
Super User
TANIŞ OLUN: Kamera Orkestrinin yeni direktoru Leyla Quliyeva
Könül, “Ədəbiyyat və incəsənət”
Xəbər verdiyimiz kimi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə yeni direktor təyinatı olub. Bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.
1964-cü ildə böyük bəstəkarlar Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılmış, bədii rəhbəri və baş dirijoru Xalq artisti Fəxrəddin Kərimov olan Azərbaycan Dövlət Kamera Orkestrinin yeni direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyeva olacaq.
Kimdir Leyla Quliyeva? Son iş yeri Azərbaycan Milli Konservatoriyası olduğundan, onun barəsində məlumatı da elə Konservatoriyanın mətbuat katibi Aysel Fikrətdən aldıq.
Quliyeva Leyla Zəki qızı 1980-cı ildə Bakı şəhərində ziyalı ailədə anadan olub. 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil olub.1998-ci ildə bu məktəbi Fərqlənmə ilə bitirib. Həmin ildə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqişünaslıq” ixtisasına daxil olub, 2002-ci ildə Bakalavr, 2004-cü ildə Magistr səviyyələri üzrə Fərqlənmə Diplomu ilə Ali məktəbi bitirib.
Həmin ildən Azərbaycan Milli Konservatoriyasında “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasında pedoqojı fəaliyyətə başlayıb. 2005-ci ildə BMA-da Dissertanturaya qəbul olunaraq, 2008-ci ildə Sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “Cahangir Cahangirov yaradıcılığının üslub xüsusiyyətləri” mövzusunda Dissertasiya işi müdafiə edib.
2010-cu ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən təstiq olubmuş Sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə, 2019-cu ildə isə Dosent Elmi adına layiq görülmüşdür. 2013-2023-cü illər ərzində Azərbaycan Milli Konservatoriyasında “İfaçılıq” fakültəsinin Dekanı, 2023-2025 illərdə AMK-nın İmtahan Mərkəzinin rəhbəri vəzifəsində çalışıb. 20 ildən artıq elmi fəaliyyət ilə məşğul olur. Bu illər ərzində yerli və xarici nəşrlərdə bir sıra məqalələri dərc olunub. Respublika və Beynəlxalq konfrans və simpoziumlarda daima məruzələr ilə çıxış edir. Cahangir Cahangirov adlı monoqrafiyanın, bəstəkar Azər Rzayev, Həsən Rzayev yaradıcılığına həsr olunmuş kitabların, dərs və metodik vəsaitlərinin, bir sıra dərs proqramların və s. müəllifidir.
Leyla Quliyeva ailəlidir. Üç övladı var.
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
Filarmoniyada Barokko musiqi axşamı və Federiko Fellini - bayağılıqdan uzaqlaşaq!
Könül, “Ədəbiyyat və incəsənət”
Düzü, öncə peyk yayımı, ardınca internet televiziyası, sonra da sosial media o qədər keyfiyyətsiz musiqi ixrac edir ki, bayağı musiqi trendə çevrilib.
Xüsusən elitar musiqi gündəmdən sıxışdırılıb çıxarılır. Belə bir zamanda bu musiqini yaşatmaq üçün hər bir təşəbbüs alqışalayiqdir.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Barokko musiqi axşamının keçirilməsi, əlbəttə ki, musiqi qurmanlarının ürəyincə oldu.
Sözügedən tədbirdə çıxış edən Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərov musiqisevərləri konsertlə bağlı məlumatlandırdı.
Daha sonra bədii rəhbər və baş dirijor, Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi, Azərbaycan Dövlət Xor Kapellası, konsertmeyster Xurşid Abdullayevanın müşayiəti ilə solistlər Əməkdar artist İlham Nəzərov (kontratenor), beynəlxalq müsabiqələr laureatı Tofiq Zeynalov (kontratenor) və Nuray İsmayılova (soprano) dinləyicilər qarşısında çıxış etdilər.
Proqramda Avropa bəstəkarlarının əsərləri yer almışdı.
Bu arada “barokko” sözü yadımıza məşhur “Təhminə” filmini saldı. Zaur Moskvaya televiziya və kino heyəti ilə yollanan Tahminənin dalınca gedir. Orada heyət onu yalnız uğursuz bir “uxajor” kimi qəbul eləyir. Amma Zaur bir rus rejissordan eşitdiyi “Fellini barokkodan rokokkoya keçdi” cümləsini qonaqlıq zamanı təkrarlayır və dərhal hamının ona münasibəti dəyişir.
Dostlar, bəlkə bizlər də bozbaş müğənnilərdən qurtulub barokkoya, rokokkoya keçək?
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
Yazı-pozu bilməyən Aşıq Ələsgərin təsəvvüfə söykənən yaddaş və bəsirət möcüzəsi
“Ədəbiyyat və incəsənət” portal Filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərovanın Aşıq Ələsgər yaradıcılığına baxışını sizlərə təqdim edir.
AŞIQ ƏLƏSGƏR ŞEİRİNDƏ HƏRFLƏRİN VƏ SÖZLƏRİN DİLİ
Şeir sənətinin qədim zamanlardan bu günə kimi simvolik bir dil olduğunu qəbul etmək sözlərin yaratdığı assosiasiyalar və xatirələrlə bağlıdır. Sözdə ən kiçik işarə vahidi olan hərflər şairlərə həm səs alliterasiyası, həm şəkil dəyəri, həm də anlam mənbəyi kimi ifadə imkanı verməklə onun dilindəki müstəqim və məcazi mənaları zənginləşdirən əsas ifadə alətlərindən biri detal olmuşdur. Hərflərin sirli bir məna daşıdığı inancı, şəkilli yazı kimi tanınan ilk hərf sistemindən Kabbala simvolizmindəki müqəddəsləşmə prosesinə qədər xüsusi bir dil olan poeziya dilinə sıx təsir göstərmişdir. Günümüzdə də bəzi yerlərdə (dini-fəlsəfi yazılarda, eləcə də şeirlərdə, loqolarda və s.) hərflər, ulduz və yaxud digər işarələr bu qədim anlama, anlatma metodunun yaşadığını və gələcəkdə də davam edəcəyini göstərir. Bu ənənəvi düşüncədəki ülvilik poeziya mədəniyyətimizdə hürufilik və əbcəd hesab etiqadıyla uzun müddət mövcud olmuşdur.
Aşıq Ələsgər şeirində həm poetiklik baxımından, həm də ustadın səsi, nəfəsi, mənəviyyatı, dini-əxlaqi zənginliyi kimi özünü göstərən bu qayda Azərbaycan-türk ədəbiyyatının əsrlər boyu davam edən ənənəsinə bir baxış bucağı, öz bacarığını nümayiş etdirmək, müxtəlif mövzularda məlumat vermək kimi sənət anlayışını şərtləndirən amillərdəndir. Bu üsuldan da istifadə bacarığını “Allahın adı ilə” şeirində üzə çıxarmışdır.
İbtidada “əlif” – Allah,
“Bе” – birliyə dəlalətdi.
“Tе” – təkdi vahidi-yеkta,
Arif bu еlmə bələddi.
“Sе” – sabitdi doğru yola,
“Cim” – ucadı, bax calala,
“Hе” – mеhribandı halala,
Münkir ondan xəcalətdi.
“Xе” – birdi xaliqi-əkbər,
“Dal” – doğru doqquz fələklər,
“Zal” – zikr еylə dildə əzbər,
“Rе” – rəsulumuz Əhməddi.
“Zе” – zəbanı aç xudaya,
“Sin” – salam еt, gеtməz zaya,
“Şin” – şövq еlə o mövlaya,
Qеyri söhbət məsiyətdi.
“Sad” – səbri şahi-hеydərə,
“Zad” – zərbin vurdu Əntərə,
“Ta” – tərif çıxdı göylərə,
Ağam kani-şücaətdi.
“Za” – zülm еdəcək düşmənə,
“Еyn” – həyati-çеşmanə,
“Ğеyn” – ğül-ğüli-dövranə,
“Fе” – fəna, “qaf” – qiyamətdi.
“Kaf” – “kun” ilə tutub qərar,
“Lam” – lal, nеcə hеsab vеrər,
“Mim” – möminə yol göstərər,
İsmi-paki Məhəmməddi.
“Nun” – nida еylər hər zaman,
“Hе” – hamıya yеtər fərman,
“Vav” – vay dеyər, yatma, oyan,
Sanma səhni-zərafətdi.
“Lam – əlifla” – birdi Allah,
“Yе” – yеkdi adil padişah.
Ələsgər, tutduğun günah
Bağışlansa, çox hörmətdi.
Şeirə Allahın simvolu olan “əlif” hərfi ilə başlayan şair bəndlərdə ərəb əlifbasında olan iyirmi səkkiz hərfin hamısını sırası ilə şeirə gətirir. Yazı-pozu bilməyən şairin ərəb əlifbasını bu qədər dərindən duyub hiss etməsi onun təsəvvüfə söykənən yaddaş və bəsirət möcüzələrindən sayılmalıdır. Bu üsul klassik ədəbiyyatda özəl yeri olan “əlifnamələr”in bir başqa formasıdır. İbtida – (başlanğıc, əvvəl). Ustad, “Başlanğıcda Allah vardı, - deyir, yəni Allah əzəlidir, sonrakı hərflər isə özündən sonrakı sözün və ya misradakı digər sözün ilk hərfidir.
Üçüncü bənddəki “doqquz fələk” göyün doqquz qatdan ibarət olmasına işarədir ki, bu, Nizaminin, Nəsiminin və b. poeziyalarında da görülür:
Bir günəş qəndilidir göyün doqquz tağında,
Son nəbidir, nəbilər üzüyü barmağında.
… Doqquz fələk qibləsi yolunda taybataydı.
Bu altı günlük nərgiz saçıntək ətir yaydı.
Peyğəmbərin adı şeirin bir bəndində Əhməd, digər bəndində isə Məhəmməd olaraq qeyd edilməsi klassik üsluba uyğunlaşdırılmışdır. İslam ədəbiyyatında XXI əsrdən etibarən rast gəlinən “yaşnamələr”, “vücudnamələr”, “həyatnamələr”, “ömürnamələr” janrıdır ki, burada ömrün çağları dördlüklə, bəzən də məsnəvi üslubunda yazılır. Bu janrın başqa bir xüsusiyyəti də odur ki, yazıçının yaşadığı məkanın, eləcə də onun biliyinin və mövzuya münasibətinin təsirini daşıyır. Eyni zamanda, bir epoxa kimi uşaqlıq, gənclik, qocalıq, ahıllıq və yaxud da yüksək məqamın mərtəbələri olaraq təsvir olunur. Bu üslubda, adətən, şairlər tarixdə iz qoymuş böyük şəxsiyyətlərdən və ya keçmişdə yaşayan uzunömürlü insanlardan bəhs edirlər ki, ustad Aşıq Ələsgər də bu ənənəni davam etdirmişdir.
Klassik Şərq poeziyasında ərəb hərfləri öz təsvir forması ilə rəmzi mənalarda müxtəlif bədii bənzətmələr məqamında işlədilir. Məsələn, “əlif” hərfi boy, qamət, “ayn” (eyn) - göz, “kaf” - qaş, “mim” - ağız, “sin” - diş, “dal” - qəddi-qamətin bükülməsini, “nun” - nöqtə və kirpiklər kimi rəmzi mənaları bildirir. Odur ki, həyatın bütün gizlin sirləri hərflərdən yaranan mənalarla aşkar olur. “Allahın adı ilə” şeiri ərəb əlifbasındakı hərflərin müxtəlif forma, simvol, məna və sıralanma xüsusiyyətlərindən istifadə edilərək işlənmişdir. Şeirin özəlliyi isə hərflərin hər birinin mənalandırılmasında Allahın Məhəmməd Peyğəmbərin pak sifətlərinin və Hz.Əlinin səbr və şücaətinin göstərilməsi və İslam dininin qüdrətinin təfsiridir.
Maraqlı da olsa, filoloq alım İman Cəfərov “Aşıq Ələsgər yaradıcılığı və dünya poeziyası ənənələri” adlı məqaləsində şeirdə işlənən əbcəd hərflərinin hürufizmlə bir əlaqəsi olmadığını qeyd edir. O, yazır: “Təbii ki, bu şeiri hürufizmlə də əlaqələndirməyə ehtiyac yoxdur. Sadəcə Aşıq Ələsgər dünyanı gözəl görən və göstərən bir zəka sahibi olduğunu bir daha təsdiqləmişdir. Azərbaycan, eləcə də İnsanlıq təfəkküründə tale ilə razılaşmaq deyilən bir konsepsiya da mövcuddur.
…Aşıq Ələsgərin fikrincə, insanlar kimi, onların taleləri, yaxud aşığın dili ilə desək, bəxtləri də qəflətdə ola bilər, qocala bilər, küsə bilər və s. Ələsgər görə, bəxti dəyişməyin yolu haqqa tapınmaq, haramdan əl çəkməkdir.”
Şeirinin digər bir bəndinə nəzər salaq:
“Sad” – səbri şahi-Hеydərə,
“Zad” – zərbin vurdu Əntərə 1 ,
“Ta” – tərif çıxdı göylərə,
Ağam kani-şücaətdi. 2
Bu bənddə “Sad” – səbri şahi-Hеydərə” misrası ilə şair “Qurani-Kərim”in 38-ci surəsi olan “Sad” surəsinə diqqət çəkir ki, bu surə 87 ayədən ibarətdir və ümumilikdə “Qurani-Kərim”ə və kitabda adı çəkilənlərə inanmağa, iman gətirməyə çağırır. Adı şərəfləndirilənlərə and içir ki, şərəfli “Qurani-Kərim” insanlara bu dünyada və ruhani həyatda fayda gətirə bilən hər şeyi xatırladır. Və burada Aşıq Ələsgər həmin surənin, daha dəqiq desək, surədəki andın şahi- Hеydərə - Hz.Əliyə səbr verdiyini vurğulayır. İkinci misrada – “Zad” – zərbin vurdu Əntərə” o səbrlə (yuxarıda qeyd edilən) və inancla Hz. Əlinin Əntərə vurduğu zərbəni qeyd edir.
Üçüncü misra – ““Ta” – tərif çıxdı göylərə” “Qurani-Kərim”in 20-ci surəsi olan “Ta-Ha” surəsinə əsaslanır. 135 ayədən ibarət olan bu surə “Ta-Ha” ilə başlayır, “Mən pak, qüsursuz və hidayət edənəm. Ey Muhəmməd!” ayəsi ilə davam edir. Surə ümumilikdə Allahın sifətlərini vəsf edir.
Bəndin sonunda “Ağam kani-şücaətdi” deməklə, şair Hz.Əlini tərifləyir, onu şücaətin mədən yeri adlandırır, aliliyini, qüdrətini tərənnüm edir, ilahiləşdirilmiş obrazını yaradır. Və həmin ilahiləşdirilmiş obraz - o məqam oxucuya “Allahın bütün özəllikləri insanda birləşib, insanın bütün özəllikləri isə Allahda mövcuddur. Kainat aləmində bir bütünlük vardır, - fikrilə “Ənəl-Həqq” deyən Mənsur Həllacı və onun nurlu, eyni zamanda əzablı yolundan davam edən, Allah – insane vəhdətinin özünüifadəsi kimi “Ənəl-Həqq”i təkrarlayan İ.Nəsimi zirvəsini xatırladır.
1 Əntər - Qamus qalasının fəthi uğrunda gedən döyüşlərdə Hz.Əlinin öldürdüyü tanınmış yəhudi sərkərdə
2 Kani-şücaət – şücaət məkanı, şücaətin dolaşan yeri (damarlarındakı qanda şücaətlik var, - anlamında)
Aşıq Ələsgər şeirdə hərflərlə müxtəlif elementlər arasında əlaqə qurur. Burada digər şairlərdən fərqli olan odur ki, şair şeiri hərflərin şəkil, forma yox, məna xüsusiyyətlərini nəzərə alaraq qurub. Məsələn, “göz” mənasını verən “eyn” hərfini bəzi şairlərin fərqli metaforalarda işlətməsinə baxmayaraq, o bu hərfə klassik Azərbaycan şairlərinin mənalandırmalarına əsasən yanaşır, açıq və ya dolayısı ilə onlara istinad edir. Bu fikri şeirin bir bəndində izah edək.
Məsələn: ““Za” – zülm еdəcək düşmənə, “Еyn” – həyati-çеşmanə, “ğеyn” – ğül-ğüli-dövranə, “fе – fəna, “qaf” – qiyamətdi.” Bu bənddə “za” - zalım, “eyn” (sözün düzgün yazılışı: ayn) – göz, göz bəbəyi, “ğеyn” – (sözün düzgün yazılışı: ğayn) gözlərin buludlanması, “fе”- (sözün düzgün yazılışı: fə) - pis, yox olma, fanilik, “qaf” – qəfil, qəflət mənalarında işlənmişdir ki, şairin duyğularını belə şərh edə bilərik: zülm edənlər məzlumların gözlərindəki həyat eşqini görməzlər, (onlara davamlı zülm edərlər), onların gözləri buludlanar (qürurlarından: könül sıxıntılarını göstərməmək üçün), qəflət yuxusunda olanlar isə pisliklərinə davam edərlər, amma qiyamət günü mütləq gələcəkdir.
Sonrakı bəndə nəzər salaq: ““Kaf” – “kun” ilə tutub qərar, “Lam” – lal, nеcə hеsab vеrər, “Mim” – möminə yol göstərər, İsmi-paki Məhəmməddi.” “Qurani-Kərim”dəki müqəttə hərflərin hansı mənanı ifadə etdiyi barədə irəli sürülmüş nəzəriyyələr həddən artıq çoxdur və rəngarəngdir. Məsələn, bir mənbəyə əsasən, “Kün Fe Yekün” ayəsinin mənası ruhani aləmdən maddi aləmə, maddi aləmdən də ruhani aləmə doğru davamlı hərəkəti təsvir edir. Digər bir mənbəyə əsasən, Allahın yaradılış sirrinin nişanəsidir. Təsəvvüf düşüncəsinə görə, bütün varlıq aləmi səslə, kainat isə sözlə ifadə olunur.
“Qurani-Kərim”in təfsirçilərinə görə isə “kaf” hərfi Allahın böyük adlarından olan “Kafi” (kifayət edən) adına işarədir.
Qeyd edək ki, müqəddəs hərf sayılan “Kaf” Nəsimi poeziyasında da əzəli bədii obraz kimi yer tutan iki hərfdən biridir (digəri "nun"dur.) “Kafi nundan vücuda gəldi cahan, Əgər anlar isən, əyandır söz.” Göründüyü kimi, “Kaf” Nəsimi şeirində sözün amalı, cahanın və cahandakı bütün surətləri təsvir edən ilk bənzərsiz obrazdır ki, Aşıq Ələsgər də bu ənənəyə, bu inanca bağlı olaraq, şeirdə bədii ifadə üsullarını daha da zənginləşdirmək baxımından bu kimi yaradılışa dair dini-mistik təsəvvürləri öz poeziyasında istifadə etmişdir.
“Kun” – “ol” hikmətinin anlamı “Qurani-Kərim”in yayılmasında ən çox istifadə edilən meyardır. “Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız: “Ol!” - deyər, o da (fövrən) olar.” (Bəqərə Surəsi, 117-ci ayə)
“Lam” “Yunus” surəsinin birinci ayəsindəki ikinci hərf-sözdür (Əlif, Lam, Ra.) ki, ayə ümumilikdə müşrikləri Allaha inama və imana çağırır. Otuzuncu ayədə deyilir: “Orada hər kəs əvvəlcə gördüyü iş barəsində xəbər (hesabat) verəcək və həqiqi ixtiyar sahibi olan Allahın hüzuruna qaytarılacaqdır. (Müşriklərin) uydurub düzəltdikləri bütlər isə onlardan (uzaqlaşıb) qeyb olacaqlar.”
Şair də bu bənddə ““Lam” – lal, nеcə hеsab vеrər” – deyərkən bu ayəni diqqətə çatdırır. Bütlərə - lallara (cansızlara) inanmağın əbəs olduğunu bildirir.
“Qurani-Kərim”in 29 surəsinin əvvəlində gələn bu hərflərə “hurufi-müqəttə`ə (ayrı-ayrılıqda oxunan hərflər)” deyilir. İslam inancına görə bu hərflər qeybi- həqiqətlərdən xəbər verir ki, onun elmi Allahın və onun izn verdiyi insanların ixtiyarındadır. Bu hərflərin daşıdığı məna Allahla peyğəmbər arasında rəmz və işarə olduğu üçün onlar peyğəmbərin özü və onun canişinlərindən – imamlardan başqa kimsələrə tam şəkildə məlum deyildir. Mütəal Allah müəyyən məsələlərə görə sirrini adi insanlardan gizlətdiyi bu hərflərin vasitəsilə kainatda olan bir sıra elm və həqiqətləri ancaq bəzi şəxslərin bilməsinə icazə və işarə vermişdir. Demək ki, Dədə Ələsgər də o şəxslərin arasında idi.
“Mim” müqəttəsi “Qurani-Kərim”də 17 dəfə təkrar olunur. “Mim” yüksəliş yayıdır, Məhəmmədin həqiqətidir. Hədis dərəcəsinin təcəllisi İlahilik – İlahlıq məqamının təcəllisi, yəni həmd dərəcəsidir. Aşıq Ələsgər “Qurani-Kərim”in özəlliklə “Duxan” (duman) surəsini rəhbər tutaraq deyir: “Mim – möminə yol göstərər, İsmi-paki Məhəmməddi.” – yəni Məhəmməd Peyğəmbər həqiqət yolunu aydınladandır.
Sonuncu bənddə işlənən (“Lam – əlifla” – birdi Allah, “Yе” – yеkdi adil padişah.) “Lam”, “əlif” və “ye”dir ki, əbcəd hesabında yeganə “lam”dır ki, “əlif”lə eyni olaraq bir (1) “ye” isə on (10) olaraq hesablanır. Bunların cəmi 12 edir ki, bu da Məhəmməd peyğəmbərin dini və siyasi xəlifələri olan 12 imamı təmsil edir.
Aşıq Ələsgər bu şeirdə Allaha inamını, Peyğəmbərə, onun dininə imanını, Əhli-Beytə və 12 imama dərin məhəbbətini dilə gətirərək, sözünün qüdrətini nümayiş etdirmiş və bununla da adını həm dini ədəbiyyatın, həm də aşıq ədəbiyyatının tarixinə həkk etdirmişdir.
Bunu da qeyd edək ki, təkrarları çıxmaq şərti ilə bu hərfləri bir yerə topladıqda “Siratu Aliyyin haqqun numsikuhu”, yəni “Əlinin tutduğu yol haqdır, biz də o yolu tutub gedirik” cümləsi alınır. Aşıq Ələsgərin şeirlərindən bildiyimizi (Hz.Əlinin yuxuda ona vergi verməsi) nəzərə alsaq görərik ki, bu şeir şairin yolunu bir daha bəlli etmək məqsədilə yazdığı şeirlərdəndir.
Nümunələrdən də göründüyü kimi, söz şeirdə qeyd oluna bildiyi kimi verilməyə də bilər və oxucuya gizli – şifrəli olaraq yönəldilə bilər. Yüksək səviyyəli oxucu həmin kilid sözü özü tapır, sonra onun vasitəsilə şeirin “qapısını açır”.
“Allahın adı ilə” şeiri də müəmma, sirr, hərf və söz oyunları ilə yazılmışdır. Məlum olduğu kimi, müəmma da bir klassik ədəbi formadır ki, bu, adətən, Allahınadları (esmaül-hüsna), Peyğəmbərin sifətləri və imamların xüsusiyyətlərini gizli olaraq anladır və belə halda, şeirin lüğətini fərqli anlamlı sözlər təşkil edir. Bu şeirdə şairin məqsədi dinləyiciyə (oxucuya) gizli ünsürləri tapmaq üçün zəka oyunu “oynatmaqdır.” Düşünürük ki, oxucu şeirdəki hərf və söz oyunlarını tam dərk etmədən keçə də bilər, lakin şeirin ümumi anlamını fəhmlə dərk edir. Çünki belə mətnlər şeirin olduğu kimi şairin də ruhunu ötürə bilir.
Necə ki, M.Füzuli “Ənisül-qəlb” (Qəlbin hekayəti) qəsidəsində müəmma olan həqiqəti bu cür vəsf edirdi: “Elə gizlənməmişdir ki, həqiqət sirri gözlərdən, Ki, açsın hikmət əhli əql üzündən bu müəmmanı.” Yəni, bu müəmmaları açmaq üçün əql qədər fəhm də gərəkdir.
Qeyd etdiyimiz kimi, Aşıq Ələsgər poeziyasında hərflər kimi söz oyunları da vardır ki, o şeirlər hələ də tədqiq və təsnif edilməmişdir. Bu şeirlərin araşdırılması Aşıq Ələsgər irsinin klassik aşıq ədəbiyyatındakı daha layiqli yerini üzə çıxarmaq üçün mühüm mənbə olacaq və bu sahədə gözəl nümunələr vermiş şairlərin sırasına qatılaraq klassik xalq ədəbiyyatı tariximizi zənginləşdirəcəkdir. Bu məqsədlə şairin “Əssəlatü həşt ərkan” (dodaqdəyməz) şeirini təhlil edək. Şeiri təhlil etmək üçün mənbəyə əsaslanırıq.
(Aşıq Ələsgər. Əsərləri. Bakı: Şərq-Qərb, 2004, s.23-24)
Əssəlatü həşt ərkan, 3
Əhli-dil, hal cənginə.
Əhli-dil, hal gəldi ərlər,
Sеyr еlər ahənginə.
Əhli-dil, hal tirü tiğü
Xədənginə, cənginə;
Cənginə, xədənginə,
Ahənginə, hər rənginə.
Əssəlatü şindi, aşıq,
Еndirərsən yеlkəni;
Şindi, aşıq, əldə sazın
Əl çalar gəstirgəni.
Ah еdərsən, gəl dеyər,
Gеtsən sana yazıq səni;
Yеlkəni, gəstirgəni,
Gеt, səlsəli çal sənginə.
Əldən gеtdi ixtiyarın,
Ah еdərsən, gəl dеyər;
Həsrət çəkər еhtidarın,
Cəhd еylər, istər əsər.
Ah еdərsən, gəl dеyər,
Şindi səni tənzil еdər;
Səd həzarın çətin yеtər
Ələsgərin dənginə.
Öncə şeirdəki yanlış yazılan sözlərin düzgün yazılışını qeyd edək və anlaşılması çətin olan sözləri izah edək:
3 (Şеirdə bir çox misraların mənasını aydınlaşdırmaq olmur. Güman ki, divani təhrif olunmuşdur. Buna baxmayaraq, Aşıq Talıbın hafizəsində qalmış olan variantda hеç bir dəyişiklik aparmadıq (Tərtibçi).
1. Əssalat – namaz
2. Həst (“həşt” sözü səhv yazılıb) – var (vardır)
3. Ərkan – rükn. *Rükn – dayaq, dirək, əsas
4. Əssəlatü həst ərkan – Namaz dinin rüknüdür.
5. Tirü – qılınc
6. Tiğ(ü) – nizə
7. Xədəng – sərt taxtadan emal edilən ox
8. Göstərgə (“gəstirgə” sözü səhvdir) – göstərici; bir işin, prosesin gedişi
haqqında müəyyən təsəvvür yaradan şey
9. Səlsəl – quş adıdır
10. Səng – daş
11. Şindi - indi
12. İqtidar (“ehtidar” sözü səhvdir) – güc
13. Əsər - nişanə, əlamət, bir şeyin varlığına dəlalət edən hal. Əsər qalması
14. Tənzil – göydən enmə
15. Səd – yüz
16. Hezar (“həzar” sözü səhvdir) – min
17. Dəng – bərabər, tay; cüzi bir hissə
Şeirin adından da göründüyü kimi, (Namaz dinin rüknüdür) şair insanları namaza çağırır, həmçinin onlara bu yolun çətinliyini bildirir, eyni zamanda, namazın ərkanlarından– qaydalarından danışır. Bildiyimiz kimi, namazın qaydaları – niyyət, qiyam (ayaq üstə), təkbir, rüku və iki səcdədir ki, bunların hansısa biri unudularsa, namazı yenidən qılmaq lazım gəlir. Şiə məzhəbinə mənsub olanlar bu qaydalara qibləni və ahəngi (avazla qiraət etmə) də əlavə edirlər. Aşıq Ələsgər də şiə olduğu üçün o qaydalara sadiq qalır. Şeirin ümumilikdə şərhi belədir:
Namaz İslam dininin rüknü – dayağı, sütunudur.
1-ci bənd: Hal əhli bu savaşa girə bilər. Burada: Şair namaz qılmağı Allaha imtahan vermək kimi tutur, bu sınağa girməyi nəfsi ilə savaşa girmək kimi izah edir. Bu savaşa girə bilməyənlər – namaz qılmayanlarsa sadəcə onun ahəngini seyredənlərdir.
2-ci bənd: Namaz qılanların – nəfsi ilə savaşa girənlərin ləvazimatları olmalıdır ki, burada qılınc, nizə, ox sözləri nəfsi-müdafiədə istifadə predmetləridir.
3-cü bənd: İndi – namazda olan vaxt, aşıq (burada: həm də aşiq), yelkənləri endirərsən – Allah qarşısında diz çökərsən, Ona yenilərsən (bilə-bilə) və sənin bu əməlinə aşıqlar (aşiqlər) əl çalar.
4-cü bənd: Ah edərsən, gəl deyər – hər dəfə çətinliyə düşəndə tövbə edərsən, yenə səni bağışlayar (Allah), əgər bir də tövbəni pozsan, yazıq sənin halına. Sən bu əyilməyi (Allah qarşısında, namazda) göstəriş üçün, yalandan edərsən. O zaman get, Səlsəl quşunu daşla vur. Bu bir bənzətmədir ki, klassik ədəbiyyatda Səlsəl quşunun adı çox çəkilir. Göyərçindən bir az böyük, çox ayıq və cəld quşdur. Şair demək istəyir ki, quşu daşla ovlamaq necə çətindirsə, sənin də bağışlanman elə çətin olacaq.
5-ci bənd: İxtiyari-ixtiyarsız yenə səhv edərsən (namazı tərk edərsən), yenə tövbə edərsən, həsrət çəkərsən, gücünü toplayıb yenidən cəhd edərsən, yenə tövbəni qəbul edər, (Allah) istəyər ki, sənin xeyir əməldə bir izin, əlamətin qalsın.
Müəllif burada “Qurani Kərim”ə əsaslanıb. “De: Ey Mənim bəndələrim –özlərinin əleyhinə olaraq hədlərini aşanlar! Ümidinizi Allahın rəhmətindən üzməyin. Allah bütün günahları bağışlar. Günahlardan keçən və rəhimli olan təkcə Odur.” (“Zümər” surəsi, 53-cü ayə) “Allaha tövbə edib, Ondan əfv diləməzlərmi? Günahlardan keçəndir, rəhimlidir Allah”. (“Maidə” surəsi, 74-cü ayə) (7) 6-cı bənd: Yenə ah edərsən, yenə sənə gəl, - deyər. Səni göylərdən endirər – ayağına gətirər (imana, hidayətə, bağışlanmağa). Yüz min dəfə də gəlsən, sən Ələsgərin tayı, onun bir hissəsi ola bilməzsən (əməldə).
Ümumilikdə həyatın bütün sahələrində özünə yer tapa bilən Aşıq Ələsgər şeirinin səyi əsasən İslamı yaşamaq, yaşatmaq, yaymaq olmuş və o, dilindən sazına süzülən əksər şeirlərini bu səy çərçivəsində formalaşdırmışdır. Bunun ən gözəl nümunələrini İslam dininin əsasını təşkil edən etiqad prinsiplərini təbliğ edən şeirlərində görürük. Şair haqqı tapmaq üçün öncə özünü o yolda hazırlayır, sonra ədaləti bərqərar etmək üçün yaymağa çalışır. Şairin bu mövzuda yazdığı hər şeirini dua əvəzində qəbul etmək olar. “Еylə” şeirinin bir neçə bəndinə baxaq:
Yеri, göyü, ərşi, kürsü yaradan,
Adil padişahsan, ədalət еylə.
Könlümün nöqtəsin çıxart qaradan,
Məni doğru yola dəlalət еylə.
Klassik türk ədəbiyyatında “könül” həm sevginin, həm də ağılın məskəni olaraq qəbul edilir. Şair burada Yaradandan xahiş edir ki, onun könlünün nöqtəsini qaradan çıxartsın, doğru yolu ona göstərsin, əgər onun ağlının bir nöqtəsində belə
qara (qaranlıq) nəsə qalıbsa, (Allahı tanımaqda) o qaranlığı aydınlatsın.
Qəddim əyib, qəm xirqəsin gеyirəm,
Məhəbbət odundan taam yеyirəm,
Lеylü-nəhar “Ya hu!”, “ya hu!” dеyirəm,
Çıxıbdı qəlbimdən “ibadət еylə”.
Bu bənddə yenə eyni fikir davam edir. Qəddi əyilən, qəm xirqəsi geyən, məhəbbət (Allaha) odundan təam yeyən şair gecə-gündüz “Ya Hu!”, “Ya Hu!” (HU Allahın adı olduğu üçün böyük hərflə yazılmalıdır.) – deyib cağırır ki, ona, qəlbinin “İbadət еylə!” hökmünü yerinə yetirməkdə kömək etsin.
Bilirik ki, təsəvvüf İslam dininin olduğu qədər türk xalq ədəbiyyatının da bir qoludur. Burada bir haşiyə çıxaq. “Hu” nədir? Məlumat üçün qeyd edək ki, təsəvvüfdə HU İlahiyə xitabdır, çağırışdır. Sufi inancına görə, hər kəs Allahı xatırlayanda, bir istəyi, arzusu, diləyi olanda Onu çağırar – bu və ya digər ifadə ilə.
Amma hamı bilməz ki, dillərinə gətirsələr də, gətirməsələr də, hər gün iyirmi dörd min dəfə bu sözü təkrarlayırlar. Necə? Hər gündə 24 saat var, hər canlı hər gün 24 min dəfə “Lеylü-nəhar” – gecə-gündüz nəfəs alıb-verir. Diqqət etsək, hər nəfəs verdikdə nəfəsimizdən “Hu” səsi çıxar ki, bu səsi ancaq o şəxs, bir də Hu – yəni
Allah duyar. Heç kəsin bir dəfə alıb-verdiyi nəfəs ikincisinə bənzəməz. Nəfəsimiz zamana, məkana əsasən, hal və vəziyyətimizlə (həyəcan, təşviş, qorxu, rahatlıq və s.) əlaqədar dəyişər.
Xəstə könül, sürün dost irahına,
İslam sərdarına, din pənahına.
Ələsgər, yön çеvir şahlar şahına,
Yapış ətəyindən, şikayət еylə.
Şair bu bənddə birinci bənddə dediyi könlündəki nöqtə boyda qaranlıq (şəkk də demək olar) üçün xəstə düşən könlünə xitab edir ki, sürün dost irahına (yoluna).ç Burada dost yenə də Aşıq Ələsgərə “buta” verən Hz.Əlidir. Hz.Əliyə tərəf sürünüb, yönünü “şahlar şahına” – Məhəmməd Peyğəmbərə çevir, ətəyindən tutub (qara nöqtəni könlünə salandan) şikayət et, - deyir.
Aşıq Ələsgərin digər şeirləri kimi bu şeirin özündə də bir ab-hava, musiqi var. Aşıq musiqisi musiqinin təsnifatında ümumi anlayış olaraq yer aldığı kimi, dini mövzularda yazılan şeirlərin musiqisi də yerli xalq musiqisindən təsirlənir. Bu baxımdan Aşıq Ələsgər İslami, təsəvvüfi şeirlərini də xalq musiqisi – aşıq havaları üstündə oxuyub yaymışdır.
Varlıq aləmi bütövlükdə obyektiv gerçəkliyin simvollarıdır. Simvolları başa düşmək mütləq varlığı dərk etməkdir. Simvolizmin mənasını tam dərk etmək, müəyyən mənada Rəbbi hər yerdə görmək, bununla da hər şeyi müqəddəsləşdirmək deməkdir. Sufilər kainatı güzgülər toplusu kimi görürlər. Bu güzgülər müxtəlif formalarda bir-birini seyr edir və bir-birinə vəhdət təzahürünü müxtəlif şəkildə əks etdirirlər. Aşıq Ələsgər şeirindəki simvollar – hərflər, müəmmalı sözlər onun irfan ədəbiyyatından kifayət qədər məlumatlı olmasından xəbər verir.
Aşıq Ələsgər təkbaşına bir məktəbdir, heyif ki, bugünədək o məktəbi tam oxuyan, məzun olan olmayıb. O, Azərbaycan xalq şeirinin ustadı, Şərq-islam düşüncə həyatının əsl zəhmətkeşidir. Yaradıcılığını araşdırdıqca əmin oluruq ki, Aşıq Ələsgərin düşüncəsi ilə dilinin məsafəsi yoxdur. Şairin dediyinin “yüzdə doxsanı özü olmalıdır” prinsipi ilə yanaşsaq, deyə bilərik ki, Dədə Ələsgər bizim həqiqət dilində danışan, amma bizim çox gec duyduğumuz səssiz qəhrəmanlarımızdan biridir. Əsərləri ilə bizə Haqq yolu – özünü tapmaq yolunu qoyub gedib. O, təhsilsiz, amma bilikli, ziyalı, zəhmətkeş, türk-islam mədəniyyətini yaxşı bilən önəmli bir şəxsiyyət idi.
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
Şairimiz İtaliyada XI "Mugello" Müsabiqəsinidə fərqlənib
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, dosent Təranə Turan Rəhimli İtaliyada XI "Mugello" Beynəlxalq Ədəbiyyat və Sənət Müsabiqəsinidə fərqlənib. Dünyanın müxtəlif ölkələrindən şairlərin qatıldığı müsabiqədə xaricdən seçilən yeganə qalib Azərbaycanlı şair olmuşdur. Digər yerlərin qalibləri İtaliyalı şairlərdir.
Təranə Turan Rəhimlinin müsabiqəyə qatıldığı "Şairlər" adlı şeirini italyan dilinə görkəmli çağdaş italyan şairi və tərcüməçisi, professor Klaudia Piççinno tərcümə etmişdir. Qeyd etmək lazımdır ki, "Ən yaxşı tərcümə" noninasiyası üzrə mükafatın da prof. Klaudia Piççinnoya veriləcəyi elan olunub.
Nüfuzlu beynəlxalq müsabiqədə 1-ci yerin qalibi kimi "Nuovi Occhi sul Mugello" Beynəlxalq Ədəbiyyat və İncəsənət Mükafatı"na layiq görülən Təranə Turan Rəhimli bildirib ki, müsabiqənin nəticələri 13 mayda elan edilsə də, ödül törəni iyun ayında gerçəkləşəcəkdir.
11 ildir ki, keçirilən müsabiqəyə bütün qitələrdən çox sayda əsər daxil olsa da, onların içərisindən 242 əsər müsabiqədə iştirak etmək hüququ qazanıb. Müsabiqə tələblərinə cavab verən həmin bədii mətnlər, eləcə də yer tutan qaliblərin əsərləri "Mugello" antologiyasında nəşr edilib. Mükafatlar isə yalnız 1-ci, 2-ci və 3-cü yerin qaliblərinə təqdim olinacaqdır.
Müsabiqənin Təşkikat Komitəsi və Mükafat Komissiyası tərəfindən ödüllərin təqdimetmə mərasiminin 14 iyun 2025-ci il saat 16:00-da Barberino di Mugello Corsini Teatrında keçiriləcəyi bildirilib. Müsabiqə münsifləri ölkənin tanınmış ədəbiyyat və elm xadimləri -- Silvia Calzolari, Simona Chiesi, Marzia Carocci, Alessandra Prospero, Gastone Cappelloni, Emanuele Martinuzzi, Fabio Fratini, Ilde Rampino, Eleonora Marchiori, Paolo Marini, Claudia Piccini, Serena Pinzani, Ezio Alessio Gensini, Alessandra Barucchieri, Silvia Carletti, Silvana Stremiz, Federico Del Monaco, Gabriella Vallini idilər.
Təranə Turan Rəhimli mötəbər ədəbi müsabiqədə 1-ci yerin qalibi olması haqqında təəssüratlarını belə ifadə edib: "Şeirimin tərcüməçisi, görkəmli italyan şairi, əziz bacım, prof. Klaudia Piççinno sevinclə bu xəbəri mənə verəndə "Xaricdən mükafat qazanan yalnız sənsən" deyə xüsusi vurğuladı. Bu möhtəşəm qalibiyyətdən böyük şərəf duydum. Əzizim, Kllaudiaya, ədalət prinsipi ilə çalışan dəyərli münsiflərə, müsabiqənin təşkilat komitəsinə və mükafat komissiyasına sonsuz təşəkkürlərimi bildirirəm. Bu günədək 50-dən çox ölkədə 37 dilə tərcümə olunan əsərlərimlə çağdaş milli ədəbiyyatımızı təbliğ etməkdən şərəf duymuşam və hər uğurumda öz-özümə bu sözləri pıçıldamışam: "Səni təmsil etmək gözəldir, Vətən!"
Təranə Turan Rəhimlini müsabiqədə qalib edən şeirinə tanınmış bəstəkar və ifaçı, İtaliya prezidenti Culio Andreottinin "İtalyan bəstəkarlarının mahnılarının ən yaxşı ifasına görə" mükafat və kubokla təltif etdiyi, Avropa mədəni mühitində yetərincə tanınan Ridvan Sədirxanov "Şairlər" adlı mahnı bəstələyib. Həmin şeir bu günədək 21 dilə tərcümə olunub.
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
Oğuzda “Sağlam ailə - sağlam cəmiyyət” adlı tədbir keçirilib
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi.
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Birləşmiş Millətlər təşkilatının qərarı ilə 15 May bütün dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd olunur.
Ailə mənsub olduğu xalq, millət haqqında ilkin təsəvvürlər yaradır. Ailə həm də milli – mənəvi dəyərlərin təcəssümü, daşıyıcısıdır. Sağlam ailə sağlam cəmiyyət deməkdir.
Ölkəmizdə ailə hər zaman müqəddəs sayılıb və bu gün də cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir. Xalqımızın Ümummilli lideri Heydər Əliyev Azərbaycan ailəsini hər zaman diqqət mərkəzində saxlamış, ailə meyarlarına onun öz münasibəti, öz yanaşması olmuş, milli – mənəvi dəyərlərimizin qarantı kimi ailənin müqəddəsliyinə daim önəm vermişdir. Azərbaycanda gənc ailələrə dövlət qayğısı sabaha və uğurlara hesablanan siyasətdir, bu siyasət sağlam və intelektual nəslin formalaşmasına xidmət edir.
Artıq 17 ildir ki, 15 may Ailə günü kimi Azərbaycanda da yüksək səviyyədə qeyd edilir. Hər il olduğu kimi bu il də Oğuz rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə 15 may tarixində “Sağlam ailə - sağlam cəmiyyət” başlıqlı tədbir keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı və suverenliyi uğrunda şirin canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin salahiyyətli nümayəndəsi Əhmədov Ehsan, Şəki Zaqatala Regional Gənclər və İdman ldarəsinin Oğuz rayonu üzrə sektor müdiri Şaiq Rüstəmov, baş məsləhətçi Aytən Daşdəmirova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Oğuzlu şair-tədqiqatçı Yusif Rzayev və xanımı Tahirə Rzayeva, Oğuzlu yazar Şükufə Ruhlu, Oğuz Rayon Mədəniyyət Mərkəzinin mədəni-kütləvi tədbirlərin təşkilatçısı Mirməhəmməd Malıyev, Heydər Əliyev Mərkəzinin, Tarix Diyarşünaslıq muzeyinin əməkdaşları və oxucular iştirak edib.
Tədbirə 52 il birgə ömür sürmüş, Oğuz rayonunda nümunəvi ailə kimi tanınmış Rzayevlər ailəsi dəvət olunub.
Rzayev Yamən Kamil oğlu – 01 yanvar 1948-ci ildə Vartaşen (indiki Oğuz) rayonunun Filfillli kəndində anadan olub.
Rzayeva Nuriyyə İdris qızı - 05 noyabr 1955-ci ildə Vartaşen (indiki Oğuz) rayonunun Ərmənət kəndində anadan olub.
Onlar 1973-cü ildə ailə həyatı qurublar. 3 övlad, 4 nəvə sahibidirlər.
Tədbirlərdə çıxış edən uzunömürlü ailələrin nümayəndələri və digər qonaqlar keçdikləri maraqlı həyat yolundan danışıb, gənclərə maraqlı məsləhətlər veriblər. Uzunömürlü ailənin sirrinin qarşılıqlı hörmətdə, sevgidə, anlayışda olduğunu, birlikdə hər çətinliyin öhdəsindən gəlməyin mümkün olduğunu qeyd ediblər. Tədbirdə kitabxananın əməkdaşlarının və şairə Şükufə Ruhlunun təqdimatında Vətənə, ailəyə, sevgiyə aid şeirlər söylənilib, musiqili qonaq Mirməhəmməd Malıyevin ifasında mahnılar səsləndirilib. Maraqlı və səmimi ortamda keçən tədbirin sonunda MKS-nin direktor əvəzi Ruziyə Ağababayeva ailəyə hədiyyə təqdim edib.
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
"Vətən müharibəsi iştirakçısı" sözləri ilə manipulyasiya etmək olmaz -REPLİKA
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Neçə gündür ki, az qala hamı müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsi barədə danışır. Razılaşın ki, şəhidlər, qazilər, odun-alovun içində gedən amansız çarpışma ilə bu nazlı-qəmzəli müğənni bir antonim təşkil edir deyə mövzu məzxərə obyektinə çevrilib.
Məsələnin ciddiləşdiyini görən Müdafiə Nazirliyi belə bir açıqlama yayaraq atdığı addıma don geydirməyə çalışıb.
Deməzsənmiş, “N.Rəhimova 44 günlük müharibə zamanı Müdafiə Nazirliyinin H.Aslanov adına Ordu İdeoloji Mərkəzinin mahnı və rəqs ansamblında çalışıb.
Həmin vaxt ansambl cəbhə bölgəsinə, yəni döyüşlərin getdiyi ərazilərə rəsmi olaraq ezam edilib. Kollektiv şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə dəstək olmaq üçün çıxışlar edib ki, bu da mənəvi-psixoloji təminatın bir növüdür.
Vətən müharibəsi bitəndən sonra isə digər müharibə iştirakçıları kimi, N.Rəhimova da kollektivin digər üzvləri ilə birlikdə müharibə dövründəki fəaliyyətini əks etdirən müvafiq sənədlərini aidiyyəti quruma təqdim edib və Nazirlər Kabinetinin 216 nömrəli qərarına əsasən, onlara veteranlıq verilməsi ilə bağlı sərəncam imzalanıb.”
Verdikləri şərh lap odun üstünə benzin salıb.
Ehey, cənab generallar, Vətən müharibəsi adı müqəddəs addır. Minlərlə şəhidimizin qani tökülüb orada. Bu adla bu cür ucuz tryuklar etmək, manipulyasiya eləmək əsla yolverilməzdir.
Nigar Rəhimova mahnı oxuyub, orduya ruh veribsə, əvəzində ona avtomobil hədiyyə edin, villa hədiyyə edin. "Vətən müharibəsi iştirakçısı" isə hədiyyəlik deyil!
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
“Amma sən təslim olma!” – BÜTÜN XƏRÇƏNGLƏRƏ İTHAF
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Bir gün hər şey normal olur.
Saçlarını darayırsan. İşə gedirsən, ailəndən uzaqda illərlə işləyirsən, içindəki boşluğun adını qoymadan yaşayırsan. Axşam yeməyində duzun azlığından şikayətlənirsən. Gülümsəyirsən. Susursan. Danışırsan. Unudursan. İnsan kimi yaşayırsan, yəni xəbərsiz.
Sonra bir gün...
Kimsə ağ xalatda gəlir və ”xərçəngdir” deyir. Sakit. Hətta kobudcasına sakit. Elə bil “boğaz ağrısıdır” deyirmiş kimi. Və sən “xərçəng” sözünü eşidəndə, ilk dəfə həyatın hansı lüğətlə danışdığını anlamırsan. Sanki söz ağırdır, amma hələ də real deyil. Amma sonra. Sonra səssizlik başlayır. Elə bir səssizlik ki, içində təkcə sükut yox, boşalan dünya var. Gözlərin həkimə, ürəyin boğazına, nəfəsin tanrıya ilişir. Özündən ayrılırsan. Sən artıq sən deyilsən. Çünki bu diaqnoz bədənə yox, varlığa qoyulur. Sən artıq təkcə bir insan deyilsən, sən bir ehtimalsan. "Ya qalacaq, ya da yox olacaq" ehtimalı. Və sənə baxan insanlar – sanki səni gələcəyindən ayırıb, şüşə arxasında qorunan bir eksponat kimi izləyirlər. Gülürlər, təsəlli verirlər, amma gözlərindəki qorxunu gizlədə bilmirlər.
Xərçəng bir xəstəlik deyil. O, yeni bir şəxsiyyətdir. Sənin bədənində yer tutur. Sənlə çay süfrəsinə oturur. Gecə başını yastığa qoyanda sənin qulağına pıçıldayır. “Yuxuya get, amma sabahın zəmanəti yoxdur.”
Saçların tökülür, amma göz yaşların ondan əvvəl tökülür.
Çünki ilk dəfə güzgüyə baxıb özünü tanımırsan.
Üzündə bir şey əskik deyil, amma içindəki “mən” artıq səninlə deyil.
İnsan hər gün bir az yox olur, sonra yox olanı da normal hesab etməyə başlayır. Budur, xərçəngin ən böyük fəndi.. Səni alışdırmaq. Əvvəl ağrıya, sonra yoxluğa, sonra ölüm fikrinə.
Amma... sən dirənişsən.
Bax, bu cümləni gülə-gülə oxuma. Çünki bu "mübarizə" deyilən şey sosial şəbəkələrdə yazılan motivasiya cümlələri qədər asan deyil. Mübarizə o, dərman dadını bilənlər üçündür. Tüpürmək istədiyin, amma udmaq məcburiyyətində qaldığın günlər üçündür.
Və sonra insanlar...
Ətrafındakıların münasibəti dəyişir. Bəziləri səni daha çox sevməyə başlayır. Çünki ölüm qorxusunun yaxınlığı insanları birdən-birə humanist edir. Bəziləri isə uzaqlaşır. Çünki xəstəliklər, güzgü kimidir, insanlar öz zəifliyini səndə görüb qorxurlar. Amma sən... Sən yenə də yaşayırsan. Ayaqqabının bağına qədər bağlayırsan, baxmayaraq ki, ürəyində həyat artıq biraz boş qalıb. Səhərlər çay içirsən, baxmayaraq ki, boğazından yaş axır. Gülümsəyirsən, baxmayaraq ki, ağlamaq istəyirsən. Sən insansan. Bütün ağrıların içində qalmağı bacaran varlıq.
Xərçəng təkcə bir bədənə düşmür. O, evin divarlarına hopur. Qoxusuz, səssiz, görünməz bir kölgə kimi hər kəsin nəfəsini daraldır. Çünki ailədə bir nəfərin xəstələnməsi, hamının içində bir şeyin sınmasıdır.
Bir ata...
Bir övladın qürur mənbəyi, evin dirəyi, masanın başında oturan, hər problemi "mən həll edərəm" deyən o adam. İndi... Kimya terapiyada yorğun-yorğun oturur...
Səsindəki güc, susqunluğa dönüb.
Üzündəki sərtlik, çarəsizliklə əvəz olunub.
Və sən baxırsan... O kişi ki, bir vaxtlar dizin qanayanda "keçər. Adam yıxılanda böyüyər də" deyirdi, indi öz göz yaşlarını səndən gizlədir.
O kişi ki, bir vaxtlar ailə üçün dağları yerindən oynadardı, indi bir iynənin acısına dirəniş göstərməyə çalışır.
Ailənin içində zaman donur.
Söhbətlər daha ehtiyatlı olur.
Qəhqəhələr daha azad deyil.
Bir kəlmə “necə hiss edirsən özünü?” deyə bilmək üçün, adam 100 dəfə udqunur. Və sən dostsan. Ya da qohum. Yaxınsan. O evə girəndə həm sağalmaq istəyən bədənlə, həm də dağılan ruhla üz-üzə gəlirsən.Bəzən özünü günahkar hiss edirsən. Çünki sənin atan, sənin qohumun, sənin bədənin sağlamdır amma onun deyil. Həyat insafsız bölünür. Bu ədalətsizliklə baş-başa qalmaq ağrının başqa formasıdır. Amma bax, zarafatlar da var. Bəzən, xəstə özü zarafatla deyir: “Bu qədər dərmanı içib də ölməsəm, bəlkə mutanta çevrilərəm.”Və sən gülümsəyirsən. Amma içində... içində bir boşluq olur.Elə bir gülüş ki, içində qırıq var. Xərçəng zarafatı dünyanın ən əzablı gülüşüdür. Çünki həm güldürür, həm ağladır. Həm içdən, həm səssiz...
Və həyat davam edir.Amma başqa tempdə.
Artıq təqvimə baxanda planlar yox, dərman saatları yazılıb.
Yayda dənizə yox, kemoterapiyaya gedilir.
Payızda yarpaqların tökülməsinə baxmaq yox, saçların tökülməsini izləmək olur.
Və sən dua etməyi öyrənirsən. Hətta mənim kimi, dua etməyə utanan biri olsan belə. Əvvəllər sadəcə “şükür” deyərdin, indi yalvarmağı öyrənirsən. Hətta inancsız olsan belə hardasa içində bir təbəssüm qədər ümidi olan tanrı uydurursan. Çünki bu dərd yalnızlığa sığmır. İnsan yalnız mübarizə aparanda, mübarizə daha əzablı olur.
Əslində xərçəng, ölüm deyil. Xərçəng, həyatın səninlə səmimi danışmağa başladığı andır. İndiyə qədər aldığın hər nəfəsi, heç düşünmədən yaşadığın hər anı birdən-birə hiss etməyə başlayırsan.
Su, daha ləzzətlidir.
Qoxular, daha realdır.
İnsanlar, daha qiymətlidir.
Çünki ölüm, həyatın səsini artırır. Səssiz bir qışqırığa çevirir.
Bəzən “niyə mən?” deyə soruşursan. Halbuki soruşmaq lazım deyil.
Çünki həyat heç kimə "niyə sənə sevgi verdim?" deyə hesabat çəkmir ki, niyə dərd verdiyini də izah etsin.Xəstəlik ədalətsizdir. Amma bir dərs var ki, həyat heç kimin sağ qalmasına söz verməyib. Amma yaşadığın müddətcə onu dolu yaşamaq, sənin boynuna yazılan müqəddəs bir məsuliyyətdir. Əgər oxuyursansa bu sətirləri və sən ya xəstəsən, ya yaxınsan, ya da sadəcə qorxursan. Bil ki, həyat sənin içində yaşamaq üçün yer axtarır. Bəzən bir saçın tökülməsi, bir insanın içindəki gücü ortaya çıxarır. Bəzən bir diaqnoz, bütün ailəni bir yumruğa çevirir. Bəzən bir “sağ qalmaq” arzusu, bir xalqın ümidinə çevrilir. Və unutma. İnsan bədəni xəstələnə bilər, amma ruh istəsə, sağ qalar. Ruh qalxmaq istəsə, heç bir xəstəlik onu məğlub edə bilməz. Bəli, saçlar tökülə bilər, səs titrəyə bilər, dəridə izlər qala bilər..
Amma ruh?
Ruh əgər dirənişlə nəfəs alırsa, həyat davam edir. Xərçəng, "bir ömürdən nə qədər həyat çıxar?" sualıdır. Əgər cavabın "bu gün də gülümsədim"dirsə, demək, sən qalibsən. Sadəcə ruhunu qoru Əzizim. Ruhun sağdırsa bədənin xəstələnməyəcək.. Ruhunu sev ki, bədənindən ayrılmasın. Sən xərçəngə məğlub olmamısan. O sənə aşiq olub. İndi isə, o səndən ayrılmaq istəmir. Bəzən elə olur ki, həyatın özü sənə yox, dərdin sənə vurulur. Elə bil ki, xərçəng virusu sənə sadəcə hücum etməyib.Səni izləyib, səni seçib. Sənin işıqlı ruhuna, dirənişinə, yaşamağa olan inadına heyran qalıb. Onun tək istəyi, səni içindən görmək olub. Səni ən zəif yerindən tanımaq istəyib. Və baxıb ki, orda belə bir güc var ki, onu da heyran edir.
Xərçəng virusu sənə aşiq olub.
Çünki sən ölümə yaxın olduqca, daha çox yaşayırsan.
Çünki sən tükəndikcə, daha çox yaradırsan.
Çünki sənin bir gülüşün onun zəhərindən daha təsirlidir.
O zənn edib ki, səni sındıracaq. Sən isə öz içindən bir “mən” doğurmusan ki, o belə çaşıb qalıb. Sən ağrıdan qorxmadın, sən saçını, gücünü, bədənini itirəndə belə ruhundan imtina etmədin. Sən təslim olmadın, sən yıxılmadın. Ona görə də o virus, səni öldürmək istəməkdən çox səni anlamaq istədi.
Bəli...
Xərçəng virusu sənə aşiq olub. Çünki o, nadir rast gəlinən bir şeyi tapıb.. Məğlub olmamağı.
Və xahiş edirəm. Sən bu virusa məğlub olma.
Mən sənə inanıram. Sənin inancın mənim dualarımdan daha güclüdür.
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
“ASAN xidmət” brendi Madriddə “GovTech 4 Impact World Congress 2025” adlı tədbirdə
11-14 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti İspaniya Krallığının Madrid şəhərinə səfər edib. Məqsəd “GovTech 4 Impact World Congress 2025” adlı tədbirdə iştirak olub.
“Ədəbiyyat və incəsənət” portalına Agentlikdən verilən məlumata görə, 700-dən çox ziyarətçinin iştirak etdiyi tədbirdə 20-dan çox sessiya təşkil edilib. Panel tədbiri zamanı Dövlət Agentliyinin sədr müavini “ASAN xidmət” və Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə xarici dövlət və özəl qurumların nümayəndələrinə geniş məlumat verib.
Birləşmiş Ərəb Əmirliklərinin Dövlət Xidmətləri Rəhbəri Məhəmməd bin Taliyah ilə ikitərəfli görüşdə 2022-ci ilin 28 noyabr tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun icrası çərçivəsində görülmüş işlər və gələcək layihələr haqqında geniş fikir mübadiləsi aparılıb.
Madrid şəhər merinin müavini Inmakulada Sanz Otero ilə keçirilən görüşdə tərəflər arasında dövlət xidmətləri sahəsində potensial əməkdaşlıq imkanları müzakirə olunub. Mümkün əməkdaşlıq sahələrinin müəyyən olunması istiqamətində əlaqələrin genişləndirilməsinə dair razılıq əldə edilib.
Sonda xatirə hədiyyəsi təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(15.05.2025)
Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 8 may 2025-ci il tarixli Sərəncamı ilə görkəmli muğam ustadı, pedaqoq, Xalq artisti Arif Babayev Heydər Əliyev Mükafatına layiq görülüb. Sənətkar Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə bu ali mükafatla təltif olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət Nazirliyinə istinad edərək AzərTAC mayın 14-də Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın mükafatı Xalq artisti Arif Babayevin evində sənətkara təqdim etdiyi barədə məlumat yayıb.
Fərəh Əliyeva Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın salamlarını və təbriklərini ustad xanəndəyə çatdırıb.
Arif Babayev Ümummilli Lider Heydər Əliyevin mədəniyyətimizin, o cümlədən muğam sənətinin inkişafını daim diqqətdə saxladığını, qayğı göstərdiyini vurğulayıb. O, Ulu Öndərin adını daşıyan bu ali mükafata layiq görülməsini həm də muğam sənətinə verilən yüksək qiymət kimi səciyyələndirib, Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.
Sənətkar bu günlərdə doğma yurdu Ağdamda Muğam Mərkəzinin istifadəyə verilməsini böyük sevinc və qürur hissi ilə qarşıladığını deyib:
"Ağdam Muğam Mərkəzinin açılış mərasimini televiziyadan izləyirdim. Konsertdə, xüsusilə, "Qarabağ şikəstəsi"nin ifası zamanı göz yaşımı saxlaya bilmədim. Var olsun möhtərəm Prezidentimiz, Qarabağımızı bizə qovuşdurdu. İndi mədəniyyətimiz, muğamımız da o torpaqlara qaytarılır. İnanıram ki, Azərbaycan muğamı Qarabağda yenidən canlanacaq. Ağdamdakı Muğam Mərkəzi bu sahədə böyük rol oynayacaq.
Qarabağımızda mədəniyyəti belə sürətlə dirçəltdiyinə görə möhtərəm Prezident İlham Əliyevə, muğamımızın dünya şöhrəti qazanmasına davamlı dəstək verən Heydər Əliyev Fonduna və onun rəhbəri, əzizimiz Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm".
“Ədəbiyyat və incəsənət”
(15.05.2025)
“Ulduz”lu görüşlər”in növbəti qonağı Elçin Mirzəbəyli olub
“Ulduz” jurnalı ilə “Xalq qəzeti”nin birgə layihəsi olan “Ulduz”lu görüşlər” davam edir. 15 may 2025-ci il tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda növbəti tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Ulduz” jurnalının baş redaktoru, tanınmış şair Qulu Ağsəsin təşəbbüsü və dəvəti ilə təşkil olunmuş tədbirin qonağı — şair, publisist, siyasi ekspert və Milli Məclisin deputatı Elçin Mirzəbəyli idi.
E. Mirzəbəyli iştirakçılarla açıq və səmimi fikir mübadiləsi apararaq, Azərbaycan cəmiyyətində gedən ictimai-siyasi proseslər, gənclərin milli-mənəvi dəyərlərlə yetişməsi və ədəbi mühitin bugünkü vəziyyəti barədə fikirlərini bölüşüb. O, dövlətçilik və vətənpərvərlik mövzularında danışaraq, gənclərə milli düşüncə, tarixi yaddaş və məsuliyyət hissinin aşılanmasının zəruriliyini vurğulayıb.
AzərbaycanUniversitetinintələbələriqonağa çoxsaylı suallar ünvanlayıblar. E.Mirzəbəyli yazıçı və millət vəkili kimi gənclərə oxumağın, düşünməyin və milli kimliyə sahib çıxmağın əhəmiyyətini izah edib, müxtəlif illərdə qələmə aldığı şeirlərini səsləndirib.
Tədbirin sonunda qonaq tələbələrə kitablarını avtoqrafla hədiyyə edib və onlarla xatirə şəkli çəkdirib.
“Ədəbiyyat və incəsənət”
(15.05.2025)