İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Tipik sovet rəssamı necə olurdu? Partiya işi, kommunizm quruculuğu, fəahlə rəşadəti, kolxoz-sovxoz qabaqcılları – bu sayaq işlərlə irəliləyər, mükafatlar alar, güzəran qurardı. Məsələn, Cahangir Rüstəmovun ömür və yaradıclıq yoluna baxaq.
O, 5 mart 1926-cı ildə Şəki şəhərində anadan olub. O, 1939-cu ildə 7 illik məktəbi bitirib. 1939–1941-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb. Cahangir Rüstəmov Rəssamlıq məktəbini başa vurduqdan sonra, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub, lakin ailə durumu səbəbindən təhsilini yarımçıq qoyub Bakıya qayıdıb.
Rəssamın yaradıcılığı rəngkarlığın bir çox janrını əhatə edərək, milli ruhu və poetikliyi ilə fərqlənir. C.Rüstəmovun yaratdığı tarixi mövzuda çoxfiqurlu lövhələr, həm bayram, zəhmət və istirahət mövzusunda kompozisiyalar, həm də məişət tabloları, epik mənzərələr, portretlər və ifadəli natürmortlar buna nümunədir. Milli koloriti, emosionallığı ilə seçilən "Üzümlük", "Çay becərənlər", "Tarla zəhmətkeşləri", "Kolxozçular", "Balaca köməkçi qız", "Dağlarda", "Şahdağ" və digər tabloları ona şöhrət gətirib.
1945-ci ildə respublika rəssamlıq sərgisində "Axırıncı düşmən əsgəri" adlı əsəri ilə iştirak edib. O, 1955-ci ildə SSRİ Rəssamlar İttifaqı üzvlüyünə qəbul olunub. Rəssamın 1953-cü ildə Bakıda hesabat sərgisi açılıb. 1955-ci ildə "Ən yaxşı uşaq mövzusuna görə" komsomolun diplom və xüsusi nişanına layiq görülüb. Rəssamın 1962-ci ildə Bakıda "Paris-Tunis", 1973-cü ildə isə Astara rayonundakı Nizami kolxozunda hesabat sərgisi açılıb.
Onun əsərləri, 1979-cu ildə Azərbaycan rəssamlarının xarici ölkələrdə açılmış sərgilərində iştirak edib. Azərbaycanın təsviri sənətinin inkişafındakı xidmətlərinə görə Cahangir Rüstəmov 1982-ci ildə Azərbaycan SSR əməkdar rəssamı, 2002-ci ildə isə Azərbaycan Respublikasının xalq rəssamı fəxri adlarına layiq görülüb. Rəssamın 2002-ci ildə Bakıda V.Səmədova adına sərgi salonunda fərdi sərgisi açılıb. O, 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.
Cahangir Rüstəmov 2007-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(13.02.2026)


