Super User

Super User

Cümə axşamı, 15 May 2025 11:39

Kəlağayımız beynəlxalq arenada

Güllü Eldar Tomarlının "Kəlağayı milli sərvətimizdir'' adlı şeirlər kitabı işıq üzü görüb. Kitabın redaktoru araşdırmaçı yazar, ədəbi təhlilçi,publisist Vaqif Osmanlıdır.

 

Analarımızın, qız-gəlinlərimizin ismət, gözəllik və yaraşıq rəmzi sayılan kəlağayııya aid şeirlər gürcü, rus dillərinə tərcümə olunub.

Xalqımızın milli mənəvi dəyərlərini ölkəmizdən xaricdə də tanıtmaq, təbliğ etmək bu günümüzün ən aktual məsələlələrindəndir. Kəlağayı həm  xalqımızın sənətkarlığı, mədəniyyətini, dünyagörüşünü, fəlsəfi düşüncəsini, həm də mənəviyyatını özündə təcəssüm etdirən milli baş örtüyümüzdür.

 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli baş örtüyü olan kəlağayıya diqqət və marağı göz önündədir. 2014- cü ildəkəlağayımız M.Əliyevanın təşəbbüsü ilə Uneskonun Qeyri Maddi Mədəni irs üzrə Reprezentativ siyahısına daxil olub 

    "'Kəlağayı milli sərvətimizdir"' kitabında yer alan şeirlər, ön söz İmir Məmmədlinin, Paşa Paşayevin, İlahə Feyziyevanın tərcüməsində gürcü və rus oxucularına çatdırılacaq. Kitabın təqdimatı Sankt-- Peterburqda, Moskvada, Gürcüstanda, "26 Noyabr Azərbaycan Kəlağayısı Günü"ndə isə Bakıda keçiriləcək.

Babalarımızın, nənələrimizin irsini yaşatmaq, tanıtmaq bizim ümdə borcumuzdur.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2025)

 

Mayın 19-da saat 16:00-da Azərbaycan Milli İncəsənət Muzeyində Belarusun “Nesvij” Milli Tarixi-Mədəni Qoruq Muzeyinin “Nesvij – dünya mədəni irsi” adlı sərgisi açılacaq. Sərgi Azərbaycan Milli İncəsənət Muzeyi və “Nesvij” qoruq muzeyinin birgə təşkilatçılığı, Azərbaycan və Belarus mədəniyyət nazirliklərinin dəstəyi ilə keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Azər TAC-a istinadən xəbər verir ki, sərgidə XVI–XVIII əsrlərə aid hazırda muzeyin yerləşdiyi Nesvij qalasının interyer və eksteryerlərini əks etdirən 23 planşet təqdim olunacaq. Həmçinin sərgi çərçivəsində qalanın sərgi zallarının fotoları nümayiş etdiriləcək və videoçarx təqdim olunacaq.

Ziyarətçilər üçün “Saray ziyafətlərinin ənənələri” adlı interaktiv ünsiyyətə əsaslanan ekskursiya təşkil olunacaq. Proqrama saray tədbirlərinin ayrılmaz hissəsi olan rəqs sənəti, saray mətbəxinin ekzotikası, knyaz ovlarının təşkili xüsusiyyətləri, eləcə də intellektual əyləncə və oyunlar haqqında bölmələr daxildir.

Litva Böyük Hersoqluğunun zəngin Radzivillər ailəsinin iqamətgahı olmuş Nesvij qalası renessans gözəlliyini, barokko dinamikasını və klassik nizam-intizamı harmonik şəkildə birləşdirən nadir nümunələrdən biridir. Bu görkəmli memarlıq abidəsi YUNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib və həm Belarusun, həm də ümumilikdə Avropanın canlı mədəniyyət ensiklopediyası hesab olunur. Kompleksin tərkibinə təkcə qala deyil, həm də müdafiə istehkamları və böyük park ansamblı daxildir.

Bu gün Nesvij qalası və onun ətrafında yerləşən təxminən əlli muzey zalı həm qədim, həm də müasir Belarus mədəniyyətinin nailiyyətlərini nümayiş etdirən unikal məkan hesab olunur.

Sərgi iyunun 15-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2025)

Cümə axşamı, 15 May 2025 16:06

Sevin, sevilin, sevgi ilə qalın

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sevgi ruhun qidasıdır. Görmürük, toxuna bilmirik, onu hiss edə bilirik. Sevgi ülvi hissdir. O, yalnız iki insan arasında olan münasibətə deyilmir, ana - ataya olan bağlılıq, bacı - qardaş, dost - tanış arasında olan hisslər, eləcə Vətənə, cəmiyyətə olan məhəbbət də sevgidir. 

 

İnsanları bir-birinə yaxınlaşdıran sevgi mehribanlıq yaradır. O, olan yerdə mərhəmət, qayğı, hörmət, anlayış olur. İnsana səbrli olmağı öyrədir, fədakarlığın əsasında durur. 

Onun olmadığı yerdə nifrət, əsəb, narahatlıq, qısqanclıq var olur. Sevgi mühüm bir anlayışdır, bütün gözəl şeylərin sütununu təşkil edir. Ailədə sevgi görməyən biri kənarda sevgi axtarır, buna görə də insana qayğı ilk öncə ailədə başlamalıdır. Ata və ana övladına sevgi verdikcə bu uşaqda özünə inam yaradır, gələcəyi gözəl olur. 

 

Uşaq olarkən yıxıldıqda analarımızın bizi sakitləşdirən baxışlarında idi sevgi. Ana sevgisi dərin və qoruyucu bir hissdir. Deyilir ki insanı danışmaq üçün yox, anlamaq üçün dinləyin. Sənin onu başa düşməyində sevgidir. Sevgi həm də biri üçün xəbəri olmadan dua etməkdir. 

 

Dostlar arasında olan sevgi isə çətin günlərdə arxa - dayaq olur. Sonradan tanıdığım 3 dost var idi. Hər il saat 12 olanda bir - birlərinin evinə gedər, doğum günlərini birlikdə qeyd edərdilər.  Biri Şəhid oldu, bu isə onlar üçün geriyə baxdıqda ən gözəl xatirələrdən birinə çevrildi. Şəhidimiz Vətənə borcunu yerinə yetirmək üçün əsgərlikdə olduğu zaman dostunun ad günü idi. Şəhidimizin ona olan sevgisinə görə əsgərlikdən 3 günlük məzuniyyət götürür və Bakıya gəlir, dostunun ad gününü 3 dost birlikdə qeyd edirlər. Onları bir-birlərinə yaxınlaşdıran mənəvi dəyər idi sevgi.

Əsl sevgi qarşılıqsız olur. Allah'a, Vətənə sevgi kimi. Necə ki igidlər uğrunda canını fəda edəndə hər daim bir cümlə səslənir - "Vətən sağ olsun".

 

Birinə sevgi paylaşdıqca o çoxalır. Qüvvətli bir hissdir. İnsanların həyatına rəng qatır, onları xoşbəxt edir, o, bir həyat fəlsəfəsidir.

 

*Bəzən sevgi şeirlərdə öz əksini tapır*

 

Gecələri ulduz sayaraq yarın gəlməyini gözləyən, Behcətabad xatirəsini yazan bir Şəhriyar var idi. O ki sevgiyə sübut idi. 

 

Ulduz sayaraq gözləmişəm hər gecə yarı,

Gec gəlmədədir yar yenə, olmuş gecə yarı

 

Eşqin ki, qərarında vəfa olmayacaqmış,

Bilməm ki, təbiət niyə qoymuş bu qərarı?

 

Eşqi var idi Şəhriyarın güllü, çiçəkli,

Əfsus, qara yel əsdi, xəzan oldu baharı.

 

*Sevgi həm də dərin bir bağlılıq idi*

 

Repressiya qurbanı olan yoldaşı Əhmədə olan dərin bağlılığına görə hər cür çətinliyə dözən, Qazaxıstanın Akmola düşərgəsinə sürgün edilmiş Şükriyənin münasibətində idi sevgi. Əhmədin də eyni ilə Şükriyyəsinə olan sevgisi və bu sevgi hissləri ilə yazdığı “Şükriyyə taleyim” şeiri 

 

Bir gülsən, dərmişəm gənclik bağından,

Bir gülü, çiçəyi dərmərəm sənsiz.

Kam aldın ömrümün oğlan çağından,

Bir bağa, bağçaya girmərəm sənsiz.

 

Sonatək göllərdə üzsən də mənsiz,

Quş olub göylərdə süzsən də mənsiz,

Sən Əsli qalsan da, dözsən də mənsiz,

Alışıb yanaram mən Kərəm sənsiz!

 

Şükriyyə taleyim, şükür Xudaya

Gördüyüm doğrumu, yoxsa pək röya?!

Dolub ürəyimə bu dadlı xülya,

Şirin günlərimi sürmərəm sənsiz!

 

Əvət, bu sevdanın səfası çoxdur,

Sevdasız həyatın mənası yoxdur!

Gözlərin yıldızdır, kipriyin oxdur,

Ürək qubar olar - can verəm sənsiz...

 

*Şəhriyar və Pəri kimi, Əhməd və Şükriyyə kimi indi isə bəhs edim Dilbər və Mikayılın möhtəşəm tanışlıq və sevgi həyatından*

 

Dilbərin doğmaca əmisi İdris Axundzadə, bir gün qardaşıgilə gəlir və burda qardaşı qızının ögey anası ilə rahat yaşamadığını görür. Onu özü ilə aparır. Daha sonra isə onun həyat yoldaşı Dilbəri buraxılış gecəsinə gətirir və o, burada Müşfiq ilə tanış olur. Mikayıl əmisinin yaxın dostu olur. Həmin gün Müşfiq onun arxasında oturur və   nların məhəbbətinin poetik rəmzi olan hörüklərini arxaya atanda Mikayılın üzünə toxunur. Şairin sevgisi başlayır Dilbərinə. Müşfiqin sevgisi elə bir həddə olur ki sevgilisinə deyir "Ah, Dilbər, ağlımı başımdan almısan! Qorxuram desinlər ki, Müşfiq məhəbbət şairi olub". 

Onların nişanları poeziya bayramı idi. Hüseyn Cavid, Abdulla Şaiq, Əhməd Cavad, Bülbül, Səməd Vurğun, Mir Cəlal, Rəsul Rza və bir çox başqaları iştirak etmişdi bu məhəbbət məclisində. 

 

*Dilbər və Mikayılın başının üzərini alan qara buludlar*

 

Müşfiqdən sonra Dilbəri də aparırlar. Sonacan Dilbər onu müdafiə edir. Həbsxanada olanda onların məhəbbətinin poetik rəmzi olan hörüklərini kəsirlər. Ona deyirdilər: Müşfiqin milliyyətçi və digər təşkilatlara üzv olması barədə kağızları imzala. O, “yox” cavabını verirdi. Ona deyirdilər: Müşfiqdən imtina et, onun müqəssir olduğunu etiraf et. “Yox” deyirdi.

 

*Qızları Leyla Axundzadənin dilindən*

 

Müşfiq istedadlı idi: o, anamın tarını götürür və sadəcə mahnı oxumurdu, muğam ifa edirdi. Bax, o belə insan idi! Anam Müşfiqlə yaşayırdı, daim çıxışlar edirdi, harasa yazırdı, gah nə isə xatırlayırdı və dərhal da kağız üzərinə köçürürdü... Müşfiqin 80 illiyində o, sanki onunla vidalaşdığını hiss edirdi. Anam çıxış etməməli idi, lakin yenə də sanki gözəgörünməz qüvvələr onu çıxış etdiyi müddətdə qaldırdılar və dəstək verdilər, o isə o qədər zəifləmişdi ki! Mən ona baxırdım və hər an yıxılacağından ehtiyatlanaraq tir-tir əsirdim.

 

*Möcüzə*

 

Müşfiqi aparanda masanın üzərində “Dilbərnamə” adlı qovluq var idi: o bütün şeirlərini orada saxlayırdı, hamısı da yoxa çıxdı. Bütün ömrü boyu Müşfiq xalq mahnıları, dastanlar və sair toplamışdı, hamısını apardılar. Nə qədər əzab - əziyyətlər görmüş Dilbər Axundzadə Müşfiqin ədəbiyyatının bir qismini bərpa etdi, hətta özü də şeir yazdı. Qızı bunu möcüzə adlandırır, çünki Dilbər xanım çox əzab əziyyətlər çəkmişdi. Leyla xanımın dilindən :Bəli, Dilbər xanım, həkimin dediyinə görə, bir çox xəstəliklərə düçar oldu: infarkt, böyrək, sinirlər, şəkərli diabet... Anlayanda ki, ondan heç nə əldə edə bilməyəcəklər, o isə işgəncələrdən aşkar surətdə özündə deyil, onu həbsxana xəstəxanasından psixiatrik xəstəxanaya köçürdülər. Lakin orada qalmaması üçün, onu tanıyan həkimlər guya sağlam olması barədə arayış verdilər. O, Gəncəyə, anasının yanına getdi və uzun müddət orada müalicə olundu. İlk vaxtlar o heç nə danışmırdı, heç nə anlamırdı, nə özünün, nə də Müşfiqin kim olduğunu bilirdi... 

 

Günəşli gündüzüm, ən şirin sözüm,

Əbədi hicrinə mən necə dözüm?

Bağçanda bitibdir nərgiz, bənövşə,

Sənsiz o gülləri mən necə üzüm?

                                       Dilbər Axundzadə

 

Sevginin ən yüksək mərtəbəsi isə eşqdir. Eşq isə yalnız Allah'a məxsusdu. Rəbb'ə olan eşq sevginin ən üstün mərtəbəsidir. Ondan başqa hər şey bir gün var oluşunu itirir:

 

"Ya Baki Entel Baki - Əbədi olan yalnızca Allah'dır (cc) və Allah'ın (cc) xaricindəki hər şey bir gün sona çatacaqdır". Allah'a həmd olsun, Rəsulu Məhəmməd Mustafa'ya salavat və salam olsun.

 

Sevin, sevilin, sevgi ilə qalın, Vətənimin gözəl insanları.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2025)

Cümə axşamı, 15 May 2025 15:42

Seçmə şeirlər – RƏSUL RZA, “Dinmədik”

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

RƏSUL RZA

DİNMƏDİK”

 

Yağış yağdı,

Bir gün ara vermədi,

Yağdı gecə-gündüz.

Sən dinmədin,

Mən dinmədim.

Gölləndi çöl, dərə, düz.

Dörd bir yan yağış oldu,

Yazın oğlan çağında

Qış oldu.

Sən dinmədin,

Mən dinmədim.

Bir gün gəldi

Göy qupquru qurudu,

Bir damcı da düşmədi.

Gün şaxıdı,

Çöllər yandı.

Sən dinmədin,

Mən dinmədim.

Külək əsdi,

Budaqlardan yarpaqları

Qırdı, tökdü.

Yenə susduq.

Sən dinmədin,

Mən dinmədim.

Yanğın oldu,

Tüstüsü də görünmədi.

Sən də susdun,

Mən də susdum.

Düşündük ki,

Təbiətin şıltağıdır.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2025)

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində növbəti mövzumuz da çox maraqlıdır: Türk xalqlarında müqəddəs dağlar kultu.

Türk xalqlarının qədim inanclarında dağlar yalnız fiziki mənada deyil, həm də mədəni və dini baxımdan çox vacib bir rol oynamışdır. Bu dağlar, həmcoğrafi, həm də metafizik anlamda, ruhani bir güc, ilahi bir məkan olaraq qəbul edilirdi. Müqəddəs dağlar, türk xalqlarının mədəniyyətində, inanc sistemində və mitologiyasında mühüm yer tutmuş, bir çox dini və mifoloji obrazlarla əlaqələndirilmişdir. Bu yazıda müqəddəs dağlar kultunun semantik və mədəniyyətşünaslıq aspektlərini araşdıraraq, bu anlayışın türk dünyasında necə formalaşdığını, inkişaf etdiyini və dağların türklərin həyatında hansı rolu oynadığını nəzərdən keçirəcəyik.

  Müqəddəs dağların semantik anlamı:

 Türk mədəniyyətində dağlar yalnız fiziki ərazilər deyil, həm də semantik bir güc, müqəddəs bir məkan kimi qəbul edilmişdir. Dağların mifik və simvolik mənaları, Türk xalqlarının kosmos və dünya görüşü ilə sıx bağlıdır. Türk xalqlarında dağlar ən çox aşağıdakı anlayışlarla əlaqələndirilir:

1.     Tanrı ilə əlaqə: Dağlar, Tanrı ilə birbaşa əlaqə qurulan yerlər kimi qəbul edilirdi. Bu anlayış, şamanist və tenqriçi inanc sistemlərində əsas yer tuturdu. Dağlar, göy ilə yer arasında bir körpü rolunu oynayır, ruhların Tanrı ilə birbaşa ünsiyyət qurmasına şərait yaradırdı.

2.     Ruhani səyahət və təmizlənmə: Dağlar, bəzən ruhani təmizlənmə və yüksəlişin təcəssümü olaraq da görülürdü. Bir çox türk xalqında dağlara və yüksək yerlərə səyahət etmək, insanın özünü ruhani cəhətdən təmizləməsi və gücləndirməsi ilə bağlıdır. Bu, həm də ölümdən sonra ruhun göyə yüksəlməsini simvolizə edən bir anlayışdır.

3.     İlahi güc və qoruyuculuq: Dağlar həm də müqəddəs bir qoruyucu olaraq görülür. Bu, dağların insanların yaşadığı əraziləri qorumaqla yanaşı, həm də hərbi və sosial müqəddəsliyin simvolu kimi qəbul edilməsini təmin edirdi. Dağlar, bir çox əfsanə və rəvayətlərdə insanların yaxşı taleyi üçün qurbanlar kəsilən və dualar edilən yerlər olmuşdur.

   Türk mifologiyasındaki müqəddəs dağlar:

 Türk mifologiyasında dağlar bir çox müsbət və mənfi məna kəsb edən simvollarla təmsil edilmişdir. Aşağıda bir neçə məşhur müqəddəs dağ haqqında mədəniyyətşünaslıq və semantik baxımdan detallı məlumat verilir:

1.     Altay dağları: Altay dağları, türk xalqlarının ruhani həyatında mühüm yer tutan müqəddəs məkanlardan biridir. Altay dağları, xüsusilə Tengri inancında Tanrının mərkəzi olaraq qəbul edilirdi. Bu dağların zirvələrinə "Tanrı dağları" deyilir, burada Tanrının iradəsi yer üzünə endirilir. Altay mədəniyyətində bu dağlar, ölümsüzlük və ilahi qüvvələrin yerləşdiyi yer kimi simvollaşdırılır.

2.     Süleyman dağı: Türk mifologiyasında Süleyman dağı da müqəddəs sayılır. Bu dağda Tanrı tərəfindən insanların sınaqdan keçirilməsi, mənəvi təmizlənmə və yüksəliş anlayışları ilə əlaqələndirilir. Xüsusilə Süleyman dağı müqəddəs bir yer olaraq türk şamanizmi və islam öncəsi türk inanclarında əhəmiyyətli yer tuturdu.

3.     Qaf dağı: Qaf dağı da türk mədəniyyətində müqəddəs bir yer olaraq çıxış edir. Bu dağ haqqında geniş şəkildə təbliğ olunan əfsanələrdə, həm yerin göydən ayrılması, həm də Tanrı ilə birbaşa əlaqə qurulması təsvir edilir. Qaf dağı, həm də həyatın və ölümün arasında bir sərhəd kimi görülür.

  Müqəddəs dağlar və Türk şamanizmi:

 Şamanizm, türklərin ən qədim inanclarından biri olub, müqəddəs dağlar kultunun mərkəzində yer alır. Şamanlar, dağlara gedərək Tanrı ilə əlaqə qurur və orada ruhani təcrübələr əldə edirdilər. Bu təcrübələr, dağların insanları ruhən təmizləməsi və onları yüksək mənəvi səviyyəyə qaldırması ilə əlaqələndirilirdi.

 Şamanların dağlara gedib ruhani səyahətlər etməsi, həm də göy dünyasına çıxmağın bir simvolu idi. Dağlar, şamanların Tanrı ilə əlaqə qurmaq üçün yüksəkliklərə çatması üçün ən uyğun məkanlar olaraq görülürdü.

  Müqəddəs dağların simvolik əhəmiyyəti və Türk həyatında rol:

 Müqəddəs dağlar, türk xalqlarının həyatında sosial və mədəni baxımdan da mühüm rol oynamışdır. Dağlar yalnız ruhani yerdəyişmənin deyil, həm də gündəlik həyatda həyatın həm sosial, həm də mədəni aspektlərini təşkil edən məkandır. Dağların müqəddəsliyi, türklərin göy və yer anlayışının təcəssümüdür, hansı ki, bu qarşılıqlı əlaqə mədəniyyətin çoxsaylı ifadələrində özünü göstərir.

 Müqəddəs dağlar, həm də təbiətin qorunması və kəndlərin, şəhərlərin müdafiəsi baxımından önəmli bir əhəmiyyətə malik olmuşdur. Əfsanələrə görə, müqəddəs dağlar çətin şəraitdə həyatın davam etməsi üçün mübarizənin və müqavimətin məkanı hesab edilirdi.

  Nəticə.Türk xalqlarında müqəddəs dağlar kultu, türk xalqlarının təbiətə olan baxışının, ruhani dünyagörüşünün və mədəniyyətlərinin təcəssümüdür. Dağlar, yalnız coğrafi mənada deyil, həm də ruhani, mədəni və dini baxımdan önəmli məkanlar kimi qəbul edilmişdir. Dağlar, Tanrı ilə əlaqənin qurulması, ruhani təmizlənmə, qorunma və cəsarət anlayışlarını simvolizə edərək türk xalqlarının kollektiv yaddaşında izlər buraxmışdır. Bu mədəniyyətin öyrənilməsi, türk xalqlarının təbiətə və ilahi güclərə olan mənəvi bağlarını daha yaxşı başa düşməyimizə imkan verir.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2025)             

 

 

Cümə axşamı, 15 May 2025 14:28

“Səsin niyyəti” - HEKAYƏ

“Ədəbiyyat və incəsənət” portalı Sadiq Qarayevin yeni yazdığı “Səsin niyyəti” hekayəsini təqdim edir.

 

- Gərək əlimi başıma yığıb sənə bir telefon alım, Papa canı düz deyirəm... 

Bir əli ilə yuxarıdan sallanan tutacaqdan tutmuş, digər əlində qaloş boyda telefonla hündürdən elə danışırdı ki, sanki təkdir, heç kim yanında yoxdur. Telefon tutmuş arıq, nisbətən qırışmış əlinin qəribə qarışıq rəngi vardı. Dırnaqlarına nəsə xallı uzun bir şey keçirmişdi, kəklik yumurtası qabığına oxşasa da, qartal caynağı formasında idi...

 

Boz simasına yabanı olan qabardılmış dodaqlarının arasından çıxan çox gənc, məlahətli, zərif səslə davam edirdi:

- Çox darıxmışam sənin üçün. Gələn həftə mütləq görüşək. Sənin telinə dünya dəyməz... Yox, bu həftə mümkün deyil, gələn həftəyə söz verirəm...

Avtobus basabas idi. Bir ahıl nənə mindi, kart vurub, özünü birtəhər salona saldısa da, əlindəki diyircəkli yol çantasını xeyli əziyyətlə çəkib yanına gətirdi. Əlində yekə bir telefonda “İqra” oynayan 5-6 –cı sinif çagirdinə baxmağa başladı. Uşaq iki nəfərlik yerdə yayxanıb oturmuş, yanına da çantasını qoymuşdu. Başı elə qarışmışdı ki, elə bil avtobusda deyil, yolda bahalı xarici maşın sürür. “Peşəkarlıqla” oyunun içinə girmişdi.

 Nənə o uşağın qoluna barmağıyla toxunaraq, mülayim, nəsihətvari səslə:

- Bala çantanı götür, bura ikinəfərlik oturacaqdır. – dedi.

  Uşaq çox diqqətlə yolda “maşınını” sürürdü, nənəni təbii ki, eşitmirdi, “qəza” edə bilərdi. Nənə ikinci dəfə ona eyni qaydada müraciət edib, uşağın yanında, ayaq üstə, kürəyində çantası olan və ondan bir-iki yaş kiçik olan digər oğlanı göstərdi:

- Qoy bu uşaq da yanında otursun.

- Yox oturmaq istəmirəm... – Bu uşaq da əlindəki telefondan başını qaldırmadan dedi. 

O da “qəza” edəciyindən qorxurdu. Amma tez-tez “qəza” edirdi. Görünür diqqəti başqa yerdə, aləmdə idi.

Nənə üçüncü dəfə uşaqlara nəsə deyəndə, telefonla danışan zərifsəsli qadın ona tərs-təsr baxıb:

- Oturmaq istəmir, əl çəkin də.- dedi.

 Onun səsinin tonu, rəngi, musiqisi, elə dəyişdi ki, elə bil zərif bir qız, adamyeyən quleybanıya çevrildi...

İnsan boyunu, rəngini, sifət qurluşunu, lap dirsəyinin formasını, demək olar ki, heç nəyini səsi qədər tez, geniş diapozonda, mələkdən şeytana qədər dəyişə bilməzmiş...

Nənə daha heç nə demədi. Sakitcə pərt olmuş baxışlarını avtobusun pəncərəsindən çölə atdı, xəyalən isə, salonu tərk edib bəlkə də bu aləmdən qaçıb uzaqlaşırdı, keçmişə, gəncliyinə, o dövrlərə çıxıb getdi... Ona avtobusa minməkdə mane olan andıra qalmış təkərli çantasını, qalın “Balonkasını” da adamların arasına atdı...

- Düzünü de görüm, ac deyilsən, canım? 

Qadının səsi yenə qayalıqlarda uçuşan zərif səsli quşların səsinə bənzədi. Danışıq tərzi, gülüşlərini isə zornan çiçəklərə qonan kəpənəklər kimi xəfif etməyə çalışsa da, bacarmadı, bal, nektar yığan eşşək arılarının dızıltısna bənzədi. 

- Sağ ol, canım, gələn həftə mütləq görüşəcəyik, mən çox darıxmışam... Sağ ol, öpdüm.

Ayaq üstə dayanan oğlan tez-tez “qəza” etdiyi “maşından” düşüb, başını telefondan yuxarı qaldıraraq şübhəli səs tonuyla soruşdu:

- Ana, atamla danışırdın? Nə deyirdi, işdən gəlib? 

Qadından indi çıxan səsin rəngi, musiqisi, qoxusu qədər insanı həyatdan iyrəndirən ikinci bir şey ola bilməzdi.

- Heç... Deyirdi evdəyəm, sizi gözləyirəm...

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2025)

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

20-ci əsrin əvvəllərində amerikalı iş adamı, poladtökmə sənayesinin ən görkəmli nümayəndələrindən biri, həmçinin də məşhur xeyriyyəçi olan Endryu Karnegi insanlara rəhbərlik etmək bacarığı ilə məşhur idi. Onun istedadı aşağıdakı maraqlı hadisə ilə yaxşı işıqlandırılır.

 

Karneginin baldızı iki oğlundan tez-tez şikayət edirdi ki, onlar kollecə daxil olaraq, evdən ayrıldıqdan sonra nadir hallarda ona məktub yazırdılar və ya onun məktublarına cavab verirdilər. Karnegi mərc edir ki, ilk məktubundaca diqqətsiz gənclərdən cavab alacaq. Özü də onlardan xahiş etmədən. Və mərci də udur.

Karnegi uşaqlara qısa bir məktub yazır, onların işləri və uğurları ilə maraqlanır. Məktubun sonunda isə sanki təsadüfən əlavə edir: "Cib xərcliyi üçün zərfin içərisinə beş dollar da qoyuram" (bu o vaxt üçün kifayət qədər əhəmiyyətli bir məbləğ idi). Lakin o, heç bir məktubun içərisinə pul qoymayır.

Tezliklə növbəti poçtla Karnegi mehriban baldızı oğlanlarından ona kollecdəki təhsillərinin necə getdiyini bildirən, uğurlarından bəhs edən və xeyirxahlığa görə ona təşəkkür edən, amma zərfdə pul olmadığı da qeyd edilən iki məktub alır.

 

Bəli, Karneginin gəldiyi nəticə bu idi ki, kimdənsə nəsə almaq istəyirsinizsə, sizin nə istədiyinizi deyil, onun nə istədiklərini düşünmək lazımdır.

 

Karnegi öz işçilərinə də bü cür münasibət göstərirdi. 

Qeyd edək ki, Endryu Karnegi böyük bir xeyriyyəçi olmuşdur və sərvətinin düz 90 faizini xeyirxah işlərə sərf etmişdir. Onun yaratdığı bütün xeyriyyə fondları, muzey və qalereyaların adlarını sayıb-qurtarmaq çətindir.  Maarifçiliyə qoyduğu pul da çox böyükdür. ABŞ, Böyük Britaniya və Avstraliyada Karneginin vəsaiti ilə 2509 kütləvi kitabxana yaradılmışdır. Hazırda amerikalıların 40 faizi biliklərini Karneginin kitabxanalarında zənginləşdirirlər. Onun özü isə "kitabxanaların müqəddəs qəyyumu" titulunu daşıyır. Onun 1902-ci ildə Vaşinqtonda əsası qoyduğu Karnegi institutu hələ də fəaliyyət göstərir.  

Endryu Karnegi özü üçün belə bir epitafiya (məzar daşına yazılan yazı) yazdırmışdı: “Burada özündən ağıllı adamları özünə tabe etmiş adam yatır”.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2025)

 

 

 

 

Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"


1969-cu ildə çəkilən və İsmayıl Şıxlının "Dəli Kür" romanı əsasında ekranlaşdırılan Hüseyn Seyidzadənin ekran əsəri barədə danışmaq istəyirəm. 

 

Romanın süjeti:

Hadisələrin başlandığı məkan Kür qırağında yerləşən Göytəpə kəndidir. Nüfuzlu, hamının çəkindiyi Cahandar ağa başqa bir kənddən gözünü tutan Mələk adlı qadını qaçırır. Arvadı Zərnigar onun xəyanəti ilə barışa bilmir. Buna görə atasıyla ciddi konflikti olan oğlu Şamxal evdən gedir, özünə ev tikir və dostunun bacısı Güləsərlə evlənir. Cahandar ağa Şamxalın onun ailəsinin adına layiq olmayan bir ailənin qızıyla evlənməsini oğluna bağışlaya bilmir. Onun kiçik oğlu Əşrəf isə Qori Seminariyasında oxuyur. Əsrəf, kəndin bir neçə cavanı ilə əslən Peterburqda oxumuş, rus Əhmədin təsirilə təhsil almağa maraq göstərir. 

Mələyin birinci əri Allahyar arvadının Cahandar ağanın qaçırdığını biləndə ondan qisas almağa çalışır. Ot tayalarını yandırır, atının quyruğunu kəsir, qızı Salatını qaçıraraq təcavüz etmək istəyir. Bu işdə ona yardımçı olan Həsən ağa, Salatının Cahandar ağanın qızı olduğunu biləndə və Allahyarın niyyətindən xəbər tutanda onu evindən qovur, qızı isə ailəsinə qaytarır.

Allahyara qisas almaqda kömək edən göytəpəli Molla Sadıqdır. Çünki Cahandar ağa Molla Sadığın təşkil elədiyi müridlərin meyxanasını ifşa edir, kəndə Qori Seminariyasına uşaq yığmaq üçün gələn Çernyayevskini onun hücumundan qoruyur. Bu səbəbdən Molla Sadıq həm Allahyarla əlbir olur, həm də Cahandar ağanın dul bacısı Şahnigarı rəzil etmək üçün meyxanaya dəvət edir. Bundan xəbər tutan Cahandar ağa bacısını öldürür.

Sonrakı epizodlarda Cahandar ağa Allahyarı qətlə yetirir.  Bu arada kazaklar ona məxsus torpaqları almaq istəyir. Allahyarın qətli kazakların əlinə bəhanə verir ki, çarın siyasətinə etiraz edən Cahandar ağanı tutsunlar. 

O, təslim olmur və kazaklar tərəfindən öldürülür.

Qori Seminariyasında Çernyayevskinin və Kipianinin fəaliyyəti, mütərəqqi fikirləri, tələbələrə təsiri geniş əks olunur.

Finalda Əşrəfin inqilabçılara qoşulmasına, Şamxalın isə ata ocağına qayıtmasına eyhan olunur.

..."Dəli Kür" monumental, çoxşaxəli əsərdir: mənəvi dəyərlər, qadın-kişi münasibətləri, ata-oğul, yeniliklə köhnəliyin, cəhalətlə mütərəqqi ideyaların konflikti, Çar Rusiyasının işğalçı siyasətinin, dövrün ictimai-siyasi mürəkkəbliyinin təsviri və bunun Cahandar ağanın taleyinə təsiri... 

İsmayıl Şıxlı qələmə aldığı dövrü təfərrüatıyla araşdırıb, çevik ədəbi dili və manerasıyla çoxsaylı motivi dramaturgiyada məharətlə nizamlayıb. Epizodlar bir-birini əsaslandırır və çeşidli mövzular zəncirvarı, riyazi dəqiqliklə sıralanır.

Romanla müqayisədə Hüseyn Seyidzadənin 1969-cu ildə ekranlaşdırdığı film çöx sönük qalır. Düzdür, filmin zəif olmasını bir neçə səhnəsinin senzuraya məruz qalmasıyla əsaslandırırlar. 

2003-cü ildə "Ekspress" qəzetində çap edilmiş "Dəli Kür: Adil İsgəndərov ata minmək istəmədi və Cahandar ağadan imtina etdi"  məqaləsində Ulduzə Qaraqızı yazır: "Filmin sonluğunu rejissor Hüseyn Seyidzadə ilkin variantda belə çəkmişdi: Cahandar ağa kazak başçısını qamçıladıqdan sonra kazaklarla vuruş başlayır və kazaklar onu arxadan güllələyir. Lakin sovet kinotənqidçiləri bunu qəbul etmir və qeyd edirlər ki, bir azərbaycanlı rusu döyə bilməz. Buna görə rejissor həmin səhnəni məcburən kəsir və sonda Allahyar Cahandarı öldürür. Çox gözəl çəkilən filmin sonluğu bərbad hala gətirilir. Kazak başçısını oynayan məşhur aktyorumuz Yusif Vəliyevin adı titrlərdə olsa da, kinoda onun obrazı yoxdur.

Ümumiyyətlə, o vaxtlar haqsız hücum və tənqidlərə məruz qalan Hüseyn Seyidzadə başa düşürdü ki, əgər "Dəli Kür"ün finalı dəyişdirilməsə, onun yaradıcılığında uzun bir fasilə yarana bilər. Çox fikirləşdikdən sonra rejissor güzəştə gedir və filmin finalı dəyişdirilir".

Hərçənd, "Dəli Kür"ü yenidən izləyəndən sonra belə qənaətə gəldim ki, hətta senzuraya məruz qalmış səhnələr belə əhvalatda yerləşdirilsəydi, film yenə alınmamış qalacaqdı. Əvvəla ona görə ki, rejissor əsərin əhatə elədiyi bütün xətləri kinoya köçürməyə çalışıb, nəticədə onları yığıb-yığışdıra bilməyib. Ekran əsəri ümumən pinti səhnə yığınına bənzəyir. Üstəlik, filmdə dolğun, vahid ana xətt yoxdur. Kinonun dili spesifik olduğundan ədəbi əsəri olduğu kimi köçürmək uğursuzluqla nəticələnir. Amerika dramaturqu və ssenaristi Ted Telliyə bədii mətnlərin adaptasiya təcrübəsini bölüşərək deyir ki, o, əsəri oxuyanda, yadında əsas nələrin qalmasına, ona hansı xəttin təsir etməsinə önəm verir və sonra o, diqqətini çəkən məqamlarla bağlı səhnələri qeyd edir. Tutaq ki, H.Seyidzadə əhvalatın ana xətti kimi - Cahandar ağa kimi güclü bir xarakterin addım-addım necə çökdüyünü götürə və film daha çox psixoloji qatda işlənə bilərdi.  Yaxud digər ana xətlər - ya ata və oğullar konfliktinin, ya Cahandar ağanın Mələklə və ailəsi ilə münasibəti üzərində qurula bilərdi. Yaxud Mələyin günüsü Zərnigarla qucaqlaşıb ağlaşması səhnəsi, ümumiyyətlə, bu iki qadının münasibəti kino üçün əla materialdır.

...Və film romanın daşıdığı çox mühüm cəhətlərdən birindən - dərinlikdən, ikinci plandan, psixologizmdən məhrumdur. Cahandar ağanın ziddiyyətləri, daxili aləmi, iztirabları, tərəddüdləri açılmır.

Arvadı Zərnigarın qarşısında duyduğu günah hissi, Mələyə öncə sadəcə gözəl, təravətli bədən kimi baxması, sonradan onun mənəvi keyfiyyətlərini dəyərləndirməsi, qadına münasibətdə Cahandar ağanın kişi eqosu ilə mübarizəsi, güclü kişi kimliyinin tədrici tənəzzülü, ağrısı, hər şeyə rəğmən özündə güc taparaq sonda ləyaqətli ölümü seçməsi, bacısı Şahnigarı öldürəndə keçirdiyi əzab hissi və s. bu kimi mühüm detalların heç birindən istifadə edilərək kino dilinə çevirilməyib.  Filmdə Cahandar ağanın (Ələddin Abbasov) bacısını suda batırılma səhnəsi - qatı duman, bacı-qardaşın onun bulanıqlığına bürünməsi formaca gözəl olsa da, kədərli ovqat yaratsa da, bu anda kameranın personajların daxilinə nüfuz etməməsi səhnənin emosional gücünü azaldır. 

Senzuradan dolayı Cahandar ağa obrazı təhrif olunur, müəyyən səhnələrdə onun aşağılamağa cəhd edilir: filmdə onu nökərlə təhqiramiz davranışını, atışmada Allahyarın (Məmməd Bürcəliyev) onun papağını hədəfə almasını, təhsilə cahil münasibətini nəzərdə tuturam.

Filmin ekspozisiyası isə tamamən uğursuzdur. Nə ilk epizodda, nə sonra da Cahandar ağanın Mələyi (Zemfira Sadıqova) qaçırması əsaslandırılmır. Halbuki Cahandar ağa qadını əvvəl də görür və onu yaddaşından silə bilmir. Filmdəki ilk səhnədə isə Cahandar ağanın baxışıyla, seyrçiyə onun qadın düşkünü olması haqda informasiya ötürülür. Hərçənd, romandakı epizodun özü çətin, mübahisəli suallar doğurur: Cahandar ağa Allahyarın arvadı Mələyi qaçırmaqda haqlı idimi? Onu duyğularına hakim olmamaqda ittiham etmək olarmı? Zorla qaçırılsa belə, sonradan Cahandar ağaya vurulan, Allahyar tərəfindən təhqir olunan Mələyin hisslərini necə dəyərləndirmək olar? Filmdə Cahandar ağa açıq ittiham olunur. Misalçün, Allahyarın qismən müsbət xüsusiyyətlərlə verilməsində, Cahandar ağanın elə ilk səhnədəki baxışıyla rejissor öz mövqeyini ortaya qoyur. Romanda isə daha çox müəllif neytral qalır, o, hadisələri elə inkişaf etdirir ki, sonlara yaxın Cahandar ağa Allahyarı öldürəndən sonra özü-özünü ittiham edir, özü qarşısında hesabat verir. Ümumiyyətlə, roman daha çox suallar qoyur və düşündürür.

Rejissor personajların münasibətlərindəki dərinliyi də işləməyib, onları qısa, səthi planlarla verib: Molla Sadığın (Məlik Dadaşov) Allahyarla işbirliyinə getməsi kimi. Sonradan isə bu işbirliyi hadisələrin gedişatında nədənsə unudulur. Yəni romanda onların əməkdaşlığı münaqişənin güclənməsində rol oynasa da, filmdə qeyri-funksional qalır. Bu bir tərəfə, Mələyin Allahyarı sevməməsinə, onu zorla qaçıran bir kişiyə vurğunluğuna rejissor dramaturji anlamda bəraət vermir.

Diqqətçəkən bir neçə səhnəni kinematoqrafik əhəmiyyətini vurğulamaq istəyirəm. Bunlardan biri Molla Sadığın təşkil elədiyi məclisdir. Məclisdə xaotik mizanlar, iri planda təhrif olunmuş insan üzləri, ekstazdan ağlını itirmiş adamlar müəyyən mənada ekspressionizm estetikasında işlənib.

Başqa bir səhnə Novruz şənliyinin təsviridir. Amma bu səhnə təsvir baxımından çox, mənəvi cəhətdən daha əhəmiyyətlidir. Filmin ikinci rejissoru Əbdül Mahmudov  müsahibələrindən birində bu haqda deyir: ""Dəli Kür"də Novruz bayramı ilk dəfə ekrana təmtəraqla çıxarıldı. Bildiyiniz kimi, bu bayrama dini don geyindirib yasaq etmişdilər. Nəhayət, Adil İsgəndərovun kinostudiyaya gəlişindən sonra bayram filmlərdə əks olunmağa başladı. İsmayıl Şıxlının əsərindəki Novruz bayramı Hüseyn Seyidzadəyə onları ekranlaşdırmaq üçün əsas verdi. Həmin epizodu Dədəgünəş kəndində qurduq. Hər şey hazır olanda çəkilişlər başladı. İlk dəfə papaqatdı, yumurta döyüşdürmə kimi ənənələrimiz filmdə təsvir olunmuşdu".

...Romanla film arasında fərqlər çox olduğundan onların bir neçəsini sadalamaqla kifayətlənəcəm.  Romanda Qori Seminariyasına gedən Cahandar ağanın Əşrəf adlı oğlu olur. Filmdə isə Əşrəf obrazı, ümumiyyətlə, yoxdur. Filmdə  Şamxala (Fikrət Əliyev) mehrini salan Pakizə (Zemfira İsmayılova), romanda Əşrəfi sevir. Və o, Molla Sadığın qızı olur. Cahandar ağa kazaklar tərəfindən öldürülür, filmdə isə onu Allahyar vurur.

Filmdə Zərnigarı Leyla Bədirbəyli, Salatını Reyhan Müslümova, Şahnigarı Liya Eliava, Çernyayevskini Vladislav Kovalkov, rus Əhmədi Eldar Əliyev ifa edir. Filmin bəstəkarı Cahangir Cahangirov, operatoru İqor Boqdanovdur.

 

"Dəli Kür"ün əsas hissələri Şamaxının Çuxuryurd qəsəbəsi, Dədəgünəş kəndində, Qazaxda "Qarayazı" meşəsində çəkilib. Rejissor Asif Rüstəmovun 2014-cü ildə lentə aldığı "Axınla aşağı" filminin ilk kadrları "Dəli Kür"lə intertekstual əlaqə qurur. "Axınla aşağı"da quş uçuşu səviyyəsində Kürün görüntüləri ilə başlayır. Sərt ata modeli, ikinci qadın, oğulla pozulmuş münasibətlər hər iki filmin oxşar cəhətləridir.

Sonda onu deyim ki, böyük yazıçı İsmayıl Şıxlı sovet imperiyasının ideoloji buxovları şəraitində Cahandar ağanı müsbət obraz kimi yaratmağa müvəffəq olsa da, filmdə bunu etmək memken olmamışdı. Bax indi müstəqil Azərbaycanda bu ölməz əsəri yenidən filmə çevirmək çox gözəl olardı.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı Əməkdar jurnalist Səadət Məmmədovanın Ağdam Muğam Mərkəzinin açılışı mərasimi barədə Bakı-Ağdam yol qeydlərini bölüşür.

 

Ağdamda, Mərzilidə çəkilişdə idim. Elə çəkilişin ortasında Ağdam İcra Hakimiyyətindən zəng gəldi. Dedilər ki, rəsmi tədbir olacaq, sizi də dəvət edirik, şəxsiyyət vəsiqənizi göndərə bilərsinizmi? Dərhal göndərdim. Təəccübləndim və mat qaldım…Çünki neçə ilin tanınmış jurnalistiyəm, məhz Ağdamla bağlı layihəm var, daim Qarabağ mövsuzunda işləyirəm, amma Ağdam İcra hakimiyyəti birinci dəfə idi ki, məni itirib axtarırdı…Tədbirin adını demədilər, intizarda qaldım….

Çəkilişim bitəndən sonra tədbir haqda məlumat topladım. Həyacanlandım, həvəsləndim və səbirsizləndim…

 

Həmin vaxt gəlib çatdı. “Mayın 9-da saat 11.30-da Bakıda Funikulyorun yanında olun” elanı verildi. 

Mən, bacım Vüsalə, Ağdamın keçmiş mədəniyyət şöbəsinin müdiri və eks millət vəkili Çimnaz Əliyeva toplanma və dərdləşmə məntəqəsinə gələndə ancaq Molla Arif burada idi. Papağını dəyişmişdi deyə əvvəl tanımadım, sonra gülüşündən anladım. Uzun zamandır bir-birini görməyən insanlar gəldikcə qucaqlaşmağa, dərdləşməyə başladılar. Elə ona görə bu yerə dərdləşmə məntəqəsi deyirəm…

 

Avtobusa qalxıb yerimizi rahatladıq. Bir qədərdən sonra əlində siyahı olan məsul təşkilatçılar gəlib davamiyyəti yoxladılar və bacımla mənim digər avtobusa keçməyimi xahiş etdilər. Qonaqlar avtobuslar üzrə də dəqiq bölünmüşdü…

Dəyişdiyimiz avtobusda yerimizi tutduq, bizdən sonra jurnalist Firuzə Nadir gəlib yanımızdakı sırada əyləşdi. Aparıcı Səyyarə Səyyaf da gəldi. Salamlaşıb Firuzənin arxasındakı sırada oturdu. Dörd xanım jurnalist avtobusun mərkəz nöqtəsində təzəcə yerləşmişdik ki, yazıçı Mustafa Çəmənli gəldi. Dördümüzü də bir yerə görüb qaşını alnına doğru qaldırdı və həyəcanla dedi:

-Boooyyy, Allah sən saxla…

Gülükdük və birdən duruxduq:

-Niyə Mustafa müəllim, nə oldu?

Mustafa müəllim  dedi:

-Heszat, elə sevindim…Hamınızı bir yerdə gördüm, Allah haqqı ayrı cür sevindim ey….

Sonra bir-bir hərə öz yerinə keçdi. Öndə deputat və rektorlar, vəzifəlilər oturmuşdu…Yol boyu maraqlı söhbətlər gedirdi. 

Bizim arxamızdakı oturacaqda əyləşən professor Cahangir Məmmədli yanındakı ilə yol boyu yorulmadan elmi söhbətlər etdi, universitetdən, tələbələrdən, müdafiələrdən danışdı. Maşallah olsun onun zehninə və enerjisinə…Gözəl gətirməyim, amma heyran qaldım…

 

Vüsalə vaxt tapmışkən sağlam qidalanma mövzusunda ChatGBT ilə söhbət edirdi və məni arıqlatmaq üçün ondan məsləhətlər alırdı. Mənim də başım sağ tərəfdən dəhliz qonşumla yeyib-içməyi sevən ərəblər haqda söhbətə qarışmışdı…Sağ cinahda həmsöhbətim rəhmətlik Xuraman Abbasovanın qızı Aida xanım idi. O ərəbşünasdır, ciddi alimdir, çox savadlı və kübar bir xanımdır. Söhbətimiz yaman yaxşı tutmuşdu…Ərəblərin dilindən, milli xüsusiyyətlərindən tutmuş İspaniyadakı ərəb izlərinə qədər hər şeydən danışdıq…Axırda da onun Amerikadan aldığı nəfis kolyesinin tərifi ilə söhbəti yekunlaşdırdıq.

 

Arxa tərəfdən Abdal Qəhrəmanın səsi gəlirdi. Fasiləsiz nitq söyləyirdi, həm də uca səslə…Bu müddətdə dövlət başçısına yazdığı şeri əzbərləsəydi, vallah daha yaxşı olardı…Prezidentin qarşısında şeiri kağızdan oxumazdı…Ağdam cammatı demişkən, məndən inciməsin eeey, çox istədiyimdən deyirəm…

 

Rey Kərimoğlu bir yerdə qərar tuta bilmirdi, avtobusu aşağı-yuxarı gəzərək hamı ilə söhbətləşir, xəbərləşir, gündəmi müzakirə edirdi…Bizimlə də oğlu Qayanın Şıxbabalı sərgüzəştlərindən danışdı. Deyir ki, dağılmış evimizin salamat divarına boya ilə öz adını yazıb…

 

Boran müəllim də gəzib söhbətləşməyi sevir. Hamı ilə danışdı, sıra mənə çatanda tarixdən danışdı:

-Ay Səadət xanım, Baxşeyiş bayaq deyirdi ki, sən Ağdamda türk əsgərlərin məzarları haqda araşdırma aparmısan. Nəsə əldə edə bildin?

Dedim ki, yox, Boran müəllim, araşdırmam bir yerə varmadı. Bu haqda mənə yaşlı insanlar öz ata-babalarından eşitdiyini danışmışdı, Muradbəyli, Şelli, Güllücə qəbiristanlıqlarında bu qədirlər olub. Onların Ağdama 1918-ci ildə gəldiyi və ölənlərin də bir neçə kənddə dəfn olunmasını deyirlər, amma mən Ağdamda 1918-ci ildən qalmış türk əsgərlərinin məzarları haqda heç bir mənbədə informasiyaya rast gələ bilmədim. Siz tapsanız, mənə də deyin… 

 

Çay fasiləsinə dayandıq…

Yanımdan keçənlərin çoxu “sən də məni çəhmədin dana” deyib incikliyini izhar edirdi… BSU rektoru Anar Nağıyev şirin təbəssümlə mənə baxıb Şəfəq Mehralıyevaya nəsə demək istəyəndə dərhal özümü yetirdim:

-Anar müəlim, sizin Novruzlu kəndi hələ minalıdır, təmizlənəndə sizi də çəkəcəyəm…

Anar müəllim “Səadət xanım adı çəkiləndə söhbətin nədən gedəcəyini artıq bilir” deyib ürəkdən güldü, biz də ona qoşulduq…Özü kimi pozitiv insan çətin tapılar…Çox hörmətim var ona - həm Novruzlu balası kimi, həm ziyalı kimi, həm rektor kimi, həm də “Qarabağ” azarkeşi kimi…

 

Başımı saga çöndərən Habil Qurbanov da mənə eyni eyhamı vurdu:

-Hamını çəkdin, mən qaldım, evimizi də sökdülər, yeri parka düşür…

 

Hərçənd Habil müəllimi “Hasarın o üzündəkilər”də çəkmişdim, amma ata yurdunda tarixə düşməyi arzulayırmış….

Sadir müəllim də məni yüngülcə qınadı: “O boyda işlər görmüşəm, heç məni danışdırmamısan”…

Bir sözlə hamı özünü “Ağdam və mən”də görmək istəyir… Qınamıram. Haqlıdırlar. Amma onlar çoxdur, mən tək…Çatdırmıram…

Bax beləcə deyə-gülə, şad-xürrəm gəlib çatdıq Quzanlıya. Hamımızdan koronavisa qarşı test götürüldü. Sonra yollandıq axşam yeməyinə…Dedilər, İcra hakimiyyəti yaxşı hazırlıq görüb….

Fikirləşdim ki, mən bu layihəni işlədiyim 4 il ərzində Quzanlıda nə qalmağa otel, nə də ürəyimcə restoran tapmışam…Görəsən bizi hara aparacaqlar?!…

Xınıdırıstanda çox kreativ adı olan bir şadlıq evi varmış: GOLD MƏTİN. Bizim üçün qonaqlıq burada verilirdi… Rəsmi adı axşam yeməyi olsa da, yerli ləhcədə buna qonaqlıq deyirlər… 

İçəri girməzdən öncə təklif gəldi ki, icra başçısı ilə bir kollektiv xatirə şəkli çəkdirək. Ümumiyyətlə, bəndəniz nəinki ilk dəfə idi Ağdamın icra başçısı Vaqif müəllimlə şəkil çəkdirirdi, ümumiyyətlə birinci dəfə onunla üzbəüz görüşürdü…

Qonaqları sadə və xoşsifətlə qarşılayırdı…

İcra hakimiyyəti insafən “Qold Mətin”də çox ləyaxlı yeyib-içmək təşkil etmişdi. Bu illər ərzində ilk dəfə Ağdam İcra hakimiyətinin sırfasının qırağında oturmuşdum. Bir dəfə qonaq evində mənə qalmağa yer verməmişdilər. Acığım tutmuşdu, asıb-kəsən status yazmışdım…Sonra barışdıq. Zatən azad edilmiş ərazilərdə otel çoxaldı, daha Quzanlıya və icra hakimiyyətinə möhtac qalmadıq…

 

Sizə danışım “Qold Mətin”dəki qonaqlıqdan. Bahooooo… Orqanik bir kənd süfrəsi-dadlı pendir, tər və gözəl qoxulu göyərtilər, təzə salat, çolpa soyutması, təndir çörəyi, yaxşı lülə, qəşəng tikə, canım sizə desin, evdə bişib gətirilmiş boyanalı aş kənd çolpası ilə….Bəh-bəh… Ağdamda evdə sizə yaxşı süfrəni necə açardılarsa, bax o qabiliyyətdə süfrə idi… Hamısı dadlı-ləzzətli, qulluq da ki, necə lazımdır… Restoran əhli əldən-ayaqdan getmişdi… Başçı özü yuxarı başqa oturmuşdumu ya nə idi, ta bilmirəm… Amma hamının arzu və istəyinin üzərində tək-tək əsirdilər… Mən yuxa istədim. Ofsiant dedi yoxdur… Dedim, yaxşı, nooolar, canın sağ olsun… 5 dəqiqə sonra başqa ofsiant mənə ayrıca boşqabda yuxa gətirdi və üzr istədi ki, o uşaq bilməyib, bağışlayın. 

 

Qoy bunu da deyim. İndi təzə dəb düşüb, rayonda restoranlarda yuxanı dörd yerə bölüb süfrəyə gətirirlər… Ay restoran kollektivi, yuxanı bölməyin, bəlkə biri (elə mən özüm) dürmək düzəldib yemək istəyir, kəsilmiş yuxa ilə necə düzəltsin… 

 

Süfrəyə verdikləri boyanalı aş bir az soyuq idi. Dedilər evdə dəmlənib, bura gələnədək bir az soyuyub. Aş gələndə hamı eyni anda soruşdu ki, qatıq yoxdurmu??!! Masamıza baxan oğlan dedi ki, 30 yaşım var, ilk dəfədir eşidirəm ki, boyanalı aş qatıqla yeyilir. Hamı bir ağızdan Mustafa müəllimin sözünü dedi: “Boooy, Allah sən saxla”… Yaşlılar dərhal gəncin Qarabağdan olub-olmaması ilə maraqlandılar, qarabağlı imiş… Niyə onların evində boyanalı aş qatıqla yeyilmir, anlamadıq… Kütləvi məzəmmətin yekunu belə oldu ki, qaqa, sən nəsə düzgün boyana plov yeməmisən. Rey abi nə desə yaxşıdır: 

-Yox ey, qaqa… Mən məkir ağdamlıyam ey, qatıq olmasa, bu aşı yemərəm… 

Qaqa da ərinmədi, gənc ofsiantı göndərib, qatıq aldırdı, süfrəyə gətirdi. Nəhayət Rey abi boyanalı aşı üsulunca yedi…

 

Çay istədik…

Qatıq almağa gedən, bayaqdan bizim üçün canfəşanlıq edən gənc adam çayı süzəndə masadan kimsə “bu çay milsəner görüf???” sualını verdi…Milsəner dövrünü görməyən gənc anlamadı, izah etdilər ki, çay çox rəngsizdir. Getdi təzəsini dəmləməyə…

 

Maraqlı söhbətlər edirdik…Baxşeyiş müəllim masamızda Qarabağ ləhcəsinə xarakterik sözlərin yarışını keçirirdi…

Söhbətin və yemək-içməyin şirin yerində təzə çay gəldi. Həmin oğlan çayı birinci mənə süzdü… Nə desə yaxşıdır???!!! Əhvalımın möhtəşəm modunda ofsiant maaa “bibi” deməzmi…

-İndi çay yaxşıdır, bibi???

Çaya baxdım, ofsianta baxdım. Dedim bayaqkından babatdır, amma yaxşı döyül….

Fikir vermişəm, rayon uşaqları “xanım” xitabını bilmir ya da sevmirlər, onlara görə özündən böyük hər bir qadın “bibi”dir…

Yüz faiz bizim masaya baxanlar sonra yığılıb dedi-qodumuzu ediblər ki, bunlara da heszat bəyəndirmək olmur.

Amma bunların hamısı məkirlikdən deyildi, xoşbəxtlikdən idi-Ağdama gedirdik…

 

Bu yerdə kimdən deyim, Rəşad Məciddən…Mədəniyyət Nazirliyinin heyətində gedib Ağdam şəhərinə, düz bizim məhlədə, qəşəngcə “Aghdam city hotel”də yerləşib. Ofsiant mənə “bibi” deyəndə mısmırığımı töküb telefona baxarkən gördüm ki, başqan ilk dəfə Ağdamda gecələməsi haqda status yazıb…Məhləmizdə gecələməsinə həsəd apardım…Səhərəcən Bərdədə oteldə gözümə yuxu getmədi. Yazdım ki, sübhdən durub günəşə baxın, görün heç o cür günəş görmüsünüz??!!

Səhər rastlaşanda görəcəm ki, Rəşad müəllim yaman kövrəlib-uzun illərdən sonra ilk dəfə doğma şəhərdə gecələməyin duyğusallığı içindədir. Bircə kəlmə dedi ki, Günəşi Gördüm, şəklini də çəkdim…

Nə isə… 

 

Səhər 7-də Quzanlıda İcra hakimiyyətinin qarşısında toplanmalı idi. Dağılışdıq qalacağımız ünvanlara, yatan yatdı, yatmayanlar da mənim kimi saat 3-dən başladı bayram bəzəyinə… Geyindik, bəzəndik, süsləndik, Quzanlıda avtobuslara minib yola düşdük bizim məhləyə… Bizim məhlə ona görə deyirəm ki, Ağdam Muğam Mərkəzi də “Aghdam city hotel” kimi bizim məhlədə tikilib…

Gəldik çatdıq…Hava çox isti idi, binaya girməyə tələsdik…

 

Bacımla məni ilk özəl salamlayan Mədəniyyət naziri Adil Kərimli oldu. Əsalətinə dərin rəğbət bəslədiyimiz Adil müəllim bizimlə görüşüb təbrikləşəndən sonra soruşdu ki, necədir, xoşunuza gəlirmi? Dedik əlbəttə, Muğam Mərkəzi məhləmizin gözəlliyinə gözəllik qatır.

Bu arada görməyənlər üçün deyim ki, Ağdam Muğam Mərkəzində Heydər Əliyevin Mərkəzinin memarlıq üslubuna bir qədər bənzərlik var – fasadda və foyedə əsasən ağ rənglərdən istifadə, zalın işlədiyi rəng və material və s. 

Ağdam Müğam Mərkəzinin açılışına gəlmişdik…Bu, Ağdama doğma səslərin qayıtmasının təntənəsi idi…Bu, Qarabağın mühüm şəhərindən dünyaya Zəfər və Sülh, Mədəniyyət və Hüzur səslənişi idi…

 

Konsertə hamınız dəfələrlə baxmısınız. İfalardan, ssenaridən, təşkilatçılıqdan danışmayacam. Amma onu deyim ki, hamı kövrəlmişdi. Prezident İlham Əliyev özü 2 dəfə kövrəldi - uşaqlar “Qarabağ şikəstəsi” oxuyanda və binanın qarşısında yenidən “Qarabağ” mahnısı səslənəndə…

Dövlət başçısının hər kəsə göstərdiyi diqqət və şəfqəti diqqətlə izləyirdim. Şəhid valideyni ilə görüşdü, çempion Ceyhun Məmmədovu xüsusilə salamladı, balacalara yenidən nəvaziş göstərərək yaşlarını belə soruşdu. Qazilərlə məxsusi görüşdü və foto çəkdirdi. Abdal Qəhrəman “cənab prezident, ömrümün axırında…Allaha yalvarmışam ki, o kişi ilə görüşə bilim” deyib o qədər hay-küyün içində ucadan səslənməsinə də səs verdi və şairin oxuduğu şeiri axıradək səbrlə dinlədi....

 

Prezident o boyda qarışıq, səs-küylü ortamda necə də diqqət göstərə bilir hər məqama. Vallah bu kişi rəhmətlik atası kimi fenomenal diqqət və yaddaş sahibidir. Yaxından izləyə bilən insanlar deyir ki, Prezident İlham Əliyev avtomobilinə minərkən yenidən qayıdıb yanaşı dayanan icra başçısı Vaqif Həsənov və Aqil Abbasla şəkil çəkdirib. Aqil Abbasla qucaqlaşıb, öpüşüb-görüşüb və “Aqil müəllim mənim qardaşımdır” deyib. 

 

Cənab Prezident maşına minib gedəndən sonra da Muğam Mərkəzinin qarşısında eyforiya idi. Hava isti, sıxlıq, tünlükdə tərpənmək olmurdu, sevinmək səsləri bir-birinə qarışmışdı… Hamı “Ağdam Muğam Mərkəzi” yazısının qaşısında şəkil çəkdirməyə növbəyə düzülmüşdü, tanıyan-tanımayan hər kəs biri-biri ilə şəkil çəkdirirdi, təbrikləşirdi…Lap köhnə el bayramlarında olduğu kimi.

 

Mən o anda ətrafa, məhləmizə, İmarətə boylandım. Elə hiss etdim ki, bu günü görməyənlərin, nakam ağdamlıların hamısının ruhu yanımızdadır. Elə hiss etdim ki, sonuncu dəfə İmarətdə baxdığı “Xarı bülbül”dən sonra heç bir konsertə getməyən, ömrü bu günədək gəlib çatmayan ağdam sakinlərinin hamısı o zalda oturub balaca Əhədin şikəstə hayqırtısını dinləyir…

Zala girə bilməyənlər də qıraqdan boylanır, o vaxtlar İmarətdə yer tapmayıb hasarın üstündən, ağacın başından konsertə baxanlar kimi…

Bu günü görməyənlərin hamısının ruhu şad olsun….

Qovuşdurana şükür!

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2025)

 

 

Nazilə Gültac, şair, yazıçı, AYB-nin üzvü. “Ədəbiyyat və incəsənət” üçün

 

Şair Namiq Dəlidağlını 30 il olar ki, tanıyıram, şeirlərini, publisistik yazılarını oxuyuram.
Həmişə işgüzar, dostcanlı, bir az da qayğılı görmüşəm onu. Namiq Dəlidağlının bir şəxsiyyət kimi yaradıcılıq müstəvisi, poetik dünyası çox məzmunludur. Qələmə aldığı şeirlər də, publisistik yazıları da obraz və motivlərlə zəngindir.

 

Ədəbiyyata, sözə bağlı, poetik zəminlərə köklənən bir ömür yaşayır Namiq. Hərdən soruşurlar - ömür yolu hardan başlayır? Namiq kimi qələm adamlarının ömür yolu sözdən, sənətdən başlayır. Ömrünü-gününü, gecəsini-gündüzünü yazıb yaratmağa həsr edən şairin ürəyi vətəni kimi həmişə qübarlı olub. Doğulduğu ulu Kəlbəcərin ecazkar təbiətindən rişələnən şair könlü həmişə ucalıqlara pərvaz edib və etməkdədir.
Onun şeirlərinin çoxu vətənpərvər ruhdadır, şeirlərinin daxilində bir yanğı, hayqırtı gizlənib. Qəlbindəki vətən eşqi uzun illər yandırıb-yaxıb şairin misralarını, vətən həsrətli dərdini.
 
Canı ağrıyan Vətən,
gözü ağlayan Vətən,
sınıxdığını duydum,
saralan otlarından,
qorxub boynuna
sarılan otlarından.

 

Şairin içindəki qübarı görməyimizə elə bu misralar bəs edir. 2016-cı ildə qələmə alıb bu şeiri. Adı “Apreldə Vətənə yazılan şeir”dir. Qələbəyə, igid oğullara inam var həm də bu şeirdə.


...Sənin sağalmağının
bir yolu, bir çəmi var,
sənin yaralarının
bircəcə məlhəmi var:
Onun adı Savaşdı-
Onun adı Qələbə.

 

Namiq Dəlidağlı həm də təbiətə, yurda bağlı şairdir. Ana vətənin yaralanan təbiəti, dağılan yurd yerləri onun ağrıyan yeri olub.
 
Bir el künc - bucağa qısılı qalıb,
bir köz yaramıza basılı qalıb,
əlimiz nə vaxtdan uzalı qalıb,
gülü solan, gözü dolan dağlara.
 

(“Dağlara”)
 

Bu dərdləri daşıyan şairin artıq üzü gülür, yurdu yağı düşməndən təmizlənib. Bu yolda canını, qanını fəda edən oğullarla öyünür artıq.
 
Baxıram, qəbirlər sıralanıbdı,
bu cərgə möhkəmdi, bu cərgə mətin.
Düşməni heç zaman öyünə bilməz,
belə şəhidləri olan millətin,
belə igidləri olan millətin!

(“Şəhidlərə”)
 
Manevr.az saytına da rəhbərlik edir, qələm dostlarının yaradıcılığına güzgü tutur, yayınlayır. Dostlarının uğuruna sevinir, alqışlayır. Daima axtarışdadır bu yorulmaz insan. Ədalətsizliklərə qarşı həmişə sözünü çəkinmədən deyən şair, həqiqətinə, öz qəlbinə söykənib yazıb-yaradır. Dərviş ruhuyla bir yola çıxıb:
 
Olub - keçəni əynimdən,
gündüz- gecəni əynimdən,
soyunub məni əynimdən ,
özümdən çıxıb gedirəm.
 

Hər zaman yaltaqlığa, ikiüzlülüyə nifrətini bildirirb Namiq Dəlidağlı. Cılız, saxta adamlara, kürsülərə çıxıb yalandan vədlər verərək, xalqın adından danışanlara qarşı barışmaz mövqedən çıxış edərək, şeirlərində, yazılarında onları hər zaman qamçılayır. Bu da Namiqin bir fərd olaraq, vətəndaş mövqeyindən irəli gəlir.
 
Sus, danışma,
yekə başını və
yekə qarnını sürü düşürt o kürsüdən,
Cılız adam (yekə adam)...
Yurd göynərtisi,
yurddaş dərdi – bunlar ki,
sənlik deyil...
(“Cılız adam”)

 
Şair bildirir ki, uca kürsülərə insanlığı qaldırmaq lazımdır. Çünki, hər bir şeyin fövqündə ilk olaraq insanlıq və insaniyyətlilik dayanır. Yaşantılardan doğan reallıqlar şeirlərinin ana xəttini təşkil edir. Gördüklərini şeir dilində yazaraq, onlara yeni bir ruh verir, poetik ahəng qatır. 

Kəpənək sevgisini ən ilahi eşqə bənzədərək, eşqin zirvəsinə can atır.
 
Bir çimdik canınla
Necə sevirsən
bu qədər gülləri,
çiçəkləri sən?
Necə qanın qaynayır
sənin gülə-çiçəyə,
sənin ki, qanın yoxdur,
qansız da sevgi olar?

...Mənim qanım olsa da,
Sənin kimi sevmədim nə gülü,
nə çiçəyi, nə də ki, adamları...
Sənin sevgin dünyada
ən ilahi bir eşqdir

O, burada özünə yalan danışır. Hiss olunur ki, özü də ruhən divanə şairdir, eşqin varlığına səcdədə yaşayır.
Ağrı-acıdan siyirlib, gözəl ideyaların fövqünə yüksəlmək, daima irəliyə, sabaha ümid dolu bir yüklə qədəm qoymaq hər ürəyin işi deyil. O ürək Namiq Dəlidağlıda var. Ürəyi ilə yola getməyən Namiq Dəlidağlıda.

Səni qınamıram, səni ürəyim,
dəmir deyilsən ki, daş deyilsən ki?!
Ağrıyla, acıyla silələnmisən,
necə dözməliydin, boş deyilsən ki?!... 

Üstündən bir qoşun dərd ötürmüşəm:
vaxtsız ata dərdi, torpaq itkisi.
Dizini qırmağa bəs elədi, bəs-
adını çəkdiyim dərdin iksi...

...Ağrı yetişdikcə göynəyir sinə,
kədər şirin - şirin yeyir ürəyi.
Hərdən də təsəlli verirlər mənə-
xəstə olmalıdır şair ürəyi.

İstedadlı şair Namiq Dəlidağlı və onun yaradıcılığı haqqında çox söz demək olar, çünki o, buna layiqdir. Üzümü şair qardaşıma tutub deyirəm, - ürəyini qoru, o bir şair ürəyidir.
Namiq Dəlidağlı ömrünün yetkinlik çağındadır. Ona gözəl günlər, şəxsi həyatında, ədəbi fəaliyyətində uğurlar, sevinclər arzulayıram.
 
“Ədəbiyyat və incəsənət”

(15.05.2025)

72 -dən səhifə 2259

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.