İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Azərbaycanfilm”də dublyaj rejissoru kimi işə başlayan Tofiq İsmayılovun kino yaradıcılığındakı bir neçə məqamın əvvəlində “ilk” kəlməsini işlətmək gərəkdir. Məsələn, Moskvada iki illik ali rejissorluq və ssenari kursunun «televiziya rejissorluğu» bölməsində oxuyarkən “Aztelefilm”in bazasında “Şəhərimin daşları” adlı (1968) ilk kurs işi ilə o uğur qazanıb, ekran rejissoru kimi özünü təsdiqləyib. Ali rejissorluq kursunu bitirərkən diplom işi kimi Ənvər Məmmədxanlının "Ananın çırağı" hekayəsi üzrə çəkdiyi “İntizar” (1969) qısametrajlı filmi o zaman Mərkəzi Televiziyada Ümumittifaq miqyasında göstərilən ilk ekran əsəridir. Mehdi Hüseynin "Abşeron" romanı əsasında çəkdiyi üç seriyalı “Vulkana doğru” filmi seriallarımızın pioneridir. “Azərbaycanfilm” kinostudiyasında çalışdığı illərdə otuza yaxın bədii-oyun və sənədli film çəkən rejissor məhsuldarlıq baxımından da liderdir.
Tofiq İsmayılov 6 aprel 1939-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 190 saylı Bakı şəhər orta məktəbini bitirib. M. A. Əliyev adına Teatr İnstitutunun Aktyorluq fakültəsində, sonra rejissorluq fakültəsində təhsilini davam etdirib. Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyorluqdan başlayıb. Azərbaycan Respublikası Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, "Azərbaycanfilm" studiyasında rejıssor köməkçisi, orada bədii təlimlər rejissoru vəzifələrində çalışıb.
Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil alıb. Sonra "Azərbaycanfllm" studiyasında bədii filmlərin quruluşçu rejissoru vəzifəsində işləyib. Tofiq İsmayılov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olub. 1971-ci ildən M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında müəllim kimi çalışıb, kafedranın müdiri olub.
1994–2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində professor işləyib. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olub. "Müasir Azərbaycan kinosunda tipik xarakter" mövzusunda namizədlik dissertasiyası üzərində işləyib. Son illər "Sənətkarlığımızın portreti" silsilə bədii-sənədli filmləri Tofiq Quliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə haqqında çəkilib.
Uşaqlar üçün pyeslər, hekayələr dərc etdirib. Əsərləri xarici ölkə xalqlarının dilində nəşr olunub. 100-ə yaxın elmi-publisistik məqaləsi var. İlk hekayəsi – "Ağ dəsmal" 1962-ci ildə "Göyərçin" jurnalında çap edilib. Tofiq İsmayılov uzun sürən xəstəlikdən sonra 25 mart 2016-cı ildə Bakı şəhərində vəfat edib. Məzarı Yasamal qəbiristanlığındadır.
Əsərləri
1. Qonşular
2. Sevinc yuxusu
3. Şəkil teatrı
4. Şəkil kino
5. Diş ağrısı
6. Kinoya gedən pişik
Filmoqrafiya
- Şəhərimizin daşları
- İntizar
- Oxuyur Müslüm Maqomayev
- Yoxlanılmış, inanılmış
- Gilas ağacı
- Yaşıl işıq
- Yollar
- Bizim küçənin oğlanları
- Hədiyyə
- Yeni üsul
- Vulkana doğru
- Lahıc
- Əzablı yollar
- Son tamaşa
- Xüsusi vəziyyət
- Musiqi müəllimi
- Maestro
- İstanbul reysi
- Özüm və zaman haqqında
Professor, kinoşünas Aydın Dadaşov Tofiq İsmayılov barədə belə yazır: “Ötən əsrin 60-cı illərindən Azərbaycan radiosunun uşaq verilişləri şöbəsinin rejissoru Tofiq İsmayılovun Anarın ssenarisi, istedadlı aktyor Hüseynağa Sadıqovun aparıcılığı ilə efirə çıxan «Xoruz baba» verilişi hətta yaşlılar tərəfindən sevilirdi. Cəlil Məmmədquluzadənin "Ölülər", "Dəli yığıncağı", "Danabaş kəndinin məktəbi" pyesləri əsasında "Ölülər", "Dəlilər", "Dirilər" adlı 3 hissəli radiotamaşa isə Tofiq İsmayılovun dostu Anarla fundamental işi olub.Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin radioda təqdimatının həyata keçirilməsində müstəsna rol oynayan Tofiq İsmayılov on səkkiz il ərzində AzTV-nin efirində gedən ”Danışan şəkillər şəhərciyi” verilişində müəllif və aparıcı kimi uşaqlara audiovizual sənətin sirlərini öyrədib. “Kino yenilikləri” adlı digər verilişində isə ekran sənətindəki yeniliklərlə tamaşaçıları tanış edib, maarifçilik missiyasını yerinə yetirib.
Tofiq İsmayılov "Oxuyur Müslüm Maqomayev" (1971) filmində ilk dəfə bu möhtəşəm sənətkarı müğənni, pianoçu, bəstəkar və hətta heykəltəraş kimi göstərə bildi. Maraqlıdır ki, məhz bu filmin materialları müxtəlif ölkələrdə bu sənətkar haqqında sonradan ərsəyə gələn ekran əsərlərində kinoxronika kimi istifadə olunmaqdadır. Görkəmli ədib İlyas Əfəndiyevin "Körpüsalanlar" povesti əsasında çəkdiyi "Çarvadarların izi ilə" (1974) bədii televiziya filmində ulu babalarının açdıqları cığırlarla yolların, körpülərin salınmasını, keçmişə, köklərə bağlılığı insan taleyində verə bilir. Mərkəzi Televiziyanın sifarişi ilə yaradılan "Gilas ağacı", "Bizim məhəllənin oğlanları", "Mən mahnı bəstələyirəm", "Musiqi müəllimi", "Yaz günlərinin xəzan yarpaqları", "Sürəyya", "Babalarımızın torpağı" və s. kimi ekran əsərlərində Tofiq İsmayılov sənətdə yaxın döyüşün ustası olduğunu sübuta yetirdi. Onun filmlərində uşaqların, gənclərin müşküllərinin çözülməsi rejissorun əsas qayəsinə çevrildi. Uşaq, yeniyetmə auditoriyasına ünvanlanan bu filmlər əslində ekran sənətinin gənc nəslin mənəvi zənginliyinə ünvanlanmasının təzahürüdür.
Sənədli və elmi-kütləvi filmlər sahəsində də, daim öz peşəkar üslubunu cilalayan Tofiq İsmayılovun ölməz rəqqasə Əminə Dilbazi barədəki "Prima" filminin çəkilməsinin şahidiyəm. Əminə xanımın və ətrafındakı qızların çevik rəqsinin kameranın hərəkəti ilə daha da artırılması ekranda tamaşaçını şoka salan ekspressianizm yaratdı. Böyük bəstəkarımız Tofiq Quliyev barədə Tofiq İsmayılovun Eldar Quliyevlə birgə çəkdiyi "Nəğməli ömür" (Özüm və zaman haqqında) adlı tammetrajlı film sənətkarın psixoloji və musiqi dünyasını müxtəlif rakurslardan açır. O, "Sənətkarlarımızın portreti" silsiləsindən Gülxar Həsənova, Xəyyam Mirzəzadə barədə də maraqlı sənədli filmlər ərsəyə gətirdi. Mövlanə Cəlaləddin Ruminin 800 illiyi şərəfinə YUNESKO-nun keçirdiyi yubiley ərəfəsində Tofiq İsmayılovun çəkdiyi "Gəl, Rumi" elmi-kütləvi (ssenari müəllifi Rafael Hüseynov) filmində şairin həyatı və yaradıcılığı türk xalqının etnoqrafik xüsusiyyətləri kontekstində təzahürünü tapdı.
On beş il ərzində Türkiyədə Memar Sinan Universitetində pedaqoji fəaliyyət göstərən, TRT kanalında işləyən, İstanbul Böyük şəhər Bələdiyyəsinin mədəniyyət bölməsində sədrin müşaviri vəzifəsində çalışan Tofiq İsmayılov qardaş ölkədə türk dünyasının kino festivallarının, ədəbiyyat, opera sənətinə dair konsertlərin təşkilində yaxından iştirak etdi. Türkiyənin qəzet və jurnallarında 50-yə yaxın elmi-publisistik məqalə dərc etdirdi, 18 seriyalı "Əfv et məni, xocam" telefilmində çəkildi, qırğız yazıçısı Çingiz Aytmatovun "Əsrə bərabər gün" romanı əsasında "Manqurt" və qazax şairi Muxtar Şahanovun "Çingiz xanın sirri" mənzum romanı əsasında eyniadlı tamaşanı İstanbul bələdiyyə teatrnın sifarişi ilə səhnələşdirildi. Tədqiqatçı-pedaqoq kimi Tofiq İsmayılovun həyatının İstanbul mərhələsinin ən böyük uğuru üçcildlik "Türk cümhuriyyətlərinin sinema tarixi" əsəri oldu.
1962-ci ildə "Ağ dəsmal" adlı ilk uşaq hekayəsini, "Göyərçin" jurnalında çap etdirən Tofiq İsmayılov "Qonşular", "Şəkil-teatr", "Şəkil-kino", "Sevincin yuxusu" və "Diş ağrısı" kitablarının müəllifidir. Tofiq İsmayılovun “Bağ satılır”, “Mənim qızım oxuyacaq”, “Dostların sevgisi”, “Ad günü”, “Olar və olmazın nağılı”, “Sehrli sandıq”, “Könlü balıq istəyənin quyruğu suda gərək”, “Cırtdan mollaxanada”, “Sehrli qazan” kimi kiçik pyeslərindən, “Diş ağrısı”, “Əlvida gəlinciklər”, “Kirpinin köməyi”, “Özgəyə quyu qazan”, “Sarıdimdik”, “Əsl kişi”, “Qırxayağın rəqsi”, “Sehrli çubuq”, “Qırmızı çiyələklər”, “Ən əsas fəsil”, “Balaca dovşan və iki ac canavar”, “Qar çiçəyi”, “Ağıllı tısbağa”, “Gombul” və sair kimi hekayələrindən ibarət “Kinoya gedən pişik” (2011) toplusu təkcə uşaqlar üçün maraqlı deyil. Professor Nizami Cəfərovun bu topluya yazdığı ön sözdəki: “Əsərlərinə, kino fəaliyyətinə nəzər yetirərkən Tofiq İsmayılov sadəcə dəyərli filmlər çəkmiş görkəmli bir rejissor olaraq görünmür. Çünki o, həm də bir hekayəçi, nağılçı, yazıçı olaraq istedadlıdır. Eyni zamanda o, səhnədə oynanılmaq üçün xeyli sayda pyeslərə, filmlərə ssenarilər yazmış bir dramaturq kimi də tanınmışdır. Onun fəaliyyətinin digər vacib bir qolu da odur ki, uzun illər bir pedaqoq olaraq çalışmış, bir-birindən istedadlı sənətkarlar yetişdirmişdir. Bu mənada, bütövlükdə Tofiq İsmayılovun bir sənətkar olaraq fəaliyyəti geniş və təqdirəlayiqdir. Müəllifin müraciət etdiyi mövzular cəlbedici olmaqla, bədii cəhətdən çox maraqlı və tərbiyəvidir” qənaəti rejissorun çoxşaxəli yaradıcılığını uğurla səciyyələndirir.
1971-ci ildən indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda müəllim kimi çalışan, 1990-cı ildə yaranan “Kino və televiziya” kafedrasının ilk müdiri, "Müasir Azərbaycan kinosunda tipik xarakter" mövzusunda namizədlik dissertasiyasını ərsəyə gətirən, hal-hazırda pedaqoji fəaliyyətini uğurla davam etdirən əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor, Azərbaycanın xalq artisti Tofiq Hüseyn oğlu İsmayılov neçə-neçə tələbə nəslinin də dərin rəğbətini qazanmaqdadır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.03.2026)


