İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Musiqinin xor sənəti sanki idmanın komanda növüdür. Burada hamı birlikdə uğur üçün çalışır. Bu sahədə fərd toplumun sadəcə bir hissəsidir deyə seçilmək çətiindir. Amma xorun da önündə gedənlər vardır...
“Ən yaxşı musiqi aləti insan səsidir, çünki bütün hiss qammasına hakimdir.” Azərbaycan Dövlət Kapellasının bədii rəhbəri və baş dirijoru, Azərbaycanın Xalq Artisti Gülbacı xanım İmanova belə düşünür.
Gülbacı İmanova 1956-cı il fevralın 13-də Bakı şəhərində anadan olub.1980-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakultəsini bitirib.1980-cı ildən BMA-da «xor dirijorluğu» ixtisasından və xor fənnlərinin metodikasından dərs deyib.1989-cu ildən Ş. Məmmədova adına Opera studiyasında baş xormeyster kimi fəaliyyət göstərib.1993-cü ildən etibarən Bakı Musiqi Akademiyasında dirijorluq kafedrasında çalışıb.
1996-cı ildə Azərbaycan Dövlət Xor Kapellasına bədii rəhbər və baş dirijor vəzifəsinə təyin edilib. 2000-ci ilin oktyabr ayında «Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi» fəxri adına,2005-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülüb. 1999-cu ildə BMA-nın «dirijorluq» kafedrasına dosent vəzifəsinə müsabiqə ilə keçib. Hal-hazırda kafedranın professoru vəzifəsində çalışır.
1996-cı ildə Gürcüstan respublikasının Mədəniyyət nazirliyinin, eləcə də prezident E. A. Şevardnadzenin fəxri fərmanlarına layıq görülüb.1999-2000-ci illərdə G. İmanova Türkiyə Cümhuriyyətinin fəxri fərmanlarına və mükafatlarına layıq görülüb. Müəllimlik etdiyi vaxtdan bir sıra dirijor-xormeyster yetişdirib. Onlar arasında 5 magistr, 10 bakalavr və assistent-aspirant var.
Mükafatları
- Gürcüstan respublikasının mədəniyyət nazirliyinin, və prezident E. A. Şevardnadzenin bir çox fəxri fərmanları
- Türkiyə Cümhuriyyətinin fəxri fərmanları və mükafatları
- "Azərbaycanın əməkdar incəsənət xadimi" fəxri adı
- "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adı
- 9 dəfə Prezident mükafatına layiq görülüb
- 10 may 2022-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb
Nə qədər məşğul olsa da o, məmnuniyyətlə media qarşısında da görünür. Bu müsahibəsinə diqqət edək:
-Siz hansı musiqi alətində çalmağı öyrənmisiniz və niyə xormeyster oldunuz?
+Məktəbi fortepiano sinfi üzrə bitirmişəm, amma dirijor peşəsi həmişə məni özünə çəkirdi. Bu isə dirijorluğu sırf kişi işi sayan valideynlərimin heç xoşuna gəlmirdi. Amma musiqi orta ixtisas məktəbinə qəbul zamanı mən məhz xor dirijorluğu fakültəsinə təkid etdim. Hacı Xanməmmədovun sinfində oxumuşam, o, dirijorluqla yanaşı, kompozisiya üzrə də tapşırıqlar verirdi.
Bu, indi mənim işimə yarayır. Orta ixtisas musiqi məktəbini bitirdikdən sonra bəstəkar Vasif Adıgözəlov mənə göndərişlə Leninqradda oxumağı təklif etdi. Anam bunun əleyhinə getdi, təhsilimi Bakı Konservatoriyasında davam etməyim üçün məni dilə tutdu. Mən onda Eduard Novruzovun rəhbərlik etdiyi kapellada oxuyurdum. Həm də Kirov qəsəbəsində musiqi məktəbində işləyirdim, məktəbin xoru respublika uşaq xor kollektivləri arasında keçirilmiş müsabiqədə birinci yeri tutdu.
Konservatoriyada mən Opera və Balet Teatrının baş xormeysteri Nicat Məlikovun yanında oxumuşam, bunun hesabına teatrın rəngarəng opera repertuarı ilə tanış olmuşam. Xormeysterin işinə bir çox ixtisaslar daxildir - mən musiqi alətində ifa etməyi bacarmalıyam, geniş səs diapazonun olmalıdır, nəzəri cəhətdən savadlı, hərtərəfli bilik sahibi və psixoloq olmalıyam.
Yəni indi də mən öz peşəkarlığımı təkmilləşdirməkdə davam edirəm. Amma buna qədər mən böyük dirijor Niyazinin yanında məktəb keçmişəm, onun filarmoniyadakı məşqlərinə baxmışam. Dahi Fikrət Əmirovun özündən əsərlərini ifa edən zaman tövsiyələr almışam.
-Siz Bakı Musiqi Akademiyasının professorusunuz, xor dirijorluğu kafedrasının müdirisiniz, bu istiqamətdə hansı uğurlarınız var?
+Bəzi yetirmələrim mənimlə bir kafedrada işləyir, çoxu Azərbaycanın müxtəlif musiqi tədris müəssislərində dərs keçir. Mən musiqi məktəblərinin xor kollektivləri arasında Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən və keçirilən müsabiqənin münsiflər heyətinin sədri olduğumdan, müşahidə aparıram və görürəm ki, ölkəmizdə uşaqların musiqi uğurları yüksəlişdədir. Konservatoriyanın opera studiyasında tələbə xoru ilə işləyən zaman mənim imkanlarımı görən Fərhad Bədəlbəylinin tövsiyəsi ilə 1996-cı ildə Polad Bülbüloğlu məni dövlət kapellasının rəhbəri təyin etdi.
-Azərbaycanın Dövlət Xor Kapellası Avropanın bir çox şəhərlərində uğur qazanıb; İspaniyada, Gürcüstanda və başqa ölkələrdə keçirilmiş unudulmaz xor axşamlarında qədirbilən musiqisevərlərin xatirəsində iz buraxıb...
+Gerçəkdən, İspaniyada Azərbaycandan gəlmiş xorun fantastik çıxışından bəhs edirdilər, orada bilet çatışmadığından, insanlar küçədə dayanıb konserti dinləyirdilər. Tam anşlaq idi, ifa sürəkli alqışlarla müşayiət olunurdu.
Biz Gürcüstanın Qori şəhərində də konsert vermişik, orada xor kollektivlərinin beynəlxalq festivalı keçirilirdi. Biz dünya və Azərbaycan klassikasının ən yaxşı nümunələri ilə yanaşı, folklor və muğam da ifa elədik. Zal şokda idi və biz ən yaxşı sayıldıq. Bizi iki dəfə də Moskvaya beynəlxalq xor festivalına dəvət ediblər. Təəssüf ki, az-az çıxırıq, halbuki, biz bütün dünyanı fəth etməyə qadirik. Nümayiş etdirməyə çox zəngin repertuarımız var.
Rusiyanın dünyada tanınmış dirijoru Vladimir Verbitski bizim kapella ilə birlikdə Sergey Prokofyevin möhtəşəm «Çar İvan Qroznı» oratoriyasını ifa edib və xorun yüksək peşəkarlıq səviyyəsini xüsusi qeyd edib. Dahi bəstəkar Qara Qarayevin oğlu, bəstəkar Fərəc Qarayev isə novator «Kənar şəxs» operasını bizim filarmoniyanın səhnəsində tamaşaya qoyan zaman dedi ki, biz Avropa səviyyəsində yox, çox yaxşı Avropa səviyyəsində ifa edirik.
-Yüksək peşəkarlıq səviyyəsi necə qazanılır?
+Bu cür böyük kollektivlə işləmək çətindir, hər bir artistə fərdi yanaşmaq, vacib olan sözü demək, xoru çıxışqabağı ruhlandırmaq lazımdır. Məşqlərlə yanaşı, ifa edilən proqramdan asılı olaraq bu və ya başqa çıxış zamanı xorun əhvalı xüsusi rola malikdir. Müxtəlif janrlı əsərlərin yüksək peşəkarlıqla ifası üçün xoru ruhlandırmaq çox vacibdir. Bunun üçün kapellanın hər bir ifaçısının, həmçinin bütünlükdə kollektivin imkanlarını bilmək lazımdır. Çünki həssas, xüsusilə də kövrək olan vokalçılara incə yanaşma tələb olunur.
“Ədəbiyyat və incəsənət”
(13.02.2026)


