Super User
“Abid- ibadət edən deməkdir” - Abid Tahirlinin doğum gününə
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
69-u başa vurub 70-ə adladı. Uğura qənşər!..
Bəzən onu başa düşmək çətin olur, müzakirələrdə əks arqumentlərilə həmsöhbətlərini heyran edə bilir. Onu tanıyan hər kəs ilk olaraq insanlığına, ziyalılığına böyük hörmətlə yanaşır. Çünki hələ də saflığını itirməyib. Səmimi, təmkinli, mehribandır.
Dürüstlük onun üçün çox vacib bir məsələdir. Heç vaxt heç kimi aldatmır və aldanmağı da sevmir. Məcaranı, dinamikliyi xoşlayır. Nikbinliyi, məzmunlu mülahizələri ilə son dərəcə cazibədar görünür. Emosional cəhətdən tərbiyəli, ahəngdardır və geniş düşünməyi bacarır. Məhdudiyyətlərin, eləcə də qaydaların şərti olduğunu yaxşı anlayır. Bununla bərabər, düşüncələrinə çox bağlıdır. Bir sözlə, əməli, ideyası, əsərləri ilə fərqlənən, başqalarına örnək olan, yüksək mənəvi dəyərlərə, əxlaqi keyfiyyətlərə sahiblənən bir ziyalıdır...
Deyir ki:- “İnsanın ən böyük qüdrəti, möcüzəsi sözlə yaratdıqlarıdır...”
Söhbət Abid Həmid oğlu Tahirlidən gedir. O, 1955-ci ildə Qəbələ rayonunun Nohurqışlaq kəndində anadan olub. 1975-1980-ci illərdə ADU-nun jurnalistika fakültəsində ali təhsilə yiyələnib. 2015-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
1997-ci ildə MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda “Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı- mühacirətəqədərki dövr” mövzusunda namizədlik, 2006-cı ildə isə Bakı Dövlət Universitetində 1921-1991-ci illər üzrə “Azərbaycan mühacirət mətbuatında publisistika” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, flologiya elmləri doktorudur...
Yaradıcılığa orta məktəbdən başlayıb. IX sinifdə yazdığı “Sinoptiklər” hekayəsi ilə respublika yaradıcılıq müsabiqəsinin qalibi olub. 1975-cı ildən isə dövri mətbuatda çap olunur...
İnsanlarla münasibətdə sərbəst və səmimidir. Azadlığını son dərəcə sevir və bu sevgiyə əbədi sadiq qalacağına inanır. Ağıllı insanların yanında olmağı çox xoşlayır. Onunla dostluq etmək bir başqa aləmdir. Baş verən hadisələrə fərqli bir şəkildə baxmağı ondan öyrənə bilərsiniz və onunla dostluğunuz sizə ilham verəcək, həyatınıza rəng qatacaq...
Haqqında yazılan məqalələrin birində deyilir: “Abid- ibadət edən deməkdir. Abid Tahirli qələmi, sözü ilə ömrünü vətəninə, xalqına ibadətlə keçirib...”
Bəli, noyabrın 30-u Abid müəllimin 69 yaşı tamam oldu. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, firəvan həyat və yaradıcılıq uğurları arzulayırıq.
Çox yaşasın!.
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)
“Balaca, sarı pişik” - TƏLƏBƏ YAZILARI
Nigar Həsən-zadə, “Ədəbiyyat və incəsənət”
Salam, əziz oxucular. Bu gün sizə təqdim edəcəyim yazının müəllifi BDU Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi Fatimə Məmmədovadır.
Biz insanıq. Dərdimizi bölüşə bilirik, gəzmək istədikdə gəzirik, acanda yemək alırıq, bişiririk. Biz insanıq, biz hər şeyi bacara bilirik. Hər cür qəddarlığı da eləyə bilirik. Məsələn, heyvanlara qarşı qəddar davranırıq. Hətta bəzilərimiz olur ki, onların quyruğunu, ayağlarını kəsir, onların can verməsini izləyib həzz alır.
Biz insanıq.Amma sadəcə adımız insandır.
Bizim ki, qəlbimiz heyvanların qəlbindən böyükdür, niyə onlar qədər yumşaq ürəkli deyilik, niyə qəlbimizi kirlədirik? Niyə insan olduğumuza görə, Allaha şükür eləmirik ki?
Heyvanlar Allahın dilsiz qullarıdır. Onların da arasında təbii ki düşmənçilik olur. Amma heyvanlar cənnətə və ya cəhənnəmə getmir. Bu da onu sübut edir ki, heyvanlar bir-birlərini parçalasalar belə bu səhv deyil. Amma insanların öz anasına, atasına, bacısına, qardaşına qıydığı bir dövrdəyik. Hətta heyvanlara.
Mən heyvanları hədsiz dərəcədə sevən biriyəm. Bəzən düşünürəm ki, kaş heyvanların da bizim kimi nitqi olardı. Kaş heyvanlar da ölümsüz olsaydılar.
Heç vaxt bir hadisə yadımdan çıxmaz. 13 yaşım var idi . Bir gün həyətin qapısını açanda sarı balaca pişik də mənimlə bir yerdə həyətə girdi. Mən o pişiyə sahibləndim. Onu mən böyütdüm. Bəzən xətrimə dəyiləndə ürəyimdəkiləri boşaltmaq üçün həyətə gedər və saatlarla pişiyi sığallayardım. Mən ağlayarkən o hiss edib yanıma gələrdi. Hər gün sarı pişiyimin şəkillərini çəkərdim. Yağış, qar yağanda anamdan neçə saat xahiş edib onu evə gətirməyimi istəyirdim. Mən pişiyimi soyuqda görməyə dözə bilməzdim. Bir gün xəstələndi və getdi. Mən hər gün yolunu gözlədim. Çünki o, mənim dostum idi.
Amma mənə sanki o ərəfədə birlikdə son günlərimiz imiş kimi gəlirdi. Sanki ürəyimə danmışdı. Elə də oldu. O getdi və bir də gəlmədi. Mən də özümə gələ bilmədim. Bəlkə kənardan baxdıqda heyvanlara bu qədər bağlı olmamalı olduğumuz deyiləcək. Amma o mənim yeganə dostum idi. Onun qəlbi bəzi insanlardan yumşaq idi. Mən o pişiyi o qədər çox sevirdim ki, bir daha pişik saxlamamağa and içmişdim. Sanki ona xəyanət edəcəkmiş kimi hiss edirdim.
Nə vaxt sarı pişik görürəmsə, gözlərim dolur. Hətta onun şəkillərinə baxanda bir küncə qısılıb ağlayıram. Bəzən yolda insanların heyvanlara qarşı pis rəftarını görürəm. Amma heç nə demirəm. Çünki o insanlar axirətdə həm o heyvana, həm də Allaha cavab verəcək.
Heyvanların sadaqəti dünyada az insanda tapılar. Onlar da bizim kimi danışmaq istəyir, onlar da istəyir ki, bu qəddar dünyada öz haqlarını müdafiə etsinlər. Mənim Hüquqşünasdan aldığım müsahibəmdə heyvan haqlarının qorunduğu bildirilmişdir. Mən anlaya bilmirəm. Heyvan haqları hansı dərəcədə qorunur ki , heyvanlar küçədə ya maşının altında qalır, və ya soyuqdan donmuş şəkildə qalır? Ya da cani bir 'insan'ın qurbanına çevrilir? Əgər heyvan haqları qorunsa idi, bunlar baş verməzdi. Heyvan haqlarının qorunması məgər budurmu?! Hansı heyvanı öldürən insana ağır cəza verildi?!
Həyatda hər şey ola bilər. Bir gün biz də heyvanlar qədər çarəsiz ola bilərik. Yaşatdıqlarımızı yaşaya bilərik.
Unutmayaq.
Karma var.
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)
Gülüş klubunda qarınqulu
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Deputat Siyavuş Novruzovun AzTV-də tənqid edilməsi parlamentariy və televiziya tariximizdə bir ilkdir.
Deyir, bu epizodu görüb bərk mütəəssir olan Siyavuş müəllim deyib:
-Sənə güvəndiyim yağlar, sənə də marqarin qatılarmış.
2.
Surrealist şeir:
SOYadını söyləmədən
SOYkökünü gizləyərək
SOYuğu vecə almadan
SOYunubdur bu adam.
SOYanı yığıb bostandan
SOYuducuya doldurub
SOYqırımı eləyir o.
SOYdaşlarına qarşı.
3.
-Bu gün çox məhsuldar bir gün oldu. Mən bol-bol məhsul yedim, - deyir Qarınqulu.
4.
-Qorxma, çən səninləyım!
-Elə buna görə də qorxuram.
5.
Optimistlə pessimistin fərqi. Optimist alpinistə dağa çıxan, pessimistsə dağdan enən deyir.
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)
“Bir il də belə getdi…” - Elşad Baratın şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Elşad Baratın şeirləri təqdim edilir.
Çatmır
Qəfildən sıxılıram,
Qəfildən havam çatmır.
Adam kimi ölməyə
Bir isti yuvam çatmır.
Çatmır əllərim göyə,
Çatmır dualarım da.
Bəlkə də yalnız Allah,
Çatmır dualarımda.
Nə deyirlər, desinlər,
Sərxoş, veyil-veyiləm,
Bu saat heç özüm də,
Öz vecimə deyiləm.
Sən hardan biləsən ki,
Hardan biləsən, Bəkir?
Şairlər hər şeirdə,
Doğuş sancısı çəkir.
Çəkir yerin üzündə
Göyün yükünü şair,
Ürəyi Vətən boyda,
Beli bükülü şair.
Nə olsun ziyalıdır,
Duyan yoxdu şairi,
İndi adam yerinə,
Qoyan yoxdu şairi.
Bir gün hamı verəcək,
Bələk haqqı, ağ haqqı,
Milyonçu əclaf canı,
Dilənçi uşaq haqqı.
Eləcə sıxılıram,
Qəfildən havam çatmır.
Mənim adam olmağa
Bir isti yuvam çatmır.
Tənha qadın
Bu qadın da tənhadır,
Əllərindən bilirəm.
Yanağında darıxan
Tellərindən bilirəm.
Bilirəm, gözlərinin
Dibinəcən darıxır.
Topuğunun yanından,
Qəlbinəcən darıxır.
Təhsili var, işi var,
Darıxmağdı peşəsi.
Onun ixtisasıdı
Tənhalığın yekəsi.
Bu qadının gecələr
Eləcə susmağı var.
Qəfildən hıçqırmağı,
Bərkdən ağlamağı var.
Bu qadın adamların,
İçində də tənhadır.
Yemək saatlarının
Üçündə də tənhadır.
Hopubdu tənhalığı
Gülüşünə, səsinə.
Həsrətdədi yatağı,
Bir kişi nəfəsinə.
O qadına deyin ki,
Mən də tənhayam indi.
Gəl apar əllərimi,
Ölənəcən sənindi.
İlin sonu
Bir il də belə getdi,
Bir il də dalda qaldı.
Arzular yetişmədi,
Arzular yolda qaldı.
Yenə də küməmizin
Pəncərəsi olmadı,
Yenə də qızlarıma,
Velosiped almadım.
Almadım anam üçün
Kəlağayı yenə də,
Almadım ki, ağappaq
Tellərini gizlədə.
Gizlənə də bilmədim
Payızından, qışından,
Anamın əllərindən,
Atamın baxışından.
Baxış-baxış utanıb,
Bir ili də böyüdüm.
Yalvardımsa nə qədər
Bar vermədi söyüdüm.
Bu söyüd şəhərindən
Nə bar gətirim evə?
Hər gecə əllərimdə
Qabar gətirdim evə.
Əllərimin qabarı,
Qızlarıma oyuncaq,
Bir tikə çörək yeyib,
Oynadılar doyunca.
İlahi, bu evimin
Başına çevir məni.
Qızlarımın anası
Hələ də sevir məni.
Ümidsiz qadın
Salam, ümidsiz qadın,
Kefin, halın necədir?
Yəqin ki, üşüyürsən,
Yaman soyuq gecədir.
Üşüyürmü əllərin,
Tənhalığın boyunca?
Qorxma, heç kim eşitməz,
Otur, ağla doyunca.
Boylan hərdən küçəyə,
Qoy sevinsin pəncərən,
Görsün buludlar səni,
Ağlasın səhərəcən.
Bilirəm ki, döyülməz
Qapın, narahat olma.
Yalançı ümidlərə
Tapın, narahat olma.
Hərdən də çıx şəhərə,
Özün üçün gəz, dolan.
Nə olsun yoxdur ərin,
Nə olsun yoxdur balan?!
Nə olsun gözlərində
Arzuların yeri var,
Bəlkə indi hardasa,
Səni sevən biri var?!
Bəlkə yoxdu sevənin,
Tamam unudulmusan,
Hamının yaddaşında
Yuxu kimi qalmısan.
Eybi yox, zaman gələr,
Bir gün yada düşərik,
Yeri get, tənha qadın,
Öləndə görüşərik...
Dənizi başıma çəkirəm
Bilirəm, hardasa düz eləmirəm,
Bilirəm, mənim də günahlarım var.
Bəlkə də sonuncu axşamçağımdı,
Bəlkə də bir sürü sabahlarım var.
Neynirəm bu saxta ləpələnməyi?
Balıqçı quşların səsi bezdirir,
Hər kəsin əlində bircə ömür var,
Hamı ehtiyatda ölüm gəzdirir.
Sən gələn yollara etibarım yox,
Gözümü badəyə dikirəm indi.
Sənin sağlığına ayağa qalxıb,
Dənizi başıma çəkirəm indi.
Dəniz qoynu
Yenə dəniz qoynu, yenə ikimiz,
Sinəm şeir dolu kitab kimidir.
Yenə də sərxoşam bircə öpüşə,
Baxışın yüz illik şərab kimidir.
Niyə gecikmişik bir-birimizə?
Bizi görüşmədən ayırıb yollar.
Günəş sənsiz çıxıb, ay sənsiz doğub.
Gör, sənsiz nə qədər gecələrim var.
Gətir qollarını dola boynuma,
Ay üzün çevirsin, dəniz kar olsun.
Bu gecə sevişək səhərə qədər,
Nigah şahidimiz balıqlar olsun.
Görüşərik
Dayan, səni bağrıma
Basım, sonra gedərsən.
Qollarımı boynuna
Asım, sonra gedərsən.
Gedərsən, gedişinlə,
Dağılarsan hər yana,
Onsuz da hamı gedir,
Darıxdığı ünvana.
Hamı kimi gedərsən,
Düşmərəm yadına da,
Bilməzsən ki, səninçün
Gülümsədim yollara,
Dilənçi qadına da.
Gedirsənsə son dəfə
Gözümü bağla, çıx get,
Saçlarının ətrini
Sədəqə saxla, çıx get.
Yox, belə getmək olmaz,
Bu gediş harda vardı?
Bu gediş ayrılıqdı,
Bu gediş intihardı.
Nə isə, bu gedişlə,
Çətin yada düşərik.
Bu gecə həsrətindən
Ölməsəm, görüşərik.
Gedirəm
Gedirəm bu şəhərdən,
Elə indi, bu saat.
Məni saxlaya bilməz
Nə doğmalar, nə həyat.
Bu şəhərdən uzaqda
Darıxacam, bilirəm,
Bilə-bilə alnımın
Yazısını silirəm,
Gedirəm bu şəhərdən.
Bu şəhərdə küçələr
Üzümüzə gülmədi,
Küçələri keçənlər
Bir də geri gəlmədi,
Bu şəhər şəhər oldu,
Vətən ola bilmədi.
Bilmədi adamların
Qiymətini bu şəhər,
İtirdikcə itirdi
Hörmətini bu şəhər.
Gedirəm bu şəhərdən
Elə indi, bu saat.
Özümdən sökülürəm,
Naxış-naxış gedirəm,
Yağış-yağış yuyulub,
Qarış-qarış gedirəm,
Gedirəm bu şəhərdən.
Eh... məni bu şəhərdə
Saxlayan heç nə yoxdur,
Ruhumu bu şəhərə
Bağlayan heç nə yoxdur.
Gedirəm bu şəhərdən
Elə indi, bu saat.
Sağ ol, xatirələrim.
...Hələlik, sağ-salamat.
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)
“Həyatdan ən böyük arzum bir gün belə oxumaqdan, yazmaqdan uzaq qalmamaqdır” - ŞƏBNƏM ÖZBAY
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Qardaş Türkiyənin dəyərli yazarları ilə müsahibələrim davam etməkdədir. Bu dəfə ikinci dəfə müsahibim olan Şəbnəm Özbay xanımın yeniliklərindən xəbərdar olacaqsınız...
-Salam Şəbnəm xanım. Necəsiniz?
-Salam Habil bəy. Çox sağ olun. Mən intensiv templə işləməyə və ədəbiyyat istehsal etməyə davam edirəm.
-Yeni fəaliyyətiniz haqda bilmək istərdik, əgər mümkünsə...
-Bu il dördüncü dəfə keçirilən “feminartsfest2024” festivalında ““Kaş Kaldırıyorum”” adlı hekayəmlə iştirak etdim. Feminenartfest beynəlxalq qadın sənətçilərin iştirakı ilə keçirilən böyük bir tədbirdir. Mən hələ də o festivalın təsiri altındayam. Ədəbiyyat aləmimizin ustad qadın yazarlarından İnci Aralla eyni platformada olmaq məni çox həyəcanlandırdı. “Kaş Kaldırıyorum” hekayəsində anasını itirən gənc qadın atasının yeni evliliyini qəbul edə bilmir və atası ilə münaqişəyə başlayır. Atasına üsyan etməyə cəsarəti çatmadığından, ancaq qaşını qaldıra bilir.
-Yeni nəşr edilən kitabınız haqqında məlumat verə bilərsinizmi?
-Son iki ildə “Qadın yazıçılar” qrupu ilə əsasən kollektiv kitablar üçün hekayələr yazıram. Bu yaxınlarda qorxu hekayələri kitabını nəşr etdik. Kitab oxucuların böyük marağına səbəb olaraq böyük həyəcan yaratdı. İndi də eyni qrupla “vazgeçişler”mövzusunda hekayələr yazırıq. Kitab gələn il mart ayında işıq üzü görəcək. Mən də “Kirpi” jurnalının redaksiya heyətindəyəm və işimiz bu davam etməkdədir.
-Gələcək planlarınız nədir?
-Əlbəttə, gələcəklə bağlı arzularım var, amma “planlaşdırma” sözü artıq məni qorxudur. Bunun çox tanış bir deyim olduğunu bir daha öyrəndim, amma həyat həqiqətən biz planlar qurarkən başımıza gələnlərdən ibarətdir. 2025-ci ildə “Uç dedi yüreğim” adlı ilk romanım yeni nəşri ilə oxucuların görüşünə gələcək, yeni hekayə kitabım problem olmasa, ilin ikinci yarısında rəflərdə yerini alacaq.
Həyatdan ən böyük arzum bir gün belə oxumaqdan, yazmaqdan uzaq qalmamaqdır.
Sizə və dəyərli izləyicilərinizə cansağlığı arzulayıram. Bu fürsəti verdiyiniz üçün çox sağ olun Habil bəy.
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)
“Şahid qızın yuxusu...” - bəstəkar Azər Dadaşovun doğum günü
Könül, “Ədəbiyyat və incəsənət”
Həqiqətən də bizim çox böyük bəstəkarlarımız var.
16 yaşında ikən simfonik orkestr üçün ilk əsərini - “Elegiya”nı bəstələyən Xalq artisti Azər Dadaşov görkəmli bəstəkar Qara Qarayevdən dərs alıb. O, 10-dan çox simfoniya, bir çox janrda yazılmış musiqi əsərlərinin, o cümlədən 20-dən çox filmə bəstənin müəllifidir.
Xüsusən solist, xor və kamera orkestri üçün “Ave, Maria” ariyası, Füzulinin sözlərinə “Aruzilər məzhəri” vokal silsiləsi, Şuşa şəhərinə həsr etdiyi simfonik orkestr üçün 11 saylı simfoniyası; B.Vahabzadənin sözlərinə solist, xor və simfonik orkestr üçün “Ulu Qorqud” odası, iki soprano və simfonik orkestr üçün “Bahar duası” ariyası məşhurdur. Bəstəkar eyni zamanda “Şahid qız” (1990), “Yuxu” (1994), “Özgə vaxt” (1996) və s. kinofilmlərə və “Yanmış evin nağılı” dram tamaşasına musiqilər bəstələyib. Əsərləri ABŞ, İngiltərə, İsveçrə, Fransa, Türkiyə, Finlandiya və s. ölkələrin nüfuzlu orkestrləri tərəfindən ifa olunub.
Azər Dadaşov zəngin yaradıcılıq axtarışları ilə musiqimizin inkişafına və təbliğinə layiqli töhfələr verib. Bəstəkar 2005-ci ildə Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi”, 2018-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
77 yaş özündə magik rəqəmin sehrini daşıyır. Güman edirik ki, qocaman bəstəkarımız bu yaşında da yazıb yaradacaq.
Təbrik edirik!
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)
Təbrizli Əli Çağlanın kitabı Türkiyədə çap olunubdur
Türkiyənin "Əfsun" yayınlarında təbrizli şair, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağlanın "Kasterina" adlı kitabı çap olunub.
Kitabda Əli Çağlanın müxtəlif vaxtlarda yazdığı şeirlər toplanıb.
Qeyd edək ki, kitabın tərcüməçisi Aişə Nəbi, redaktoru Ahmet Can Yıldız, dizayneri Emin Aslandır.
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)
Azərbaycan və Altay türkcəsində qadınla bağlı atalar sözləri
Zəhra Həsənova, “Ədəbiyyat və incəsənət” üçün
Uzun illərin, mürəkkəb tarixi proseslərin fonunda xalqın məişəti, ətraf aləmə və aid olduğu cəmiyyətə dair müxtəlif növ fikirləri məhz atalar sözləri, məsəllər vasitəsilə günümüzə qədər gəlib çatmışdır. Sözsüz ki, şifahi xalq ədəbiyyatının bu əvəzsiz örnəkləri bizə yetərincə geniş, tarixi, mədəni baxış bucağı qazandırır.
Buna baxmayaraq atalar sözlərinin tərkibində, habelə insanımızın yeniləşməkdə olan düşüncə tərzinin arxa planında zərərli sosial normaları özündə ehtiva edən bəzi fikirlər də yatmaqdadır. Türk qadının əsrlər öncə belə dəyərli, öz seçimlərində müstəqil, istər savaş meydanında, istərsə də çadırında qorxusuz və mərd olduğunu nəzərə alsaq, onun yüksək mənəvi keyfiyyətlərini kiçildən, əzən və hətta tənqid bənzəri təhqirə hədəf tutan bəzi deyimlərin gerçəkliklə əlaqəli olmadığını bir daha xatırlatmış olarıq.
Əvvəlcə Azərbaycan dilində bu fəsildən olan bəzi atalar sözlərinə nəzər salaq:
Arvad tutan yolun axırı yoxuşa qalxar
Halbuki keçmişdə və günümüzdə kiçik dövlət adlandırdığımız ailələrin bütün daxili qərarlarının alınmasında ən böyük məsləhətçi daim xanımlar, o evin anaları, nənələri, həyat yoldaşları olur. Necə deyərlər “Hər güclü kişinin arxasında bir ağıllı qadın durur”.
Ərsiz arvad – cilovsuz at
Sözsüz ki, dəyişən və inkişaf edən texnologiyalar əsrində nə “arvadın ərə”, nə də atın cilova ehtiyacı var. Doğru mühitdə bütün canlılar kök salıb çiçək açmağa qadirdir.
Varlığın şərtləndirən əsas amillərdən biri də emosiyalardır. Bura həm xoş, həm də kədərli hiss və duyğular daxildir. İnsan kainatın axışı, təbiətin dəyişimi ilə daim vəhdətdədir. Ətrafımızda baş verən hadisələr bizdə yaxşı və ya pis izlər qoyur, onlar qarşısında ağlamaq, gülmək, qəzəblənmək isə sadəcə insan olmaq deməkdir:
"Arvadın gözündə yaş var, evdə iş var", yəni qadın, yaxud kişi olmaq fərq etmədən zaman-zaman duyğu axışında olmaq yaradılışımızın təməlindədir.
Ər atanı el atar, ər tutanı el tutar.
Yaxşısı “atan” da, “tutan” da olmadan möhkəm təmələ sahib olmaq, özün kimliyindən güc alaraq kök salmaqdır.
Qızı özbaşına qoysan, ya halvaçıya gedər, ya nağaraçıya.
Süfrəmizdən halva, toyumuzdan nağara əksik etməyib, halal qazanca dair çoxlu fikirlər söyləyiriksə (“Halal mal heç yerə getməz”, Halal incələr, ancaq üzülməz” və s.), sevgi və doğruluqla icra edilən bütün peşələrin xoşbəxtlik gətirəcəyi şübhəsizdir.
Qızını döyməyən dizini döyər
Doğrusunu desək, evində döyüləni ətrafı da, özgəsi də döyər. Dünya ilə ilk tanışlığımızı yaşadığımız, “ev” demək üçün dörd divar, bir tavan və qapıdan daha çoxuna ehtiyac duyduğumuz yuvalarda gördüklərimiz bir ömür boyu gedəcəyimiz yolları, üzərimizə qalxan əllərin saçlarımıza sığal, yoxsa başlarımıza “qapaz” olacağını təyin edir.
Bu cür örnəklər Altay türkcəsində də az deyil:
Altın baştu kadııtan,
Arık baştu er artık “Qızıl başlı qadındansa, arıq başlı ər yaxşıdır”.
Belə anlaşılır ki, bütün üstün cəhətlərinə, seçilən xüsusiyyətlərinə baxmayaraq, qadın sadəcə qadın olduğu üçün hər zaman kişidən daha natamam və zəifdir.
Enezi t'amanıii kızın alba, Ejigi t'amanlUii üyine kirbe. “Anası pisdirsə, qızını alma, qapısı pisdirsə, evə girmə”.
Buna bənzər nümunə Azərbaycan dilində “Anasına bax, qızını al” şəklində işlədilir. Hər nə qədər büyüdüyümüz ailələr, aldığımız tərbiyə və formalaşdığımız mühit xarakterimizin formalaşmasına təsir etsə də, olduğumuz və olmaq istədiyimiz şəxsiyyəti yaratmaq fərd olaraq özümüzdən asılıdır. Bu səbəbdən övladlar valideynlərinin, onların həyat tərzinin məsuliyyətini daşımır.
Kadın kijinin çaçı uzun, agılga kıska. “Qadının saçı uzun, ağlı qısadır”.
Tarixə öz adını qızıl hərflərlə yazmış Tomris, Sara xatun, Nənə xatun, Fatimə Aliyə xanım, Ümgülsüm Sadıqzadə, Qaratel Hacımahmudova, Salatın Əsgərova və adı vərəqlərə, sətirlərə sığmayacaq yüzlərlə, minlərlə qadının hekayəsində aparıcı mövzu saçlar, görünüşlər deyil, ağıl və cəsarətdir.
Sözün müxtəsəri, tez-tez eşitdiyimiz, oxuduğumuz və bəlkə də, işlətdiyimiz bir qrup atalar sözləri, deyimlər uzun bir ömür yolu keçmiş olsa da, artıq tarixin yaddaşında, vərəqlərdə, kitablarda yanlış olduğu bilinərək saxlanmalı, zehnimizdəki yerini bərabərliyə, birlikdə dünyanı daha yaşanmalı, güllərlə, gülüşlərlə dolu bir məkana çevirəcək fikirlərə, qayələrə verməlidir. Dahi şairimiz Hüseyn Cavidin dilindən desək:
Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)
“Zalımın zülmü çox, məzlumun ahı” – Şəhriyar del Geraninin şeirləri
“Ədəbiyyat və incəsənət” portalı yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə Şəhriyar del Geraninindir.
KÜLƏK ŞEİRİ
Kirli köynәyimi yumuşdu anam,
külәk bulamışdı... nә bilsin külәk?
Mәnsә hirslәnmişdim anama onda,
anam ağlamışdı... nә bilsin külәk?
Bir gün dalaşmışdım qonşu uşaqla,
Üstәlik, anasın söymüşdüm onun.
Oysa hikkәsindәn bir yekә torba
yarpaq tıxamışdı buxarımıza.
Sobamız yanmadı fevral gecәsi,
çayım soyuq oldu, atamız qrip,
mәn dedim: “Külәyin işidi, yәqin...”
Anam da inandı,
nә bilsin anam? –
“Yiyәsi ölsün bu külәyin” – dedi.
O vaxtdan yiyәsiz qalıb
külәklәr,
bu yetim külәklәr nә
bilsin axı...
Sәn üşümәyәli ikinci qışdı,
ay Allah, kәs görüm, bu nә yağışdı?!
Yığışdım özümә, elә yığışdım,
para buğdasına söykәnib yatan
qarışqa misalı elә yorğunam...
Soruşma neçәnci qәrib soyuğun,
neçәnci dostumun uzaqlığıyam.
Hәminki qayğıdı bu tifil qayğı,
kirpiyimә qәdәr yorğunam, anam...
Bir pişiyim dә yox qucaqlayası,
qucağım sinәmdә bayquş yuvası,
barı dost da ölmür yas saxlayasan,
hamı salamatdı, hamı yaxşıdı!
Di gәl darvazanı külәk açdımı,
Bu darıxmaq ki var, itin balası!
Hәr gün qapımızda gәlib ulayır.
Yox әşi, nә külәk... nә bilsin külәk?
Kirli köynәyimi yumuşdu anam,
külәk bulamışdı... nә bilsin külәk?
Mәnsә hirslәnmişdim anama onda,
anam ağlamışdı... nә bilsin külәk?
XATIRLANMAĞIN ŞEİRİ
Elə nigaranam – səndən nigaran,
yaşaram ömürdən-gündən nigaran.
Qayğına qalıram öz aləmimdə –
nə vaxt soyuqlasan, çay dəmləyirəm.
Ürəyim əlimdə, canım əlimdə
yanına gəlirəm, gülümsəyirəm.
Deyirəm, "Darıxma, yaxşı olacaq...".
Yaxşı olmayacaq, özün bilirsən.
Sən özün bilirsən necə olacaq...
Sən özün bilirsən necə olacaq,
zalımın zülmü çox, məzlumun ahı.
Sən özün bilirsən necə olacaq,
kimin boynunadı kimin günahı.
Şahid çağıraram ora Allahı,
mən sənin üstünə günah almaram.
Nə qədər istəsən,
neçə istəsən,
mən özüm yanaram, necə istəsən,
heç bircə tikə də sənə qalmaram.
Eh... Sənə bu qədər uzaq olunca,
günəşə su qədər uzaq olunca,
gedib dayanaram külək tərəfdə,
saçını öpərəm külək tərəfdən.
Beş-on xatirəyə ümid olmaram,
sən necə istəsən,
hardan istəsən,
yadına düşərəm haçan istəsən.
Mən belə sevirəm, unudulmaram...
DEKABR ŞEİRİ
Nә uzaq küçәlәr vardı uşaqlığımızda,
nә uzaq şәhәrlәr oldu sonralar.
Böyüdükcә dәyişir uzaqlar da,
küçәlәr dә,
küçә-küçә,
şәhәr-şәhәr uzaq olur adamlar...
Sәn dә bir küçә seç getmәzdәn öncә,
bir şәhәr şeç unutmağa,
bir uzaq seç darıxmağa,
sәn dә getmәzdәn öncә
bir az dәyiş,
bir az uzaq ol,
sonra get.
Bu qәdәr yaxşıykәn getmә, nә olar,
bilirsәnmi, çәtin olur yaxşıların gedişi...
Ən sonuncu dostum da әclaf çıxmamış,
bilirsәnmi,
axşam düşmәmiş,
şәr qarışmamış getmә.
Çәtin olur yağışlarda son görüş,
parklarda skamyalar qurumamış getmә...
Sәn bilmirsәn,
çәtin olur payızlarda darıxmaq.
Ən sonuncu yarpaqlar da düşmәmiş,
torpağa qarışmamış,
bir az qal, nә olar,
getmә qış çıxmamış,
qış çıxmamış getmә...
Sәn bilmirsәn,
indi mәn,
Allahdan nә üçün yox,
kimin üçün yaradıldığımı soruşuram.
Bir az da sәbrin olsun,
mәni ömrümün sonuna ötür,
sonra get.
Sәn bilmirsәn,
indi mәn adamlarçün yox,
әşyalarçün darıxıram.
Bir az da sәbrin olsun,
qәbrim üstdәn yaylığını götür,
sonra get.
Daha mәn gәlәcәkdәn yox,
keçmişdәn nigaranam.
Bir dә gördün heç kәs yadına düşmür.
İndi sәnә “qal” demәyim
sәninlә bütün keçmişlәrdә
yanaşı görünmәk istәyimdi,
arzular da canavar kimidi – әhlillәşmir!
Sәndәn sonuncu istәyim:
mәni xatırlasan,
kimsәsiz, boş qalmış otaq kimi xatırla.
Sәndәn sonuncu istәyim:
mәni xatırlasan,
uzaqlarda qәzaya düşmüş
sәrnişinsiz qatar kimi xatırla.
Heç bilmirәm, torpaq suyu içirsә,
adamları neynir?
***
Qәfil qәribsәyir adam –
qayıdırsan oturduğun stulun ağac vaxtına,
görürsәn budaqların hәr haçasında bir yuva,
içindәәtcәbalalar civildәşir...
Qәfil qәribsәyir adam –
qayıdırsan sevgilәrin uşaq vaxtına,
görürsәn müharibәdә itkin düşmüş әmin
sol yanağından bir çimdik götürür
vә gülümsәyәrәk çıxıb gedir.
Yanağından bir çimdik dә belәcә itkin düşür...
Qәfil qәribsәyir adam –
qayıdırsan yatağının beşik vaxtına,
görürsәn tәrlәmisәn, anan әynini dәyişir,
görürsәn tәrlәmisәn, anan әynini dәyişir,
görürsәn tәrlәmisәn, anan әynini dәyişir...
Vә qәfil әllәrini tutub saxlayırsan!
Mənim ixlasım
Əlhәmdu-lillahi Rәbbil-alәmin,
dәnizlәrin uzağında gözdәn itәn gәmilәrin,
günәşlәrin, külәklәrin, bihudә keçәn günlәrin
peşmanlığından sığındım sәnә.
Dalğalar da sahilә danışar sirrini dәnizlәrin,
yosunlar necә rәqs edәr balıqların nәğmәsinә?
İhdinәs-siratәl-müstәqim…
Yanlışım yox, mәhzun gözlüm,
mәn daim sәni sevdim.
And olsun yeddi sәmaya,
yeddi rәngә,
yeddi yerә,
getdi ömür birdәn-birә
birdәn otuza, otuzdan әlliyә,
bölündü aylara, günlәrә, tәqvimlәrә,
bölündü qayğılara, havaya, suya vә sairәyә...
İyyәkә nә budu vә iyyәkә nәstәin...
Bax necә dә tәlәsirsәn yanımdan getmәyә,
gözümdәn itmәyә.
Bilirәm, әvvәl-axır unutmalısan mәni,
unutmalısan bu oyuncaq ev-eşiyi,
qollarımdan getmәlisәn әvvәlcә,
atmalısan bu beşiyi.
Böyümәlisәn, tәrk etmәlisәn hamını.
Mәn dә çıxmalıyam axı burdan әvvәl-axır,
daha qorxum da yox adamlardan.
Mәni öldürmәk üçün bu quyuya atanlar
qorudular canavarlardan.
İnnәl insanә lәfi xusr...
Mәn sәni bir yol qazandım, hәr gün itirdim.
Mәn özümü sәndә gördüm, sәndә sevdim,
mәn özümü sәndә tanıdım, sәndә tapdım,
qorxuram bir gün olmasan,
dostlarım, doğmalarım,
nә atam, nә bacılarım,
heç kimsә mәni xatırlamasın.
...Əllәzi yuvasvisufi sudurin nas.
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)
“Kiçik yaşlardan övladlarımıza türkçülüyü öyrətməliyik” – ZÜLFİQAR BAYRAKDARLA MÜSAHİBƏ
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Hər vaxtınız xeyir, dəyərli oxucular.
Sizə bu müsahibimi təqdim etməkdən qürur duyuram. Bugün türk professor Zülfiqar Bayraktar bizimlədir.
-Xoş gördük, Zülfiqar bəy, olar ki öncəliklə sizi daha yaxından tanıyaq?
- Salam, xoş gördüm. Mən. Zülfiqar Bayrakdar. Ege Universiteti Ədəbiyyat fakültəsi- Türk dili və ədəbiyyatı ixtisasının məzunuyam. Professorluq araşdırmamı isə Türk dünyası araşdırmaları üzrə aparmışam. Çox tanınmış, türkçülüyü ilə bizə millətimizin köklərini dərindən aşılayan müəllimlərdən təhsil almışam. Hazırda da araşdırmalarıma və tədrisə davam edirəm.
- Nə gözəl! Zülfiqar bəy, mən bu gün sizinlə əsas araşdırma mövzunuz olan Kitabi-Dədə Qorqud dastanı barədə danışmaq istəyərdim. Düşünürəm ki, siz bu haqda bizə kifayət qədər dolğun məlumatlar verə bilərsiniz.
-Bəli, mənim təhsil və tədris müddətindəki araşdırmalarımın əsas mövzusu Türk xalq masalları, Türk dünyasının qədimi inancları olub. Dədə Qorqud türk xalqlarının ən dəyərli miraslarındandır. Bizi bir-birimizə dərin bağlarla bağlayan, yaxınlaşdıran bir şah əsərdir Dədə Qorqud. Bilirik ki, 2019-a qədər Dədə Qorqudun 2nüsxəsi bilinirdi. Biri Vatikan (burada 6 boy var idi), digəri isə Drezden nüsxəsi (burada 12boy var idi). 2019-da Ege Universiteti Türk dünyası araşdırmaları Endistrüsi müdiri Prf-Dr. Metin Ekici 3-cü nüsxəni tapdı. Təbii ki, bu nüsxəylə bağlı başqa araşdırma aparan akademiklər də var, amma, mən xüsusilə Metin bəyin araşdırmalarından bəhs etmək istəyirəm. Metin bu nüsxəni Türkmən Səhra adlandırdı. Bu əsərdə əlavə bir hekayə var, Salur Qazanın yeddibaşlı əjdahanı öldürməsi boyu bu nüsxədə qeyd edilib. Bu mənə ümid verdi ki, Dədə Qorqudun başqa nüsxələri də gələcək illərdə mütləq tapılacaq. Ya Çində, ya İranda, ya Moğolustanda, harada olacaq bilmirəm, amma mütləq tapılacaq. Bu, hər-halda ki, türk dünyası üçün xoşbəxtlik olar.
-Ümumiyyətlə, şəxsi fikrinizi bilmək istəyərdim, Dədə Qorqud türklər üçün niyə digər əsərlərə, dastanlara nisbətdə daha vacib, daha maraq doğuran bir əsərdir?
-Fuat Mehmet Köprülü deyir ki, bir tərəzinin bir tərəfinə Kitabi Dədə Qorqudu qoyun, digər tərəfinə bütün türk ədəbiyyatını. Dədə Qorqud tək başına daha ağır olacaqdır. Niyə? Dədə Qorqud türklərin 1000illik yaşamını, İslamiyyətdən öncəsini, İslamiyyətə keçid dönəmini, həm də İslam sonrası dönəmini, Türklərin doğumdan ölümə keçid müddətlərini, doğum adətləri, evlilik adətləri, sevgi, savaş, köç, düşmənlərə qarşı olan mübarizələri, hətta yeyib-içmə kültürləri, təbiətlə olan münasibətlər, qısaca bir insanın yaşamı boyunca başına gələ biləcək bütün hər şeyi əks etdirən, insanların dildən dilə danışaraq ötürdüyü bir qaynaqdır. Bu əsəri oxuyarkən anlamalıyıq ki, biz sadəcə bir hekayə, roman oxumuruq.
-Dədə Qorqud hansı türk soylarını əhatə edir?
-Dədə Qorqud dedikdə əslində Oğuz türkləri nəzərdə tutulur. Lakin buradakı bir çox ünsür türklərin ortaq ünsürləridir. Qazaq türkləri, Qırğız, Tatar türkləri, Xakas, Azərbaycan türklərinin günlük həyatında Dədə Qorqudda danışılan, yaşadılan bir çox adətə bu gün də rast gəlmək olur. Biz Türk boyları olaraq müəyyən müddət birlikdə yaşamışıq və indi də bunun təsirlərini həm əsərlərimizdə, həm xalqımızda, tariximizdə görə bilirik. Sonrasında bəzi səbəblər türkləri ayırdı. Dədə Qorqud Türk birliyinin simgəsidir. Türkün həyat fəlsəfəsini, onun həyat şərtlərini ehtiyaclarını bu qədər dolğun əks etdirən başqa bir əsər yoxdur demək olar. Eyni zamanda Dədə Qorqud bizə türklərin savaşçılığını, mübarizliyini aşılayan bir əsərdir. Biz əsgər dövlətiyik və mirasımız bunun sübutudur. Bizim birliyimiz, bərabərliyimiz illər də keçsə ilk günkü kimi diridir. Bir düşmən aramıza girmək istəsə hamımız necə çiyin-çiyinə duracağıq, bilmək üçün bu əsəri oxuya bilərlər.
-Biz Dədə Qorqudu dastan olaraq adlandırırıq. Siz isə bayaq bir neçə dəfə hekayə ifadəsini işlətdiniz, bunun səbəbi nədir?
-Dədə Qorqud əslində nə dastandır, nə hekayə. Dədə Qorqud romanesk adlandırıla bilər. Kitabi-Dədə Qorqud türklərin dastan dönəmindən xalq hekayələrinə keçid dönəmində yaranan əsərlərdəndir. Dədə Qorqudu ən çox kimlər diqqətlə oxumalıdır? Dədə Qorqudda o qədər mənalı kəlamlar var ki, 7dən- 70-ə hər kəs oxumalıdır bu əsəri. Xüsusilə uşaq yetişdirərkən bir türkün əsas xüsusiyyətlərini bu abidə ilə öyrənə bilər. Məsələn, Kitabi Dədə Qorqudda deyir ki, bir türk əsla vətəninə xəyanət etməz. Bu çox önəmli detaldır. Kiçik yaşlardan evladlarımıza türkçülüyü öyrətməliyik. Türk olmaq vətəni üçün canından keçə bilmək deməkdir. Vətən yoxdursa heç bir mal varlığın önəmi yoxdur. Bunu bizə Dədə Qorqud deyir. Əlavə olaraq, bu əsər bizə təbiəti sevməyi də öyrədir. Dədə Qorqudda ağacları qırmaq, yerə tüpürmək, suya tüpürmək, bunlar təbiətin ruhunu kirlətmək sayılır. Görün necə müqəddəs bir əsərdən bəhs edirik biz. Buna görə də evladlarımıza bu kitabı oxutdurmalıyıq.
- Dədə Qorqud türklərin Qutsal kitabıdır. Gələcək dönəmdə bu abidə ilə bağlı yeni layihələr nəzərdə tutulur?
-Bəli, nəzərdə bir sinema filmi, animasiya filmi və sair var. Hazırda üstündə çalışmalar davam edir. Önümüzdəki illərdə İnşəAllah bu filmləri izləyə biləcəyik deyə ümid edirik.
-Bir sualım daha var. Dədə Qorqudun tamamının tapılması, bir araya gətirilməsi sizcə Turan dövlətini bir araya gətirə bilər?
- Turan dövləti siyasi bir anlayışdır. Təbii ki, könül istər ki, bütün türk dövlətləri bir araya gəlsin. Amma bir araya gəlmək ortaq dövlət qurmaq məqsədli olmamalıdır. Bir araya gəlmək bugün dünyada ekonomik, siyasi olaraq işbirliyi içərisində olmaq məqsədli olmalıdır. Hazırda hamımız ayrılıqda milli bir dövlətik. Güclü dövlətlərik. Amma bizim bir-birimizə bağlı olmamız Türk dövlətlərinin yararına olacaqdır. Önümüzdəki zamanda Dədə Qorqud festivalı Türkmənistanda keçiriləcək. Mən istərdim ki, sadəcə ədəbiyyat tələbələri deyil, bütün tələbələrə oxutdurulsun bu əsər. Çünki Kitabi-Dədə Qorqud türk dünyasını bir araya gətirə biləcək əsas mənbədir.
- Maraqlı söhbətiniz üçün minnətdaram. Sizə işlərinizdə uğurlar arzu edir, vaxt ayırdığınız üçün təşəkkürümü bildirirəm.
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)