Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Seyran Səxavətin hekayəsi təqdim edilir.

 

Uşaq vaxtı kənddə-kəsəkdə çalağanların, quzğunların başına yığışdığı leş görmüşəm - at, eşşək, tülkü, çaqqal leşi - ancaq şair leşi görməmişəm - and olsun, yeri-göyü yaradan Allaha ki, görməmişəm.Əgər kimsə şair leşi görübsə, mənə zəng eləsin, söhbət eləyək; mənim mobil nömrəm: 050-313-13-28-dir.

Mən şair leşi görməsəm də, onu təxminən, bilirsiniz, nəyə bənzədirəm? Kasıbın bəxtinə... Elə diqqət etsəniz, kasıbın bəxti də şairin leşinə oxşayır. Ancaq bu cümlələri oxuyan bir ağıllı məndən soruşsa ki, görmədiyin şeyi nə təhər oxşadırsan, boğazım quruyacaq, cavab verə bilməyəcəm, qalacam gözlərimi döyə-döyə...

Sən də çox dərinə gedirsən, eee... bəlkə heç soruşan olmadı... Soruşan olsa da, olmasa da, mənə elə gəlir ki, oxşayır...ancaq oxşadanı yoxdu, oxşadanı...

Vağzalda taksidən düşüb ətrafa boylanmaq istəyirdim ki, nə təhər üstümə cumdusa, əgər o təhərlə mənə toxunsaydı, kəllə-mayallaq olmuşdum. Məni qucaqlayıb nə təhər sıxdısa, suyum çıxdı.

- Qardaşım xoş gəlib, səfa gətirib... Bu gün hardan doğub belə, ay Allah?

Əlini qoltuq cibinə salıb eynəyini çıxartdı, tələsik gözünə taxıb məni başdan-ayağa süzdü:

- Hə...sənsən...sənsən...doğrudan, sənsən...

O üzümdən, bu üzümdən marçıldadanda ətrafına boylandı, yəni ki, görürsünüz də, mən kiminlə öpüşürəm...

İki daşın arasında onun məndən həmişə necə gileyli olduğu qulağımda cingildədi: - "Elə hey deyillər dostun ordan keçdi, dostun burdan keçdi...Noolar, ay vicdansız, bir dəfə də biz tərəfdən keçəsən ...bir bizim də qapını açasan..."

Bir-birimizə böyük ərkimiz var, halal-hümmət...İkimiz də Bakıda ali təhsil almışıq, o, Politexnik İnstitutunda, mən Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetində. Birinci kursun əvvələrində filarmoniyanın çayxanasında bir-birimizə quşumuz qonmuşdu, tanış olmuşduq, əl vermişdik. İndiki kimi yadımdadı, gülməli də olsa, deyəcəm, mən ona əl uzadıb dedim:

- Gənc şair... Seyran... Seyran Xanlarov...

Onda hələ Seyran Səxavət deyildim... Və qoltuq cibimdən dörd qatladığım "Azərbaycan gəncləri" qəzetini çıxardıb "Bizim arx" şeirini göstərdim:

- Özüm yazmışam, - dedim.

Qəzeti alıb şeiri iki dəfə oxuyandan sonra dedi:

- Qəşəng şeirdi...

Sonra da adını dedi:

- Mənim də adım Həmiddi, Həmid.

Elə şirin idi ki... Lap bal kimi.

O vaxt filarmoniyanın çayxanasında tanış olanda ikimizin otuz altı yaşı vardı - əlli-əlliyə. İndi isə, yenə bayaqkı kimi desək, ikimizin səksən yaşı var - yenə əlli-əlliyə. O öz rayonunda çox tanınmış, hörmətli bir adam idi, mən də Azərbaycanda...

Bir-birimizə necə sarılmışdıqsa, bir də duyuq düşdük ki, camaat bizə baxır - elə bil, bir az da utanan kimi olduq; sizə zarafat gəlməsin, bayaqkı tərzdə desək, (əlli-əlliyə) qırx dörd il keçmişə qayıtmışıq - biz hələ yaxşı qurtarmışdıq.

Heç vaxt axırıncı tikəmizi bir-birimizdən əsirgəməmişdik - tələbə tikəsinin bərəkətini bir Allah bilir, bir də tələbə olanlar. Tələbə ilə Allahın oxşarlığına bax eee... O dövrün tələbələri hamısı bizim kimi idi, bir-birinə gözlərinin yağını yedizdirirdilər, aramızda fırtıq qapan cücələr civildəmirdi, görməmişəm.

Toylarımızda bir-birimizin sağdışı-soldışı olmuşuq, böyüklərimiz də bir-birini tanıyır, onları kiçiklər - biz tanış eləmişik; doğulduğumuz, göz açdığımız kəndlərin arası üç yüz kilometrdən bir az çox olsa da, xeyirimiz-şərimiz bir olub.

Bu məişət hoqqalarından kənara çıxıb dilimin yanmasından qorxmadan onu da kişi kimi dilimə gətirərdim ki, bir-birimizdən ötrü həmişə darıxmışıq və bu, bizə bir-birimizdən qopmağa imkan verməyib, biz də qopmamışıq. Heç birimizin yalanla tanışlığı yoxdu... olmayıb...

Biz üç qardaş olmuşuq - mən, Həmid, Həqiqət... Heyif ki, bizdə Həqiqət adını qızlara veririk... Bu baxımdan biz iki qardaş, bir bacıyıq... Bəlkə də buna görə bir az acıyıq... Bizim kimilərə ətiacı deyirlər... Deməli, adam əti yeyən adamlar da var. Yoxsa, onlar bizim ətimizin acı olduğunu hardan bilirlər, hə?! Adamyeyənlər...

...Həmid elə gen-bol hal-əhval tutdu ki... Kiçik ailəmi, böyük ailəmi... Elə bil ki, uzaq olsun, otuz yeddinci ildi və ona xüsusi tapşırıq verilib ki, bu nəsli-kökü tam araşdır, gör nə var, nə yox - bax, heylə...Həmidi özüm kimi, özümü də Həmid kimi yaxşı tanıdığıma görə dedim:

- Qaqa, birinci gedək ağbirçəyi-ağsaqqalı görək... çünki nə sənə etibar var, nə də mənə... bir də gördün...hə...sonra hara deyirsən, gedək, nə deyirsən, eliyək.

Razılaşdıq.

Həmidgildən çıxıb onun xidməti "Qaz-24-Volqa" maşınına oturanda atası da, anası da bir ağızdan dedilər:

- Axşam evimizə gələrsən, haaa!..Doyunca söhbət eliyərik...

Ağzım nəydi ki, onların sözündən çıxam - Həmid olsaydı, nə vardı?

"Həmid olsaydı, nə vardı?.." deyəndə ki... O mənim üçün on səkkiz yaşlı tələbə Həmid idi - ancaq mənim üçün; kişinin oğlunun tabeliyində üç yüzdən artıq adam işləyirdi, hamısı da "yetmiş ikinci millət" - şoferlər - sizə zarafat gəlməsin, avtobazanın rəisi idi, sözü hər yerdə keçirdi. Əlqərəz, yuxarıda dediyim yetmiş ikinci millətin lideri idi.

Bir-iki gündən sonra təbiət mayın axırına çıxacaqdı, buraların yaxşı vaxtıydı. Açığı, bu yerlərin üzünü ağ edən iki nəfər idi - aprel və may. Və bu da bir həqiqət idi; Həmidin, mənim bacımız Həqiqət yox haa...elə bu üç nöqtənin biri boyda həqiqət.

Dolaylarda dolana-dolana gəlib mənzil başına, daha doğrusu, hadisə yerinə çatdıq. "Hadisə yeri" sözləri bilməzdən, təsadüfən dilimə gəlmişdi. Ancaq sən demə, bu, təsadüf deyilmiş və burda hadisə oldu. Hadisə olandan sonra buranı hadisə yeri adlandırmağı kimsə bizə qadağan edə bilməzdi. Ancaq ağlıma da gəlməzdi ki...

Bura "böyük təpə" də demək olar, məsələn, Qarabağda Məngələnata təpəsi kimi, kiçik bir dağ da demək olar və heç kəs də təəccüblənməz. Burdan baxanda, rayon mərkəzi - yaşıllıqlar içinə qərq olub batan evlər ovucun içindəki kimi görünürdü. Bu kiçik dağınmı, böyük təpəninmi deyək, yamacındakı yeməkxana elə bil ki, tikili deyildi, sanki bir ağac kimi burda bitmişdi - elə yaraşırdı ki...

Hündür boylu, qırx-qırx beş yaşlarında yaraşıqlı bir oğlan qabağımıza yeriyib "xoş gəldin" elədi, Həmidlə əl görüşüb təəccüblə mənə baxdı, elə bil nə isə tərəddüd elədi, yalnız Həmid him-cim eləyəndən sonra mənə də əl verdi:

- Xoş gəlmisiniz, həmişə siz gələsiniz. Sizi televizorda görmüşəm. Həmid sizin haqqınızda çox danışıb, çoox...

Özümdən asılı olmayaraq çönüb Həmidin üzünə baxdım - elə bil ekran idi və orda yazılmışdı ki, "gözünün içinə qədər yalan deyir." Sonra bu "ekran"a ikinci görüntü gəldi, "ekran" tutqunlaşdı, əsəbiləşdi - şərhsiz. Üçüncü görüntüdə isə belə yazılmışdı: "Sən niyə hirslənirsən ee, adamdı dəə, yerini şirin eləyir" və sonra televizorun ekranı söndü, ora may günəşinin işığı düşdü; işıq o qədər güclü idi ki, artıq orda yazılanı oxumaq mümkün deyildi...

Keçib əyləşdik. Dünya şöhrətli Hollandiya rəssamı Van Qoq kasıbçılıq ucbatından ən çox sarı rənglə işlədiyi kimi, təbiətin ən böyük rəssamlarından olan may ayı da harınlıqdan ən çox yaşıl rənglə işləyirdi. Bu yaşıllığın tən ortasında bülbüllərin yoxluğu sinəsinə yatan bir Qaratoyuq səsini başına atıb elə zəngulələr vururdu ki, deyirsən bəs, oxuyan yaşıl torpağın özüdü. Qaratoyuq bu yumşaq qu tükü kimi yaşıllığın içində qara yırtıq kimi görünürdü və adam bu qara yırtıqdan vahiməyə düşürdü. Birdən elə bildim ki, Qaratoyuq mənim fikirləşdiklərimi eşidir, təkrar edirəm, e-şi-dir. Quşlardan nə desən, çıxar, axı adamlara baxanda onlar Allaha daha yaxındırlar... və Qaratoyuqdan utandım... Qaratoyuq neynirdi ki... oxuyurdu da... ancaq mənim Qaratoyuqdan utandığımdan heç kəsin xəbəri olmadı, heç Qaratoyuğun özünün də...heç Həmidin də...

- Nə fikrə getmisən yenə, qardaş? - Həmid üzümə baxdı və sualının cavabını gözləmədən: - nə yaxşı gəldin, evdəkilər də çox sevindi, - dedi.

- Elə mən də sevindim... Gör eee, axırıncı dəfə görüşdüyümüz yadımnan çıxıb, - dedim.

- Mənim yadımdadı... - Həmid əlini çiynimə qoydu.

- Nə vaxt görüşmüşük?

- Özün tap, - Həmidin elə bil ki, tərsliyi tutmuşdu.

- Demirsən, heç demə, - Mən onun tərsliyini vecimə almadım, - Yoldaş Hacıyev demişkən, "100 qram vuran kimi yadımıza düşəcək". Heç sən də bilmirsən, deyəsən...

Söhbətin yönünü başqa tərəfə dəyişmək istədim. Elə dəyişdim də...

- Həmid...

- Nə var?

- Həmid, səndən bir söz soruşacam... ancaq düzünü de... deyəndə də gözümün içinə baxarsan.

- Baş üstə, böyük sənətkar, - Həmid ona verəcəyim sualı dinləməyə əməlli-başlı hazırlıq görürmüş kimi özünü yığışdırdı.

- Həmid, rüşvət alırsan?

Həmid gözümün qabağında itdi - o, özünü tamam itirmişdi.

Həmid gözümün qabağında peyda oldu, o, özünü tapmışdı.

- Nəyə görə soruşursan ki? - Həmid gözünü gözlərimə zilləmişdi.

- Soruşuram də , dedim, - bilmək istəyirəm ki, dostum nə yuvanın quşudu...

Həmidin qaşları əvvəlcə çatıldı, sonra hər biri qayıdıb öz əvvəlki anadangəlmə yerində bərqərar olandan sonra gülümsəyib dedi:

- Kişi kimi deyim?

- Hə...kişi kimi de!

- Kişilik elə maa qalıb? - Həmid sağ əli ilə sinəsinə toxundu.

- Hə... - dedim, - kişilik sənə qalıb... Sənə, mənə, ona, bizə, sizə, onlara...

- Lap qrammatika dərsinə oxşadı, eyy...

- Ay Həmid, niyə uzadırsan axı... Sözün biri "hə"di, biri "yox"du...

- Gəl, belə eliyək də... qabağcan öz sualına özün cavab ver... mən sonra deyim. Özü də nə var, onu deyəcəm.

- Məən...

- Hə... sən... - Həmid iki ayağını bir başmağa dirədi.

- Ay avara, - dedim,- hansı başı xarab yazıçıya rüşvət verər? Hə?

- Gəl, onda belə danışaq, - Həmid başqa bir istiqamət götürdü, - əgər sənə rüşvət verən olsa, alardın?

- Həmid...

- Hay can...

- Burcutma də.... almısan, yoxsa, yox?

- And olsun, kəsdiyimiz çörəyə ki, zorunan almamışam...veriblər...hə... Mən də onların qəlbini sındırmamışam... almışam...

- Deməli, sən rüşvətxor olmağına rüşvətxorsan... ancaq, necə deyərlər, humanist rüşvətxorsan də...

- Ay sağ ol... Mən rüşvət alarkən, həmişə bir olan Allah şahiddir ki, humanizm prinsiplərini əldə rəhbər tutmuşam, - Həmid həvəslə davam elədi, - İnsan olan kəs heç vaxt insanın qəlbini sındırmamalıdır. Bu, çox böyük günahdı, - bir az da səsinə əzəmət verdi, - qəbahətdi, qardaşım, qəbahət...

Həmid dediklərinə özü inana-inana bir az da irəlilədi:

- Bir Allah şahiddi ki, mənim aldığım rüşvət heç vaxt "şirinlik" səviyyəsindən bir millimetr də yuxarı qalxmayıb. Şirinlik... şirinlik insanları bir-birinə bağlayan şeydi, - o, əllərini bir-birinə daraqlayıb az qala gözümə soxdu, - bax, belə...

- Bura bax, Həmid...

- Hay can,- o, sözümün dalını ağzımdaca vurdu.

- Həmid, məni dolamısan, hə?..

- Nə danışırsan, qardaş, səni dolayan sənin gününə düşsün, - Həmidin səsində və üz-gözündə şirin, ərkyanə bir hikkə də gözümə dəydi, - dolamaq nədi, ağzım əyilər... sən mənim ürəyimsən... Səni başa salmaq istəyirəm ki, rüşvət, indiki halda şirinlik, həyatımızın rəhnidir. Hə... şirinlik, insanlar arasında ünsiyyət deməkdi. İnsan ünsiyyətsiz necə yaşaya bilər?!. Bayquş kimi tək qalar... təklənər... qapısını bir kimsə açmaz, badi-səbadan qeyri...

- Həmid, sən zarafat eliyirsən, yoxsa...

- Zarafat-zad belə ciddi söhbət vaxtı heç nəyə yaramayan bir şeydi.

Həmid yavaş-yavaş öz parlaq nitqi və gözəl məntiqi ilə məni də öz tərəfinə sürüyürdü. O, zarafatla ciddiliyin arasında sanki oyun çıxarırdı. Zarafatla ciddiliyin arası indiki halda ətlə dırnağın arası qədər olardı. Və Həmidin orada şirin-şirin meydangirlik etməsi mənə möcüzə kimi gəlirdi. Bax, bu möcüzə ilə üzbəüz dayandığım halda Həmiddən soruşdum:

- Yaxşı, yaxşı...başa düşdüm, başa düşdüm... Qoy olsun şirinlik, ünsiyyət, humanizm... olsun... İndi bir sualıma cavab ver...

Belə anlarda Həmid həmişə mənim sözümü kəsirdi, halbuki buna heç bir ehtiyac yox idi.

- Eşidirəm, sualını ver, - dedi.

- Bax, o deyirsən ee, şirinlik, şirinlik... Bu şirinliyin məbləğini deyə bilərsən neçə manatdı?

- O baxır hansı şirinliyə... onun qradusuna... dərəcəsinə...

- Necə yəni baxır şirinliyə... - dedim, - dərəcəsinə...

- Qardaş, hər şeyin bir qanun-qaydası var də... Gedib oturmusunuz Bakıda, buralardan xəbəriniz yoxdu... A kişi, ay qardaş, ay tovariş, - gülmək Həmidi tutmuşdu,- şirinliyin üç növü var, üç cür şirinlik var, hərəsinin də öz məzənnəsi var.

- Həmid...

O yenə sözümü kəsdi:

- Bir dayan görək, qonağımız gəlir.

Həmidin onsuz da gözü yolda qalmışdı, elə hey o tərəfə boylanırdı; tələsik ayağa durub, özü demişkən, qonağın qabağına yeridi:

- Xoş gəldin, qardaş, xoş gəldin... Gəl çıx də... sarfamız qarışdı axı.

Həmid onun qoluna girib mənim yanımda otuzduran kimi dedi:

- Tanış olun.

Gələn adam mənə əl verib gülə-gülə (bu, gülməkdən daha çox hırtıldamağa oxşayırdı) dedi:

- Bu boyda rayonun prokuroru, yoldaş Qulamov... Ha-ha-ha-haaa.

Mən ağzımı açmaq istəyirdim ki, rayon prokuroru yoldaş Qulamov ağzımı yumdu:

- Sizin özünüzü təqdim etməyə ehtiyac yoxdu, canım, - birbaşa keçdi "sən"ə, - Səni yaxşı tanıyırıq. ha...ha...haaa... Üç-dörd gün əvvəl televiziyadakı çıxışına baxdım, - çönüb Həmidə baxdı,- yaman dedi müəllim, ləzzət elədi...

Həmid günahkar kimi gözlərini döyəclədi:

- Mən baxmamışam. Sonra eşitdim ki, çıxış eliyib. Nə dedi ki? - yoldaş Qulamova üz tutdu:

- Əşşi, yaman dedi ee... Nə təhər güldümsə, barmağımı kəssələr, xəbərim olmazdı...Deməli, müəllim ağzını açıb danışan kimi aparıcı deyir: "Seyran müəllim, ora mənim yaralı yerimdi. "Müəllim nə deyirsə, aparıcı qız deyirdi: "Seyran müəllim, ora mənim yaralı yerimdi." Müəllim gözünə döndüyüm də yüngülvari əsəbiləşib dedi ki, ay qız, bayaqdan nə deyirəmsə, deyirsən ki, ora mənim yaralı yerimdir. Ağzımı açmağa qoymursan... yaralı yerimdi, yaralı yerimdi... Sənin heç bir salamat yerin yoxdur? Nə təhər pıqqıldadımsa...Ondan sonra aparıcı qız özünü yığışdırdı...hə...

- Necə xəbərim olmayıb, ee.. - Həmid peşmanlığını bildirdi...

Mən yoldaş Qulamovun sifətinə, gözaltı da olsa, nə qədər diqqətlə baxdımsa, orda heç nə oxuya bilmədim. Onun sifəti mənim orta məktəbdə oxuduğum illərdəki qaralama dəftərinə oxşayırdı. Bir sual məni şapalağın altına salandan sonra təpikləyirdi əməlli-başlı. Yoldaş Qulamovun gülməyi sir-sifətində görünmək bilmirdi, ancaq səsindən bilirdin ki, bu adam gülür. "Görəsən, yoldaş Qulamov həqiqətən, mənim televiziyada aparıcı qıza dediyim sözlərə gülüb... yoxsa, mənə xoş gəlmək üçün belə deyir, həə?

- Yoldaş Qulamov, doğrudan, mən dediklərimə gülürdünüz? - soruşdum.

- Güldün də sözdü?.. Əvvəlcə arvad qəhqəhə çəkib güldü...hə...mən də qoşuldum ona...hə...

Deyirəm axı, havayı yerə dalağım sancmayıb ...deməli, düz sübhələnmişəm; onlar demişkən, şübhəli şəxs qismindəydi yoldaş Qulamov. Burasını da boynuma alım ki, yoldaş Qulamovun sifəti mənə çox tanış gəlirdi, elə bil ki, bu sifəti dəfələrlə görmüşdüm. Ancaq nə bir billah eləyirdimsə, yadıma sala bilmirdim və yaddaşımın belə tez xarab olması, korşalması məni yaman əsəbiləşdirirdi:

"Sənə çox lazımdır ki, bu pəzəvəngi harda görmüşəm, hə? Nəyinə lazımdır... Kişinin oğlu bayaqdan neçə dəfə deyib ki, sənin gəlişinə çox şad oldum".

- Həmid deyəndə ki, dostum gələcək, dedim, bura bax, hey, bizi görüşdürməsən, səni rayondan çıxardaram. Sağ olsun, o da söz verdi ki, mütləq görüşdürəcəm, sağ olsun.

Mən rahatlıq tapdım və rahatlıq məni valideyn uşağın əlinə şirniquş verib sakitləşdirən kimi yerbəyer elədi; indi öz yerimdə idim, adam öz yerində olanda elə bilir ki, bütün dünya qu tükü kimidi - yumşaq... Qu quşlarının tüklərini diri-diri yolub yer üzünə səpmişdilər. Qu quşları üşüyürdü... və bu heç kimin vecinə deyildi...

- Ay müəllim, nə yaman fikrə getmisən? - rayon prokuroru yoldaş Qulamov guruldadı, amma yağmadı, yəqin ki, bir azdan həm də yağar.

- Yox... nə fikrə gedəcəm ki... yox... Allaha şükür, dostumun yanındayam, - dedim, - qırmızıca yalan dedim, amma nə Həmid, nə də rayon prokuroru yoldaş Qulamov bu yalanın rəngini görmədi. Və inandılar, inandılar ki, mən fikrə-zada getməmişəm, elə buralardayam.

Onlara qoşuldum:

- Həmid, - dedim, - günorta yeməyinin vaxtıdı...amma bu boyda yeməkxanada heç kim yoxdu, - təəccübüm sir-sifətimdən şorhaşor tökülürdü.

Həmid dedi:

- Yoldaş Qulamov belə məsləhət gördü, - çevrilib yoldaş Qulamova baxdı və dedi ki, özümüz olsaq yaxşıdı, bu boyda kişi Bakıdan durub bizə qonaq gəlib... Bəs bizim kişiliyimizə nə gəlib? Yəni bir restoran da bağlatdıra bilmərik?

Rayon prokuroru yoldaş Qulamov çönüb mənə baxdı, mənə elə gəldi ki, deyəsən, məndən bir təşəkkür gözləyirdi. Mən onu çox gözlətmədim və onun xatırlaya bilmədiyim sifətinə irişməklə kifayətləndim. Deyəsən, o da narazı qalmadı.

Bayaqdan restoranın müdiri üç dəfə gəlib ki, yoldaş Qulamov, ürəyiniz nə istəyirsə, deyin, bişirək. Gördüm ki, yoldaş Qulamov restoran müdirinin bu get-gəlindən həzz alır, canına sarı yağ kimi yayılır, ancaq dördüncü dəfə gələndə bezdi:

- Bir şey lazım olsa, deyərik... get...

- Baş üstə, göz üstə, yoldaş Qulamov...

Təndirdə qızardılmış əmlik quzunu qədim bir məcməyidə gətirib stolun üstünə qoydular.

- Mələməmiş quzudu... - yoldaş Qulamov dedi, - hələ dil açmamışdı, - əlavə elədi.

Mən yenə bayaqkı kimi irişməli oldum, elə irişdim də... Və mənə elə gəldi ki, bu mələməmiş, dil açmamış quzu özünü dünyanın ən xoşbəxt quzusu hesab eliyir ki, onun ətindən rayon prokuroru yoldaş Qulamov da yeyəcək. Yaltaq insan çox görmüşdüm, ancaq yaltaq quzu görməmişdim... Əgər heyvanlar da yaltaqlıq eləyirsə, demək, ya dünyanın axırıdı... ya da ki axıra bir şey qalmayıb... üç-dörd addım... üç-dörd qarış... üç-dörd...

- Müəllim, ürəyin nə istəyir, denən, bişirtdirək... - Rayon prokuroru yoldaş Qulamov restoran müdirinin ona verdiyi sualı üzü mənə tərəf doğrayıb tökdü və çönüb qədim məcməyinin içindəki qıpqırmızı qızardılmış nakam və yaltaq quzuya elə baxdı ki, deyəsən, lap ağzının suyu axdı.

Mən üçüncü dəfə irişdim və hiss elədim ki, deyəsən, irişmək rayon prokuroru yoldaş Qulamova azlıq eləyir, o qədər də sinəsinə yatmır; odur ki, dedim:

- Yox... yox... Nə danışırsınız, çox sağ olun. Hər şey əladı. Sağ olun... Sağ olun...

Bu sözləri dilimə gətirdim, ikisi də eşitdi, ancaq özüm eşitmədim. Mənə elə gəldi ki, yavaş-yavaş restoran müdirinə və Həmidə oxşayıram... Bu nakam və yaltaq quzuya oxşayıram ...və yer ayağımın altından qaçdı, havada yellənə-yellənə qaldım...

Rayon prokuroru yoldaş Qulamov növbəti dəfə guruldadı, elə yağdı da:

- Götürün, vuraq ee, müəllim... Bu yaxınlarda sizin şairlərdən biri azıb-təzib gəlmişdi bura... nə təhər içirtdimsə, leşini maşına basıb göndərdim düz Bakıya... Götür, götür...

Bayaqdan mağıl havada yellənə-yellənə qalmışdım, rayon prokuroru yoldaş Qulamovun bu gurultusu, dalınca da yağması yelləndiyim kəndiri kəsdi və düşdüm dərənin dibinə, görən də olmadı... Ancaq sonuncu hərəkətimi rayon prokuroru yoldaş Qulamovdan, dostum Həmiddən başqa, uzaqdan durub oğrun-oğrun bizə tamaşa eləyən restoran müdiri də gördü: mən ayağa durdum, əlimdəki araq dolu rumkanı qıpqırmızı qızardılmış nakam və yaltaq quzunun ayaq üstə dayandığı qədim, böyük məcməyiyə çırpıb ordan uzaqlaşdım və dəli kimi üzü aşağı, Bakı yoluna tərəf yol aldım. Bu, getməkdən, yeriməkdən daha çox, şumerlərin kəşf etdiyi təkər kimi diyirlənməyə oxşayırdı - Mən bu enişi getmirdim, diyirlənirdim.

Diyirlənə-diyirlənə gəlib çıxdım prokuror, yoldaş Qulamovun işlədiyi rayondan çoxlu yoldaş prokuror işləyən gözəl paytaxtımız Bakıya gedən yolun üstünə. Rayon prokuroru yoldaş Qulamov heç vaxt mənim dalımca gəlib məni geri qaytarmağa cəhd eləməzdi, daha doğrusu, özünə sığışdırmazdı, eşidən-bilən nə deyərdi? Həmid də onu gözəlcə bilirdi ki, mən haqlı olduğumu biləndə dədəm də gəlsə, xeyri yoxdu. Əslində isə bu, tərslik deyildi, dərslik idi - ehtiyacı olan adamlara dərs vermək, onlara adam balası olmağın yolunu göstərmək; onlar adam balası olacaq, ya olmayacaq, bu, qalır onların qeyrətinə - adam balası olmaq qeyrət məsələsidir.

Neçə maşına əl qaldırdım, heç birisi saxlamadı. Mən də elə bilirdim məni tanıyırlar, məşhuram. Qanımın qaralığı üzümə çıxmışdı. Bu iki daşın arasında rayon prokuroru yoldaş Qulamovun sifətini harda gördüyümü xatırladım, dəqiq yadıma düşdü: qonşumuzdakı qəssabın üstündə ət doğradığı kötük... Həə... deyirəm axı, mən bu sifəti hardasa görmüşdüm də... Göz yaddaşım çox güclüdü...

Görəsən, rayon prokuroru yoldaş Qulamovun bərk içirtdikdən sonra maşına basıb Bakıya göndərdiyi şair də mənim yerimə olsaydı, belə hərəkət eləyərdi? Mənim kimi araq dolu rumkanı qızardılmış nakam və yaltaq quzunun ayaq üstə dayandığı qədim, böyük məcməyiyə çırpıb çıxıb gedərdi?...Yoxsa, yoldaş Qulamovu yola verərdi? Bərk inandım ki, leşi maşına basılıb Bakıya göndərilən şair də mənim yerimə olsaydı, belə eliyərdi, inanmasaydım, daha doğrusu, özümü inandırmasaydım, çatlayardım ortamdan, qalardım rayon prokuroru yoldaş Qulamovun işlədiyi rayondan Bakıya gedən yolun ortasında... Ancaq kimsə içimə bir şübhə toxumu da atmışdı, içimdəki toxum yavaş-yavaş cücərmək istəyirdi - mən bilən, bu toxumu mənim içimə rayon prokuroru yoldaş Qulamov atmışdı, təkcə ondan şübhələnirəm, Həmiddən şübhələnəsi deyiləm ki?... Ancaq imanımdan da muğayat olmalıyam - imanım Allah əmanəti...

Bir anlıq mənə elə gəldi ki, əl qaldırdığım maşınlar mənim yanıma çatanda sürəti bir az da artırırdılar və bu, mənə qəribə gəlirdi - qorxurdular ki, yanımdan keçəndə maşının qapısını açıb özümü içəri dürtərəm? Nə bilim, vallah, adamlardan nə desən, gözləmək olar və bu, mənə gülməli gəldi...

Mən öz işimi görürdüm, böyrümdən şütüyüb keçən maşınlar da öz işini: mən əlimi qaldırırdım ki, "saxla", onlar da yanımdan keçib gedirdilər ki, "saxlamırıq".

Bir də gördüm, ot yüklənmiş bir üçtəkərli motosiklet gəlir. Əlacım kəsilmişdi, yeridim motosikletin qabağına, əlimin ikisini də qaldırdım:

- Saxla, saxla...

O da saxlayıb səsini atdı başına:

- Ay qardaş, məni xataya salmaq istəyirsən? Məni evdə on iki uşaq gözləyir, ee...

- Neçə uşaq?

- On iki...

- Allah saxlasın, ay maşallah...

Motosiklet sürən könülsüz, "xalaxətrinqalmasın" dedi:

- Allah sizinkiləri də saxlasın. - Yəni sən mənim balalarıma alqış eləyirsən, mən də səninkilərə...

- Sağ ol, - dedim.

- Sən də sağ ol, - dedi və barışdıq.

Təzə tanışımın sifəti mənə tanış gəlməsə də, sifətin tanış gəlməsinin birini gördük də - quşum qonmuşdu ona, nəsə bir doğmalıq hiss eləmişdim.

- Doğrudan, on iki uşağın var?

- On iki imam haqqı, - dedi.

- Sən on iki imam?

- Vallah, - gülümsündü, - and içəndə ki, and olsun, on ikisinin də canına, elə bilirlər, on iki imama and içirəm...

Mən onun tərkində oturmuşdum. Birdən motosikleti saxladı, düşdü, diqqətlə üzümə baxanda gördüm üz-gözündən nur tökülür. Ürəyimdən keçdi ki, görəsən, təzə tanışımın üz-gözündən tökülən nurdan ovuc-ovuc götürüb rayon prokuroru yoldaş Qulamovun üzünü yusan, bir şey çıxar? Nəyəsə oxşayar? Bu sualın cavabı bəndəlik deyil, ancaq Allah...

O, bir də məni başdan-ayağa süzəndən sonra dedi:

- Saa yaman quşum qonub, gedək bizə...bir az dincəl, sonra yola salaram, gedərsən Bakıya.

Təzə tanışımın darvazasından içəri girəndə gördüm ki, uşaqların səsi toyuq-cücənin səsinə qarışıb qeyri-adi bir xor "kapellası" yaratmışdı. Qızmış, lələklərini arxasında daraqlamış Həştərxan xoruzu da ortalıqda xoruzlana-xoruzlana bu xora qoşulurdu:

- Qur... qur... qur.. qur... qur.. qur... - solo oxuyurdu.

Rayon mərkəzində kənd həyatı, bütün dəm-dəstgahıynan. Deməli, mənim təzə tanışım əsl kəndçi idi - təpədən-dırnağa. O, samovara od saldı, ancaq stəkana qənd salmadı, hələ tez idi - alışdırdı, sonra maşa gətirib qarışdırdı, arvadı - yarı evdə idi, küsüb getməmişdi ki, kimsə gəlib onları barışdırsın...

Əvvəl çay dəstgahı gəldi - bütün kənddə-kəsəkdə olduğu kimi; sonra həyət çolpasından çığırtma, yanında da sağdışı-soldışı, tut arağı, bulaq suyu. Bir şüşə tut arağını əl-ələ verib içdik, üstündən dədə-baba qrafinkasıynan bir bulaq suyu...

Təzə tanışımın həyətində torpaq qaynayırdı - torpağı bahar qaynadırdı. Çay dəstgahı qabaqlar radioda verilən muğam dəstgahı qədər uzanmışdı. Denən, bu üç saatda mənim təzə tanışım bircə dəfə də olsa, soruşdu ki, ay qonaq, kimsən, nəçisən, hardan gəlib hara gedirsən? Ay tövbə, bir kəlmə də. Üç saatdan çoxdu ki, bir yerdəyik, evində oturub kişinin çörəyini yeyirəm, adımı da bilmir, heç mən də onun adını bilmirəm, o deməyib, mən də soruşmamışam.

Təzə tanışımın on iki uşağından yeddisi oğlan idi, beşi qız. Yeddi qardaş bir bacı söhbəti burda işə yaramırdı, burda yeddi qardaş, beş bacı söhbəti kök atmışdı...

Çay və yemək dəstgahından sonra uşaqlarınan görüş dəstgahı başladı; məlum oldu ki, on iki uşağın hamısının arasında bir yaş fərq var; uşaqların tən yarısı, yəni altısı əkiz olaraq dünyaya gəlib, yerdə qalan altısı isə tək-tək. Yəni əkizlər o gəlişatı pozublar - onların arası on-on beş dəqiqə çəkib. Və o da məlum oldu ki, oğlanların beşi polis, biri məhkəmə, biri isə prokuror olmaq istəyir. Qızlardan isə üçü müəllim olmaq istəyir, ikisi isə uşaq bağçasının müdiri - bax, sosial istək belə idi. İnşallah. Allah qismət eləsin...

Vaxt keçirdi, Bakıya getməli idim. Yeni tanışımın uşaqlarının on ikisini də tut ağacının altında sıraya düzüb, bir-bir öpərək sağollaşdım. Evin xanımına da təşəkkür edib, motosikletə əyləşdim və tırıldaya-tırıldaya avtovağzala tərəf götürüldük. Motosikletin tırıltısı kəsilən kimi biz avtovağzala çatdıq. Motosikletdən düşmədən yeni tanışıma dedim:

- Al bunu, mənim vizit kartımdır... Burada adım, iş yerim, ev telefonum, iş telefonum hamısı yazılıb. Nə vaxt Bakıya yolun düşsə, gəl görüşək.Yaxşımı?

- Yaxşı, yaxşı... Allah qoysa, - təzə tanışım dedi.

- Bəs sənin adın nədir? - Mən soruşdum.

- Adım Həmiddi...

- Həə? - Təəccübləndim,- Həmid?

- Hə... nədi ki?

- Heç, elə-belə... dostumun adıdı, - mən dedim.

- Lap yaxşı, - elə bil ki, dostumun adının Həmid olması təzə tanışımın ürəyincə olmadı - mənə elə gəldi...  

- Yaxşı, Həmid, demədin nə işlə məşğulsan? - Bundan sonra təzə tanışım yox, Həmid deyəcəm.

- Mən...mən taksidə işləyirəm...taksi.., "Volqa" maşınında bir gün mən işləyirəm, bir gün də smenşikim - iki nəfərik...

Dostum Həmid gəlib durdu gözümün qabağında, nədənsə başını qaldırıb üzümə də baxmadı; mən də fikirləşdim ki, baxmır, dünəndən baxmasın, heç baxmasın.

- Həmid, sizdə avtobazada hamının smenşiki olur?

- Yox, o baxır adamına... - Taksi Həmid dedi.

- Yaxşı. Avtobazanın müdiri sənin on iki uşaq atası olmağını niyə nəzərə almır? O müdir kimdi, haralıdı?

- Öz rayonumuzdandı... Onun da adı Həmiddi... Adaşıq...

- Həmid, adaşın nə təhər adamdı? - Mən soruşdum.

- Belə baxanda, pis adam deyil. Başqaları ilə müqayisədə insaflı adamdı... Siz oturun, mən indi gəlirəm,- taksi Həmid dedi və getməyiynən qayıtmağı bir oldu. - Bax, o göy taksi Bakıya işləyir, üç adamı var. Siz də qabaqda oturacaqsınız, rahat gedərsiniz.

Göy maşına yaxınlaşanda taksi Həmid əlindəki tor zənbili mənə tərəf uzadıb dedi:

- Apar uşaqlara, üç-dörd dənə kənd çolpasıdı, arvad tez-tələsik pöşdədi, yoldu, tərtəmizdi.

- Ay Həmid, nə xəcalət verirsən axı?..

- Xəcalətdi sənin istəmədiklərin olsun, - dedi Həmid və o saat rayon prokuroru yoldaş Qulamovun ət taxtasına oxşayan, yox, ət taxtasının özü kimi olan sifəti gözümün qabağında dalğalandı. Elə bil ki, gözlərimə tüstü üfürdülər...

Taksi Həmidlə iyirmi ilin dostu kimi qucaqlaşıb ayrıldıq, köhnə dostlar kimi bir-birimizə əl elədik. Təzə tanışlar kimi yox... köhnə dostlar kimi. Avtobazanın rəisi, iyirmi illik dostum, qardaşım Həmidin gözündən iraq... Gecə saat on ikiyə beş-on dəqiqə qalmış evə çatan kimi arvad dedi ki, Həmid bayaqdan üç-dörd dəfə zəng eləyib, deyir, nigaranam.

Əlimdəki tor zənbili arvada verdim:

- Al... kənd çolpalarıdı...Həmid verdi, - doğrudan da, Həmid vermişdi, intəhası, arvadın tanıdığı Həmid yox, mənim təzə tanıdığım, yəni yalan yox idi.

- Nə yaxşı, Həmid səni belə tez buraxdı, onnan çıxmayan iş?

- Sabah işdə olmalıyam, çox dirəşdi, ancaq...

- Həmidgil nə təhərdilər?

Arvad dördtərəfli hal-əhval tutdu, hamısını yazsam, gərək bir-iki vərəq də uzadam; mən də qısaltmağı sevən adam, düz gəlməz.

Telefon zəng çaldı, rayon zəngi idi. Arvad telefona tərəf gedəndə dedim:

- Bizimkilər olsa, hə. Həmid olsa, yorulub yatıb...

Arvadın iri gözləri bir az da almalandı, təəccübləndi.

- Alo, Həmid qardaş, çox yorğun gəlmişdi, ayaq üstə yuxulayırdı, getdi yatmağa...Dedi, mən evdə yoxam... Oldu...oldu...oldu...hamıya salam de...

Səhərisi günün axşamı yenə rayon zəngləri, yenə Həmid, yenə "mən evdə yoxam". Axırda məcbur olub arvada hər şeyi bitdə-bitdə danışdım. Arvad da çox narahat və diqqətlə qulaq asandan sonra qətnamə çıxardı ki, Həmidin əməllərində heç bir antiinsani tərkib olmadığına görə günahkar hesab edilməsin və onun haqqında ərinin qəlbində başlanan narazılıqlar işinə xitam verilsin. Bax, belə...

Arvadın sözü, söhbəti ancaq bu mövzudaydı, özü də bitib-tükənmək bilmirdi. Bu söhbət artıq "dığ-dığ" səviyyəsində idi; axırda bezdim:

- Mən ancaq bir şərtlə barışaram! - dedim, - başqa heç nə məni onunla əvvəlki ünsiyyətə qaytara bilməz. - Əlimi də yüngülvari stola çırpdım ki, ağrımasın.

- Yazıq deyir ki, düzdür, mənim də günahım var...ancaq nə desə, razıyam. Atamgil də mənə ağzına gələni dedilər, abrımı ətəyimə bükdülər ki, bu nə məsələdirsə, arqac sənnən keçib, axı o söz vermişdi ki, gecə gəlib bizdə qalacaq, doyunca söhbət edəcək. Nooldu bəs?

- Bircə şərtim var, - dedim.

- Buyurun, görək, - arvad lap "Vaqif" pyesindəki söhbətə bənzətdi.

- Avtobazanın rəisidi. Onun bir işçisi var, onun da adı Həmiddi, taksi şoferidi. Düz.. nə az, nə çox, on iki uşağı var. Bir köhnə taksi verib ona, özü də yanına bir smenşik də verib, bir gündən bir işləyir. Bax, həmin o Həmidə təzə bir taksi versin, özü də qəmişsiz - smenşik olmasın. Ondan sonra onnan barışaram.

- Eliyər, eliyər... o hər şeyə hazırdı, - arvad çox arxayın görünürdü.

Mən əlavəmi də etdim:

- Özü də ona deynən ki, mən dediklərimi eləməyincə zəng-zad eləməsin.

- Deyərəm, zəng eləməz, - arvadın arxayınlığı üstündəydi.

İki ay yarım Həmidin zəngləri baş-beynimizi aparmadı. Mən fikirləşirdim ki, taksi Həmidin məsələsini müdir Həmid, yəqin çoxdan göndərib tarixin gözəgörünməz, qaranlıq arxivinə...

Axşam eyvanda arvadla çay içirdik; yenə rayon zəngi. Bizdə telefon dəstəyini hər zaman arvad götürür:

- Alo... bəli...bəli... oo, səni şad xəbər olasan, qoy görüm, bir dəyqə, - arvad dəstəyi yerə qoyub eyvana gəldi:

- Həmiddi, deyir ki, bacı, sənin dediklərini etdim, qəttəzə "Volqa", özü də tək... İndi nə deyirsən? - arvad elə sevinirdi ki...

- Ona deynən ki, deyir, inanmıram, qoy şofer Həmid uşaqlarını da yığsın maşına, gəlsin Bakıya, gözümnən görüm, onnan sonra hə...

- Eybi yoxdu, qardaş, - arvad dəstəyə üdüləyirdi, - buracan eləmisən, neynək, bunu da elə, görək, bundan sonra nə sözü olacaq.

Hiss elədim ki, arvadla dostum Həmid mənim təklifim barədə razılığa gəldilər, düzü, mən də bir az sakitləşdim...

İki gündən sonra şofer Həmid uşaqların yarısını təzə iş yerinə - "Volqa"ya yığıb gəlmişdi bizə. Yazığın uçmağa qanadı yox idi.

- Şirinlik verdin? - mən şofer Həmidin gözünün içinə zilləndim.

- Hə..apardım evinnə...atlı xalça idi...Üç metrin metr yarıma.. hə...nə qədər elədim, götürmədi.

- Nə dedi götürmədi? - soruşdum.

- Dedi, apar sat.

Mən onun sözünü kəsdim:

- Dedi, apar sat, pulunu gətir? - gözlərim böyüdü.

- Yoox...Dedi, apar sat, uşaqlara əyin-baş al.

Deyirlər ki, bütün müharibələrin axırı sülhnən qurtarır; mən də deyirəm ki, bütün küsənlər axırda barışıllar. Mənnən yazmaqdı... İnanan inansın, inanmayan lap dünənnən inanmasın - heç vecimə də deyil...

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Sabahkı 30 noyabr gününün təqvimi barədə ətraflı sizə məlumat verdim. Amma Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününü özüm qəsdən saxladım ki, bu gün barədə ayrıca danışım. Kibercinayətlər baş alıb gedir, dövlətlər bir-birinə kibermüharibələr elan edir. Demək, bu gün barədə ayrıca danışmağa dəyər.

 

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü 1988-ci il noyabrın 30-dan qeyd olunur. Məhz həmin ilin noyabrında universitetlər, elmi-tədqiqat institutları və hərbi idarələr də daxil olmaqla ARPANET-in minlərlə qovşağını sıradan çıxaran ilk kompüter virusu meydana gəldi və nəhəng itkilərə səbəb oldu. Yaradıcısının adı ilə “Morris soxulcanı” adlandırılan bu virusun vurduğu ziyan təxminən 100 milyon dollar həcmində qiymətləndirilirdi. “Morris soxulcanı” göstərdi ki, informasiya təhlükəsizliyi həqiqətən də çox ciddi məsələdir və insanlar tərəfindən böyük səylər və müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Buna görə də dünya ictimaiyyəti informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşmanın zəruriliyi haqqında ciddi düşünməyə başladı. 1988-ci ildə Kompüter avadanlığı üzrə Amerika Assosiasiyası 30 noyabrı Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü elan etdi. İnformasiya Təhlükəsizliyi Günü çoxdan istifadə olunan parolların yeniləşdirilməsi, sistemdə virusların mövcudluğunun yoxlanması, arxivləşdirilmə işləri, lazımsız informasiyanın silinməsi, vacib informasiyaların mühafizə səviyyəsinin auditi, kompleks təhlükəsizliyin və digər bu kimi tədbirlərin həyata keçirilməsi, icti­maiyyətin diqqətinin artırılması, müvafiq qurumların və mütəxəssislərin məsuliyyətinin xatırlanması və ümu­miyyətlə, bir monitorinq günüdür.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2024)

 

 

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Sabah noyabrın, həmçinin payızın son günüdür. Sabaha təsadüf edən tarixi hadisələridiqqətinizə çatdırıram:

 

Ev heyvanları günü

Antuan de Sent-Ekzüperi deyib ki, “Əhlilləşdirdiklərin üçün cavabdehsən”. Yəni ki, insan oğlu, vəhşi təbiətdə özü üçün azad yaşayırdı da heyvanlar, quşlar, onları gətirib həyət-bacana salıb özünə köməkçi etməmisənmi, eləmisən. Birinə yük daşıdıb, birinə qapını qorumağı tapşırıb, birindən süd, birindən yumurta, birindən yun alıb, o birilərini kəsib ətini yemək üçün sıraya düzməmisənmi, düzmüsən. Di zəhmət çək, onların əziyyətini da çək, yeməyini, suyunu ver, isti damla, tövlə ilə təmin elə, azarlayanda dava-dərmanlarını kəsmə. Hətta bu gün, onların bayramında onları işlətməkdən vaz keçmək, onlara desert yedizdirmək də olar.

 

Beynəlxaq “Şəhərlər yaşamaq tərəfdarlarıdırlar” günü

1786-cı ilin bu günündə Toskan hersoqluğunun (hazırkı Cənubi İtaliya ərazisində yerləşən birvaxtkı dövlət) kralı Petr Leapold Qabsburq tarixdə ilk dəfə Avropa ölkəsində ölüm hökmünü ləğv edib. Məhz buna görə də bu gün “ölüm yox, yaşamaq” şüarının bərqərar edilməsinə bir işarədir.

 

Mikrofon, top, kinoaparat

Beynəlxalq ətək günü. Geyim dizaynerlərinin bayramıdır. Xanımları onlar yeni ətəklərlə sevindirəcəklər, xanımlar da bu ətəklərdən geyəcəklər. İtaliyada regional Toskana festivalı, Dubayda xatirə, Ukraynada silahlı qüvvələr, Benində milli dövlət, ABŞ-da milli mussa (təbii ki, yemək növüdür) günüdür.

“Mən səni çox sevdim” mahnısını dönə-dönə dinləyən sevən gənclər, 1980-ci ilin bu günündə bu mahnını oxuyan məşhur türk müğənnisi  Cem Adrian doğulub; Futbolumuz bərbad gündə olsa belə tarixdə elə futbolçularımız var ki, onları xatırlamamaq cinayət sayılar. Məsələn, Professor təxəllüslü Musa Qurbanovu. O Musa Qurbanovu ki, pley-meyker kimi heç də Zidandan, Del Pyerodan, Platinidən geri qalmırdı, sadəcə, Azərbaycan futbolunda batıb qalmışdı deyə həmin səviyyəyə yüksələ bilməmişdi. 1964-cü ilin bu günündə doğulub Musa Qurbanov; 1939-cu ilin bu günündə SSRİ Finlandiyaya hücum edib. 1939-cu ildə alman ixtiraçısı, kino çəkmək üçün qurğunu kəşf edən Maks Skladovski vəfat edib. 1936-cı ildə amansız yanğın Londondakı ümumdünya əhəmiyyətli Büllür sarayı yandırıb kül edib. 1874-cü ildə Britaniyanın ən məşhur dövlər xadimlərindən biri –Uinston Çörçil doğulub. 1767-ci ildə Qulliver obrazının yaradıcısı, irland yazıçı Conatan Svift dünyaya gəlib. 1508-ci ildə Qərb sivilizasiyası tarixindəki ən nüfuzlu memar hesab edilən Andrea Palladio doğulub. 

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2024)

 

 

 

 

Dövlət iki  şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza  cəza veriləndə.

Heydər   Əliyev

 

 1993-cü ilin fevralı...

Tanınmış alim, məşhur riyaziyyatçı, maraqlı hekayələrin, povestlərin müəllifi, böyük filosof, imzasına, ağlına, təfəkkürünə millətin çox hörmət etdiyi Fikrət Qayalının və ailə üzvlərinin bu gecə Vətəndə son gecələri idi.

Onlar sabah saat 11-də təyyarə limanında olacaqdılar. Fikrət Qayalı, həyat yoldaşı Zəmilə xanım, oğlu Tural, qızı  Fikriyyə, kürəkəni Hikmət və dörd qız nəvələri yaşamağa Almaniyaya gedəcəkdilər. Doğma yurddan getmək hamının ürəyincə olsa da Fikrət Qayalının və Zəmilə xanımın  ürəyincə deyildi. Onlar ömürlərini pis-yaxşı burada, Vətəndə sürmüşdülər. Artıq ahıl yaşında idilər...

Fikrət Qayalının böyük oğlu Hilal Almaniyada yaşayırdı. O da atası kimi riyaziyyatçı idi. Almaniyada təhsil alandan sonra onu orada saxlamışdılar. Ağlına, savadına, biliyinə, bacarığına görə Hilala hər cür şərait yaratmışdılar. Otuz yaşında elmlər doktoru olmuşdu. İndi qırx yaşı vardı. Almaniyanı xarici ölklərdə beynəlxalq səviyyəli elmi yığıncaqlarda təmsil edirdi....

İndi yetmiş yaşlı Fikrət Qayalı da Almaniyaya mühacirətə gedirdi. Çünki siyasi baxışlarına görə  onu Vətəndə  həbs edib, ona qondarma cinayət işləri açmışdılar. Üç ay həbsdə yatandan , orada başına bəzi işgəncələr gətiriləndən sonra  oğlu Hilal Qayalının böyük səyi nəticəsində beynəlxalq təşkilatlar  və səfirliklər işə qarışaraq onu azad etmişdilər. Amma bu şərtlə ki, ölkədən köçüb getsin. Fikrət Qayalı buna razı olmasa da və mübarizəsini, heç bir günahı olmadığını sübüt etməyi  Vətəndə davam etdirmək istəsə də, amma polad iradəli bu böyük şəxsiyyəti  sındırmışdılar... Artıq heç yerdə işləmirdi. “Yaş senzinə” görə bir il bundan qabaq işdən də çıxarmışdılar. Özü də təkcə onu yox,  həkim  oğlu Turalı, riyaziyyatçı qızı Fikriyyəni və savadlı fizik, kürəkəni Hikməti də ayrı-ayrı bəhanələrlə işdən uzaqlaşdırmışdılar. Nəvələrinə isə məktəbdə müəllimlər və bəzi sinif yoldaşları eyhamla “ Vətən xainin nəvələri” sözləri deyir və onları  da sındırırdılar. Son iki ayda onlar da məktəbə getmək istəmirdilər... Bax, bütün bunlara görə Almaniyada yaşamağa getmək onların ürəyincə idi. Amma bu, Fikrət Qayalının ürəyincə deyildi. O, doğma canından çox sevdiyi, minlərlə ağrılı-acılı-şirinli xatirələr yaşamışdı bu Vətəndə... Öz biliyi, savadı, böyük zəhməti ilə istədiklərini əldə edə bilmişdi.  Doğmalarının qəbirləri vardı bu məmləkətdə. Tez-tez gedib onların qəbirlərini ziyarət edirdi. Axı  Fikrət Qayalı bunları qoyub necə gedə bilərdi?.. Beynindəki yüzlərlə sual ona yatmağa  imkan vermirdi. Almaniyaya da bu ümidlə gedirdi ki, tezliklə  hökumət devriləcək və o, yenidən Vətənə qayıdacaq. Çünki hakimiyyətə gəldiyi iki ildə bu hökumət  böyük haqsızlıqlar edir, millət arasına tayfabazlıq, yerlibazlıq, rüşvət  toxumu səpir və onunla razılaşmaq istəməyənlərin də ağlına, bacarığına, millətə hansı xeyir verməsinə  baxmadan Vətəndən sürgün olunmasına, həbsxanalara salınmasına çalışırdır. Ağıllı, savadlı, sözü üzə deyən, iş bacaran insanlar yeni hökumətin  düşməni idi. Elə bil bu hökumət qarşısına  bir məqsəd qoymuşdu. Millət nadan, savadsız olsun. Çünki  qara, savadsız  kütləni idarə etmək asan olar...

Fikrət Qayalı da məhz  bu oyunun qurbanı olmuşdu. Dərs dediyi universitetdə iş bacarmayan, savadsız, amma yüksək səviyyədə rüşvətxor, yeni hakimiyyətin adamı olan, bir  vaxtlar riyaziyyat üzrə doktorluq elmi işini Fikrət Qayalı yazan Sərvaz Məmmədlini  rektor təyin etmişdilər. Müəllimlərin, tələbələrin çoxu buna etiraz etsə də, amma sonra çoxunu ayrı-ayrı fəndlərlə, hiyləgər siyasətlə susdursalar da, Fikrət Qayalını susdura bilməmişdilər. Bu da yeni rektorun  əlində çox tutarlı, yaxşı alət olmuş və universitetdə olan bu narazılıqların hamısının başında Fikrət Qayalının durduğunu, indiki hökuməti devirib, özü Prezident olacağını  yeni hökumətə inandırmış və onunla bağlı çoxlu danos hazırlayıb həm mətbuata, həm də yeni hökumətə ötürmüşdülər. Təkcə bir günün içərisində otuzdan artıq qəzet və sayt Fikrət Qayalı ilə bağlı yalan məlumatları öz səhifələrində çap etdirib, onu  ölkədə çeviriliş etmək istəyən Vətən xaini adlandırmışdılar. Bir qrup radikal müxalifətçilərlə əlbir olduğunu, bir neçə xarici ölkəyə  cəsusluq etdiyini  də  ona  damğa kimi vurmuşdular. Hətta universitetdə bir neçə tələbə və onların valideynlərini də tapib, guya Fikrət Qayalıya  rüşvət  verib, müsbət qiymət aldığını da yazmışdılar. Bunların hamısının yalan, qurama oyun olduğunu Fikrət Qayalı mətbuatda yazmaq  istəsə də qəzet  və sayt rəhbərləri onun bu yazılarını çap etmək istəməmişdilər. Beləliklə, az bir vatda Fikrət Qayalı haqqında çoxlu qondarma məsələlər hazırlayıb, başqa alimlərə, yazarlara görk olsun deyə onu həbs etmişdilər...

Bütün bunları beyinindən keçirən və bir ilin içərisində başına bu qədər dəhşətli oyunlar gələn Fikrət Qayalı yata bilmirdi. Elə bil ki, yerinə qor dolmuşdu... Gecə saat ondan yerinə girsə də gözünə yuxu getmirdi. Balışının yanında qoyduğu qol saatına  baxdı. Bu saatı ona İngiltərədəki çıxışına görə bağışlamışdılar. Çox qiymətli saat idi. Axşamlar da işıq saçırdı. Saat  üç idi. Evdə hamı yatmışdı. Zəmilə xanım oyanmasın deyə sakitcə yerindən durub, mətbəxə keçdi. Umumiyyətlə, Fikrət Qayalının adəti id. O, axşamlar tez yatırdı və səhər  saat 4- 5  radələrində ayağa durub, bədii yazılarını yazmaq üçün mətbəxə keçirdi. Mətbəx onunçün bu evdə ən yaxşı yer sayılırdı. Elə gündüz də mətbəxtdə oturub, pəncərədən bayıra baxmağı çox xoşlayırdı. Bu yerə o, “qəm və ilham pəncərəsi” deyirdi. Çünki məhz bu pəncərənin qarşısında əyləşməklə çoxlu maraqlı hekayələrini yazmış və riyazi tapıntılarını eləmişdi. O,  mətbəxdəki  mebelin yuxarı gözünə qoyduğu vərəqləri və qələmi götürüb, pəncərənin qarşısındakı mətbəx stolunun arxasında əyləşdi. Pəncərədən bayıra baxdı. Artıq gündüzdən yağan qar, yeri ağappaq eləmişdi. Yenə də narın qar yağmağa davam eləyirdi. Kiçik çillə son günlərini yaşasa da, var qüvvəsilə özünü göstərirdi. Bəzi cır adamlar kimi “mən də varam” deyirdi. Həyətdəki maşınların da hamısı qarın altında idi. Ağacların  budaqları qarın ağırlığından əyilmişdilər. Fikrət Qayalı yerinə uzandığı vaxtdan beynində bir mövzu onu çox narahat edirdi. Bu mövzunun adını da artıq tapmışdı, belə fikirləşmişdi: “Vətəndə son gecə”. Mövzunun da elə bil ki, hər bir sətri onun beynində hazır idi. Sadəcə əyləşib, onu yazıya köçürmək lazım  idi. Fikrət Qayalı düşünürdü ki, bu hekayə onun  ən yaxşı hekayələrindən biri ola bilər. Hətta fikirləşirdi ki, bu mövzunu sonra genişləndirib, hətta  povest, roman da eləyə bilər. O, qaz sobasını yandırıb, çayniki onun üstünə qoydu. Bədii yazılar yazanda çay, kofe içməyi çox xoşlayırdı. O,  mövzunun adını yazdı. “Vətəndə son gecə”. Dramatik hekayə.  Sonra  fikrini tam toplamaq üçün yenidən pəncərədən həyətə baxdı. Həyətdəki gur işıqların altında, iki evin arasındakı, maşınların saxlandığı meydança aydın görünürdü. Küləyin təsirindən havada “rəqs edən” böyük qar dənələri yerə düşməyə tələsirdilər.

Bu vaxt Fikrət Qayalı  həmin meydançada bir sahibsiz itin öz balası ilə qarda o tərəf-bu tərəfə getdiyini, özü üçün sığınacaq axtardığını gördü.  Sonra bir pişyin ağzında balasını tutaraq, qarı yara-yara qonşuluqdakı binanın zirzəmisinə girmək üçün özünə çox çətinliklə yol açdığını gördü... Özündən asılı olmayaraq, özünü həmin canlıların yerində hiss elədi... Axı o da tanınmış alim, yazıçı olsa da bu gün dövlət tərəfindən unudulan, bir il idi  ki, tam  yaddan çıxan sahibsiz bir insan idi...

... Bu vaxt Fikrət Qayalı ürəyində küt ağrı hiss elədi. Ağrı getdikcə şiddətləndi. Onu soyuq tər basdı. Ayağa durmaq istədi. Bacarmadı. İstədi həyat yoldaşı Zəmiləni və uşaqlarını çağırsın. Elə bil boğazı kilidlənmişdi. Xırıltılı səslə nə isə demək istədi. Alınmadı. Başını stolun üstünə qoydu. Xırıltısı bir az da artdı və sonra tam kəsildi... Fikrət Qayalının ürək damarları partlamışdı... Ağzından qan stolun üstündəki  “Vətəndə son  gecə” sözləri yazılmış ağ vərəqin üstünə yayıldı... Bu qan, vərəqin üstündə saplağı kəsilmiş, ləçəkləri didik-didik olan qırmızı qərənfili xatırladırdı...

Bir həftə bundan qabaq bir həkim dostu ona demişdi ki, ürəyində problemlər var. Fikrət Qayalı fikirləşirdi ki, “Almaniyaya gedib, orada müalicə  olunar”. Çünki buradakı həkimlərə inamı qalmamışdı...

... Həbsxanada  yatan  vaxt  təzyiqi kəllə-çarxa çıxanda, oradakı həkimlər onun səhhətində problemlər yaratsalar da, onu insult olmaq dərəcəsinə çatdırsalar da  o, möcüzə nəticəsində salamat qalmışdı... Amma indi ürəyi onu Vətəndə saxlamaq üçün Fikrət Qayalıya “naxələf” çıxmışdı...

(Sumqayıt  şəhəri, 08-18 fevral - 2023-cü il)

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2024)

 

 

 

 

“YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün “Bir uşaq-bir gələcək”  layihəsinə start verilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Fonddan məlumat verilib. 

Layihə çərçivəsində  ölkə üzrə özəl məktəblərin 1-11-ci sinfində təhsil alan   şəhid övladlarına ödənişsiz təhsil imkanları ilə bağlı tədbirlər həyata keçiriləcək.

Bu çərçivədə  müxtəlif şirkətlər və fiziki şəxslər tərəfindən ilkin mərhələdə 12 şəhid övladının təhsilinə dəstək göstərilib.

Belə ki,  "Mr.Fix" tərəfindən hər il üçün 31240 AZN ayrılmaqla beş şəhid övladının məktəbi bitirənə qədər olan təhsil haqqı, "Megastore" tərəfindən 32180 AZN ayrılmaqla 5 şagirdin bir illik təhsil haqqı, "Perla Mebel" tərəfindən isə hər il üçün 6360 AZN ayrılmaqla 1 şagirdin məktəbi bitirənə qədər olan təhsil haqqı qarşılanacaq.

Qələbəni bizə yaşadanları birgə yaşadaq!

Şəhidlərimizin yadigarlarına dəstək üçün Fond hər kəsi bu təşəbbüsə qoşulmağa dəvət edir.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2024)

Пятница, 29 Ноябрь 2024 13:29

Cavadın “Şükriyyə taleyi”

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Bir sevgi var ki, onun işığı əsrlər keçsə də, solmaz. Bu sevgi unudulmaz şairimiz Əhməd Cavad və onun ömür-gün yoldaşı Şükriyyə xanımın arasında çiçəklənən, poeziya kimi saf, Vətən sevgisi kimi müqəddəs idi.

 

Əhməd Cavadın şəxsiyyəti yalnız şair kimi deyil, həm də bir vətənpərvər, azadlıq aşiqi kimi xalqının yaddaşında yaşayır. Amma onun iç dünyasının ən dərin qatlarında bir ad var idi – Şükriyyə. Bu ad onun qəlbini döyündürən, misralarına can verən ilham mənbəyi idi. Şükriyyə xanım təkcə həyat yoldaşı deyil, həm də onun əsl dostu, dayağı və ruhunun dincliyi idi.

Onların sevgisi təsadüfi bir görüşlə başlamamışdı. Bu sevgi tale yazısı kimi idi, sanki onlar biri-biri üçün doğulmuşdular. Əhməd Cavadın "Çırpınırdı Qara dəniz" kimi vətən həsrəti dolu şeirləri Şükriyyə xanımın ruhunda əks-səda tapırdı. Çünki bu qadın da həyatını vətənə, ailəyə və sevgiyə həsr etmişdi.

Hər dəfə Əhməd Cavad uzaq yollara düşəndə Şükriyyə xanımın gözlərində həm sevgi, həm həsrət, həm də qürur əks olunardı. O bilirdi ki, onun sevdiyi insan yalnız onun deyil, bütün bir xalqın azadlıq rəmzidir. Amma yenə də hər bir məktubunda, hər bir şeirində Cavadın qəlbinin bir guşəsi yalnız Şükriyyəyə aid idi.

 Onların sevgisi yalnız xoşbəxtliklə yoğrulmamışdı. Təqiblər, sürgünlər, çətinliklər bu sevgini sarsıtmağa çalışsa da, əksinə, onu daha da gücləndirmişdi. Əhməd Cavadın həbs olunduğu vaxtda Şükriyyə xanımın sədaqəti, dözümü bir an belə zəifləməmişdi. Həyat onları hər nə qədər ayrı salsa da, onların qəlbi bir-birinə sıx bağlı idi.

Bir gün Əhməd Cavad vətən və sevgi uğrunda fədakarlığının son həddinə çatdı. Onun susdurulması zülmün, lakin eyni zamanda, əbədi bir sevgi dastanının yazılması idi. Şükriyyə xanım isə bu məhəbbətin qoruyucusu oldu. O, Əhməd Cavadın ruhunu yaşatdı, onun sevgisini, şeirini, adını unudulmağa qoymadı.

Bu sevgi bir insanın digərinə olan bağlılığından çox ilahi bir bağlılıq idi. O sevgi ki nə zamana, nə də məkanlara sığar. Əhməd Cavad və Şükriyyə xanımın sevgisi hər birimizin qəlbində bir cütlük olaraq yaşamaq, sevmək və vəfa göstərmək üçün ilham mənbəyi olaraq qalır. Onların sevgisi yalnız bir dastan deyil, həm də bir dərsdir. Bu dərs sevginin təkcə xoşbəxtlik deyil, həm də fədakarlıq olduğunu öyrədir. Əhməd Cavad və Şükriyyə xanımın sevgisi isə bu dərsin ən gözəl misalıdır.

Və budur, vəfayla sevginin ahənginin poeziyada təzahürü: 

Şükriyyə taleyim, şükür xudaya!
Gördüyüm doğrumu, yoxsa pək röya?!
Dolub ürayimə bu dadlı xülya,
Şirin günlərimi sürmərəm sənsiz!

Əvət, bu sevdanın səfası çoxdur,
Sevdasız həyatın mənası yoxdur!
Gözlərin yıldızdır, kipriyin oxdur,
Ürək qubar olar - can verəm sənsiz...

Şerimin özüsən, sözü - ahəngi!
Üzündə bərq vurur güllərin rəngi!
Xəyalın, cəmalın gözəl çələngi!
İlham yetim qalar, ağıl kəm sənsiz!

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2024)

 

Fariz Əhmədov, Naxçıvan televiziyasının baş redaktoru, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

Öz şöhrəti heykəlinə dəmir əridən, Vətən üçün can əridən, ömür əridən, bir daşa da minnət qoyub, pay ummayan, Araz boyda meh olan, ölə-ölə yazmayıb, yaza-yaza ölən Məmməd Arazdan yazıram! 

Öz daşlaşmış obrazının baş qəhrəmanı, düşündüklərini, yaşadıqlarını saralmış səhifələrə köçürən, bir Məmməd Araz keçsə də, o, qəlbimizin eşq adasında daim yaşayır. Hər fəsil dəyişdikcə, Günəş batdıqca, Ay çıxdıqca ədəbiyyatımızdan boylanır, anır, yenidən anılır. Ömrü boyu nə şöhrət, nə də şan axtardı. Dünyanın mənliyini, sənliyini və heç kimliyini öz misraları ilə əbədi susdurdu. Bu həqiqət gecə susdurulsa, gündüz, gündüz susdurulsa, gecə oldu. 

Özü kimi oxucularıda kasıb olan şair, təmənnasız insanların, sadə insanların şairi idi. Onun poeziyasında oxucu ürəyinin ən dərin qatına enib onları bədbinlikdən qoruyan müqəddəs bir nəsihət var. O, nəhəng zülmət qalağı tək qaranlıqda seçilən zirvədir. Ötüb keçən zaman bir göz qırpımında bizdən uzaqlaşdıqca Məmməd Araz dünyasının dərinliyi, həlimliyi və qəlb oxşarlığı daha aydın görünür. Böyük filosof Lüdviq Vitgenşteyinin dediyi kimi, üstünə işıq düşməyən bir fikri yazmağa dəyərdimi? Onun şeirləri aydınlıqdan, nurdan yoğrulmuşdu və nur qədər yaşayacaqdı. 

Bir gün Məmməd gedəcək, amma ürəklərə axan Araz daim yaşayacaq, nur saçacaqdı. Məmməd Araz xalqın ruhunu itməyə qoymayan sənətkardır. Yaşadığı hər gün üçün can əritdi, ömür əritdi. 

İstəyirəm yatım qalım yazılarımın arasında deyən şair onu sevən, onu hiss edən oxucularınademək istəyirdi ki, bu yol Məmməd Araz yoludur. Bu yolda nə təkrarçılıq, nə də cümləpərdazlıq var. O, şeirin, şeir onun özüdür.

Məmməd Araz poeziyası da öz şairlik təbini sözdən alır. Sözün qiymətini dərindən dərk edərək az sözlə zəngin poetik düşüncə yaradır. O, sözü ram edən şairdir.  “Söz yamaq götürmür, söz yamaq olmur”, – deyən şair sözə yeni don biçərək Məmməd Araz qayasına geyindirdi. Onun qələmində şeir həmişə canlı oldu.

Təxəllüsündən bəllidir ki, Məmməd bir gün yox ola bilər, ancaq onun Arazı hər zaman yaddaşlara axar, axdıqca xatirələşər, durular. Araz ona “göz yaşından düzülmüş boyunbağı, bir qızın hörüyü, bir ananın yuxusu, Qıratın yalmanı, Bozatın tərliyi, lal çöllərin nəğməkar bülbülü, Musa Yaqubun harayı, Mirzə Cəlilin naləsi oldu.

 

Sahilin dodağıma,

Ləpən dilimə bənzər.

Sahilboyu çinarlar, 

Yazan əlimə bənzər.

Qayaların həssasdır,

Mənim qulağım kimi.

Tutqundur qaşqabağın

Bu qaşqabağım kimi.

Mən sənə bir şair

Sən mənə Araz de.

 

Şeirlərin Rəşid Behbudov zirvəsindən eşidilib, Fikrət Əmirov simfoniyasında bəstələnəndə, sən Nizamini fikir dağına bənzədib, Dante, Puşkin, Çexov zirvəsinə can atanda cəfakeş ailənin çəkdiyi iztirablı günləri daş yaddaşının şeir qayalarına yazdın. Su ilə söhbət edib torpaqla danışdın, od ilə alışıb küləklə sovruldun, xatirələr yaza-yaza xatirələşib Məmməd Araz oldun. Mən duyuram sən olmağın ağırlığın. Ey sən qaya, sən olmaq da asan deyil. Qaya obrazı Məmməd Araz üçün əbədi həyatın simvoludur. Ona görə də Vətənin özünü də qayalaşdıran şair “Azərbaycan qayalarda bitən bir çiçək, Azərbaycan çiçəklərin içində qaya”, –deyərkən Vətəni bir daha möhkəm, qırılmaz, sınmazedir. 

Ömrünün son çağlarında Murov dağın zirvəsinə qalxmaq xəstəliyin, azar-bezarın acığına, elə lap əcəlin acağına Məmməd Araza nəsib oldu. “Qayalara yazılan səs” kitabını sinəsinə vurub Məmməd Araz sözünə, Məmməd Araz şeirinə ehtiyacı olan Vətən əsgərlərinin görüşünə yubanmadı. O, Vətəndən yazmadı Vətən oldu.

 

Heç bir mükafatın yetmədi mənə,

Bircə “sağ olun” da bəsimdi, Vətən!

Bəsimdi hər səhər təltif yerinə

Qapımda küləyin əsibdi, Vətən!

 

Məmməd Araz indi ana torpağı Naxçıvanda yazdığı misralar ilə heykəlləşib, dillərdə sözə çevrilib. Naxçıvanın ilhamlı təbiəti sakit ruhlu şairə yol açdı. Hərdən kəlmələrinin başını duman aldı, çən aldı, hərdən yağış aldı, qar aldı, fəqət sonda eşq adlı şeir yolu aldı. Eşq adlı şeir yolunda sevda yolçusu olan şair sevgiylə yaşadı, sevgiylə yaratdı, ona görə indi məhz onu sevgi ilə dilə gətirir, dərin hisslər ilə anırıq. Gur çayları səsinə qataraq dərəni keçdi, düzdə dayandı təbiəti, beləcə, şeirə gətirdi. Sevdiyi elindən-obasından ilham alıb, məhəbbəti şeirə gətirdi, qəlbindəki çırpıntını, hərarəti şeirə gətirdi:

 

Ey ilham pərisi, varsansa əgər,

Bu axşam üstümə qanadını gər,

Qoyma bir anlıq da küsüm dünyadan,

Sevgi ümidimi üzüm dünyadan,

Mənə məhəbbət ver sevim bir kəsi,

Sevim, elə sevim özü bilməsin.

 

Şair qovuşsa da, ayrılsa da, hisslərin xatirəyə çevrilib beyinə hopmasına daha çox inanır. Eyni zamanda şeirlərindəki obrazını yoran, onu incidən, bu həyatdan qoparıb başqa aləmdə yaşadan da xatirələrdir, buna görə də o, bəzən xatirələrdən də yorulur. Və sevgini “qiymətli bir itik” hesab edir. Buna baxmayaraq, Arazın sevgisi daim  dalğalanır, qərq edir, qərq olur, ancaq dayanmadan üzür. Məmməd Araz hər şeirində bir dünya yaradır ki, özü də  dünya kimi əbədi olaraq yaşarlaşsın. “Bəlkə, bu dünyaya bir də gəlmədim”, – deyib dəvə yolunun belindən düşən, ovsar cığırın əlindən çıxıb çiçəklərin telindən öpərək əbədiyyətə uğurlanan şair… Salamat qal, Salamat!!!

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2024)

Пятница, 29 Ноябрь 2024 12:34

“Bəlkə də gözəl olardı...” - HEKAYƏ

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Saatın zəngi çalanda diksinərək oyandım. Yataqdan çıxmağımsa bir o qədər rahat olmadı. Özümü o qədər yorğun hiss edirdim ki, sanki illərdir çəkimdən 5 qat ağır daşı çiyinlərimdə daşımışdım.

Nələr olduğunu xatırlamağa çalışarkən ağrıdan dayanılmaz halda olan başımı ovmağa başladım. Gözlərimin önündə bir neçə kəsik-kəsik kadrlar yarandı. İstəmsizcə gözlərimdən axan bir neçə damla yaş...

Qulağıma dolan öz fəryad dolu səsim...

Qalxdım yerimdən və güzgü qarşısına keçdim. Biləklərimdəki qızartıları, qollarımdakı göyərmiş bölgələri görəndə artıq gözyaşlarımı saxlaya bilmədim. Hər şey bugünmüş kimi keçdi gözlərimin önündən.

 

Xatirədə canlanan o tarix

 

Evə qayıdırdım. İşlədiyim restoran o gün heç də xoş hadisələrlə yola salmamışdı məni. İmkanlı, kobud, orta yaşlı bir kişi əylənməyə doymur, içki ardınca içki sifariş edirdi, tək bir masaya görəysə nə mən, nə digər işçilər evimizə vaxtında yollana bilməmişdik. Axı müdirin nəyinə lazım idi bir qadının gecə 02'18də evinə necə gedəcəyi, gedib-gedə bilməyəcəyi. Ona pul lazım idi, müştəri məmnuniyyəti lazım idi. Hansı ki, ətəyimin dizimin altında olmasına baxmayaraq məni narahat edən müştərinin məmnuniyyəti... Amma, bu gecə müdir məndən narazı qalmışdı. Qarnından masaya yerləşə bilməyən bu "kişi" məni narahat edərkən susub gülərüzlə qarşılıq verməmiş, əksinə acı danışmış və qulluğu yarıda saxlamışdım çünki. Və müştəri əsəbi halda durub getmişdi... Ondan eşitdiyim iyrənc sözlər yetməmiş, bir də müdirin "Niyə yola vermirsən? Müştəridir, ona qulluq etmək, nə desə etmək məcburiyyətindəsən!" sözlərini dinləmişdim, o isə dayanmaq bilmir, deyinməkdən daha ötə təhqirə keçmişdi.

Nə isə ki, restorandan çıxa bilmişdim nəhayət, əsas odur. Evə getmək üçün küçəyə çıxanda taksi yerinə piyada getməyin daha az təhlükəli olacağını düşündüm. Düzdür, yolda gedən maşınların siqnalları narahatedici idi, amma ən azından tənhalıq deyildi. Ən azından bəlkə onların içində 1-2 yaxşı insan ola bilərdi.

Bu nə idi? Saç diblərimdə sızıltı var, hansı qüvvədir belə təsir edir? Arxaya doğru dartılıram. Bu o idi, restorandakı "adam"....

O ağrı hələ də başımın dibindədir. O gecə qaça bilmişdim. Bəs bacarmasa idim? Kim verəcəkdi mənə həyatımı? Restoran müdiri? Yoxsa yolda siqnal verənlər? Özümü müdafiə etmək üçün tökdüyüm qan əvəzi məndən alınan 4 ili kim verəcək mənə?

 

***

İndi xatırlayıram artıq nələr olduğunu. Dünən çıxmışdım o cəhənnəmdən, günahsızkən qandallanıb salındığım o cəhənnəmdən. Qanadlarım qırılmışdı sanki. Hər gecə, dayanmadan hər gecə kabus gördüyüm 4 ildən sonra nəhayət evimdə idim. Amma yenə də o kabuslar davam edir, hər gecə öz biləklərimi, öz qollarımı sıxaraq yaralayırdım. Sanki hələ də o arxamda imiş, hələ də indi saçımdan tutub məni dartacaq, öz gücünə təslim edəcəkmiş kimi hiss edirdim.

Nə günahım vardır ki? Bu cəmiyyətdə qadın olaraq işləmək günahmı sayılacaq? Belə hadisələr tez-tez yaşanırdı, kimlərsə gəlib öz “kişilik”lərini göstərir, söz atır, lakin çox uzatmadan gedirdilər. Amma bu başqa idi. Mən həyatımda ilk dəfə idi bu qədər qorxmuşdum. Uşaqlığımdan bu yana gördüyüm o qədər çətinliklərlə rəğmən həyatımda ilk dəfə bu qədər gücsüz hiss etmişdim ğzümü. Gücsüz və aciz...

O gecə bir qüvvə ilə itələmişdim onu. Sonra çantamdan qayçı çıxarıb o iriqarınlı kişini yaralayıb qaça bilmişdim. O qədər qorxmuşdum, qəlbim elə titrəyirdi ki... Ən son anamın vəfatında bu qədər ağlamışdım hər halda.

Xatırladıqca yenə gözyaşlarım axmağa başladı. O qədər bərk ağladım ki, atam səsi eşidəndə otağa girdi. O... Bu 4 ildə məni hərkəsdən qoruyan, bütün qınaqlara, acı sözlərə mənlə sinə gərən, nə olur olsun, əlini saçlarımdan çəkməyən atam. Günahı məndə görməyən, "gülməyərdin, üz verməyərdin" deməyən, tək o... Gəldi və durdu qarşımda. Çökdüm dizlərinə. Yenə əllərini keçirdi saçlarıma. Dartmaq üçün yox, sığallamaq üçün.

"Keçdi, qızım, keçdi. Bağışla, o gecə yanında ola bilmədiyim üçün. Bağışla, bu 4 il səni tək qoyduğum üçün."

Daha bərk ağladım. Əlil arabasındakı atamın dizlərini daha bərk qucaqladım. Onun günahı deyildi, amma mənim də deyildi.

Bəlkə də gözəl olardı həyat, əgər bir qadın kimi bu cəmiyyətdə yaşamasaydım. Bəlkə də gözəl olardı hər şey, insanlara məktəblərdə tarixdəki cinayətlər yox, bugünün insanlığı öyrədilsəydi.

Bəlkə də gözəl olardı, hər şey nağıllar aləmindəki qədər saf və təmiz qalsaydı...

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2024)

 

Almaniyada yaşayan azərbaycanlı bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas alim Xədicə Zeynalova Almaniyanın Musiqi İfaçılığı və Hüquqlarının İdarə Edilməsi Cəmiyyətinin (GEMA) Müşahidə Şurasının və İdarə Heyətinin qərarı ilə fəxri üzv seçilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla iş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 2007-ci ildən bu təşkilatın üzvü olan Xədicə Zeynalova 2025-ci ilin yanvarın 1-dən fəxri üzv adı daşıyacaq. O, bu statusa layiq görülmüş ilk azərbaycanlı qadın bəstəkardır. Hazırda GEMA təşkilatının 90.000 üzvü, 5.000 fəxri üzvü var.

Qeyd edək ki, Xədicə Zeynalova Detmold Konservatoriyasının və Paderborn Universitetinin dosenti, “Bridge of Sound” (Səsin körpüsü) orkestrinin və “Harmony of Sound” (Səsin harmoniyası) adlı Beynəlxalq Musiqi Festivalının yaradıcısı – bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının, “Qadınlar musiqidə” Beynəlxalq Alyansının üzvüdür. Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalına layiq görülüb. Almaniyada 2024-cü ilin ən yaxşı bəstəkarı seçilib. Əsərləri ABŞ, Almaniya, Avstriya, Böyük Britaniya, Fransa, İsveçrə, İtaliya, Kanada, Oman, Türkiyə, Yunanıstan və digər ölkələrdə səsləndirilir.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2024)

 

 

 

  İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Əsgər Hacı oğlu Salami XIX əsrdə Oğuz (keçmiş Vartaşen) rayonunun 7 kəndində yaşayıb yaratmış doqquz şairdən biridir.

O, 1826-cı ildə Yaqublu kəndində anadan olmuşdur. Bir müddət molla yanında, sonra isə Ağdaşdakı mədrəsədə oxumuş, dövrünə görə müəkəmməl təhsil almışdır.

 

Ə.Salami tanınmış şair Mücrüm Kərim Vardaninin təşkil etdiyi ədəbi-musiqi məclisinin fəal üzvlərindən biri olmuşdur. Şairin Şamaxıda fəaliyyət göstərən ədəbi məclislərdə iştirak etdiyi, M.K.Vardanidən başqa, dövrünün tanınmış yazarlarından S.Ə.Şirvani, İ.Qutqaşınlı, İ.Nakam, A.Padarlı, P.Qarağani, M.R.İltica, M.Rövşən və digərləri ilə şəxsi tanışlığı olduğu söylənilir.

Sonralar Ağdaşa kğçmüş və bir müddət orada yaşamışdır. Ə.Salaminin 1870-1871-ci illərdə vəfat etdiyi ehtimal olunur. Öz vəsiyyətinə əsasən Ağdaşda dəfn olunmuşdur. (Kənd əhalisi arasında şairin Ağdaşda deyil, kəndin cənub istiqamətindən Ağdaşa gedən yolun (Ağdaş yolunun) kənarında bir təpənin üstündə dəfn edilməsi barədə rəvayətlər də dolaşmaqdadır.) 

Ə.Salaminin əsərləri haqqında ilk dəfə filologiya elmləri doktoru Əhməd Cəfərzadə məlumat vermişdir. O, 1977-1978-ci illərdə Oğuz rayonunda çıxan “Oğuz yurdu” qəzetinin müxtəlif saylarında dərc olunmuş  məqalələrində bu barədə də informasiya vermişdir.

 Şairin əldə olan yeganə tam şeiri Mücrüm Kərimin Məkkədən qayıtması münasibəti ilə yazdığı şeirdir. Bundan başqa onun şeirlərindən bir sıra bənd və beytlər də qalmışdır. Şairin əsərlərində tənbəllik, süründürməçilik, rüşvətxorluq, çapqınçılıq, qumarbazlıq, sərxoşluq və əyyaşlıq, hər cür zorakılıq tənqid olunur.

Şairin əlyazmalarından bəziləri Respublika əlyazmalar fondunda qorunur və öz tədqiqatçılarını gözləyir.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2024) 

 

                                                             

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.