Super User

Super User

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Artıq öyrəşmişik... bu gün müxtəlif proqramlardakı effektlərlə selfi və video çəkməyə, onları paylaşmağa. Effektsiz kamera ilə qarşılaşanda isə sanki ondan qaçırıq. Filtrlər reallığı dəyişdirir, amma buna baxmayaraq, bu hal gündəlik vərdişə çevrilib. İnsanlar getdikcə təbii görünüşdən uzaqlaşaraq daha “mükəmməl” obraz yaratmağa çalışırlar. Bu isə real görüntü ilə sosial şəbəkədə təqdim olunan sima arasında fərqi artırır. Nəticədə, virtual mühitdə formalaşan görünüş anlayışı cəmiyyətin estetik və psixoloji baxışlarına təsir göstərir.

 

Mövzu ilə bağlı klinik psixoloq Gülşən Rüstəmova “Ədəbiyyat və incəsənət” portalına açıqlama verib. Psixoloqun qeyd etdiyi kimi, sosial şəbəkələr sosiallaşmamız üçün lazım olan, bizim ehtiyacımız olan, ümumiyyətlə fikirlərimizi, düşüncələrimizi və ya həyat tərzimizi, fəaliyyətimizi bölüşməyi daha asan bacardığımız, sanki üzdə, üz qabığında olmaq, özümü göstərmək, “mənim haqqımda informasiyanız olsun” deməyə bənzər bir hissəmizdir:

"Çünki insanın ümumiyyətlə müxtəlif ehtiyacları var, bu da bizim bir ehtiyacımızdır.

İnsan “məni görün, mən buradayam” demək istəyir. Lakin təəssüf ki, sosial şəbəkələri hamımız bu ad altında qəbul etmirik. Sosial şəbəkə bir çoxlarımız üçün aqressiyamızı göstərə biləcəyimiz bir mühitdir. Bu aqressiyanın əslində başlanğıcı və bunun psixoloji səbəbləri var ki, biz niyə aqressiv oluruq? Bu, travmalarımızdan dolayı yaranır və bizi narahat edən bir hissəmiz olur. İnsan olaraq o aqressiyamızı real həyatda boşaltmaq və ya ifadə etmək üçün yerimiz olmadığı üçün sosial şəbəkələrdən istifadə edərək yola çıxırıq və bunu edən zaman əlbəttə ki, qarşılıq gələ biləcəyi ehtimalı var. Biz sadəcə aqressiyamızı boşaltmaq istədiyimizə görə, qarşılaşacağımız cavablara hazır deyilik, zənnimiz buna hazır deyil. Bu halda biz filtrlərdən, maskalardan istifadə edə bilirik və ya feyk profillər açırıq, yaxud saxta yazılar yazırıq.

Çünki bizə lazımdır ki, müdaxilə edək, fikir bildirək və ya əzdiyimiz insanların, məsələlərin fonunda özümüzü daha üstün hesab edək. Bu, bizim yaralı hissəmizdir və bu yaraları sanki sağaltmış olur bir çox insan sosial şəbəkələrdə maskalanaraq ortalığa çıxmaqla. Belə şərait yaradılır".

 

 

G. Rüstəmovanın fikrincə, əgər hər kəs özü ilə məşğul olsa, daxilindəki özünə yönəlik aqressiyanı hesablamaq, araşdırmaq, bunun səbəbini aydınlaşdırmaq istəsə, bu məsələlərə son qoyulma ehtimalı böyükdür:

"Təəssüflər olsun ki, bəzilərimiz bunun fərqində deyilik. Təəssüflər olsun ki, bəzilərimiz üçün bu daha rahat bir yoldur ki, “məni tanımırlar, məni bilmirlər” deyə düşünərək cəmiyyətə, insanlara və ya baş verən hadisələrə münasibətimizi bildiririk və bundan sonra sözümüzün arxasında dura bilmirik. Çünki özümüz də şüurun altında bilirik ki, düşüncələrimiz o qədər də adekvat olmaya bilər və ya kütlə tərəfindən düzgün qarşılanmaya bilər, ya da fikirlərimizə görə mənsubiyyət daşıdığımıza görə sorğu-sual edilə bilərik. Bax, maskalanma bunun üçün gərək olur insanlara. Buna özgüvənsizlik deyə bilərsiniz, diqqət çəkmək, inamsızlıq deyə bilərsiniz. Amma bunun bəzi səbəblərini biz izah etsək, insanlar bunun fərqində olsalar,  düşünürəm ki, bunu etməyi ya tərk edəcəklər, ya da bir-iki dəfə düşünəcəklər ki, mən bunu edib-etməyim.

Çünki maskalanmaq əslində məni gizlətmək deməkdir, “məni görün” demək deyil. Bu, bir mərhələ daha fərqli dalğadır, fərqli frekansdır. Mən sözümü deyə biləcək varlıq deyiləm, beynimdə, zənnimdə formalaşdırdığım bir varlıqam və başqa bir obraza girərək real fikirlərimi ifadə edə bilirəm".

 

“Ədəbiyyat və incəsənət”

(26.03.2026)

Nemət Tahir,

 “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Siyasi baxışlarına görə uzun müddət xaricə çıxışına qadağa qoyulan Əziz Nesinə 1965-ci ildə pasport almağa icazə verilir. Bu hadisədən dərhal sonra o; Bolqarıstan, Rumıniya, Almaniya, Polşa və Sovet İttifaqını əhatə edən geniş bir səyahətə çıxır. Bu səfər duracaqlarından biri də Azərbaycan olur.

 

Nesin orada azərbaycanlı dilçilərlə yaşadığı "uydurma söz" polemikaları ilə bağlı xatirəsini "Akbaba" jurnalının 1 dekabr 1965-ci il tarixli sayındakı məqaləsində belə nəql edir:

Üç ay əvvəl Bakıdaydım. Azərbaycan ziyalıları ilə dil davasından danışırdıq. Onlar da dilin özləşməsinə bir növ qarşı idilər. İçlərindən biri dedi:

— Dil məhv oldu, uydurma ilə dil olmaz!

— Nədir uydurulan? — deyə soruşdum. Başladı bu nümunələri verməyə:

— "Stüardessa" yerinə guya "göyqonaqsal arvad" uydurublar, düzdür? Avtomobilin türkcəsi guya "özitişməli götürgəc" imiş, heç belə şey olar? "İmambayıldı" yeməyinə "içi keçmiş dindar kişi" deyirlərmiş...

Baxın, dil geriçilərinin uydurduğu bu yalanlar ta Azərbaycana qədər gedib çıxıb.

Siz də çox eşitmiş olarsınız bu yalanları. Güya siqaretin türkcəsi "tüstüsəl dumanğac" imiş. Döşəkçənin türkcəsi "qıça qoyğan" imiş. Velosiped "ayaq itər götürgən" imiş. Hələ "İstiqlal Marşı" da guya olub "Milli düttürü"...

Otuz beş il əvvəl həqiqətən də "rəhmətlik" yerinə "keçmişi xınalı" desəydilər, lap yerinə düşərdi. Çünki bu qədər yalançıya onsuz da rəhmət düşməz ki...

 

“Ədəbiyyat və incəsənət”

(26.03.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

"Qonşuluqda yaşayan dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyli muğamlarımızın ifaçısını axtarırdı və onun axtardıqlarından biri də ədəbiyyatdan götürdüyü "Nəva" muğamı idi. Üzeyir bəyə deyiblər ki, həmin muğamı yeganə Əhməd Bakıxanov ifa edə bilər. Üzeyir bəy Hacıbəyli də xəbər göndərib ki, Əhməd xan, xahiş edirəm tarınla bizə gələsiniz. Atam gedib. Onu çox gözəl qarşılayıblar.

Çay süfrəsi arxasında Üzeyir bəy soruşub ki, Əhməd xan, "Nəva" muğamını çala bilərsiniz? Atam cavab verib ki, bəli, çalaram. Atam "Nəva"nı tarda ifa edib. Üzeyir bəy deyib ki, Əhməd xan, onu bil ki, axtardığımı  tapmışam. Üzeyir bəy elə həmin gün atamı konservatoriyaya müəllim işləməyə dəvət edib".

Görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanov

 

Azərbaycan SSR xalq artisti Əhməd Bakıxanov 5 sentyabr 1892-ci ildə Bakıda anadan olub. İlk musiqi təhsilini İranda alıb, 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə ifa edib. 1930-cu illərdən Üzeyir Hacıbəyovun dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Musiqi Kollecində muğamdan dərs deyib. 1931-ci ildə Xalq Çalğı Alətləri Ansamblını yaradıb, ömrünün sonunadək bu ansambla rəhbərlik edib.

 1973-cü ildən həmin ansambl Əhməd Bakıxanovun adını daşıyır. "Azərbaycan xalq rəngləri" (1964), "Azərbaycan ritmik muğamları" (1968), "Muğam, mahnı, rəng" (1975) kimi not nəşrlərinin müəllifidir. Əhməd Bakıxanovun ifasından bir çox instrumental muğamlar — "Rast", "Şur", "Bayatı-Şiraz", "Segah-Zabul", "Rahab", "Şüştər", "Hümayun", "Şahnaz" muğamları bəstəkar Nəriman Məmmədov tərəfindən nota salınaraq çap olunub. Bakıxanovun mənzilində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı yaradılıb.

Burada tarzənin xalq çalğı alətlərindən ibarət zəngin kolleksiyası nümayiş olunur. Məşhur yayılmış versiyanın əksinə, Abbasqulu ağa Bakıxanovun nəvəsi deyil, bəstəkar Tofiq Bakıxanovun atasıdır. 1994-cü ildə Əhməd Bakıxanovun 100 illiyinə həsr olunmuş tələbə və gənclərin tar alətində muğam ifaçılığı üzrə respublika müsabiqəsi keçirilib.

 

Təltif və mükafatları

1. "Azərbaycan SSR xalq artisti" fəxri adı

2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

3. "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı

4. "Şərəf nişanı" ordeni

 

 

Sənətkarın həyatını tədqiq edən Zöhrə Fərəcova yazır:

“Atası Məmmədrza bəy uzun illərdi ticarətlə məşğuldu. Ancaq o, peşəkar musiqiçi olmasa da, bu sənətə ürəkdən bağlı idi. Sənətkarlara böyük ehtiram göstərir, onlardan özünə qarşı hörmət görürdü. Süfrəsi açıq, ocağı qonaq-qaralı idi. Məmmədrza bəy Bakı musiqisevərlərini, bacarıqlı musiqiçiləri, xanəndələri tez-tez evinə dəvət edirdi. Əslində, özü də, sadəcə, tamaşaçı, dinləyici deyildi.

Məmmədrza bəy tarda musiqilər çalır, xoş avazla oxuyurdu. Onun qaynı Mirzağa zərgər olsa da, tarda gözəl çalırdı. Məmmədrza bəy oğlanları Məmmədxanı və Əhmədi musiqiçi görmək istəyirdi. Ailədə musiqi sənətinə tükənməz sevgi ilə böyüyən, evlərində musiqiçilər görən, onların gözəl ifalarını dinləyən qardaşlar da kiçik yaşlarından tar alətinə xüsusi maraq göstərirdilər.

 Hər iki qardaş tar ifaçılığında ustad tarzənlərdən geri qalmayan dayıları Mirzağaya və ataları Məmmədrza bəyə qoşuldular. Beləliklə, Məmmədrza bəyin ocağında ailə ansamblı yarandı.

Bütün bunlar Əhməd Bakıxanovun ilk musiqi təhsilinə, görkəmli tarzən və bacarıqlı pedaqoq kimi yetişməsinə böyük təsir göstərdi. Ancaq o illərdə bircə qayğısı vardı.

 Evin yuxarı başında saxlanılan və hər kəsin sevimlisi olan gözəl sədəfli tarda çalmaq növbəsi atasından, dayısından və böyük qardaşından sonra ona gəlib çatırdı. Bəzən eləcə kənarda dayanıb onların ifasını həm heyranlıqla, həm də həsrətlə dinləməli olurdu. Axır ki çıxış yolu tapır.

Bir gün evdə heç kim olmayanda tarı götürüb sağdan sola çevirir ki, ondan başqa həmin tarda çalan olmasın. Atası, dayısı bundan xəbər tuturlar. "Gör Əhmədin necə həvəsi var ki, tarı soldan sağa çevirib", - deyirlər. Belə çalmaq çətin olsa da, o, nəinki bacarmış, hətta ifası ilə məşhurlaşmışdı. Və Əhməd Bakıxanov təkcə Azərbaycanda yox, Şərq ölkələrində yeganə solaxay tarzən olmuşdu.

Bakıxanovlar ailəsi bir müddət İranın Rəşt şəhərində yaşamalı olub. On altı yaşlı Əhməd Bakıxanov da ilk təhsilini orada məşhur xanəndə Əbdülhəsən xandan almağa başlayıb. Qabiliyyətli şagird olduğunu ilk günlərdən göstərib. Qısa vaxtda musiqi sənətinin çox dərinliklərindən, incəliklərindən xəbərdar olub. Ustad tarzənlərdən tar ifaçılığının və muğamatın sirlərini öyrənib.

Ailəlikcə Bakıya qayıtdıqdan sonra Əhməd Bakıxanov təhsilini doğma şəhərində davam etdirmək istəyib. O illərdə maddi vəziyyətləri buna imkan verməyib. Amma həvəsdən düşməyib. Nə könlü, nə də barmaqları tarın mizrablarından uzaq düşüb. Gənc Əhməd Bakıxanov böyük arzularla və musiqi sənətinə sonsuz sevgi ilə öz üzərində çalışıb. Dövrünün görkəmli tarzənlərinin yanına gedib, onların ifaçılıq ustalığına diqqət yetirib, daim öyrənib.

1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə fərqli ifası ilə tanınıb və sevilib. Böyük arzularını həyata keçirməsində, Azərbaycan musiqi sənətinə bacardığı qədər, misli-bərabəri olmayan xidmətlər göstərə bilməsində Üzeyir bəy Hacıbəyli ilə tanışlığının böyük rolu olub.

Əhməd Bakıxanov Üzeyir bəy Hacıbəylinin dəvəti ilə 1930-cu illərdən Azərbaycan Dövlət Konservatoriyasında, sonralar Azərbaycan Dövlət Musiqi Kollecində dərs deyib. 1931-ci ildə Xalq Çalğı Alətləri Ansamblını yaradıb. Ömrünün sonunadək bu ansambla rəhbərlik edib. Amma repressiya tufanı respublikanı çənginə alanda  Əhməd Bakıxanov bu sahədəki xidmətinə də ara vermək məcburiyyətində qalıb...

1930-cu illərdə sovet hakimiyyətinin həyata keçirdiyi repressiya siyasətinin ağır zərbələrindən Bakıxanovlar ailəsi də qurtula bilməyib. 1937-ci ildə Əhməd Bakıxanov və böyük qardaşı Məmmədxan həbs olunublar. Tofiq Bakıxanov onlara qarşı irəli sürülən saxta ittihamlar barədə danışıb:

"Atamı və əmimi Azərbaycanda muğamları İran adı ilə təbliğ etməkdə təqsirləndirirdilər. Deyirdilər ki, Əhməd Bakıxanov "Bayatı-Şiraz"la bizi Şiraza çəkir... Buna görə həbs olundular. İkiotaqlı evdə yaşayırdıq. NKVD-nin əməkdaşları gəlib axtarış apardılar. Ancaq evdə Əhməd Bakıxanovun dəftərindən, kitablarından başqa heç nə olmadığına görə  akt tərtib etmədilər. Anam Məsmə xanım Üzeyir bəyin yanına gedib və baş verənləri ona danışıb.

Üzeyir bəy anama səbirli olmağı məsləhət görüb. Deyib ki,  mən respublika rəhbərləri ilə bir yerdə Moskvaya gedirəm, bu məlumatları onlara çatdıraram. Atamla əmim hələ həbsdə ikən Moskvada Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyü keçirilirdi. Onlar qayıdandan sonra Üzeyir bəy bizə zəng vurub şad xəbər verdi ki, yaxın vaxtlarda Əhməd xanı və Məmmədxanı buraxacaqlar. Atamla əmim üç ay sonra azad edildilər".

Onlar həbsdən qurtulduqdan sonra da böyük məhəbbətlə, təəssübkeşliklə Azərbaycan musiqi sənətini qoruyub inkişaf etdiriblər. Əhməd Bakıxanov çoxşaxəli fəaliyyət göstərib. Muğamlarımızı dərindən bilən, milli musiqimizin cəfakeşlərindən olan sənətkar ömrünün sonlarına qədər yorulmadan çalışıb. Onun qardaşı Məmmədxan Bakıxanov istedadlı tarzən kimi tanınıb. Əməkdar artist Məmmədxan Bakıxanov Azərbaycan musiqisinin görkəmli nümayəndələrindən biri, filarmoniyanın solisti olub.

Əhməd Bakıxanovun həm tarzən, muğam bilicisi, həm də pedaqoq kimi Azərbaycan musiqi sənətinə göstərdiyi xidmətlər böyükdür. Onun Azərbaycan muğamının qorunmasında və inkişafında böyük xidməti var. Tara, muğama hücum edilən keçən əsrin 30-cu illərində Əhməd Bakıxanov dahi bəstəkar Üzeyir bəy Hacıbəyli ilə birlikdə xalqımızın milli sərvəti olan muğamın, tarın qorunub saxlanılmasında böyük işlər görüb.

Əhmd Bakıxanov 1973-cü il martın 26-da vəfat edib. İkinci Fəxri xiyabanda dəfn olunub. Yaratdığı və rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Ansamblı həmin ildən Əhməd Bakıxanovun adını daşıyır. Sənətkarın ifasında lentə alınmış muğamlarımız, eləcə də bəstələdiyi əsərlər gözəl sənət nümunələri kimi musiqi tariximizdə qalıb”.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.03.2026)

Rəqsanə Babayeva,

dəbiyyatvə İncəsənət" Beyləqanİmişlitəmsilçisi,

BeyləqanrayonMədəniyyətMərkəzininrejissoru, "Gənclik" xalqteatrının rəhbəri, "Haberdili.com"-un Azərbaycannümayəndəsi

 

İnsan ünsiyyəti tarix boyu əsasən söz üzərində qurulmuşdur. Dil, düşüncənin ifadə vasitəsi kimi qəbul edilmiş, mədəniyyətlərin formalaşmasında və ötürülməsində mühüm rol oynamışdır. Lakin bütün bunlara baxmayaraq, insan təcrübəsinin elə qatları mövcuddur ki, onları sözlə ifadə etmək ya qeyri-mümkündür, ya da sözlər həmin dərinliyi tam şəkildə çatdıra bilmir. Bu məqamda “sükut” anlayışı ön plana çıxır. Sükut sadəcə danışmamaq deyil; o, özlüyündə bir dil, bir ifadə forması, bəzən isə sözlərdən daha güclü bir ünsiyyət vasitəsidir.

 

Bu esse, sükutun ünsiyyət sistemindəki yerini, onun psixoloji, estetik və mədəni aspektlərini araşdıraraq “danışmadan anlatmaq” fenomeninin mümkünlüyünü təhlil etməyi məqsəd qoyur.

 

Sükutun fəlsəfi mahiyyəti

Sükutun fəlsəfi təhlili bizi insan varlığının ən dərin qatlarına aparır. Qərb fəlsəfəsində Ludwig Wittgenstein məşhur şəkildə qeyd edirdi: “Haqqında danışmaq mümkün olmayan şeylər haqqında susmaq lazımdır.” Bu fikir, sükutun sadəcə boşluq deyil, əksinə, ifadə olunmayanın sərhədində dayanan bir anlayış olduğunu göstərir.

Digər tərəfdən, Martin Heidegger sükutu “varlığın açılması üçün bir imkan” kimi qiymətləndirirdi. Onun fikrincə, sözlər bəzən varlığı gizlədir, sükut isə onu daha saf şəkildə üzə çıxarır. Bu yanaşma, sükutun yalnız kommunikasiya vasitəsi deyil, həm də ontoloji bir hadisə olduğunu göstərir.

Şərq fəlsəfəsində isə sükut daha çox daxili harmoniya və idrakla əlaqələndirilir. Zen buddizmi təlimlərində sükut, həqiqətə çatmağın əsas yollarından biri kimi qəbul olunur. Burada sözlər deyil, birbaşa təcrübə və hiss ön plandadır.

 

Psixoloji baxımdan sükut

Psixologiyada sükut çoxqatlı bir fenomen kimi dəyərləndirilir. İnsanlar bəzən sözlərdən qaçaraq sükuta sığınırlar. Bu, qorxu, travma, ya da sadəcə ifadə edə bilməməkdən irəli gələ bilər. Lakin eyni zamanda sükut, emosional zənginliyin də göstəricisi ola bilər.

Məsələn, iki insan arasında yaranan dərin bağ çox vaxt sözsüz anlaşma ilə müşayiət olunur. Bu fenomen “qeyri-verbal ünsiyyət” adlanır və insan münasibətlərində böyük rol oynayır. Göz təması, jestlər, mimikalar və bədən dili – bütün bunlar sükutun içində danışan elementlərdir.

Araşdırmalar göstərir ki, ünsiyyətin böyük bir hissəsi məhz qeyri-verbal vasitələrlə həyata keçirilir. Bu isə o deməkdir ki, “danışmadan anlatmaq” yalnız mümkündür deyil, eyni zamanda gündəlik həyatın ayrılmaz hissəsidir.

 

Sənətdə sükutun rolu

Sükutun ən güclü ifadə formalarından biri sənətdə özünü göstərir. Xüsusilə teatr və kino bu baxımdan diqqətəlayiqdir.

Teatr səhnəsində aktyorun susaraq yaratdığı təsir bəzən uzun monoloqlardan daha güclü ola bilər. Konstantin Stanislavski sistemində də aktyorun daxili vəziyyətinin səhnədə sözsüz ötürülməsi xüsusi əhəmiyyət daşıyır. Aktyorun baxışı, nəfəsi, bədəninin ən kiçik hərəkəti belə tamaşaçıya güclü mesaj verə bilər.

Kino sənətində isə sükut bəzən dramatik effektin əsas vasitəsinə çevrilir. Charlie Chaplin kimi səssiz kino ustaları sözsüz şəkildə milyonlarla insanı güldürə və düşündürə bilmişdir. Onun filmlərində dialoq yox idi, amma duyğu, fikir və sosial mesajlar son dərəcə aydın idi.

Eyni zamanda, musiqidə də sükut mühüm rol oynayır. Nota aralarındakı pauzalar melodiyanın ritmini və emosional təsirini formalaşdırır. Bu baxımdan sükut musiqinin ayrılmaz hissəsidir.

 

Sükut və mədəniyyət

Sükutun mənası mədəniyyətlərə görə dəyişir. Bəzi cəmiyyətlərdə sükut hörmət və düşüncəlilik əlaməti kimi qəbul edilir. Digərlərində isə sükut narahatlıq və ya ünsiyyətdən qaçmaq kimi yozula bilər.

Məsələn, Şərq mədəniyyətlərində sükut çox vaxt müdrikliyin göstəricisi sayılır. İnsan az danışdıqca daha çox anlayan və düşünən biri kimi qiymətləndirilir. Qərb mədəniyyətində isə açıq və verbal ünsiyyət daha çox təşviq olunur.

Bu fərqlər göstərir ki, sükut universal olsa da, onun interpretasiyası mədəni kontekstdən asılıdır.

 

Sükutun gücü və təhlükəsi

Sükutun gücü onun çoxmənalılığındadır. O, həm sevgi, həm nifrət, həm razılıq, həm də etiraz ifadə edə bilər. Lakin bu çoxmənalılıq eyni zamanda təhlükə də yaradır. Sükut bəzən yanlış anlaşılmalara səbəb ola bilər.

Məsələn, sosial və siyasi kontekstlərdə sükut razılıq kimi qəbul edilə bilər. Bu isə fərdin mövqeyinin yanlış dərk olunmasına gətirib çıxara bilər. Digər tərəfdən, sükut bəzən müqavimətin də formasıdır — insan danışmayaraq etiraz edir.

 

“Danışmadan anlatmaq mümkündürmü?” sualına cavab axtararkən görürük ki, sükut sadəcə səssizlik deyil, eyni zamanda bəzən daha təsirli bir ünsiyyət formasıdır. O, sözlərin çata bilmədiyi yerlərə nüfuz edir, duyğuların ən saf halını ifadə edir və insan münasibətlərində dərinlik yaradır.

Sükut, boşluq deyil — o, mənalarla dolu bir sahədir. Onu anlamaq üçün isə yalnız eşitmək deyil, hiss etmək lazımdır.

 

"Ədəbiyyat və İncəsənət"

(26.03.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ürəyində Vətən varsa,

Güc olacaq qollarında.

Hara getsən, hara varsan,

Şam yanacaq yollarında.

 

Nə hikmətdir, bu, nə sirdir?-

Bir nemətdir vətən eşqi.

Qanımız da Vətən deyir.

Canımız da Vətən deyir…

  

Belə deyirdi Vətən sevdalı şair - Davud Nəsib.

Bu gün onun anım günüdür – vəfatından tam 23 il ötür.

Onu duymaq üçün oğlu Xəyalın söylədiyi bir əhvalatı dinləmək lazımdır. Bilgəhdə yeni bağ evi alan ailə həyətdə səliqə-sahman yaratmaq istəyir, qurumuş otları da yandırır. Bu zaman bir quşun yuvası və oradakı balaları da yanır. Ondan sonra, yəqin ki, həmin balaları dünyaya gətirən iki quş hər gün eyvana gələr, oradan "ağılarını" deyərdi. Bu, Davud Nəsibə çox pis təsir elədi. Danışardı ki, "özüm hər zaman ata ocağının həsrətini çəkmişəm, doğma yurddan yazmışam, amma hansısa quşun yuvasını yandırdım".

Sonradan o bağ evini satmalı olurlar. "Bu, mənim atam idi - bir quşun yuvasının dağılmasına dözə bilməyən adam...", -deyir Xəyal.

Davud Nəsib 1942-ci il avqustun 25-də Azərbaycanın Qazax şəhərində anadan olub. Qazax şəhər 2 saylı orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə 1956-cı ildə "Qalibiyyət bayrağı" (Qazax rayonu) qəzetində dərc edilən "Mənim doğma çayım — Mənim Kür çayım" adlı ilk şeiri ilə başlayıb. Həmin vaxtdan fəal poetik yaradıcılıqla məşğul olub.

SSRİ xalqları poeziyasından bədii tərcümələri də vardır. Macar şairi Mikloş Radnotinin şeirlər kitabını Azərbaycan dilinə çevirib. Onun Moskvada "Sovetski pisatel" nəşriyyatı tərəfindən "Anama məktublar" (1974), "Ocaq daşları" (1981) şeirlər kitabları çap olunub. 1966–1969-cu illərdə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində incəsənət redaksiyasında redaktor işləyib.

Moskvada, SSRİ Yazıçılar İttifaqı nəzdində olan ikiillik ali ədəbiyyat kursunu bitirib. Sonra Bakıya qayıdıb, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, təsviri sənət şöbəsinin müdiri olub, sonra burada poeziya şöbəsinə rəhbərlik edib. Azərbaycan Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü olub.

 1978–1980-ci illərdə Macarıstan Xalq Respublikasında yaradıcılıq ezamiyyətində olub. ÜİLKGİ — XVU qurultayına nümayəndə seçilib. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına (1984), Ümumittifaq və Azərbaycan LKGİ-nin Fəxri fərmanlarına layiq görülüb.

 

Kitabları

1. Gözüm səni axtarır

2. Dağlar danışsaydı

3. Məhəbbət yolları

4. Ürək sözsüz danışır

5. Ümid qatarı

6. Bizdən sonra yaşayanlar

7. Əsrin laylası

8. Azərbaycan bayatısı (şeirlər və poemalar)

9. Dünya bir körpüdür

10. Karvan gedir

 

İkinci Dünya müharibəsində atasını itirən Davud Nəsibin ağlına da gəlməzdi ki, qismətinə daha bir savaş, müharibə də yazılıb. Həm də öz evinin, öz yurdunun içində olacaq bu savaş - Qarabağ savaşı. Vətən, yurd, torpaq adlı o böyük həqiqətləri və ağrı-acıları həm şeirlərində, həm nəsr əsərlərində eyni uğurla qələmə alıb.  

Ürəyini boşaltmaq və tarixi həqiqətləri oxuculara daha geniş və maraqlı bir formada çatdırmaq üçün publisistikanın, nəsrin imkanları ona daha geniş və cəlbedici görünürdü. Bu baxımdan həyatının 20 ilindən çoxunu həsr etdiyi "Cavanşir" (2000) və "Cavanşirsiz məmləkət" (2002)  romanlarının meydana gəlməsini özünüifadənin sadə bir forması kimi qiymətləndirmək, ən azından, bir günah olardı.

O, bu əsərlər üzərində çalışarkən müxtəlif arxivlərə baş çəkir, saysız-hesabsız mənbələri araşdırmaqla məşğul olurdu. Bu işdə akademiklər Ziya Bünyadov, Budaq Budaqov, professor Qiyasəddin Qeybullayev onun ən yaxın dostlarına və yol göstərənlərinə çevriliblər. Onların faktlarla, sənədlərlə elmi ictimaiyyətə təqdim etdikləri həqiqətləri Davud Nəsib bədii təxəyyülün gücü ilə daha yüksəkliklərə qaldırmağa çalışır və buna bir sənətkar kimi nail ola bilirdi.

O, bu əsərlər üzərində elə həvəslə, elə əzmlə, elə inadla çalışırdı ki, sanki vaxtın və əcəlin səbirsizliklə onu gözlədiyini bilirdi. Elə bu əsərlərin ardınca - 2003-cü ildə bir maşın qəzasında Davud Nəsibin dünyasını dəyişməsinə də təsadüf kimi baxmaq olmaz. Zatən onun içindəki qəza çoxdan baş vermişdi…

Yazıçı-publisist Bəxtiyar Qaraca yazır:

“Nədən və hardan qaynaqlanırdı şairin bitib tükənməyən bu ağrı-acıları? Harda başlamışdı və harda gözləyirdi bu qəza? Bunun üçün müəllifin son əsərlərini bir də oxumaq məsləhətdir. Davud Nəsibin VII əsrdə yaşamış böyük, qüdrətli Alban hökmdarı, sərkərdəsi Cavanşirin qəhrəmanlıqla zəngin, keşməkeşli, faciəli həyat və fəaliyyətindən bəhs edən "Cavanşir" və "Cavanşirsiz məmləkət" tarixi romanlarını təkrar vərəqlədikcə Aristotelin söylədiyi bir həqiqət yada düşür:

"Poeziya yalnız zahiri əlamətlərin, hadisələrin təsviri deyil. O tarixdən daha ciddi və fəlsəfidir. Çünki tarix olan şeyləri göstərirsə, poeziya ola biləcək şeyləri də göstərir." Məhz bu mənada Davud Nəsibin həm də  vətəninə bağlı, yurd həsrətli bir ziyalı kimi tarixdən, olub keçənlərdən danışarkən daha qabağa gedərək olacaqları da göstərməyə çalışmaq istəyi anlaşılandır.

Əsərdəki hadisələr o qədər canlı və sadə bir dillə təqdim olunur ki, baş verənlər hər dəfə bir kinolenti kimi göz önündə canlanır, oxucu sanki həmin dövrün və təlatümlərin iştirakçısına, şahidinə çevrilir. Mövzudan yayınmamaqla qeyd etməyə dəyər ki, tariximizin çox maraqlı bir dövrü - Albaniya dövrü, Cavanşir obrazı Davud Nəsibin qələmində sanki özü gözəl bir bədii-sənədli filmin ortaya qoyulmasını tələb edir.”

 

Qeyd edək ki, Davud Nəsibin ölümündən bir il əvvəl tamamladığı hər iki əsərin bu ağrı-acılı kəlmələrlə bitən sonluğunu onun bizə öz vəsiyyəti kimi də qəbul etmək olar. O, bugünkü nəsli Bakurun məzarını taparaq qolundakı paslı zənciri qırmağa çağırırdı:

 "...Əgər o paslı zənciri axtarmaq fikrinə düşsəniz, əvvəl-əvvəl qəlbinizə nəzər salın, özünüzə qarşı zərrə qədər şübhə yaransa, onda bu işdən vaz keçin.O ürək sahibi - ad-san, şan-şöhrət, var-dövlət hisslərindən, hərisliyindən kənar olub, təkcə torpaq eşqi, vətən məhəbbəti yaşatmalıdır içərisində.

Bir məmləkətin, bir xalqın tale-tarixini araşdırmaq istəsəniz, yenə də heç bir qiymətə gəlməyən, ölçüyə sığışmayan milli dəyərlərə arxalanmağı unutmayın. Onda bu müqəddəs duyğularla Dəməşqin, İçmiəzdinin, Matandarının gizli saxlanılan ağzıbağlı arxivlərinə baş vurmağa çalışın. Torpağının, xalqının danışan dilini sandıq-sandıq daşıdılar vaxtilə.

 Dədəm Qorqudun da öz dövründə Alban-Oğuz əlifbasında qələmə alınan dastanın ilk nüsxəsini də tapa bilərsiniz həmin yerlərin birində... Bu günə qədər buraxdığımız səhvləri bu gündən səbirlə, ifcin-ifcin düzəldib yerinə qoymalıyıq... bu sözlər yalnız və yalnız bu yurdu, bu xalqı canından artıq istəyənlərə aiddir".

Bəli, bu əsərlərin tamamlanmasından tam 1 il sonra - 2003-cü il martın 26-da Davud Nəsib qəzaya uğrayıb dünyasını dəyişdi. Özündən sonra ölməz əsərlərini, övladlarını, bir də bir dünya xatirə qoyub getdi.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.03.2026)

Murad Vəlixanov

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Bəzən insan öz kökünü axtararkən təkcə ailə tarixini deyil, bütöv bir xalqın yaddaşını vərəqləmiş olur. Keçmiş nəsillər haqqında düşünmək, bu günün insanına kim olduğunu və haradan gəldiyini anlamağa kömək edir. 1981-ci ildə çəkilmiş "Babamızın babasının babası" filmi də məhz nəsillərin davamlılığı və tarixi yaddaş mövzusu ilə diqqət çəkən ekran əsərlərindən biridir. Filmin rejissoru Tofiq Tağızadə bu ekran işi vasitəsilə tamaşaçıya keçmişlə bu gün arasındakı görünməz bağları göstərməyə çalışır.

 

Nəsillər arasında körpü

Filmin adı artıq özlüyündə ideyanı açır. “Babamızın babasının babası” ifadəsi təkcə ailə ağacını deyil, zamanın dərinliyində uzanan bir yaddaşı simvolizə edir. Film bu anlayışı sadəcə nostalji kimi deyil, mənəvi miras kimi təqdim edir. Keçmiş nəsillərin həyat tərzi, düşüncə dünyası və dəyərləri bu günün insanına ötürülən bir miras kimi göstərilir.

 

Keçmişin izi

Hadisələr inkişaf etdikcə tamaşaçı anlayır ki, film konkret bir ailənin tarixindən daha geniş məna daşıyır. Burada söhbət insanın öz köklərini dərk etməsindən gedir. Keçmişi xatırlamaq, onu qorumaq və gələcək nəsillərə ötürmək filmin əsas ideya xəttini təşkil edir. Rejissor göstərir ki, nəsillər dəyişsə də, mənəvi dəyərlər zamanın içində yaşayır.

 

Zaman və yaddaş

Film həm də zaman anlayışı üzərində qurulub. Keçmiş və bu gün arasında paralellər yaradılır. Bu paralellər vasitəsilə tamaşaçı görür ki, insanların qayğıları, sevincləri və arzuları nəsillər boyu oxşar qalır. Bu yanaşma filmin fəlsəfi qatını gücləndirir və onu sadə ailə hekayəsindən daha geniş mənaya yüksəldir.

 

Rejissor yanaşması

Tofiq Tağızadə filmi sakit tempdə quraraq daha çox atmosferə üstünlük verir. Obrazların dialoqları təbii və səmimidir. Rejissor hadisələrdən çox, insanların münasibətlərinə və daxili dünyasına diqqət yetirir. Bu isə filmin emosional təsirini artırır.

 

Dövrün ruhu

1980-ci illərin əvvəllərində çəkilmiş bu film Azərbaycan kinosunda tarixi yaddaş mövzusuna fərqli yanaşma kimi seçilir. Ekran əsəri tamaşaçını keçmişin romantik təsvirinə deyil, onun mənəvi yükünü anlamağa çağırır. Film göstərir ki, insan yalnız bu günü ilə deyil, keçmiş nəsillərin davamı kimi mövcuddur.

 

Yekun söz

Bəzən insanın kim olduğunu anlamaq üçün güzgüyə deyil, tarixə baxmaq lazımdır.

“Babamızın babasının babası” filmi bizə xatırladır ki, hər bir insanın arxasında nəsillərin izi dayanır.

Və bu izlər unudulmadıqca, keçmiş də, bu gün də eyni yaddaşın içində yaşamağa davam edir.

 

“Ədəbiyyat və incəsənət”

(26.03.2026)

 

 

Xanım Aydın,

"Ədəbiyyat və incəsənət”

 

 

XIX əsrin sonu – XX əsrin əvvəlləri Bakının sürətlə inkişaf etdiyi və şəhərin memarlıq simasının formalaşdığı dövr idi. Bu dövrdə neft sənayesinin yüksəlişi ilə yanaşı, bir sıra varlı sahibkarlar və xeyriyyəçilər şəhərin görünüşünü dəyişdirən möhtəşəm binaların tikintisinə böyük vəsait sərf edirdilər. Onlardan biri də məşhur neft milyonçusu və xeyriyyəçi Musa Nağıyev idi.

Onun Bakıda inşa etdirdiyi çoxsaylı tikililər arasında 28 May küçəsində yerləşən “Əkiz binalar” xüsusi yer tutur. Memarlıq gözəlliyi və orijinal planlaşdırma həlli ilə seçilən bu tikililər şəhərin tarixi memarlıq irsinin ən maraqlı nümunələrindən hesab olunur.

 

 

Tikilmə tarixi və memarı

 

“Əkiz binalar” 1908–1910-cu illərdə Musa Nağıyevin sifarişi ilə məşhur memarİosif Ploşkonun layihəsi əsasında inşa edilmişdir.

Dördbloklu və çoxmənzilli yaşayış kompleksi kimi nəzərdə tutulan bu tikililər o dövr üçün həm planlaşdırma, həm də memarlıq baxımından olduqca müasir sayılırdı. Binaların fasadları bir-birinin güzgü əksi kimi qurulduğuna görə xalq arasında onlar “Əkiz binalar” və ya “güzgü simmetriyalı binalar” kimi tanınmağa başlayıb.

 

 

Memarlıq xüsusiyyətləri və üslub

 

Bu binalar Bakıda yayılmış modern üslubunun parlaq nümunələrindən biri hesab olunur. Fasadların quruluşunda şaquli oxların ritmi, erkerlərin istifadəsi və incə dekorativ xətlər memarlıq kompozisiyasına xüsusi dinamika və zəriflik verir.

Dekorativ elementlər və dərin relyefli plastik həllər fasadın ümumi kompozisiyasını zənginləşdirir. Hər bir detal – pəncərə çərçivələri, bəzək ornamentləri və memarlıq elementləri – sanki heykəltəraş dəqiqliyi ilə işlənmişdir.

Kompleks memarlıq-planlaşdırma həlli bu binaların şəhər mühitinə ahəngdar şəkildə daxil olmasına imkan yaratmış və 28 May küçəsinin memarlıq ansamblında mühüm rol oynamasına səbəb olmuşdur.

 

 

İtaliyadan gətirilən materiallar

 

Rəvayətlərə görə, binaların tikintisində istifadə olunan bir çox materiallar – daş elementlər, parket döşəmələri, dekorativ hissələr və digər detallar İtaliyadan gətirilmişdir.

Bu səbəbdən tikililər həm material keyfiyyəti, həm də bədii görünüş baxımından saray memarlığını xatırladırdı. Gözəlliyi və möhtəşəmliyi ilə seçilən “Əkiz binalar” həm keçmişdə, həm də bu gün 28 May küçəsinin ən diqqətçəkən tikililərindən biri sayılır.

 

 

Emblemlər və həyat hekayəsini xatırladan simvolika

 

Binanın giriş hissəsində daş üzərində kiril əlifbası ilə həkk olunmuş “MN” baş hərfləri yerləşir. Bu yazı Musa Nağıyevin adının və soyadının baş hərfləridir.

Ümumiyyətlə, Musa Nağıyevin tikdirdiyi bir çox binaların üzərində xüsusi venzel və ya emblem yerləşdirib. Bu emblemlərdə hambal palanı və kənarlarında saman şələsi təsvir olunur.

Bu simvolika təsadüfi deyildi. Belə ki, Musa Nağıyev atasının saman satdığını və özünün vaxtilə hamballıq etdiyini unutmadığını göstərmək istəyirdi. Bu detallar onun həyat yolunun – sadə zəhmətkeşlikdən böyük sərvət və nüfuza doğru yüksəlişinin rəmzi kimi qəbul edilir.

 

 

Bakının memarlıq irsində yeri

 

Bu gün “Əkiz binalar” Bakının tarixi memarlıq nümunələri sırasında xüsusi yer tutur. Binaların fasadlarının zərifliyi, memarlıq harmoniyası və dekorativ zənginliyi onları şəhərin ən maraqlı tikililərindən birinə çevirir.

Zaman keçsə də, bu binalar öz gözəlliyini qoruyub saxlayaraq paytaxtın memarlıq tarixinin canlı şahidi kimi qalır. Onlar həm memarların yüksək peşəkarlığını, həm də Musa Nağıyevin uzaqgörənliyini və şəhərin inkişafına verdiyi töhfəni nümayiş etdirir.

 

“Ədəbiyyat və incəsənət”

(26.03.2026)

 

Çərşənbə, 25 Mart 2026 18:01

Novruz bayramı barədə tədqiqat

(Nəşr olunan yeni monoqrafiyanın təqdimatı)

 

 

Nigar Həsənzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist İlqar İsmayılzadənin nəşr olunan yeni kitabı odlar yurdu Azərbaycanın, eləcə də onun ayrılmaz hissəsi olan Muğan diyarının qədim tarixi və mədəniyyəti ilə sıx əlaqədar olan qədim, gözəl və sirli Novruz bayramına həsr edilən elmi araşdırma və monoqrafiyadır.

 

Ümumi məlumatlar:

Kitabın adı: "Novruz bayramı barədə araşdırma" (Monoqrafiya)

Müəllif: İlqar İsmayılzadə

Naşir: "Həməşəra" mətbu orqanı, Cəlilabad

Səhifə sayı: 50 səhifə.

 

Kitab barədə:

Bu kitab dünya səviyyəsində tanınan və diqqət mərkəzində olan qədim və sirli Novruz bayramına aid olan bir elmi araşdırma və əslində monoqrafiyadır.

Məlum olduğu kimi, Novruz bayramı odlar yurdu Azərbaycanın ən qədim və ən kütləvi, eyni halda qədim tarixinə görə əsas ümumxalq bayramıdır. Novruz bayramı həm də dünyanın bir çox ölkələrində xüsusi sevgi və diqqətlə qeyd edilən bayramlardan biridir.

Bu fürsətdə Odlar Yurdu Azərbaycan və onun ayrılmaz parçası sayılan qədim və sirli Muğan diyarının ən gözəl və sevimli bayramı Novruz bayramı ilə bağlı əvvəllər (2008-ci illərdə) araşdırmalar əsasında müəllifin qələmə aldığı və sonrakı illərdə müəyyən əlavələr etdiyi araşdırmanı ayrıca kitab kimi hazırlamaq və onu  oxuculara təqdim etmək qərarına gəlib.

 

Monoqrafiya aşağıda təqdim edilən fəsillər əsasında hazırlanıb:

Birinci fəsil:

Novruz bayramı barədə ümumi məlumat;

İkinci fəsil: Çərşənbələr;

Üçüncü fəsil: Novruz bayramı barədə araşdırmalar;

Dördüncü fəsil: Novruz bayramının tarixi;

Beşinci fəsil: Novruz bayramı ilə bağlı bəzi mülahizələr.

 

Beləliklə də bu qısa araşdırmada ilk olaraq Novruz bayramı ilə bağlı ümumi mövzulardan söz açdıqdan sonra bu bayramdan öncə xüsusi diqqətlə qeyd edilən dörd çərşənbədən, bayramla bağlı aparılan araşdırmalardan, daha sonra bu bayramın tarixi və başlanğıc dövründən söz açılan, sevimli Novruz bayramı ilə əlaqədar bəzi mülahizələr təqdim edilib.

Müəllif bu araşdırmanın qədim Muğan tarixi ilə bağlı maraqlananlar, həmçinin, tarixçi və tədqiqatçılar üçün faydalı olacağına ümid edir. Məlumat üçün qeyd etmək lazımdır ki, bu kitab müəllifin indiyədək işıq üzü görən sayca 50-ci kitabıdır.

 

Müəllif bu arada portalımız vasitəsi ilə öz təşəkkür və diləklərini də çatdırmışdır:

"Kitabımın nəşrində dəstəyi olan insanlara, həmçinin, onun çapında xüsusi səmimiyyət və peşəkarlıq göstərən "Qazi" Çap Mərkəzinin direktoru Yasər İsmayılova və çap mərkəzinin əməkdaşı Nurəddin Hüseynova dərin təşəkkür bildirir, Ulu Tanrıdan onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür diləyirəm!"

 

“Ədəbiyyat və incəsənət”

(25.03.2026)

Çərşənbə, 25 Mart 2026 17:49

Ümidin sınma səsləri - ESSE

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

 Bəzən bir qırılma anı var: görünməz, toxunulmaz, amma ruhumuzun dərinliklərində yer sarsıntısı kimi hiss edilən.

İnsan ümidlə yaşayır, sanki içindəki uşaq əlində tutduğu şüşədən bir dünya qurub və onu qorumağa çalışır. Amma bir gün, elə bir an gəlir ki, o şüşə çiliklənir.

 

 

Və qəribədir, bu qırılmanın səsi o qədər dərindən gəlir ki, sanki uşaq vaxtlarımızdan bəri içimizdə saxladığımız bir xatirə, bir səs, bir inam parçası paramparça olur.

Ümid nədir? Bir işığın ardınca qaçmaqmı? Yoxsa gözlərini yumub bir səhərin gəlişinə inanmaqmı? İnsan ümid edərkən uşaq kimi saf, xəyalları qədər məsum olur. Amma həyat bəzən sərt olur, çünki dünya yalnız uşaqların nağıllarında ədalətli dir. Böyüdükcə öyrənirik ki, hər şey istədiyimiz kimi getməz, insanlar sözlərində durmaz, arzularımız çırpılıb yerə düşər və biz onlara çatmaq üçün əyildikdə əllərimizi qanadan şüşə qırıntıları ilə rastlaşarıq.

 

Ancaq bir sual var: ümid sınarsa, insanın özü də sınarmı?

Bəlkə də yox. Bəlkə də hər qırılan ümidin səsi bizə yaşamağın başqa bir formasını öyrədir. Ümidimizin ən dərinlərdən gələn qırılma səsi içimizdəki keçmişin titrəyən əks-sədasıdır. O səs bizi silkələyir, amma eyni zamanda bizə bir həqiqəti xatırladır: biz o səsin sahibiyik, biz o səsi yönləndirənlərik.

Bəlkə də ümidin həqiqi mahiyyəti heç vaxt sınmamaq deyil, hər sınışdan sonra onu yenidən qurmaqdır.

Tək fərq ondadır ki, uşaq vaxtı ümidlərimizi nağıllara bağlayırıq, böyüyəndə isə onları özümüz yaradırıq.

 

“Ədəbiyyat və incəsənət”

(25.03.2026)

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Tale elə gətirib ki, 19-cu əsrdə Vətənimiz Azərbaycan ikiyə bölünüb. Arazdan bu yana Rusiya, Arazdan o yana İran torpaqları adlanıbdır. Güneyli Quzeyli Vətənimiz illərdir Araz yanğısıyla yaşamaqdadır.

"Mən gözləməyi və vaxt itirməyi xoşlamıram"  deyən Qulam Məmmədli Arazın o tayındandır...

 

Qulam Məmmədli 1897-ci il martın 25-də Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olub. İbtidai təhsilini mollaxanada alıb. Sonra Bakı teatr texnikumunda oxuyub. Əmək fəaliyyətinə Aşqabadda kustar emalatxanada dəmirçi kimi başlayıb. Orada Nobel zavodunda fəhlə, İ.İ.Aleksandrov mətbəəsində mürəttib işləyib. Türküstan cəbhəsi Birinci Ordunun siyasi şöbəsi nəzdində olan mətbəədə mürəttib, müsəlman teatr truppasında aktyor, Dövlət mətbəəsində mürəttib olub.

1923-cü ilin iyun ayında Bakıya köçüb "III İnternasional" mətbəəsində mürəttib, "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Kəndli qəzeti"ndə redaktor müavini, "Azərbaycan kolxozçusu" qəzetinin redaktoru, Azərbaycan KP MK yanında "Kommunist" nəşriyyatının direktoru, "Yeni yol" qəzetinin redaktoru, "III İnternasional" mətbəəsinin sex müdiri, "Kommunist" qəzeti redaksiyasında kütləvi şöbə müdiri, respublika radio komitəsinin uşaq verilişləri redaksiyasında baş redaktor olub. İkinci Dünya müharibəsi dövrü səfərbərliyə alınıb.

Tbilisidə Qafqaz cəbhəsi siyasi şöbəsində ədəbi işçi, Təbrizdə azərbaycanca buraxılan "Vətən yolunda" qəzeti redaksiyasında ədəbi işçi, Bakıda Azərbaycan SSR Radio Komitəsində xarici verilişlərin baş redaktoru, yenidən Təbrizdə çıxan "Vətən yolunda" qəzeti redaksiyasında müdir vəzifələrində işləyib. Bakıya qayıdıb Birləşmiş Nəşriyyat İdarəsində redaktor, Azərbaycan kinostudiyasında ssenari şöbəsinin rəisi, "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Kirpi" satirik jurnalı redaksiyasında məsul katib, sonra baş redaktor vəzifələrində çalışıb.

1959-cu ildə fərdi təqaüdə çıxmış, ikiillik fasilədən sonra Azərbaycan EA Tarix İnstitutunda kiçik elmi işçi, Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivində elmi məsələlər üzrə direktor müavini olub. Ədəbi fəaliyyətə toplayıcı və tərtibçi kimi başlayıb. Heyran xanımın, Mirzə Əli Möcüz Şəbüstərinin toplayıb tərtib etdiyi seçilən əsərlərini, "Bəxtiyarnamə"ni ilk dəfə 1945-ci ildə Təbrizdə çap etdirib. "İran Azərbaycanının müasir şairləri", "Səttarxan" şeirlər toplusu, "Mirzə Əli Möcüz", "Xiyabani", "Cənubi Azərbaycan şairləri" antologiyası, "Heyran xanım", "Atmacalar", "Əliağa Vahid. Seçilmiş əsərləri" və s. kitablar onun əməyinin bəhrəsidir.

 

Əsərləri

- Tüfeyli ocaqları

- Molla Nəsrəddin (salnamə)

- Hüseyn Ərəblinski (salnamə)

- Cahangir Zeynalov (salnamə)

- Azərbaycan teatrının salnaməsi (I hissə)

- Üzeyir Hacıbəyov (albom kitab)

- İmzalar

- Cavid ömrü boyu

- Azərbaycan teatrının salnaməsi (II hissə)

- Üzeyir Hacıbəyov (salnamə)

- Molla Nəsrəddin (salnamə). II çapı

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı

- "Azərbaycan SSR əməkdar jurnalisti" fəxri adı

- "Əmək veteranı" medalı

- 4 dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı

- "50 il" partiya veteranı nişanı

- "Qızıl qələm" mükafatı

- M. F. Axundov adına ədəbi mükafat (Azərbaycan Yazıçılar İttifaqı)

 

Qulam Məmmədlinin şəxsi arxiv materialları Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda qorunur. Zəngin yaradıcılıq yolu keçən Q.Məmmədli uzun illər məhz bu elm ocağının oxu zalından bəhrələnib, sonda ərsəyə gətirdiyi materialların əlyazmalarını, qeydlərini də Əlyazmalar İnstitutuna təhvil verib.

İnstitutun Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Əliyeva Qulam Məmmədli barədə bunları danışır:

“Dövrünün mürəkkəb ictimai-siyasi hadisələrinin canlı şahidi, milli-mədəni irsimizin tədqiqi, toplanılması, nəşri və təbliği sahəsində müstəsna xidmətləri olan ədəbiyyat, mətbuat və teatr tarixi araşdırıcısı, salnaməçi, mətnşünas, təzkirəçi, biblioqraf, nasir, publisist kimi çoxşaxəli fəaliyyət göstərən Qulam Məmmədli qeyri-adi fitri istedadı, zəhmətsevərliyi, fədakarlığı sayəsində əsl ziyalı, vicdanlı vətəndaş idi.

 Elmi dərəcəsi, ali, hətta tam orta təhsili olmayan Q.Məmmədli bir insan ömrünə sığmayan zəngin yaradıcılıq yolu keçib. Həqiqətən də vaxtının hədər getməsini xoşlamayan Qulam müəllim yaşadığı ömrün nəinki hər ilindən, hər ayından, hətta hər günündən belə bir qənimət - ömrün son günü kimi yararlanmağa tələsən böyük tədqiqatçı idi. 1914-cü ildən Aşqabadda nəşriyyat və mətbuat aləminə adi köməkçi kimi daxil olan Q.Məmmədli sonralar mürəttiblik etmişdi.

 O, 16-17 yaşlarından Bakıda Cəfər Bünyadzadənin redaktorluğu ilə nəşr olunan "Tuti" satirik məcmuəsində və Aşqabaddakı "Mavərayi-bəhri-Xəzər" qəzetində ilk yazılarını dərc etdirmişdi. İllər keçdikcə mürəttiblikdən, kiçik müxbirlikdən başlanan bu yol onu "Kəndçi qəzeti", "Yeni yol", "Kommunist", "Vətən yolunda", "Azərbaycan kolxozçusu", "Kirpi" və digər mətbuat orqanlarında peşəkar jurnalist kimi redaktorluğa qədər ucaltmışdı.

Q.Məmmədli nəşrə hazırladığı təzkirə, biblioqrafik göstərici və salnamə materiallarının toplanılması prosesində ədəbiyyat, teatr, mətbuat tarixi ilə bağlı əldə etdiyi hər yeni tapıntını, naməlum faktı elmi ictimaiyyətə ilk olaraq "Axtarışlar, tapıntılar", "Açılmamış səhifələr" və bir sıra müxtəlif rubrikalar altında mətbuat vasitəsilə çatdırırdı. 1941-1946-cı illərdə Tiflisdə və Təbrizdə ordu qəzetlərində işləyərək həm də ədəbiyyat tədqiqatı ilə  məşğul olurdu.

Qısa müddətdə əldə etdiyi zəngin materiallar onu mətnşünas kimi fəaliyyət göstərməyə yönəltmişdi. Bu sahədə ona əsas işi ticarət olsa da, ömrü boyu öz vəsaiti hesabına fars, ərəb və türk (Azərbaycan) dillərində 3692 nadir əlyazma və çap kitabları toplayan Hacı Məhəmməd ağa Naxçıvani yardımçı olmuşdu. "Heyran xanım", "Mirzə Əli Möcüz. Seçilmiş əsərləri", Fədainin "Bəxtiyarnamə"si bu illərin ilk mətnşünaslıq işləridir.

 

Sonralar bu işin davamı olaraq "İran Azərbaycanının müasir şairləri", "Səttar xan" şeirlər toplusu, "Xiyabani", "Cənubi Azərbaycan şairləri antologiyası", Qılman İlkinlə birgə tərtib etdiyi "Qızıl səhifələr" sənədlər toplusu, "Atmacalar", "Əliağa Vahid. Seçilmış əsərləri", "Qapı oğrusu", "Məhəmmədəli Mənafzadə Sabit. İbrət güzgüsü: Şeirlər, hekayələr və məqalələr" kitabları nəşr olunmuşdu…”

Qələm ustası 1994-cü il noyabrın 18-də Bakıda vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(25.03.2026)

71 -dən səhifə 2856

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.