
Super User
Əgər gəlib desələr ki... – ƏLİŞ AĞAMİRZƏYEVDƏN DANIŞAQ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Əgər gəlib desələr ki, Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev kimdənsə rüşvət alıb, hətta and içsələr belə, inanmaram. Çünki o, elə bir ailədə böyüyüb ki, həmin ailənin süfrəsində heç zaman haram tikə olmayıb. Atası Çoban kişi öz qabarlı əllərinin zəhməti ilə balalarını boya-başa, ərsəyə çatdırıb...
O, 1973-cü ildə dünyaya gəlib. 1991-ci ildə Bakı Dövlət Universitetinə daxil olub. 1994-1998-ci illərdə hərbi xidmət keçib. 1999-cu ildə Bakı Dövlət Universitetini kitabşünas-nəşriyyat redaktoru ixtisası üzrə (bakalavr), 2004-cü ildə isə Bakı Dövlət Universitetinin magistraturasını fərqlənmə diplomu ili bitirib. 2004-2007-ci illərdə Bakı Dövlət Universitetinin nəşriyyat işi və redaktəetmə kafedrasında müəllim, 2007-2019-cu illərdə Bakı Slavyan Universitetində Jurnalistika kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Eyni zamanda 1998-2014-cü illərdə "Mütərcim" Tərcümə, Nəşriyyat-Poliqrafiya Mərkəzində redaktor, icraçı direktor, 2014-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun informasiya təminatı sektorunun məsləhətçisi vəzifəsində işləyib. Hazırda dediyim kimi, Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosentidir...
Onu “Mütərcim” nəşriyyatından tanıyıram. O qədər saf adamdır ki, hətta buna şübhə etmək belə insafsızlıq olar. Mehribanlığına, qayğıkeşliyinə də söz ola bilməz. Səbrli və təmkinlidir. Rəftarında o qədər kübardır ki, bu davranışında da öz əksini tapıb. Yüksək mədəniyyət iliyinə kimi işləyə bilib, varlığına hopub...
2010-cu ildə dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2018-ci ildən filologiya üzrə elmlər doktoru proqramı üzrə BSU-nun dissertantıdır.
Ali məktəblər üçün 1 dərs vəsaitinin, 3 fənn proqramının, 50-dək elmi məqalənin müəllifi, 2 kitabın tərtibçisidir. Bir sıra beynəlxalq elmi konfranslarda iştirak etmiş, əsərləri Rusiya, Qazaxıstan və Ukraynada çap olunmuşdur.
"Humanitar elmlərin öyrənilməsinin aktual problemləri" və "Kitabşünaslıq və redaktor sənəti" elmi məcmuələrinin redaksiya heyətinin üzvüdür...
Martın 15-i Əliş müəllimin növbəti doğum günüydü, bu dəfə 52 yaşı tamam oldu. Onu həm ad günü və həm də xalqımızın milli bayramı- Novruzun gəlişi münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, işlərində müvəffəqiyyətlər arzulayırıq.
Çox yaşa, HALAL ADAM!
“Ədəbiyyat və incəsənət”
(17.03.2025)
Amerika prezidenti ilə eyni gündə doğulan AĞALAR İDRİSOĞLU
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Dünən – martın 16-da - “Dünyada Etdiyin Doğru Şeylərin Günü” kimi təqvimdə yer alan bir gündə dünyaya bir sıra tanınmış şəxlər gəlib. Ümumiyyətlə, bu tarixdə dünyaya gələn insanların arasında oxşar xüsusiyyətlər çoxdur. Bu gün sizə həmin tarixdə anadan olan iki insan haqqında söhbət açmaq istəyirəm:
Ceyms Medison- 1751-ci il martın 16-da ABŞ-ın Virciniya ştatının Port-Konuey yaşayış məntəqəsində varlı plantator ailəsində anadan olmuşdu. Boyu 1 m. 62 sm olan Ceyms Medison parlaq düşüncəli, dəmir iradəli, kübar bir şəxsiyyət idi. 1809-cu ildən 1817-ci ilədək Amerika Birləşmiş Ştatlarının 4-cü prezidenti olub...
Ağalar İdrisoğlu isə 1950-ci il mart ayının 16-da Masallı rayonunun Digah kəndində dünyaya gəlib. Boyu da ki, Ceymsin boyundan elə də fərqlənmir. Prezident olmasa da Azərbaycan yazıçısı, dramaturqu və rejissorudur. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, Əməkdar incəsənət xadimidir...
Yazıçı-publisist, jurnalist Rəna Təbəssüm onun haqqında deyir:- “Ömrünun altmış ilini bədii yaradıcılığa, jurnalistikaya, əlli ilini peşəkar teatr sənətinə həsr edən Ağalar İdrisoğlu səhnədə yaratdığı 40-dan artıq rolu və quruluş verdiyi 140 tamaşası, dünya xalqlarının on pyesinin dilimizə tərcüməsi və sairə ilə ədəbiyyat, jurnalistika, incəsənət və mədəniyyət xəzinəsinin sərvətini artırır. Ötən ilin sonlarında Qazax Dövlət Dram Teatrında uğurla səhnəyə qoyulan “İnan mənə” pyesi hələ 1985-ci ildə Ümumittifaq Gənc Dramaturqlar Müsabiqəsinin qalibi olub. Onun 10-dan artıq topluda hekayələri, pyesləri, tərcümə etdiyi əsərləri yer alıb. Quruluş verdiyi Akif Həsənoğlunun “Yanmış evin nağılı” tamaşası Osman Mirzəyev adına mükafata və özünün yazdığı “Şah İsmayıl” tamaşası “Qızıl Dərviş” mükafatına layiq görülüb.”
İti zəka, duyğusallıq, dərin təfəkkür, əzmkarlıq martın 16-da doğulan insanlara məxsus olan xüsusiyyətlərin sırasında olsa da, ən böyük keyfiyyətləri isə daim hərəkətdə olmaq, cəmiyyətə fayda verməkdən ibarətdir...
Nə isə, Ceyms Medison uzaq keçmişdə qalıb. Bu gün bizimlə eyni dünyada qərar tutan, yazıb yaradan Ağalar İdrisoğlunun müsbət cəhətlərini isə sadalamaqla bitməz. Heç sadalamaq istəmirəm də. Çünki dostları bu cəhətləri onda çoxdan kəşf ediblər. Onu məndən də yaxşı tanıyırlar...
Zarafat etmirəm, martın 16-sı gözəl günlərdən biridir. Elə ona görə də, bu tarixdə dünyaya gələnlər gözəl, necə deyərlər, kara gələn, gərəkli insanlar olurlar. İnanmırsınız? Onda buyurub araşdıra bilərsiniz...
Bəli, Ağalar İdrisoğlu bu gün qocalığın ahıllıq dövrünü yaşayır, dünən 75 yaşı tamam oldu. Bu münasibətlə onu təbrik edir, təqaüdünə bərəkət, ağrı-acısız günlər, dava-dərmansız həyat, əsasız hərəkət arzulayırıq…
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(17.03.2025)
"Evrika" liseyində TURAN-İŞIQ VƏ NUR GÜNÜ
“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, türk sevdalısı Rüstəm Behrudinin türkçülüyə iqtibas edən növbəti tədbir barədə məlumatını diqqətinizə çatdırır. Hadisələr vaqe olur “Evrika” liseyində.
Yapon müdrikləri deyir ki, "fərd (insan) fenomendir"
Mən bir az fərqli düşünürəm. Fərd-insan fenomen olmaqdan daha çox Tanrı kimidi. İnsan sevəndə Tanrılaşır. Və bu sevginin ünvanı əsas deyil! Əsas olan sevməkdi. Bir qadını sev, doğmalarıı sev, insanlar sev, Vətəni sev!
Sevdaların ən ucası Vətəni sevməkdi!
"Evrika" litseyində "Türk dünyası və qardaşlıq dastanı" layihəsi çərçivəsində keçirilən tədbir bu sevdanın güzgüsünə çevrilmişdi.
Türk dövlətlər birliyinin Azərbaycandakı səfirlərinin və əməkdaşlarının, dəyərli ziyalıların iştirak ellədiyi bu məclis qalib bir ölkənin Turanın şərəfinə qaldırdığı bir bayrağa bənzəyirdi!
Vətəni, milləti, onun cocuqlarını sevmək, elə Tanrını sevməkdi əslində!!!
Bizə belə bir gün yaşatdığına görə, litseyin rəhbərliyinə - dəyərli Xudu Rzayevə, litseyin direkoruna və tədbirin rəhbəri Aygün Həmzəyevaya dərin təşəkkürümü bildirirəm.
Böyük və işıqlı bir yoldasınız!
Yolunuz açıq olsun!
“Ədəbiyyat və incəsənət”
(17.03.2025)
Xalq artisti, “7 oğuldan biri” Ənvər Həsənov vəfat edib
Xalq artisti Ənvər Həsənovun vəfat etməsi barədə xəbəri bu gün Mədəniyyət Nazirliyi yayıb.
Dərhal xatırladaq ki, Azərbaycan kinematoqrafiyasının qızıl fondunda qərarlaşmış “7 oğul istərəm” filmində Ənvər Həsənov Cəlal rolunu oynaypb və elə tək bu ifa da onu milyonlara sevdirib.
“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, Ənvər Həsənov 1950-ci il avqustun 17-də Bakıda anadan olub. 1969-cu ildə kinoaktyor kursunu bitirib. 1969-1973-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb.
O, gənc yaşlarından kinolara çəkilməyə başlayıb. Xüsusilə "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa maraqlı obrazlar yaradıb. Ənvər Həsənov həyat yoldaşı, aktrisa Mömünat Qurbanova ilə "Dərviş Parisi partladır" və "Atları yəhərləyin" filmlərində rol alıb. Rejissor kimi "Haray, Xocalım, haray", " Tələ" və Hacı Zeynalabdin Tağıyevdən bəhs edən "Sönməyən çıraq" sənədli filmlərini çəkib.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Əməkdar artist, 2018-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Xatırladaq ki, 2025-ci ilin yanvarında aktyorun səhhətində problem yaranmışdı və o, xəstəxanaya yerləşdirilmişdi.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.03.2025)
Mərakeşdə yaşayan Azərbaycan icması və Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüş keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Mərakeş Krallığının paytaxtı Rabatda Azərbaycan icması və Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, tədbir Mərakeş Krallığının və Azərbaycan Respublikasının Dövlət himnlərinin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsinin ehtiramla yad olunması ilə başlayıb.
“Dövlətimizin diaspor siyasəti Prezident İlham Əliyevin rəhbərliyi altında yeni meyarlarla zənginləşib və xaricdə yaşayan azərbaycanlılarla əlaqələr daha da intensivləşib” - komitə sədri bu sözləri Azərbaycan icması ilə görüşdə səsləndirib.
Azərbaycan Respublikasının Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndiyini və Mərakeşdəki icmamızın bu sahəyə töhfələr verdiyini bildirib.
Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının prezidenti Məhəmməd Fakiri görüşün təşkilinə görə komitəyə təşəkkür edib, bundan sonra assosiasiyanın Azərbaycan icması ilə əlaqələrinin daha da dərinləşəcəyinə inamını ifadə edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin və diasporun həyata keçirdiyi çoxyönlü layihələr, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri və digər vacib istiqamətlər barədə ətraflı məlumat verilib, ölkə başçısının Qarabağda qazanılan qələbə ilə bağlı çıxışlarının yer aldığı videoçarxlar nümayiş olunub.
Vaxtilə Azərbaycanda təhsil alan mərakeşlilər Azərbaycan icması ilə keçirilən görüşü yüksək qiymətləndirib, dövlət-icma əlaqələrinin inkişafına yeni töhfələr verməyə hazır olduqlarını dilə gətiriblər.
Soydaşlarımız xaricdəki icmalarımıza göstərilən diqqətə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildirib, diaspor fəaliyyətinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə daha geniş çatdırılması ilə bağlı fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.
Görüşdən sonra komitə Azərbaycanın Mərakeşdəki Səfirliyi ilə birgə iftar süfrəsi təşkil edib.
Qeyd edək ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi son illər xarici ölkələrdə keçirilən icma görüşlərinin əhatəsini daha da genişləndirib və bu, diaspor fəaliyyətinin inkişafına əvəzsiz töhfələr verib.
“Ədəbiyyat və incəsənət”
(17.03.2025)
Fuad Muradov Mərakeş Krallığında görüşlər keçirib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Mərakeş Krallığına səfəri çərçivəsində bir sıra rəsmi qurumların və beynəlxalq təşkilatın rəhbər şəxsləri ilə görüşlər keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, Mərakeş Parlamentinin Nümayəndələr Palatasının sədri Raşid El Alami, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə, həmçinin Xaricdə Yaşayan Mərakeşlilər üzrə II Həsən Fondunda, Xaricdəki Mərakeş İcması Şurasında və Xarici İşlər, Afrika Əməkdaşlığı və Xaricdə Yaşayan Mərakeşlilər Nazirliyində keçirilən görüşlərdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri, xaricdə yaşayan azərbaycanlılarla mərakeşlilər arasında əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb.
Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi dövründə iki ölkənin münasibətlərinin daha da inkişaf etdiyini vurğulayıb, həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib.
Mərakeş Krallığının rəsmiləri sədrin səfərini yüksək qiymətləndirib, diaspor fəaliyyəti sahəsində təcrübə mübadiləsinin və birgə əməkdaşlığın vacibliyinə diqqət çəkib, ölkələrimiz arasında münasibətlərin inkişafında diasporun əvəzsiz rolunu qeyd ediblər.
Görüşlərdə Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov iştirak edib.
“Ədəbiyyat və incəsənət”
(17.03.2025)
Axşam meyvə yeməyin! - Həkimlərdən tövsiyə
Meyvə yüngül və kökəltməyən qida sayılır. Bu səbəbdən bir çox arıqlamağa çalışan qadınlar axşamlar daha kalorili qidaları 1 boşqab meyvə ilə əvəz edir. Lakin bu çox böyük səhvdir və nəinki arıqlamağa kömək etmir, əksinə, artıq kiloların yığılmasına səbəb olur.
“Ədəbiyyat və incəsənət”in növbətçisi Könül dietoloqların məlumatlarını ələk-vələk edərək yuxarıdakı qənaətə gəlib.
Məsələ burasındadır ki, təbii şəkərlə zəngin olan meyvələrin istehlakı qanda şəkərin səviyyəsini qaldırır. Orqanizm şəkərin səviyyəsini normaya salmaq üçün insulinin istehlasını artırır. İnsulin piylərin parçalanması prosesini ləngidir və əksinə piylərin yığılmasına səbəb olur. Axşam saatlarında insanın hərəkətliliyi kəskin azalır, insan kalori sərf etmir və yediyimiz 1 boşqab "ziyansız" meyvə orqanizmdə piyə çevrilir.
Bütün bunları nəzərə alaraq mütəxəssislər meyvələri səhər və günorta yeməkləri arasında istehlak etməyi tövsiyə edirlər.
Tərəvəzlər isə həqiqətən arıqlamağa kömək edir. Bu səbəbdən axşam meyvə salatının əvəzinə tərəvəz salatını (yağsız!) yesəniz daha yaxşı olar.
“Ədəbiyyat və incəsənət”
(17.03.2025)
Seçmə şeirlər – SƏMƏD VURĞUN, “DÜNYA”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
SƏMƏD VURĞUN
DÜNYA
Ulduzlar havanın bağrını dəlir,
Qayalı dağlardan duman yüksəlir,
Xəyalım gecəni salama gəlir,
Çapırdır atını birbaşa dünya.
Yerlərə baxıram – bağçalı, bağlı,
Göylərə baxıram – qapısı bağlı.
Kainat ixtiyar, sirli, soraqlı,
Əzəldən yaranıb tamaşa dünya.
Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin bir torpaq olur;
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya.
“Ədəbiyyat və incəsənət”
(17.03.2025)
GAP Antologiyasında Məryəm Qurbanzadənin “Yazdım və sarıldım...” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Xoyda yaşayan Məryəm Qurbanzadədir.
Məryəm Qurbanzadə
Xoy
II
Yazdım
Və
Sarıldım
Qoxusunda torpaq göyərmiş
Yağısın göz bəbəklərinə
Və tanrı
Əlləri ciblərində tikilmiş buludlara
Göy qurşağı ilə
Sehirbazlıq edir.
Özlərim səni
Ölümü özlərcəsinə.
Sevdim səni
Üsyanı sevərcəsinə.
Gözləmək göz bəbəklərimdə tumurcuqlanıb
Savrulmadan öncə
Sənə qayıdacağam.
Bir qırpım göz ver mənə
İşığım
Saçlarının qaranlığında
Gizlən-qaç oynasın.
“Ədəbiyyat və incəsənət”
(17.03.2025)
PORTAL AKADEMİYASINDA - Henri Ford. «Mənim həyatım, mənim nailiyyətlərim»
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla сavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Təbiidir ki, illərdir bir çox müəlliflər uğur qazanmağın yollarını göstərmək niyyəti güdən kitablar yazıblar. Onların içində adı dünyalarca məşhurlaşanlar, ən tanınmış motivasiya spikeri adını alanlar da var, yazdıqlarını bestseller səviyyəsinə daşıya bilməsələr belə, kütləvi oxucu qazanmaq şərəfinə nail olanlar da var, heç bir iz qoya bilməyərək yazdıqlarının makulaturaya çevrilməsiylə barışanlar da var.
Əlbəttə ki, mən öz tədqiqatım boyunca ən çox səs-küy qoparan «uğurqazanma bestsellerlərinə» toxunacağam. Oxuculara oxunması məsləhət görülən bu bestsellerlərin əsas müddəalarını göstərəcək, tezislərini qabardacağam.
İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luğa nəzər yetirək.
1.Henri Ford. «Mənim həyatım, mənim nailiyyətlərim»
Bu kitab az qala bütün dünyanı dolaşıb. Bir çox dillərə tərcümə olunub, çoxmilyonlu tirajlarla çıxsa da kitab mağazalarının rəflərindən dərhal qeyb olub.
Kitaba bu cür öldürücü maraq heç də uğurlu reklam hay-küyündən doğmayıb, onun məzmununun doğrudan da faydalı olmasından şərtlənib. Burada dünya biznes tarixinə möhürünü vurmuş əfsanəvi şəxsin, avtomobillər kralı Henri Fordun həyatı, yaradıcılığı, milyardlar gətirən biznesinin praktik yolu göstərilir.
Henri Ford kitabında biznesin idarə edilməsi işinə öz baxışını, ideyalarını, menecment teoriyasını, ümumən iqtisadiyyat barədə bilgilərini bölüşür.
Maraqlısı budur ki, XX əsrin əvvəllərinə aid olan biznesin «Ford nəzəriyyəsi» yüz il keçməsinə baxmayaraq hələ də çox aktualdır, bu gün dünyada minlərlə kompaniya Fordun ideyaları əsasında fəaliyyət göstərməkdədir.
Henri Ford dillər əzbəri olan aforizmlərin də müəllifidir. Onlardan bəziləri mənim şüurumda əbədi həkk olunub.
- Əgər mən insanlardan onların nə istədiklərini soruşsaydım, onlar belə cavab verərdilər: «daha sürətli olan atı!»
- İnsan o vaxt ölür ki, dəyişilməsi dayanır. Dəfn isə sadəcə formallıqdır.
- Uğursuzluqlar qorxu, rahatlıqaxtarma, məsuliyyətsizliklər səbəbindən baş verir. Qorxunu dəf etmək özünəinam yaradır!
- Əgər sən odunu öz təşəbbüsünlə doğrasan, onda bu odun səni iki dəfə qızdıracaq.
- Ən yaxşı dost bizə qəlbimizdəki ən yaxşı cəhətləri üzə çıxarmağa kömək eləyəndir.
- Keyfiyyət – hətta heç kim baxmadıqda belə nəyisə düzgün etməkdir.
- Pullu olmaq vacibdir, amma unutmayın ki, pulun məqsədi onu kefə-damağa sərf etmək deyil, onun faydalı xidmət üçün artırılmasıdır. Mənimçün həyatda kef-damaq qədər iyrənc şey yoxdur. Bizim heç birimizin ixtiyarı yoxdur ki, həyatını buna sərf etsin. Sivilizasiyada tüfeylilərə yer yoxdur.
- Əgər sizdə entuziazm varsa, siz hər şeyə nail ola biləcəksiniz. Entuziazm sizin gözlərinizin parıltısı, addımlarınızın qətiyyəti, ideyalarınızı həyata keçirməkçün bol enerji axınıdır. Entuziazm – bütün tərəqqinin istinad nöqtəsidir. Yalnız onunla uğur mümkündür. Onsuz, sizin sadəcə, imkanlarınız var.
“Ədəbiyyat və incəsənət”
(17.03.2025)