Super User
“Vətəndə son gecə” – Ağalar İdrisoğlunun dramatik hekayəsi
Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə.
Heydər Əliyev
1993-cü ilin fevralı...
Tanınmış alim, məşhur riyaziyyatçı, maraqlı hekayələrin, povestlərin müəllifi, böyük filosof, imzasına, ağlına, təfəkkürünə millətin çox hörmət etdiyi Fikrət Qayalının və ailə üzvlərinin bu gecə Vətəndə son gecələri idi.
Onlar sabah saat 11-də təyyarə limanında olacaqdılar. Fikrət Qayalı, həyat yoldaşı Zəmilə xanım, oğlu Tural, qızı Fikriyyə, kürəkəni Hikmət və dörd qız nəvələri yaşamağa Almaniyaya gedəcəkdilər. Doğma yurddan getmək hamının ürəyincə olsa da Fikrət Qayalının və Zəmilə xanımın ürəyincə deyildi. Onlar ömürlərini pis-yaxşı burada, Vətəndə sürmüşdülər. Artıq ahıl yaşında idilər...
Fikrət Qayalının böyük oğlu Hilal Almaniyada yaşayırdı. O da atası kimi riyaziyyatçı idi. Almaniyada təhsil alandan sonra onu orada saxlamışdılar. Ağlına, savadına, biliyinə, bacarığına görə Hilala hər cür şərait yaratmışdılar. Otuz yaşında elmlər doktoru olmuşdu. İndi qırx yaşı vardı. Almaniyanı xarici ölklərdə beynəlxalq səviyyəli elmi yığıncaqlarda təmsil edirdi....
İndi yetmiş yaşlı Fikrət Qayalı da Almaniyaya mühacirətə gedirdi. Çünki siyasi baxışlarına görə onu Vətəndə həbs edib, ona qondarma cinayət işləri açmışdılar. Üç ay həbsdə yatandan , orada başına bəzi işgəncələr gətiriləndən sonra oğlu Hilal Qayalının böyük səyi nəticəsində beynəlxalq təşkilatlar və səfirliklər işə qarışaraq onu azad etmişdilər. Amma bu şərtlə ki, ölkədən köçüb getsin. Fikrət Qayalı buna razı olmasa da və mübarizəsini, heç bir günahı olmadığını sübüt etməyi Vətəndə davam etdirmək istəsə də, amma polad iradəli bu böyük şəxsiyyəti sındırmışdılar... Artıq heç yerdə işləmirdi. “Yaş senzinə” görə bir il bundan qabaq işdən də çıxarmışdılar. Özü də təkcə onu yox, həkim oğlu Turalı, riyaziyyatçı qızı Fikriyyəni və savadlı fizik, kürəkəni Hikməti də ayrı-ayrı bəhanələrlə işdən uzaqlaşdırmışdılar. Nəvələrinə isə məktəbdə müəllimlər və bəzi sinif yoldaşları eyhamla “ Vətən xainin nəvələri” sözləri deyir və onları da sındırırdılar. Son iki ayda onlar da məktəbə getmək istəmirdilər... Bax, bütün bunlara görə Almaniyada yaşamağa getmək onların ürəyincə idi. Amma bu, Fikrət Qayalının ürəyincə deyildi. O, doğma canından çox sevdiyi, minlərlə ağrılı-acılı-şirinli xatirələr yaşamışdı bu Vətəndə... Öz biliyi, savadı, böyük zəhməti ilə istədiklərini əldə edə bilmişdi. Doğmalarının qəbirləri vardı bu məmləkətdə. Tez-tez gedib onların qəbirlərini ziyarət edirdi. Axı Fikrət Qayalı bunları qoyub necə gedə bilərdi?.. Beynindəki yüzlərlə sual ona yatmağa imkan vermirdi. Almaniyaya da bu ümidlə gedirdi ki, tezliklə hökumət devriləcək və o, yenidən Vətənə qayıdacaq. Çünki hakimiyyətə gəldiyi iki ildə bu hökumət böyük haqsızlıqlar edir, millət arasına tayfabazlıq, yerlibazlıq, rüşvət toxumu səpir və onunla razılaşmaq istəməyənlərin də ağlına, bacarığına, millətə hansı xeyir verməsinə baxmadan Vətəndən sürgün olunmasına, həbsxanalara salınmasına çalışırdır. Ağıllı, savadlı, sözü üzə deyən, iş bacaran insanlar yeni hökumətin düşməni idi. Elə bil bu hökumət qarşısına bir məqsəd qoymuşdu. Millət nadan, savadsız olsun. Çünki qara, savadsız kütləni idarə etmək asan olar...
Fikrət Qayalı da məhz bu oyunun qurbanı olmuşdu. Dərs dediyi universitetdə iş bacarmayan, savadsız, amma yüksək səviyyədə rüşvətxor, yeni hakimiyyətin adamı olan, bir vaxtlar riyaziyyat üzrə doktorluq elmi işini Fikrət Qayalı yazan Sərvaz Məmmədlini rektor təyin etmişdilər. Müəllimlərin, tələbələrin çoxu buna etiraz etsə də, amma sonra çoxunu ayrı-ayrı fəndlərlə, hiyləgər siyasətlə susdursalar da, Fikrət Qayalını susdura bilməmişdilər. Bu da yeni rektorun əlində çox tutarlı, yaxşı alət olmuş və universitetdə olan bu narazılıqların hamısının başında Fikrət Qayalının durduğunu, indiki hökuməti devirib, özü Prezident olacağını yeni hökumətə inandırmış və onunla bağlı çoxlu danos hazırlayıb həm mətbuata, həm də yeni hökumətə ötürmüşdülər. Təkcə bir günün içərisində otuzdan artıq qəzet və sayt Fikrət Qayalı ilə bağlı yalan məlumatları öz səhifələrində çap etdirib, onu ölkədə çeviriliş etmək istəyən Vətən xaini adlandırmışdılar. Bir qrup radikal müxalifətçilərlə əlbir olduğunu, bir neçə xarici ölkəyə cəsusluq etdiyini də ona damğa kimi vurmuşdular. Hətta universitetdə bir neçə tələbə və onların valideynlərini də tapib, guya Fikrət Qayalıya rüşvət verib, müsbət qiymət aldığını da yazmışdılar. Bunların hamısının yalan, qurama oyun olduğunu Fikrət Qayalı mətbuatda yazmaq istəsə də qəzet və sayt rəhbərləri onun bu yazılarını çap etmək istəməmişdilər. Beləliklə, az bir vatda Fikrət Qayalı haqqında çoxlu qondarma məsələlər hazırlayıb, başqa alimlərə, yazarlara görk olsun deyə onu həbs etmişdilər...
Bütün bunları beyinindən keçirən və bir ilin içərisində başına bu qədər dəhşətli oyunlar gələn Fikrət Qayalı yata bilmirdi. Elə bil ki, yerinə qor dolmuşdu... Gecə saat ondan yerinə girsə də gözünə yuxu getmirdi. Balışının yanında qoyduğu qol saatına baxdı. Bu saatı ona İngiltərədəki çıxışına görə bağışlamışdılar. Çox qiymətli saat idi. Axşamlar da işıq saçırdı. Saat üç idi. Evdə hamı yatmışdı. Zəmilə xanım oyanmasın deyə sakitcə yerindən durub, mətbəxə keçdi. Umumiyyətlə, Fikrət Qayalının adəti id. O, axşamlar tez yatırdı və səhər saat 4- 5 radələrində ayağa durub, bədii yazılarını yazmaq üçün mətbəxə keçirdi. Mətbəx onunçün bu evdə ən yaxşı yer sayılırdı. Elə gündüz də mətbəxtdə oturub, pəncərədən bayıra baxmağı çox xoşlayırdı. Bu yerə o, “qəm və ilham pəncərəsi” deyirdi. Çünki məhz bu pəncərənin qarşısında əyləşməklə çoxlu maraqlı hekayələrini yazmış və riyazi tapıntılarını eləmişdi. O, mətbəxdəki mebelin yuxarı gözünə qoyduğu vərəqləri və qələmi götürüb, pəncərənin qarşısındakı mətbəx stolunun arxasında əyləşdi. Pəncərədən bayıra baxdı. Artıq gündüzdən yağan qar, yeri ağappaq eləmişdi. Yenə də narın qar yağmağa davam eləyirdi. Kiçik çillə son günlərini yaşasa da, var qüvvəsilə özünü göstərirdi. Bəzi cır adamlar kimi “mən də varam” deyirdi. Həyətdəki maşınların da hamısı qarın altında idi. Ağacların budaqları qarın ağırlığından əyilmişdilər. Fikrət Qayalı yerinə uzandığı vaxtdan beynində bir mövzu onu çox narahat edirdi. Bu mövzunun adını da artıq tapmışdı, belə fikirləşmişdi: “Vətəndə son gecə”. Mövzunun da elə bil ki, hər bir sətri onun beynində hazır idi. Sadəcə əyləşib, onu yazıya köçürmək lazım idi. Fikrət Qayalı düşünürdü ki, bu hekayə onun ən yaxşı hekayələrindən biri ola bilər. Hətta fikirləşirdi ki, bu mövzunu sonra genişləndirib, hətta povest, roman da eləyə bilər. O, qaz sobasını yandırıb, çayniki onun üstünə qoydu. Bədii yazılar yazanda çay, kofe içməyi çox xoşlayırdı. O, mövzunun adını yazdı. “Vətəndə son gecə”. Dramatik hekayə. Sonra fikrini tam toplamaq üçün yenidən pəncərədən həyətə baxdı. Həyətdəki gur işıqların altında, iki evin arasındakı, maşınların saxlandığı meydança aydın görünürdü. Küləyin təsirindən havada “rəqs edən” böyük qar dənələri yerə düşməyə tələsirdilər.
Bu vaxt Fikrət Qayalı həmin meydançada bir sahibsiz itin öz balası ilə qarda o tərəf-bu tərəfə getdiyini, özü üçün sığınacaq axtardığını gördü. Sonra bir pişyin ağzında balasını tutaraq, qarı yara-yara qonşuluqdakı binanın zirzəmisinə girmək üçün özünə çox çətinliklə yol açdığını gördü... Özündən asılı olmayaraq, özünü həmin canlıların yerində hiss elədi... Axı o da tanınmış alim, yazıçı olsa da bu gün dövlət tərəfindən unudulan, bir il idi ki, tam yaddan çıxan sahibsiz bir insan idi...
... Bu vaxt Fikrət Qayalı ürəyində küt ağrı hiss elədi. Ağrı getdikcə şiddətləndi. Onu soyuq tər basdı. Ayağa durmaq istədi. Bacarmadı. İstədi həyat yoldaşı Zəmiləni və uşaqlarını çağırsın. Elə bil boğazı kilidlənmişdi. Xırıltılı səslə nə isə demək istədi. Alınmadı. Başını stolun üstünə qoydu. Xırıltısı bir az da artdı və sonra tam kəsildi... Fikrət Qayalının ürək damarları partlamışdı... Ağzından qan stolun üstündəki “Vətəndə son gecə” sözləri yazılmış ağ vərəqin üstünə yayıldı... Bu qan, vərəqin üstündə saplağı kəsilmiş, ləçəkləri didik-didik olan qırmızı qərənfili xatırladırdı...
Bir həftə bundan qabaq bir həkim dostu ona demişdi ki, ürəyində problemlər var. Fikrət Qayalı fikirləşirdi ki, “Almaniyaya gedib, orada müalicə olunar”. Çünki buradakı həkimlərə inamı qalmamışdı...
... Həbsxanada yatan vaxt təzyiqi kəllə-çarxa çıxanda, oradakı həkimlər onun səhhətində problemlər yaratsalar da, onu insult olmaq dərəcəsinə çatdırsalar da o, möcüzə nəticəsində salamat qalmışdı... Amma indi ürəyi onu Vətəndə saxlamaq üçün Fikrət Qayalıya “naxələf” çıxmışdı...
(Sumqayıt şəhəri, 08-18 fevral - 2023-cü il)
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)
“YAŞAT” Fondu şəhid övladları üçün “Bir uşaq-bir gələcək” layihəsinə başlayıb
“YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün “Bir uşaq-bir gələcək” layihəsinə start verilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Fonddan məlumat verilib.
Layihə çərçivəsində ölkə üzrə özəl məktəblərin 1-11-ci sinfində təhsil alan şəhid övladlarına ödənişsiz təhsil imkanları ilə bağlı tədbirlər həyata keçiriləcək.
Bu çərçivədə müxtəlif şirkətlər və fiziki şəxslər tərəfindən ilkin mərhələdə 12 şəhid övladının təhsilinə dəstək göstərilib.
Belə ki, "Mr.Fix" tərəfindən hər il üçün 31240 AZN ayrılmaqla beş şəhid övladının məktəbi bitirənə qədər olan təhsil haqqı, "Megastore" tərəfindən 32180 AZN ayrılmaqla 5 şagirdin bir illik təhsil haqqı, "Perla Mebel" tərəfindən isə hər il üçün 6360 AZN ayrılmaqla 1 şagirdin məktəbi bitirənə qədər olan təhsil haqqı qarşılanacaq.
Qələbəni bizə yaşadanları birgə yaşadaq!
Şəhidlərimizin yadigarlarına dəstək üçün Fond hər kəsi bu təşəbbüsə qoşulmağa dəvət edir.
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)
Cavadın “Şükriyyə taleyi”
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Bir sevgi var ki, onun işığı əsrlər keçsə də, solmaz. Bu sevgi unudulmaz şairimiz Əhməd Cavad və onun ömür-gün yoldaşı Şükriyyə xanımın arasında çiçəklənən, poeziya kimi saf, Vətən sevgisi kimi müqəddəs idi.
Əhməd Cavadın şəxsiyyəti yalnız şair kimi deyil, həm də bir vətənpərvər, azadlıq aşiqi kimi xalqının yaddaşında yaşayır. Amma onun iç dünyasının ən dərin qatlarında bir ad var idi – Şükriyyə. Bu ad onun qəlbini döyündürən, misralarına can verən ilham mənbəyi idi. Şükriyyə xanım təkcə həyat yoldaşı deyil, həm də onun əsl dostu, dayağı və ruhunun dincliyi idi.
Onların sevgisi təsadüfi bir görüşlə başlamamışdı. Bu sevgi tale yazısı kimi idi, sanki onlar biri-biri üçün doğulmuşdular. Əhməd Cavadın "Çırpınırdı Qara dəniz" kimi vətən həsrəti dolu şeirləri Şükriyyə xanımın ruhunda əks-səda tapırdı. Çünki bu qadın da həyatını vətənə, ailəyə və sevgiyə həsr etmişdi.
Hər dəfə Əhməd Cavad uzaq yollara düşəndə Şükriyyə xanımın gözlərində həm sevgi, həm həsrət, həm də qürur əks olunardı. O bilirdi ki, onun sevdiyi insan yalnız onun deyil, bütün bir xalqın azadlıq rəmzidir. Amma yenə də hər bir məktubunda, hər bir şeirində Cavadın qəlbinin bir guşəsi yalnız Şükriyyəyə aid idi.
Onların sevgisi yalnız xoşbəxtliklə yoğrulmamışdı. Təqiblər, sürgünlər, çətinliklər bu sevgini sarsıtmağa çalışsa da, əksinə, onu daha da gücləndirmişdi. Əhməd Cavadın həbs olunduğu vaxtda Şükriyyə xanımın sədaqəti, dözümü bir an belə zəifləməmişdi. Həyat onları hər nə qədər ayrı salsa da, onların qəlbi bir-birinə sıx bağlı idi.
Bir gün Əhməd Cavad vətən və sevgi uğrunda fədakarlığının son həddinə çatdı. Onun susdurulması zülmün, lakin eyni zamanda, əbədi bir sevgi dastanının yazılması idi. Şükriyyə xanım isə bu məhəbbətin qoruyucusu oldu. O, Əhməd Cavadın ruhunu yaşatdı, onun sevgisini, şeirini, adını unudulmağa qoymadı.
Bu sevgi bir insanın digərinə olan bağlılığından çox ilahi bir bağlılıq idi. O sevgi ki nə zamana, nə də məkanlara sığar. Əhməd Cavad və Şükriyyə xanımın sevgisi hər birimizin qəlbində bir cütlük olaraq yaşamaq, sevmək və vəfa göstərmək üçün ilham mənbəyi olaraq qalır. Onların sevgisi yalnız bir dastan deyil, həm də bir dərsdir. Bu dərs sevginin təkcə xoşbəxtlik deyil, həm də fədakarlıq olduğunu öyrədir. Əhməd Cavad və Şükriyyə xanımın sevgisi isə bu dərsin ən gözəl misalıdır.
Və budur, vəfayla sevginin ahənginin poeziyada təzahürü:
Şükriyyə taleyim, şükür xudaya! Gördüyüm doğrumu, yoxsa pək röya?! Dolub ürayimə bu dadlı xülya, Şirin günlərimi sürmərəm sənsiz! Əvət, bu sevdanın səfası çoxdur, Sevdasız həyatın mənası yoxdur! Gözlərin yıldızdır, kipriyin oxdur, Ürək qubar olar - can verəm sənsiz... Şerimin özüsən, sözü - ahəngi! Üzündə bərq vurur güllərin rəngi! Xəyalın, cəmalın gözəl çələngi! İlham yetim qalar, ağıl kəm sənsiz!
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)
Köçüb bu dünyadan hayana getdin? - MƏMMƏD ARAZIN ANIM GÜNÜNƏ
Fariz Əhmədov, Naxçıvan televiziyasının baş redaktoru, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Öz şöhrəti heykəlinə dəmir əridən, Vətən üçün can əridən, ömür əridən, bir daşa da minnət qoyub, pay ummayan, Araz boyda meh olan, ölə-ölə yazmayıb, yaza-yaza ölən Məmməd Arazdan yazıram!
Öz daşlaşmış obrazının baş qəhrəmanı, düşündüklərini, yaşadıqlarını saralmış səhifələrə köçürən, bir Məmməd Araz keçsə də, o, qəlbimizin eşq adasında daim yaşayır. Hər fəsil dəyişdikcə, Günəş batdıqca, Ay çıxdıqca ədəbiyyatımızdan boylanır, anır, yenidən anılır. Ömrü boyu nə şöhrət, nə də şan axtardı. Dünyanın mənliyini, sənliyini və heç kimliyini öz misraları ilə əbədi susdurdu. Bu həqiqət gecə susdurulsa, gündüz, gündüz susdurulsa, gecə oldu.
Özü kimi oxucularıda kasıb olan şair, təmənnasız insanların, sadə insanların şairi idi. Onun poeziyasında oxucu ürəyinin ən dərin qatına enib onları bədbinlikdən qoruyan müqəddəs bir nəsihət var. O, nəhəng zülmət qalağı tək qaranlıqda seçilən zirvədir. Ötüb keçən zaman bir göz qırpımında bizdən uzaqlaşdıqca Məmməd Araz dünyasının dərinliyi, həlimliyi və qəlb oxşarlığı daha aydın görünür. Böyük filosof Lüdviq Vitgenşteyinin dediyi kimi, üstünə işıq düşməyən bir fikri yazmağa dəyərdimi? Onun şeirləri aydınlıqdan, nurdan yoğrulmuşdu və nur qədər yaşayacaqdı.
Bir gün Məmməd gedəcək, amma ürəklərə axan Araz daim yaşayacaq, nur saçacaqdı. Məmməd Araz xalqın ruhunu itməyə qoymayan sənətkardır. Yaşadığı hər gün üçün can əritdi, ömür əritdi.
İstəyirəm yatım qalım yazılarımın arasında deyən şair onu sevən, onu hiss edən oxucularınademək istəyirdi ki, bu yol Məmməd Araz yoludur. Bu yolda nə təkrarçılıq, nə də cümləpərdazlıq var. O, şeirin, şeir onun özüdür.
Məmməd Araz poeziyası da öz şairlik təbini sözdən alır. Sözün qiymətini dərindən dərk edərək az sözlə zəngin poetik düşüncə yaradır. O, sözü ram edən şairdir. “Söz yamaq götürmür, söz yamaq olmur”, – deyən şair sözə yeni don biçərək Məmməd Araz qayasına geyindirdi. Onun qələmində şeir həmişə canlı oldu.
Təxəllüsündən bəllidir ki, Məmməd bir gün yox ola bilər, ancaq onun Arazı hər zaman yaddaşlara axar, axdıqca xatirələşər, durular. Araz ona “göz yaşından düzülmüş boyunbağı, bir qızın hörüyü, bir ananın yuxusu, Qıratın yalmanı, Bozatın tərliyi, lal çöllərin nəğməkar bülbülü, Musa Yaqubun harayı, Mirzə Cəlilin naləsi oldu.
Sahilin dodağıma,
Ləpən dilimə bənzər.
Sahilboyu çinarlar,
Yazan əlimə bənzər.
Qayaların həssasdır,
Mənim qulağım kimi.
Tutqundur qaşqabağın
Bu qaşqabağım kimi.
Mən sənə bir şair
Sən mənə Araz de.
Şeirlərin Rəşid Behbudov zirvəsindən eşidilib, Fikrət Əmirov simfoniyasında bəstələnəndə, sən Nizamini fikir dağına bənzədib, Dante, Puşkin, Çexov zirvəsinə can atanda cəfakeş ailənin çəkdiyi iztirablı günləri daş yaddaşının şeir qayalarına yazdın. Su ilə söhbət edib torpaqla danışdın, od ilə alışıb küləklə sovruldun, xatirələr yaza-yaza xatirələşib Məmməd Araz oldun. Mən duyuram sən olmağın ağırlığın. Ey sən qaya, sən olmaq da asan deyil. Qaya obrazı Məmməd Araz üçün əbədi həyatın simvoludur. Ona görə də Vətənin özünü də qayalaşdıran şair “Azərbaycan qayalarda bitən bir çiçək, Azərbaycan çiçəklərin içində qaya”, –deyərkən Vətəni bir daha möhkəm, qırılmaz, sınmazedir.
Ömrünün son çağlarında Murov dağın zirvəsinə qalxmaq xəstəliyin, azar-bezarın acığına, elə lap əcəlin acağına Məmməd Araza nəsib oldu. “Qayalara yazılan səs” kitabını sinəsinə vurub Məmməd Araz sözünə, Məmməd Araz şeirinə ehtiyacı olan Vətən əsgərlərinin görüşünə yubanmadı. O, Vətəndən yazmadı Vətən oldu.
Heç bir mükafatın yetmədi mənə,
Bircə “sağ olun” da bəsimdi, Vətən!
Bəsimdi hər səhər təltif yerinə
Qapımda küləyin əsibdi, Vətən!
Məmməd Araz indi ana torpağı Naxçıvanda yazdığı misralar ilə heykəlləşib, dillərdə sözə çevrilib. Naxçıvanın ilhamlı təbiəti sakit ruhlu şairə yol açdı. Hərdən kəlmələrinin başını duman aldı, çən aldı, hərdən yağış aldı, qar aldı, fəqət sonda eşq adlı şeir yolu aldı. Eşq adlı şeir yolunda sevda yolçusu olan şair sevgiylə yaşadı, sevgiylə yaratdı, ona görə indi məhz onu sevgi ilə dilə gətirir, dərin hisslər ilə anırıq. Gur çayları səsinə qataraq dərəni keçdi, düzdə dayandı təbiəti, beləcə, şeirə gətirdi. Sevdiyi elindən-obasından ilham alıb, məhəbbəti şeirə gətirdi, qəlbindəki çırpıntını, hərarəti şeirə gətirdi:
Ey ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadını gər,
Qoyma bir anlıq da küsüm dünyadan,
Sevgi ümidimi üzüm dünyadan,
Mənə məhəbbət ver sevim bir kəsi,
Sevim, elə sevim özü bilməsin.
Şair qovuşsa da, ayrılsa da, hisslərin xatirəyə çevrilib beyinə hopmasına daha çox inanır. Eyni zamanda şeirlərindəki obrazını yoran, onu incidən, bu həyatdan qoparıb başqa aləmdə yaşadan da xatirələrdir, buna görə də o, bəzən xatirələrdən də yorulur. Və sevgini “qiymətli bir itik” hesab edir. Buna baxmayaraq, Arazın sevgisi daim dalğalanır, qərq edir, qərq olur, ancaq dayanmadan üzür. Məmməd Araz hər şeirində bir dünya yaradır ki, özü də dünya kimi əbədi olaraq yaşarlaşsın. “Bəlkə, bu dünyaya bir də gəlmədim”, – deyib dəvə yolunun belindən düşən, ovsar cığırın əlindən çıxıb çiçəklərin telindən öpərək əbədiyyətə uğurlanan şair… Salamat qal, Salamat!!!
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)
“Bəlkə də gözəl olardı...” - HEKAYƏ
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Saatın zəngi çalanda diksinərək oyandım. Yataqdan çıxmağımsa bir o qədər rahat olmadı. Özümü o qədər yorğun hiss edirdim ki, sanki illərdir çəkimdən 5 qat ağır daşı çiyinlərimdə daşımışdım.
Nələr olduğunu xatırlamağa çalışarkən ağrıdan dayanılmaz halda olan başımı ovmağa başladım. Gözlərimin önündə bir neçə kəsik-kəsik kadrlar yarandı. İstəmsizcə gözlərimdən axan bir neçə damla yaş...
Qulağıma dolan öz fəryad dolu səsim...
Qalxdım yerimdən və güzgü qarşısına keçdim. Biləklərimdəki qızartıları, qollarımdakı göyərmiş bölgələri görəndə artıq gözyaşlarımı saxlaya bilmədim. Hər şey bugünmüş kimi keçdi gözlərimin önündən.
Xatirədə canlanan o tarix
Evə qayıdırdım. İşlədiyim restoran o gün heç də xoş hadisələrlə yola salmamışdı məni. İmkanlı, kobud, orta yaşlı bir kişi əylənməyə doymur, içki ardınca içki sifariş edirdi, tək bir masaya görəysə nə mən, nə digər işçilər evimizə vaxtında yollana bilməmişdik. Axı müdirin nəyinə lazım idi bir qadının gecə 02'18də evinə necə gedəcəyi, gedib-gedə bilməyəcəyi. Ona pul lazım idi, müştəri məmnuniyyəti lazım idi. Hansı ki, ətəyimin dizimin altında olmasına baxmayaraq məni narahat edən müştərinin məmnuniyyəti... Amma, bu gecə müdir məndən narazı qalmışdı. Qarnından masaya yerləşə bilməyən bu "kişi" məni narahat edərkən susub gülərüzlə qarşılıq verməmiş, əksinə acı danışmış və qulluğu yarıda saxlamışdım çünki. Və müştəri əsəbi halda durub getmişdi... Ondan eşitdiyim iyrənc sözlər yetməmiş, bir də müdirin "Niyə yola vermirsən? Müştəridir, ona qulluq etmək, nə desə etmək məcburiyyətindəsən!" sözlərini dinləmişdim, o isə dayanmaq bilmir, deyinməkdən daha ötə təhqirə keçmişdi.
Nə isə ki, restorandan çıxa bilmişdim nəhayət, əsas odur. Evə getmək üçün küçəyə çıxanda taksi yerinə piyada getməyin daha az təhlükəli olacağını düşündüm. Düzdür, yolda gedən maşınların siqnalları narahatedici idi, amma ən azından tənhalıq deyildi. Ən azından bəlkə onların içində 1-2 yaxşı insan ola bilərdi.
Bu nə idi? Saç diblərimdə sızıltı var, hansı qüvvədir belə təsir edir? Arxaya doğru dartılıram. Bu o idi, restorandakı "adam"....
O ağrı hələ də başımın dibindədir. O gecə qaça bilmişdim. Bəs bacarmasa idim? Kim verəcəkdi mənə həyatımı? Restoran müdiri? Yoxsa yolda siqnal verənlər? Özümü müdafiə etmək üçün tökdüyüm qan əvəzi məndən alınan 4 ili kim verəcək mənə?
***
İndi xatırlayıram artıq nələr olduğunu. Dünən çıxmışdım o cəhənnəmdən, günahsızkən qandallanıb salındığım o cəhənnəmdən. Qanadlarım qırılmışdı sanki. Hər gecə, dayanmadan hər gecə kabus gördüyüm 4 ildən sonra nəhayət evimdə idim. Amma yenə də o kabuslar davam edir, hər gecə öz biləklərimi, öz qollarımı sıxaraq yaralayırdım. Sanki hələ də o arxamda imiş, hələ də indi saçımdan tutub məni dartacaq, öz gücünə təslim edəcəkmiş kimi hiss edirdim.
Nə günahım vardır ki? Bu cəmiyyətdə qadın olaraq işləmək günahmı sayılacaq? Belə hadisələr tez-tez yaşanırdı, kimlərsə gəlib öz “kişilik”lərini göstərir, söz atır, lakin çox uzatmadan gedirdilər. Amma bu başqa idi. Mən həyatımda ilk dəfə idi bu qədər qorxmuşdum. Uşaqlığımdan bu yana gördüyüm o qədər çətinliklərlə rəğmən həyatımda ilk dəfə bu qədər gücsüz hiss etmişdim ğzümü. Gücsüz və aciz...
O gecə bir qüvvə ilə itələmişdim onu. Sonra çantamdan qayçı çıxarıb o iriqarınlı kişini yaralayıb qaça bilmişdim. O qədər qorxmuşdum, qəlbim elə titrəyirdi ki... Ən son anamın vəfatında bu qədər ağlamışdım hər halda.
Xatırladıqca yenə gözyaşlarım axmağa başladı. O qədər bərk ağladım ki, atam səsi eşidəndə otağa girdi. O... Bu 4 ildə məni hərkəsdən qoruyan, bütün qınaqlara, acı sözlərə mənlə sinə gərən, nə olur olsun, əlini saçlarımdan çəkməyən atam. Günahı məndə görməyən, "gülməyərdin, üz verməyərdin" deməyən, tək o... Gəldi və durdu qarşımda. Çökdüm dizlərinə. Yenə əllərini keçirdi saçlarıma. Dartmaq üçün yox, sığallamaq üçün.
"Keçdi, qızım, keçdi. Bağışla, o gecə yanında ola bilmədiyim üçün. Bağışla, bu 4 il səni tək qoyduğum üçün."
Daha bərk ağladım. Əlil arabasındakı atamın dizlərini daha bərk qucaqladım. Onun günahı deyildi, amma mənim də deyildi.
Bəlkə də gözəl olardı həyat, əgər bir qadın kimi bu cəmiyyətdə yaşamasaydım. Bəlkə də gözəl olardı hər şey, insanlara məktəblərdə tarixdəki cinayətlər yox, bugünün insanlığı öyrədilsəydi.
Bəlkə də gözəl olardı, hər şey nağıllar aləmindəki qədər saf və təmiz qalsaydı...
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)
Soydaşımız Almaniyanın Musiqi İfaçılığı və Hüquqlarının İdarə Edilməsi Cəmiyyətinin fəxri üzvü seçilib
Almaniyada yaşayan azərbaycanlı bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas alim Xədicə Zeynalova Almaniyanın Musiqi İfaçılığı və Hüquqlarının İdarə Edilməsi Cəmiyyətinin (GEMA) Müşahidə Şurasının və İdarə Heyətinin qərarı ilə fəxri üzv seçilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla iş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 2007-ci ildən bu təşkilatın üzvü olan Xədicə Zeynalova 2025-ci ilin yanvarın 1-dən fəxri üzv adı daşıyacaq. O, bu statusa layiq görülmüş ilk azərbaycanlı qadın bəstəkardır. Hazırda GEMA təşkilatının 90.000 üzvü, 5.000 fəxri üzvü var.
Qeyd edək ki, Xədicə Zeynalova Detmold Konservatoriyasının və Paderborn Universitetinin dosenti, “Bridge of Sound” (Səsin körpüsü) orkestrinin və “Harmony of Sound” (Səsin harmoniyası) adlı Beynəlxalq Musiqi Festivalının yaradıcısı – bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının, “Qadınlar musiqidə” Beynəlxalq Alyansının üzvüdür. Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalına layiq görülüb. Almaniyada 2024-cü ilin ən yaxşı bəstəkarı seçilib. Əsərləri ABŞ, Almaniya, Avstriya, Böyük Britaniya, Fransa, İsveçrə, İtaliya, Kanada, Oman, Türkiyə, Yunanıstan və digər ölkələrdə səsləndirilir.
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)
XIX əsrdə yaşamış bir şair – ƏSGƏR SALAMİ HAQQINDA İPUCU
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Əsgər Hacı oğlu Salami XIX əsrdə Oğuz (keçmiş Vartaşen) rayonunun 7 kəndində yaşayıb yaratmış doqquz şairdən biridir.
O, 1826-cı ildə Yaqublu kəndində anadan olmuşdur. Bir müddət molla yanında, sonra isə Ağdaşdakı mədrəsədə oxumuş, dövrünə görə müəkəmməl təhsil almışdır.
Ə.Salami tanınmış şair Mücrüm Kərim Vardaninin təşkil etdiyi ədəbi-musiqi məclisinin fəal üzvlərindən biri olmuşdur. Şairin Şamaxıda fəaliyyət göstərən ədəbi məclislərdə iştirak etdiyi, M.K.Vardanidən başqa, dövrünün tanınmış yazarlarından S.Ə.Şirvani, İ.Qutqaşınlı, İ.Nakam, A.Padarlı, P.Qarağani, M.R.İltica, M.Rövşən və digərləri ilə şəxsi tanışlığı olduğu söylənilir.
Sonralar Ağdaşa kğçmüş və bir müddət orada yaşamışdır. Ə.Salaminin 1870-1871-ci illərdə vəfat etdiyi ehtimal olunur. Öz vəsiyyətinə əsasən Ağdaşda dəfn olunmuşdur. (Kənd əhalisi arasında şairin Ağdaşda deyil, kəndin cənub istiqamətindən Ağdaşa gedən yolun (Ağdaş yolunun) kənarında bir təpənin üstündə dəfn edilməsi barədə rəvayətlər də dolaşmaqdadır.)
Ə.Salaminin əsərləri haqqında ilk dəfə filologiya elmləri doktoru Əhməd Cəfərzadə məlumat vermişdir. O, 1977-1978-ci illərdə Oğuz rayonunda çıxan “Oğuz yurdu” qəzetinin müxtəlif saylarında dərc olunmuş məqalələrində bu barədə də informasiya vermişdir.
Şairin əldə olan yeganə tam şeiri Mücrüm Kərimin Məkkədən qayıtması münasibəti ilə yazdığı şeirdir. Bundan başqa onun şeirlərindən bir sıra bənd və beytlər də qalmışdır. Şairin əsərlərində tənbəllik, süründürməçilik, rüşvətxorluq, çapqınçılıq, qumarbazlıq, sərxoşluq və əyyaşlıq, hər cür zorakılıq tənqid olunur.
Şairin əlyazmalarından bəziləri Respublika əlyazmalar fondunda qorunur və öz tədqiqatçılarını gözləyir.
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)
“Daxili və xarici nitqi bir-birindən ayırmaq vacibdir” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Biz, əslində, ümuminsan dilində, yəni, dünyadakı bütün xalqlar kimi məntiq dilində düşünüb Azərbaycan dilində danışırıq. Bizə elə gələndə ki, biz rusca düşündüyümüzdən Azərbaycan dilində zəif danışırıq, bu, əsla belə deyil. Rus dili bizim düşüncəmizin dili deyil, belə bir rusca bizim daxili nitqimizdir. Eləcə də bütün digər dillər. Daxili və xarici nitqi bir-birindən ayırmaq vacibdir.
2.
Kim dedi ki, Simurq quşu var imiş?!
3.
Bulqakov özünün ölməz “Sənətkar və Marqarita” əsərində Sənətkar haqqında belə deyir: “O, işığa layiq deyil, o, hüzura layiqdir.” Hüzur - yəni, sakitlik, rahatlıq... Milli himnimizdə də “hüququndan keçən əsgər” yox, əslində, “hüzurundan keçən əsgər” olmalıdır. Hansı hüququndan keçirdi əsgər ki, qəhrəman olurdu?! O, hüququndan keçmirdi, hüzurundan keçirdi! Söz (“hüzur”) tanış deyildi, ona görə də oxşar, tanış sözlə (“hüquq”) əvəzlənmişdi.
4.
“Amma ölür yavaş-yavaş,
Amma ölür addım-addım,
Amma ölür qanad-qanad
– ölür uçmaq həvəsi.
Dünya sənin qəfəsindi,
ya sən onun qəfəsi?!
Var - gəl, var - gəl, yəni, pıçıltı!”
5.
Dünyaya hələ doğulmamış, amma hökmən doğulacaq adamların da ruhları var. Doğulmuşların ruhları doğulmamışların dəcəl və dünyaya gəlmələrini səbirsizliklə gözləyən ruh larına məyus-məyus, səbir və təmkinlə baxır, dünyada nə ilə üzləşəcəklərini bəri başdan onlara xəbər verməyə tələsmirlər.
6.
Səhvlərimizin qrammatikası bizə doğru düzgün yazmağı yox, doğru-düzgün həyat tərzini seçməyi öyrədir.
7.
“Səhvlərimizin qrammatikası”ndan: Bizim bir çox bəlalara düçar olmağımız hansısa məsələləri bilməməyimizdən deyil, əksinə, çox yaxşı bildiyimizi güman etməyimizdən qaynaqlanır.
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)
“Yum gözünü, bəlkə, hər şey düzəldi?” – Səddam Laçının şeirləri
“Ədəbiyyat və incəsənət” portalı yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiri. Bu gün növbə Səddam Laçınındır.
BİR QARIŞLIQ ADAM
Günəşi görmək üçün gecə baxırsan göyə...
Hamı sənə kor deyir, necə baxırsan göyə?
Çox qarışıq adamsan.
Biz isə ağıllıyıq, hər şeyi "düz" bilirik,
Ürəyin dünya boyda olsa da, biz bilirik,
Bir qarışlıq adamsan.
Saçında ağ tellərin qaralarla yarışır,
Belə də davam elə, sənə də bu yaraşır,
Tam yarışlıq adamsan.
Gözlərindən axanlar gözünə bir də baxmır,
Axı niyə baxanlar üzünə bir də baxmır?
Bir baxışlıq adamsan?
Ahın yerdən göylərə heç çatmasın, əzizim,
Səni qara buludlar aldatmasın, əzizim,
Bir yağışlıq adamsan.
YUXU YOZMA
Yum gözünü, bəlkə, hər şey düzəldi?
Bir yuxu ki gerçəyindən gözəldi,
Oyanma.
Oyandınsa, yuxulara inanma.
Bir yuxudu gerçək olan, bir həyat,
Aç gözünü, inanmasan, bir də yat.
Yubanma.
Yubandınsa, əbədi yat, oyanma.
Ölmüşəmmi ağlayasan, gözəlim?
Kim desə ki ağlamaqla düzəlir,
İnanma.
İnandınsa, ağla, qızım, utanma.
Bir eşqi ki qurban verdik bir səhvə,
Yüz dəfə də “gəlmə” desəm, bir dəfə
Gəl, amma
Bil ki, səni gözləyən var,
Yubanma.
QƏRİBƏ QADIN
Sən qəribə qadınsan,
Nəfəsin od kimidir,
Buz kimi görsənirsən.
Sən öz dərdi bir yana,
Hamının dərdin çəkən
Qız kimi görsənirsən.
Sən qəribə qadınsan,
Gözlərində həqiqət,
Dilində yalan yatır.
Ürəyində məhəbbət,
Qoynunda ilan yatır.
Sən qəribə qadınsan,
Yalandan dilin küsüb,
Dodaqların öpüşmür.
Gözlərin açıq qalıb,
Kirpiklərin görüşmür.
Özünü danlamaqla,
Ağlamaqla ötüşmür.
Sən qəribə qadınsan,
Əməlin arzularla
Bir gün üst-üstə düşmür.
BƏXTSİZ
Ay bəxti üzündən qara,
Qısqanırmı kömür səni?
Ömür deyib yaşayırsan,
Öldürəcək ömür səni.
Bu ki, heç kimə sirr deyil,
Ömür ölümlə bir deyil,
Dünya ölməli yer deyil,
Sevdiklərin gömür səni...
TREMOR RƏSSAM
Dağınıq otaq...
Fonda Mozart... Reqviem-d minor.
Kətan parça üzərində
Tələskən barmaqlar – tremor.
İki dünya bir olur hər səhər,
İki adam qovuşur hər axşam.
Səsləri kəsən bəstəkar,
Əlləri əsən rəssam,
Notlara hakim adam,
Rənglərə kəniz qız.
Bir gözü gölməçə,
Bir gözü dəniz qız…
UNUDULAN QADIN
Göz yaşını qurutmağın yanında
Bir dənizi qurutmağa nə var ki?
Dərd eləmə, qurban olum dərdinə,
Unut məni, unutmağa nə var ki?
Mən ki sənin sevmədiyin adamam,
Elədirsə, kimin dərdin çəkirsən?
Get tarının, mizrabının dərdin çək,
Niyə gəlib simin dərdin çəkirsən?
Axtardığın mən olsam da, əzizim,
İtirdiyin mən deyiləm, bilirsən.
Mən olsam da, itirdiyim adamı
Axtarmaram, sən deyiləm, bilirsən...
Bir bağçada gül olsan da, sonunda
Ləçək-ləçək qurudulan qadınsan.
Unut məni, unutmağa nə var ki?
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)
Yaponiyada festivalda Azərbaycan xalçaçılıq sənəti barədə məlumat verilib
Yaponiyada yaşayan həmyerlimiz Minarə Şükürova ölkəmizi Tanabe şəhərində keçirilən “Lifelong Learning Festival”da (“Ömürboyu Öyrənmə Festivalı”) təmsil edib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla iş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, hər ilin noyabr ayında təşkil olunan bu festivalın məqsədi yerli əhaliyə müxtəlif mədəniyyətləri öyrənmə imkanları təmin etmək və şəhərdə həyata keçirilən təhsil layihələri haqqında vətəndaşları geniş məlumatlandırmaqdır.
Həmyerlimiz festivalda bu il Azərbaycan xalçaları haqqında guşə yaradıb, təqdimat hazırlayıb və yüzdən çox yerli qonağa, əsasən də məktəblilərə müxtəlif bölgələrin xalçaları haqqında geniş məlumat verib. Azərbaycan guşəsini milli xalçalar və milli atributlarla bəzəyən Minarə Şükürova qonaqlara xalçalarımızın UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmasından və Bakıda fəaliyyət göstərən Milli Xalça Muzeyindən bəhs edib.
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)