Nisə Qasımova "Azərbaycan qızıyam" mahnısını niyə ifa edib? Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Hələ uşaqlıqdan sarı saçları, yaşıl gözləri və qeyri-adi gözəlliyi ilə yaxınlarından seçilən Nisə Qasımova musiqiyə maraq göstərir və daim diqqət mərkəzində olurdu. Səhnə həyatında kimi onu "Alman gəlinciyi" adlandırır, kimi isə anasının rus və ya ukrain olması haqda fikirlər irəli sürürdü. Elə bütün bunlara cavab olaraq Nisə Qasımova dillər əzbərinə çevrilən "Azərbaycan qızıyam" mahnısını ifa etmişdi...

 

Nisə Qasımova 1954-cü ilin 13 fevralında Bakı şəhərində anadan olub. Geniş səs diapazonu, musiqiyə marağı balaca Nisənin taleyini çox erkən yaşlarından ömürlük səhnəyə bağlayıb.

Atası Fətulla kişinin tam fərqli sahədə yəni dövlət xidmətində çalışmasına baxmayaraq, milli musiqi və muğamların bilicisi və savadlı xanəndə olması Nisə xanımın elə ilk olaraq ailədən musiqi ilə tərbiyələnməsinə şərait yaradır. Beləcə 8 yaşında Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" uşaq xorunun heyətinə qəbul olan Nisə Qasımova çox keçmir ki, peşəkar musiqi heyətinin diqqətini özünə cəlb edib 9 yaşında olarkən xorun gənc solisti olur.

"Günəş adlı yaxın dostum var mənim" məxsusi olaraq onun üçün yazılan bu mahnı ilə müxtəlif konsert proqramlarında çıxış edib. Çox keçmir ki, gənc Nisə 1971-ci ilin əvvəlində Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəzdindəki " Lalə qızlar ansamblı"na solist kimi dəvət olunur. Konsertlərin birində Nisə xanımın çıxışına valeh olan tanınmış bəstəkar və impressario Ələkbər Tağıyev elə həmin ərəfələrdə gənc sənətçiyə iş birliyi təklif edib.

Bundan əvvəl SSRİ xalq artisti Zeynəb Xanlarovanı Azərbaycan səhnəsinə təqdim edən Ələkbər Tağıyev 1972-ci ildən Nisə Qasımova ilə yaradıcılıq birliyinə başlayıb. Bəlkə də bu olay gələcəkdə hər iki xanım müğənni arasında yaranan və uzun müddət davam edəcək soyuq müharibəyə səbəb olub. 1972–1973 illərdə biri birinin ardınca "Ay ellər", " Sənsən Həyatım", "Eşqimi sönməyə qoymaram", "Gözləyəcəyəm", "Qəşəngdir" kimi mahnıları xalq tərəfindən sevilib və gənc müğənni tez bir zamanda uğur əldə edib

 

Elə həmin ildə Azərbaycanda çıxan plastinkalarla yanaşı Tiflisdə Nisə xanımın ilk kasetləri də işıq üzü görüb.

1975-ci ildə isə 21 yaşında olarkən Azərbaycan musiqisinin qızıl fonduna ifa etdiyi " Laylay" (Şəfiqə Axundova), "Sədaqətim var" (Ələkbər Tağıyev), "Bayatı Şiraz təsnifi" ilə daxil olan Nisə xanım artıq Azərbaycan Dövlət televiziyasının solisti kimi çalışmağa başlayıb.

Həmin illərdə SSRİ Dövlət elektro musiqi orkestrinin rəhbəri Vyaçeslav Mişşerinin dəvəti ilə Moskvaya gedən müğənni bu ansambla birgə "Gül bir az", "Gözləyəcəyəm", "Leyla" və. s. mahnılarından ibarət albom lentə aldırıb. Nisə xanımın Moskvadakı çıxışları zamanı məşhur rus bəstəkarı və şairi Nikolay Zinovyev gənc müğənninin ifaçılıq və səhnə istedadına valeh olub.

Yaradıcılığında Alla Puqaçova, İrina Alleqrova, Filipp Kirkorov kimi rus estrada ulduzlarına mahnı bəstələyən Nikolay məxsusi olaraq Nisə xanım üçün Azərbaycanda sonralar çox seviləcək "Xaxatunya", "Kaspiyskiy vals" və s. kimi mahnılar yazıb. 1977-ci ildə ali təhsilini davam etdirmək üçün valideynlərinin təkidi ilə Bakıya dönən müğənni İncəsənət İnstitutuna daxil olub, Moskvadakı fəaliyyətindən aralanmalı olub.

Tez bir müddətdə belə uğurlar qazanan prespektivli sənətçi sənət yoldaşlarının sifarişi ilə dəfələrlə təqiblərə və qadağalara məruz qalıb. Növbəti qalmaqal isə 1975-ci ildə baş verib. "Leyli və Məcnun" operasının televiziya versiyasında Leylini məharətlə ifa edən Nisə xanım tezliklə Mehdi Məmmədov, Bəhram Mansurov, Nicat Məlikov kimi dövrün ziyalılarının təklifi ilə Opera və Balet teatrında Leyli rolunu ifa etmək üçün dəvət alıb.

Nəhayət 1979-cu ildə yeni plastinkası satışa çıxan müğənninin Azərbaycanın ən böyük konsert salonlarında böyük anşlaqla konsertləri baş tutub. 1980-ci ildə isə Sovetlər Birliyinin "S pesnyami po jizni" beynəlxalq müsabiqəsində iştirak edən müğənni birinciliyi Azərbaycana qazandırıb.  Bakıya dönüşündə bu möhtəşəm uğura görə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını alıb. Bu sevindirici olayın ardından Nisə xanıma "Özbəkfilm"də çəkilən "Alovlu yollarla" bədii filminə çəkilmək üçün təklif gəlib.

Çəkilişlərdən sonra Özbəkistandan Bakıya dönən müğənninin həyatında yenə də xoşagəlməz hallar baş verib. Əvvəlcə Ələkbər Tağıyevin, daha sonra isə qardaşının vaxtsız ölümü Nisə xanımı möhkəm sarsıdıb və o, bir neçə il müddətinə səhnə fəaliyyətini dayandırıb. Nəhayət 3 illik fasilədən sonra səhnəyə qayıdan müğənnini bu dəfə xoşagəlməz olaylar sənət həyatında izləyib. Müğənninin fəaliyətində uzunmüddətli qadağalar dövrü başlayıb.

 

Sənətkarın televiziya çıxışlarına qeyri-müəyyən səbəblərdən məhdudiyyətlər qoyulsa da o, Azərbaycanın ən müxtəlif yerlərində, eləcə də sərhədlərimizdən kənarda Danimarka, İslandiya, Türkiyə, BƏƏ, Əfqanıstan, Ukrayna, Almaniya və digər ölkələrdə böyük uğurla konsertlər verib. 1989-cu ildə isə müğənni "Əməkdar artist" adını alıb. 90-cı illərin əvvəlində isə daim yenilikçi olan sənətkar xanım Azərbaycanda əyləncə məkanlarında şou proqramlar hazırlamaq fikrinə düşüb.

Bəzilərinin iradlarına və mediadakı sifarişli yazılara baxmayaraq Nisə xanım bu ideyanı gerçəkləşdirib. Elə həmin ərəfələrdə məhz müğənninin göstərişi ilə tikilmiş şəhərin ən böyük və sanballı əyləncə məkanlarının birində Nisə xanımın özünün və digər sənətçilərin səhnə aldığı şou proqram gerçəkləşib. Çox keçməyib ki, o, Azərbaycan televiziya məkanında daha bir yeniliyə imza atıb. Bu dəfə isə sənətkar xanım dövlət televiziyasında ilk dəfə olaraq özünün aparıcılıq etdiyi " Ulduzlar görüşəndə" televiziya layihəsini gerçəkləşdirib.

Onun daha bir uğuru isə 4 dildə ifa etdiyi Bakı mahnısına çəkilən uğurla bağlı idi. Nəinki yerli televiziyada eləcə də Türkiyə və Rusiya televiziyalarında da yayımlanan musiqi nömrəsi o qədər sevilib ki, sənətçiyə Moskvada yeni silsilə konsert proqramları ilə çıxış etmək təklifi gəlib. Bu arada o zamankı Respublika sarayı — indiki Heydər Əliyev adına sarayda növbəti konsert proqramının məşqlərinə başı qarışan Nisə xanım növbəti xoşagəlməz xəbərlə üzləşib.

Bu xəbər isə onun verilişinin dayandırılması ilə bağlı olub. Səbəb kimi sənətçinin dekolte geyimdə efirə gəldiyi mediada hallansa da, müğənni müsahibələrində bunun tamam başqa səbəbi olduğunu deyib və öz zamanında hər şeyə açıqlama gətirəcəyini vurğulayıb. Verilişin dayandırılması və qeyri-müəyyən səbəbdən qoyulan qadağalardan inciyən sənətkar xanım 1997-ci ildə Bakıda son konsertini gerçəkləşdirib və Moskvaya köçüb.

Moskvanın "Varşava", "Arion" kimi böyük konsert zallarında çıxış edən müğənni 3 il müddətində vətəndən uzaq düşüb.  Həmin dövrlərdə də daim sənət fəaliyyətində olan Nisə Qasımova bəstəkar Siyavuş Kərimi ilə iş birliyinə başlayıb. Moskvada bir neçə klip və telekonsert hazırlayıb. Nəhayət 3 ildən sonra ailə üzvlərindən birinin toy məclisində iştirak etmək üçün Bakıya dönüb.

 Müğənninin gəlişindən xəbər tutan televiziya nümayəndələri onu hava limanında qarşılayıb birbaşa dövlət televiziyasında o zamanlar uğurla yayımlanan "Gəl səhərim" verilişinin çəkiliş meydançasına gətiriblər. Bakıda olduğu müddətdə xalq tərəfindən sevgi ilə qarşılanan sənətkar yenidən vətəndə bir müddət qalmağı qərarlaşdırıb. Media və onu sevənlərin böyük hörməti və diqqətindən boş vaxt tapmayan Nisə xanım xalqın istəyi ilə yenidən ekranlara qayıdıb.

 

"Yalandı dünya" albomunun möhtəşəm uğurunun ardınca "Yalvarıram", "Qayıtdım", "Məni satdın nəfsinə" xitlərinin dillər əzbəri olması ilə müğənni daha aktiv fəaliyyətə başlayıb. O ərəfələrdə "Qayıtdım" adlı solo konsert proqramını tamaşaçılara təqdim edən müğənni yaradıcı gənclərə dəstək olmaq məqsədilə "Kainat" studiyasını yaradıb. Beləliklə səhnə fəaliyyətinin ikinci baharını yaşayan sənətkar 2004-cü ildə "Anar optik" mağazalar şəbəkəsi ilə 5 il müddətində şirkətin reklam üzü kimi müqavilə imzalayıb.

Daha sonra "Ömrümdən gedən illər", "The best of", "İkinci bahar" kimi musiqi albomlarını dinləyicilərə təqdim edən müğənni 2005-ci ilin 6 aprelində Bakıdakı Heydər Əliyev adına sarayda "Şahanə sevgimlə" adlı solo konsert proqramını gerçəkləşdirib. 21 yaşından televiziya solisti kimi çalışan Azərbaycanın ilk aparıcı müğənnisinin elə aparıcılıq fəaliyyəti də bu gün davam etməkdədir.

2005-ci ildə Space teleradio şirkətində 6 ay müddətində "Space şou" verilişinin aparıcısı olan Nisə xanım artıq 2007-ci ilin sentyabrından həftəiçi 5 gün 2 saatlıq "Xoş vaxt olun" life şousu ilə sevənlərin görüşünə gəlib. Davamlı sənət uğurları ilə yanaşı ictimai fəaliyyətlə də məşğul olan müğənni özünün adını daşıdığı "Nisə Qasımova fondu"nu yaradıb davamlı xeyriyyə və mədəniyyət aksiyalarını maliyyələşdirib.

 2008-ci ildə sənət fəaliyyətinin 36 illiyi ərəfəsində isə Nisə xanıma "Birliyə doğru" beynəlxalq humanitar təşkilatı tərəfindən " Əlimi tut, səninləyəm" xeyriyyə layihəsinə görə Azərbaycanın "ən xeyirxah müğənnisi" diplomu verilib. 2019-cu ildə Heydər Əliyev adina sarayda "İmza:MƏN" adlı solo konserti baş tutub.

 

Mükafatları

- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı

- Azərbaycan SSR Əməkdar artisti fəxri adı

- Azərbaycan Respublikasının Xalq artisti fəxri adı

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.