi. Gözəlliyini hamıya göstərə biləcəkdi. Atasına xəbər göndərdi, 300 m kartına pul atıldı. Qara, dizindən 1 qarış yuxarı, kürəyi belinə qədər açıq bir paltar aldı. Ümumi 70 manata saç və dırnağını düzəltdirdi. 

Partidə onlara qulluq edən qısaboy, üzü sızaqlı, bığlı ofsiyant ona hərisliklə baxırdı. Aysu ona göz süzdürdü. Aysu namuslu bi qız idi, indiyə kimi 10-dan çox oğlanla flört eliyən Aysu deyildi o. Tiktok-da şir istəyən Aysu deyildi o. Bufetdə yaraşıqlı, musqullu oğlanların qarışısından keçəndə saçını-başını oynadıb cilvə edən Aysu deyildi o.

Ofsiyantın qarşısında namuslu idi o.

 

*

Aysu həyatını belə keçirdi.

 Unini bitirdikdən sora varlı - 30 yaşında bi oğlanla evləndi. Həmin oğlana özü üçün maşın aldırdı. Bir neçə il sonra ondan da boşandı. Həyatının sonuna kimi atasının kənddəki mülklərindən gələn gəlir hesabına yaşadı. 

Oxumadı Aysu. Tarix, din, fəlsəfə, riyaziyyatı bir zibil bilmədi Aysu. Həyatı boyu dodağının böyüklüyünə, yupkasının qısalığına görə "dəyər" gördü. 

 

*

Qocalığında artıq qısa geyinmək, dodağın pamadası onu insanlara sevdirmirdi. Başa düşdü ki, həyatını bir heç uğruna fəda etdi. 

Modanın, pulun köləsi olaraq həyatını bitirdi. Bir şey haqqında bilgili olmağın həzzini heç bir zaman dadmadı. 

Bilməyin verdiyi gücü hiss etmədi. 

Öləndə isə, ayıb olmasın deyə 4-5 nəfər gəldi, bozbaş yedi, çay içdi, 1-2 göz yaşı tökdü. Bununla da Aysunun dünyadakı işi bitdi.

Özünü xatırladacaq bir kitab, bir əsər, bir sənət qoymadan geddi. 

Əziz xanımlar, əgər Aysu kimi bir həyat yaşamaq istəyirsinizsə, mən kiməm ki, Sizə yol göstərim, buyurun, yaşayın, amma bu ölkənin Aysulara yox Sara Xatunlara, Salatım Əsgərovalara, Gültəkin Əsgərovalara, Kəmalə Məmmədovalara, Könül Qəhrəmanovalara ehtiyacı var. 

Unutmayaq ki, cəmiyyətin inkişafı və tərəqqisi qadınların elmi, psixoloji cəhətdən güclü olması ilə sıx əlaqədardır. 

 

“Ədəbiyyat və incəsənət”

(03.12.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Musa Ələkbərlidir. “Şairlik ən ali məqamdı, vallah” şeiri şair olmağın çətinliklərindən bəhs edir. 

“Zülmə, zülümkara boyun əyməsin” - bu, şairlərə bir öyüddür. 

Xoş mütaliələr!

 

Özü pay-piyada, sözləri atda,

Xəyalı dövr edir ən qəlbi qatda.

Zəhəri saxlamır dilinin altda,

Gülləyə atılan ilandı, vallah

Şairlik ən ali məqamdı, vallah!

 

Sirri qələmindən pünhan olmasa,

Vicdanı özünə zindan olmasa,

İçində mənəvi böhran olmasa,

Şair qeyri-adi adamdı, vallah,

Şairlik ən ali məqamdı, vallah!

 

İgid, ər təpəri duysa canında,

Kükrəyib çağlasa əgər anında,

Olsa həqiqətin, haqqın yanında,

İlhamı bir ayrı ihamdı, vallah,

Şairlik ən ali məgamdı vallah!

 

Anla ki, Tanrıdan gəlib bu elçi,

Fəda etməlidir canını elçün.

Haqqı söyləməkdə nə mizan, ölçü?!

Bu ğöylərdən gələn inamdı, vallah,

Şairlik ən ali məqamdı, vallah!

 

Zamana od vurur, dərdə qalanır

Ağrısı, göynəyi ərşə calanır.

Füzuli dediyi şair yalanı

Sevgidə bir dindi, imandı, vallah,

Şairlik ən ali məqamdı, vallah!

 

Zülmə, zülümkara boyun əyməsin,

Kökünü əskildib, soyun əyməsin,

O məğrur başını qoyun əyməsin,

Böyük amalıyla o, tamdı, vallah,

Şairlik ən ali məqamdı, vallah!

 

Tanrı peyğəmbərə verdiyi haqqı

Onunla bölürsə haqlıdı, haqdı.

Gəzək o şairi əli çıraqlı

Burda mənim sözüm tamamdı vallah,

Şairlik ən ali məqamdı vallah!!!

 

Ədəbiyyat və incəsənət”

(03.12. 2024)

Вторник, 03 Декабрь 2024 09:00

IV Şəki Beynəlxalq Teatr Festivalı davam edir

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

Xəbər verdiyimiz kimi IV Şəki Beynəlxalq Teatr Festivalı keçirilir. Festival barədə xəbərləri mütəmadi dərc edirik. İndi festivalın açılış mərasimi barədə bir qədər ətraflı xəbər vermək istəyirik. 

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasimindən əvvəl təşkilatçı qurumların rəsmiləri, tanınmış teatr və incəsənət xadimləri, qonaqlar, həmçinin, şəkili teatrsevərlər Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. 

Sonra tədbir iştirakçıları teatrın foyesində Azərbaycan teatrının keçdiyi tarixi yoldan bəhs edən sərgi ilə tanış olublar. Festivalla bağlı mətbuat konfransı keçirilib. Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, Şəkidə keçirilən teatr festivallarından bəhs edən videoçarx nümayiş etdirilib. Açılış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov festivalın şəhərin mədəni həyatı üçün çox vacib olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın qədim mədəniyyət və incəsənət mərkəzlərindən biri olan Şəki şəhəri beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün unikal məkandır.  Elxan Usubov bildirib ki, 1879-cu ildə Şəkidə ilk dəfə Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyası tamaşaya qoyulub. Görкəmli коmеdiyа ustаsı Sаbit Rəhmаnın аdı vеrilən teatr 1976-ci ildə rəsmi fəaliyyətə başlayıb. Həmin vaxtdan 48 il keçib və bu müddət ərzində teatrın səhnəsində Azərbaycan dramaturqlarının və dünya klassiklərinin 200-dən çox əsəri tamaşaya qoyulub.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, “Şəki teatrı” kitabının müəllifi İlham Rəhimli çıxış edərək, 145 illik tarixi olan Şəki teatrının keçdiyi şərəfli yola qısa nəzər salıb, kollektivin qazandığı uğurlardan danışıb.

Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunan festivalın açılış tamaşası Uilyam Şekspirin əsəri əsasında hazırlanmış, Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin rejissoru olduğu “Heç nədən hay-küy” tamaşası idi.  24 aktyorla nümayiş olunan tamaşa  tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Mübaliğəsiz demək olar ki,  tamaşanın yaradıcı heyəti, azı, 10 dəqiqə ayaqüstə alqışlandı. 

Uğurla başa çatan tamaşanın sonunda teatrın yaradıcı kollektivinə Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrın adından xatirə hədiyyələri və təltiflər təqdim olunub.

Uğurla davam edən festivalın ötəngünkü gündəliyi belə idi:

2 dekabr 2024-cü il saat 17:00-da  Azərbaycan Dövlət Akademik Musiqili Teatrı “Molla Nəsrəddinin beş arvadı” tamaşasıyla teatrsevərlərin görüşünə gəldi. Tamaşanın müəllifi İbrahim Sadıqov,  rejissoru Əsgər Əsgərovdur. 

Bugünkü və növbəti günlərdəki günədliyi isə belədir:

Dekabrın 3-də teatra gələnləri saat 17:00-da Qazaxıstan Respublikası Atındağı Vilayət Qazax Musiqili Dram Teatrının kollektivi qarşılayacaq. Onlar rejissor Sultan Srailovun   fəxrimiz Bəxtiyar Vahabzadənin əsəri əsasında  hazırlanmış “Göytürklər” tamaşasına baxacaqlar. 

Özbəkistan Respublikası Səmərqənd Vilayəti  Musiqili Dram Teatrı festivalda “Eşq vadisi”  tamaşası ilə çıxış edir. 4 dekabr 2024-cü il saat 17:00-da  nümayiş olunacaq tamaşanın müəllifi Əlişir Nəvai, rejissoru Şuxrat Sanaqulovdur. 

Teatrın  bağlanış mərasimi ayın 5-də saat 17:00-da baş tutacaq. Əziz Nesinin müəllifi olduğu “Toros canavarı” tamaşaçılara Gəncə Dövlət Milli Dram Teatrı tərəfindən təqdim olunacaq.  Tamaşanın rejissoru Kubilay Erdelikaradır. 

Ümid edirik ki, tamaşaçılar festival çərçivəsində  gözəl hisslər yaşayacaq,  xatirə sandıqlarına  rəngarəng “əmanət” qoyacaqlar. 

 

“Ədəbiyyat və incəsənət”

(03.12.2024)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Bir gün həyatımda yellər qopacaq,

Ömür öz tağından

salacaq məni

Neçə il üstündə gəzdiyim torpaq

Bir gün də qoynuna alacaq məni

 

Ötən gün tərcüməçi, publisist ölməz əsərləri ilə poeziyasevərlərin qəlbində daim yaşayan xalq şairi Məmməd Arazın anım günü idi.

 

Məmməd İnfil oğlu İbrahimov 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olmuşdur.

Orta təhsilini Şahbuz rayonunun Nursu kəndində alan şair hələ məktəbdə oxuyarkən 1945-ci ildə atası İnfil  "xalq düşməni" adı ilə Sibirə sürgün olunur. 

O, 1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olur.

Tələbəlik illərində yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edən şair ədəbi fəailiyyətə 1952-ci ildə “İnqilab və mədəniyyət” jurnalında dərc olunan  "Yanın, işıqlarım" şeiri ilə başlayır.  Yaradıcılığa Məmməd İbrahim adı ilə başlasa da daha sonra Azərbaycanı iki yerə bölən Araz çayının sahilləri onu çox düşündürdüyü üçün Araz adını özünə təxəllüs götürür.

O, 1954-cü ildə ali təhsilini başa vurub   doğma kəndindəki orta məktəbdə müəllim kimi fəaliyyət göstərməyə başlayıb.

1957-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanındakı Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsinə işə qəbul edilən şair xalq yazıçısı Əli Vəliyevin qayğısı ilə ədəbi mühitdə tanınmış və elə  həmin ildə “Üç oğul anası” poemasını ərsəyə gətirərək Azərbaycan Yazarlar Birliyinin üzvlüyünə daxil olmuşdur.

Məmməd Araz 1959-1961-ci illərdə təhsilini Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarında davam etdirmişdir.

Bakıya qayıtdıqdan sonra «Maarif» nəşriyyatında redaktor vəzifəsinə, 1963-cü ildə isə Azərbaycan Dövlət Nəşriyyatında Bədii Ədəbiyyat redaksiyasının müdiri vəzifəsinə təyin olunmuşdur.

1967-ci ildə "Ulduz" jurnalında məsul katib kimi fəaliyyətə başlayan Məmməd Araz 1971-ci ildən – 1981-ci ilə qədər Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik etmiş və milli şeirin  inkişafına, ədəbi  gəncliyin formalaşmasına xidmət göstərmişdir.

1974-cü ildə isə o, yeni nəşrə başlayan "Azərbaycan təbiəti" jurnalının baş redaktoru vəzifəsinə təyin edilmiş və ömrünün sonuna qədər orada işləmişdir.

Şair həmçinin uzun illər bədii tərcümə ilə də məşğul olmuş dünya xalqları ədəbiyyatından 195 şеir və 5 poеma tərcümə еdərək onları “Ocaq başında” adı ilə 1988-ci ildə kitab halında çap еtdirmişdir.

Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini görə Məmməd Araz 1978-ci ildə Əməkdar mədəniyyət işçisi,

1984-cü ildə Əməkdar incəsənət xadimi, 1991-ci ildə isə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülmüş, 1995-ci ildə Azərbaycanın ən yüksək mükafatı olan  "İstiqlal" ordeni ilə təltif olunmuşdur.

1993-cü ildən onun adına "Məmməd Araz" mükafatı təsis olunmuşdur.

Məmməd Araz 2004-ci il dekabr ayının 1-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(02.12.2024)

Понедельник, 02 Декабрь 2024 16:42

“Abid- ibadət edən deməkdir” - Abid Tahirlinin doğum gününə

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

69-u başa vurub 70-ə adladı. Uğura qənşər!..

 

Bəzən onu başa düşmək çətin olur, müzakirələrdə əks arqumentlərilə həmsöhbətlərini heyran edə bilir. Onu tanıyan hər kəs ilk olaraq insanlığına, ziyalılığına böyük hörmətlə yanaşır. Çünki hələ də saflığını itirməyib. Səmimi, təmkinli, mehribandır.

Dürüstlük onun üçün çox vacib bir məsələdir. Heç vaxt heç kimi aldatmır və aldanmağı da sevmir. Məcaranı, dinamikliyi xoşlayır. Nikbinliyi, məzmunlu mülahizələri ilə son dərəcə cazibədar görünür. Emosional cəhətdən tərbiyəli, ahəngdardır və geniş düşünməyi bacarır. Məhdudiyyətlərin, eləcə də qaydaların şərti olduğunu yaxşı anlayır. Bununla bərabər, düşüncələrinə çox bağlıdır. Bir sözlə, əməli, ideyası, əsərləri ilə fərqlənən, başqalarına örnək olan, yüksək mənəvi dəyərlərə, əxlaqi keyfiyyətlərə sahiblənən bir ziyalıdır...

 

Deyir ki:- “İnsanın ən böyük qüdrəti, möcüzəsi sözlə yaratdıqlarıdır...”

 

Söhbət Abid Həmid oğlu Tahirlidən gedir. O, 1955-ci ildə Qəbələ rayonunun Nohurqışlaq kəndində anadan olub. 1975-1980-ci illərdə ADU-nun jurnalistika fakültəsində ali təhsilə yiyələnib. 2015-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

1997-ci ildə MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda “Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı- mühacirətəqədərki dövr” mövzusunda namizədlik, 2006-cı ildə isə Bakı Dövlət Universitetində 1921-1991-ci illər üzrə “Azərbaycan mühacirət mətbuatında publisistika” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, flologiya elmləri doktorudur...

 

Yaradıcılığa orta məktəbdən başlayıb. IX sinifdə yazdığı “Sinoptiklər” hekayəsi ilə respublika yaradıcılıq müsabiqəsinin qalibi olub. 1975-cı ildən isə dövri mətbuatda çap olunur...

 

İnsanlarla münasibətdə sərbəst və səmimidir. Azadlığını son dərəcə sevir və bu sevgiyə əbədi sadiq qalacağına inanır. Ağıllı insanların yanında olmağı çox xoşlayır. Onunla dostluq etmək bir başqa aləmdir. Baş verən hadisələrə fərqli bir şəkildə baxmağı ondan öyrənə bilərsiniz və onunla dostluğunuz sizə ilham verəcək, həyatınıza rəng qatacaq...

 

Haqqında yazılan məqalələrin birində deyilir: “Abid- ibadət edən deməkdir. Abid Tahirli qələmi, sözü ilə ömrünü vətəninə, xalqına ibadətlə keçirib...”

 

Bəli, noyabrın 30-u Abid müəllimin 69 yaşı tamam oldu. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, firəvan həyat və yaradıcılıq uğurları arzulayırıq.

Çox yaşasın!.

 

“Ədəbiyyat və incəsənət”

(02.12.2024)

Понедельник, 02 Декабрь 2024 16:11

“Balaca, sarı pişik” - TƏLƏBƏ YAZILARI

Nigar Həsən-zadə, “Ədəbiyyat və incəsənət”

 

Salam, əziz oxucular. Bu gün sizə təqdim edəcəyim yazının müəllifi BDU Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi Fatimə Məmmədovadır. 

 

Biz insanıq. Dərdimizi bölüşə bilirik, gəzmək istədikdə gəzirik, acanda yemək alırıq, bişiririk. Biz insanıq, biz  hər şeyi bacara bilirik. Hər cür qəddarlığı da eləyə bilirik. Məsələn, heyvanlara qarşı qəddar davranırıq. Hətta bəzilərimiz olur ki, onların quyruğunu, ayağlarını kəsir, onların can verməsini izləyib həzz alır. 

Biz insanıq.Amma sadəcə adımız insandır.

Bizim ki, qəlbimiz heyvanların qəlbindən böyükdür, niyə onlar qədər yumşaq ürəkli deyilik, niyə  qəlbimizi kirlədirik? Niyə insan olduğumuza görə, Allaha şükür eləmirik ki?

Heyvanlar Allahın dilsiz qullarıdır. Onların da arasında təbii ki düşmənçilik olur. Amma  heyvanlar cənnətə və ya cəhənnəmə getmir. Bu da onu sübut edir ki,  heyvanlar bir-birlərini parçalasalar belə bu səhv deyil. Amma insanların öz anasına, atasına,  bacısına, qardaşına qıydığı bir dövrdəyik. Hətta heyvanlara.

Mən heyvanları hədsiz dərəcədə sevən biriyəm. Bəzən düşünürəm ki, kaş heyvanların da bizim kimi nitqi olardı. Kaş heyvanlar da ölümsüz olsaydılar. 

Heç vaxt bir hadisə yadımdan çıxmaz. 13 yaşım var idi . Bir gün həyətin qapısını  açanda sarı balaca pişik də mənimlə bir yerdə həyətə girdi. Mən o pişiyə sahibləndim. Onu mən böyütdüm. Bəzən xətrimə dəyiləndə ürəyimdəkiləri boşaltmaq üçün həyətə gedər və saatlarla pişiyi sığallayardım. Mən ağlayarkən o hiss edib yanıma gələrdi. Hər gün sarı pişiyimin şəkillərini çəkərdim. Yağış, qar yağanda    anamdan neçə saat xahiş edib onu evə gətirməyimi istəyirdim. Mən pişiyimi soyuqda görməyə dözə bilməzdim. Bir gün xəstələndi və getdi. Mən hər gün yolunu gözlədim. Çünki o, mənim dostum idi. 

Amma mənə sanki o ərəfədə birlikdə son günlərimiz imiş kimi gəlirdi. Sanki ürəyimə danmışdı. Elə də oldu. O getdi və bir də gəlmədi. Mən də özümə gələ bilmədim. Bəlkə kənardan baxdıqda heyvanlara bu qədər bağlı olmamalı olduğumuz deyiləcək. Amma o mənim yeganə  dostum idi. Onun qəlbi bəzi insanlardan yumşaq idi. Mən o pişiyi o qədər çox sevirdim ki, bir daha pişik saxlamamağa and içmişdim. Sanki ona xəyanət edəcəkmiş kimi hiss edirdim. 

Nə vaxt sarı pişik görürəmsə, gözlərim dolur. Hətta onun şəkillərinə baxanda bir küncə qısılıb ağlayıram. Bəzən yolda insanların heyvanlara qarşı pis rəftarını görürəm. Amma heç nə demirəm. Çünki o insanlar axirətdə həm o  heyvana, həm də Allaha cavab verəcək.

Heyvanların sadaqəti dünyada az insanda tapılar. Onlar  da bizim kimi danışmaq istəyir, onlar da istəyir ki, bu qəddar dünyada öz haqlarını müdafiə etsinlər. Mənim Hüquqşünasdan aldığım müsahibəmdə heyvan haqlarının qorunduğu bildirilmişdir. Mən anlaya bilmirəm. Heyvan haqları hansı dərəcədə qorunur ki , heyvanlar küçədə ya maşının altında qalır, və ya soyuqdan donmuş şəkildə qalır? Ya da cani bir 'insan'ın qurbanına çevrilir? Əgər heyvan haqları qorunsa idi, bunlar baş verməzdi. Heyvan haqlarının qorunması məgər budurmu?! Hansı heyvanı öldürən insana ağır cəza verildi?!

 

Həyatda hər şey ola bilər. Bir gün biz də  heyvanlar qədər çarəsiz ola bilərik. Yaşatdıqlarımızı yaşaya bilərik.

Unutmayaq.

 Karma var.

 

“Ədəbiyyat və incəsənət”

(02.12.2024)

Понедельник, 02 Декабрь 2024 15:40

Gülüş klubunda qarınqulu

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Deputat Siyavuş Novruzovun AzTV-də tənqid edilməsi parlamentariy və televiziya tariximizdə bir ilkdir.

Deyir, bu epizodu görüb bərk mütəəssir olan Siyavuş müəllim deyib:

-Sənə güvəndiyim yağlar, sənə də marqarin qatılarmış. 

 

2.

Surrealist şeir:

 

SOYadını söyləmədən

SOYkökünü gizləyərək

SOYuğu vecə almadan

SOYunubdur bu adam. 

 

SOYanı yığıb bostandan

SOYuducuya doldurub

SOYqırımı eləyir o. 

SOYdaşlarına qarşı. 

 

3.

-Bu gün çox məhsuldar bir gün oldu. Mən bol-bol məhsul yedim, - deyir Qarınqulu. 

 

4.

-Qorxma, çən səninləyım!

-Elə buna görə də qorxuram. 

 

5.

Optimistlə pessimistin fərqi. Optimist alpinistə dağa çıxan, pessimistsə dağdan enən deyir. 

 

“Ədəbiyyat və incəsənət”

(02.12.2024)

Понедельник, 02 Декабрь 2024 15:06

“Bir il də belə getdi…” - Elşad Baratın şeirləri

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Elşad Baratın şeirləri təqdim edilir.

 

Çatmır

 

Qəfildən sıxılıram,

Qəfildən havam çatmır.

Adam kimi ölməyə

Bir isti yuvam çatmır.

 

Çatmır əllərim göyə,

Çatmır dualarım da.

Bəlkə də yalnız Allah,

Çatmır dualarımda.

 

Nə deyirlər, desinlər,

Sərxoş, veyil-veyiləm,

Bu saat heç özüm də,

Öz vecimə deyiləm.

 

Sən hardan biləsən ki,

Hardan biləsən, Bəkir?

Şairlər hər şeirdə,

Doğuş sancısı çəkir.

 

Çəkir yerin üzündə

Göyün yükünü şair,

Ürəyi Vətən boyda,

Beli bükülü şair.

 

Nə olsun ziyalıdır,

Duyan yoxdu şairi,

İndi adam yerinə,

Qoyan yoxdu şairi.

 

Bir gün hamı verəcək,

Bələk haqqı, ağ haqqı,

Milyonçu əclaf canı,

Dilənçi uşaq haqqı.

 

Eləcə sıxılıram,

Qəfildən havam çatmır.

Mənim adam olmağa

Bir isti yuvam çatmır.

 

Tənha qadın

 

Bu qadın da tənhadır,

Əllərindən bilirəm.

Yanağında darıxan

Tellərindən bilirəm.

 

Bilirəm, gözlərinin

Dibinəcən darıxır.

Topuğunun yanından,

Qəlbinəcən darıxır.

 

Təhsili var, işi var,

Darıxmağdı peşəsi.

Onun ixtisasıdı

Tənhalığın yekəsi.

 

Bu qadının gecələr

Eləcə susmağı var.

Qəfildən hıçqırmağı,

Bərkdən ağlamağı var.

Bu qadın adamların,

İçində də tənhadır.

Yemək saatlarının

Üçündə də tənhadır.

 

Hopubdu tənhalığı

Gülüşünə, səsinə.

Həsrətdədi yatağı,

Bir kişi nəfəsinə.

 

O qadına deyin ki,

Mən də tənhayam indi.

Gəl apar əllərimi,

Ölənəcən sənindi.

 

İlin sonu

 

Bir il də belə getdi,

Bir il də dalda qaldı.

Arzular yetişmədi,

Arzular yolda qaldı.

 

Yenə də küməmizin

Pəncərəsi olmadı,

Yenə də qızlarıma,

Velosiped almadım.

 

Almadım anam üçün

Kəlağayı yenə də,

Almadım ki, ağappaq

Tellərini gizlədə.

 

Gizlənə də bilmədim

Payızından, qışından,

Anamın əllərindən,

Atamın baxışından.

 

Baxış-baxış utanıb,

Bir ili də böyüdüm.

Yalvardımsa nə qədər

Bar vermədi söyüdüm.

 

Bu söyüd şəhərindən

Nə bar gətirim evə?

Hər gecə əllərimdə

Qabar gətirdim evə.

 

Əllərimin qabarı,

Qızlarıma oyuncaq,

Bir tikə çörək yeyib,

Oynadılar doyunca.

 

İlahi, bu evimin

Başına çevir məni.

Qızlarımın anası

Hələ də sevir məni.

 

Ümidsiz qadın

 

Salam, ümidsiz qadın,

Kefin, halın necədir?

Yəqin ki, üşüyürsən,

Yaman soyuq gecədir.

 

Üşüyürmü əllərin,

Tənhalığın boyunca?

Qorxma, heç kim eşitməz,

Otur, ağla doyunca.

 

Boylan hərdən küçəyə,

Qoy sevinsin pəncərən,

Görsün buludlar səni,

Ağlasın səhərəcən.

 

Bilirəm ki, döyülməz

Qapın, narahat olma.

Yalançı ümidlərə

Tapın, narahat olma.

 

Hərdən də çıx şəhərə,

Özün üçün gəz, dolan.

Nə olsun yoxdur ərin,

Nə olsun yoxdur balan?!

 

Nə olsun gözlərində

Arzuların yeri var,

Bəlkə indi hardasa,

Səni sevən biri var?!

 

Bəlkə yoxdu sevənin,

Tamam unudulmusan,

Hamının yaddaşında

Yuxu kimi qalmısan.

 

Eybi yox, zaman gələr,

Bir gün yada düşərik,

Yeri get, tənha qadın,

Öləndə görüşərik...

 

Dənizi başıma çəkirəm

 

Bilirəm, hardasa düz eləmirəm,

Bilirəm, mənim də günahlarım var.

Bəlkə də sonuncu axşamçağımdı,

Bəlkə də bir sürü sabahlarım var.

 

Neynirəm bu saxta ləpələnməyi?

Balıqçı quşların səsi bezdirir,

Hər kəsin əlində bircə ömür var,

Hamı ehtiyatda ölüm gəzdirir.

 

Sən gələn yollara etibarım yox,

Gözümü badəyə dikirəm indi.

Sənin sağlığına ayağa qalxıb,

Dənizi başıma çəkirəm indi.

 

Dəniz qoynu

 

Yenə dəniz qoynu, yenə ikimiz,

Sinəm şeir dolu kitab kimidir.

Yenə də sərxoşam bircə öpüşə,

Baxışın yüz illik şərab kimidir.

 

Niyə gecikmişik bir-birimizə?

Bizi görüşmədən ayırıb yollar.

Günəş sənsiz çıxıb, ay sənsiz doğub.

Gör, sənsiz nə qədər gecələrim var.

 

Gətir qollarını dola boynuma,

Ay üzün çevirsin, dəniz kar olsun.

Bu gecə sevişək səhərə qədər,

Nigah şahidimiz balıqlar olsun.

 

Görüşərik

 

Dayan, səni bağrıma

Basım, sonra gedərsən.

Qollarımı boynuna

Asım, sonra gedərsən.

 

Gedərsən, gedişinlə,

Dağılarsan hər yana,

Onsuz da hamı gedir,

Darıxdığı ünvana.

 

Hamı kimi gedərsən,

Düşmərəm yadına da,

Bilməzsən ki, səninçün

Gülümsədim yollara,

Dilənçi qadına da.

 

Gedirsənsə son dəfə

Gözümü bağla, çıx get,

Saçlarının ətrini

Sədəqə saxla, çıx get.

 

Yox, belə getmək olmaz,

Bu gediş harda vardı?

Bu gediş ayrılıqdı,

Bu gediş intihardı.

 

Nə isə, bu gedişlə,

Çətin yada düşərik.

Bu gecə həsrətindən

Ölməsəm, görüşərik.

 

Gedirəm 

 

Gedirəm bu şəhərdən,

Elə indi, bu saat.

Məni saxlaya bilməz

Nə doğmalar, nə həyat.

 

Bu şəhərdən uzaqda

Darıxacam, bilirəm,

Bilə-bilə alnımın

Yazısını silirəm,

Gedirəm bu şəhərdən.

 

Bu şəhərdə küçələr

Üzümüzə gülmədi,

Küçələri keçənlər

Bir də geri gəlmədi,

Bu şəhər şəhər oldu,

Vətən ola bilmədi.

 

Bilmədi adamların

Qiymətini bu şəhər,

İtirdikcə itirdi

Hörmətini bu şəhər.

Gedirəm bu şəhərdən

Elə indi, bu saat.

 

Özümdən sökülürəm,

Naxış-naxış gedirəm,

Yağış-yağış yuyulub,

Qarış-qarış gedirəm,

Gedirəm bu şəhərdən.

 

Eh... məni bu şəhərdə

Saxlayan heç nə yoxdur,

Ruhumu bu şəhərə

Bağlayan heç nə yoxdur.

Gedirəm bu şəhərdən

Elə indi, bu saat.

Sağ ol, xatirələrim.

...Hələlik, sağ-salamat.

 

“Ədəbiyyat və incəsənət”

(02.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.