Super User
Yaxşı ki, tamaşalarda xeyr şər üzərində qələbə çalır - ŞƏKİDƏ TEATR FESTİVALI BAŞLAYIR
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Azərbaycan teatrından danışanda ilk olaraq yada böyük Mirzə Fətəli Axundov və onun dünyaya gətirən Nuxa (Şəki) düşür. Söhbətimiz Axundov barəsində olmasa da teatr və Şəki barəsindədir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi və iştirakı ilə Şəkidə IV Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək. Festival Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illik yubileyinə həsr olunur.
Beynəlxalq festivalda müxtəlif ölkələrdən təşrif buyuran və yerli teatrlar öz tamaşaları ilə təmsil olunacaq.
1-5 dekabr tarixlərində davam edəcək festivalın açılış günündə Şəki Dövlət Dram Teatrı görkəmli ingilis dramaturqu Uilyam Şekspirin "Heç nədən hay-küy" romantik komediyası əsasında səhnələşdirilmiş tamaşanı təqdim edəcək.
Premyerası olacaq tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, sonetlərə yazılmış mahnıların bəstəkarı Xatirə Orucova, musiqilərin oranjimançısı Firudin Allahverdi, baletmeysteri Çingiz Novruzəliyevdir.
Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Arzu Mustafayeva, Aytac İsmayılzadə, Rəşid Mirizadə, Pərviz İsmayılov, Çingiz Novruzəliyev, Rəsul Məmmədrəhimov, Fərahim Fətəliyev, Rəşad Rüstəmov, Elvin Mabudov, Nazilə İmamhüseynova, Nərmin Abbasova, İlkin Rüstəmov, Qurban Rəsulov, Azad Məmmədov və digərləri ifa edirlər.
Tamaşada orta əsrlər dövründə İtaliyada zadəgan ailələr, əyanlar, onların başına gələn romantik hadisələrdən bəhs edilir. Əsas mövzu dostluqdan, xəyanətdən, sevgidən və xeyrin şər üzərində qələbəsindən ibarətdir.
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)
Məmnuniyyətlə sizi sərgiyə dəvət edirik!
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Toğrul Nərimanbəyovdan sonra nar simvolikasına müraciət edən tanıdığım ikinci rəssamdır Validə Əliyeva. Bu möcüzəvi, sirli-sehirli meyvənin vətəni olmağımızı rəngkarlığa daşımağımız əlbəttə ki, çox önəmlidir.
Bir xəbəri məmnuniyyətlə sizinlə bölüşürəm: dekabrın 2-si, saat 19:00-da Üzeyir Hacıbəyli küçəsində qərarlaşaşan Rus Evində ilk dəfə rəssam Validə Əliyevanın (Validə Əsəd) “Mənim dünyam” adlı fərdi sərgisi açılacaq.
Rəssam dəfələrlə Azərbaycanda keçirilən sərgilərdə və müxtəlif ölkələrdə onlayn müsabiqələrdə iştirak edib. Diplomları və sertifikatları var. Müəllifin əsərləri xarici və şəxsi kolleksiyalarda saxlanılır.
Validə Əsəd Azərbaycan Rəssamlar İttifaqının, Aktiv Rəssamlar Assosiasiyasının “Tahayul Art” rəssamlar qrupunun üzvüdür.
Validə Əsədin dünyasında nə var: rəng kontrastı, milli kolorit və işıq.
Bunlar da bu ağ-qara dünyamızda çox vacib elementlərdir.
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)
BİR SUAL, BİR CAVAB İqbal Nəhmət ilə
DOST QÜSURU BARƏDƏ
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
"Qüsur axtarırsan, bütün aynalar sənin." ( Mövlanə)
Dəyərli Yazarımız, yaxın dostumuzun qüsurunu onu incitmədən necə söyləməliyik?
Olub ki, qüsuru deyib peşman olmusunuz?
CAVAB
-Mən bütün dostlarıma əgər qüsurları varsa, birbaşa deməyi xoşlayıram və deyirəm də. Məni çox səmimi qəbul edirlər, çünki dostluqda çox etibarlı olduğumu yaxşı bilirlər.
Mən dostlarımı seçmirəm, onlar məni seçirlər.
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)
Şair İlyas Tapdığın 90 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
Bu il Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, şair, Prezident təqaüdçüsü İlyas Tapdığın 90 illik yubileyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şairin həyat və yaradıcılığına həsr olunan elektron məlumat bazası yaradılıb.
“Ədəbiyyat və incəsənət” portalı kitabxanaya istinadən xəbər verir ki, kitabxananın rəsmi saytında yerləşdirilən bazada görkəmli şəxslərin İlyas Tapdığa dair söylədikləri dəyərli fikirlər, Xalq şairi Zəlimxan Yaqubun onun haqqında qələmə aldığı “Ustad şairə dost təbriki” adlı məqalənin tam mətni, şairə həsr olunan kitab və dövri mətbuat nümunələrinin siyahısı təqdim edilir. Elektron bazada İlyas Tapdığın məcmuələrdə, dövri mətbuatda çıxan şeir, məqalə və müsahibələri, əsərləri, məsləhətçisi, tərtibçisi olduğu, redaktə etdiyi kitabların, sözlərinə yazılan not əsərlərinin siyahısı ilə yanaşı, şairə həsr edilən şeirlərin tam mətni də yer alır.
“İlyas Tapdıq - 90” adlı elektron bazada “İzonəşrlər”, “Filmoqrafiya”, “Foto və video qalereya” bölmələri də mövcuddur.
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)
Avstraliyanın Melburn şəhərində Azərbaycan musiqisi gecəsi keçirilib
Avstraliya İttifaqının Melburn şəhərində Azərbaycan musiqilərindən ibarət konsert proqramı təqdim olunub.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, konsert “AYTAY” musiqi qrupunun rəhbəri Aslan Şərifi tərəfindən təşkil edilib.
Tədbirdə soydaşlarımızla yanaşı, əcnəbilər də daxil olmaqla 350 nəfərə yaxın qonaq iştirak edib.
Konsertdə Emin Sabitoğlu, Cahangir Cahangirov, Tofiq Quliyev, Ramiz Mirişli kimi Azərbaycan bəstəkarlarının musiqiləri səsləndirilib, “AYTAY”ın rəqs qrupu tərəfindən milli rəqslərimiz nümayiş olunub. Konsert Rəşid Behbudovun “Azərbaycan” mahnısı ilə yekunlaşıb.
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)
Rəsm qalereyası: Tahir Salahov, Fikrət Əmirovun portreti
Fırca, boya və kətan dühası
Könül, “Ədəbiyyat və incəsənət”
Azərbaycan görkəmli yazarlar, bəstəkarlar və rəssamlar yetişdirib. Hər birindən üç ad çəkək - Nizami, Füzuli, Səməd Vurğun; Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov; Toğrul Nərimanbəyov, Tahir Salahov, Səttar Bəhlulzadə!
Bu gün Tahir Salahovun - yaradıcılığı və ictimai fəaliyyəti ilə xalqına, incəsənətimizə dəyərli töhfələr vermiş böyük sənətkarın, Azərbaycan və Rusiyanın Xalq rəssamının, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvünün, Dövlət mükafatı laureatının anadan olmasından tam 96 il ötür. 100 illik yibikeyinə də bir şey qalmadı.
Tahir Salahovun əsərləri təkcə bizim incəsənətinin deyil, həm də dünya təsviri sənətinin inciləri sırasındadır. Çoxşaxəli yaradıcılığa malik rəssamın əsərləri inanımaz xüsusiyyətlərə malikdir.
Onun hər bir işi - portreti, mənzərəsi, peyzajı insanı düşündürür.
Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində dünyaya göz açıb. Atası 1937-ci il repressiyasının qurbanlarından olduğundan rəssamın uşaqlıq illəri çətin keçib. Bəlkə də, uşaqlıqda çəkdiyi çətinlik və iztirablar onun həm istedadlı rəssam, həm də əsl insan kimi formalaşmasında birbaşa rol oynayıb.
T.Salahov 1951-ci ildə Bakıda Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1957-ci ildə isə Surikov adına Rəssamlıq İnstitutunu bitirib. Rəssamın əsərləri dünya təsviri incəsənətinin humanist inkişafına böyük təsir göstərib.
Rəssamın yaradıcılığında görkəmli yeri həm də Azərbaycan neftçilərinə həsr etdiyi təsvirlər tutur. T.Salahovun neftçilərə həsr etdiyi ən möhtəşəm əsərlərindən biri diplom işi olan “Növbədən qayıdanlar” tablosudur. (Sondakı şəkillərə bax). Əsərin yaranma tarixi çox maraqlıdır. T.Salahov Surikov adına Rəssamlıq İnstitutunda oxuyarkən Moskvada hind filmlərinə maraq artmışdı. Bəlkə də, Hindistana qarşı yaranan ümumi maraq diplom praktikası üçün institut tələbələrinin bu ecazkar ölkəyə ezam edilməsinə səbəb olmuşdu. T.Salahov da digər tələbə yoldaşları kimi Hindistana getməli idi. Lakin ən son anda atasının “xalq düşməni” olması onun səfərinə mane olur. Bu zaman T.Salahov diplom işinin mövzusu üçün doğma Bakıya, Neft Daşlarına gəlir. Beləliklə, rəssam iki ay müddətində Neft Daşlarında neftçilərlə birgə yaşayır. Onlarla birgə yeyib-içir, Abşeronu gəzir, Xəzərə tamaşa edir və artıq təsvir edəcəyi tablonu gözü önündə canlandırır. Rəssam gördüklərini – Xəzərin duzlu, köpüklü ləpələrini, üzərində uçan ağ qağayıları, ləpələri coşduran güclü küləyini və ən əsası enerjili cavan insan təəssüratını öz tablosunda əks etdirməyə can atır. İki aydan sonra əsərini yaratmaq üçün Moskvaya qayıdır. Lakin diplom işini çəkmək üçün institutda boş emalatxana olmadığından tələbələr özlərinə ayrı məkan tapırdılar. Salahov da belə məktəblərdən birində emalatxana tapır. Lakin məktəbdə yaradıcılıq üçün şərait yox dərəcəsində idi. Müdafiəyə bir ay qalmış institutda emalatxanalardan biri boşalır. T.Salahov həmin emalatxanaya köçür və burada diplom müdafiəsinə bir həftə qalmış tablosunu yaratmağa başlayır. Bu vaxta qədər isə Salahovun kətanı boş imiş. İmtahan komissiyası onun işinə baxanda tablonu boş görür və onun işindən narazı qalır. Lakin 2-ci dəfə komissiya üzvləri emalatxanaya gələndə gözlərinə inana bilmirlər. Onların qarşısında möhtəşəm tablo canlanırdı. Onun diplom işi gözləniləndən daha çox uğur qazanır və keçmiş sosialist ölkələrində keçirilən sərgilərdə ən göz önündə olan əsərə çevrilir.
Bəli, dahi rəssam beləcə şöhrətlənir.
T.Salahovun əsərləri dünyanın bir çox muzey və qalereyalarının salonlarını bəzəməkdədir. Xüsusən də Tretyakov qalereyasında rəssamın bir çox əsərləri nümayiş olunur. Onlardan “Vyana stulu ilə natürmort”, “Nar gülləri ilə natürmort”, “Aydan”, “Bəstəkar D.Şostakoviçin portreti” və s. adları çəkmək olar.
Rəssamın növbəti yaradıcılıq uğuru ümumbəşəri mahiyyət kəsb edən “Sənə, Bəşəriyyət” əsəri ilə bağlıdır. 1961-ci ildə sənətsevərlərin ixtiyarına verdiyi bu monumental əsərə görə Salahov ilk fəxri ada - Əməkdar incəsənət xadimi adına layiq görülür (Sondakı şəkillərə bax).
Üçüncü uğurlu işinə keçək.
Ötən əsrin 50–60-cı illəri sənətkarın yaradıcılığı üçün çox məhsuldar və uğurlu mərhələ olur. “Sənə, Bəşəriyyət” tablosundan sonra da rəssamın uğurlarının ardı-arası kəsilmir. O, 1962-ci ildə hazırda Tretyakov qalereyasında saxlanılan “Bəstəkar Q.Qarayevin portreti”nə görə gümüş medal mükafatına layiq görülür. (Sondakı şəkillərə bax)
Mütləq şəkildə qeyd edək ki, dövlət qayğısı göstərilən rəsaam saysız-hesabsız mükafatlara sahibdir. Fırça ustası keçmiş Sovet İttifaqının ən yüksək təltifləri və ordenlərinə layiq görülüb, Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə” ikinci və üçüncü dərəcəli ordenlərinə, müstəqil Azərbaycanın ali mükafatı olan “İstiqlal” və “Heydər Əliyev” ordenlərinə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallarına və mükafatlarına layiq görülüb.
2018-ci il 90 illik yubileyi ərəfəsində Prezident İlham Əliyev Azərbaycan təsviri sənətinin inkişafında xüsusi xidmətlərinə görə Tahir Salahovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib. Eyni zamanda, sənətkarın 90 illiyi münasibətilə silsilə sərgilər açılıb.
Xalq rəssamı 2021-ci ilin mayın 21-də vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)
“Şairin leşi – kasıbın bəxti, yaltaq quzu və barışıq” - Seyran Səxavətin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Seyran Səxavətin hekayəsi təqdim edilir.
Uşaq vaxtı kənddə-kəsəkdə çalağanların, quzğunların başına yığışdığı leş görmüşəm - at, eşşək, tülkü, çaqqal leşi - ancaq şair leşi görməmişəm - and olsun, yeri-göyü yaradan Allaha ki, görməmişəm.Əgər kimsə şair leşi görübsə, mənə zəng eləsin, söhbət eləyək; mənim mobil nömrəm: 050-313-13-28-dir.
Mən şair leşi görməsəm də, onu təxminən, bilirsiniz, nəyə bənzədirəm? Kasıbın bəxtinə... Elə diqqət etsəniz, kasıbın bəxti də şairin leşinə oxşayır. Ancaq bu cümlələri oxuyan bir ağıllı məndən soruşsa ki, görmədiyin şeyi nə təhər oxşadırsan, boğazım quruyacaq, cavab verə bilməyəcəm, qalacam gözlərimi döyə-döyə...
Sən də çox dərinə gedirsən, eee... bəlkə heç soruşan olmadı... Soruşan olsa da, olmasa da, mənə elə gəlir ki, oxşayır...ancaq oxşadanı yoxdu, oxşadanı...
Vağzalda taksidən düşüb ətrafa boylanmaq istəyirdim ki, nə təhər üstümə cumdusa, əgər o təhərlə mənə toxunsaydı, kəllə-mayallaq olmuşdum. Məni qucaqlayıb nə təhər sıxdısa, suyum çıxdı.
- Qardaşım xoş gəlib, səfa gətirib... Bu gün hardan doğub belə, ay Allah?
Əlini qoltuq cibinə salıb eynəyini çıxartdı, tələsik gözünə taxıb məni başdan-ayağa süzdü:
- Hə...sənsən...sənsən...doğrudan, sənsən...
O üzümdən, bu üzümdən marçıldadanda ətrafına boylandı, yəni ki, görürsünüz də, mən kiminlə öpüşürəm...
İki daşın arasında onun məndən həmişə necə gileyli olduğu qulağımda cingildədi: - "Elə hey deyillər dostun ordan keçdi, dostun burdan keçdi...Noolar, ay vicdansız, bir dəfə də biz tərəfdən keçəsən ...bir bizim də qapını açasan..."
Bir-birimizə böyük ərkimiz var, halal-hümmət...İkimiz də Bakıda ali təhsil almışıq, o, Politexnik İnstitutunda, mən Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetində. Birinci kursun əvvələrində filarmoniyanın çayxanasında bir-birimizə quşumuz qonmuşdu, tanış olmuşduq, əl vermişdik. İndiki kimi yadımdadı, gülməli də olsa, deyəcəm, mən ona əl uzadıb dedim:
- Gənc şair... Seyran... Seyran Xanlarov...
Onda hələ Seyran Səxavət deyildim... Və qoltuq cibimdən dörd qatladığım "Azərbaycan gəncləri" qəzetini çıxardıb "Bizim arx" şeirini göstərdim:
- Özüm yazmışam, - dedim.
Qəzeti alıb şeiri iki dəfə oxuyandan sonra dedi:
- Qəşəng şeirdi...
Sonra da adını dedi:
- Mənim də adım Həmiddi, Həmid.
Elə şirin idi ki... Lap bal kimi.
O vaxt filarmoniyanın çayxanasında tanış olanda ikimizin otuz altı yaşı vardı - əlli-əlliyə. İndi isə, yenə bayaqkı kimi desək, ikimizin səksən yaşı var - yenə əlli-əlliyə. O öz rayonunda çox tanınmış, hörmətli bir adam idi, mən də Azərbaycanda...
Bir-birimizə necə sarılmışdıqsa, bir də duyuq düşdük ki, camaat bizə baxır - elə bil, bir az da utanan kimi olduq; sizə zarafat gəlməsin, bayaqkı tərzdə desək, (əlli-əlliyə) qırx dörd il keçmişə qayıtmışıq - biz hələ yaxşı qurtarmışdıq.
Heç vaxt axırıncı tikəmizi bir-birimizdən əsirgəməmişdik - tələbə tikəsinin bərəkətini bir Allah bilir, bir də tələbə olanlar. Tələbə ilə Allahın oxşarlığına bax eee... O dövrün tələbələri hamısı bizim kimi idi, bir-birinə gözlərinin yağını yedizdirirdilər, aramızda fırtıq qapan cücələr civildəmirdi, görməmişəm.
Toylarımızda bir-birimizin sağdışı-soldışı olmuşuq, böyüklərimiz də bir-birini tanıyır, onları kiçiklər - biz tanış eləmişik; doğulduğumuz, göz açdığımız kəndlərin arası üç yüz kilometrdən bir az çox olsa da, xeyirimiz-şərimiz bir olub.
Bu məişət hoqqalarından kənara çıxıb dilimin yanmasından qorxmadan onu da kişi kimi dilimə gətirərdim ki, bir-birimizdən ötrü həmişə darıxmışıq və bu, bizə bir-birimizdən qopmağa imkan verməyib, biz də qopmamışıq. Heç birimizin yalanla tanışlığı yoxdu... olmayıb...
Biz üç qardaş olmuşuq - mən, Həmid, Həqiqət... Heyif ki, bizdə Həqiqət adını qızlara veririk... Bu baxımdan biz iki qardaş, bir bacıyıq... Bəlkə də buna görə bir az acıyıq... Bizim kimilərə ətiacı deyirlər... Deməli, adam əti yeyən adamlar da var. Yoxsa, onlar bizim ətimizin acı olduğunu hardan bilirlər, hə?! Adamyeyənlər...
...Həmid elə gen-bol hal-əhval tutdu ki... Kiçik ailəmi, böyük ailəmi... Elə bil ki, uzaq olsun, otuz yeddinci ildi və ona xüsusi tapşırıq verilib ki, bu nəsli-kökü tam araşdır, gör nə var, nə yox - bax, heylə...Həmidi özüm kimi, özümü də Həmid kimi yaxşı tanıdığıma görə dedim:
- Qaqa, birinci gedək ağbirçəyi-ağsaqqalı görək... çünki nə sənə etibar var, nə də mənə... bir də gördün...hə...sonra hara deyirsən, gedək, nə deyirsən, eliyək.
Razılaşdıq.
Həmidgildən çıxıb onun xidməti "Qaz-24-Volqa" maşınına oturanda atası da, anası da bir ağızdan dedilər:
- Axşam evimizə gələrsən, haaa!..Doyunca söhbət eliyərik...
Ağzım nəydi ki, onların sözündən çıxam - Həmid olsaydı, nə vardı?
"Həmid olsaydı, nə vardı?.." deyəndə ki... O mənim üçün on səkkiz yaşlı tələbə Həmid idi - ancaq mənim üçün; kişinin oğlunun tabeliyində üç yüzdən artıq adam işləyirdi, hamısı da "yetmiş ikinci millət" - şoferlər - sizə zarafat gəlməsin, avtobazanın rəisi idi, sözü hər yerdə keçirdi. Əlqərəz, yuxarıda dediyim yetmiş ikinci millətin lideri idi.
Bir-iki gündən sonra təbiət mayın axırına çıxacaqdı, buraların yaxşı vaxtıydı. Açığı, bu yerlərin üzünü ağ edən iki nəfər idi - aprel və may. Və bu da bir həqiqət idi; Həmidin, mənim bacımız Həqiqət yox haa...elə bu üç nöqtənin biri boyda həqiqət.
Dolaylarda dolana-dolana gəlib mənzil başına, daha doğrusu, hadisə yerinə çatdıq. "Hadisə yeri" sözləri bilməzdən, təsadüfən dilimə gəlmişdi. Ancaq sən demə, bu, təsadüf deyilmiş və burda hadisə oldu. Hadisə olandan sonra buranı hadisə yeri adlandırmağı kimsə bizə qadağan edə bilməzdi. Ancaq ağlıma da gəlməzdi ki...
Bura "böyük təpə" də demək olar, məsələn, Qarabağda Məngələnata təpəsi kimi, kiçik bir dağ da demək olar və heç kəs də təəccüblənməz. Burdan baxanda, rayon mərkəzi - yaşıllıqlar içinə qərq olub batan evlər ovucun içindəki kimi görünürdü. Bu kiçik dağınmı, böyük təpəninmi deyək, yamacındakı yeməkxana elə bil ki, tikili deyildi, sanki bir ağac kimi burda bitmişdi - elə yaraşırdı ki...
Hündür boylu, qırx-qırx beş yaşlarında yaraşıqlı bir oğlan qabağımıza yeriyib "xoş gəldin" elədi, Həmidlə əl görüşüb təəccüblə mənə baxdı, elə bil nə isə tərəddüd elədi, yalnız Həmid him-cim eləyəndən sonra mənə də əl verdi:
- Xoş gəlmisiniz, həmişə siz gələsiniz. Sizi televizorda görmüşəm. Həmid sizin haqqınızda çox danışıb, çoox...
Özümdən asılı olmayaraq çönüb Həmidin üzünə baxdım - elə bil ekran idi və orda yazılmışdı ki, "gözünün içinə qədər yalan deyir." Sonra bu "ekran"a ikinci görüntü gəldi, "ekran" tutqunlaşdı, əsəbiləşdi - şərhsiz. Üçüncü görüntüdə isə belə yazılmışdı: "Sən niyə hirslənirsən ee, adamdı dəə, yerini şirin eləyir" və sonra televizorun ekranı söndü, ora may günəşinin işığı düşdü; işıq o qədər güclü idi ki, artıq orda yazılanı oxumaq mümkün deyildi...
Keçib əyləşdik. Dünya şöhrətli Hollandiya rəssamı Van Qoq kasıbçılıq ucbatından ən çox sarı rənglə işlədiyi kimi, təbiətin ən böyük rəssamlarından olan may ayı da harınlıqdan ən çox yaşıl rənglə işləyirdi. Bu yaşıllığın tən ortasında bülbüllərin yoxluğu sinəsinə yatan bir Qaratoyuq səsini başına atıb elə zəngulələr vururdu ki, deyirsən bəs, oxuyan yaşıl torpağın özüdü. Qaratoyuq bu yumşaq qu tükü kimi yaşıllığın içində qara yırtıq kimi görünürdü və adam bu qara yırtıqdan vahiməyə düşürdü. Birdən elə bildim ki, Qaratoyuq mənim fikirləşdiklərimi eşidir, təkrar edirəm, e-şi-dir. Quşlardan nə desən, çıxar, axı adamlara baxanda onlar Allaha daha yaxındırlar... və Qaratoyuqdan utandım... Qaratoyuq neynirdi ki... oxuyurdu da... ancaq mənim Qaratoyuqdan utandığımdan heç kəsin xəbəri olmadı, heç Qaratoyuğun özünün də...heç Həmidin də...
- Nə fikrə getmisən yenə, qardaş? - Həmid üzümə baxdı və sualının cavabını gözləmədən: - nə yaxşı gəldin, evdəkilər də çox sevindi, - dedi.
- Elə mən də sevindim... Gör eee, axırıncı dəfə görüşdüyümüz yadımnan çıxıb, - dedim.
- Mənim yadımdadı... - Həmid əlini çiynimə qoydu.
- Nə vaxt görüşmüşük?
- Özün tap, - Həmidin elə bil ki, tərsliyi tutmuşdu.
- Demirsən, heç demə, - Mən onun tərsliyini vecimə almadım, - Yoldaş Hacıyev demişkən, "100 qram vuran kimi yadımıza düşəcək". Heç sən də bilmirsən, deyəsən...
Söhbətin yönünü başqa tərəfə dəyişmək istədim. Elə dəyişdim də...
- Həmid...
- Nə var?
- Həmid, səndən bir söz soruşacam... ancaq düzünü de... deyəndə də gözümün içinə baxarsan.
- Baş üstə, böyük sənətkar, - Həmid ona verəcəyim sualı dinləməyə əməlli-başlı hazırlıq görürmüş kimi özünü yığışdırdı.
- Həmid, rüşvət alırsan?
Həmid gözümün qabağında itdi - o, özünü tamam itirmişdi.
Həmid gözümün qabağında peyda oldu, o, özünü tapmışdı.
- Nəyə görə soruşursan ki? - Həmid gözünü gözlərimə zilləmişdi.
- Soruşuram də , dedim, - bilmək istəyirəm ki, dostum nə yuvanın quşudu...
Həmidin qaşları əvvəlcə çatıldı, sonra hər biri qayıdıb öz əvvəlki anadangəlmə yerində bərqərar olandan sonra gülümsəyib dedi:
- Kişi kimi deyim?
- Hə...kişi kimi de!
- Kişilik elə maa qalıb? - Həmid sağ əli ilə sinəsinə toxundu.
- Hə... - dedim, - kişilik sənə qalıb... Sənə, mənə, ona, bizə, sizə, onlara...
- Lap qrammatika dərsinə oxşadı, eyy...
- Ay Həmid, niyə uzadırsan axı... Sözün biri "hə"di, biri "yox"du...
- Gəl, belə eliyək də... qabağcan öz sualına özün cavab ver... mən sonra deyim. Özü də nə var, onu deyəcəm.
- Məən...
- Hə... sən... - Həmid iki ayağını bir başmağa dirədi.
- Ay avara, - dedim,- hansı başı xarab yazıçıya rüşvət verər? Hə?
- Gəl, onda belə danışaq, - Həmid başqa bir istiqamət götürdü, - əgər sənə rüşvət verən olsa, alardın?
- Həmid...
- Hay can...
- Burcutma də.... almısan, yoxsa, yox?
- And olsun, kəsdiyimiz çörəyə ki, zorunan almamışam...veriblər...hə... Mən də onların qəlbini sındırmamışam... almışam...
- Deməli, sən rüşvətxor olmağına rüşvətxorsan... ancaq, necə deyərlər, humanist rüşvətxorsan də...
- Ay sağ ol... Mən rüşvət alarkən, həmişə bir olan Allah şahiddir ki, humanizm prinsiplərini əldə rəhbər tutmuşam, - Həmid həvəslə davam elədi, - İnsan olan kəs heç vaxt insanın qəlbini sındırmamalıdır. Bu, çox böyük günahdı, - bir az da səsinə əzəmət verdi, - qəbahətdi, qardaşım, qəbahət...
Həmid dediklərinə özü inana-inana bir az da irəlilədi:
- Bir Allah şahiddi ki, mənim aldığım rüşvət heç vaxt "şirinlik" səviyyəsindən bir millimetr də yuxarı qalxmayıb. Şirinlik... şirinlik insanları bir-birinə bağlayan şeydi, - o, əllərini bir-birinə daraqlayıb az qala gözümə soxdu, - bax, belə...
- Bura bax, Həmid...
- Hay can,- o, sözümün dalını ağzımdaca vurdu.
- Həmid, məni dolamısan, hə?..
- Nə danışırsan, qardaş, səni dolayan sənin gününə düşsün, - Həmidin səsində və üz-gözündə şirin, ərkyanə bir hikkə də gözümə dəydi, - dolamaq nədi, ağzım əyilər... sən mənim ürəyimsən... Səni başa salmaq istəyirəm ki, rüşvət, indiki halda şirinlik, həyatımızın rəhnidir. Hə... şirinlik, insanlar arasında ünsiyyət deməkdi. İnsan ünsiyyətsiz necə yaşaya bilər?!. Bayquş kimi tək qalar... təklənər... qapısını bir kimsə açmaz, badi-səbadan qeyri...
- Həmid, sən zarafat eliyirsən, yoxsa...
- Zarafat-zad belə ciddi söhbət vaxtı heç nəyə yaramayan bir şeydi.
Həmid yavaş-yavaş öz parlaq nitqi və gözəl məntiqi ilə məni də öz tərəfinə sürüyürdü. O, zarafatla ciddiliyin arasında sanki oyun çıxarırdı. Zarafatla ciddiliyin arası indiki halda ətlə dırnağın arası qədər olardı. Və Həmidin orada şirin-şirin meydangirlik etməsi mənə möcüzə kimi gəlirdi. Bax, bu möcüzə ilə üzbəüz dayandığım halda Həmiddən soruşdum:
- Yaxşı, yaxşı...başa düşdüm, başa düşdüm... Qoy olsun şirinlik, ünsiyyət, humanizm... olsun... İndi bir sualıma cavab ver...
Belə anlarda Həmid həmişə mənim sözümü kəsirdi, halbuki buna heç bir ehtiyac yox idi.
- Eşidirəm, sualını ver, - dedi.
- Bax, o deyirsən ee, şirinlik, şirinlik... Bu şirinliyin məbləğini deyə bilərsən neçə manatdı?
- O baxır hansı şirinliyə... onun qradusuna... dərəcəsinə...
- Necə yəni baxır şirinliyə... - dedim, - dərəcəsinə...
- Qardaş, hər şeyin bir qanun-qaydası var də... Gedib oturmusunuz Bakıda, buralardan xəbəriniz yoxdu... A kişi, ay qardaş, ay tovariş, - gülmək Həmidi tutmuşdu,- şirinliyin üç növü var, üç cür şirinlik var, hərəsinin də öz məzənnəsi var.
- Həmid...
O yenə sözümü kəsdi:
- Bir dayan görək, qonağımız gəlir.
Həmidin onsuz da gözü yolda qalmışdı, elə hey o tərəfə boylanırdı; tələsik ayağa durub, özü demişkən, qonağın qabağına yeridi:
- Xoş gəldin, qardaş, xoş gəldin... Gəl çıx də... sarfamız qarışdı axı.
Həmid onun qoluna girib mənim yanımda otuzduran kimi dedi:
- Tanış olun.
Gələn adam mənə əl verib gülə-gülə (bu, gülməkdən daha çox hırtıldamağa oxşayırdı) dedi:
- Bu boyda rayonun prokuroru, yoldaş Qulamov... Ha-ha-ha-haaa.
Mən ağzımı açmaq istəyirdim ki, rayon prokuroru yoldaş Qulamov ağzımı yumdu:
- Sizin özünüzü təqdim etməyə ehtiyac yoxdu, canım, - birbaşa keçdi "sən"ə, - Səni yaxşı tanıyırıq. ha...ha...haaa... Üç-dörd gün əvvəl televiziyadakı çıxışına baxdım, - çönüb Həmidə baxdı,- yaman dedi müəllim, ləzzət elədi...
Həmid günahkar kimi gözlərini döyəclədi:
- Mən baxmamışam. Sonra eşitdim ki, çıxış eliyib. Nə dedi ki? - yoldaş Qulamova üz tutdu:
- Əşşi, yaman dedi ee... Nə təhər güldümsə, barmağımı kəssələr, xəbərim olmazdı...Deməli, müəllim ağzını açıb danışan kimi aparıcı deyir: "Seyran müəllim, ora mənim yaralı yerimdi. "Müəllim nə deyirsə, aparıcı qız deyirdi: "Seyran müəllim, ora mənim yaralı yerimdi." Müəllim gözünə döndüyüm də yüngülvari əsəbiləşib dedi ki, ay qız, bayaqdan nə deyirəmsə, deyirsən ki, ora mənim yaralı yerimdir. Ağzımı açmağa qoymursan... yaralı yerimdi, yaralı yerimdi... Sənin heç bir salamat yerin yoxdur? Nə təhər pıqqıldadımsa...Ondan sonra aparıcı qız özünü yığışdırdı...hə...
- Necə xəbərim olmayıb, ee.. - Həmid peşmanlığını bildirdi...
Mən yoldaş Qulamovun sifətinə, gözaltı da olsa, nə qədər diqqətlə baxdımsa, orda heç nə oxuya bilmədim. Onun sifəti mənim orta məktəbdə oxuduğum illərdəki qaralama dəftərinə oxşayırdı. Bir sual məni şapalağın altına salandan sonra təpikləyirdi əməlli-başlı. Yoldaş Qulamovun gülməyi sir-sifətində görünmək bilmirdi, ancaq səsindən bilirdin ki, bu adam gülür. "Görəsən, yoldaş Qulamov həqiqətən, mənim televiziyada aparıcı qıza dediyim sözlərə gülüb... yoxsa, mənə xoş gəlmək üçün belə deyir, həə?
- Yoldaş Qulamov, doğrudan, mən dediklərimə gülürdünüz? - soruşdum.
- Güldün də sözdü?.. Əvvəlcə arvad qəhqəhə çəkib güldü...hə...mən də qoşuldum ona...hə...
Deyirəm axı, havayı yerə dalağım sancmayıb ...deməli, düz sübhələnmişəm; onlar demişkən, şübhəli şəxs qismindəydi yoldaş Qulamov. Burasını da boynuma alım ki, yoldaş Qulamovun sifəti mənə çox tanış gəlirdi, elə bil ki, bu sifəti dəfələrlə görmüşdüm. Ancaq nə bir billah eləyirdimsə, yadıma sala bilmirdim və yaddaşımın belə tez xarab olması, korşalması məni yaman əsəbiləşdirirdi:
"Sənə çox lazımdır ki, bu pəzəvəngi harda görmüşəm, hə? Nəyinə lazımdır... Kişinin oğlu bayaqdan neçə dəfə deyib ki, sənin gəlişinə çox şad oldum".
- Həmid deyəndə ki, dostum gələcək, dedim, bura bax, hey, bizi görüşdürməsən, səni rayondan çıxardaram. Sağ olsun, o da söz verdi ki, mütləq görüşdürəcəm, sağ olsun.
Mən rahatlıq tapdım və rahatlıq məni valideyn uşağın əlinə şirniquş verib sakitləşdirən kimi yerbəyer elədi; indi öz yerimdə idim, adam öz yerində olanda elə bilir ki, bütün dünya qu tükü kimidi - yumşaq... Qu quşlarının tüklərini diri-diri yolub yer üzünə səpmişdilər. Qu quşları üşüyürdü... və bu heç kimin vecinə deyildi...
- Ay müəllim, nə yaman fikrə getmisən? - rayon prokuroru yoldaş Qulamov guruldadı, amma yağmadı, yəqin ki, bir azdan həm də yağar.
- Yox... nə fikrə gedəcəm ki... yox... Allaha şükür, dostumun yanındayam, - dedim, - qırmızıca yalan dedim, amma nə Həmid, nə də rayon prokuroru yoldaş Qulamov bu yalanın rəngini görmədi. Və inandılar, inandılar ki, mən fikrə-zada getməmişəm, elə buralardayam.
Onlara qoşuldum:
- Həmid, - dedim, - günorta yeməyinin vaxtıdı...amma bu boyda yeməkxanada heç kim yoxdu, - təəccübüm sir-sifətimdən şorhaşor tökülürdü.
Həmid dedi:
- Yoldaş Qulamov belə məsləhət gördü, - çevrilib yoldaş Qulamova baxdı və dedi ki, özümüz olsaq yaxşıdı, bu boyda kişi Bakıdan durub bizə qonaq gəlib... Bəs bizim kişiliyimizə nə gəlib? Yəni bir restoran da bağlatdıra bilmərik?
Rayon prokuroru yoldaş Qulamov çönüb mənə baxdı, mənə elə gəldi ki, deyəsən, məndən bir təşəkkür gözləyirdi. Mən onu çox gözlətmədim və onun xatırlaya bilmədiyim sifətinə irişməklə kifayətləndim. Deyəsən, o da narazı qalmadı.
Bayaqdan restoranın müdiri üç dəfə gəlib ki, yoldaş Qulamov, ürəyiniz nə istəyirsə, deyin, bişirək. Gördüm ki, yoldaş Qulamov restoran müdirinin bu get-gəlindən həzz alır, canına sarı yağ kimi yayılır, ancaq dördüncü dəfə gələndə bezdi:
- Bir şey lazım olsa, deyərik... get...
- Baş üstə, göz üstə, yoldaş Qulamov...
Təndirdə qızardılmış əmlik quzunu qədim bir məcməyidə gətirib stolun üstünə qoydular.
- Mələməmiş quzudu... - yoldaş Qulamov dedi, - hələ dil açmamışdı, - əlavə elədi.
Mən yenə bayaqkı kimi irişməli oldum, elə irişdim də... Və mənə elə gəldi ki, bu mələməmiş, dil açmamış quzu özünü dünyanın ən xoşbəxt quzusu hesab eliyir ki, onun ətindən rayon prokuroru yoldaş Qulamov da yeyəcək. Yaltaq insan çox görmüşdüm, ancaq yaltaq quzu görməmişdim... Əgər heyvanlar da yaltaqlıq eləyirsə, demək, ya dünyanın axırıdı... ya da ki axıra bir şey qalmayıb... üç-dörd addım... üç-dörd qarış... üç-dörd...
- Müəllim, ürəyin nə istəyir, denən, bişirtdirək... - Rayon prokuroru yoldaş Qulamov restoran müdirinin ona verdiyi sualı üzü mənə tərəf doğrayıb tökdü və çönüb qədim məcməyinin içindəki qıpqırmızı qızardılmış nakam və yaltaq quzuya elə baxdı ki, deyəsən, lap ağzının suyu axdı.
Mən üçüncü dəfə irişdim və hiss elədim ki, deyəsən, irişmək rayon prokuroru yoldaş Qulamova azlıq eləyir, o qədər də sinəsinə yatmır; odur ki, dedim:
- Yox... yox... Nə danışırsınız, çox sağ olun. Hər şey əladı. Sağ olun... Sağ olun...
Bu sözləri dilimə gətirdim, ikisi də eşitdi, ancaq özüm eşitmədim. Mənə elə gəldi ki, yavaş-yavaş restoran müdirinə və Həmidə oxşayıram... Bu nakam və yaltaq quzuya oxşayıram ...və yer ayağımın altından qaçdı, havada yellənə-yellənə qaldım...
Rayon prokuroru yoldaş Qulamov növbəti dəfə guruldadı, elə yağdı da:
- Götürün, vuraq ee, müəllim... Bu yaxınlarda sizin şairlərdən biri azıb-təzib gəlmişdi bura... nə təhər içirtdimsə, leşini maşına basıb göndərdim düz Bakıya... Götür, götür...
Bayaqdan mağıl havada yellənə-yellənə qalmışdım, rayon prokuroru yoldaş Qulamovun bu gurultusu, dalınca da yağması yelləndiyim kəndiri kəsdi və düşdüm dərənin dibinə, görən də olmadı... Ancaq sonuncu hərəkətimi rayon prokuroru yoldaş Qulamovdan, dostum Həmiddən başqa, uzaqdan durub oğrun-oğrun bizə tamaşa eləyən restoran müdiri də gördü: mən ayağa durdum, əlimdəki araq dolu rumkanı qıpqırmızı qızardılmış nakam və yaltaq quzunun ayaq üstə dayandığı qədim, böyük məcməyiyə çırpıb ordan uzaqlaşdım və dəli kimi üzü aşağı, Bakı yoluna tərəf yol aldım. Bu, getməkdən, yeriməkdən daha çox, şumerlərin kəşf etdiyi təkər kimi diyirlənməyə oxşayırdı - Mən bu enişi getmirdim, diyirlənirdim.
Diyirlənə-diyirlənə gəlib çıxdım prokuror, yoldaş Qulamovun işlədiyi rayondan çoxlu yoldaş prokuror işləyən gözəl paytaxtımız Bakıya gedən yolun üstünə. Rayon prokuroru yoldaş Qulamov heç vaxt mənim dalımca gəlib məni geri qaytarmağa cəhd eləməzdi, daha doğrusu, özünə sığışdırmazdı, eşidən-bilən nə deyərdi? Həmid də onu gözəlcə bilirdi ki, mən haqlı olduğumu biləndə dədəm də gəlsə, xeyri yoxdu. Əslində isə bu, tərslik deyildi, dərslik idi - ehtiyacı olan adamlara dərs vermək, onlara adam balası olmağın yolunu göstərmək; onlar adam balası olacaq, ya olmayacaq, bu, qalır onların qeyrətinə - adam balası olmaq qeyrət məsələsidir.
Neçə maşına əl qaldırdım, heç birisi saxlamadı. Mən də elə bilirdim məni tanıyırlar, məşhuram. Qanımın qaralığı üzümə çıxmışdı. Bu iki daşın arasında rayon prokuroru yoldaş Qulamovun sifətini harda gördüyümü xatırladım, dəqiq yadıma düşdü: qonşumuzdakı qəssabın üstündə ət doğradığı kötük... Həə... deyirəm axı, mən bu sifəti hardasa görmüşdüm də... Göz yaddaşım çox güclüdü...
Görəsən, rayon prokuroru yoldaş Qulamovun bərk içirtdikdən sonra maşına basıb Bakıya göndərdiyi şair də mənim yerimə olsaydı, belə hərəkət eləyərdi? Mənim kimi araq dolu rumkanı qızardılmış nakam və yaltaq quzunun ayaq üstə dayandığı qədim, böyük məcməyiyə çırpıb çıxıb gedərdi?...Yoxsa, yoldaş Qulamovu yola verərdi? Bərk inandım ki, leşi maşına basılıb Bakıya göndərilən şair də mənim yerimə olsaydı, belə eliyərdi, inanmasaydım, daha doğrusu, özümü inandırmasaydım, çatlayardım ortamdan, qalardım rayon prokuroru yoldaş Qulamovun işlədiyi rayondan Bakıya gedən yolun ortasında... Ancaq kimsə içimə bir şübhə toxumu da atmışdı, içimdəki toxum yavaş-yavaş cücərmək istəyirdi - mən bilən, bu toxumu mənim içimə rayon prokuroru yoldaş Qulamov atmışdı, təkcə ondan şübhələnirəm, Həmiddən şübhələnəsi deyiləm ki?... Ancaq imanımdan da muğayat olmalıyam - imanım Allah əmanəti...
Bir anlıq mənə elə gəldi ki, əl qaldırdığım maşınlar mənim yanıma çatanda sürəti bir az da artırırdılar və bu, mənə qəribə gəlirdi - qorxurdular ki, yanımdan keçəndə maşının qapısını açıb özümü içəri dürtərəm? Nə bilim, vallah, adamlardan nə desən, gözləmək olar və bu, mənə gülməli gəldi...
Mən öz işimi görürdüm, böyrümdən şütüyüb keçən maşınlar da öz işini: mən əlimi qaldırırdım ki, "saxla", onlar da yanımdan keçib gedirdilər ki, "saxlamırıq".
Bir də gördüm, ot yüklənmiş bir üçtəkərli motosiklet gəlir. Əlacım kəsilmişdi, yeridim motosikletin qabağına, əlimin ikisini də qaldırdım:
- Saxla, saxla...
O da saxlayıb səsini atdı başına:
- Ay qardaş, məni xataya salmaq istəyirsən? Məni evdə on iki uşaq gözləyir, ee...
- Neçə uşaq?
- On iki...
- Allah saxlasın, ay maşallah...
Motosiklet sürən könülsüz, "xalaxətrinqalmasın" dedi:
- Allah sizinkiləri də saxlasın. - Yəni sən mənim balalarıma alqış eləyirsən, mən də səninkilərə...
- Sağ ol, - dedim.
- Sən də sağ ol, - dedi və barışdıq.
Təzə tanışımın sifəti mənə tanış gəlməsə də, sifətin tanış gəlməsinin birini gördük də - quşum qonmuşdu ona, nəsə bir doğmalıq hiss eləmişdim.
- Doğrudan, on iki uşağın var?
- On iki imam haqqı, - dedi.
- Sən on iki imam?
- Vallah, - gülümsündü, - and içəndə ki, and olsun, on ikisinin də canına, elə bilirlər, on iki imama and içirəm...
Mən onun tərkində oturmuşdum. Birdən motosikleti saxladı, düşdü, diqqətlə üzümə baxanda gördüm üz-gözündən nur tökülür. Ürəyimdən keçdi ki, görəsən, təzə tanışımın üz-gözündən tökülən nurdan ovuc-ovuc götürüb rayon prokuroru yoldaş Qulamovun üzünü yusan, bir şey çıxar? Nəyəsə oxşayar? Bu sualın cavabı bəndəlik deyil, ancaq Allah...
O, bir də məni başdan-ayağa süzəndən sonra dedi:
- Saa yaman quşum qonub, gedək bizə...bir az dincəl, sonra yola salaram, gedərsən Bakıya.
Təzə tanışımın darvazasından içəri girəndə gördüm ki, uşaqların səsi toyuq-cücənin səsinə qarışıb qeyri-adi bir xor "kapellası" yaratmışdı. Qızmış, lələklərini arxasında daraqlamış Həştərxan xoruzu da ortalıqda xoruzlana-xoruzlana bu xora qoşulurdu:
- Qur... qur... qur.. qur... qur.. qur... - solo oxuyurdu.
Rayon mərkəzində kənd həyatı, bütün dəm-dəstgahıynan. Deməli, mənim təzə tanışım əsl kəndçi idi - təpədən-dırnağa. O, samovara od saldı, ancaq stəkana qənd salmadı, hələ tez idi - alışdırdı, sonra maşa gətirib qarışdırdı, arvadı - yarı evdə idi, küsüb getməmişdi ki, kimsə gəlib onları barışdırsın...
Əvvəl çay dəstgahı gəldi - bütün kənddə-kəsəkdə olduğu kimi; sonra həyət çolpasından çığırtma, yanında da sağdışı-soldışı, tut arağı, bulaq suyu. Bir şüşə tut arağını əl-ələ verib içdik, üstündən dədə-baba qrafinkasıynan bir bulaq suyu...
Təzə tanışımın həyətində torpaq qaynayırdı - torpağı bahar qaynadırdı. Çay dəstgahı qabaqlar radioda verilən muğam dəstgahı qədər uzanmışdı. Denən, bu üç saatda mənim təzə tanışım bircə dəfə də olsa, soruşdu ki, ay qonaq, kimsən, nəçisən, hardan gəlib hara gedirsən? Ay tövbə, bir kəlmə də. Üç saatdan çoxdu ki, bir yerdəyik, evində oturub kişinin çörəyini yeyirəm, adımı da bilmir, heç mən də onun adını bilmirəm, o deməyib, mən də soruşmamışam.
Təzə tanışımın on iki uşağından yeddisi oğlan idi, beşi qız. Yeddi qardaş bir bacı söhbəti burda işə yaramırdı, burda yeddi qardaş, beş bacı söhbəti kök atmışdı...
Çay və yemək dəstgahından sonra uşaqlarınan görüş dəstgahı başladı; məlum oldu ki, on iki uşağın hamısının arasında bir yaş fərq var; uşaqların tən yarısı, yəni altısı əkiz olaraq dünyaya gəlib, yerdə qalan altısı isə tək-tək. Yəni əkizlər o gəlişatı pozublar - onların arası on-on beş dəqiqə çəkib. Və o da məlum oldu ki, oğlanların beşi polis, biri məhkəmə, biri isə prokuror olmaq istəyir. Qızlardan isə üçü müəllim olmaq istəyir, ikisi isə uşaq bağçasının müdiri - bax, sosial istək belə idi. İnşallah. Allah qismət eləsin...
Vaxt keçirdi, Bakıya getməli idim. Yeni tanışımın uşaqlarının on ikisini də tut ağacının altında sıraya düzüb, bir-bir öpərək sağollaşdım. Evin xanımına da təşəkkür edib, motosikletə əyləşdim və tırıldaya-tırıldaya avtovağzala tərəf götürüldük. Motosikletin tırıltısı kəsilən kimi biz avtovağzala çatdıq. Motosikletdən düşmədən yeni tanışıma dedim:
- Al bunu, mənim vizit kartımdır... Burada adım, iş yerim, ev telefonum, iş telefonum hamısı yazılıb. Nə vaxt Bakıya yolun düşsə, gəl görüşək.Yaxşımı?
- Yaxşı, yaxşı... Allah qoysa, - təzə tanışım dedi.
- Bəs sənin adın nədir? - Mən soruşdum.
- Adım Həmiddi...
- Həə? - Təəccübləndim,- Həmid?
- Hə... nədi ki?
- Heç, elə-belə... dostumun adıdı, - mən dedim.
- Lap yaxşı, - elə bil ki, dostumun adının Həmid olması təzə tanışımın ürəyincə olmadı - mənə elə gəldi...
- Yaxşı, Həmid, demədin nə işlə məşğulsan? - Bundan sonra təzə tanışım yox, Həmid deyəcəm.
- Mən...mən taksidə işləyirəm...taksi.., "Volqa" maşınında bir gün mən işləyirəm, bir gün də smenşikim - iki nəfərik...
Dostum Həmid gəlib durdu gözümün qabağında, nədənsə başını qaldırıb üzümə də baxmadı; mən də fikirləşdim ki, baxmır, dünəndən baxmasın, heç baxmasın.
- Həmid, sizdə avtobazada hamının smenşiki olur?
- Yox, o baxır adamına... - Taksi Həmid dedi.
- Yaxşı. Avtobazanın müdiri sənin on iki uşaq atası olmağını niyə nəzərə almır? O müdir kimdi, haralıdı?
- Öz rayonumuzdandı... Onun da adı Həmiddi... Adaşıq...
- Həmid, adaşın nə təhər adamdı? - Mən soruşdum.
- Belə baxanda, pis adam deyil. Başqaları ilə müqayisədə insaflı adamdı... Siz oturun, mən indi gəlirəm,- taksi Həmid dedi və getməyiynən qayıtmağı bir oldu. - Bax, o göy taksi Bakıya işləyir, üç adamı var. Siz də qabaqda oturacaqsınız, rahat gedərsiniz.
Göy maşına yaxınlaşanda taksi Həmid əlindəki tor zənbili mənə tərəf uzadıb dedi:
- Apar uşaqlara, üç-dörd dənə kənd çolpasıdı, arvad tez-tələsik pöşdədi, yoldu, tərtəmizdi.
- Ay Həmid, nə xəcalət verirsən axı?..
- Xəcalətdi sənin istəmədiklərin olsun, - dedi Həmid və o saat rayon prokuroru yoldaş Qulamovun ət taxtasına oxşayan, yox, ət taxtasının özü kimi olan sifəti gözümün qabağında dalğalandı. Elə bil ki, gözlərimə tüstü üfürdülər...
Taksi Həmidlə iyirmi ilin dostu kimi qucaqlaşıb ayrıldıq, köhnə dostlar kimi bir-birimizə əl elədik. Təzə tanışlar kimi yox... köhnə dostlar kimi. Avtobazanın rəisi, iyirmi illik dostum, qardaşım Həmidin gözündən iraq... Gecə saat on ikiyə beş-on dəqiqə qalmış evə çatan kimi arvad dedi ki, Həmid bayaqdan üç-dörd dəfə zəng eləyib, deyir, nigaranam.
Əlimdəki tor zənbili arvada verdim:
- Al... kənd çolpalarıdı...Həmid verdi, - doğrudan da, Həmid vermişdi, intəhası, arvadın tanıdığı Həmid yox, mənim təzə tanıdığım, yəni yalan yox idi.
- Nə yaxşı, Həmid səni belə tez buraxdı, onnan çıxmayan iş?
- Sabah işdə olmalıyam, çox dirəşdi, ancaq...
- Həmidgil nə təhərdilər?
Arvad dördtərəfli hal-əhval tutdu, hamısını yazsam, gərək bir-iki vərəq də uzadam; mən də qısaltmağı sevən adam, düz gəlməz.
Telefon zəng çaldı, rayon zəngi idi. Arvad telefona tərəf gedəndə dedim:
- Bizimkilər olsa, hə. Həmid olsa, yorulub yatıb...
Arvadın iri gözləri bir az da almalandı, təəccübləndi.
- Alo, Həmid qardaş, çox yorğun gəlmişdi, ayaq üstə yuxulayırdı, getdi yatmağa...Dedi, mən evdə yoxam... Oldu...oldu...oldu...hamıya salam de...
Səhərisi günün axşamı yenə rayon zəngləri, yenə Həmid, yenə "mən evdə yoxam". Axırda məcbur olub arvada hər şeyi bitdə-bitdə danışdım. Arvad da çox narahat və diqqətlə qulaq asandan sonra qətnamə çıxardı ki, Həmidin əməllərində heç bir antiinsani tərkib olmadığına görə günahkar hesab edilməsin və onun haqqında ərinin qəlbində başlanan narazılıqlar işinə xitam verilsin. Bax, belə...
Arvadın sözü, söhbəti ancaq bu mövzudaydı, özü də bitib-tükənmək bilmirdi. Bu söhbət artıq "dığ-dığ" səviyyəsində idi; axırda bezdim:
- Mən ancaq bir şərtlə barışaram! - dedim, - başqa heç nə məni onunla əvvəlki ünsiyyətə qaytara bilməz. - Əlimi də yüngülvari stola çırpdım ki, ağrımasın.
- Yazıq deyir ki, düzdür, mənim də günahım var...ancaq nə desə, razıyam. Atamgil də mənə ağzına gələni dedilər, abrımı ətəyimə bükdülər ki, bu nə məsələdirsə, arqac sənnən keçib, axı o söz vermişdi ki, gecə gəlib bizdə qalacaq, doyunca söhbət edəcək. Nooldu bəs?
- Bircə şərtim var, - dedim.
- Buyurun, görək, - arvad lap "Vaqif" pyesindəki söhbətə bənzətdi.
- Avtobazanın rəisidi. Onun bir işçisi var, onun da adı Həmiddi, taksi şoferidi. Düz.. nə az, nə çox, on iki uşağı var. Bir köhnə taksi verib ona, özü də yanına bir smenşik də verib, bir gündən bir işləyir. Bax, həmin o Həmidə təzə bir taksi versin, özü də qəmişsiz - smenşik olmasın. Ondan sonra onnan barışaram.
- Eliyər, eliyər... o hər şeyə hazırdı, - arvad çox arxayın görünürdü.
Mən əlavəmi də etdim:
- Özü də ona deynən ki, mən dediklərimi eləməyincə zəng-zad eləməsin.
- Deyərəm, zəng eləməz, - arvadın arxayınlığı üstündəydi.
İki ay yarım Həmidin zəngləri baş-beynimizi aparmadı. Mən fikirləşirdim ki, taksi Həmidin məsələsini müdir Həmid, yəqin çoxdan göndərib tarixin gözəgörünməz, qaranlıq arxivinə...
Axşam eyvanda arvadla çay içirdik; yenə rayon zəngi. Bizdə telefon dəstəyini hər zaman arvad götürür:
- Alo... bəli...bəli... oo, səni şad xəbər olasan, qoy görüm, bir dəyqə, - arvad dəstəyi yerə qoyub eyvana gəldi:
- Həmiddi, deyir ki, bacı, sənin dediklərini etdim, qəttəzə "Volqa", özü də tək... İndi nə deyirsən? - arvad elə sevinirdi ki...
- Ona deynən ki, deyir, inanmıram, qoy şofer Həmid uşaqlarını da yığsın maşına, gəlsin Bakıya, gözümnən görüm, onnan sonra hə...
- Eybi yoxdu, qardaş, - arvad dəstəyə üdüləyirdi, - buracan eləmisən, neynək, bunu da elə, görək, bundan sonra nə sözü olacaq.
Hiss elədim ki, arvadla dostum Həmid mənim təklifim barədə razılığa gəldilər, düzü, mən də bir az sakitləşdim...
İki gündən sonra şofer Həmid uşaqların yarısını təzə iş yerinə - "Volqa"ya yığıb gəlmişdi bizə. Yazığın uçmağa qanadı yox idi.
- Şirinlik verdin? - mən şofer Həmidin gözünün içinə zilləndim.
- Hə..apardım evinnə...atlı xalça idi...Üç metrin metr yarıma.. hə...nə qədər elədim, götürmədi.
- Nə dedi götürmədi? - soruşdum.
- Dedi, apar sat.
Mən onun sözünü kəsdim:
- Dedi, apar sat, pulunu gətir? - gözlərim böyüdü.
- Yoox...Dedi, apar sat, uşaqlara əyin-baş al.
Deyirlər ki, bütün müharibələrin axırı sülhnən qurtarır; mən də deyirəm ki, bütün küsənlər axırda barışıllar. Mənnən yazmaqdı... İnanan inansın, inanmayan lap dünənnən inanmasın - heç vecimə də deyil...
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)
Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü – NƏYİMİZ VAR?
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Sabahkı 30 noyabr gününün təqvimi barədə ətraflı sizə məlumat verdim. Amma Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününü özüm qəsdən saxladım ki, bu gün barədə ayrıca danışım. Kibercinayətlər baş alıb gedir, dövlətlər bir-birinə kibermüharibələr elan edir. Demək, bu gün barədə ayrıca danışmağa dəyər.
Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü 1988-ci il noyabrın 30-dan qeyd olunur. Məhz həmin ilin noyabrında universitetlər, elmi-tədqiqat institutları və hərbi idarələr də daxil olmaqla ARPANET-in minlərlə qovşağını sıradan çıxaran ilk kompüter virusu meydana gəldi və nəhəng itkilərə səbəb oldu. Yaradıcısının adı ilə “Morris soxulcanı” adlandırılan bu virusun vurduğu ziyan təxminən 100 milyon dollar həcmində qiymətləndirilirdi. “Morris soxulcanı” göstərdi ki, informasiya təhlükəsizliyi həqiqətən də çox ciddi məsələdir və insanlar tərəfindən böyük səylər və müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Buna görə də dünya ictimaiyyəti informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşmanın zəruriliyi haqqında ciddi düşünməyə başladı. 1988-ci ildə Kompüter avadanlığı üzrə Amerika Assosiasiyası 30 noyabrı Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü elan etdi. İnformasiya Təhlükəsizliyi Günü çoxdan istifadə olunan parolların yeniləşdirilməsi, sistemdə virusların mövcudluğunun yoxlanması, arxivləşdirilmə işləri, lazımsız informasiyanın silinməsi, vacib informasiyaların mühafizə səviyyəsinin auditi, kompleks təhlükəsizliyin və digər bu kimi tədbirlərin həyata keçirilməsi, ictimaiyyətin diqqətinin artırılması, müvafiq qurumların və mütəxəssislərin məsuliyyətinin xatırlanması və ümumiyyətlə, bir monitorinq günüdür.
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)
30 noyabr - Ev heyvanları günü, Ətək günü və Uinston Çörçil günüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Sabah noyabrın, həmçinin payızın son günüdür. Sabaha təsadüf edən tarixi hadisələridiqqətinizə çatdırıram:
Ev heyvanları günü
Antuan de Sent-Ekzüperi deyib ki, “Əhlilləşdirdiklərin üçün cavabdehsən”. Yəni ki, insan oğlu, vəhşi təbiətdə özü üçün azad yaşayırdı da heyvanlar, quşlar, onları gətirib həyət-bacana salıb özünə köməkçi etməmisənmi, eləmisən. Birinə yük daşıdıb, birinə qapını qorumağı tapşırıb, birindən süd, birindən yumurta, birindən yun alıb, o birilərini kəsib ətini yemək üçün sıraya düzməmisənmi, düzmüsən. Di zəhmət çək, onların əziyyətini da çək, yeməyini, suyunu ver, isti damla, tövlə ilə təmin elə, azarlayanda dava-dərmanlarını kəsmə. Hətta bu gün, onların bayramında onları işlətməkdən vaz keçmək, onlara desert yedizdirmək də olar.
Beynəlxaq “Şəhərlər yaşamaq tərəfdarlarıdırlar” günü
1786-cı ilin bu günündə Toskan hersoqluğunun (hazırkı Cənubi İtaliya ərazisində yerləşən birvaxtkı dövlət) kralı Petr Leapold Qabsburq tarixdə ilk dəfə Avropa ölkəsində ölüm hökmünü ləğv edib. Məhz buna görə də bu gün “ölüm yox, yaşamaq” şüarının bərqərar edilməsinə bir işarədir.
Mikrofon, top, kinoaparat
Beynəlxalq ətək günü. Geyim dizaynerlərinin bayramıdır. Xanımları onlar yeni ətəklərlə sevindirəcəklər, xanımlar da bu ətəklərdən geyəcəklər. İtaliyada regional Toskana festivalı, Dubayda xatirə, Ukraynada silahlı qüvvələr, Benində milli dövlət, ABŞ-da milli mussa (təbii ki, yemək növüdür) günüdür.
“Mən səni çox sevdim” mahnısını dönə-dönə dinləyən sevən gənclər, 1980-ci ilin bu günündə bu mahnını oxuyan məşhur türk müğənnisi Cem Adrian doğulub; Futbolumuz bərbad gündə olsa belə tarixdə elə futbolçularımız var ki, onları xatırlamamaq cinayət sayılar. Məsələn, Professor təxəllüslü Musa Qurbanovu. O Musa Qurbanovu ki, pley-meyker kimi heç də Zidandan, Del Pyerodan, Platinidən geri qalmırdı, sadəcə, Azərbaycan futbolunda batıb qalmışdı deyə həmin səviyyəyə yüksələ bilməmişdi. 1964-cü ilin bu günündə doğulub Musa Qurbanov; 1939-cu ilin bu günündə SSRİ Finlandiyaya hücum edib. 1939-cu ildə alman ixtiraçısı, kino çəkmək üçün qurğunu kəşf edən Maks Skladovski vəfat edib. 1936-cı ildə amansız yanğın Londondakı ümumdünya əhəmiyyətli Büllür sarayı yandırıb kül edib. 1874-cü ildə Britaniyanın ən məşhur dövlər xadimlərindən biri –Uinston Çörçil doğulub. 1767-ci ildə Qulliver obrazının yaradıcısı, irland yazıçı Conatan Svift dünyaya gəlib. 1508-ci ildə Qərb sivilizasiyası tarixindəki ən nüfuzlu memar hesab edilən Andrea Palladio doğulub.
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)