Mahnı oğurluğu niyə bu qədər dəbdədir? Featured

 

Fariz Əhmədov,

“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Bir vaxtlar “Hər şeyi bilən adamın dastanı” adlı bir kitab oxumuşdum. O vaxt düşünürdüm ki, görəsən, doğrudanmı bir insan hər şeyi bilə bilər? Uşaq ağlımla buna inanırdım. Çünki bizim dünyamızda atamız hamıdan güclü, anamız hamıdan evdar, qardaşımız ən ağıllı, müəllimimiz isə ən savadlı idi. Bu gedişatın bütün uşaqlarda aşağı-yuxarı eyni olduğu inancındayam.

 

Zaman keçdikcə anlayırsan ki, “hər şeyi bilən” adam yoxdur. Sadəcə, biz kimlərisə gözümüzdə böyüdürük. Sonra gözümüzdə böyütdüyümüz adamlar yavaş-yavaş dilimizin ucundan sürüşüb havaya, suya, torpağa qarışırlar.

Biz həmişə tərifə açıq, tənqidə isə qapalı olmuşuq. Kimi haqlı tənqid etsən, dərhal düşünür ki, ona pislik edirsən. On nəfər yığışıb bir iş görür, içlərində ən az əziyyət çəkən çıxıb deyir: “Bu layihəni təkbaşına mən ərsəyə gətirmişəm.” Bəlkə də buna görədir ki, Təhminə də Zaura: “Həyatdır da, Zaur, hər şey ola bilər”, – deyirdi.

Musiqi ilə aram yaxşıdır. Dinləməyi də sevirəm, araşdırmağı da. Xüsusilə söz, musiqi və aranjiman eyni adama məxsus olanda. Bu, nadir haldır. Çünki musiqi yalnız istedad və duyum tələb edir. Bu yükü qaldıra bilməyənlər başqasının əziyyətinə asanlıqla şərik olurlar. İndi bir gecəyə aranjiman edilən mahnı səhər trendə düşür. Dünən yazılıb, bu gün hit olur. Görəsən, bu nəyin əlamətidir?

Mən həmişə düşünürəm ki, ölkənin mədəniyyəti və mentaliteti ilk növbədə gömrük və hava limanlarında xarici qonaqları qarşılayan sürücülərin davranışından başlayır. Məhz bizim ən çox diqqət etməli olduğumuz məqamlardan biri, bəlkə də birincisi budur.

Bütün sənət növləri çətin olduğu kimi, musiqi də mənim üçün ən çətin sənətdir. Musiqiçi olmaq üçün mütləq hiss və duyuma ehtiyac var. Bu baxımdan musiqinin kökləri dərin olan ölkələr mövcuddur. Bizim ana Vətənimiz də demək olar ki, sazlı-sözlü ölkələrdəndir.

Yaxşı mahnı mənə görə möhür kimidir. Bir dəfə vurulur. Altı il bundan öncə bir mahnı dinlədim. Mahnı İran mahnısı idi. Behnam Baninin “Fəqət boro” (“Sadəcə get”) mahnısı və klipi olduqca keyfiyyətli idi. Mahnı qısa müddətdə məşhurlaşdı. Üzərindən təxminən bir il keçmişdi ki, birdən tanış kadrlar gördüm: eyni başlanğıc, eyni ab-hava, eyni quruluş. Müğənni Çingiz Mustafayevin ifasında “Can can” mahnısı. Bəli, tamamilə yuxarıda adını çəkdiyim mahnının klipi üzərində qurulmuşdu. Təkcə sözləri fərqli idi.

İndi bu müğənniləri sorğulamaq lazım deyilmi: niyə dinləyicini aldadıb öz layihələri kimi təqdim etdikləri mahnılar başqa müğənninin repertuarından olduğu kimi oğurlanır və müəlliflik hüquqları pozulur? Görəsən, bu adamlar özlərini hamıdan ağıllı hesab edirlər? Adama deyərlər ki, əgər yaradıcılıq qabiliyyətin yoxdursa, başqa sahə seç. Hər kəs müğənni olmağa borclu deyil. Hər kəs bəstəkar olmalı deyil. Sənət məcburiyyət deyil.

Əslində məsələ düşünmək qabiliyyətindədir. Əgər bacarmırıqsa, öyrənək. Öyrənə bilmiriksə, etiraf edək. Amma başqasının haqqına girməyək. Müəlliflik hüququ təkcə hüquqi məsələ deyil, həm də vicdan məsələsidir. Belə bayağı hərəkətlərlə özümüzü həm özümüzə, həm də kənara güldürməyək. “Qara bizi basınca, biz qaranı basaq” prinsipi ilə yaşamayaq!

Qeyd: Bu yazı təkcə Çingiz Mustafayev üçün deyil bütün bu işi görən hər kəs üçün yazılıb. Və bu hallar qarşıma çıxdıqca hissə-hissə hamısını paylaşacam!

Müəllif hüquqlarına toxunmayaq!

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.