Super User

Super User

Cümə axşamı, 10 İyul 2025 08:29

O, sıralarımızı çox erkən tərk etdi

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

  

Yarıda qırılan bütün ömür hekayətləri təsirli və ürəkdağlayıcı olur.

Azərbaycanlı jurnalist və şair Fikrət Mursaqulov 10 iyul 1955-ci ildə Gürcüstan SSR-nin Marneuli rayonunda anadan olub. İki il sonra görmə qabiliyyətini itirib. 1964-1975-ci illərdə Bakı Respublika Kor uşaqlar üçün orta internat məktəbində ibtidai təhsil alıb, ali təhsilini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində alıb.

 

1980-ci ildə təhsilini tamamlayıb, həmin ilin 1 sentyabrından 1988-ci ilin may ayına qədər Azərbaycan Korlar Cəmiyyətinin məətbəəsində baş redaktor vəzifəsində çalışıb.

 

Fikrət Mursaqulov gözdən əlilliyinə baxmayaraq, XX əsrin 80-ci illərində fəal poetik, publisistik və elmi yaradıcılıqla məşğul olub. Yazıları "Ulduz", "Azərbaycan" jurnallarında, eləcə də "Ədəbiyyat və incəsənət", "Azərbaycan gəncləri", "Gürcüstan", "Axali Marneuli" qəzetlərdə, eləcə də "Yaşıl budaqlar" almanaxinda dəfələrlə dərc edilib.

1986-1988-ci illərdə "Aşıq Ələsgərin poetikası" namizədlik dissertasiyasi şair-alimin ölümü səbəbindən yarımçıq qalıb. 31 may 1988-ci ildə - cəmi 33 yaşında vəfat edib və Marneuli rayonundakı (Gürcüstan) Qızılhacılı kəndində ailəvi məqbərədə torpağa tapşırılıb.

Şairin ölümündən sonra Məmməd Nazimoğlunun təşəbbüsü və Qulu Kəngərlinin himayədarlığı ilə "Təsəlli" şeirlər toplusu (Bakı, 2007, 220 səhifə) oxucuların ixtiyarına buraxılıb. 2005-ci il 10 İyul tarixində Fikrət Mursaqulovun 50 illik yubileyi münasibətilə "Onu ananların xüsusi buraxılışı" oxuculara təqdim edilib. 2012-ci ildə publisist Həzi Həsənlinin mərhum şair haqqında "İşıq əlifbası" adlı publisistik kitabı "Uğur" nəşriyyatında (140 səhifə) fikrətsevərlərə ərməğan edilib.

 

 2015-ci ildə millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşovun təşəbbüsü və himayədarlığı ilə şairin rus dilində "Utesheniye" kitabı rusdilli oxuculara təqdim olunub. Şeirləri rus dilinə şairin yaxın dostu Giya Paçxataşvili tərcümə edib.

Fikrət Mursaqulovun 60 illiyində Azərbaycan Dövlət radiosunun "Qərib axşamlar" verilişinin biri məhz ona həsr edilib.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2025)

 

 

 

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, "TABİA Group"un və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə keçirilən 4-cü “YAŞAT” düşərgəsinin 4-cü həftəsinə start verilib.

“Ədəbiyyat və incəsənət” portallna “ASAN”dan verilən məlumata görə, budəfəki həftə 12-14 yaş aralağında olan iştirakçıları əhatə edib.

Açılış mərasimində düşərgənin qaydaları, həyata keçiriləcək tədbirlər izah edilib və suallar cavablandırılıb.

Hoteldaxili əyləncə, hovuz saatlarında, futbol və voleybol yarışında, həmçinin stolüstü idman oyunlarında uşaqlar əyləncəli və xoş vaxt keçiriblər. Parkur saatında birincilik uğrunda mübarizə də marağa səbəb olub.

"ABAD" tərəfindən təşkil olunan təlimdə uşaqlar praktik biliklər əldə ediblər. Hotelin dəstəyi ilə kulinariya mövzusunda reallaşdırılan ustad dərsində isə dadlı təamlar hazırlanıb.

ASAN Radio və TV-nin təşkilati dəstəyi ilə baş tutan konsert proqramında  Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımova möhtəşəm canlı ifaları və dəstəyi ilə düşərgəni daha da rəngarəng edib.

Həftə çərçivəsində düşərgə iştirakçıları Səid Əsədzadənin və Zeynəb Paşazadənin doğum günləri də qeyd olunub.

Tərəfdaşlar: "TABİA Group" və “Lankaran Springs Wellness Resort” Hotel;

Sponsorlar: "NEQSOL Holding", Bakcell, Norm, "AMO Corporate Group", "GILTEX" MMC, Nar,  DTİK,  DadHouse;

Dəstəkçilər:  “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “ABAD”, “PAŞA Həyat”, “Badamlı Mineral Suları”, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Milla, "Bilim Bakı" mərkəzi

 

Media dəstəyi: ASAN Radio/TV

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2025)

 

8 iyul 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasında “OXU, YARAT, QAZAN!” – Yay Festivalı çərçivəsində “Sevimli nağıllar ilə sehrli dünyaya qapı açaq” adlı nağıl saatı təşkil olunub.

 

OXU – “Kitabların sehrli dünyasına səyahət et!” devizi altında keçirilən nağıl saatının qonağı tanınmış uşaq yazıçısı və publisist Gülzar İbrahimova olub. Ədəbi görüşdə Binəqədi rayonu 83 nömrəli məktəb-liseyin III sinif şagirdləri və digər azyaşlı oxucular iştirak ediblər.                          

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, tədbirin ilk mərhələsində kitabxana əməkdaşı şagirdlərə Gülzar İbrahimovanın həyatı, yaradıcılığı və uşaq ədəbiyyatındakı rolu haqqında məlumat verib. Daha sonra yazıçı əsərlərindən bir neçə epizod səsləndirərək, uşaqlarla birlikdə nağıl mövzuları ətrafında fikir mübadiləsi aparılıb.  Müəllif “Dünyanın ən güclüsü”, “Tənbəlin nağılı”, “Tülkü balası”, “Od xəzinəsi”, “Göy qurşağı qardaşlarının yeddi nağılı” və digər əsərləri barədə danışıb. Şagirdlər isə sevdikləri nağıllardan müxtəlif parçalar səsləndirib, müəllifə maraqlı suallar ünvanlayıblar.               

Tədbirin yaradıcı hissəsində şagirdlər müəllifin əsərlərindəki personajlara dair çəkdikləri rəsmləri təqdim edib, pianoda musiqi ifaları ilə çıxış ediblər.            

Qeyd edək ki, nağıl saatının təşkil edilməsində əsas məqsəd uşaqlarda mütaliəyə olan marağı artırmaq, onların təsəvvür dünyasını zənginləşdirmək və yaradıcılıq bacarıqlarını təkmilləşdirməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2025)

“Ədəbiyyat və incəsənət” portalı tanınmış yazıçı, publisist, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvinin “Ruhun azadlığı və Məhəmməd Hadinin metafizikası” məqaləsini təqdim edir. 

İnsan varlığının ən sirli və eyni zamanda ən üsyankar tərəfi ruhdur. Ruh nə tamamilə dindir, nə də sadəcə fəlsəfədir. O, bədənin daxilində Allaha doğru çırpınan işıq, bəzən susqunluqla, bəzən fəryadla danışan daxili səslə bərabər yaşar. Zaman keçdikcə bu ruh anlayışı müxtəlif mədəniyyətlərdə, dinlərdə, fəlsəfi sistemlərdə fərqli şəkildə formalaşmış, bəzən riyazi sistemlərə tabe etdirilmiş, bəzən də sadəcə, ibadət çərçivəsində təsvir olunmuşdur. Lakin bəzi insanlar, bəzi şəxsiyyətlər var ki, onlar bu görünməz və müqəddəs varlığı təkcə anlamağa deyil, onu yaşamağa və yaşatmağa çalışıblar.

 

Onlardan biri də Məhəmməd Hadidir.

 

Məhəmməd Hadi Azərbaycan ədəbi və mənəvi həyatına yalnız söz ustası kimi deyil, həm də bir ruh filosofu, metafizik düşüncə daşıyıcısı, din və ağıl arasında körpü quran şəxsiyyət kimi daxil olmuşdur. Onun yaradıcılığında ruh təkcə bədii obraz deyil, varlığın mərkəzi, azadlığın təməli, Allahla insan arasında əlaqənin təzahürüdür.

Hadidə ruh anlayışı nə Kant kimi yalnız etik şüur, nə də Descartes kimi düşünən substansiyadır. O, ruha şəxsi ağrılar, mənəvi yanğılar, ictimai ədalətsizliklər və Tanrı axtarışı ilə yanaşır. "Əsirəm" deyəndə o, təkcə bir qadına aşiq olan bir insanın fəryadını yox, həm də bəşərin ruhani əsarətini dilə gətirir. Onun üçün ruh bir üsyandır - zamana, qorxuya, qaranlığa, təqlidə qarşı.

Avropa fəlsəfəsində ruh, çox zaman nəzəri sistemlərlə izah olunur. Hegel onu tarixi zərurət kimi təqdim edir, Nitsşe isə onu üstinsana çatmaq üçün bir vasitə kimi görür. Amma Hadidə ruh nə məqsəddir, nə vasitə. O, həm başlanğıcdır, həm də yolun özüdür. Ruh onun üçün sevgidir, həsrətdir, qorxudur, Allaha sarı çırpınışdır. O, insanın öz içində Tanrını tapmağa cəhdidir.

Din anlayışı Hadinin dünyagörüşündə xüsusi yer tutur. O, dini yalnız ibadət formasında yox, mənəvi təkamül vasitəsi kimi qəbul edir. Təqlidə, fanatizmə, qorxuya dayanan dindarlığı rədd edir. O yazır: "Din ilə ağıl birləşməlidir." Bu, sadəcə bir fikir yox, bir dövrə qarşı düşüncə manifestidir. Onun şeirlərində Allah, bəzən bir sevgili kimi, bəzən bir qurtarıcı kimi, bəzənsə daxildəki susqun nur kimi təqdim olunur. O, ruhun Allahla danışmasına inanır. Bu danışıq nə ibarələrə sığır, nə rituallara - bu, şairin sükutla dediyi duadır.

Məhəmməd Hadi üçün millət anlayışı da ruhla bağlıdır. Onun nəzərində millət qanla deyil, vicdanla formalaşır. "Millət" dedikdə o, mənəvi bağlılıq, azadlıq ehtiyacı və mədəni harmoniya anlayışını düşünür. Bu baxımdan o, Avropanın irqçi millətçilik təlimlərinə qarşı bəşəri bir millət modeli ortaya qoyur. Bu modeldə fərdin ruhu millətin ruhuna çevrilir. Hər bir vicdan, bir xalqın tarixini daşıyan gizli miras olur.

Onun poetik düşüncəsindən bəhrələnənlər təkcə ədiblər deyil. Hüseyn Cavid onun ruhani metafizikasını dramatik fəlsəfəyə çevirir, Əli bəy Hüseynzadə onun ideyalarını türkçülüyün mənəvi bazasına daxil edir. Əhməd Ağaoğlu Qərb və Şərq düşüncəsini birləşdirən ruh modelini Hadinin əsərlərində tapır. Daha sonralar onun ruh anlayışı ideoloji təmələ çevrilir və milli müstəqillik ideyasının bünövrəsinə hopur.

Məhəmməd Hadi öz dövrünü aşan bir ruh şairidir. Onun poetik metafizikası nə keçmişə, nə də zamana bağlıdır. O, insanı ruhu ilə düşünməyə çağırır. Bu gün biz texnoloji sürətlə bədənimizi yüngülləşdirsək də, ruhumuzu daha ağır hala salmışıq. Hadinin düşüncəsi bu mənada müasir insanın qurtuluş kodudur. Ruhunu tanımayan, onu azad etməyən insan - nə qədər müasir olsa da, əslində, qədim bir zindandadır.

Onun şeirləri, fikirləri, mənəvi səsi bir xalqın ruhani kimliyidir. Onu oxumaq - tarix oxumaq deyil, özünü oxumaqdır. Onun ruh metafizikası - sistemlə yox, hisslə işlənmiş fəlsəfədir. Bu fəlsəfə nə tədris olunur, nə tərcümə olunur - o, yalnız yaşanır. Və o ruh hələ də içimizdə nəfəs alır.

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2025)

10 iyul 2025-ci il tarixində, saat 16.00-da Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi qərargahında (Bakıxanov küçəsi, 73A) Fondun aparat rəhbəri Fəxri Hacıyevin müəllifi olduğu “Azərbaycan–Gürcüstan münasibətləri (1918–1922-ci illər)” adlı kitabın təqdimat mərasimi keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitabda Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikasının mövcud olduğu dövrdə iki qonşu dövlət arasında diplomatik və siyasi münasibətlərin tarixi araşdırılır, arxiv sənədlərinə və dövrün mətbuat materiallarına əsaslanan yeni yanaşmalar təqdim olunur.

 

Tədbirdə Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dövlət rəsmiləri, elm, mədəniyyət və ictimai-siyasi xadimlər, eləcə də media təmsilçiləri iştirak edəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.

 

Liderliyin xüsusi qanunları hansılardır?

 

«Seminarların və kitabların köməyi ilə uzun illər liderlik öyrətdiyim yuz minlərlə insana və özündə liderlik keyfiyyətlərini inkişaf etdirmək istəyən şəxs, sənə ithaf olunur. Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.

Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.

 

Beləliklə, 21 qanundan növbətisi:

 

2.     Təsir qanunu.

«Liderliyin həqiqi ölçüsü təsirdir».

 

Əgər insan başqalarına təsir edə bilmirsə, heç vaxt öz ardınca adam apara bilməz. Əsl liderlik heç vaxt hansısa posta təyin olunmaqla baş tutmur, o, yalnız təsir edə bilmək qabiliyyətindən asılıdır.

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2025)

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

NİGAR RƏFİBƏYLİ

MƏTBƏX ŞEİRLƏRİ

 

Qadın olmasaydım əgər,

Qazanların, qabların,

Nimçələrin, çömçələrin

Aləmindən qaçardım,

Səhəri dəniz qırağında

qayaların üstündə açardım...

Ciyərlərim dolusu

Nəfəs alardım dəniz havasıyla,

Baş-başa qalardım

Sahillərin gözə görünməyən

səfasıyla.

Sinəmi açardım

Səhər rüzgarına...

Həzin-həzin

Gilə-gilə

Nəğmələr qoşardım

Abşeron bağlarına...

Ürəyim bu mətbəx aləmində

yaman darıxır,

Mən

Bir azca da şairəm axı.

Şeiri gözələ yazarlar,

Baharda yaz çiçəklərinə,

Payızda xəzələ yazarlar...

Hicran ağrısına,

Şirin vüsala yazarlar,

hüsn-camala yazarlar...

Qazandan qalxan buxar,

Dızıldayan samovar

Nədən şeir olmasın?!

Nədən şeir olmasın

Tərtəmiz su altında

Yuyulub

Ağappaq olan qablar?!

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2025)

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində tarixin ağ ləkələrinə də aydınlıq gətirmək əsas məramdır. Sovet dövründə Orta Asiya türkləri milli kimlik uğrunda mübarizə aparmışlar, amma bu mübarizəni sovet tarixçiləri kiçiltmiş, quldur basqını şəklində təqdim etmişdir. İndi isə hər şey başqa yondə görünür.

 

XX əsrin əvvəlləri Orta Asiya türkləri üçün siyasi, sosial və mədəni baxımdan dərin dəyişikliklərlə yadda qaldı. Sovet İttifaqının qurulması ilə bu bölgədə yaşayan türk xalqları yeni bir rejimin tələbləri ilə qarşı-qarşıya qaldılar. Bu yeni sistem özündə milli kimliyi, dini və mədəni xüsusiyyətləri məhdudlaşdıran totalitar idarəetmə forması idi. Bu yazıda Sovet dövründə Orta Asiya türklərinin milli kimliklərini qorumaq və inkişaf etdirmək üçün apardıqları mübarizə ideoloji, mədəni, dini və siyasi aspektlərdən araşdırılır.

 Sovetlər Birliyi qurulduqdan sonra mərkəzi rəhbərlik milli azlıqları vahid sovet kimliyi çərçivəsində birləşdirməyi qarşısına məqsəd qoydu. Bu məqsədlə:

·         "İnternasionalizm" ideyası ön plana çəkildi.

·         “Proletar mədəniyyəti” adı altında milli dillər və adət-ənənələr ikinci plana keçirildi.

·         “Koreni̇zatsiya” siyasəti (yerli kadrlardan istifadə) zahirən müsbət görünsə də, əslində ruslaşdırmanı asanlaşdırmaq üçün bir vasitə idi.

Orta Asiyada bu siyasət özünü xüsusilə türklər arasında dilin sıxışdırılması, dini təqiblər və milli tarixə qarşı təhriflər şəklində göstərdi.

1930-cu illərdə başlanan Stalin repressiyaları Orta Asiya türkləri üçün fəlakətli nəticələr verdi. Öz xalqının milli ruhunu dirçəltməyə çalışan türk aydınları “pantürkist”, “panislamist” damğası ilə repressiyalara məruz qaldılar.

Nümunələr:

·         Buxara və Xivə xanlıqlarının süqutundan sonra milli müstəqillik tərəfdarı olan aydınlar kütləvi şəkildə həbs və edam olundu.

·         Məhəmməd Şərif Sofizadə, Fitrat, Abdulla Qadırı, Abdülhamid Sulaymon Çolpan kimi yazıçılar və ziyalılar qurban getdilər.

·         Üsuli-Cədid (Cədidçilik) hərəkatı üzvləri – milli maarif və mədəni dirçəlişə çalışan ziyalılar Sovet təbliğatında "geridə qalmış dinçilər" kimi təqdim edilərək zərərsizləşdirildi.

 Orta Asiya türklərinin kimliyində İslam əsas rol oynayırdı. Sovet ideologiyası isə dini “opium” adlandıraraq onunla mübarizə aparırdı:

·         Məscidlər bağlandı, din adamları repressiyaya məruz qaldı.

·         Dini məktəblər və mədərsələr ləğv olundu.

·         Ramazan, Qurban bayramları gizli şəkildə qeyd olunmağa başladı.

 Bu isə əhalidə kimlik və inancın gizli şəkildə yaşadılması formasında müqavimət doğurdu. Dini ənənələr ailə daxilində qorundu və bu, milli dirənişin gizli dayağına çevrildi.

 Sovetlər türklərin ortaq ünsiyyət vasitəsi olan dili zəiflətmək üçün ardıcıl addımlar atdılar:

·         1920-ci illərdə latın qrafikalı əlifba, 1940-cı illərdə isə kiril qrafikalı əlifba tətbiq olundu.

·         Hər bir türk xalqı üçün fərqli yazı sistemləri yaradıldı – bu, pantürkizmin qarşısını almaq məqsədi daşıyırdı.

·         Ədəbiyyat və mətbuat sovet ideologiyası ilə yazılmalı, "sosialist realizmi" prinsiplərinə uyğun olmalı idi.

 Bu siyasət türk xalqlarının ortaq yaddaşını və dil birliyini zəiflətdi.

 Bütün təqiblərə baxmayaraq, Orta Asiya türkləri mədəniyyət vasitəsilə kimliklərini qorumağa çalışdılar:

·         Folklor, eposlarxalq mahnıları milli dəyərlərin yaşadılmasında mühüm rol oynadı.

·         Sovet nəzarəti altında fəaliyyət göstərən teatrlar və ansambllar vasitəsilə milli motivlər qorunmağa çalışıldı.

·         Rəqs, geyim, toy mərasimləri və adət-ənənələr gizli şəkildə yaşadıldı və nəsildən-nəslə ötürüldü.

 1991-ci ildə Sovet İttifaqının dağılması ilə Orta Asiya türkləri milli dövlətlərini qurmaq fürsəti əldə etdilər:

·         Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistanda yaşayan türklər öz dillərini və mədəniyyətlərini rəsmi şəkildə bərpa etməyə başladılar.

·         Repressiya qurbanı olan ziyalıların adı bərpa edildi, əsərləri yenidən nəşr olundu.

·         Müstəqil dövlətçilik ideologiyası kimlik məsələsini mərkəzə aldı.

 Sovet dövründə Orta Asiya türkləri milli kimliklərini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdılar. Lakin xalqın içindən gələn müqavimət ruhu, dini-mədəni irs və milli aydınların fədakarlığı bu kimliyi qorumağa imkan verdi. Bu mübarizə həm siyasi, həm mədəni, həm də simvolik səviyyədə baş verdi və türklərin milli yaddaşında dərin iz buraxdı. Bugünkü Orta Asiya dövlətlərinin milli kimlik və müstəqillik dəyərlərinin təməlində məhz bu mübarizə dayanır.

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2025)

 

 

 

 

 

 

 

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 Qubadlı rayonunun yetişdirdiyi qələm əhli sırasında bir imza da var – Şamo Arif! Bu gün onun doğum günüdür.

 

Azərbaycan yazıçısı Arif Rəhimov 1936-cı il iyulun 9-da Qubadlı rayonunun Əyin kəndində anadan olub. Mənşəcə kürddür. 1965-ci ilin iyulunda 34 yaşında ikən qəflətən vəfat edən qardaşı Şamonun vaxtsız vəfatından bir müddət sonra atası və anasının razılığı ilə qardaşının adını yaşatmaqdan ötrü adının qarşısına Şamo adını qəbul edib, Şamo Arif olub.

 

O, həm də geologiya və minerologiya üzrə tanınmış alimdir. 1954-cü ildən Neft Sənayesi Elmi-Tədqiqat Layihə İnstitutunda çalışıb. Onun 1961-ci ildə R.Rəhimovla birgə çap etdirdiyi "Xəzər və neft" kitabı bu günə qədər öz aktuallığını saxlayır.

 

Ədəbi fəaliyyətə 1960-cı illərdən başlayıb. İlk olaraq "Qoşa çinar" hekayəsi çapdan çıxıb. Az sonra 1964-cü ildə "Göz dağı" povesti və "Anamın yuxusuna girməsin" romanını çap etdirib. Ən nəhayət sonuncu romanı "Qınamayın məni" olub. Bundan başqa dövrü mətbuatda tez-tez publisistik və elmi məqalələr ilə çıxış edib.

 

Filmoqrafiya

 

- Ayrıldıq ki, qovuşaq

 

Şamo Arif 16 iyun 2012-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2025)

 

 

 

 

Çərşənbə, 09 İyul 2025 15:40

Xarici filmlər – “Joker”

Murad Vəlixanov, «Ədəbiyyat və İncəsənət»

 

Coker (ing. Joker) — Todd Fillipsin rejissorluğu ilə 2019-cu ildə çəkilmiş ABŞ psixoloji triller filmidir."Coker" filmini çəkmək ideyası Fillipsə ilk dəfə 2016-cı ildə gəlmişdir. O, filmin ssenarisini 2017-ci ildə Silver ilə birlikdə yazmışdır. Cütlük Martin Skorsezenin 1970-ci illərdə çəkdiyi filmlərdən və onun personaj tədqiqlərindən ilham almışdır. Skorseze özü ilk vaxtlarda filmin prodüserliyini etmişdir.

 

 Filmin məzmunu "Batman: The Killing Joke" (1988) qrafik romanına əsaslanmışdır, ancaq Fillips və Silver ilham mənbəyi üçün müəyyən bir komiksə baxmamışdır. Feniks filmə 2018-ci ilin fevral ayında qoşulmuş, həmin ilin iyul ayında rolu canlandırmaq hüququna malik olmuşdur. Filmin aktyor heyətinin əksəriyyəti filmə həmin ilin avqust ayında qoşulmuşdur. İlkin çəkilişlər 2018-ci ilin sentyabr ayından dekabr ayına qədər davam etmiş və Nyu-York, Cersi-Siti və Nyuark şəhərlərində gerçəkləşmişdir. "Coker" ilk bədii Betmen filmidir ki, Amerika Kinokompaniya Assoasiyası (AKA) tərəfindən "R" reytinqi alsın.

"Coker" filminin premyerası 31 avqust 2019-cu ildə Venesiya Beynəlxalq Film Festivalında keçirilmişdir. Film festivalın ən əhəmiyyətli mükafatı olan "Qızıl Şir" mükafatına layiq görülmüşdür. Filmin Azərbaycandakı premyerası 3 oktyabr, ABŞ-dəki premyerası isə 4 oktyabr 2019-cu ildə gerçəkləşmişdir. Film tənqidçilər arasında müzakirələrə səbəb olmuşdur. Feniksin ifası geniş şəkildə təriflənmişdir, ancaq filmin qaranlıq tonu, zehni xəstəlikləri və şiddəti necə təsvir etməsi qarışıq reaksiyalara səbəb olmuşdur. "Coker" filmi gerçək həyatda zorakılığa ilham mənbəyi kimi fəaliyyət göstərilməsi ehtimalı ictimaiyyətdə narahatlılıq yaratmışdır.

1981-ci ildə Artur Flek anası Penni ilə Qothem şəhərində yaşayır və muzdlu kloun kimi işləyir. O, onun vaxtsız-vədəsiz gülməsinə səbəb olan nevroloji bir xəstəlikdən əziyyət çəkir və dərmanlar almaq üçün tez-tez sosial xidmətlər işçisinə müraciət edir. Bir qrup küçə uşağının Arturun lövhəsini almasından və onu dalanda döyməsindən sonra onun iş yoldaşlarından biri ona borca silah verir ki, özünü qoruya bilsin. Artur həmçinin, tək ana olan Sofi ilə tanış olur və onu öz stend-ap komediya çıxışına dəvət edir.

Uşaq xəstəxanasındakı çıxışı zamanı Arturun silahı onun cibindən düşür. Bu isə onun işdən qovulmasına səbəb olur. Artur öyrənir ki, sosial xidmət proqramı ləğv olunur və onun dərman almasının heç bir yolu olmur. Metroda evə gedərkən üç Uoll-Strit biznesmeni tərəfindən narahat edilir və döyülür. Artur onları öldürür. Bu, bilməyərəkdən Qothem şəhərinin zənginlərinə qarşı olan bir etiraz hərəkatına start verir. Etirazçılar kloun maskaları ilə gəzirlər.

Sofi Arturun stend-ap komediya çıxışına qoşulur, hansı ki, çox bərbad keçir. O, qeyri-ixtiyari şəkildə gülür və zarafatlarını çatdırmaqda çətinlik çəkir. Populyar bir tolk-şou aparcısı Mürrey Frenklin onun çıxışının bir videosunu birbaşa efirdə göstərir və Arturu ələ salır. Artur yerli bir milyoner olan Tomas Ueynə yazdığı məktubu oğurlayır. Bu məktubda Arturun Ueynin vələduzinnası olduğunu iddia edir. O, bu sirrə görə öz anası danlayır. Çox keçmədən Penninin halı pisləşir və xəstənaya göndərilir. Artur onun metrodakı atışmasdakı iştirakını araşdıran iki xəfiyyə ilə qarşılaşır, ancaq Artur bunu yalanlayır.

Artur Tomas Ueyni axtarıb tapır və ayaqyolunda onun qarşısına çıxır. Ueyn ona deyir ki, Penninin zehni xəstəliyi var və Arturun bioloji anası deyil. Qəzəblənmiş Artur Arkhem Xəstəxanasını ziyarət edir və Penninin qovluğunu oğurlayır ki, bu iddianı təsdiqləsin. O, aşkar edir ki, uşaq olarkən tərk edildikdən sonra övladlıq götürülür. O həmçinin, Penninin uşaq olarkən ona fiziki şiddət göstərdiyini, hətta onun bilaixtiyar gülməsinə səbəb olan ciddi baş travmasının səbəbkarı olduğunu öyrənir. Dərrakəsini itirmiş Artur xəstəxanaya qayıdır və anasını öldürür. Artur mənzilinə geri qayıdır və Sofinin otağına daxil olur. Qorxmuş Sofi ona deyir ki, otağı tərk etsin və göstərilir ki, Sofi əslində Arturun xəyalında olmuş bir insandır və gerçək deyil.

Frenklinin verilişindən olan bir nümayəndə Artura zəng edir və ona təklif edir ki, verilişə qonaq olaraq gəlsin. Artur bu təklifi qəbul edir və birbaşa efirdə intihat etməyi planlaşdırır. Keçmiş iş yoldaşları qrim və geyimini hazırlayan Artura ziyarət edir və onun anasının ölümünə başsağlığı bildirir. Artur onlardan birini öldürür, ancaq digərini buraxır, çünki o, keçmişd Artura yaxşı davranıb. Artur studiyaya gedərkən iki xəfiyyə ilə qarşılaşır. Artur onlardan qaçır və içərisi kloun etirazçılar ilə dolu bir qatara minir. Xəfiyyələrdən biri təsadüfən bir etirazçını qətlə yetirir və iğtişaşa səbəb olur. Yarnan xaos Arturun hadisə yerindən qaçmasına imkan yaradır.

Veriliş başlamazdan əvvəl Artur Mürreydən xahiş edir ki, onu "Coker" olaraq təqdim etsin, çünki Mürrey onu ələ salan zaman ona belə xitab etmişdir. Artur verilişə ilıq bir halda daxil olur, acnaq daha sonra ibarəli danışaraq metroda öldürülənlərin qatili olduğunu etiraf edir və cəmiyyətin onu necə tərk etməsindən, onu ələ salmasından gileylənir. Artur polis nəzarətinə alınmazdan əvvəl Mürreyi birbaşa efirdə qətlə yetirir və şəhər xaosa bürünür. Etirazçılardan biri Ueyn ailəsini izləyir və Tomas ilə Martanı bir dalanda qətlə yetirir. Bu isə onların uşağı olan Brüs Ueynin yetim olmasına səbəb olur. Ambülansda olan etirazçılar polis avtomobili ilə toqquşur və Arturu xilas edir. Etirazçılar onu qəhrəman kimi qarşılayır və Artur onların harayları ilə rəqs edir.

Artur yenidən polis nəzarətinə alınır və Arkhem Xəstəxanasına yerləşdirilir. O daha sonra sanitarlardan birini öldürür və qaçır...

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2025)

61 -dən səhifə 2358

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.