Super User
“Tale” deyib çəpərlədin ömrümü… - ŞƏFA VƏLİNİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalı yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdirir. Bu gün növbə Şəfa Vəlinindir.
***
Sonra baxdım, pəncərəmə qar düşür,
Dam altında iki pişik bürüşür,
Armud ağacında "mak-mak" oynayan
Sərçəcik hamıdan betər üşüyür...
...mən demədim dərdimi təbiətə...
Sonra baxdım, qarda xatirə qalıb,
Üzülən də, sevinən də tapılıb...
Oxuduğum son xəbər məhz beləydi:
"asfalt üstə çılpaq körpə atılıb..."
...mən demədim dərdimi təbiətə...
Sonra baxdım, yollarda sürüşən çox,
Ürəkdən qovulan, gözdən düşən çox...
Getdilər... Getməyə yeri olanlar...
Qaldı dərdəcərlər... Dərddə bişən çox...
...mən demədim dərdimi təbiətə...
Sonra baxdım...
Sonraya saxladığım
Bütün “əlvida”lar ömür sandığım,
ağzının kilidi həyam, abırım...
... Əvvəldə ölmüşdü “bəxtdən” umduğum...
...məni dinləməyə üzü gəlmədi
Təbiət Ananın, Tanrı Atanın...
***
“Uç-uç baba” uçurmağa bir ümid,
Zəzzəquma üfürməyə nəfəs qalmadı...
Azaldı ölçülər,
Pozuldu qafiyələr:
“Tanrı” dediyimiz də unuda bilərmiş
Ən gözəl əsərini...
“Uç-uç baba” axtarmağa bir ümid,
Tulça turşusu qoymağa həvəs qalmadı...
...şeirlər duyulmadı,
Hekayələr oxunmadı:
“Tanrı” dediyimiz də ovuda bilirmiş
Əsərindən incimiş ürəyini...
Qışdı...
Yanvardı...
Gündü...
Bayaq çıxdım həyətə...
... “uç-uç baba” tapammadım...
Zəzzəqumanın qaralmış yarpağına
Bir ovuc qar yayxanıb...
Qara da qıyammadım...
... Bizik...
Etdiyimizdi...
Etmədiyimizdi...
Başından sonunadək qaçdığımız ömrün
günahkarı da, xilaskarı da
“Tanrı” dediyimizdi...
***
Şəkinin dumanı nazlanır axı,
Çəkir ürəyimi pişik dalaşı,
Qonşuda söz qalıb: qapıarası,
Qızların göyçəyi piyada gəzmir,
Naza həsrət daşlar küçə həyası...
İndi necə edim, nə deyim ki mən,
Olmayım dumanda nazdan narazı?
Şüşədən rübəndlər dəbə düşəndən,
Gizlənir eyvanlar pərdə dalında...
...Yaman çəkinirəm qara pişikdən
Pusur hənirimi qapı dalında...
Nazın çəkmədiyim boz pişiklərin
“ah” qoxur küsəyən mırıltıları...
Şəkinin dumanı nazlanır axı...
Bir naz da mən atdım xatirələrə,
Bu gün də yadıma salmadım səni...
...Nə eyvan, nə də ki pişik deyiləm,
Qatım abrıma, aldadım səni...
Mənimki, uzağı, bircə tumardı,
Çəkəsən ruhuma, dönəm olam mum...
...bilirəm...
Bilirəm, gözəl axtaran,
Şəkidə eyvan da, qara pişik də,
Bu daşlı yollarda ölən ümid də,
Lap elə Şəkinin özü də məsum...
...Bir mən günahkaram...
Bir də ayrılıq...
Şəkinin dumanı nazlanır axı...
***
Ay qırmızı papaqlı,
Ay hamıdan küsən qız...
Əlləri umacaqlı,
Boy-buxunu süsən qız...
Yenə kimə inandın?
Aldadan tapıldımı?
“Dağ haqqı”ydımı andın,
Dağlarda haqq qaldımı?
Yazdığın “son mesaj”la
Hansı qarğış yol aldı?
Bir sərçə qayğısıyla
Keçmədiyin yol qaldı?
Ay qırmızı papaqlı,
Saçı daraqtanımaz...
Eşqi “başı qapazlı”,
Arzuları gülaçmaz...
Ömrün önündən çəkil,
Nə olacaq, olacaq...
İkimizdən bir şəkil,
Bir xatirə qalacaq...
Aç saçını, tök üzə,
Qocalmaqdan da qorxma...
Bir bayatı çək bizə,
Və də eşqdən oxuma...
***
“Tale” deyib çəpərlədin ömrümü,
Çıl-çırpını qıra-qıra gəlirəm...
Kül qalmayıb ocağımda tökməyə,
Başı daşa vura-vura gəlirəm...
“Ah”larımla uçurtduğum “evlər”i
Vicdanımla hörə-hörə gəlirəm;
Mən səninçün darıxıram, İlahi...
Əminsən, ömürdü mənə verdiyin?
Yaşamağı öyrətməyi unutdun...
İki gilə göz yaşıymış ümidim,
Adına əkdiyim gülü qurutdun...
Gedən-gedənədir xatirələrdən,
“Dost payı” dediyin çayı soyutdun;
O pay üçün darıxıram, İlahi...
Qaçqın düşdüm bələyimdə, bilirsən,
Beşiyimi yada verdin... Öz işin...
Bir noyabr sazağında buzladı,
Canım oldu qar havası-əl işin...
Ağrı-ağrı, sancı-sancı doğulan
Şeirim də, hekayəm də söz işin;
Susmağınçün darıxıram, İlahi...
Mən səninçün darıxıram, İlahi...
“Ədəbiyyat və incəsənət”
(03.12.2024)
Böyük Stradivarinin müəllimi, Əlillər Günü, Animatorların bayramı...
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bü günə olan əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
Beynəlxalq Əlillər Günü
1992-ci ildə Rusiya Federasiyasının təşəbbüsü ilə BMT-nin Baş Məclisində dekabr ayının 3-nün Əlillər Günü kimi qeyd olunmasıyla bağlı qərar qəbul edilib. Hər il keçirilən Beynəlxalq Əlillər Günü əlillərin ehtiyaclarını başa düşmək və məhdud imkanlara malik olan insanların ləyaqət, hüquq və rifahına dəstəyi irəli çəkmək və həmçinin, məhdud imkanlı insanların siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsinə çalışmaq əsas meyar hesab olunur. Dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır.
Ölkəmizdə bu ilin əvvəli üçün 600 min nəfərə yaxın əlil, o cümlədən 72 min sağlamlıq imkanları məhdud uşaq var idi. Amma əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev cənabları bu sayın xeyli azalması uğrunda məqsədyönlü fəaliyyətə başladığından, bu rəqəmin ciddi itkiyə məruz qaldığı istisna deyil.
Ümumdünya kompüter qrafikası, dizaynerlər və animatorlar günü
“Evans & Sutherland” adlı ilk kompüter qrafikası ilə məşğul olan şirkəti hələ uzaq 1968-ci ildə yaratmışdılar. Onun yaradıcısı Amerika alimi Ayven Sazerlend idi. O, həm də internetin pioneri hesab edilir. 1984-cü ildə stereolitoqrafiya metodunun kəşfi ilə 3D çap üsulu da ram edildi. Sonradan bu üsul kompüterlərə də aid edildi. Bu gün kompüter qrafikası sahəsində Dell, İntel, Adobe, Vidia kimi öncüllər liderlik edirlər. Əgər sizin tanış dizaynerləriniz, tanış 3 D mütəxəssisləri varsa heç də pis olmaz ki onları təbrik edəsiniz.
“Öz əlinlə hədiyyə düzəlt” günü
Uşaqlar bağçada rəngli kağız və kartondan hədiyyələr düzəldirlər, bu hədiyyələri böyüklər məmnuniyyətlə qəbul edirlər, bu öz yerində. Amma bu bayram həm də böyüklər üçün nəzərdə tutulur. İndi bir məni agah edin görək, biz öz əlimizlə nə hədiyyə düzəldə bilərik və tutalım, səkkiz martda xanımlar üçün vatman kağıza yapışdırdığımız gül rəsmini xanımlar başımıza vurmazlarmı.
Böyük Stradivarinin müəllimi
1989-cu ilin bu günündə Mixail Qorbaçovla Corc Buş SSRİ ilə ABŞ arasındakı soyuq müharibənin rəsmən bitdiyini elan etdilər. 1984-cü ildə ən böyük sənaye qəzalarından biri Hindistanda baş verdi, Bxopal kimya kombinatından zəhərli qazın sızması nəticəsində 2000 insan öldü, 20000 insan kor oldu. 1979-cu ildə İranda yeni konstitusiya qəbul edildi, cəmiyyətin islamlaşması, şəriət məhkəməsi, qadınların zorən çadra taxması qəbul edildi. 1973-cü ildə amerikalılar ilk dəfə Yupiter planetinə uçdular. 1959-cu ildə ruslar “Lenin” adında ilk atom sualtı gəmi istehsal etdilər. 1910-cu ildə Parisdə ilk leon lampası nümayiş olundu. 1894-cü ildə “Dəfinələr adası” romanının müəllifi, şotland yazıçı Robert Stivenson dünyasını dəyişdi. 1775-ci ildə ilk dəfə ABŞ-da hazırkı ulduzlu xətt-xətt bayraq ucaldıldı. Və ən nəhayət, 1596-cı ildə italyan skripkaçı, Antonio Stradivarinin müəllimi Nikolo Amati dünyaya gəldi.
“Ədəbiyyat və incəsənət”
(03.12.2024)
Şeir gecələri kapuçino dadındadır – KATARİNA SARİC
Ümid Nəccari, “Ədəbiyyat və incəsənət” üçün
Monteneqrolu Katarina Saric Nikšić Universitetində Fəlsəfə və Cənubi Slavyan ədəbiyyatı üzrə təhsil alaraq Podqoritsada sosial siyasət üzrə magistr dərəcəsini tamamlayıb. Sosial kontekstdə şeir və nəsr yazır.Çoxsaylı antologiyalarda və böyük ədəbi saytlarda təmsil olunan müəllifdir.Onun şeirləri və nəsri haqqında xeyli elmi əsərlər yazılıb.
Əsərləri bir çox mükafatlara layiq görülüb, yeddi dilə tərcümə edilib. Katarina Saricin şeirləri heç vaxt döyüş meydanını tərk etməyən və düşüncələri uğrunda mübarizə aparan cəsur bir qadının səsidir. Onun poetik görüşləri zaman-zaman böyük feminist şairlərin poetikasından keçir.O, sözün həqiqi mənasında, qadının iç dünyasını detallarına qədər oxucuya çatdırır.
Katarina Saricin bir neçə şeirini dilimizə çevirərək “Ədəbiyyat və incəsənət” portalı vasitəsi ilə şeirsevərlərə ərməğan edirəm. Bu şeirlərin bəzən abstrakt fikirləri, düşüncə ziddiyyəti ilə oxucunu yüklədiyi duyulsa belə, əslində onlar, gerçəkdən, sirli-sehirli, bir qədər də metafizik abu-hava yaradır, oxucunu düşündürərək hardasa bu yaranmış mənzərənin bir parçasına çevirir.
ŞƏKƏR YAĞMURU
Mənə mesaj olaraq bir mətnlə yaxınlaşmayacaqsan, Şəkər!
Haralıyam, peşəm nədir kimi bir sualla…
Çox tez hiss edəcəksən
Danışıq dilindən dəhşətə düşdüyümü,
Hazır formulların ürəyimi bulandırdığını,
Mart ayında doğulduğumu,
Və mavi rəngi sevdiyimi.
Dağınıq bir “Vikinq” sıçrayışında
mənə tərəf qaçacaqsan
Artıq rezerv edilmiş bir park kimi,
Baş ağrısından işgəncə almış kimi.
Bazar günü olacaq və həssas dərim üçün
Krem aldığım aptek işləməyəcək.
Evlənməyəcəksən, boşanmayacaqsan,
Ya da qarmaqarışıq bir münasibət içində olmayacaqsan.
Sadəcə palçıq içindən keçənlər kimi yorulacaqsan.
Yağmur yağacaq,
Və hər zamanki kimi çətirim olmayacaq.
Hind Okeanında bir tısbağaya toxunduğunu danışacaqsan.
Qürur və ya utanc hissi?
Sənə sunami qayalarının altından topladığım
mərcan rəngli dırnaqları göstərəcəyəm
Seylon sahilləri yox olduğunda.
Məni arxa daxmaya aparacaqsan,
romlu bir çay üçün ən yaxın restorana.
və mənə yol boyu dostluqlarından danışacaqsan.
Siləcək səsi duyulacaq,
dumanlı şüşəyə üfürəcəyəm,
yol xəritəsini cıracaqsan,
Zirehli evim şüşədən düzəldilmiş kimi dağılacaq.
Kirpiklərinin üzərindən keçəcəyəm,
tikanlı məftil arasından
və bir qaranquş gedişi ilə gözünün dibinə dalacağam.
Köhnə video cihazında "Kəpənək"i
milyon dəfə geri çəkdiyimi biləcəksən,
azadlığa uçmağı xəyal etdiyimi belə...
Cibindən bir torba qızılı rəngdə tütün çıxaracaqsan,
büküb bütün qorxularımızı
çəkəcəyik havalı arzularımızı,
mavi tüstülərdən keçəcəyik.
Və külün içində bir çiçək əkəcəyik,
yağmur yağacaq
su kimi böyüyəcək çiçəyimiz
FLAŞ
Günortadan sonra yağışa dözə bilmirəm,
caza və keçmişə dönməyə dözə bilmədiyim kimi.
Geriyə dönüb baxdığımda
günəşin qürubunda maşın sürməyimiz,
siqareti uçuşda bitirməyimiz görünür.
Dadsız saqqıza dözə bilmirəm,
çiyələk və balonların partlaması
məhdudiyyətsiz bu şirin zarafat.
Dördyolda ayaqlarımı sığallayıram,
başımı pəncərədən çıxarıram,
külək saçlarımı yelləyir,
dözə bilmirəm
musiqi qutuları üçün yol kənarındakı gözyaşlarına.
Şeir gecələri kapuçino dadındadır
hər yeni sevdiklərimi məhv edən yaralar
Ya da uzaq məsafəli sevgilərə bənzər kimi...
Hər körpünü yandıran bu lənətlənmiş zəifliyə
dözə bilmirəm,
amma davranışları
əbəs məni məsumluğumda tənha buraxır.
Sonsuza qədər açıq olan bir yaranın üstünə
palçıq vurur,
mənə yenidən acı verir
məni öldürmək əvəzinə.
Yağışa dözə bilmirəm,
caz səsinə də,
fasiləsiz olaraq daima bu dəyişməz hislərə...
Məbədlərdə partlayışlar kimi
və yolun yanmış qoxusu
həmişə o dəyişməz küllərdən gəlir.
FOTO
- Bu həyatın fotosunu sənə buraxıram
bir çanta dolu qəhvə,
sobada albalı dadında tort,
və o ayaqqabılar - ad günüm üçün hədiyyən
(bir ölçü böyük).
Uydurulmuş hay-küylər...
şəhərkənarı yataqxanalarda
bu həftə sənin üçün planlaşdırılır
(və kağız qırıntıları).
Bu gün tərk edildim,
küləklərə ürək verdim,
öldürücü gözündən
retuşlaşmış gerçəkliyimi alıram.
Unudulmuş əlyazması
və son uğursuz gəlişim,
məndən sənə və geri.
(Məntiq anlamından gerçəklik anlamına).
Bütün görmədiklərini sənə buraxıram
barmaqlarına sıxılmış klaviatura düymələri,
ikinci dərəcəli modelləşdirilmiş gerçəklik.
Gözəl bir dizaynda buludların köpüyü,
sənin dəyişən eqon,
Paralel kainatın yaradıcısı,
bu virtual yer və göy üzü.
Mən səni tərk edirəm.
Təqlid etmirəm.
Heç vaxt təqlid etmirəm.
Və etmərəm.
“Ədəbiyyat və incəsənət”
(03.12.2024)
Sosial şəbəkələrdə "dost" tapır, real həyatda özümüzü daha təcrid olunmuş hiss edirik
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Texnologiyanın təsiri: insanlığın ruhu və rəqəmsal asılılıq:
Müasir dövr texnologiyanın həyatımızın hər sahəsinə nüfuz etdiyi bir dövrdür. İnternet, sosial media, süni intellekt və ağıllı cihazlar insanlığı yeni bir mərhələyə daşıyıb. Bu, bir tərəfdən böyük imkanlar yaradıb, digər tərəfdən isə ciddi problemləri ortaya çıxarıb. İnsanlar indi zaman və məkan sərhədlərini aşaraq ünsiyyət qurur, məlumat əldə edir və həyatlarını təşkil edir. Amma eyni zamanda texnologiya ilə bu qədər iç-içə olmaq insan ruhunu, mənəvi dəyərləri və cəmiyyətlərin təməl quruluşunu necə təsir edir?
Rəqəmsal dünya: həyat asanlaşır, amma nə başverir?
Texnologiyanın həyatımızı asanlaşdırdığı faktdır. Ağıllı telefonlar vasitəsilə gündəlik işlərimizi idarə edir, sosial şəbəkələrdə dünyanın hər yerindən insanlarla əlaqə saxlayırıq. Amma bu asanlıq bizə həqiqətən xidmət edir, yoxsa bizi məhdudlaşdırır? Həyatın təbii ritmini rəqəmsal ekrana dəyişmək, sanki virtual dünyada yaşamaq insanın emosional və psixoloji sağlamlığına ciddi təsir göstərir.
Gəlin etiraf edək: bir çoxumuz sosial mediada "like" sayı ilə öz dəyərimizi ölçməyə başlamışıq. Virtual əlaqələr real insan münasibətlərini arxa plana keçirib. Şəxsiyyətlərarası ünsiyyət azaldıqca, tənhalıq hissi artır. Müasir insan sosial şəbəkələrdə "dost" tapır, amma real həyatda özünü daha təcrid olunmuş hiss edir.
Süni intellekt və insanlıq: kim kimə xidmət edir?
Süni intellekt hər sahədə inqilab yaradır. O, tibdə, təhsildə, sənayedə və digər sahələrdə inanılmaz nailiyyətlərə səbəb olur. Amma bu inkişaf bəzən qorxu doğurur. İnsanların iş yerləri robotlarla əvəz olunur, qərarların alınmasında maşınlar daha çox rol oynayır. Süni intellekt insan düşüncəsini geridə qoyarsa, biz kim olacağıq?
Cavabı sualı kimi tərəddüdlü suallar da gündəmə gəlir: Maşınlar bizdən daha ağıllı ola bilərmi? Süni intellekt insanın yaradıcılığını, empatiyasını və mənəvi gücünü əvəz edə bilərmi? Biz texnologiyanın yaradıcılarıyıq, yoxsa onun idarə etdiyi varlıqlara çevrilirik?
Eko-texnologiya və planetimizin gələcəyi:
Müasir dünyanın ən aktual problemlərindən biri də ətrafmühit məsələləridir. Texnologiyanın inkişafı ekoloji böhranları dərinləşdirib. Planetin resursları sürətlə tükənir, iqlim dəyişikliyi isə bütün insanlığı təhdid edir. Amma texnologiya burada həm problem, həm də həll yolu ola bilər.
Eko-texnologiyalar bərpa olunan enerji mənbələri və“yaşıl” infrastruktur planetimizi xilas etmək üçün əsas addımlardır. İnsanlıq bu texnologiyalardan düzgü nistifadə edərsə, gələcək nəsillər üçün daha sağlam bir dünya qurmaq mümkündür. Amma sual qalır: texnologiya ətraf mühiti qorumağa xidmət edəcəkmi, yoxsa yalnız iqtisadi mənfəət məqsədi ilə istifadə ediləcək?
Ruhaniyyət və texnologiya: tarazlıq necə tapılacaq?
Müasir dövrdə əsas çağırış texnologiya ilə insanlığın mənəvi dəyərləri arasında tarazlıq yaratmaqdır. Texnologiya həyatımızı asanlaşdırmalı, amma ruhumuzun dərinliyini məhv etməməlidir. İnsan olmaq yalnız ağıllı cihazlar istifadə etmək deyil, həm də hiss etmək, sevgi bəsləmək, ətrafımızdakı gözəlliyi qiymətləndirməkdir.
Beləliklə, sual yaranır: biz texnologiyadan istifadə edərək insanlığı daha da yüksəldəcəyik, yoxsa insanlığı texnologiyanın idarəsinə təslim edəcəyik? Bu sualın cavabı gələcəyimizin taleyini müəyyən edəcək.
Nəticə.
Texnologiya bir vasitədir, məqsəd deyil. O, insanlara xidmət etməli, onları idarə etməməlidir. Müasir dövrün ən böyük vəzifəsi bu vasitəni balanslı şəkildə istifadə edərək insan ruhunun, mənəvi dəyərlərin və planetimizin sağlamlığını qorumaqdır. Çünki texnologiya nə qədər güclü olsa da, onu idarə edən hələ də insan ağlı və ruhudur. Bunu unutmaq isə özümüzü unutmaq deməkdir.
“Ədəbiyyat və incəsənət”
(03.12.2024)
Kiməsə ağız açmağı xoşlamayan professor...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Xoşbəxt adamdır. Heç vaxt təşvişə düşmür, hər adi hadisədən narahatlıq keçirmir və əbəs yerə həyəcanlanmır. Üzləşdiyi çətin vəziyyətdən çıxmaq üçün hissiyyat, istedad və təxəyyülü var. Nə qədər çətinliyə düşsə də təbəssümünü qoruyub saxlaya bilir...
Belə rəvayət edirlər ki, bir gün şah ağır xəstələnir. Məmləkətdə olan həkimlərin heç biri onun dərdinə çarə tapa bilmirlər. Ağrıdan qovrulan şah, nəhayət göstəriş verir ki, haradan olursa olsun, on günə bacarıqlı bir həkim axtarıb tapsınlar. Şahın qoyduğu vaxt bitənə yaxın baş vəzir ona yaxınlaşıb təzim edir:
- Şah sağ olsun, ən güclü həkimlər yanınızda olub, lakin dərdinizə heç bir əlac tapa bilməyiblər. Bağdadda yenicə həkimliyə başlamış 15-16 yaşlarında bir uşaq var, ümid bir ona qalıb. Onu da hüzurunuza gətirməyə cürət etmirik.
Çarəsi hər yerdən üzülən şah yeniyetmə həkimi onun yanına gətirməyi əmr edir. Bu yeniyetmə həkim sonralar bütün Şərqdə loğman adı ilə məşhurlaşmış böyük İbn-Sina idi. Nə isə, onu şahın hüzuruna gətirirlər. İbn-Sina qarşısında ortayaşlı, yanaqlarından qan daman, şişman bir adam görür. Şahın yanındakı süfrədə yağlı plov, cürbəcür Şərq şirniyyatları, növbənöv çərəzlər düzülmüşdü. İbn-Sina başa düşür ki, şahın ağrılarının əsas səbəbi onun düzgün qidalanmaması və hərəkətsizliydir. Şahı müayinə etdikdən sonra ona pəhriz təyin edir. Saray həkimləri bir-birinə baxıb dodaqaltı gülürlər. Çarəsiz qalan şah gənc loğmanın müalicəsini qəbul edir. Bir həftədən sonra şahın yanına gələndə Onun görür ki,müalicəsi müsbət nəticə verib. Şah ağrılardan qurtulmuş, özünü xeyli yaxşı hiss edirdi. Şah bu gənc həkimi hörmətlə qarşılayıb onu tərifləyir və saray həkimi vəzifəsinə təyin edir...
Bəli, bu gün sizə həkimdən- daha doğrusu tibb elmləri doktoru, professor Musa Qəniyevdən söhbət açmaq istəyirəm. Böyük ürəyi, tükənməz ideyaları var, maraq dairəsi çox genişdir. Onun fikrincə, biliklər hamıya və hər bir kəsə məxsusdur, elə ona görə də hamıya etibar edir, inanır...
Bir vaxtlar Musa müəllimin tələbəsi olan, hazırda Azərbaycan Tibb Universitetində eyni kollektivdə çalışan, professor Vəli Əsmətov onu belə xarakterizə edir: “Əvvəla Musa müəllim el ağsaqqalı, 25 yaşından müxtəlif mötəbər vəzifələrdə çalışan, işlədiyi müddətdə xalqın adamı olan, hamıya əl tutan, hamıya birinci salam verib əl uzadan “Respublikanın Əməkdar Müəllimi” Hacı Mehdi Qəniyevin ailəsində dünyaya gəlib. Heç də təsadüfi deyil ki, Musa müəllim atasının genini daşıyan xeyirxah, əl tutan, kömək etməkdən zövq alan, dünya şöhrətli alim, tibb elmləri doktoru, professordur. Üçüncü kursda oxuyanda mənə farmakologiya fənnindən dərs deyib və bu müəllim -tələbə münasibəti dostluq-qardaşlığa çevrilib. İşlədiyim bütün dövrlərdə mənə həmişə həm maddi, həm də mənəvi dəstək olub. Elmi rəhbərim olub. Bu gün də biz bir yerdəyik. Əgər məndən soruşsalar ki, Musa müəllimi bir neçə cümlədə necə təsvir edərsən? Düşünmədən cavab verərəm- İti zəkaya, analitik təfəkkürə malik olan böyük tibb alimi, mərd, cəsur, sözünün yiyəsi olan qürurlu insan, əl tutmaqdan zövq alan, kiməsə ağız açmağı sevməyən, xeyirxah alimdir...”
Deyir ki:- “Profilaktik məqsədlə istifadə olunan aspirin preparatları (məsələn, Aspirin Kardio), bağırsaqlarda həll olan dərman formasında buraxılır və qorxusuzdur. Halbuki, bu halda Asetilsalisil turşusu(AST) ilkin qaraciyər baryerini keçərkən müəyyən faiz nisbətində inaktivləşsə də, analoji mexanizmlə daxili qanaxma törədə bilir. Digər tərəfdən, bağırsaqlarda Ph-ın uzunmüddətli turşuluğa doğru dəyişməsi həm də yoğun bağırsaq lokalizasiyalı onkoloji fəsadlara səbəb ola bilər. Odur ki, dozasından asılı olmayaraq, aspirinin gündəlik istifadəsi yolverilməzdir.”
Maraqlı araşdırmaları var. Mütaliə etməyi xoşlayır. Müşahidə etdiyi hadisələri düzgün təhlil etməyi bacarır:
“Hazırda elə bir "sərhədsiz dövrdə" yaşayırıq ki, təbliğat vasitələrinə heç bir nəzarət mexanizmi yoxdur və bu mexanizmin düşünülməsi belə, absurddur. Bu gün nəinki həkim, hətta tibb təhsili olmayanlar, müxtəlif dərman vasitələri və müalicə üsulları haqqında insanlara məsləhətlər verirlər. Bildirirəm ki, yaxın keçmişə qədər hazırda sayı 65-ə endirilən, tibbin nozoloji vahid olaraq təsdiqlənmiş 94 fərqli sahəsi var idi. Bu sahələrdən hər biri üzrə, yalnız həmin sahənin akademik təhsilli mütəxəssisi danışa, məsləhət və tövsiyyə verə bilər. Əks hal yolverilməzdir və arzuolunmaz nəticələrə səbəb olacağı qaçılmazdır. Əvvəla, Xalq təbabəti, tibbin Empirik inkişaf mərhələsində, zərurətdən yaranan və əsrlər boyu təkmilləşdirilərək, nəsildən-nəsilə ötürülən yanaşmadır. Dərman bitkiləri və onların əsasında hazırlanmış dərman formaları mono- deyil, polikomponent tərkiblidir. Odur ki, seçici təsir spektrinə malik deyillər. Bu səbəbdən, spesifik müalicə vasitəsi kimi tövsiyyə oluna bilməz. Əks hal, müalicədə gecikməyə və xəstənin ölümünə səbəb ola bilər. Unutmaq olmaz ki, dərman bitkilərinin tədqiqi və bioloji fəal tərkib komponentlərinin alınması ilə farmakoqnoziya elmi, müvafiq maddənin molekulyar təsir mexanizmini öyrənən, onun dərman preparatı statusu almasını eksperimental və klinik tədqiqatlarla təsdiqləyən və buna məsul olan şəxs farmakoloqlardır. Bu həqiqət nəhayət ki, dərk olunmalıdır...”- söyləyir...
Dünən professor Musa Qəniyevin 70 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayırıq.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(03.12.2024)
“Saçın ucun hörməzlər...” - Təranə Vahidin yaradıcılığı barədə
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Qərib Mehdinin Təranə Vahidin yaradıcılılığı barədə yazısı təqdim edilir.
"Ədəbiyyat qəzeti" 1 noyabr 2024-cü il tarixli sayında yazıçı Təranə Vahidin qısa hekayələrini oxuculara təqdim etmişdi. Bir səhifədə 13 hekayə yer alıb. Sevindim. O yazıları acgözlüklə oxuyacaqdım. Sənət aləmində də yarışma gedir. Təranə xanım bu söz yarışmasına qısa hekayələri ilə qatılmışdır.
T.Vahidin yaradıcılığından iki dəfə söz açmaq mənə nəsib olub. Qələm sirlərinə bələdliyim var. Laçınlı qız həm kənd həyatına, həm də indi yaşadığı şəhər mühitinə yaxşı bələddir. Həmişə ağrılı mövzulara müraciət edir. Dili rəvan və səmimidir. Gerçəyinə inandığı mövzulardan yazdığı üçün oxucunu sözünə inandıra bilir. Sənətkarlığı güclüdür, sanki mühasibdir. Fikrə neçə cümlə işlədəcəyini qabaqcadan hesablayır. Yumorun dili ilə deyirəm: o, artıq pul işlədər (olsa), artıq söz işlətməz. Üslubunu bu yığcam hekayələrdə də qoruyub saxlamışdır.
Mən bu hekayələrin təhlilinə girişməyəcəyəm. Deyə bilərsiniz: "Niyə? Yazılar yaxşıdırsa, onları araşdırmaqdan niyə yan durursunuz?" Cavab verirəm: bu dəfə onun şəkli - portreti barədə düşündüklərimi incələmək niyyətindəyəm. Səhifə barədə aşağı fikirdə olmadığımı isbatlamaq üçün 13 qısa hekayədən birini - "Səma çiçəyi"ni olduğu kimi diqqətinizə çatdırmaq istəyirəm:
"Ona heç kim, heç vaxt çiçək bağışlamamışdı. Bircə dəfə dünyaya gələsən, bir çiçəklə adını anmayalar. Fikirləşdikcə ağlı başından çıxırdı.
İllər keçdikcə dünyadan, adamlardan, elə özündən də bezirdi. Bir axşam bostandan qopardığı günəbaxanı qoltuğuna vurub həyətdəki kötüyün üstündə oturub yerini rahatladı. Günəbaxanı dizlərinin üstünə qoyub bir xeyli çırtladı. Bir anlıq əlini saxladı. Hər yan səssiz idi. Arabir cırcıramaların gülüşməsi, bir də su içən ağacların qurultusu eşidilirdi. Başını qaldırıb göylərə baxdı. Bu gecə səma başdan-başa qırmızı çiçək açmışdı. Gördüyü gözəllik onu həyəcanlandırdı. Boş qəlbinə haradansa bir ovuc sevinc doldu. Gülümsədi. Hiss etdi ki, çiyninə nəsə qondu. Qorxa-qorxa qanrılıb baxdı. Səma çiçəyindən biri saplağından üzülüb onun çiyninə qonmuşdu. O an, o an anladı ki, dünyadakı bütün qadınlara çiçək bağışlanılır. Mütləq bağışlanılır. Kiminə torpaqdan, kiminə səmadan dərilmiş çiçək..."
Misal çəkmədiyim, haqqında söz açmadığım qalan 12 hekayə də belə mənalıdır. Yazılar, ya birbaşa, ya simvolika ilə təqdim olunur. Bu mülahizələrin sonrasını oxucuların öhdəsinə buraxaraq keçirəm saç məsələsinə. Doğrudanmı, hekayələrin uğurlu alınmasında Təranə xanımın saçının özəl "xidməti" var? Bəli, var.
İnsanın, xüsusilə, qadının əhvalının necəliyi onu bir varlıq kimi tamamlayan bütün əzalarında təcəssüm olunur. Sadəcə, seyrçiyə onu oxumaq bacarığı lazımdır. Anaların saçlarının qara rəngdən ağ rəngə "tərcümə" (ifadə Nəriman Həsənzadənindir) olunması həsrətin, qayğının, əzabın çəkisindən xəbər verir.
Düzdür, bu mövzu kişilərdən də yan keçməyib. Çox sayda qələm sahibi sevimli şairimiz Səməd Vurğunun vaxtsız ağarmış saçına şeirlər ithaf etmişdir. Bununla belə, saç tərənnümü qadınlığın inhisarındadır.
Vaxtilə yazdığım şeirdən bir misra nümunə çəkirəm: "Bir hal soran sual əllərə inan". Dil danışmaq "statusuna" yiyələnib. İnsanın qalan əzaları səssiz filmlər kimi danışıb əhval-ruhiyyəsini qarşıdakına çatdırır. Əl danışdığı kimi, insanın gözü də, baxışı da, yerişi də, hərəkəti də, sükutu da, hətta saçları da danışır. Təkrar edirəm, sadəcə, bunu oxumaq, duymaq bacarığı lazımdır. Mətləbin çatdırılmasında onların da öz rolu, öz "vəzifəsi" var. Zənn edirəm ki, Təranə xanımın saçları öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirdiyi üçün yazılarının keyfiyyəti inkara bəhanə yeri qoymur.
Saç - zülf, ədəbiyyatın hal bildirən atributlarından biridir. O, bir növ, dənizə bənzəyir: gah sığal, bəzək missiyasını yerinə yetirir ("O on dörd hörük çin-çin düşüb yan-yana", Aşıq Ələsgər), ("Üz yanında tökülübdür tel nazik", Molla Pənah Vaqif), gah kədərlidir ("Şahmar zülfü pərişanlar dolanır", "Batıbdı yasa tellərin", Aşıq Ələsgər), gah da xilaskardır ("Zülfünü bas yarama, qoyma, məni qan aparır". (Seyid Əzim Şirvani). "Saçın ucun hörməzlər". Xalq da bu mahnı vasitəsilə münasibətini bildirib. Yəni inkişafın yolunu açıq saxlamaq, bağlantıdan yan durmaq lazımdır.
Saçların necəliyi, əhval-ruhiyyəsi qəhrəmanın könül dünyasının "kardioqramması"nın xəbərçisidir. Bu sözlü saçların sırasında mən Təranə Vahidin də saçına diqqət yetirdim. Onun saçı intizama tabe etdirilən hörük şəklində deyil. "Dağınıq" ifadəsini də işlədə bilmərəm. Onun saçı rəqqasəyə bənzər ifaçıdır. Bu ifaçıya, ya külək, ya da könül dirijorluq edir. Axır ki, qeyri-müəyyənlikdən müəyyənliyə gəlib çıxdım. Onun saçı Sərbəstdir, Azaddır - Qələmi kimi. Yoxsa, o zülf onun qələminə bu qədər səmimi və gerçək sözlər ötürə bilməzdi.
“Ədəbiyyat və incəsənət”
(03.12.2024)
BİR MƏKTUB BİR ŞEİR – Nail Zeyniyev, “Axı”
“Ədəbiyyat və incəsənət” portalının Bir məktub, bir şeir rubrikasıında gənc poeziya həvəskarı Nail Zeyniyev bu dəfə yeni yazdığı “Axı” qəzəlini təqdim edir.
Qəlbimdən süzülür köksümə həsrət göz yaşı axır,
Yarı yola çatmamış bezdirdi canımdan axır.
İlahi, nə müşkül işmiş bizə sevinc bağışlamaq,
Neyçün gözləri kor keçir yanımdan axı?
Zülmətdən qara bir göz gördüm asimanında,
Elə bil doğmamdı, deyil öz qanımdan axı?
Üstümdə qəmdən başqa nə varsa yığıb, aparır,
Danışır öz-özünə olmayan sanımdan axı.
O ki, nə qüdrətə sahibdir, bilmirəm amma,
Fırtına qopsa uçurar, nə istər damımdan axı?
Əksini görsən saf suda, Nail, etibar eyləmə,
Dağlarda dilə gələcək bilirəm ahımdan axı...
“Ədəbiyyat və incəsənət”
(03.12.2024)
“Qarğalar” – Ağalar İdrisoğlunun pritçası
“Ədəbiyyat və incəsənət” portalı yazıçı, dramaturq, publisist Ağalar İdrisoğlunun “Qarğalar” pritçasını təqdim edir.
Göz işlədikcə uzanan tarla. Torpaq yenicə şumlanıb. Taxıl əkilib. Günlərlə onun sinəsini cadar-cadar eləyən traktorların səsindən, taxıl səpən əkinçilərin səs-küyündən, ayaq tappıltısından elə bil yenicə dincəlməyə başlayıb bu torpaq. Elə bil fıkrə dalıb ki, görəsən bu il yetişdirdiyi məhsul necə olacaq?.. Görəsən, məhsul əkinində, yığımında taxıl oğurlayanlar yenə də torpağı günahlandıracaqlarmı? Görəsən...
Suallar çox, cavablar az, bəzən də yox.
Bu vaxt tarlaya yenidən səs-küy yayıldı. Torpağı fikirdən ayırdı bu səs. Bu dəfə gələnlər qarğalar idi. Qara qarğalar. Haradansa uçub gəlmişdilər. Ac idilər. Dən axtarırdılar. Tapdılar. Sevindilər... Dimdiklərilə torpağı eşib, buğda dənlərini çıxartdılar. Dən tapdıqlarına görə sevinclə qarıldaşdılar. Onların qar-quru əcaib-qəraib bir melodiyaya çevrildi...
Elə bu vaxt göydə ləzzətlə süzən bir Ala Qarğa həmin melodiyanı eşitdi. Maraqlanıb ora qondu. Qonmağına da peşiman oldu. Özünə oxşar, ancaq rəngləri ala yox qara olan qarğaların dimdiyində buğda dənələrini görəndə bir neçə dəfə təəccüblə qarıldadı Ala Qarğa.
- Qar... qar... qar...
Bu qarıldamaq qara qarğaların xoşuna gəlmədi. Axı, bu qarıltı onların öz qarıltılarından çox-çox uca, hirsli səslənmişdi. Həm də bu qarıltı onların öz qarıltıları deyildi. Elə bil onları ittiham edirdi oğurluqda, talançılıqda... Ala Qarğaya daha yaxın olan bir yastıbaş Qara Qarğa boğazını gah qabağa, gah da yuxarı uzadıb, Ala Qarğaya cavab vermək üçün ondan da uca səslə qarıldadı. Elə bil bununla belə demək istəyirdi:
- Bacarana can qurban. Sən kimsən? İnsanlar məgər səni vəkil eləyib özlərinə? Ya torpaq deyib ona qahmar çıxasan? Biz hazırın nazirləriyik!.. Belə doğulmuşuq! Belə yaşamışıq və belə də yaşayacağıq!..
Bunu eşidən o biri qarğalar da onun səsinə səs verdibr. Elə bil bu səslər əvvəldən qurulmuş bir oyun idi. Elə bil belə xorla səs çıxarmağa onlar çoxdan hazırlaşmışdılar. Bu səslər onlara ürək-dirək verdi. Hamısı birlikdə Ala Qarğanın üstünə hücum çəkdilər. Onu gah dimdiklərilə, gah da qanadları ilə vurmağa başladılar. Ala Qarğa əlbəttə ki, tək olduğundan bu qədər Qara Qarğa ilə bacara bilməzdi. Nə qədər özünü qorumağa çalışsa da bacarmadı. Qara qarğalar onu dimdiklərilə, qanadları ilə vurur, qara, yaş torpağa bulaşdırır və bircə-bircə tüklərini yolurdular. Qara qarğalar gördükləri bu işdən ləzzət alırmış kimi əcaib-qəraib səslər də çıxarırdılar. Sonra onlar heç nə olmayıbmış kimi Ala Qarğadan uzaqlaşdılar. Yenidən öz işlərini davam etdirdilər. Bu dəfə torpağı daha hirslə eşələyib buğda dənələrini çıxarır, daha da acgözlüklə, ləzzətlə udurdular.
... Bu mənzərəni seyr eləyən, tükləri yolunmuş, al qana qərq olmuş, sinəsi üstündə torpağa uzanan yarıcan Ala Qarğa tənbəl-tənbəl başını çevirib gah sağdakı, gah da soldakı qara qarğalara baxdı. Sonra... sonra o, boynunu irəli uzadıb, dimdiklərini geniş açıb bir də ucadan qarıldamaq istədi. Amma bu dəfə halsızlıqdan səsi çıxmadı. Elə bil halsızlıqdan, qorxudan səsi batmışdı Ala Qarğanın. O, gözlərini bir neçə dəfə ağır-ağır yumub-açdı. Sonra qürub eləməkdə olan günəşə əyri-əyri baxdı. Elə bil günəş də onu günahkar bilirdi…
Sonra... sonra o, özü də tənbəl-tənbəl dimdiklərilə qara torpağı eşib, buğda dənələrini çıxartdı. Bir-bir, iki-bir zorla da olsa, udmağa başladı...
Bu vaxt uzaqdan baxan olsaydı, Ala Qarğanın rəngini qaraların rəngindən heç cürə ayıra bilməzdi. Çünki qara qarğalar Ala Qarğanı dimdiklərilə didəndə, qanadları ilə vuranda, onu bütövlükdə nəm, qara torpağa bulamışdılar... Artıq onda alalıqdan əsər-əlamət qalmamışdı... Təkcə rəngində yox, həm də əməllərində. Çox tez dəyişmişdi Ala Qarğa. Çox tez. Dəyişməmək mümkün idimi Ala Qarğaya qara qarğaların içərisində?.. Dəyişməmək mümkün idimi bu qədər zorun, qorxunun, gücün, qəddarlığın içərisində?.. Axı zora, haqsızlığa dağlar da duruş gətirə bilmir. Bir də ki, qorxu, zor gələndə qanun da gizlənməyə deşik axtarar...
...Torpağı isə bu vaxt bir təşviş, qorxu bürümüşdü. İnsanları necə köməyə çağırsın? Onun sinəsini didik-didik, cadar-cadar eləyən, bərəkətini, qoynunda əkilən buğda dənələrini acgözlüklə udan qarğaları necə uçursun sinəsindən? Bu qara həşaratları, talançıları necə qovsun? Necə?.. Necə?..
Bu suallara nə torpaq cavab tapa bilirdi, nə də artıq rəngi qaralan, al qana qərq olan Ala Qarğa...
Moskva şəhəri,
aprel, 1985-ci il
“Ədəbiyyat və incəsənət”
(03.12.2024)
BİR SUAL, BİR CAVAB El Roman ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
El Roman bəy, Sizin üçün kimlər cahil adlanır?
CAVAB:
- Birmənalı olaraq, cahil allaha inanmayandır. Sən dinə, peyğəmbərə, kitaba inanmaya bilərsən, amma hansı məntiqlə allaha inanmayasan? Allah sözü xoşuna gəlmirsə, öz yaradanına özün ad qoy. Amma səni yaradanı inkar etmə. Bu biabırçılıqdır. Cahillikdir.
“Ədəbiyyat və incəsənət”
(03.12.2024)
“Sözdən yaranan incilər”də - “Ağıl itirilə bilər, amma tapıla bilməz”
Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu dünya dahilərinin, səmavi insanların və Azərbaycan mütəfəkkirlərinin on üç mindən çox kəlamlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən yaranan incilər” adlı kitab kimi çapa hazırlayırlar. Bu sayımızdan başlayaraq həmin kəlamlardan, aforizmlərlərdən seçmələri səhifələrimizdə çap edirik. İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaqsınız.
HÜMBƏT HƏSƏNOĞLU
Hümbət Həsənoğlu - həkim, yazıçı, ictimai xadim. “Tərəqqi” medallı. Altı mindən çox aforizmlərin müəllifidir. Tükdilli xalqlar arasında ən çox aforizmlər yazan azərbaycanlı yazıçıdır.
- Yaxşı müəllimin baxışında qamçı, dilində alqış olar.
- “Yox”u sığallamaqla “hə” yə çevirmək olur.
- Qadın kişini qurban seçibsə, onun qiblənin istiqamətini aramaqdan savayı heç bir şansı olmur.
- Düz qılıncın əyri qınla dostluğu heç vaxt tutmaz.
- İnsan yaxşılığı pislik qədər yadında saxlaya bilsəydi, kədər ona heç vaxt yaxın gələ bilməzdi.
- Ağıl itirilə bilər, amma tapıla bilməz.
- Hər kəsdə yaxşı nəsə tapsan, həmişə yaxşı insanların əhatəsində yaşayacaqsan.
- Nəfəsinlə bir cüt soyuq əli isidə bilmirsənsə, nəfəs almağın hədərdir.
- Sevgini həvəskar düşünüb, peşəkar kədəri yaradıb.
- Valideynlərinə uşaqların qədər diqqət yetirirsənsə, deməli böyümüsən.
“Ədəbiyyat və incəsənət”
(03.12.2024)