6 yaşında eşitmə qabiliyyətini itirmişdi... Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

İnsan taleləri qəribə şəkildə bənzərdirlər. Onlarda daim xoşbəxtliklə bədbəxtlik bir-birini izləyir. Gah bu, gah digəri önə keçir...

 

Mirələsgər Mirqasımov 1924-cü il fevralın 9-da Bakı şəhərində müasir Azərbaycan tibb elminin əsaslarını qoyanlardan biri Mirəsədulla Mirqasımov və Ceyran xanımın ailəsində dünyaya gəlib. O ailənin ikinci övladı idi. 6 yaşında olarkən onurğa beyni iltihabı xəstəliyi nəticəsində eşitmə qabiliyyətini itirib. Sonralar müalicə olunsa da eşitmə duyğusunu bərpa etmək mümkün olmayıb. Nitq qabiliyyətini itirmək risqi olduğu üçün anası onunla xüsusi olaraq məşğul olub və özü tərtib etdiyi əlifba ilə onun xüsusi karlar məktəbinə getməsinə ehtiyac qalmayıb

Tezliklə Mirələsgər Mirqasımov oxumağı öyrənib, daha sonra loqoped Natalya Raunun köməkliyi ilə dodaq və mimika oxuma texnikasına yiyələnərək təhsilini davam etdirib. Anası oğluna həsr etdiyi "Bir ananın qeydləri" kitabında onun haqqında yazırdı:

"Onun hissləri və qavrayışı öz incəliyi ilə seçilirdi. O özünəməxsus duyğulara malik idi və hər şeyi çox tez başa düşürdü. İstənilən mühitdə çox cəsarətlə hərəkət edirdi. Heç vaxt rahatlığını itirmir, gündəlik çətinlikləri qəbul edirdi. Bu onun hüzurunu pozsa belə, hər zaman düşündüyü kimi hərəkət edərdi."

Mirələsgər Mirqasımov kiçik yaşlarında pilot, aqronom və ya bioloq olmaq arzusunda olub. O rəsm çəkməyi, hekəltəraşlığı çox sevib və gününün böyük bir hissəsini bu məşğuliyyətinə həsr edib. Buna görə anası qonşuluqda yaşayan məşhur heykəltəraş Pinhos (Pyotr) Sabsaydan uşağın yaradıcılıq qabiliyyətini sınamağı xahiş edib. Sabsayın rəhbərliyi altında o, oxuyub təsirləndiyi Valter Skottun romanının qəhrəmanı Kventin Dorvardın gildən düzəldilən heykəlini hazırlayıb. Heykəli görən Sabsay onun istedadını yüksək qiymətləndirib

 

Tezliklə Mirqasımov Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsilinə başlayıb. 1944-cü ildə məktəbi fərqlənmə ilə bitirən Mirələsgər Mirqasımov təhsilini İ. Y. Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda davam etdirib. O evə göndərdiyi məktublarında yazırdı:

"Ana, proqramımız çox gərgindir. Tezilklə tökmə gipsdən fiqur hazırlayacağıq. Bura çox soyuqdur. Bəzi emalatxanalarda temperatur 0-dan aşağıdır."

Bir digər məktubunda isə heykəltəraşlıq fakültəsində ən yüksək qiymətləri özünün aldığını, özü də daxil olmaqla, yalnız iki nəfərin heykəltəraşlıq imtahanını "əla" qiyməti ilə başa vurduğunu yazıb. Mirqasımovun dissertasiya mövzusu "Qəhrəman neftçilər" adlanırdı. O, 1950-ci ildə dissertasiyasını müdafiə edib təhsilini uğurla başa çatdıraraq, ilk ali təhsilli peşəkar Azərbaycan heykəltaraşı olub.

1944-cü ildə Azərbaycan Rəssamlıq Məktəbindən, 1951-ci ildə Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutundan fərqlənmə ilə məzun olub. Cəfər Cabbarlının (Bakı), Nəriman Nərimanovun (Sumqayıt), Cəlil Məmmədquluzadənin (Naxçıvan) abidələrinin müəllifidir. Mirqasımovun “Neftçinin portreti”, “Qız portreti”, “Qız göyərçin ilə” kimi əsərləri Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində sərgilənir.

Heykəltəraş 1967-ci ildə Monrealda keçirilən Ümumdünya Sərgisi də daxil olmaqla bir çox ölkələrin sərgilərində iştirak edib. Mirqasımovun əsərləri Rusiya , Polşa , Bolqarıstan , Almaniya , Misir və digər ölkələrin muzeylərində sərgilənib . Müxtəlif orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilib.

XX əsr Azərbaycan heykəltəraşlıq sənətinin tanınan tədqiqatçısı, sənətşünaslıq doktoru, professor Cəmilə Novruzova heykəltəraşın yaradıcılığı barədə yazır:

 “M.Mirqasımovun yaradıcılığında bir-birilə bağlı olan iki istiqamət – hərarətli lirizm və plastikanın güclü forması aydın sezilir. Bu iki istiqamət bir-birilə qırılmaz vəhdətdədir”.

Hal-hazırda Mirələsgər Mirqasımovun 12 əsəri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır. Onun müəllifi olduğu dəzgah heykəltəraşlığı əsərlərinə nümunə olaraq “M.Ə.Sabirin büstü” (1948), “At” (1950, gips), “Şir” (1950, gips), “Qız portreti” (1955, mərmər), “Ana portreti” (1956, gips), “Göyərçinli qız” (1956, mərmər),  “Şah yaylaq” (1957, gips), “C.Cabbarlı” (1958, mərmər), “Neftçi Qurban” (1959, bürünc), “Azadlıq” (1959, bürünc), “İkar” (1962, bürünc), “Xəzri” (1966, bürünc) və başqalarını göstərmək olar

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı

- "Şöhrət" ordeni

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

 

Rəssam 9 noyabr 2003-cü ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.