Super User

Super User

Понедельник, 02 Декабрь 2024 10:00

Dözmədik sarı nazına... – PAYIZIN SÖZLƏ UĞURLANMASI

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

Getdi payız... Bir qapı açıldı kainatın bağrında. O qapıdan keçdi payız. Arxasınca bir dəstə şair, yazıçı baxdı onun. Gedənin arxasınca su atan tapılmadı. Göz yaşlarını sevmir payız... Özü hərdən-birdən göz yaşı taxır saçlarına, süslənir, bəzənir, nazlanır yaradıcı insanların qarşısında. Yellədiyi ətəyinin qırçınları rənbərəng xəzəllərdir.  Bu nazdan geriyə qalanlardır yazılanlar...

        

         Mən səndən yazıram, sən də məni yaz,

         Yumub gözümüzü oxuyaq, payız!

         Ayaqlar altında xəzəl olmamış

         Gəl gedək bir dərin yuxuya, payız...

 

Belə yazır Nübar Eldarqızı “O qədər payızam...” şeirində.  Belə sevilir payız, belə oyulur şairin  qaya əzmindəki ürəyi duyğularla...

        

Yazıçı, şair Şahanə Müşfiq isə payızla bağlı duyğularını qəribliyə bükür. Bu bükülünün arasında mənim də ürəyim var. Bilir Şahanə. Bildiyinə görə də, payız sevgisini payızın arxasında qoyduğu yarpaq izini süpürən küləyə pıçıldamır, hamımızın eşidəcəyimiz səslə deyir:

“Payızda doğulduğumdanmı, yoxsa təbiətin belə halını görmək xoşuma gəldiyindənmi, bilmirəm, amma bütün hallarda sevirəm bu fəsli. Əsən meh, göylərin sevgisini yerin qulağına pıçıldayan yağışın həzin səsi, soyuqdan qorunmaq üçün torpağın qoynuna sığınan yarpaqların əlvan rəngi, hər külək əsdikcə torpağa laylay çalıb onu qış yuxusuna hazırlayan xəzəlin xəfif musiqisi insanın ruhuna sakitlik, duyğularına inanılmaz rahatlıq gətirir. Bu, elə bir fəsildir ki, soyuğuna, küləyinə, yağışına baxmadan, insan çöldə-bayırda, səmanın altında, təbiətlə iç-içə olmaq istəyir. Ətrafa müxtəlif rənglərin qovuşuğu, müxtəlif səslərin ahəngindən yaranan elə bir gözəllik hakim olur ki, insan sanki ömrünün əvvəlki heç bir ilində payız yaşamamış kimi, acgözlüklə bu rənglərlə gözünü, bu səslərlə qulağını doyurmaq istəyir. Payız duyğuların dilə gəldiyi, sevgilərin etiraf edildiyi fəsildir. Həzin bir musiqidir son bahar. Bu musiqini qulaqlarımızda deyil, ruhumuzun, qəlbimizin ən dərin, ən kövrək guşələrində duyarıq... Və payız getdi... Ta gələn ilədək...”

        

Şair Sona Vəliyevanın “Payız etüdləri”  şeiri var.  “Payızın dilində şeir yazdığını” dilə gətirən şair  yarpaqların tökülməsini məhşər gününə bənzədir. Və ağacların dərdinə yanır: “yoxdur ağlayan kəsi...” Ağlayanı olmaq özü də bir təsəllidir haradasa... Folklorumuzda bayatı-bayatı, nağıl-nağıl axtarıb ulularımız “hala yananı”, “dərdə ağlayanı”. Demək, olmağı daha yaxşıymış ağlayanın, yananın... Və Sona xanım o boyda “sərvəti” arzulayır ağaclara ürəyində...

        

Şair  Əntiqə Səməndər-Kərimzadə ilə bir söhbətimizi xatırlayıram. “Payız səninçün nədir?”-deyə soruşmuşdum. Yan-yana addımlayırdıq Bakı küçələrini. Payızı yenicə yola salmışdıq. Getmişdi payız... Getmişdi, gedişinin izi vardı amma hələ şair ruhunda. Əntiqə demişdi:

“Uşaqlıq illərimin ən gözəl anlarını xatırlayıram… Nə gözəl idi o vaxtlar payız fəsli. Payızı da bahar kimi yaşayırdıq. Axşamüstü ay çıxan kimi, göyə baxa- baxa yeriyirdim. Mənə elə gəlirdi ki,  hara gedirdimsə, ay da mənimlə gedirdi. Bunu çox böyük bir hadisə kimi hamıya deyirdim. Sonradan anladım ki, elə körpəlikdən göy üzünə aldanmışam…Bir çox şeirlərimin doğulma səbəbidir payız. Bilirsən, vizual olaraq bahar fəsli daha gözəldir. Məlum məsələdir ki, təbiət oyanır, hər yan çiçəklənir, günəş şəfəqləri hər yana yayılır və s. Ancaq baharın fəlsəfəsi heç vaxt payız qədər dərin ola bilmir. Mənə elə gəlir ki, bahar həmişə payıza uduzur. Ömrün bütün məqamlarında payız qalib gəlir. Payızın rəngi bozdur. Həmin fəsildə rəngli, demək olar ki, heç nə görmürsən. Amma əsən külək, yağan yağış, dibçəklərdə boyun bükən güllərə düşən şeh  payızın notlarıdır. Bir payız sabahında dünyanı alt-üst edən küləyi görəndə bəzən öz qəzəbimi xatırlayıram. Mən də bu külək kimiyəm. Qəflətən nəyisə dağıdıb, uçura bilərəm. Bəzən də,  buludları bir- birinə çırpıb selə dönən yağışı görəndə insanların kədərini duyuram. Ömrün bütün anlarını payız kimi yaşayanları heç nə isitmir. Baxma ki, payız kədər rəmzidir. Sevinc bəxş etməyi də var. Payız, həm də, oğlum Bünyamin deməkdir. Axı o da məhz payız fəslində bu fani dünyanın qonağı olaraq payıma düşüb”.

        

***

Sevdiyim payız şeirlərindən birini də Şəhriyar İbrahimov yazıb:

 

         Bir də baxarsan ki, payızdı ömrün,

         Solub çiçəkləri ömür bağının,

         Yox ucu-bucağı darıxmağının...

 

         Təqvimdən seyrələr illər günbəgün,

         Bir də baxarsan ki, payızdı ömrün...

 

Payızın sirri bir də buradadır elə... Özünü  hər açılan gündə ömrün baharında olduğuna inandırarsan, amma daxilində payızda olduğunu bilərsən.  Yarımömürü çoxdan geridə qoyduğunu etiraf etməyin də baharı tanıdığını anlatmaq cəhdidir. Amma ömür elə sürətlə keçir ki, baharı tanımamış yaya çıxırsan... Yayın istisində canın düz-əməlli qızmamış, payızın qırovu düşür qönçə istəklərin üzərinə... 

        

Şair Turanə Turan cəsarət göstərib “Payız mənim özüməm!” deyəndə; elə zənn edirdim... Ta ki, özü bu deyimini izah edənədək:

Özümdən qatca aşağı, maddi imkanca yuxarı birindən lazımsız, gərəksiz bir söz eşidəndə saralaram yarpaq-yarpaq. Qəlbimin ritmi pozular vaxtsız-vədəsiz gələn gecə qonağı kimi. Bəzən yaz fəslini yaşamamış fəsillər yerini dəyişər ruhumda. Qəfildən payız gələr. Bütün ümid yarpaqlarım saralıb-solar  qanazlığından solan üzüm kimi. Bir namərd sözündən yaralansa ürəyim, payız yağışıtək göz yaşlarım ovcumda göllənər. Bəzən ətrafımda baş verənlərdən matım quruyar, donub qalaram.Necə ki, anasından doymamış anasına həsrət qalanlar var ha, o cür...  Ya da, yaz fəslindən küsüb quruyan ağaclartək. Ömrümün çox hissəsi payız fəslindədir,əzizim Şəfa. Mən payızdan nə yazım?! İki körpə baharım var. Yeni tumurcuqlamış çiçəkdirlər. Onlardır üzümdə gülüş yaradanım, varlığına şükür etdiyim. O iki bahara sığınıb  bu payız ömrümü yaşayıram, qış gəlincəyə-nəfəsim tükənincəyə qədər...”

Anladım, Turanə, anladım ki, şair könlü payız qarşısında öz cəsarətini yaşaya bilmir. Qorxur payızla bütünləşməkdən, “baharam” deyib özünü aldatmağa ayaq yeri qoyur həmişə... Onu da anladım ki, hərə öz ömrünü “başqa payız” yaşayır. Heç kimin payızı bir-birinə bənzəmir. Hətta iki sevənin də... Biri sevdiyinin saçından damcılayan payız leysanının nazını xatırlayır, biri sevdiyinin ayaqqabısının su buraxdığını, amma sonuncu puluna onunçün bir fincan aldığını.  Lakin kimsə öz payızının başqalığını olduğu kimi ifadə edə bilmir.

 

Əlac qalır  şair Məmməd Tahir kimi, elə payızın özünü günahlandırmağa: “Heç payıza oxşamır, Bu payız başqa payız...”

        

Şairin, yazıçının payızından özümü çəkib qopardım, qaçdım bir rəssamın rəng dünyasındakı payıza sığınmağa.  Amma ilk cümlələrindən etibarən utandım... Mən  rəssam Günəş Kərimin, həm də,  nasir olduğunu niyə, harada unutmuşdum ki? Axı onun hekayələrini oxumuşdum... O hekayələrdə öz həyatımdan da nəsə tapmışdım. Günəş Kərim deyir ki:

 Hər canlının dayanmaq, durmaq, yenilənmək kimi ehtiyacı vardır. Payız fəsli də Ana Təbiətin dayanıb düşünmək, özüylə danışmaq zamanıdır. Yarpaqların xışıltısı pıçıltılarıdır bəlkə? Kainatın ən böyüyü, ən yaşlısı, ən əbədi və ən güclü varlığı deyilmi Təbiət? Ya bir ağacı düşünək... “Ən güclü sona qalır” Təbiətin bətnində.   Ağac əmək verib, yarpaqlayıb, bəhrələyib...Payızda hamısını itirir qeyri-ixtiyari olaraq-nə yarpağı qalır, nə meyvəsi. Kədər deyilmi əmək verdiyinin səni tərk etməsini izləmək? Kədərdir... “Ömrün payızı” isə, fikrimcə, kədər deyil, bənzətmələrin ən təsəlli dolu olanıdır. Payız bolluq, bərəkət rəmzi olmasıyla, əfsunlayıcı mənzərələrlə süslənməyibmi təfəkkürümüzdə?   Sarı yarpaq budaqdan ayrılır, belə olur payız olur “ayrılıq fəsli”...  Bu səbəbdən sarıya “ayrılıq rəngi” deyən insan deyilmi sapsarı günəşin işığıyla aydınlığa çıxan, onun istisiylə yaşayan? Demək, payız, eyni zamanda, insanın özüylə hesablaşmağı, özünü sorğu-suala çəkməsi, haqqını, haqsızlığını ayırd etməsidir.  Payız bir təzad tablosu, rəssamı Təbiətdir!”

 

Getdi payız... Getdi... Bizə qalır şeirlərdə ovunmaq, yazılarda yarpaq xışıltısıyla sevgimizi  dilə gətirmək...  Arxasınca göz yaşı deyil, şeir çiləmək:

 

Dözmədik sarı nazına,

Payızı  küsdürdük, getdi...

Bir gün deyərsən qızına:

“Bir qız məni yaman sevdi...”

 

“Ədəbiyyat və incəsənət”

(02.12.2024)

 

Понедельник, 02 Декабрь 2024 09:02

MÜTALİƏ MƏDƏNİYYƏTİ – 31.Gənclər heçmi kitab oxumur?

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

31.

GƏNCLƏR HEÇMİ KİTAB OXUMUR?

 

 "Gənclər kitab oxumur!", "Hazırda mütaliə mədəniyyəti aşağı səviyyədədir!". Azərbaycan cəmiyyətində bu cür bəyanatlar tez-tez səsləndirilir. Dərhal qeyd edək ki, bu bəyanatlar əsassızdır. Düzdür, ölkədə kitaba maraq əvvəlki illərlə münasibətdə xeyli azalıb, bunun səbəbləri barədə öncəki söhbətlərimizdə diskussiyalar aparmışıq. Amma “gənclər kitab oxumur” deyə bilmərik. Belə ki, ölkənin orta statistik oxucusu tələbə gəncdir. Bəli, kitab nəşri və satışı ilə məşğul olan şirkətlərdən aldığımız məlumatlara görə, bu gün kitab oxuyanların böyük əksəriyyəti elə gənclərdir. Amma sözsüz ki, bu, nəinki yetərli, heç orta səviyyədə də deyil. Ona görə də ölkədə mütaliə mədəniyyətinin yüksəldilməsinə böyük ehtiyac var. Bəs necə edək ki, Azərbaycan vətəndaşı özünü kitabsız təsəvvür edə bilməsin? Hansı tədbirləri həyata keçirək ki, insanlar üçün kitab oxumaq əvəzolunmaz vərdişə çevrilsin?

Sözügedən məsələ ətrafında ölkəmizdə kitabların sevdirilməsi üçün müstəsna işlər görən çəxslərin fikirlərinə diqqət edək. Ölkə KİV-lərinə verilən, yaxud sosial mediada yayımlanan bu açıqlamalar, düşünürük ki, real mənzərəni görməkdə yardımçı olacaqlar.

 "Qanun" nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu bildirir ki, onların kitab stendlərinin ətrafında çoxlu adamlar olur və bunların da əksəriyyətini gənclər təşkil edir: "Müşahidəyə görə, stendə yaxınlaşan 10 nəfərdən 9-u gəncdir. Biri isə nisbətən yaşlı nəslin nümayəndəsi olur. Bu mənada hesab edirəm ki, son illər kitaba maraq xüsusən də gənclər arasında xeyli dərəcədə artıb. Əlbəttə, mütaliə etmək birbaşa olaraq təhsil mədəniyyəti ilə bağlıdır. Təhsil yoxdursa, onda kitaba da məhəbbət olmayacaq. Düşünürəm ki, oxumağın artması onunla əlaqədardır ki, son illər Azərbaycandan xaricə təhsil almağa gedirlər və onlar qayıdandan sonra öz dillərində kitab oxuyurlar. Və yaxud da üçüncü sektorun, nəşriyyatların kitabı təbliğ etmələri kitaba da münasibəti dəyişir".  

Ölkədə mütaliə mədəniyyətinin inkişaf etdirilməsinə gəldikdə isə Ş.Xuduoğlu bildirir ki, heç bir uşaq özbaşına kitab oxumaz: "Gərək uşağa məcburən hərfləri öyrədəsən, yazı yazmaq üçün əlindən tutasan. Əks halda o heç vaxt öyrənməyəcək. Mindən və ya on mindən bir uşaq özü yazmağa, öyrənməyə həvəslə təşəbbüs göstərəcək. Ədəbiyyat daim oxunmalıdır. Bütün inkişaf etmiş ölkələrdə də belədir. Ancaq təəssüflər olsun ki, bizdə belə deyil. Bizə elə gəlir ki, yalnız təhsili olan kitab oxumalıdır. Amma bu, səhv fikirdir. Təhsili olmayan da kitab oxumalıdır. Mütaliə etmək bir mədəniyyətdir. Bu mədəniyyətə də sahiblənmək lazımdır. Təbii ki, bu da öyrənilməlidir, təbliğ olunmalıdır. Əgər bir insan hansısa işində nailiyyət qazanırsa, bu, yalnız onun oxuduğu kitablar və aldığı təhsillə bağlıdır. Təhsil olmadan, kitab oxumadan nailiyyət əldə etmək mümkün deyil. İnkişafın yeganə yolu təhsildir, oxumaqdır. Başqa bir yol isə yoxdur".

Milli Kitab Mükafatının təsisçisi, "Əli və Nino" kitab mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli də hesab edir ki, son zamanlar kitab oxuyanların sayı artıb. Onun sözlərinə görə, bu artım gənclər arasında daha yüksəkdir: "Bizim təcrübəmizdən də bəlli olur ki, hazırda elə məhz gənclər kitab oxuyur. Bu da qürurvericidir. Biz görürük ki, son illərdə kitab alınması və oxunması istiqamətində böyük irəliləyişlər var. Gənclərimiz daha çox oxumağa başlayıblar. Hazırda oxucularımız daha çox xarici müəlliflərin əsərlərini oxuyurlar. Görünür, həmin müəlliflərə böyük etibar və ehtiyac var. Ümid edirəm ki, yerli yazıçılarımızın əsərləri daha çox oxunacaq və onların kitablarının tirajları çoxalacaq".

 

Növbəti: 32.ANAİB-in müstəsna fəaliyyəti

 

“Ədəbiyyat və incəsənət”

(02.12.2024)

 

Gürcüstanın Marneuli şəhərindki Azərbaycanlıların  mədəniyyət mərkəzi kimi fəaliyyət göstərın “Tea House”da (Çay Evi) gənc rəssamların “Ağ və qaranın harmoniyası” adlı rəsm sərgisi açılıb.

 

AzərTAC xəbər verir ki, sərgidə “Çay Evi”nin rəsm kursunun tələbələrinin kətan üzərində kömür və sadə qələmlə çəkilmiş 40-dan çox əsəri nümayiş etdirilib.

Eyni zamanda, açıq havada sərbəst mövzuda müxtəlif rəsmlər çəkilib.

“Tea House”nin rəhbəri Emin Əhmədov bildirib ki, sərginin məqsədi regionda incəsənətin inkişafına, yeniyetmə və gənclərin bu sənətə və ümumiyyətlə incəsənətə marağının artırılmasıdır.

 

Onun sözlərinə görə, “Tea House”da kompüter texnologiyaları, rəssamlıq, şahmat və digər sahələr üzrə təhsil alan tələbələrin sayı günbəgün artır. Bu da ümumilikdə onların elmə marağının artmasına, mədəniyyətimizin təbliğinə və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə imkan yaradır.

 

Qeyd edək ki, “Tea House”da gənclərin inkişafı üçün nəzərdə tutulan bu layihə 2012-ci ildən həyata keçirilir və SOCAR tərəfindən maliyyələşir. Bu günə qədər layihədən 12 mindən çox tələbə, yeniyetmə və gənc faydalanıb.

 

“Ədəbiyyat və incəsənət”

(02.12.2024)

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyi, Əlahəzrət Kral VI Məhəmmədin yüksək himayəsi altında, Rabat Milli Kitabxanasında təşkil olunan Beynəlxalq Diplomatik Həmrəylik Bazarında fəal iştirak edib.

 

AzərTAC xəbər verir ki, tədbirin rəsmi açılışında Şahzadə Lalla Məryəm iştirak edib. Tədbirdə Azərbaycanın zəngin mədəni irsi, ənənəvi sənətkarlıq nümunələri, mətbəxi və əl işləri ziyarətçilərə təqdim olunub.

 

Kəlağayı, xalçalar, keramika nümunələrinin və suvenirlərin nümayiş olunduğu stendimiz ziyarətçilərin böyük marağına səbəb olub. Eyni zamanda, qonaqlar milli mətbəximizin ləziz təamlarından qutab, badambura və xüsusi olaraq hazırlanan “Balkhoorma” – qurudulmuş xurmanın dadına baxıblar.

 

Qırxa yaxın ölkənin iştirak etdiyi bu möhtəşəm tədbir mədəniyyətlərarası dialoqun və beynəlxalq həmrəyliyin təbliğində mühüm rol oynayır. Azərbaycan diplomatlarının ailələri də ölkənin mədəni ənənələrinin təqdimində öz töhfələrini veriblər.

 

Qeyd edək ki, ənənəvi Diplomatik Bazar hər bir xalqın öz mədəni irsini tanıtması, qarşılıqlı anlaşmanın və qlobal dostluğun möhkəmləndirilməsi üçün mühüm bir məkana çevrilib. Bu tədbir bir daha sübut edir ki, mədəniyyətlərarası əlaqələr və qarşılıqlı hörmət dünya miqyasında sülh və həmrəyliyin əsasını təşkil edir.

 

“Ədəbiyyat və incəsənət”

(02.12.2024)

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin incisi olan “Xəmsə”nin (“Beşlik”) orijinaldan türk dilinə tərcüməsi prosesinin 2026-cı ilə qədər başa çatdırılması planlaşdırılır.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC-a layihənin müəllifi, Atatürk Universitetinin (Ərzurum) fars dili və ədəbiyyatı kafedrasının müdiri, “İsgəndərnamə” poemasının artıq türk dilinə tərcümə edilən professor Nimet Yıldırım bildirib.

 

Onun sözlərinə görə, Nizaminin daha bir poeması olan “Sirlər xəzinəsi” də tərcümə olunub və çap mərhələsindədir. “Kitab bu ilin sonuna kimi işıq üzü görəcək”, - deyən N.Yıldırım “Leyli və Məcnun” poemasının bu ölkədə türk dilinə tərcüməsinin 2025-ci ilin yazında nəşrinin planlaşdırıldığını qeyd edib. Qalan iki poema isə 2026-cı ilin birinci yarısında Türkiyə ictimaiyyətinə təqdim olunacaq.

 

Professor vurğulayıb ki, nizamişünasların əsas vəzifəsi “Nizami mədəniyyəti”ni Türk dünyasında yaymaqdır.

 

O, Nizamini fars şairi kimi təqdim etmək cəhdlərini kökündən səhv adlandırıb. “Əsərləri farsca olan böyük türk mütəfəkkiri Mövlanəni də səhvən fars filosofu adlandırırlar, lakin bu, mahiyyəti dəyişmir. Bizim üçün əsas odur ki, Türk dünyasında belə parlaq şəxsiyyətlər yaşayıb və yaradıblar. Nizami, Mövlanə və başqaları təkcə Azərbaycanın və ya Türkiyənin deyil, bütün Türk dünyasının qürur mənbəyidir”, - deyə Atatürk Universitetinin müəllimi vurğulayıb.

 

O, Nizami irsinin Türkiyədə təbliğinə verdiyi dəstəyə görə ölkəmizin Ankaradakı səfirliyində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinə də təşəkkürünü bildirib.

 

 “Ədəbiyyat və incəsənət”

(02.12.2024)

Xəbər verdiyimiz kimi, Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illik yubileyi münasibətilə IV Beynəlxalq Teatr Festivalına start verilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da festivalda iştirak edir. Şəki səfəri  Mədəniyyət Nazirliyinin təşkilatçılığı və maliyyə dəstəyi ilə regionlara təşkil edilən qastrol səfərlərinin proqramına uyğun olaraq reallaşıbdır. 

Musiqili Teatr bu gün İran, Özbəkistan, Qazaxıstan, eləcə də ölkəmizin bir sıra teatr kollektivlərinin yer aldığı beynəlxalq tədbirə özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” ikihissəli komediyası ilə qatılır. 

Tamaşada rolları Əməkdar artistlər Əzizağa Əzizov, İqrar Salamov, Prezident mükafatçısı Mehriban Zaliyeva, aktyorlar Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Gülcahan Salamova, Gülnarə Əzizova, Şaban Cəfərov, Əliməmməd Novruzov, Fərid Rzayev, Cəbrayıl Cəbrayılov oynayacaqlar.

Səhnə əsərinin rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.

Xatırladaq ki, IV Beynəlxalq Teatr Festivalı dekabrın 5-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(02.12.2024)

Понедельник, 02 Декабрь 2024 10:16

Eskişehirdə Aşıq Mikayıl Azaflının 100 illik yubileyi qeyd edilib

Türkiyənin Eskişehir şəhərində XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi və şair Mikayıl Azaflının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

 

AzərTAC xəbər verir ki, proqram Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi, Eskişehir Azərbaycanlılar Dərnəyi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının əməkdaşlığı ilə ərsəyə gəlib.

 

Tədbirdə əvvəl Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi yad edilib.

 

Mərasimdə çıxış edən Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin rəhbəri Arzuman Azaflı və Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı Mikayıl Azaflı yaradıcılığı, onun Azərbaycan mədəniyyəti üçün əhəmiyyəti və aşıq sənətinə verdiyi töhfələrdən bəhs ediblər.

 

Sonra Azərbaycan və Türkiyənin saz ifaçılarının təqdimatında Aşıq Mikayıl Azaflının əsərləri dinlənilib.

 

“Ədəbiyyat və incəsənət”

(02.12.2024)

 

Türkiyənin paytaxtında 21-ci Ankara Kitab Sərgi-Yarmarkası açılıb, Azərbaycan onun fəxri qonağı seçilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “ATO Congresium” mərkəzində keçirilən sərginin açılışında nəşriyyatların nümayəndələri, yazıçılar, tənqidçilər, kitabxanaların, dövlət qurumlarının əməkdaşları iştirak ediblər.

Sərgidə ən zəngin stend ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin səyləri ilə yaradılan Azərbaycan Milli Stendi olub. 

Sərginin təşkilat komitəsi Azərbaycandakı Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərovu Kitab sərgisinin “beynəlxalq fəxri qonağı” elan edib.

Açılış mərasimi Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs qrupunun çıxışı ilə başlayıb. Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov sərginin təşkilini yüksək qiymətləndirərək, mütaliəni xüsusilə gənclər arasında maksimum dərəcədə populyarlaşdırmağa çağırıb. “Kitab və məktəb hər bir insanın inkişafının əsasını təşkil edən anlayışlardır. Kitabların uşaqların və yeniyetmələrin inkişafına töhfəsi valideynlərin əməyi qədər əhəmiyyətlidir”, - deyə o bildirib.

Diplomat Ankarada keçirilən 21-ci Kitab Sərgisinin Azərbaycanın zəngin mədəniyyəti, tarixi və bu günü haqqında qardaş ölkə ictimaiyyətinin məlumatlandırılmasına mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Diplomatik nümayəndəliyin rəhbəri türk xalqlarının bir-birinə daha da yaxınlaşması üçün sərgi tədbirlərinin təşkilinin vacib olduğunu da diqqətə çatdırıb.

Daha sonra çıxış edən N. Cəfərov türk xalqlarının irsinin zənginliyinə diqqət çəkərək, bir çox başqa xalqlardan fərqli olaraq türklərin bütün dövrlərdə xüsusi mədəni çoxşaxəliliyə malik olduğunu qeyd edib. 

O, türkiyəli gənclərin kitaba marağından məmnunluğunu ifadə edib: “Sevindirici haldır ki, bugünkü sərgini ziyarət edənlərin əksəriyyəti uşaq və yeniyetmələrdir”, - deyə Azərbaycan Atatürk Mərkəzinin direktoru bildirib.

Türkiyənin mədəniyyət nazirinin müavini Batuhan Mumcu kitab sərgisinin qonaqlarını salamlayaraq, Azərbaycanın öz ölkəsinin hər bir sakini üçün xüsusi əhəmiyyətini vurğulayıb.

O, gənclər arasında mütaliənin kütləviləşməsinə çağırıb. “Hər bir cəmiyyət üçün uşağı oxumağa həvəsləndirmək, ona kitabı və biliyi sevməyi və qiymətləndirməyi öyrətmək xüsusilə vacibdir”, - deyə B.Mumcu bildirib. 

Stend ziyarətçiləri üçün Azərbaycanın aparıcı nəşrlərinin respublikanın tarixi, dövlətçiliyinin inkişaf mərhələləri və mədəniyyəti ilə bağlı nəşrləri ilə tanış olmaq imkanı təqdim edilib.

Dekabrın 8-dək davam edəcək sərginin təşkilatçıları Türkiyənin hər yerindən ən azı 500 min kitabsevərin iştirak edəcəyini proqnozlaşdırırlar.

 

“Ədəbiyyat və incəsənət”

(30.11.2024)

 

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektorunun, Şəki-Zaqatala  Regional Mədəniyyət İdarəsinin və Oğuz İntellektual Oyun Klubunun birgə təşkilatçılığı  ilə "Yaşıl  dünya   naminə  həmrəylik  ili" ilə əlaqədar  Oğuz  rayon  Mədəniyyət   Mərkəzində  Oğuzun  mədəniyyət  müəssisələrində  çalışan  mədəniyyət  işçiləri  arasında bilik  yarışı keçirilmişdir.

 

 

Yarışda I yeri Oğuz rayon Heydər Əliyev Mərkəzinin "Birlik" komandası, II yeri Oğuz 7 illik Uşaq Musiqi Məktəbinin "Gənc musiqiçilər" komandası, III yeri isə Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin "Günəş" komandası tutmuşdur.

Qalib komandalar diplomlarla təltif olunmuşlar.

 

“Ədəbiyyat və incəsənət”

(30.11.2024)

 

 

 

Mədəniyyət naziri Adil Kərimli noyabrın 29-da Xırdalan şəhərində vətəndaşlarla görüşüb. 

“Ədəbiyyat və incəsənət” portalına Mədəniyyət Nazirliyindən verilən məlumata görə, görüşdən əvvəl Adil Kərimli və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ümummilli Liderin Xırdalan şəhərindəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Abşeron rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşdə nazir Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib. Vətəndaşlar əsasən mədəniyyət sahəsi ilə təkliflər, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyərək qaldırılan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Qəbulda şəhid ailələri və qazilərin qeyd etdikləri məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.