Super User

Super User

Вторник, 18 Март 2025 09:29

Şair Böyükağa Qasımzadənin doğum günüdür

Şair, tərcüməçi Böyükağa Qasımzadə 1916-cı il martın 18-də Bakı quberniyasında - Maştağa kəndində xırda sahibkar-dəmirçi ailəsində doğulmuşdur. Atası Məmməd kişi 1903-cü ildə Bakıya köçüb xırdavat dükanı sahibi, sonra adi fəhlə olmuşdur. Böyükağa yeddiillik məktəbi Bakıda bitirib fəhlə fakültəsində, sonra isə sənaye institutunda təhsil almışdır.

 

Ədəbi yaradıcılığa 30-cu illərdə başlamış, ilk şerlərini məktəblilərə həsr etmişdir. Onun ilk kitabı – "Murad" poeması 1937-ci ildə çapdan çıxmışdır. APİ-nin dil və ədəbiyyat fakültəsini bitirmişdir . İkinci Dünya müharibəsinin ilk günlərində səfərbərliyə alınmış, hərbi məktəbdə kursant, 1941-ci ilin dekabrında Cənub cəbhəsində atıcı rotasının komandiri, siyasi şöbənin təlimatçısı, Zaqafqaziya cəbhəsində "Döyüşçü" qəzeti redaksiyasında məsul katib işləmişdir. Xüsusi tapşırıqla İrana göndərilmiş, sonra təyyarəçilik məktəbində xüsusi qrupda siyasi rəhbər, hərbi klubda rəis vəzifələrində işləmişdir.

Ordudan tərxis ediləndən sonra "Ədəbiyyat qəzeti"ndə incəsənət şöbəsinin müdiri, daha sonra "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri olmuşdur. A.S.Puşkin, N.Nekrasov, N.V.Qoqol, T.Şevçenko, İ.Franko, M.Bajan, P.Tıçina kimi sənətkarların və bir sıra xarici ölkə yazıçılarının poetik əsərlərini doğma dilə çevirmişdir. Füzulinin "Yeddi cam" əsərini, M.F.Axundovun "Puşkinin ölümünə Şərq poeması"nı farscadan, "Sasunlu David" eposunu ermənicədən tərcümə etmişdir.

Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin müdiri olmuşdur. Sonra bütün qüvvə və bacarığını yaradıcılıq işinə vermişdir. 1957-ci il avqustun 29-da cəmi 41 yaşında vəfat etmişdir.

Allah rəhmət eləsin!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

 

Nurlana İşıq, “Ədəbiyyat və incəsənət” üçün

 

Ağac olmasa görən
Quşlar hara yığılar?
Əmi, kəsmə ağacı
Axı quşlar yıxılar.

 

Bu dörd misra heç də quşların birdəfəlik gedişindən bəhs etmir, şair burada bəşəriyyətin  öz kökündən ayrılmamasınıarzulayır. Bu şeir yalnız uşaqların şeiri yox, dünyamızınxilasına xidmət etmək istəyən böyük insanların şeiridir. Şair Qəşəm Nəcəfzadə folklor və uşaq ədəbiyyatının müdrik bilicisidir.

 

O deyir: 

Batdı torpağa,
Yağış dimdiyi.
Çəkib çıxartdı,
Bu çəmənliyi.

 

Tapmacadır, yoxsa şeir? Bu mətni dinləyən uşağın üzündə axtarışla yanaşı təbəssüm görmək olar. Özü də müdrik bir təbəssüm. Əlbəttə, şeir oxumaq uşaqların xoşuna gəlir, lakin oxuyandan sonra düşünmək onların qəlbində mərhəmət toxumları cücərdir. Həm də bu şeirdən baharın ətri gəlir. Bədii ifadə vasitəsinə bürünmüş bu mətn effektli və çox maraqlı tədris nümunəsidir. Göstərdiyim hər iki mətn təbiət və insanın bir- birilə vəhdət təşkil etməsinin ən gözəl nümunəsidir. Bucür mətnləri oxuyub anlayan uşaqlara öyüd nəsihət vermək, dünyamızın qədrini bilin demək gərək deyil.

“Tural və Dəniz”

İnsanın təbiətə münasibətini dəyişmək üçündürmü bu şeir, yoxsa daxili aləmə enib özünü anlamaq üçün? Dənizin hikmətli cavabı Turalı düşündürəcək.

-Dəniz, dəniz, ay dəniz
İndi yaman acmısan.
Uzadıb əllərini
Sahilini qucmusan.

Yemək üçün indi sən
Yamanca ağlayırsan.
Içindəki balığı,
Nə vaxta saxlayırsan?

Yoxsa sənə gülərlər,
Ye balıqdan doyunca.
Çaylar su gətirərlər
İndi sənə ovcunda.

-Bu sözümü, ay Tural,
Sırğa elə qulağa.
Dəniz acından ölər,
Amma dəyməz balığa.

 

Varlığı qorumağı öyrədən bu şeirdə insan və təbiət arasındakı harmoniya qeyri- adi tərzdə assosiasiya olunub. Təbiəti sevməyin ən gözəl yolu , bu süjetdə gizlənib: dəniz öz sərhəddini bilir, onlara səbirli olmağı öyrədir. Uşaqlara təbiətin tarazlığı pozmamağı, mənəvi prinsipləri aşılamağınhəqiqi nümunələrindən biridir bu əsər. Ehtiyac içində olsaq belə bizə əmanət edilənləri qorumaq tərbiyəsi şeiri əsas tədris nümunəsi kimi təqdim etməyə əsas verir. Turalın düşüncəsinin yoxsa dənizin cavabının daha doğru olduğuna uşaqlar özləri qərar verəcəklər.

 

Balaca Tural,
Ağladı bir gün
Tez olun mənə,
Şokalad verin.
Əgər siz mənə
Top almasanız,
Dənizə çaya
Aparmasanız,
Dəvəyə, ata
Mindirməsəniz,
İşdən gələndə,
Şəkil kitablar
Gətirməsəniz,
Bir gün gözümü,
Yumacağam mən,
Qalacaqsınız
Qaranlıqda siz.

 

Uşaq şeiri kimi görsənən bu şeir , bəlkə də, dünyanın ən ağlamalı şeirdir. Böyükləri qaranlıqda saxlamaq? Mən Turala belə zəif olmamasını arzulayıram.  Yoxsa böyüklər ruhdan düşərlər. Qaranlıqdan işığa çıxammazlar. Əlbəttə, şair Turalın ərköyünlüyünü ön plana çıxarıb, lakin kimsə böyük kimi düşünüb hüznlənə bilər bu şeiri oxuyarkən...

Təxəyyülün sərhədsizliyi haqqında şeirlər barmaqla sayılacaq qədərdir. Ancaq  Qəşəm Nəcəfzadənin mətnlərində bu xətt uğura çatır: "Atlı Qarışqanın Nağılı" çox maraqlı və ritmik bir şeirdir.  Şeir təbiətin və heyvanların özünəməxsus dünyasında, sanki hər şeyin daha böyük və əhəmiyyətli olduğunu hiss etdirir. Qarışqanların altlarında atları olması, onları digər qarışqalardan fərqləndirir və həm nağılvari, həm də mistik enerjisi olan bu mətn qarışqaların daşların altına yığılmaları, gecə ayaqlarına at bağlamaları kimi detallarla uşaq dünyasında beyin fırtınası yaradır. Alliterasiya və assonansın bir- birini izləməsi şeiri əsl tədris nümunəsinə çevirir. Həm də bu tip şeirlər uşaqlara təbiəti və heyvanların dünya ilə əlaqəsini daha yaradıcı və əyləncəli şəkildə izah etməyə kömək edir. Ancaq burada bir element daha əhəmiyyətlidir: təxəyyülün sərhədsizliyi. Qarışqaların atlı olmaları, sadəcə fantastik bir element deyil, həm də uşaq dünyasında çətinliklərin və mərhələlərin öhdəsindən gəlmək, həyatın mürəkkəbliyini əyləncəli şəkildə izah etmək üçün istifadə edilə bilər. 

Bu şeirin ritmi isə uşaq dünyasını titrədəcək gözəl dərslik nümunəsidir.

 

Qəşəm müəllim xoşbəxt olmalıdır ki, ən gözəl uşaq şeirləriniyarada bilib.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Cənubi Azərbaycanda Səttarxan hərəkatının 115-ci ildönümü ilə əlaqədar videoçarx hazırlanıb.

 

Videoçarxda 1905-1911-ci illər İran inqilabının və Cənubi Azərbaycanda demokratik hərəkatın rəhbərlərindən biri, Azərbaycan xalqının milli azadlığı uğrunda fədakar mübariz Səttarxanın həyatı, mübarizəsi haqqında məlumat verilir. Videoçarxda görkəmli tarixi şəxsiyyət, Azərbaycan Xalq Cümhuriyyətinin (Azərbaycan Demokratik Respublikasının) banisi, müstəqillik uğrunda əvəzsiz xidmətləri olan Məhəmməd Əmin Rəsulzadənin Səttərxan haqqında sözləri yer alır, bu hərakat haqqında çəkilmiş filmlər,teatr tamaşaları, yazılmış əsərlər, Səttarxanın xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar nümayiş olunur.

Videoçarx “Səttarxan” marşı və Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımovun ifasında “Səttarxan” mahnısı ilə müşayiət olunur.

Videoçarx aşağıdakı keçiddə izləyicilərə təqdim olunur:

 https://www.youtube.com/watch?v=1EIhxJ-X9os

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

 

 

Almaniyada yaşayan və fəaliyyət göstərən beynəlxalq hüquq üzrə ekspert Asəf Əsgər Avropa Parlamentinin sədri Roberta Metsolaya Azərbaycana qarşı qəbul edilmiş qərəzli qətnamə ilə bağlı məktub ünvanlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məktubda Qarabağdakı keçmiş separatçı qurumun həbsdə olan nümayəndələrinin azadlığının tələbi ilə növbəti dəfə Azərbaycana qarşı təzyiq göstərildiyi vurğulanıb.

Hüquqşünas sual verib ki, həqiqətənmi Avropa Parlamenti Azərbaycan hökumətindən vətəndaşlarını qətlə yetirən separatçı və terrorçuların qeyd-şərtsiz azadlığını tələb edir?

O, separatçıların 1990-cı illərdən etibarən 30 min azərbaycanlının ölümündə birbaşa iştirak etdiyini, Xocalıda 613 dinc sakinin amansızlıqla qətlə yetirildiyini diqqətə çatdırıb.

Bundan əlavə, Azərbaycan ərazilərinin 20%-nin 30 il ərzində işğal altında saxlanıldığı, yeraltı və yerüstü sərvətlərinin qanunsuz şəkildə istismar edilərək talandığı və Ermənistan vasitəsilə xaricə çıxarıldığı vurğulanıb. Həmçinin işğal nəticəsində Azərbaycan dövlətinə 100 milyardlarla zərərin dəydiyi, qanunsuz məskunlaşma siyasəti aparılaraq, Livan, Suriya, Ermənistan və Rusiyadan minlərlə insanın Qarabağa yerləşdirildiyi qeyd edilib.

Ekspert 30 il ərzində ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyinin Ermənistanın işğalçılıq siyasətinə imkan yaratdığını xatırladıb.

Məktubda o da vurğulanıb ki, heç bir Avropa qurumu işğal illərində bölgəyə gəlib erməni separatçılarının törətdikləri dağıntıları və qanunsuz fəaliyyətləri araşdırmaq istəməyib. Lakin həmin qurumların nümayəndələri, məsələn, Frank Şvabe Azərbaycan ərazilərinə səfər etmək tələbi irəli sürürdü. O zaman sual olunur: erməni separatçıları Qarabağı işğal altında saxlayanda niyə onların fəaliyyətini araşdırmaq istəmədi?

Sonda Avropa Parlamentinin dəfələrlə Azərbaycan əleyhinə qərəzli qətnamələrlə separatçı və terrorçu qüvvələrin qeyd-şərtsiz azadlığı tələbini irəli sürməsi Azərbaycanın daxili qanunvericiliyinə və beynəlxalq hüquqa açıq hörmətsizlik kimi  xüsusi qeyd edilib.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

 

 

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

SƏMƏD VURĞUN

 

YАDIMА DÜŞDÜ

 

Başına döndüyüm gül üzlü sona!
Ömrümün ilk çağı yadıma düşdü.
Şairlər vətəni, bizim tərəflər,
Tərlanın oylağı yadıma düşdü.


Oxuyun qəlbimi dastan içində,
Ürək döyünməzmi astan içində?
Payızın fəslində bostan içində
Şamamanın tağı yadıma düşdü.


Töküldü kağıza sinəmin sözü,
O ana yurdumun ocağı, közü,
Ceyranın duruşu, durnanın gözü,
Kəkliyin ayağı yadıma düşdü.


Hanı at sürdüyüm boranda, qarda?
Gəzdim aşıq kimi min bir diyarda,
Gülüb oynadığım toyda, mağarda,
Qızların qolbağı yadıma düşdü.


Göylərə baş çəkir Göyəzən dağı,
Axşam açıq olur ayın qabağı,
Bizim gəlinlərin bayramqabağı
Fəsəli yaymağı yadıma düşdü.


Sən bizim ellərin ruhuna bir bax!
Bizdən inciməmiş bir əziz qonaq.
Nişanlı qızların görüşdən qabaq
Telini saymağı yadıma düşdü.


Vurğunun xəyalı gəzdi aranı,
Gözümdə oynadı dağın boranı:
Qışın buz qatığı, yayın ayranı,
Payızın qaymağı yadıma düşdü.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

 

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Həsrətin araya atdı, dağ, dərə,

Sönən işıq oldun, batan səs oldun.

Qayıt, mənim gülüm, qayıt bu yerə,

Ey mənim istəyim, nə gəlməz oldun? 

 

Ümidlər, arzular pərən-pərəndir,

Qəlbə təsəllidir xatirələrim.

Bir halımı soruş, könlümü dindir,

Axşamlar yadıma düşür səhərim. 

 

Qayıt, mənim gülüm, yerbəyer elə

Dərdli səhərləri, gecələri sən.

Çaşıb başqa yolla keçirəm elə,

Düz öz qaydasınca küçələri sən. 

 

Qayıt, yerinə qoy Ayı, Günəşi,-

Yenə olduğu tək görüm həyatı.

Qayıt, gözüm nuru, könlüm atəşi,

Qayıt, səhmana sal bu kainatı 

 

Bu gün klassik Azərbaycan poeziyasının seçilən simalarından biri olan, "Qaytar ana borcunu:, "Qayıt", "İki sevgi" kimi şeirləri ilə Azərbaycan poeziyası tarixinə öz möhürünü vurmuş şair, nasir, dramaturq, tənqidçi, tərcüməçi Əli Kərimin doğum günüdür. 

Əli Kərim 1931-ci il mart ayının 18-də Göyçayda fəhlə ailəsində anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olsa da, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçib. 3-cü kursdan isə təhsilini Moskvada, Maksim Qorki adına Ədəbiyyat İnstitutunda davam etdib və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib Bakıya qayıdıb.

Bakıya qayıtdıqdan sonra "Azərbaycan" jurnalının redaksiyasında işləyib, şeir şöbəsinə rəhbərlik edib.

İlk mətbu əsəri 1948-ci  ildə “Azərbaycan pioneri” qəzetində dərc olunmuş “Təzə müəllim” şeiri olub.

Fəal ədəbi yaradıcılıqla məşğul olan şairin "İki sevgi”, “Həmişə səfərdə”, “Qızıl qanad”, “Qaytar ana borcunu”, “Uşaqlar və ulduzlar”, “Səfərdən sonra” , “Tənbəl ayı balası” , “Seçilmiş əsərləri. I cild”, “Seçilmiş əsərləri. II cild”, “Pillələr”, “Gül və çörək”, “Qız və kəpənək” , “Qayıt”, “Mavi nəğmənin sahilində”, “Neyləyim, şeirlə dərd söyləyirəm”, “Nə xoşbəxt imişəm bir zaman, Allah!”, “Metronun yaylı qapıları” və s. kitabları nəşr olunub. Sözlərinə “Nə gəlməz oldun”, “Yar gəldi”, “Azərbaycanım mənim”, “Nə xoşbəxt imişəm bir zaman, Allah!” kimi sevilən nəğmələr bəstələnilib. 

1958-ci ildə Elza xanımla ailə həyatı quran Əli Kərimin bu izdivacdan Paşa, Azər və Orxan adlı 3 oğlu dünyaya gəlib.

Qanında başlayan laxtalanma səbəbi ilə ürəyi şairə narahatlıq verib. Lakin o, “kiçik oğlum mənsiz yatmayacaq” deyərək xəstəxanaya getməkdən imtina edib. 1969-cu il iyunun 30-da onu dilə tutub həkimə aparıblar. Və o,  elə həmin gecə xəstəxanada dünyasını dəyişib. Xalq şairi Rəsul Rza çox çalışsa da, onun fəxri xiyabanda dəfn olunması üçün icazə ala bilməyib. Şair doğulduğu Göyçayda torpağa tapışırılıb.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

 

Вторник, 18 Март 2025 15:32

Bayram ayı – POETİK LÖVHƏ

İlkin Vəliyev, “Ədəbiyyat və incəsənət”

 

 

Bu ay Zərdüştün atəşi düşür

Martın soyuqluğuna.

Düşür ki,

həftələri bölsün çərşənbələrə.

Çərşənbələr cümələrdən 

daha çox sevilir indi.

Doğum günləri kimi,

ildə bir dəfə səpilir səməni toxumları.

Ölüm günü kimi,

yüz dəfə atılır papaqlar.

Bircə içki şüşələri döyüşməyəcək

Ramazana görə.

Bircə heyvanlar canını qurtaracaq

qəssab bıçaqlarından.

Var olsun, pulsuzluq!

Yalnızca nənəm

cücələri qırmızıya boyayacaq.

Mən sadəcə hiss etməyə çalışıram.

Düşünürəm ki,

iki bayramın vəhdəti

hansı Tanrının ironiyasıdır?

Bunları ixtisara salmaq

kimin fobiyasıdır?

Fəqət sən mənim ağrılarımsan…

Necə yamsılayım

tonqaldan tullanan uşaqları.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

 

 

Martın 17-də Mədəniyyət Nazirliyində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Səbuhi Göyüşovla mentorluq proqramı çərçivəsində görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. 

 

Bildirilir ki¸ nazir Adil Kərimli Səbuhi Göyüşovun timsalında müsabiqənin bütün qaliblərini təbrik edib, karyera uğurları arzulayıb. Nazir layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqənin qalibləri ilə bundan sonra da sıx əməkdaşlıq edərək təcrübəsini bölüşəcəyini və onların potensiallarını üzə çıxarmağa kömək göstərəcəyini bildirib.

 

Yaradılan imkana və səmimi qəbula görə təşəkkür edən Səbuhi Göyüşov və “Yüksəliş”in İnsan resursları şöbəsinin müdiri Elmira Məmmədova müsabiqə qaliblərinin nazirin şəxsi təcrübəsindən faydalanmasının karyera və şəxsi inkişaf baxımından gözəl imkan olduğunu diqqətə çatdırıblar.

 

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

 

“Ədəbiyyqt və incəsənət”

(18.03.2025)

Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti, "Şöhrət" ordenli sənətkar, xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Yaqub Məmmədovun xatirə gecəsi keçirilib.

 

BMM-dan AzərTAC-a bildirilib ki, “Unudulmayanlar” layihəsi çərçivəsində təşkil edilən gecə xanəndənin anadan olmasının 95 illiyinə həsr olunub.

 

Gecə ilk olaraq sənətkarın “Qızıl fond”da qorunan ifasının videogörüntüsü ilə başlayıb.

 

Əməkdar mədəniyyət işçisi, yazıçı Mustafa Çəmənlinin aparıcılığı ilə baş tutan gecədə Xalq artisti Vamiq Məmmədəliyev, Əməkdar incəsənət xadimi Arif Əsədullayev və yazıçı-şair Seyran Səxavət çıxış edərək Yaqub Məmmədovla bağlı xatirələrini bölüşüblər.

 

Tədbirdə xanəndənin klassik muğam ifaçılığı sənətində qoyduğu iz və ifa xüsusiyyətlərindən söz açılıb. Bildirilib ki, Yaqub Məmmədov 1930-cu il mayın 5 də Ağcabədidə dünyaya gəlib. Xanəndə Seyid Şuşinskidən muğam dərsləri alıb.

 

Gecədə Əməkdar artistlər Sevinc Sarıyeva, Təyyar Bayramov, İlkin Əhmədov, xanəndələr Mirələm Mirələmov, Nisbət Sədrayeva, Murad Laçın, Xətai Hacıyev görkəmli sənətkarın repertuarından muğam və təsniflər ifa ediblər. Xanəndələri tarzən Rüstəm Müslümovun rəhbərliyi ilə BMM-nin solistlərindən ibarət instrumental heyət müşayiət edib.

 

Tədbir Yaqub Məmmədovun ifasında "Qarabağ Şikəstəsi"nin səsləndirilməsi ilə başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) fəaliyyət göstərən Heydər Əliyev Beynəlxalq Mədəniyyət Mərkəzi və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin birgə təşəbbüsü ilə martın 19-dan 23-dək Türk Dünyası Novruz Festivalı keçirəcək.

 

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu AzərTAC-a bildirib ki, festivala Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) da təşkilatı dəstək verir.

 

Festival proqramı çərçivəsində Şimali Kiprin iki şəhəri və üç bölgəsində Novruz şənliklərinin keçiriləcəyini qeyd edən Həsənoğlu, açılış mərasiminin martın 20-də ŞKTC-nin ən böyük mədəniyyət mərkəzlərindən biri olan Gazimağusa bölgəsindəki Rauf Denktaş adına Mədəniyyət və Konqress Mərkəzində baş tutacağını bildirib.

 

Türk Dünyası Novruz Festivalı ŞKTC-də təhsil alan yerli və əcnəbi tələbələrin çoxluq təşkil etdiyi Girnə şəhərindəki Beynəlxalq Final Universiteti Kampüsündə davam edəcək.

 

Festivalın bağlanış mərasimi isə Lapta bölgəsində yerləşən Heydər Əliyev adına Beynəlxalq Mədəniyyət Mərkəzində baş tutacaq.

 

Onun sözlərinə görə, tədbirlərə Şimali Kipr Prezidenti Ərsin Tatar, Baş nazir Ünal Üstel, ŞKTR Parlamentinin sədri Ziya Öztürklər, hökumət üzvləri, deputatlar, yerli QHT və media mənsubları qatılacaqlar.

 

Tədbirə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkiyədən sənətçilər dəvət olunub.

 

Ölkəmizi səhnədə Əməkdar artist Elnarə Abdullayeva, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti Fəxri Nicat Kazım, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, Naxçıvan Dövlət Filarmoniyasının solisti Zülfüqar Mahmudov və Naxçıvan Dövlət Filarmoniyasının solisti Əfsanə Babayeva təmsil edəcəklər.

 

Festivalın keçiriləcəyi bölgələrdə Azərbaycanla bağlı stendlər qurulacaq, milli mətbəximizdə Novruzun simvolu sayılan şirniyyatlar qonaqlara təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.