Super User

Super User

Среда, 19 Март 2025 20:01

Komitə sədri alimi təbrik etdi

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa AMEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Dos.Dr. Mərziyyə Nəcəfovaya təbrik məktubu ünvanlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, alimin 55 illik yubileyi ilə bağlı yazılan məktubda, onun elmi, ictimai fəaliyyətinin ən ümdə məqamlarına toxunulub: “Hörmətli Mərziyyə xanım, Sizi 55 illik əlamətdar yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, elmi, bədii və ictimai fəaliyyətinizdə yeni uğurlar arzulayıram! Siz filologiya elmləri doktoru, dosent kimi məhsuldar elmi-pedaqoji və publisistik fəaliyyətinizlə seçilir, özəlliklə Qarabağ mövzusunun bədii publisistikada və poeziyada işlənməsi, 90-cı illər ədəbiyyatında vətənpərvərlik motivləri və digər aktual məsələlərə həsr olunmuş araşdırmalarınızla Azərbaycan ədəbiyyatşünaslıq elminə dəyərli töhfələr verirsiniz. Çox şadam ki, bu ilki yubileyinizi Qarabağın azadlığı, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, eləcə də Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsinin sevinc və qüruru içində keçirirsiniz. Sizin bu istiqamətdə apardığınız araşdırmalar və yazılar, o cümlədən “Qarabağ mövzusu bədii publisistikada (90-cı illər)”, “Poeziya və Qarabağ problemi”, “Qarabağ mövzusunun poeziyada işlənmə istiqamətləri”, “90-cı illər ədəbiyyatında vətənpərvərlik motivləri” kimi dəyərli əsərləriniz çağdaş Azərbaycan ədəbiyyatşünaslığının və publisistikasının önəmli bir bölümünü təşkil edir. Bundan əlavə, “Sənsiz düşüncələrim”, “Bir ovuc torpaq”, “Ata ocağı”, “Susmayan könlüm”, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” və digər kitablarınız da ədəbiyyatsevərlərin marağına səbəb olub. Sizi yaradıcılıq başarılarınız, əlamətdar yubileyiniz, eləcə də qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə bir daha təbrik edir, yeni uğurlar diləyirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2025)

Среда, 19 Март 2025 19:54

Fazil Mustafadan Arzuxan Əlizadəyə TƏBRİK

 

Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadəni 60 illik yubileyi ilə bağlı təbrik edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik məktubunda yubilyarın ictimai-siyasi fəaliyyətinin ən önəmli məqamlarına vurğu edilib: “Hörmətli Arzuxan müəllim, Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və fəaliyyətinizdə yeni uğurlar arzulayıram! Çox şadam ki, bu ilki yubileyinizi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, eləcə də Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsinin sevinci və qüruru içində keçirirsiniz. Siz Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tanınmış məzunlarından biri kimi, hüquqşünaslıq sahəsində geniş təcrübəyə malik bir ziyalı olaraq, vəkillikdən ali təhsil müəssisəsində pedaqoji fəaliyyətə, bələdiyyə üzvlüyündən Mərkəzi Seçki Komissiyasının üzvlüyünə qədər müxtəlif məsuliyyətli vəzifələrdə çalışmısınız. İnsan hüquq və azadlıqları mövzusunda yazdığınız elmi məqalə və nəşrlər də, bu sahəyə verdiyiniz töhfənin bariz örnəyidir. 1995-ci ildən etibarən üzvü olduğunuz Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) müxtəlif vəzifələrdə çalışaraq, partiyanın idarəçilik strukturlarında aktiv iştirak etmisiniz. 2015-ci ilin oktyabr ayından etibarən AMİP-in sədr əvəzi kimi fəaliyyət göstərmiş, 15 avqust 2020-ci il tarixində keçirilmiş XI Qurultayda partiya sədri seçilmisiniz. Ötən il VII çağırış Azərbaycan Milli Məclisinin üzvü seçilərək, İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan-Kamerun parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmaqla yanaşı, bir sıra digər parlamentlərarası işçi qruplarının da üzvü kimi fəaliyyət göstərirsiniz. Sizi ictimai-siyasi həyatda qazandığınız uğurlar, əlamətdar yubileyiniz, eləcə də qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə bir daha təbrik edir, şəxsi və ictimai-siyasi fəaliyyətinizdə yeni başarılar arzulayıram”!

 

“Ədəbiyyat və incəsənət”

 

(19.03.2025)

"Araz Musayevin Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevlə bağlı səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur. Bu daha çox özünə xal qazanmağa hesablanıb. Kənardan da eyni təəssüratı yaradır".

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti Orxan Əliyev bildirib.

“Adil Əliyev hal-hazırda federasiyanın fəxri prezidentidir. 2020-ci ilin sentyabr ayında federasiyaya prezident seçilmişəm. Onun Adil müəllim haqqında səsləndiyi fikirlər və əsassız iddiaları boş söz yığınağıdır. Onun özünə sual vermək lazımdır ki, sən nə vaxtdan dünya çempionu olmusan. Çünki onun dünya və Avropa çempionu kimi adı WAKO-nun rəsmi saytında yoxdur. Onun çempion olması ilə bağlı heç bir protokol və hüquqi sənədlər yoxdur.

Dünyada onlarca idman təşkilatları var ki, qarışıq idman növlərini əhatə edən festivallar, dünya çempionatları təşkil edirlər. Həmin tədbirlərdə yığmaya üzv olmayan idmançılar, həmçinin ölkə çempionatında yer tutmayan və medal qazanmayan hər bir idmançı iştirak edə bilər. Bu təşkilatların beynəlxalq statusları yoxdur.

Düzdür, bizim idmançılar da belə idman festivallarda və bu kimi beynəlxalq statusu olmayan idman təşkilatlarının dünya və Avropa çempionatlarında iştirak ediblər və bu yarışlarda iştirak edən, hal-hazırda tanınmış idmançılarımız vardı ki, sonradan daha böyük uğurlara imza atıblar. Burada federasiyanın məqsədi təcrübəni artırmaq və kütləviliyə nail olmaq idi. Demək olar ki, federasiya rəhbərliyinin bu addımı öz müsbət nəticəsini verib.

Bir məsələni diqqətə çatdırım ki, dövlətimiz kikboksinqdən Dünya Kikboksinq Təşkilatının (WAKO), muaytaydan isə Beynəlxalq Muaytay Federasiyasının (İFMA) nəticələrini qəbul edir. Azərbaycanın WAKO-da rəsmi 14 çempionu var. Muaytaydan isə böyük arasında isə ölkəmizdə İFMA-nın dünya çempionu yoxdur”.

Orxan Əliyev Araz Musayevə dünya çempionu olması ilə bağlı məktublar verilməsinə aydınlıq gətirib:

“Bəli, federasiya tərəfindən ona məktublar verilib. Ona verilən məktublar ölkə çempionu olması ilə bağlı olub”.

Federasiya prezidenti Azərbaycan Muaytay Federasiyasının akkreditasiyasının ləğvini Gənclər və İdman Nazirliyi etdiyini vurğulayıb.

“Bunun əsas səbəbi də fəaliyyətsizliklə bağlıdır. Ölkə çempionatını təşkil edən bilməyən federasiyanın müstəqil idman qurumu kimi fəaliyyət göstərməsi məntiqə uyğun deyil. Keçən ilin dekabr ayında Gənclər və İdman Nazirliyinin kollegiya iclasında kollegiyanın digər qərarı ilə muaytay idman növü Azərbaycan Kikboksinq Federasiyasının fəaliyyət istiqamətinə daxil edilib və ölkə ərazisində yayılan idman növü kimi tanınıb. Bu barədə mətbuatda məlumatlar gedib. Nazirliyin qərar verməsinin əsas səbəblərindən biri fəaliyyətsizliklə bağlı olub.

Muaytay idman növünün Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil olmasını gənclər və idman nazirliyinin kollegiyasının qərarına uyğun baş verib.

Muaytayın bizim federasiyanın fəaliyyət istiqamətinə daxil edilməsi, bu idman növünün kütləviliyinə və daha da inkişafına nail olmasına şərait yaradacaq. Artıq bu istiqamətdə işlərimizə start vermişik”.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2025)

Gülnarə Cəmaləddin, “Ədəbiyyat və incəsənət” üçün

 

Uzun illər öncə  hamımızın ruhunda bir nağıl, könlündə isə  bir həsrət vardı. O nağılda, o həsrətdə Türkiyə üçün burnumuzun ucu tütərdi. 

Türkiyənin adını ancaq nənələrimizin, analarımızın yanğılı bayatılarından bilərdik, ayrılıq kimi tanıyardıq. Ayrılıq sərhədlərinin dirəkləri könlümüzə sancılardı, saplanardı. 

 

Bizdən əvvəlkilər kimi o həsrətində olduqlarımıza qovuşmadan köçəcəyimizə özümüzü korun- korun alışdırmağa çalışardıq.

Amma sonuncu ölən ümidlər olur həmişə. Sovet hökuməti dağıldıqdan sonra dünyada baş verən proseslər ruhumuzun ən qaranlıq nöqtəsində bir işıq yandırdı. O işığa doğru yüyürdük qaranəfəs və xəyalımızda vurub keçdiyimiz o sərhədləri adlamaq arzumuzun gerçəkləşəcəyi anın yaxında olacağını duyduq.

Və nəhayət ki, arzularımız çin oldu. Bir- birimizi tanımağa, anlamağa çalışdıq. Bir güzgünün eyni üzləri olduğumuzu bir daha anladıq.

Türkiyədə yayımlanan  Kanal-  2000 televiziyasının  "Damla- damla şiir" proqramının aparıcısı, gözəl şairə Müberra Gönen vasitəsilə quruldu ilk əlaqələrimiz. Əvvəlcə Mersin Şairler Yazarlar dənəyinin yönətim qurucusu gözəl şair, yazar Çinar Arıkan bəylə tanış olduq. Sonra  MAKİ dərgisinin təsisçisi, istedadlı şair Mustafa Doğanı tanıdıq. Elə ilk görüşdən söhbətlərimiz o qədər dərin, xoş və səmimi oldu ki... Elə bildik, min illərdi eyni yolun yolçularıyıq. Birlikdə layihələr həyata keçirməyi düşündük, planlaşdırdıq. Həyata keçirdik. 

Onlar Azərbaycanlı şair və yazıçıların əsərlərini MAKİ dərgisində mütəmadi dərc etdilər. Birlikdə "Şeir rüzgarları" layihəsini işlədik. “Müsafir Kalemler" başlığıyla Azərbaycanlı şairlərin yaradıcılığı üçün "Anamursedr" saytında yer ayırdılar. Mersinli şair və yazıçıların şeirlərini facebook səhifəmizdə yayımladıq. Beləliklə eyni can, eyni qan, eyni dil, eyni din və bir- birinə mənəvi köklərlə bağlı olan, 70 il bir- birinə uzalı qalan  əlləri, şeir qoxan ürəkləri  qovuşdurduq...

Nə gözəl sevdadı Yurd sevdası, Vətən sevdası, məmləkət sevdası. Ən gözəl şeirlər ağrıdan boy verib bəslənər. Hər millətin  öz ruhu, hər torpağın öz qoxusu var. Doğmaların uzun sürən həsrətdən, ayrılıqdan sonra görüşü könülləri qəribə sevincə büküb, gözləri göz yaşlarıyla yandırar.

Çinar bəyin "Sarı çiçəyə həsrət" hekayəsini və eyni dərdin ayrı şəkli olan "Aybalam, Aybikəm, Sarıçiçəyim" şeirini oxuyanda könül tellərim qırıq- qırıq olmuşdu, gözümdən leysan- leysan yaş tökülmüşdü. Mustafa bəyin "Asiya" şeiri mənə çox incə məqamları, mətləbləri pıçıldamışdı. Xəyallarımızın bizdən öncə qovuşduğu yerlərə yenidən götürmüşdü məni, sila həsrətinin hüssam məqamıyla yandırmışdı ayrılıqdan şan- şan olan könlümü.

Allah sənə insaf versin, fələk. Bir millətə bu qədər zülümmü yazarlar, bir milləti bu qədər darmadağın edib könlünü xərabəyə çevirərlər?!

Amma yazan fələksə bizə çəkmək, daşımaq, bir də yaşamaq düşər. Azərbaycanın taleyinə 30 illik savaş- Qarabağ savaşı  düşdü. İnsanlar öz dədə- baba torpaqlarından, yurd- yuvalarından didərgin düşdü. Qaçqın düşən körpələr böyüyüb ər oldular, igid oldular... Qardaş çətin gündə qardaşın yanında olub, çiyin - çiyinə söykənib, qorxma qardaş, arxanda mən varam,- deyəndi. Bu savaşda bizimlə eyni ağrını, eyni sevinci paylaşan da, həsrət qollarıyla bizə sarılıb, göz yaşımızı silən də qardaşlarımız oldu. Hər dəqiqə, hər saniyə 44 günlük savaşın həyəcanını bizimlə daşıyıb, qələbə sevincini yaşayan da qardaşlarımız oldu.

“Vətən deyən oğullar" adlı  layihə işlədik "Turan" ədəbi məclisinin həmsədri yazıçı- publisist Mənsurə xanım Xələfbəylinin rəhbərliyi və yazıçı ,şair, tərcüməçi Çinar Arıkanın dəstəyi ilə. Məqsəd Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canını fəda edən oğullarımızı qardaşlarımıza yaxından tanıtmaq və yaşatmaq idi.

MAKİnin sayəsində Azərbaycanlı şairlər Türkiyədə yazıb- yaradan  qələm qardaşlarını, Türkiyədə yaşayan qələm qardaşlarımız isə Azərbaycanda yazıb- yaradan qələm qardaşlarını tanıdı. Bu birliyi, bu qardaşlığı daha möhkəmləndirən, bağların daha dərin olmasına vəsilə olan MAKİ dərgisinin bu il 25, MEYŞADın isə 30 illik yubileyi  tamam olur. MAKİnin yükü ağır, yolu çətin, işi şərəflidir. Bu dirilik, bu birlik yolumuz əbədi olsun, can qardaşımız, qan qardaşlarımız!

MAKİnin bütün yaradıcı kollektivinə başda MUSTAFA DOĞAN bəy və ÇİNAR ARIKAN bəy olmaqla bu işdə və bu yolda  uğurlar, uğurlar və yenə də uğurlar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2025)

Среда, 19 Март 2025 18:15

Unudulmaz Novruz şənliyi OĞUZDA

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz şəhərində Rayon İcra Hakimiyyətinin dəstəyi və Oğuz Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə açıq hava şəraitində "Bahar gəlib yurdumuza" adlı bayram şənliyi təşkil edilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub. 

Şənlikdə Oğuz rayon İcra Hakimiyyətinin Başçısı Cavid Əbdül-Qədirov çıxış edərək rayon ictimaiyyətini Novruz bayramı münasibətilə təbrik edib. 

Daha sonra, 2-ci Qarabağ müharibəsi Şəhidi Vüsal İsmayılovun oğlu İbrahim İsmayılov Oğuzda Novruz tonqalını yandırıb. 

Sonra "Şur" musiqi ansambılının ifasında musiqilər səsləndirilib, bayram əhval ruhiyyəli, şən mahnılar ifa olunub. Musiqilər və mahnılar Oğuz rayon Mədəniyyət Mərkəzinin, Oğuz rayon Musiqi məktəbinin yaradıcı kollekktivlərinin üzvləri tərəfindən ifa olunub.

“Sevinc" rəqs qrupunun ifasında isə milli rəqslər ifa edilib. 

Şənliyə qonaq qismində dəvət olunmuş, Günay Şəkilinin ifa etdiyi mahnılar iştirakçılar tərəfindən alqışlarla qarşılanib.

Bayram şənliyində kosa və keçəl meydana çıxaraq şənlik iştirakçılarına xoş ovqat bəxş ediblər.

Novruz bayramının adətləri (yumurta döyüşdürmək, Novruz alqışları və nəğmələri söyləmək və s.)iştirakçılar tərəfindən də icra olunub.

Novruz bayramı münasibətilə təşkil olunan şənlikdə, rayonun yaradıcı şəxslərinin əl işlərinin, qədim əşyalarımızın, toxunma xalça və tikmələrinsərgisi də təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2025)

Среда, 19 Март 2025 17:28

Möhtəşəm Novruz bayramı şənliyi SUMQAYITDA

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

Xalqımızın zəngin milli-mənəvi dəyərlərinin, bolluğun, bərəkətin və xeyirxahlığın rəmzi olan Novruz bayramı Sumqayıtda xüsusi təntənə ilə qeyd edilib. Baharın gəlişinin sevincini bölüşmək üçün Sumqayıt Bulvarında möhtəşəm bayram tədbiri təşkil olunub.

 

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhər ictimaiyyətinin üzvləri və minlərlə sakin iştirak ediblər.

Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bayram münasibətilə şəhər sakinlərini səmimi-qəlbdən təbrik edərək, Novruz tonqalını yandırıb. O, baharın ölkəmizə sülh, firavanlıq, xoşbəxtlik və rifah gətirməsini diləyib, Novruzun xalqımızın qədim tarixində oynadığı əhəmiyyətli roldan bəhs edib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin ideyalarını gerçəkləşdirərək, xalqımızın ən böyük arzusunu reallığa çevirdi. Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi və artıq biz həmin müqəddəs torpaqlarda Novruz bayramını qeyd edirik.

Bayram tədbirində Dədə Qorqud və Bahar qızı öz xeyir-dualarını verərək, Novruzun xalqımıza ruzi-bərəkət, rifah və uğurlar gətirməsini arzulayıblar. Milli geyimli uşaqların şux rəqsləri, Kosa və Keçəlin şən zarafatları, eləcə də qədim xalq oyunları hər kəs tərəfindən böyük maraqla qarşılanıb.

Meydanda qurulan milli üslublu guşələrdə xalqımızın əsrlər boyu qoruyub yaşatdığı mədəni irsin ən gözəl nümunələri – milli geyimlər, qədim el sənətləri, zəngin Azərbaycan mətbəxi, xalq yaradıcılığı və sənətkarlıq nümunələri sərgilənib.

Bir sözlə, bayram şənliyi bütün iştirakçılarda Novruz ab-havası, xoş ovqat yaradıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2025)

 

Nərgiz Mustafayeva, “Ədəbiyyat və incəsənət”

 

“Aləmin yatdığı vaxt” xalq inancında, qışın sonu və yazın başlanğıc anını göstərən mistik bir zamandır. “Aləmin yatdığı vaxt” gecə gündüzə çeviriləndə, bulaqlar, dərələr, çaylar, yəni bütün axan sular bir anlığına dayanıb, təkrar axanda baş verir.

 

Həmin an gecə və gündüz bərabərləşir və dünyanın yenidən doğumu olaraq qəbul edilir. O gecə tam o anda bütün təbiət bir anlıq yuxuya gedər. Çaylar bir an üçün dayanar, canlı-cansız bütün varlıqlar bir anlıq yuxuya gedərlər. Başqa bir deyişlə bir an üçün ölüb geri dirilirlər. O bir anlıq vaxt əslində yaradılışdan bu yana o anda keçən bütün zamanları içində saxlayan bir andır. Dünya sanki yeni başdan yaradılır.

Həmin ərəfədə hər şey yeniləndiyi üçün gecə evdəki köhnə su atılmalı, bütün qablar təzə su ilə yuyulmalıdır. Hələ gün çıxmamışdan sübh tezdən insanlar çeşmə başına gedib, əl-üzünü axar suda yuyar, evə yeni su gətirərlər və ya dəstəmaz alarlar.

Aləmin yatma vaxtı ilin son Çərşənbə günüdür. Başqa mənbələrdə isə Novruz Bayramına açılacaq gecənin gündüzə çevrildiyi anda reallaşır.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2025)

 

 

Среда, 19 Март 2025 18:11

Haydı, papaq atmağa – NOVRUZ, XOŞ GƏLDİN!

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Novruz xalqımızın ən sevimli bayramıdır. Həm də çox qədim tarixi və fəlsəfəsi olan bayram. Onu insan iradəsi yaratmayıb. Novruz təbiətin bayramıdır, dindən və siyasətdən uzaq bayramdır. O, günəşlə yerin kainatdakı dövranının xoşbəxt bir anının, ilk növbədə günəşin yerdəki timsalı olan odun-ocağın bayramıdır. Azərbaycanda həmişə torpağın, təbiətin oyanışının, mənəvi saflığın, bərabərliyin bayramı olub Novruz bayramı.  

 

Onsuz da gözəl olan Novruzu daha da gözəlləşdirən və maraqlı edən onun əsrlərlə yaşayan zəngin adət-ənənələridir. Qulaq falı və qapıpusma, tonqal qalamaq və tonqal üzərindən hoppanmaq, göyə  yandırılmış lopa (şar) atmaq, səməni cücərtmək, yumurta boyamaq və yumurta döyüşdürmək, milli yeməklər və Novruz bişintiləri hazırlamaq, papaq atmaq, üzük falına baxmaq, süfrələrdə şam yandırmaq, küsülüləri barışdırmaq, Kosa-kosa və kəndibaz oyunu, yeni paltarlar geyinmək, imkansızlara və qohum-qonşuya bayram payı göndərmək, nəğmələr, Novruz alqışları söyləmək və digər bu kimi adətlər onun arxaik ritual elementlərindəndir. Onu da qeyd edək ki, Novruz adətləri dinindən və inancından asılı olmayaraq bütün türklərin mövsümlə bağlı icra etdikləri ortaq rituallardır.  Onların heç biri təsadüfdən yaranmayıb və hərəsinin öz yeri, öz fəlsəfəsi var.

Söz vaxtına çəkər deyiblər. Bu günlərdə artıq 65-70 yaşlı tay-tuşlarla keçən bir məclisdə Novruz bayramından söz düşmüşdü. “Saqqalı uşaqlar”la həsrətlə o günləri, olub-keçənləri yada saldıq. Hətta ağsaqqallardan Elbrus kişi M.Şəhriyarın məlum misralarını da söylədi:

 

Şal istədim mən də, evdə ağladım,

Bir şal alıb tez belimə bağladım,

Qulamgilə qaçdım, şalı salladım,

Fatma xala mənə corab bağladı,

Xan nənəmi yada salıb ağladı.

 

Məclisdəki söhbətlərdən bir daha əmin oldum ki, Novruzda qaladığımız tonqalların, yandırıb göyə atdığımız lopaların (şarların) tüstüsünün iyi  uşaqlığımızın ən gözəl ətri, bayram plovunun və bişintilərinin, yumurta döyüşündə qazandığımız yumurtaların tamı damağımızın unudulmaz dadı, Kosa-kosa və kəndbirbaz tamaşaları həyatımızda baxdığımız ən gözəl teatr tamaşası, bayram günlərində başımıza gələn macəralar isə dünyanın ən məşhur macəra romanları kimi hələ də yaddaşlarda yaşayır. Nə xoş bizlərə ki, bu mərasimlərin hamısının şahidi, çoxunun da fəal iştirakçıları olmuşuq.

Bildiyiniz kimi, Novruza aid olan bayram adətlərindən biri də  zaman-zaman müxtəlif cür adlandırılan torbaatmaqdır. Mənbələr göstərir ki, bu adətin tarixi çox qədimlərə gedib çıxır. Orta əsrlərə aid yazılı qaynaqlarda “torba atmağın” zərdüştlük dönəmində mövcud olduğu və onun xüsusi icraçılar – Zərdüşt kahinləri tərəfindən yerinə yetirildiyi haqqında məlumat verilir. Deyilənə görə, sonralar bu işi dərvişlər icra edirmişlər.

AMEA-nın Folklor İnstitutunun Mərasim Folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru A.Əhmədli deyirdi ki, torba atanların üzü görünməli deyildi. Çünki bu şəxslər həm də ruhu imitasiya edirdilər. Əslində aparılan pay ruhun payıdır. Pay yığan həmin il dünyasını dəyişmiş insanların ruhunu imitasiya edirmiş kimi qapıya gəlib o payı aparırdı. O dövrdə yığılan pay dənli bitkilərdən ibarət imiş. İndiki kimi bişintilərdən ibarət deyilmiş. Bu məlum “Kasa çaldı” ritualına bənzəyirdi. Bu gün “papaqatdı” mərasimi əslində qurban vermə ritualıdır. Ruhun payını vermək, təbiətə qurban verməkdir.

Sonralar “torba atmaq” ifadəsi “qurşaqatmaq” və ya “şalsallamaq”, baca-baca, “yaylıqatmaq” və ya dəsmalatmaq”la əvəzləndi. İndi bu adətə daha çox “papaqatmaq” deyilir. Tədqiqatçıların fikrincə, bu ad dəyişmələrinin səbəbi məişət mədəniyyətində baş vermiş  dəyişikliklər olub.

Uşaqlıq xatirələrimə istinadən bildirəm ki, ötən əsrin 60-cı illərində biz buna ya “yaylıq atmaq” (əl yaylığı), ya da “dəsmal atmaq” deyərdik.  Mərasimə beş-üç gün qalmış uşaqlarla 4-5 nəfərlik dəstələr düzəldərdik. Dəstələr öz “fəaliyyət planlarını” hazırlayardılar. Hər şey əvvəldən dəqiq planlaşdırılırdı. Hardan başlayıb, harda qurtaracağımızı, kimlərin evinə yaylıq və ya dəsmal atacağımızı, son toplaşma məntəqəmizi müəyyənləşdirərdik. Prosesdə əsasən qohum-qonşu, tanış-biliş ailələr “hədəf” alınardı. Hər evə dəstənin adından bir dəsmal və ya yaylıq atardıq. Ev sahibi də dəstənin bir neçə nəfərdən ibarət olduğunu nəzərə alaraq gücü çatan qədər pay qoyardı. Dəsmala qoyulan paylar bir torpada toplanardı.  “Əməliyyat” hava qaralanda başlayar, təxminən 3-4 saat çəkər, adətən saat 22-23-ə kimi başa çatardı.

Axırda hamı əvvəldən müəyyən olunmuş yerdə toplanar, torbadaki bayram payı dəstə üzvləri arasında dədə malı kimi bərabər bölünərdi. Sonra digər dəstələrin üzvləri də gələr, bayram sovqatlarından yeyə-yeyə başımıza gələnlərdən danışar, deyib-gülər, sağollaşar və sevinə-sevinə evlərimizə dağılardıq. Evlərdə də bizi maraqla gözləyərdilər. Çatan kimi bayram paylarımıza baxar, nəyi kimdən topladığımızla maraqlanar, söhbətlərimizi maraqla dinləyərdilər. Topladığımız bayram payları evlərimizdəki bişintilərdən daha ləzzətli gələrdi bizə. Onlardan bir neçə gün istifadə edərdik.

Onu da deyim ki, kəndimizdə bizlərlə birlikdə qızlar da yaylıq atırdılar. Amma onları yolda-izdə itdən-pişikdən qorumaq bizim işimiz idi. Bunun üçün qızların valideynlərinə söz verirdik. Və öz borcumuzu şərəflə yerinə yetirirdik.

O vaxtlar “papaqatmaq” ifadəsini çox nadir hallarda işlədilirdi. Lakin  60-cı illərin sonlarından bu ifadə kütləvi şəkildə işlənməyə başlanmışdı. Bizcə, bu, etnoqrafik fonun dəyişməsi ilə əlaqəli olmuşdur. Amma prosesin adı “papaq atmağa” çevrilsə də, əslində  uşaqların əksəriyyəti yenə də əvvəlki kimi yaylıq və ya əl dəsmalı atırdı.

Təəssüf ki, son illər bu gözəl Novruz adəti barədə xoş olmayan bir sıra söz-söhbətlər meydana çıxmışdır. Bizcə, belə söz-söhbətlərin yaranmasını təsadüf hesab etmək olmaz. Çünki sosioloq Ə.Qəşəmoğlunun da dediyi kimi,   "Xüsusi mərkəzlər var. Onlar müxtəlif cür siyasi yönlü texnologiyalar hazırlayır ki, xalq öz adət-ənənələrinə, folkloruna şübhə ilə, yuxarıdan aşağı baxsın və onu təftiş eləsin. Bu gün ortaya atılanlar hamısı siyasi texnologiyalardır. Maraqlı olan siyasi və dini dairələr adətən, xalqımıza məxsus milli-mənəvi dəyərlərin gözdən salınmasının tərəfdarı olurlar ki, yaranmış boşluqdan istifadə edib, öz dəyərlərini cəmiyyətin beyninə yeritsinlər. Bunun üçün də biz çox ehtiyatlı olmalıyıq”. Adət-ənənələrimizə sahib çıxmalıyıq. 

İndi bəzi milli şüurdan kasıb olanlar papaq atmağın yaxşı iş olmadığını, keçmişdən qalmış və artıq köhnəlmiş adətlərdən hesab edirlər. Nəinki öz ovladlarını, hətta qohum-qonşunun uşaqlarını da papaq atmağa getməkdən çəkindirməyə çalışırlar. Hətta “Nə var, konfet, qoğal, paxlava, şəkərbura, yumurta … görməmisən?. Otur evdə, mən bunların hamısını alaram sənə,-” deyənləri də görmüşəm. Yalançı canıyananlıqla “Camaat özünü zorla dolandırır. Nə var qapılara düşüb ortaq olursunuz. Bəlkə, kiminsə pay verməyə heç nəyi yoxdur”,- deyənləri də görmüşəm.

Hər şeyi maddiyyatla, mədəyə gedənlərin qədəri ilə ölçən bu adamlar anlamırlar ki, papaq atmaq sadəcə sovqat toplamaq deyil. Papaq atmaq həm də sosiallaşmadır, uşaqların ünsiyyət bacarıqlarının formalaşması, kasıb ailələrdən olan balacaların sevindirilməsidir. Sosial paylaşmadır, birlikdir, dostluqdur, yoldaşlıqdır. Həm də qonşuluq, qohumluq münasibətlərində mehribançılıqdır. Bir sözlə, bu adətin o qədər gözəl tərəfləri var ki, sadaladıqca bitməz. Ona görə papaqatmanın düzgün olmaması iradı gülüncdür. Özünüz deyin; uzunlu günü komputerin qarşısında oturmaq, telefonla oynamaq, güzgünün qabağında selfie çəkmək, zərərli vərdişlərlə məşğul olmaq və s. yaxşıdır, yoxsa papaq atmaq?!  

Qaldı camaatın kasıb olması söhbətinə. Bəli, kasıb və imkansız ailələr var.     Amma bilin və unutmayın ki, xalqımız bayram tədarükünə və hazırlığına bir neçə ay əvvəldən başlayır. Varlı və ya kasıb olmasından asılı olmayaraq, hamı  papaqatanları həsrətlə gözləyir. Kasıb dediyiniz ailələr xüsusilə. Şəxsən bizim kənddə kiminsə evinə papaq atan uşaqlar gəlməsə, ev sakinləri bikef olurlar. Hətta bəziləri küçəyə çıxıb uşaqları onlara da papaq atmağa “təhrik edirlər”. Bu da mümkün olmasa, səhər hazırlanmış həmin payları xonçaya yığır, küçəyə çıxıb uşaqlara paylayır və papaq atmağa gəlmədiklərinə görə hətta onları “danlayırlar da.” 

“Papaqatmaq” ifadəsi ilə bağlı söylənən daha bir məsələ barədə. Deyirlər ki, papaq namus rəmzidir, onu ayaq altına atmaq olmaz. Düz deyirlər. Papaq qədim türkün, Azərbaycan xalqının qeyrət rəmzi olduğu üçün heç vaxt ayaq altına atılmayıb. Atılmalı da deyil. Amma bunu Novruzun əsas adətlərindən olan “papaqatma” ilə bağlamaq absurd deyilmi? Papaq atmağın namus və qeyrətlə heç bir əlaqəsi yoxdur. Əvvələn, “papaq atmaq” ifadəsinə formal məntiq prinsipləri ilə yanaşmaq düz deyil. Bu ifadə bədii düşüncə məhsuludur və məcazi obraz, rəmzi deyim hesabına formalaşıb. İkincisi, "Namus-qeyrət papağı” deyilən papaqlar ayrı şeydir, bəylər. Folklorşünas M.Qasımlı haqlı olaraq deyir ki, “Balaca uşaqların papağı heç vaxt qeyrət ölçüsü, meyarı olmayıb. Uşaqların papaq atmasında qəbahət yoxdur. Uşaq papağını kim böyük papağı ilə qarışdırırsa, bu, onun özünün qəbahətidir. Bunlar tamamilə fərqli şeylərdir. Əlbəttə, biz heç vaxt imkan vermərik ki, bizim övladımız atasının, babasının papağını götürüb kiminsə qonşusunun qapısına atsın. Çünki böyük papağı qeyrət rəmzidir”. 

Ona görə də yersiz fikirlərlə Novruz adət-ənənələrinə laqeyd münasibət formalaşdırmaq heç kəsə başucalığı gətirməz. Hər kefinə düşən də Novruz bayramımızla bağlı əsassız təkliflər verib, insanlarda şübhə yaratmamalıdır.  Bu haqqı onlara heç kim verməyib.

“Papaqatma” heç kimin  göstərişi və ya komandası ilə yaranan ənənə deyil ki, kiminsə sözü ilə də aradan götürülsün. Xalq gözünüaçandan bunu görüb. Çox qədim dövrlərdən bəri mövcud olub bu adət. Düşünürəm ki, yad təsirlərə uymalı deyilik, necə olur-olsun, Novruz adət-ənənələrimizə sahib çıxmalıyıq. “Halloven”

bizim deyil, Novruz isə dopdoğmaca öz bayramımızdır. Onun bütün adətlərini,  o cümlədən papaqatma adətini yaşatmalıyıq.  Yaşatmalıyıq ki, gələcək nəsillərə də ötürə bilək.

Artıq papaqatma gününə çox az vaxt qalıb. Nə deyirsiniz Novruzda papaq ataq, yoxsa, atmayaq?! Mən deyirəm ki, papaqatmağı bəyənməyənlərə inad uşaqlarımıza hazır olmaqlarını tövsiyə edək. Müşahidələrim göstərir ki, övladlarımız özləri artıq hazırlıq işlərinə başlayıblar. Gəlin onlara mane olmayaq! Papaqlarına (torbalarına, yaylıqlarına, dəsmallarına) olanımızdan-qalanımızdan bayram sovqatı qoyub sevindirək onları. Axı uşaqları sevindirmək qədər savab və gözəl iş yoxdur.Təki  həyətimizə hər Novruzda papaqatanlar gəlsinlər.

Novruz bayramımız mübarək olsun!

Qoy Novruz tonqalımız gur alovlansın, azar-bezarımız bu tonqalda yansın! Ocağımıza nur çilənsin! İlimiz uğurlu, xeyirli-bərəkətli gəlsin! Qaranquşlar elimizə şad xəbərlər gətirsinlər!

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2025)

 

 

 

 

 

 

Nərgiz Mustafayeva, “Ədəbiyyat və incəsənət” üçün

 

Novruz - Baharın gəlişinin müjdəçisi, təbiətin oyanmasının, canlanmasının simvolu hesab edilir. Bu bayram İran və türk xaqlarına aid bir bayramdır. Bayram gecə ilə gündüzün bərabərliyi günündə, yəni mart ayının 20-dən 21-nə keçən gecə və gündüz qeyd olunur.

 

Ta qədim zamanlardan bəzi xalqlar təbiətin oyanışını müxtəlif şənliklər və mərasimlərlə qeyd ediblər. Bir çox yazılı mənbələrdə istinad edilir ki, Novruz bayramının qeyd edilməsi tarixi Zərdüşt Peyğəmbərin dövrünə gedib çıxır. Bayramın adət-ənənələrinə müxtəlif şair və yazıçıların əsərlərində rast gəlinir. Buna misal olaraq Nizamilmülkün “Siyasətnamə”si, Ömər Xəyyamın “Novruznamə”si, Nizami Gəncəvinin “İsgəndərmə” poemasını nümunə göstərmək olar.

Ümumiyyətlə, müxtəlif xalqlarda Novruz başqa adlarla adlandırılmışdır. Əski türklərdə Ergenekon dastanına əsasən türklərin “Ergenekondan çıxışı və çillələrinin bitməsi ilə yeni bir dövrün başlanması” məhz Novruz bayramı gününə təsadüf edir. Türk Altay mədəniyyətində isə Novruz bayramını İlqayax, Yakutlarda isə İlsıyax adlandırırlar.

İllər keçdikcə bu bayram nəsildən nəsilə ötürülüb və müxtəlif yeni-yeni adət-ənənələr, mərasimlər yaranıb. Günümüzdə Azərbaycanda Novruz bayramının: papaq atmaq, tonqaldan tullanmaq, səməni yetişdirmək, yumurta boyamaq, qulaq falı və s. adətləri var.

Novruz Bayramının adət-ənənələrinə Azərbaycan ədəbiyyatında da sıx rast gəlinir. Buna misal olaraq yazıçı İsmayıl Şıxlı “Dəli Kür” romanında insanların bayram təlaşını belə qeyd edib:

 

“Novruz bayramı idi. Kənd uşaqları səbirsizliklə axşamın düşməsini gözləyir, tez-tez xırman yerinə topladıqları ota baxırdılar. Onlar qucaq-qucaq küləş, saman gətirib otun üstünə atırdılar. Bundan başqa, əllərinə keçən quru çırpıları, odun qırıntılarını da buraya atırdılar. Onlar şər qarışan kimi tonqal yandıracaqdılar. Oğlanlar bundan başqa, meşədən uzun payalar kəsib gətirmişdilər. İri bir gərməni ortasından deşib həmin ağaca keçirmiş və lopa düzəltmişdilər. Tonqallardan başqa damın üstündə lopa da yanacaqdı.

Qızlar sakit oturmurdular. Özlərinə təzə paltar tikir, axşama qədər hazır edib geyməyə çalışırdılar. Gəlinlər yumurta boyayır, arvadlar tez-tez düyü arıtlayan qızlara göz yetirirdilər. Səmənilər süfrələrə düzülürdü. Hamı bayrama hazırlaşırdı. Varlı da, kasıb da çalışırdı ki, bu axşam süfrəsi boş qalmasın. Aylarla yığdıqlarını bir gecə üçün xərcləyənlər də var idi”.

 

“Ədəbiyyat və incəsənət”

(20.03.2025)

 

 

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova  filologiya elmləri doktoru, professor Nizami Tağısoyla görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüşdə türk ədəbiyyatı mütəxəssisi, professor Nizami Tağısoy Azərbaycan-Qazax ədəbi əlaqələrinin tarixindən və qarşılıqlı ədəbiyyat mübadiləsinin önəmindən bəhs edib.

“Qazax Ədəbiyyatı Tarixi” dərsliyinin nəşrinin vacibliyindən söhbət açan Nizami Tağısoy müzakirələr zamanı Türk xalq dastanlarının müqayisəli öyrənilməsi məsələsinin prespektivlərini diqqət mərkəzinə gətirib.

“Qazax Ədəbiyyatı Tarixi” dərsliyinin Türkologiya fakültəsində təhsil alan, o cümlədən Türk Dünyası ölkələri üzrə Regionşünaslıq fakültələrində oxuyan tələbələr üçün vacib olduğunu qeyd edən A.Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunda təcrübə keçən müxtəlif universitetlərdən olan tələbələrin dərsliklərlə təmin olunmasının Fond üçün prioritet məsələlərdən olduğunu qeyd edib.

A.Raimkulova Türk xalqlarının ədəbi-mədəni əlaqələrinin dərinləşməsi istiqamətində ortaq dərsliklərin, mədəniyyət kataloqlarının, folklor antologiyalarının, musiqi atlaslarının önəmindən söz açaraq Fondun bu yöndə çoxsaylı layihələr icra etdiyini yada salıb.

Bir sıra elmi, ədəbi və mədəni məsələlərin müzakirəsinin aparıldığı görüşdə Türk xalqlarının mədəniyyətinə aid ortaq nəşr layihələrin icrası məsələsinə baxılaraq, bəzi elmi-ədəbi kitabların Fondun illik tematik nəşr planına daxil edilməsi qərara alınıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.