Super User
“Dilimiz olmasa mifologiya olmaz ” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Vaqif Səmədoğlu – Azərbaycan ədəbiyyatının tək-tük azadələrindən biri…
2.
Bolqarıstan Prezidenti doktor Jelyu Jelevin məşhur “Faşizm” kitabı nəşr olunduqdan sonra bu kitab kommunist Bolqarıstanında qadağan və hətta həbs edildi. Mənim “Niyə belə oldu?!” sualıma doktor Jelev belə cavab verir: – Sadəcə, kommunistlər bu kitabı oxuyub onda özlərini gördülər. Adları çəkilməsə də, öz dövlət strukturlarının, öz ideoloji strategiyalarının təsvir olunduğunu anladılar. Və beləliklə, onlara əyan oldu ki, bu kitabda kommunizmlə faşizmin, təxminən, eyni şey olduğu ortaya qoyulur.
3.
“ Mən qartalam” (mən qartal olub uçaram) deyimindən “mən qartal kimi... uçaram” deyiminə gələn yol mifologiyadan bədii yaradıcılığa gələn yoldur.
4.
Diskurs informasiya axını zamanı cümlənin və bu cümlənin öz arxasınca gözəgörünməz şəkildə gətirdiyi intellektual potensialın cəmini ifadə edir. Buna cümlənin sinergetikası da deyə bilərik.
5.
… Ekoya hərdən gizli-gizli nəzər yetirdikcə yadıma Leonardo da Vinçi, Mikelancelo, Rafael kimi nəhənglər düşür. O da bu möhtəşəm pleyadaya məxsusdur. Onlar daşın içində gizlənmiş (həbsdə olan!) heykəli tapıb ona azadlıq verirdilərsə, Umberto Eko da həyatı boyu sonsuz lüğətin içində gizlənmiş mətni azadlığa qovuşdurmaqla məşğul idi.
6.
“Biri var idi, biri yox idi...” Varla yoxun arasında olmaq mifologiyadan əvvəli və mifologiyadan sonranı sərhəd kimi götürməkdir. Bu zaman ortada yenə də mifologiya qalacaq. Onun təzahürü dilimizdir. Dilimiz olmasa mifologiya olmaz, mifologiya olmasa dilimiz. Bu ikisi bir yerdə, bir-birinin içində! Bir kağızın iki üzü kimi. Bir varlığın canı və ruhu kimi. Amma hansı candır, hansı ruhdur - bunu bilmək, yəqin ki, bizə müyəssər deyil.
7.
“Sən də mənə danışırsan Allahdan.
Göylər susub, yerlər susub zar-zar.
Heç buralar görünərmi dərgahdan?!
Amma yenə, elə bil ki, baxırlar.”
“Ədəbiyyat və incəsənət”
(26.12.2025)
Güney Azərbaycan Poeziyası Antologiyasında Xosrov Barışanın “Ayrıc” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Əhərdə yaşayan Xosrov Barışandır.
Xosrov Barışan
Təbriz
AYRIC
Səni sevmək
Cəhənnəmdə cənnəti
Yaşamaq kimi bir zad
Məni sevmək,
Həmişə, güclünün
Haqlı olduğunu
Bilə-bilə,
Yenə də,
Məhşər məhkəməsinə inanmaq kimi bir zad!
“Ədəbiyyat və incəsənət”
(26.12.2025)
“Axırıncı aşırım”da nəyi və niyə dəyişiblər?
Leyla Faiqqızı,
Filologiya elmləri üzrə fəlsəfə doktoru, Klassik Ədəbiyyat İnciləri facebook sosial şəbəkə səhifəsinin yaradıcısı. “Ədəbiyyat və incəsənət” üçün
Tarixi şəxsiyyət olan Abbasqulu bəy Şadlinski (1886-1930) Fərman Kərimzadənin "Qarlı aşırım" əsərinin əsas qəhrəmanlarından biridir. 1971-ci ildə ekranlaşdırılan “Axırıncı aşırım” filmində onun obrazını görkəmli aktyor Həsən Məmmədov canlandırmışdır.
Filmdə Qəmlo Abbasqulu bəyi öldürdüyünə görə Kərbəlayi tərəfindən Qəmlonun həyatına son qoyulur. Lakin bu səhnə senzuradan keçmir. Kərbəlayi qəhrəman kimi qələmə verilmiş hesab olunur və buna icazə verilmir. Rejissor Kamil Rüstəmbəyov bu səhnəni yenidən çəkir. Bu dəfə Qəmlonu Kərbəlayi deyil, Xudayarın qardaşı öldürür. Yeni versiyada Kərbəlayinin adamlarının birinin dilindən “Kərbəlayi Qəmlonu gəbərtdi” cümləsi də ilk çəkilişdən qalmadır.
Şəkildəki isə tarixdəki əsl Abbasqulu bəy Şadlinski və onun obrazını canlandıran Həsən Məmmədovdur.
Allah hər birinə rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(26.12.2025)
“Maraqlı söhbətlər”də Madonnanın taleyi
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Pul yox idi. Tanışlıq yox idi. Ehtiyat plan yox idi.
300 milyon disk satıldı.
Cəmi 35 dollarla taksiyə minib, tarixin ən çox albom satan qadın sənətçisi oldu.
Madonna Louise Ciccone 19 yaşında idi.
Taksi puluna güclə çatan məbləğlə Nyu-Yorka endi.
Əlaqə yox. Tanış yox. Təhlükəsizlik şəbəkəsi yox.
Evdə olan hər kəs onun dəli olduğunu dedi.
“Sən sadəcə Miçiqandan bir qızsan.”
“Yetərincə yaxşı oxuya bilmirsən.”
“Altı aya geri qayıdacaqsan.”
Geri qayıtmadı.
Madonnanın bildiyi, amma hamının gözdən qaçırdığı bir həqiqət var idi:
İstedad yayğındır. Amansız şəkildə özünü yenidən yaratmaq isə nadirdir.
Ona görə də işlədi.
Ofisiantlıq etdi. Rəsm dərsləri üçün model oldu.
Xəyalının arxasınca qaçarkən hesabları ödəmək üçün nə lazım idisə, etdi.
Qruplar üçün seçimlərə qatıldı. Rədd edildi.
Yenə qatıldı. Yenə rədd edildi.
Plak şirkətləri onu geri çevirdi.
“Yetərincə kommersiya deyil,” dedilər.
“Səsi çox incədir,” dedilər.
“Qadın sənətçilər risklidir,” dedilər.
Amma o yenə gəlməyə davam etdi.
Nəhayət, bir klubda DJ onun demosunu çaldı.
İnsanlar rəqs etdi.
Şirkətlər fərqinə vardı.
1982-ci ildə ilk sinqlını çıxardı.
1984-cü ildə planetin ən böyük ulduzlarından birinə çevrildi.
Amma bir çox sənətçi üçün hekayə burada bitərdi.
Madonna dayanmadı.
Özünü dəfələrlə yenidən kəşf etdi.
Yeni səs. Yeni imic. Yeni qalmaqallar.
Bir neçə ildən bir tamamilə başqa bir Madonna.
Tənqidçilər onu yüzlərlə dəfə “bitmiş” elan etdilər.
“O artıq bitib.”
“O çox yaşlanıb.”
“Artıq heç kim onu vecinə almır.”
Hər dəfə onların yanıldığını sübut etdi.
40 il sonra dünya üzrə 300 milyondan çox albom satdı.
Tarixin ən uğurlu turnelərinə sahib qadın sənətçisi oldu.
60 yaşlarında hələ də stadionları doldurur.
Bütün bunlar ona görə baş verdi ki,
19 yaşında, cibində cəmi 35 dollar olan bir qız
rədd edilmənin onu tanımlamasına icazə vermədi.
Heç nəyini — hər şeyə çevirmək üçün yanacağa döndərdi.
Şəraitin sənin tavanını müəyyən etmədiyini sübut etdi.
Təslim olmaqdan imtina etdi.
Sən hansı rəddi bir “ikinci şans” yox, “son qərar” kimi qəbul edirsən?
Biri sənə “yetərincə yaxşı deyilsən” dedi deyə hansı xəyaldan vaz keçdin?
Madonna Nyu-Yorka insanların çoxunun nahara xərclədiyindən daha az pulla gəldi.
Çoxlarının cəhd etdiyindən daha çox dəfə “yox” eşitdi.
Hamı “mümkünsüzdür” deyəndə özünü yenidən yaratdı.
Çünki insanların çoxunun anlamadığı bir şeyi başa düşürdü:
Sənə “yox” deyən insanlar sənin hekayəni yaza bilməz.
Hekayəni sən yazırsan.
İcazə gözləməyi burax.
Təsdiqə ehtiyac duymağı burax.
O taksi səfərinin öz versiyasını tap.
Sahib olduğun hər şeyi öz üzərinə bahis et.
Və heç kimin səni haradan başladığına görə
harada bitirəcəyinə inandırmasına icazə vermə.
Bəzən ən böyük karyeralar
ən kiçik başlanğıclardan doğur.
Çünki bəzən, heç kim sənə inanmayanda,
bəlkə də sənə lazım olan yalnız bir inanan — özünsən.
Mənbə: Washington Post (tarixi yazı)
“Ədəbiyyat və incəsənət”
(26.12.2025)
Təbrizli gənc yazar Əli Çağlanın kitabı AYB-də təqdim olunub
Təbrizli gənc şair Əli Çağlanın Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda "Katarina" adlı şeirlər kitabının təqdimatı və imza günü keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təqdimatda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, AYB-nin Beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, şair Həmid Herisçi, filologiya elmləri doktoru Pərvanə Məmmədli, filologiya elmləri doktoru Esmira Fuad, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova, iqtisad elmləri doktoru, şair Rəsmiyyə Sabir, gənc yazar İlahə Səfərzadə, və İranlı mühacirlər cəmiyyətinin nümayəndələri cənubşünas,milli fəal Yədulla Kənani, jurnalist Güləddin İsmayılov başqaları çıxış edib.
Xalq şairi, AYB-nin Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri Sabir Rüstəmxanlının moderatorluğu ilə baş tutan tədbirdə Əli Çağlanın şeirləri təhlil olunub, onun Güney Azərbaycan və Quzey Azərbaycan arasında ədəbi əlaqələrdəki önəmli fəaliyyətindən bəhs ediblər.
Qeyd edək ki, Əli Çağlanın sözü gedən həmin kitabı Bakı şəhərində "Yarasa" nəşriyyatı tərəfindən, daha sonra isə Türkiyənin Ankara şəhərində "Efsun" nəşriyyatında çap olunub.
“Ədəbiyyat və incəsənət”
(26.12.2025)
Qələmlərin qatili - jurnalistlər, yaxud ChatGPT basqısı
Nigar Həsənzadə, "Ədəbiyyat və incəsənət"
Əslində, jurnalistlər, yazıçılar “süni intelekt”i özləri üçün bir növ, əllərindən qələmlərini alacaq təzyiq vasitəsi kimi hesab edirlər və onu qazanclarnı, peşələrini əllərindən alacaq bir vasitə kimi görürlər. Buna baxmayaraq, ən çox “süni intelekt”dən faydalananlardan və süni intelektin işlərini əllərindən ala biləcək şəraiti yaradan da jurnalistlərin özləri olur. Çünki indiki dövrdə məqalə, esse tələb edəndə bir çox yazılara baxanda dərhal başa düşülür ki, burada “süni intelekt” imzası var.
Hətta qəzetdə çıxan yazılarda da buna şahid olmuşam. Bəzi yazıçılar da kitablarında və ya öz adlarına çıxardıqları şeir və hekayələrdə kifayət qədər “süni intelekt”dən istifadə edirlər. Əslində, onlar cəmiyyət içərisində danışarkən, əllərində qələmlərini alacağını iddia etdikləri “süni intelekt”ə bir növ özləri şans verirlər və onu sehrli çubuq kimi istifadə edirlər. Lakin onlar unudurlar ki, sehrli çubuğları olan “süni intelekt”ə onlar nə qədər çox şans versələr, bir o qədər də rahat onlar öz peşələrini ona bağışlayırlar və o sehrli çubuq onlara heç də yaxşı sürprizlər gətirmək niyyətində deyil.
Doğrudur, süni intelektdən durğu işarələrinin düzgün istifadəsində və müəyyən vaxt tələb edən digər məqamlarda istifadə etmək olar ki, bundan həm jurnalistlər, həm yazıçılar, həm də ümumi digər peşə sahibləri istifadə edə bilərlər. Bu süni intelektdən bu kimi mövzularda, vaxt itkisinin azaldılması üçün istifadə etmək ondan ən səmərəli istifadə etmək üsuludur. Ancaq problem ondadır ki, insanlar öz beyinlərinin məhsulunu süni intelekdə satırlar və zamanla öz beyinlərinin düşünməli olduğu hər şeyi oradan da ucuza almağa cəhd edirlər. Belə olduqda isə artıq özləri ideya yarada bilmirlər, beyinlərini hazıra, rahat öyrəşdirirlər.
Əslində, jurnalistikamızın qatili elə ən çox belə jurnalistlər olacaq.
İstədim ki, bu mövzuda həmkarım İlkin Məmmədkərimlinin də fikirlərini öyrənim.
Mövzu ilə bağlı media eksperti İlkin Məmmədkərimli bildirib ki, süni intellekt bir çox sahələrdə uğurla tətbiq olunsa da, mətbuat sahəsində tətbiq olunması heç yaxşı hal deyil:
"Ümumiyyətlə, mən düşünürəm ki, mətbuat sahəsində süni intellektə ehtiyac yoxdur.
Bəzi jurnalistlər var ki, məqalələri hətta ChatGPT-yə yazdırırlar. Məsələn, iki cümlə qura bilməyən, fikrini düzgün ifadə edə bilməyən insanlar birdən-birə mükəmməl yazılarla çıxış edirlər. Təbii ki, bu süni intellektin nəticəsidir. Amma süni intellektdən istifadə edən jurnalist, mənim fikrimcə, jurnalist adını daşıya bilməz. Əgər jurnalistin yazmaq qabiliyyəti yoxdursa, o jurnalist deyil.
Mən media sahəsində çalışan bir jurnalist olaraq deyə bilərəm ki, heç vaxt süni intellektdən istifadə etmərəm. Əgər kimsə ChatGPT-yə yazı yazdırırsa, o zaman o şəxs niyə maaş alsın ki, bu artıq jurnalistin işi deyil. Əgər jurnalist öz yazısını yazmırsa, o zaman niyə media orqanında çalışsın ki?!
Başqa sahələrdə yəni təhsil, səhiyyə və texnologiya sahələrində istifadə etmək olar. Süni intellekt texnologiyası bank, texnologiya və digər sahələrdə çox faydalıdır, amma media sahəsində, xüsusilə yazılı mətbuatda ehtiyac yoxdur. Hər bir jurnalist illərlə öz üzərində çalışmalıdır, yazı bacarığını inkişaf etdirməlidir. Süni intellekt son 2-3 ildə mövcuddur, amma jurnalistika onillərlə formalaşıb.
Əgər yazını süni intellekt yazacaqsa, onda həmin jurnalist işdən çıxmalı və yerini bir kompüterə verməlidir. Saytlar da insanları işə götürmək əvəzinə, bir kompüterlə işi idarə etsinlər. Bu artıq “ChatGPT jurnalistikası” olar.
Bu səbəbdən mən birmənalı şəkildə süni intellektin mətbuat sahəsində istifadəsinin əleyhinəyəm".
“Ədəbiyyat və incəsənət”
(26.12.2025)
Səma qurbanları, ruhunuz şad olsun!
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
AZAL təyyarəsinin qəzasından bir il ötdü. Dünən dərin hüznlə, matəm hissiylə o günü xatırladıq.
Azərbaycan aviasiyasının tarixi XX əsrin sonlarından başlayır. Azərbaycan Hava Yolları (AZAL) yaradıldıqdan sonra ölkənin hava nəqliyyatı sürətlə inkişaf etməyə başlayıb. Təyyarələrin alınması, uçuş marşrutlarının genişləndirilməsi və beynəlxalq standartlara uyğunlaşma bu sahəni həm sərnişinlər, həm də peşəkar heyət üçün etibarlı edib. Lakin hər inkişaf yolunda öyrədici dərslər də olur. Yəni ağır faciələr, gözlənilməz qəza nümunələri, insan həyatının nə qədər qiymətli olduğunu bir daha xatırladadır.
AZAL‑ın yaranmasından sonra ölkədə aviasiya sahəsində ciddi addımlar atılıb. Təlim proqramları gücləndirilib, təhlükəsizlik protokolları yenilənib və sərnişinlərin təhlükəsizliyi, rahatlığı ön plana çəkilib. Lakin aviasiya nə qədər inkişaf etsə də, gözlənilməz hadisələr qaçılmazdır.
25 dekabr 2024‑cü il Azərbaycan üçün yalnız qışın soyuğu ilə deyil, həm də ağır bir xatirə ilə yadda qalıb. Doğrudur, bundan öncədə dəfələrlə bu cür faciəvi təyyarə qəzaları ilə rastlaşmışıq, ancaq bu qəza bir daha təhlükənin başımızdan heç getmədiyinin bariz nümunəsi olub. AZAL‑a məxsus Embraer 190 sərnişin təyyarəsi Bakıdan Qroznı istiqamətində uçuş edib. Təyyarə Aktau, Qazaxıstan yaxınlığında məcburi eniş cəhdində qəzaya uğrayıb. Bu faciə 62 sərnişin və 5 ekipaj üzvü arasında 38 nəfərin həyatını itirməsi 29 nəfərin isə pilotun səyi sayəsində sağ qalması ilə nəticələnib.
Bu faciənin unudulmaz olmasının səbəbi yalnız itkilər deyil. Pilot və ekipajın səyi, təcili xilasetmə əməliyyatlarının dəqiqliyi, vətəndaşların həmrəylik nümayişi hadisəni unudulmaz edir. Bu hadisə yalnız acı bir hadisə deyil, həm də həyatın dəyərini bir daha anladan, vətən,millət anlayışının,cəsarətin ön plana çəkildiyi tarixi bir andır.
Mətbuat və sosial media faciəni təkcə xəbər olaraq deyil, həm də insan hissləri, xatirələr və ictimai narahatlıq prizmasından işıqlandırıb. Sosial şəbəkələrdə insanlar yazırdılar:
"Pilotlar son ana qədər uçuşu idarə edərək mümkün qədər çox can xilas edib".
"Bu hadisə mənə uçuşdan qorxmağımdan daha çox insanlıq, mərhəmət və qəhrəmanlıq barədə düşündürüb".
"Sağ qalanlarının ailələri ilə yenidən bir araya gəlmələri üçün dua edirəm. Hər biri rahat yatsın, ruhları şad olsun".
Sosial mediada yayılan videolar və görüntülər sərnişinlərin son anları olduğlarını hiss etməsi, duaları və qorxu ilə ümidin qarışığını əks etdirirdi. İnsanlar yazırdılar ki, bu görüntülər "hər saniyə həyatın nə qədər qiymətli olduğunu xatırladır".
Diplomatik açıqlamalar və rəsmi etiraflar da sosial mediada geniş müzakirə olunub. 2025-ci ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putin etiraf edib ki, 2024-cü ilin dekabrında rus hava müdafiə sistemləri həmin sərnişin təyyarəsini Rusiya səmasının müdafiəsi zamanı zədələyib. Bu açıqlama faciənin yalnız texniki qəza olmadığını, həm də millət,tarix insanlıq dərsi olduğunu ortaya qoyub.
Bu faciə təkcə aviasiya texnologiyasının limitlərini deyil, hər bir insanın həyatının nə qədər qiymətli olduğunu dəfələrlə xatırladıb. Hər bir uçuş, hər bir pilot və sərnişin üçün məsuliyyətli olmağın vacibliyi bir daha ön plana çıxıb. Hər bir itki bir ailənin kədəri, bir həyatın yarımçıq qalan arzusu, bir xatirənin daşıyıcısıdır.
Bu gün biz 25 dekabrı yalnız qara bir gün kimi deyil, həm də insanlıq dərsi kimi xatırlamalıyıq. Bu faciə bizə xatırladır ki, texnologiya nə qədər inkişaf etsə də, həyatın özü heç bir təhlükəsizlik proseduru ilə tam əvəz edilə bilməz. Aviasiya sahəsində uğurlar və uğursuzluqlar, gələcəkdə daha təhlükəsiz uçuşların təmin edilməsinə və insan həyatının qorunmasına xidmət etməlidir.
Bu qəzada həlak olan bütün səma qurbanlarının ailələrinə və yaxınlarına bir daha başsağlığı veririk.
Allah rəhmət etsin!
“Ədəbiyyat və incəsənət”
(26.12.2025)
“Rənglərin hekayəti”ndə hər rəng özü barədə şövqlə danışır
İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
“Rənglərin hekayəti” sərgisi təkcə bir rəssamın yubiley tədbiri deyil, eyni zamanda milli ruhun, azərbaycançılıq ideyasının və suveren dövlət anlayışının sənət dili ilə təqdimatı idi. Şirin Cəfərovun əsərlərində rənglər danışır, düşündürür və tarix yazır. Bu sərgi Sumqayıt şəhərinin mədəni həyatında yadda qalan əlamətdar hadisə kimi dəyərləndirilir...
Sumqayıt Dövlət Rəsm Qalereyasında Azərbaycan təsviri incəsənətinin parlaq simalarından biri, tanınmış peşəkar rəssam Şirin Cəfərovun 70 illik yubileyi münasibətilə “Rənglərin hekayəti” adlı fərdi sərgisi keçirilib.
Əlli ildən artıqdır ki, sənət yolunda inamla addımlayan Şirin Cəfərov əsasən karikatura janrında fəaliyyət göstərir. O, həyatının təxminən otuz ilini Avropada yaşayıb-yaradaraq keçirib, Polşa, Fransa və Belçikada fəaliyyət göstərib. Bununla yanaşı, yaradıcılığının əsas xəttini Qarabağ mövzusu təşkil edib. Rəssamın bu mövzuya həsr olunmuş üç yüzə yaxın əl işi mövcuddur.
Şirin Cəfərov 1955-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub. 1977-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul olunub, 1982-ci ildə oranı bitirdikdən sonra təhsilini davam etdirmək məqsədilə Litvaya yollanıb və Litva Rəssamlıq Akademiyasına daxil olub. Qəlbində daima Vətən həsrəti yaşadan sənətkar 2005-ci ildə Azərbaycana qayıdıb. Hazırda paytaxt Bakıda, İçərişəhərdə fəaliyyət göstərir və bu müddət ərzində 10-dan artıq fərdi sərgi açıb. Rəssamın ən böyük arzusu isə erməni işğalından azad edilən Qubadlının tam bərpasından sonra doğma yurda qayıdaraq orada sərgi keçirməkdir.
Konstitusiya və Suverenlik ili çərçivəsində təşkil olunan bu sərgi sənətsevərlərin böyük marağına səbəb olub. Yüksək estetik zövqlə ərsəyə gətirilən əsərlər zəngin rəng palitrası və dərin məna yükü ilə seçilir. Sərgidə nümayiş olunan tablolar rəssamın yaradıcılıq yolunun ən kamil və dolğun nümunələrini əks etdirir. Hər bir əsər Şirin Cəfərovun daxili aləmini, həyat fəlsəfəsini və sənətə olan sonsuz sevgisini tamaşaçıya çatdırır.
Sərginin açılış mərasimində ziyalılar, incəsənət nümayəndələri, media təmsilçiləri və sənətsevərlər iştirak ediblər. Tədbirin moderatoru yazıçı-publisist, kulturoloq Hafiz Ataxanlı çıxış üçün sözü Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənovaya, Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Cavidan Mirzəyevə, xalçaçı-rəssam Fazil Abbasqukuzadəyə, yubilyarın uşaqlıq dostu, rəssam Firdovsi Cəfərova, eləcə də rəssamlar İntiqam Cəfərov, Arif Müzəffər və digərlərinə təqdim edib. Çıxış edənlər Şirin Cəfərovun Azərbaycan təsviri incəsənətinə verdiyi əvəzsiz töhfələri vurğulayaraq, onun yaradıcılığını milli mədəniyyətimizin dəyərli xəzinəsi kimi qiymətləndiriblər.
“Ədəbiyyat və incəsənət”
(26.12.2025)
WhatsApp mesajınızda hər sözü düşünərək göndərin. Çünki...
Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Rəqəmsal çağın gəlişi insan həyatını hər tərəfdən dəyişib. Artıq gündəlik söhbətlər, şəxsi fikirlər və duyğular saniyələr içində mesajlara, səsyazılara və şəkillərə çevrilir, sosial şəbəkələr və tətbiqlər vasitəsilə paylaşılır. Lakin görünməz bir sərhəd var – hər paylaşımın arxasında hüquqi və etik nəticələr dayanır...
Özəl yazışmaların, şəxsi səsyazıların və fotoşəkillərin icazəsiz yayılması təkcə şəxsi həyatın toxunulmazlığını pozmur, həm də ciddi cinayət məsuliyyətinə yol açır. Bu, texnologiya ilə hüququn kəsişdiyi, insanların gündəlik həyatında tez-tez rast gəldiyi, amma az düşündüyü bir problem sahəsidir. Hər bir klik, hər bir paylaşım, bəzən gözlənilməz və ağır nəticələr doğura bilər – və məhz bu, oxucular üçün həm maraqlı, həm də düşündürücü bir sual ortaya qoyur: şəxsi həyatın gizliliyi ilə rəqəmsal ünsiyyət arasında həqiqi sərhəd haradadır?
Bu barədə “Ədəbiyyat və İncəsənətə2 danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə bildirib ki, nəinki səs yazısı, hətta videomaterial və fotoşəkillərin yayılması da cinayət məsuliyyəti yaradır:
"Bu, cinayət məcəlləsinin 156-ci maddəsində-şəxsi həyatın toxunulmazlığı maddəsində öz əksini tapıb. Bundan əlavə 155-ci maddə də gizli telefon danışıqlarının yayılması ilə bağlı məsuliyyət haqqındadır. Burada sübut qismində istifadə olunub-olunmaması ilə bağlı biz bir şeyə fikir veririk ki, WhatsApp yazışması, səsyazısı o halda sübut qismində istifadə olunur ki, bu qanunsuz yolla həyata keçirilməsin. Yəni bu səsyazısı ilə bağlı şəxsin öz icazəsi olsun".
Vəkilin sözlərinə görə, WhatsApp vasitəsilə göndərilən mesajlar məhkəmədə sübut kimi istifadə oluna bilər:
" WhatsApp yazışması və WhatsApp səsyazısı sübut qismində qəbul oluna bilər. Niyə? Çünki şəxs onu qarşı tərəfə atdıqda özü bunu öz razılığı ilə göndərir və gerçəkləşdirir. Belə olan halda bu gizlin səsyazısı sayılmır, şəxsin öz istəyərək etdiyi hal sayılır".
“Ədəbiyyat və incəsənət”
(26.12.2025)
Qərbi Azərbaycan ziyalıları: Zərifə Budaqova
Nigar Xanəliyeva, “Ədəbiyyat və İncəsənət”
Zərifə İsmayıl qızı Budaqova 1929-cu il 28 aprel tarixində İrəvan şəhərinin Dəmirbulaq məhəlləsində dünyaya gəlmişdir. Orta təhsilinin yeddi sinfini doğma İrəvanda başa vurduqdan sonra 1942-ci ildə İrəvan Pedaqoji Məktəbinə qəbul olunmuşdur. 1946-cı ildə həmin məktəbi bitirərək elə həmin ildə İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin Filologiya fakültəsində ali təhsil almağa başlamışdır.
1947-ci ilin dekabrında Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası nəticəsində bu fakültə 1948-ci ildə İrəvandan Bakıya – Azərbaycan Pedaqoji İnstitutuna köçürülmüşdür. Zərifə Budaqova 1949-cu ildə institutun Filologiya fakültəsini bitirdikdən sonra Azərbaycan SSR EA Dilçilik İnstitutunun aspiranturasına daxil olmuşdur.
1953-cü ildə Moskvada namizədlik dissertasiyasını uğurla müdafiə edən Zərifə xanım Azərbaycan qadın dilçiləri arasında ilk olaraq filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Cəmi 24 yaşında elmi ad alan gənc alim Bakıya qayıdaraq tədqiqat fəaliyyətini davam etdirmişdir.
1955-ci ilin oktyabr ayından etibarən Azərbaycan Elmlər Akademiyasının Müasir Azərbaycan dilçiliyi şöbəsinə rəhbərlik etmiş və 35 il – 1989-cu ilə, ömrünün sonunadək bu vəzifəni icra etmişdir.
1963-cü ildə namizədlik dissertasiyasından on il sonra “Müasir Azərbaycan ədəbi dilində sadə cümlə” mövzusunda doktorluq dissertasiyasını müdafiə etsə də, işin SSRİ Ali Attestasiya Komissiyası tərəfindən təsdiqlənməsi iki il davam etmişdir. Elə həmin ildə professor elmi adına layiq görülmüşdür. O, 1960–1961-ci illərdə nəşr olunan ikicildlik “Azərbaycan dilinin qrammatikası” əsərinin redaktorlarından biri olmuşdur. “Müasir Azərbaycan dilində sadə cümlələr” (1964), “Azərbaycan bədii dilinin üslubiyyatı” (1970), “Azərbaycan dilində durğu işarələri” (1977) kimi fundamental əsərlər də onun elmi irsinə daxildir.
1980-ci ildə Zərifə Budaqova Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Uzun illər məsul vəzifələrdə çalışan alim Dilçilik İnstitutunda direktor müavini olmuş, 1987-ci ildə isə institutun direktoru seçilmiş və həyatının sonuna qədər bu vəzifədə fəaliyyət göstərmişdir.
Zərifə Budaqova 1989-cu il 9 noyabr tarixində vəfat etmişdir. O, eyni zamanda görkəmli alim Budaq Budaqovun ömür-gün yoldaşı olmuşdur.
“Ədəbiyyat və incəsənət”
(26.12.2025)


