
Super User
Məhəbbət dastanlarında valideyn xeyir-duasının rolu -ARAŞDIRMA
Nemət Tahir, “Ədəbiyyat və incəsənət”
Azərbaycan şifahı ədəbiyyatına aid olan məhəbbət dastanları xalqımızın mənəvi dəyərlərini, sevgi anlayışını və ailə münasibətlərini əks etdirən qiymətli nümunələrdir. Bu dastanlarda aşiq obrazı əksər hallarda ilahi bir sevgi rəmzi olan "buta" aldıqdan sonra sevdiyi qızı tapmaq üçün yola düşür. Lakin onun bu yolda əsas dayaqlarından biri valideynlərinin – ata və anasının xeyir-duasıdır.
Bu xeyir-dua sevgini halal və mənəvi cəhətdən qəbul edilən bir hala gətirir. Belə ki "Aşıq Qərib", "Abbas və Gülgəz", "Şah İsmayıl" kimi dastanlarda aşiqin ailəsinin razılığı mühüm rol oynayır. Məsələn, "Aşıq Qərib" dastanında Qərib buta aldıqdan sonra sevgilisi Şahsənəmin atasının razılığını almaq üçün 7 il sərgərdan olur.Sonda istəyinə nail olur, çünki onun anası oğluna xeyir-dua verir və o, bütün çətinliklərdən üzüağ çıxır:
"Oğlum, Allah səni saxlasın! Yolun açıq olsun, səni gözləyən Şahsənəmə qovuşasan!"
"Abbas və Gülgəz" dastanında da ata-ananın razılığı ilə aşiq uzun bir yol qət edir, lakin sonda sevgisinə qovuşur. Abbasın anası ona belə dua edir:
"Oğlum, sənə duaçıyıq! Tanrı səni qorusun, Gülgəzinə qovuşasan!"
Başqa bir məhəbbət dastanına baxanda görürük ki, "Şah İsmayıl" dastanında da atasının və el ağsaqqallarının razılığı ilə İsmayıl sevgisinə sahib çıxır. Onun atası oğluna dua edir:
"Oğul, adını uca tut, qeyrətli ol, sevdiyinə layiq ol!"
Bu dastanlardan fərqli olaraq "Əsli və Kərəm" dastanı məhz ailə razılığı olmadığı üçün faciə ilə bitir. Kərəm buta aldıqdan sonra Əsliyə qovuşmaq üçün uzun yollar qət edir, lakin nə Kərəm, nə də Əslinin atasının xeyir-duasını ala bilmir. Əslinin atası olan keşiş qızının müsəlman bir aşiqə verilməsini qəbul etmir və bu sevgini müxtəlif maneələrlə əngəlləyir. Digər dastanlarda valideynlər sevgililərin qarşısına çətinliklər çıxarsa da, sonda onları razı salmaq mümkün olur. Lakin "Əsli və Kərəm" dastanında bu razılıq heç zaman əldə edilmir və nəticədə Kərəm sevgisi uğrunda həyatını itirir.
Keşiş Kərəmi aldatmaq üçün ona maneələr yaradır:
"Qızımı sənə verə bilmərəm! Sənin dinin başqadır, yolun bizdən ayrıdır!"
Kərəmin atası da bu izdivaca razılıq vermir:
"Oğul, mən sənə xeyir-dua verə bilmirəm! Bu yolda sənə uğur arzulamıram."
Bu dastanların məğzində ailə dəyərlərinə böyük önəm verildiyi görünür. Aşiqlər buta aldıqdan sonra ailələrinin xeyir-duası olmadan bu sevgini tamamlaya bilmirlər. Bu, Azərbaycan xalqının sevgi və ailə anlayışına verdiyi dəyəri göstərir.
Razılıq olan yerdə uğur olur: Ailə xeyir-duası alan aşiqlər bütün çətinliklərdən keçsə də, sonda sevgilərinə qovuşurlar.
Xeyir-dua alınmadıqda sevgi faciəyə çevrilir: Əsli və Kərəm kimi hekayələrdə xeyir-dua olmadığı üçün sevgililər birləşə bilmir və bu, faciə ilə nəticələnir.
Sevginin halal olması üçün ailənin razılığı vacibdir: Bu dastanlar göstərir ki, sevgililər yalnız valideynlərinin icazəsi və xeyir-duası ilə xoşbəxt ola bilərlər.
Azərbaycan aşıq dastanlarında valideyn xeyir-duası aşiqin sevgisinə gedən yolda ən mühüm amillərdən biridir. Bu dastanlar xalqımızın mənəvi və əxlaqi dəyərlərini əks etdirir, ailə institutunun vacibliyini vurğulayır.
"Aşıq Qərib", "Abbas və Gülgəz", "Şah İsmayıl" kimi dastanlarda xeyir-dua sevginin uğurla nəticələnməsinə səbəb olur. Amma "Əsli və Kərəm" dastanında olduğu kimi, əgər ailə razılığı olmazsa, sevgi xoşbəxt sonluqla bitmir. Bu nümunələr xalq ədəbiyyatımızda ailə dəyərlərinin necə möhkəm yer tutduğunu göstərir və sevginin yalnız mənəvi dəyərlərlə harmoniyada yaşana biləcəyini sübut edir.
“Ədəbiyyat və incəsənət”
(25.03.2025)
Ümidin sınma səsləri - ESSE
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Bəzən bir qırılma anı var: görünməz, toxunulmaz, amma ruhumuzun dərinliklərində yer sarsıntısı kimi hiss edilən.
İnsan ümidlə yaşayır, sanki içindəki uşaq əlində tutduğu şüşədən bir dünya qurub və onu qorumağa çalışır. Amma bir gün, elə bir an gəlir ki, o şüşə çiliklənir.
Və qəribədir, bu qırılmanın səsi o qədər dərindən gəlir ki, sanki uşaq vaxtlarımızdan bəri içimizdə saxladığımız bir xatirə, bir səs, bir inam parçası paramparça olur.
Ümid nədir? Bir işığın ardınca qaçmaqmı? Yoxsa gözlərini yumub bir səhərin gəlişinə inanmaqmı? İnsan ümid edərkən uşaq kimi saf, xəyalları qədər məsum olur. Amma həyat bəzən sərt olur, çünki dünya yalnız uşaqların nağıllarında ədalətli dir. Böyüdükcə öyrənirik ki, hər şey istədiyimiz kimi getməz, insanlar sözlərində durmaz, arzularımız çırpılıb yerə düşər və biz onlara çatmaq üçün əyildikdə əllərimizi qanadan şüşə qırıntıları ilə rastlaşarıq.
Ancaq bir sual var: ümid sınarsa, insanın özü də sınarmı?
Bəlkə də yox. Bəlkə də hər qırılan ümidin səsi bizə yaşamağın başqa bir formasını öyrədir. Ümidimizin ən dərinlərdən gələn qırılma səsi içimizdəki keçmişin titrəyən əks-sədasıdır. O səs bizi silkələyir, amma eyni zamanda bizə bir həqiqəti xatırladır: biz o səsin sahibiyik, biz o səsi yönləndirənlərik.
Bəlkə də ümidin həqiqi mahiyyəti heç vaxt sınmamaq deyil, hər sınışdan sonra onu yenidən qurmaqdır.
Tək fərq ondadır ki, uşaq vaxtı ümidlərimizi nağıllara bağlayırıq, böyüyəndə isə onları özümüz yaradırıq.
“Ədəbiyyat və incəsənət”
(25.03.2025)
Seçmə şeirlər – SƏMƏD VURĞUN, “CEYRAN ”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
SƏMƏD VURĞUN
CEYRAN
(“Muğan” poemasından)
Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartınıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb
Baş alıb gedirsən hayana, ceyran?
Əzəldən meylini salıb çöllərə,
Bəxtini tapşırdın bizim ellərə,
O qara gözlərin düşdü dillərə.
Dişlərin oxşayır mərcana, ceyran!
Bir məsəl qalmışdır ata-babadan:
Uçarda turacdır, qaçarda ceyran.
Bir mən deyiləm ki, hüsnünə heyran,
Şöhrətin yayılıb hər yana, ceyran!
Sükuta qərq olmuş ürəyimlə mən
Keçirəm yenə də Muğan çölündən.
Yanında balası, yağış gölündən
Əyilib su içir bir ana ceyran!
Elə ki son bahar min büsat qurur,
Kolları-kosları yıxıb uçurur,
Sıxlaşıb bir yerdə baş-başa durur
Düşəndə çovğuna, borana ceyran.
On addım kənarda yatmayır təkə,
Gəzinir oylağa baş çəkə-çəkə.
Gələn qaraltıdır, yoxsa təhlükə?
Bir özünə baxır, bir ona ceyran!
Ovçu, insaf elə, keçmə bu düzdən!
O çöllər qızını ayırma bizdən!
Qoyma ağrı keçə ürəyimizdən, –
Qıyma öz qanına boyana ceyran!
Nə gözəl yaraşır Muğana ceyran!
“Ədəbiyyat və incəsənət”
(25.03.2025)
ÇÖLÇÜ BİLGƏ: Cəhalətin və nifrətin qaranlığına qarşı bilginin və sevginin nuru
Eltən Törəçi, dəyər yaradıcısı, “Ədəbiyyat və incəsənət” üçün
Zamanın dumanlı pərdəsinin arxasında, şəhərlərin səs-küyü və yalan xəbərlərin qarışıqlığı insanları çaş-baş salırdı. İnsanların gözləri açıq olsa da, kor kimi idilər. Qulaqları eşitsə də, gerçəkləri dinləmirdilər. Doğrunu, yanlışı ayırd etmək, gerçəyin izinə düşmək getdikcə çətinləşirdi. Gerçək isə artıq yalnız axtaranın tapa biləcəyi bir xəzinəyə çevrilmişdi.
Məhz belə bir qaranlıq çağda, unudulmuş bilgilərin yankılandığı, qədim və sirli bir meşənin qoynunda Çölçü Bilgə adlı bir müdrik yaşayırdı. O, yaşamın sirlərini doğadan öyrənmişdi. Külək ona dözümlülüyü, çaylar qərarlılığı, dağlar sarsılmaz iradəni, ağaclar isə birliyi öyrətmişdi. O, bilginin quluna çevrilməmiş, gerçəyin ağasına çevrilmişdi. Bilgi onun üçün yığılan bir xəzinə deyil, paylaşılması gərəkli olan dəyərli bir dəyər, ağlın və ruhun işığı idi.
Onun evi, meşənin ən gizli guşəsində, uca bir dağın yamacında yerləşən sirli mağara idi. Lakin bu mağara sadəcə daş divarlarla çevrilmiş bir yer deyildi. Bu, bilgəlik ocağı, ruh məbədi idi. İçərisi bitiklərlə, xəritələrlə, əski toplumlardan qalma əlyazmaları ilə, doğadan toplanmış dəyərli daşlar və sağaldıcı otlarla dolu idi. Divarlara Çölçü Törəsinin başlıca tələbləri dönəmin və bilməməzliyin aşındıra bilmədiyi gerçək kimi qazılmışdı.
BİLGƏNİN ÇAĞIRIŞI
Şəhərlərin yorğun, ümidsiz və axtarış içində olan insanları doğru yolu tapmaq ümidi ilə uzun və çətin bir səfərdən sonra Bilgənin mağarasına gəlirdilər. Bura gələn hər kəs sadəcə bir gəzintiyə deyil, həm də daxili bir dönüşümə qədəm qoyduqlarını hiss edirdilər. Bilgə onlara təkcə sağ qalmağı deyil, həm də düşüncələrini və ruhlarını aydınlatmağı, özlərini yenidən tapmağı öyrədirdi.
Bir gün, öyrənciləri ona sual verdilər: "Bilgə Çölçü, şəhərdə insanlar bir-birinə qarşı o qədər amansız və duyğusuz olublar ki, sanki qəlbləri çürüyüb. Bilgisizlik və yalanlar hökm sürür, doğru yolu necə tapacağıq?"
Bilgə dərindən nəfəs alıb cavab verdi: "Övladlarım, şəhərdəki bu qaranlıq “Aydın kirliliyi” və “Toplumun Duyğusal Çürüməsi”nin nəticəsidir. Eynilə zəhərli sarmaşıqların meşəni sardığı kimi, düşüncələr də yalan və nifrətlə sarılıb. Çıxış yolu – özümüzü və bir-birimizi yenidən qurmaqdır."
O gün Bilgə öyrəncilərinə “Uğur Yollarını”nı, yəni düşüncələrini bəsləyəcək bilgi bağlarının önəmini anlatdı. "Birlik çevrələri yaradın." – dedi. "Necə ki, meşədəki ağaclar kökləri ilə bir-birinə tutunur, siz də eyni şəkildə bir-birinizə dayaq olun. Unutmayın, tək ağac fırtınaya tab gətirə bilməz, amma meşə əyilməzdir."
"Bilgi Axını, meşədəki çaylar kimi olmalıdır – doğru bilgini yayaraq bilgisizliyin quraqlığını aradan qaldırmalısınız. Çünki bilgi də su kimi, dayandıqda bataqlıq yaradar, ancaq axdıqca yaşam verər."
"Və ən gərəklisi, “Toplumla bağlantı” meşə yolları kimidir. İnsanları bir-birinə bağlayır, yol göstərir, bələdçilik edir. Əgər siz bir-birinizdən ayrılsanız, yollar itər və toplum qaranlıqda getməyə məcbur olar."
BİLGƏNİN SINAĞI VƏ DƏRSİ
Bilgə mağaranın dərinliyindəki gizli bir keçiddən keçərək tələbələrini meşənin ən qədim guşələrinə apardı, onlara həm bitkilərin sağaldıcı gücünü, heyvanların davranışlarını və ulduzların sirlərini anlatdı, həm də insanın öz bənzərinə qarşı şəfqət, mərhəmət və ədalətlə yanaşmasının toplumun ruhunu necə sağalda biləcəyini öyrətdi.
Sonra tələbələrinə dönərək dedi: "Övladlarım, “Aydınlanma Yeri” təkcə sizin üçün bir sığınacaq deyil, həm də topluma işıq tutacaq bir məşəldir. Bilgiləndikdə, onu yalnız özünüz üçün saxlamayın. Paylaşın, öyrədin, yol göstərin. Unutmayın, bilgi gizlətmək üçün deyil, yaymaq üçündür."
"Meşə yanğınını söndürmək üçün birlikdə savaşdığımız kimi, bilgisizliyin yanğısına qarşı da çiyin-çiyinə savaşmalıyıq. Birliyimiz yalnız bir bilgi paylaşımı deyil, eyni zamanda bir xeyirxahlıq davranışı olsun. Ehtiyacı olana yardım edin, yolunu azanlara bələdçilik edin, ümidsizlərə ümid olun. Və ən əsası, bir-birinizə sevgi və hörmətlə yanaşın. Qəlbinizi şəfqətlə doldurun. Sevgi – nifrətin yeganə əks-zəhəri, bu zəhərdən qorunma yoludur."
"Unutmayın, övladlarım, bir toplumun yüksəlişi fərdlərin inkişafı ilə - özünüinkişafla başlayır. Sizlər bu meşənin toxumlarısınız. Bilgi ilə suvarıldıqda, sevgi ilə böyüdükdə nəhəng bir meşəyə çevriləcəksiniz. O zaman cahilliyin və nifrətin qaranlığına qarşı dayanacaq, aydınlıq və sevgi dolu bir gələcək quracaqsınız."
ÇÖLÇÜ TÖRƏSİNİN DOĞUŞU
Öyrəncilər Bilgənin sözləri ilə ürəklərində bir qığılcım hiss etdilər. Artıq yalnız yaşamaq deyil, yaşadıqları toplumu daha gözəl bir yerə çevirmək üçün də öhdəlik daşıdıqlarını bilirdilər. Şəhərə döndükdə, onun öyrətdiklərini yerinə yetirdilər. Bir-birinə dəstək oldular, bilik və təcrübələrini paylaşdılar, çətin anlarda bir-birlərinə arxa durdular.
Bu birlik - onların arasındakı sevgi, sayğı şəhərdəki insanların diqqətini çəkdi.
"Necə bu qədər bir və xeyirxah ola bilirsiz? Sizin kimi yaşamağı necə öyrənək?" – deyə suallar verməyə başladılar.
Və beləcə, Çölçü Bilgənin öyrətdikləri şəhərdə və ətraf kəndlərdə yayılmağa başladı. İnsanlar, öyrəncilərin qurduğu “Aydınlanma Yerləri”nə qatılır, onların izində gedirdilər. Bu sayaq da Çölçü Törəsi doğdu.
Bu törə bilgiyə, dayanışmaya, sevgiyə və sayğıya dayanırdı. İnsanlar bu törə sayəsində həm öz yaşamlarını, həm də toplumun ruhunu yaxşılaşdırmağa başladılar. Və həmin gün Çölçü Bilgə mağarasından uzaqda, bu gözəl dəyişikliyi izləyərkən qəlbində ağıla belə gələ bilməyəcək bir qürur duydu. Çünki artıq cəhalətin və nifrətin qaranlığına qarşı, bilginin və sevginin nuru sonsuza qədər yanacaqdı!
“Ədəbiyyat və incəsənət”
(25.03.2025)
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin baş miçmanı Mərdan Mehdizadənin şəhadəti günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Mərdan Mehdizadə 1979-cu il martın 25-də Şəki rayonunun Göybulaq kəndində anadan olub. Azərbaycan Hərbi Dəniz Qüvvələrində xidmət edib, baş miçmanlığa yüksəlib.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 12-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub.
Şəki rayonunun Göybulaq kəndində dəfn olunub.
Təltifləri
1. "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
2. "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
3. "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
4. "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
5. "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
6. "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
7. "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
8. "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
9. "Qarabağ" ordeni (ölümündən sonra)
10. "Vətən uğrunda" medalı (ölümündən sonra)
11."Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
Allah rəhmət eləsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(25.03.2025)
Özünüzə aid olan işləri görün.
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Uğurun məşhur açıqlaması belədir: “Həyatını istədiyin kimi yaşamaq, istədiyin işlə məşğul olmaq, yalnız öz seçdiyin insanlarla və istədiyin şəraitdə işləmək imkanı”. İstənilən halda, “uğurun” nə demək olduğunu izah etmək istədikdə, dərhal gözünüzün önündə, edilməsi və edilməməsi vacib olan işlər canlanacaq ki, onlar da sizin ideal həyatınızı qurmaq üçün lazımdır.
Və sizi arzularınıza doğru irəliləməkdən saxlayan əsas işlər adətən sizin sevimli bəhanələriniz və daxili intizamın azlığıdır. Məsələ sizin nə etmək lazım olduğunu bilməməyinizdə yox, istəyinizdən asılı olmayaraq özünüzü həmin işləri görməyə vadar etmək üçün daxili intizamınızın çatışmamasındadır.
Brayan Treysi / Bəhanələrə yox (Daxili intizamın gücü)
“Ədəbiyyat və incəsənət”
(25.03.2025)
“Sözün şəklini çəkirəm” – İsmayıl İmanzadənin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının növbəti şair qonağı Mingəçevirdəndir, Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadədir.
İmanzadə İsmayıl Səlim oğlu Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1980-ci ildən indiyə kimi otuz kitabı nəşr olunub. 1993-cü ilin noyabr ayından müvəqqəti olaraq Mingəçevirdə məskunlaşıb.
ANA VƏTƏN SƏNİNDİR
Ulu Tanrıdan cəmi şəhidlərimizə
qəni-qəni rəhmət diləyirəm!
Şəhidim, əhsən sənə,
Vətənə bəxş etdiyin
Zəfərin nə gözəlmiş!
Yurd amalınla birgə
Şəhid ucalığından
Tanrının dərgahına
Səfərin nə gözəlmiş!
Könlümüzü oxşadı
Yenilməz hünərindən
Soraq verən hər anın.
Gəzdi dildə-ağızda
Torpağın sinəsinə
Al qanınla yazdığın
Qəhrəmanlıq dastanın...
Bu müqəddəs savaşda
Düşmən bağrı çatladan
Cəsarətinə alqış!
Nəsillərə nümunə -
Ülvi Vətən eşqinə,
Saf niyyətinə alqış!
Şəhidim, ölümünlə
Dönüb ölümsüz oldun,
Qazandığın bu halal
Şöhrət, ad-san sənindir!
Haqqın var zaman-zaman
Əbədi yaşamağa,
İndi hamıdan qabaq
Uğrunda can verdiyin
Qarabağ, Ana Vətən -
Azərbaycan sənindir!
09.12.2020
GƏLDİM
Dünyanın hər üzünə
Olmadm halı, gəldim.
Nə atlı, nə dəvəli,
Nə barxanalı gəldim.
Şaxtalı qışı gördüm,
Qarı-yağışı gördüm.
Eniş-yoxuşu gördüm,
Dolandım yalı, gəldim.
Təzə arzu-həvəsdim,
Yaşamağa tələsdim.
Zülmət qarşımı kəsdi,
Azmadım yolu, gəldim.
Üstümə yağanda daş,
Bildim nədir cəng-savaş.
Dünyaya əlləri boş,
Ürəyi dolu gəldim.
03.06.2020
ALDATMA ÖZÜNÜ, BU SEVGİ DEYİL...
Ötəri istəyin üstə azca əs,
Əgər bu sevgiysə, közü hanı bəs?
İsitməz ürəyi hər yersiz həvəs -
Aldatma özünü, bu sevgi deyil.
Bulanıq su kimi durulmaz axsa,
Bir çiçək bitirməz min il də yağsa.
Ruhunda bir leysan havası yoxsa -
Aldatma özünü, bu sevgi deyil.
Küləksə, hər səmtə əsən de, ona,
Ömürdən günləri kəsən de, ona.
Sevgidən başqa nə desən de, ona -
Aldatma özünü, bu sevgi deyil.
Gözləmə, gümanın axırı olmur,
Həsrətin yüngülü, ağırı olmur.
Belə sevdaların axırı olmur -
Aldatma özünü, bu sevgi deyil.
GƏLİRƏM
Halallıq ver gedim, Kürüm,
Gözləyir Qurbanim, Pərim.
Xudafərin nazlı Dirim –
Araz ünvanlım, gəlirəm.
Ulu Tanrım verdi aman,
Xar oldu savaşda “yaman”.
Haqq evim Hacı Qaraman –
Səbri gümanlım, gəlirəm.
Cəbrayılım - ata elim,
Açıq alnım, “uzun” dilim.
Sona çatıb ta nisgilim –
Şərəflim-şanlım, gəlirəm.
Teyim, Qalam, Ziyaratım,
Şanım-şöhrətim, urvatım.
Büllur Kəhriz toy-büsatım –
Tarım-kamanlım, gəlirəm.
Yovşan ətirli Gəyənim,
Ərəni-mərdi öyənim.
Geriyə qayıt deyənim –
Düşmənlə qanlım, gəlirəm.
Tumasatam, Ağoğlanım,
Ta sızlamaz bir də canım.
Gordubabam, adım-sanım –
Yazı dumanlım, gəlirəm.
Əsiri olmadım yadın,
Damağımda qalıb dadın.
Dilimdən düşməyib adın –
Böyük Mərcanlım, gəlirəm.
08.01.2021
АNАMIN ƏLLƏRİ
Аnаmın əlləri tоrpаğа bənzər,
Ömrümün dil аçаn hər izi оrdа.
Еlimin-оbаmın dоlu ürəyi,
Yurdumun gеcəsi, gündüzü оrdа.
О, yоlum üstündə günəştək yаnаr,
Оnsuz nеçə аrzum qаlаr yаrıdа.
Bu kövrək əllərdən zəmi bоylаnаr,
Sünbültək dən tutаr bаrmаqlаrı dа.
Bu əllər düzlüyə, sаflığа аrха,
Niyyəti su kimi durulаr оnun.
Çətin ki, zəhmətdən çəkinə-qоrха,
Çətin ki, ümidi qırılа оnun.
Аnаmın əlləri tоrpаğа bənzər,
Hər təzə addımım, hər izim оrdа.
Bаrlı tаrlаlаrım, ulu dаğlаrım,
Kükrəyən çаylаrım, dənizim оrdа.
Qəzəbdən düyülər dаrdа-çətində,
Yadların önündə аçılаn dеyil.
Yаşаmаq еşqi vаr əzəmətində,
Bu əllər hеç zаmаn kiçilən dеyil.
GƏLİRƏM, TORPAQ, GƏLİRƏM…
Halal duzum-çörəyimsən,
Saf niyyətli ürəyimsən.
Basılmayan kürəyimsən
Bilirəm, torpaq, bilirəm!
Havam-suyumsan bir udum,
Eşqin tükənməz umudum.
Yadında qalıbmı adım,
Gəlirəm, torpaq, gəlirəm!
Şipşirin avazam, səsəm
Yamyaşıl arzu-həvəsəm.
Kəfənim ol, nə vaxt desəm,
Ölürəm, torpaq, ölürəm!
01.01.2025
SÖZÜN ŞƏKLİNİ ÇƏKİRƏM
Kipriklərim “fırça” imiş,
Sözün şəklini çəkirəm.
Gözlərimdə şölə saçan
Közün şəklini çəkirəm.
Günlər keçir bir an kimi,
Səbrim sönmüş vulkan kimi...
“Çoxdan” əlim çıxan kimi
“Azın” şəklini çəkirəm.
Arzu, ümid qol-budağım,
Kəlmələrim buğum-buğum.
Könlümdə gəzib tapdığım
Yazın şəklini çəkirəm.
Boş görəndə əllərimi,
Gəzirəm “əkin” yerimi.
Səsləyib ilham pərimi
Nazın şəklini çəkirəm.
17.01.2025
GƏL
(Şair dostum Əbülfət Mədətoğlunun
təbirincə desəm,-bir qadına...)
Şahiddir o çığır, iz
Yad deyildik axı, biz...
Özgə səmtə tutma üz,
Gəl, hamıdan öndə, gəl!
Susub qalma daş kimi,
Dön geri, sirdaş kimi.
Gəlsən, qaranquş kimi
Yazın çəhlimində gəl!
Vaxt yeyin, ömür qısa,
Dön ən şirin avaza.
Geciksən, heç olmasa
Ya səsdə, ya ündə gəl!
Nur saçanda gülüşün,
O xoş günləri düşün...
Əgər çoxdusa işin,
Demirəm ha... gündə gəl!
Lal həsrət ömrün yükü,
Sənsən ürəyimdəki...
Gec qayıtsan da təki
Qəm-qüssədən gendə gəl!
Yalqız qaldığım yerdə
Eşqin məlhəmdi dərdə...
Nə görmüsən şəhərdə,
Kəndə gəl ey... kəndə gəl!
30.01.2025
DEMƏ
Ömrüm boyu yan keçsəm də axından,
Hər yetəni tanımadım yaxından.
Əcəl gəlib yapışanda yaxamdan,
Tez ol, ölüm şərbətini iç,-demə.
Dost bildiyim ürəyimi sındırıb,
Həyat məni “döyə-döyə” qandırıb.
Öz əlinlə körpüləri yandırıb
Mənə, namərd körpüsündən keç,- demə.
Bu gedişin əyrisi nə, düzü nə,
Tamarzıyam məhəbbətin közünə.
Saf eşqimin kül üfürüb gözünə,
Özün gedib öz tayını seç,-demə
Gözlərimdə şimşək kimi çaxmısan.
Necə deyim durulanda axmısan?
Bir vədələr axırıma çıxmısan,
Baxışların qatil imiş heç demə...
05.02.2025
HƏR GECƏ ÖLÜRƏM YUXULARIMDA...
Hər gecə ölürəm yuxularımda,
Hər səhər təzədən dirilirəm mən.
Könlümdə çağlayan duyğularımda
Çalxana-çalxana duruluram mən.
Qəm-qüssə çiynimdə qara tabutum,
Zülmətdən qaçıram al günəş kimi.
Saflıq axtarıram hərdən bir udum,
Sınağa çəkəndə illər qəlbimi.
Həyat dözlərimdə yarımçıq yuxu,
Ovulub içimdə səsim, harayım.
Gedən köç qayıtmır... onu mən axı,
Necə soraqlayım, harda arayım?!
Anlar ötüb keçir lal kimi səssiz,
Kövrək xatirələr yolur “saçını”.
Taleyin hökmüylə titrəyəndə diz,
Hər sual qurulan dar ağacımı?..
Köksümdə nisgilin şırımı dərin,
Xəyalım sabaha üz tutan cığır.
Gözümdən yayınıb itən illərin
Tüstüsü hələ də başımdan çıxır...
21.01.2025
NЕCƏSƏN
Sаlаm, yаmаclаrın yаşıl tаlаsı,
Gеtsəm оdun-közün kimə qаlаsı?
Gəlirəm... yoldayam а dаğ lаlаsı -
Mənim al yanaqlı qızım, nеcəsən?
Ruhumа dоğmаdır kаmаn dа, nеy də,
Аh çəkdim, buludlаr titrədi göydə.
Yаyın оrtаsındа, qаrlı quzеydə -
Gözləri qаmаşаn, buzum, nеcəsən?
Sənət mеydаnındааslаnım, şirim
Ustаd Ələsgərim, Dədə Şəmşirim.
Sənət aləmində оcаğım-pirim -
Аy durnа bоğаzlı sаzım, nеcəsən?
Çəmənə dаd vеrən, şеhli çiçəklik,
Yахın gəl, qəlbimi üzməsin təklik.
Еşqindən dəliyəm, хınаlı kəklik -
Dеyimmi, şəkərim-duzum, nеcəsən?
Dərə zülmət quyu, yохuş pilləkən
Kimdir yаmаcdаkı dаşlаrı “əkən”?
Nərgizin şəklini qаr üstə çəkən -
Novruzum, хоş gördük, yаzım nеcəsən?..
QORXMA, MƏLƏKDİ GƏLƏN
Tanrıdan yoxsa əlac,
Dərddən ha gizlən, ha qaç.
Qollarını geniş aç -
Arzu-diləkdi gələn.
Hər saralan dən deyil,
Bəxt adam sevən deyil.
Bəlkə heç kəfən deyil -
Bəlkə bələkdi gələn?
Sel gəlsə, demə arx var,
Təpədən qabaq dağ var.
Hələ yağışa çox var -
Hələ küləkdi gələn.
Gedənlər dönməz geri,
Bu bir ilahi sirri.
Ölümün üstə yeri -
Qorxma, mələkdi gələn.
SÖZ
Avazıdır ötüb keçən hər anın,
Heç vaxt gizli saxlamayıb ünvanın.
Qobustanda daş köynəkli dastanın,
Mürgüləyən yaddaşında sirdi, söz.
Sədasıymış torpağın da, daşın da,
Şəhiddi, qazidi yurd savaşında...
Saxlamışam ürəyimin başında,
Dəyərlidir sərraf olan yerdə söz.
Hər şah beyti çiçək kimi təzə-tər,
“Bəsləsən” sal daşın üstə də bitər...
Öz qınına tez çəkilər qəm-kədər,
Məlhəm kimi yaxılanda dərdə söz.
Halallığı açıq alnım, ağ üzüm,
Hər misrası göz oxşayan bir düzüm...
Nə yaxşı ki yaddaşında var izim,
Həmdəmimdi qələm-kağız, bir də söz...
25.04.2024
BƏLKƏ...
Duman qan-qadalı qaranlıq kaha,
Bəzən bir parça daş, zərdən də baha.
Nədənsə gecikib qalmır sabaha -
Zülmət bir gecəlik qonaqdı bəlkə?
Özgə aləmi var yazın, qışın da,
Hakimdir gözlə qaş, ər savaşında.
Şimşək qara buludların başında -
Çatlayan odlu bir çanaqdı bəlkə?
Sal daşlar yamacın köhnə başmağı,
Külək təbiətin əsib coşmağı.
Sübh çağı, həyalı qadın yaşmağı -
Dan yeri qızaran yanaqdı bəlkə?
Can sızlar nahaqq qan tökülən yerdə,
İnsanlıq möhtacdır ərənə-mərdə...
Tanrı bəxş edibsə, şükr elə dərdə -
Bu da bir imtahan, sınaqdı bəlkə?..
06.05.2024
“Ədəbiyyat və incəsənət”
(25.03.2025)
Dostoyevski, Bukovski, Ömər Xəyyam, Heminquey, Əliağa Vahid… – ONLAR NİYƏ İÇİRDİLƏR?
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
İnsan niyə içir? Bu sual, sadəcə bir vərdişin və ya həzzin arxasında gizlənən kiçik bir maraq deyil. Bu, bəşəriyyətin varoluşundan bəri cavab axtardığı ən mürəkkəb suallardan biridir. İlk şərab dolu qədəh kiminsə dodaqlarına toxunduğu gündən bu yana, insan içməyin nə olduğunu anlamağa çalışıb.
Biriləri içkiyə sadəcə bir əyləncə kimi baxıb, başqaları isə içki şüşəsinin dibində bütün həyatlarını, arzularını, ümidlərini və hətta məğlubiyyətlərini görüb. Şərab, bəziləri üçün fələyin gərginliyindən bir anlıq qurtuluş, digərləri üçün isə daha dərin bir həqiqətə aparan açar olub.
Tarix boyu içki masaları sadəcə əyləncənin, məstliyin, səfehləşmənin deyil, fikir adamlarının ən səmimi düşüncələrini bölüşdüyü məkanlar olub. İnsanlar sərxoş olanda dürüstləşir, içki onların üzündən maskaları soyur. Sözlər daha aydın olur, hisslər açıq-aşkar görünür. Hətta bu dünyaya tənqidi yanaşan, fələyin ədalətsizliyindən şikayətlənən dahilər belə, içki qədəhini əllərinə alıb, həqiqəti sual ediblər.
Dostoyevski içirdi, çünki bu dünyada ədaləti tapa bilmirdi. Bukovski içirdi, çünki bu cəmiyyətin saxtakarlığını həzm edə bilmirdi. Heminquey içirdi, çünki bu dünyanın reallığı ilə razılaşmaq istəmirdi. Ömər Xəyyam içirdi, çünki həyatın puçluğunu qəbul edib onu gülüşə çevirmişdi.
İçki sadəcə bir maye deyil. İçki, ağrının başqa bir formasıdır. Bəzən bir adam içkini acı bir həqiqəti unutmaq üçün içər, bəzən isə həmin həqiqəti daha yaxşı qavramaq üçün. Kimi içkini bir azadlıq rəmzi kimi qəbul edir, kimi isə onun içində məhv olub gedir.
İçki, zəiflərin qaçışı deyil, çox vaxt güclülərin özlərinə qarşı apardığı bir döyüşdür.
Bəlkə də elə buna görə tarixdəki böyük adların çoxu içirdi. Ömər Xəyyam şərab qədəhini qaldırıb ulduzlara baxaraq "bu dünya bir qədəh şərabdan daha dəyərli deyil" deyirdi. Əliağa Vahid içkinin sərxoş etdiyi hər misrada dərdin və şair ruhunun əzabını çəkirdi. Kefli İsgəndər dünyaya gülərək, hər qədəh şərabla həyatın mənasızlığını satirik bir dildə izah edirdi.
Və biz buradayıq. Onların içkilərinin süzülüb axdığı yolda, onların qədəhlərindən qalxan kölgələr arasında.
İnsan içir, çünki bu dünya ona yetmir. İnsan içir, çünki şərab həqiqəti göstərir, amma onu daha dözülən edir.
Bu yazı, içkinin sadəcə bir içki olmadığını, onun bəşəriyyətin ən qədim fəlsəfi dialoqlarından biri olduğunu göstərmək üçün yazılıb. Bu, bir qaçışdır, amma həm də bir üsyandır. Şərab qədəhini masaya qoymadan, bir anlıq düşün, əziz Oxucum. Sən niyə içirsən? Yoxsa içmədən yaşadığını düşünənlərdənsən?
Bəs sonra? İnsan qədəhi dodaqlarına aparıb, içindəki atəşi ruhuna axıdır və nə baş verir? Unudurmu, yoxsa daha dərindən dərk edir?
Dostoyevski içirdi. Amma onun içkisi sadəcə bir vərdiş deyildi. Bu, həyatla apardığı mübarizənin bir parçası idi. O, içməyə aludə deyildi, lakin hər dəfə həyatın amansız gerçəkliyi onu sıxdıqda, hər dəfə insan təbiətinin iyrənc və ikiüzlü tərəfini görüb dəhşətə gəldikdə, qədəhi əlindən yerə qoymaqda çətinlik çəkirdi.
Onun dünyası bir acizlik dünyası idi. Qumar borcları, epileptik tutmalar, Sibir sürgününün donuqluğu, Rusiyanın zalım reallıqları. O, içirdi, çünki bu dünyada məsumluğa və ədalətə yer olmadığını bilirdi. "Cinayət və Cəza"nın Raskolnikovu, "Qumarbaz"ın Alekseyi, "Cinlər"dəki (əsərin rusca adı: Бесы [besi] ) nihilistlər. Hamısı onun içində yaşadığı mübarizənin fərqli sifətləri idi.
Dostoyevski üçün içki sadəcə bir həzz mənbəyi deyildi. O, sərxoş olarkən insanın içindəki iblisi daha aydın görürdü. Cəmiyyətin zülmünü, kasıblığın çirkab içində necə süründüyünü, insan ruhunun necə çarəsizcə varlıqla yoxluq arasında sıxıldığını anlayırdı. Və bəlkə də elə bu səbəbdən Dostoyevskinin qəhrəmanları da içirdi. Marmeladov, sərxoş bir şəkildə cəmiyyətin ikrahla baxdığı bir qapını döyüb, qızının fahişəlik edərək qazandığı pullarla evinə dönürdü. O, içirdi, çünki cəmiyyət onu çoxdan unutmuşdu və artıq ayıq qalmağa heç bir səbəb qalmamışdı.
Dostoyevski sərxoşluğun həqiqəti gizlətmədiyini, əksinə, onu daha da kəskin göstərdiyini bilirdi. İçki insanı azad etmir, sadəcə onu həqiqətlə baş-başa buraxır. Onun qəhrəmanları içdiyi zaman yalnızlığı daha dərin hiss edirdilər, həqiqət daha sərt olurdu, vicdan səsi daha bərk səslənirdi.
Bəlkə də Dostoyevski özü də bilirdi ki, insan nə qədər içsə də, həqiqətdən qaça bilməz. Amma yenə də bəzən qədəhi dodaqlarına aparırdı. Çünki bəzi həqiqətləri sərxoş olmadan daşımaq mümkün deyildi.
Bəlkə də içki həqiqətdən qaçış deyildi. Bəlkə də bəzi həqiqətləri anlamaq üçün insanın sərxoş olması lazım idi. Sərxoşluq sadəcə bir kef halı yox, varlığın mahiyyətini dərk etməyə açılan bir qapı idi. Və elə bu səbəbdən, qədəhini qaldırıb dünyaya təbəssüm edən Ömər Xəyyam içirdi.
Amma o, içməyə bədbəxtlikdən yox, həyatın puçluğunu anladığı üçün başladı. O bilirdi ki, bütün həqiqətlər insanı məyus edir, hər fəlsəfi düşüncənin sonunda bir boşluq dayanır. O, bu boşluğa düşməmək üçün içirdi. Onun üçün şərab bir qurtuluş idi, bir üsyan idi. Qəza və qədər qarşısında insanın yeganə cavabı idi.
"Başımda olsa da məstlik havası
Şərab ver, şərabdır ruhun qidası.
Dünya əfsanədir, ovcuma mey qoy!
Ömür bir küləkdir, yoxdur vəfası"
Xəyyam içirdi, çünki bilirdi ki, həyatın qayəsi yoxdur. İnsan doğulur, yaşayır və ölür. Geridə qalan isə heç nədir. Hər şey unudulur, hər şey külə dönür. O halda, nə üçün dərd çəkməli? Nə üçün böyük ideyaların arxasınca qaçmalı? İnsan nə qədər düşünsə də, həyatın sirri açılmayacaqdır.
"Məscidi, namazı, orucu burax,
Dilənçi olsan da, mey iç, kefə bax.
Ey Xəyyam, öldünmü, bil, torpağından
Gah qədəh düzələr, gah kuzə, bardaq."
O, öz fəlsəfəsində nəyi tapmışdı? Heç nəyi. Çünki həyat özü də heç nədən ibarət idi. O zaman, o qədəhini qaldırıb boşluğa gülümsədi. İçki, insanın ən böyük dərdlərinin cavabı deyildi, amma bu dərdlərlə barışmaq üçün bir yoldaş idi.
Bəlkə də insan ağlının ən böyük paradoksu burada idi. Sərxoş olduqca həyatın mahiyyətini daha dərindən anlayırdın. O mahiyyət isə çox sadə idi. Hər şey fanidir.
Ömər Xəyyam içirdi, çünki dünyanın mənasızlığını anlamışdı. Çarlz Bukovski isə içirdi, çünki bu mənasızlığın içində qalmaq çətindi. O, Xəyyam kimi boşluğa gülümsəmirdi. O, boşluğun içində çırpınır, çökür, sonra yenidən qalxırdı. O, içirdi ki, yaşamaq mümkün olsun.
"Əgər içmək bizi məhv edirsə, kim deyir ki, yaşamaq məhv etmir?" deyirdi Bukovski.
Onun həyatı ucuz pivə barlarında, səfil motellərdə, paslı kranlardan damcılayan suyun səsinə qulaq asmaqla keçirdi. O, bu dünyaya bir uduzmuş kimi gəlmişdi və bir uduzmuş kimi gedəcəyini bilirdi. Amma elə bu gerçəyi qəbul etdiyi üçün qalib idi. Onun üçün həyat bir gülüş qədər mənasız idi. Bəzən acı, bəzən kədərli, bəzən isə quru və çürük.
"Niyə içirəm? Çünki bu dünyada yaşamağın başqa yolunu tapa bilmirəm."
Bukovski içirdi, çünki həyata dair heç bir gözləntisi yox idi. O, böyük idealların, yüksək fəlsəfi düşüncələrin, romantik illüziyaların bir yalan olduğunu çoxdan anlamışdı. Həyat yalnız bir neçə şeydən ibarət idi. Ucuz siqaretlər, kirli otaqlar, bir neçə dəyərsiz qadın, masanın üzərindəki dolu butulka və bir də kağızın üstünə tökülən sözlər. O, içirdi və yazırdı. Çünki ayıq olduqda, dünya daha da iyrənc görünürdü.
"Yalnız sərxoş olanda, insanlar bir az da olsa dözüləsi olurlar."
Bukovskinin içkiyə münasibəti bir üsyan idi. İnsanın öz məhvinə könüllü getməsi, amma bundan qorxmaq əvəzinə, bundan zövq alması. O, içirdi, çünki bilirdi ki, həyatın sonunda onu gözləyən tək şey ölüm və unudulmaqdır.
"İnsan ya ölməyi, ya da içməyi bacarmalıdır."
Ölüm qaçılmaz idi. Bunu bilirdi. Amma ölümə ayıq getmək? Bu, axmaqlıq olardı. Həyatın dibinə qədər enmək, hər çirkabı dadmaq, sonra bir qədəh də qaldırıb öz məğlubiyyətinə gülümsəmək..
Bəlkə də insanın edə biləcəyi yeganə ləyaqətli şey bu idi.
Ömər Xəyyam içirdi, çünki bu dünyanı ciddiyə almırdı. Bukovski içirdi, çünki dünyanın ciddiliyi boğucu idi. Əliağa Vahid isə içirdi, çünki dünya özü ona içməyi öyrətmişdi. O, içirdi ki, bu dünya içində boğulmasın, içirdi ki, bir az unutmaq mümkün olsun. Çünki unutmaqdan başqa çıxış yolu yox idi.
"Gərçi dərd əhli içir badəni can sağlığına,
İçirəm mən onu bir afəti-can sağlığına."
Əliağa Vahid içirdi, çünki sevib yanmaq, sonra kül olmaq nə deməkdir, bilirdi. O, içirdi, çünki hər kəsin “sevgi” dediyi şeyin əslində bir cəza olduğunu görmüşdü. Onun şərabı sadəcə ümidin yoxluğuna deyil, həm də eşqin amansızlığına bir cavab idi.
"Tərki-adət özü cansağlığının düşmənidir,
Durma iç badəni, ver fikrini cansağlığına"
Vahid içirdi, çünki bilirdi ki, həyat ədalətli deyil. Sevdiyin səni tərk edə bilər, dostların sənə arxa çevirər, zaman səni əzir, xəyalların yavaş-yavaş çürüyür. O, bütün bunların fərqində idi. Amma o, bu həqiqətlərə Bukovski kimi tüpürmürdü, Xəyyam kimi gülümsəmirdi. O, sadəcə bir qədəh də içir və qəzəllər yazırdı.
"Saqi, bu məclisin eşqilə dolandır badə,
Ömrümüz həsrəti–meylə niyə getsin badə."
İçki Vahid üçün bir mübarizə forması idi. O, bu dünyaya boyun əymədi, əksinə, şərab dolu badəsini qaldırıb onun ədalətsizliyinə meydan oxudu. O, içirdi, amma yıxılmırdı. Qəzəlləri sübut idi. O, sərxoş ola bilərdi, amma ruhu ayıq idi. O, içə-içə dəli olmurdu, içə-içə ağlına daha da yaxınlaşırdı.
"Öz xəlqinə hər kim mey içib versə əziyyət,
Olsun yeri bayquş kimi viranələr içrə."
O, içirdi, çünki bilirdi ki, insanın əllərində heç nə yoxdur. Qismət deyilən şey insanı haraya aparırsa, ora getməli idi. Amma bu yolun sonunda onu gözləyən yalnız ölüm idi. Elə buna görə də, o, ölümü gözləmədi. Onunla oturub bir qədəh də içdi.
Ernest Heminquey isə içmirdi. O, özü içki idi. Viskinin, absentin, romun içində onun qanı dövr edirdi. O, sərxoşluqla yazır, sərxoşluqla yaşayır, sərxoşluqla döyüşürdü. Onun içkisi sadəcə bir vərdiş deyildi. Bu, onun varlığına çevrilmişdi.
Heminqueyin dünyası sərt idi. Müharibələr, döyüşlər, ölüm, itkilər. O, dünyanın sərtliyini gördü və ona qarşı dözümlü olmaq üçün içməyə başladı. Amma onun içməsi Bukovski kimi nihilistik bir təslimiyyət deyildi. Heminquey içirdi, çünki savaşçının, sərt kişinin, həyatın üzünə gülən adamın içməsi lazım idi.
O, deyirdi:
"Həmişə ayıq yaz, amma sərxoş düzəliş et."
Bu sözlərdə həm zarafat, həm də həqiqət vardı. Heminquey üçün içki, sadəcə içmək deyildi. Bu, həyatın absurdluğuna qarşı bir meydanoxuma idi.
Heminqueyin içməsi, macəralarının bir hissəsi idi. O, viski stəkanını qaldıranda, sanki bir ov tüfəngini qaldırırdı. O, içməyə oturanda, sanki bir döyüşə girirdi.
İspaniya ilə vətəndaş müharibəsində içdi. Müharibənin içində belə, içki onu tərk etmədi. Əksinə, hər güllə səsi ilə bir qurtum daha içdi.
Afrikada ov edərkən içdi. Çünki bir ovçu üçün içki, qandan və tərdən sonra gələn yeganə rahatlıq idi.
Kübalı balıqçılarla içdi. Çünki dənizin ortasında bir fincan rom, həyatın qısalığını anlamağın ən gözəl yoluydu.
Parisdə yazarkən içdi. Çünki ədəbiyyat və viski, ən qədim sevgililər idi.
O, sadəcə yazıçı deyildi. O, bir döyüşçü idi. O, güllə yaralarıyla, qırılmış sümüklərlə, qanlı knyaz hekayələri ilə dolu bir həyat yaşadı. İçki isə bu həyatın fon musiqisi idi. Viski, qan və mürəkkəb Heminqueyin həyatını yazan üç tərkib hissə idi. Heminquey üçün içki, sadəcə əyləncə deyildi. Bu, ölümə qarşı sonuncu silah idi. O, içərək yaşadı, içərək sevişdi, içərək ovladı, içərək yazdı. Amma bu içkilər onu da yavaş-yavaş içirdi.
Onun dostları, onun hər gün sərxoş gəzməsinə artıq təəccüblənmirdi. O, həyatı içməyə başlamışdı. Onun üçün sərxoşluq artıq bir vərdiş deyil, bir tale olmuşdu. O, səhərlər içirdi ki, həyatın oyanışını hiss etməsin. Axşamlar içirdi ki, gecənin boşluğunu hiss etməsin.
Sonunda, içki də onu qurtara bilmədi. O, viskinin acılığına dözdü, amma həyatın acılığına dözə bilmədi. Bir gün, ov tüfəngini aldı, çənəsinə dayadı və atəş açdı. O, içməyə davam edə bilməyəcəyini anladı. Çünki bəzən viski belə həyatın iyrəncliyini unutdurmağa yetmir.
Heminquey təkcə yazıçı deyildi. O, bir həyat fəlsəfəsi idi. O, sərt kişiliyin, döyüşçünün, təbiətin və insan iradəsinin simvolu idi. Amma o, həm də göstərdi ki, hətta ən sərt kişilər belə içkinin içində boğula bilərlər.
Onun həyatı, viski stəkanına damlayan mürəkkəb kimi idi. Hər qurtumda bir cümlə, hər cümlədə bir həyat, hər həyatda bir faciə...
O, içdi. O, yazdı. O, öldü. Amma onun içkili ruhu hələ də qaldı, bir viski şüşəsində, bir dəniz kənarında, bir ov tüfəngində. Və ən çox da onun yazılarında. Sərt, çılpaq və həmişə bir az sərxoş.
Və bir də bu şəxslərlərlə yanaşı həyatı sözlərlə yox, məhz rənglərlə ifadə edən şəxsiyyət var. Vinsent Van Qoq. Gecənin zülmətində, ulduzlar sanki əriyərək göydən Van Qoqun badəsinə süzülürdü. O, şərabı dodaqlarına aparır, başını arxaya əyir, qaranlıq göylərin qızıl rəngdə titrədiyini görürdü. İçdiyi yalnız şərab deyildi. O, kainatı içirdi, rəngləri içirdi, ağrını içirdi. Həyatın dözülməz parıltısını, qaranlıqdan doğulan gözəlliyi fırçasına hopdururdu.
Absint onun damarlarında qanı əvəz edirdi, fırçası sərxoş bir qılınc kimi kətanı yarırdı. Onun tabloları sərxoş şüurun yuxusuydu. Həddindən artıq parlaq, həddindən artıq yanğılı, həddindən artıq canlı. Sanki dünya həqiqətən də o cür görünürdü, amma ayıq insanların gözləri bunu görə bilmirdi. Van Qoq sərxoş olanda həqiqəti daha açıq görürdü.
"Mənim bir az həddindən artıq içdiyimi deyirlər, amma bəlkə də dünyanı ayıq olanlardan daha aydın görürəm."
Sanki onun fırçası danışırdı.
O, içirdi, çünki bu dünyada bir az da olsa rəng görmək istəyirdi. İçirdi, çünki ruhundakı fırtınaları cilovlamaq üçün başqa çarə yox idi. İçirdi, çünki dünya çox darıxdırıcı, insanlar çox soyuq, günlər isə çox uzun idi. Van Qoq rənglərə, fırçaya və şəraba sarılmasaydı, bu həyat ona bir qəbir olacaqdı.
Bir gecə həddindən artıq sərxoş oldu və qulağını kəsdi. Bu, yalnız içkinin təsiri deyildi. Bu, ağrının, həyatın, keçmişin və gələcəyin, ümidin və ümidsizliyin qopmuş parçası idi. O, içirdi, çünki kəsilmək istəmirdi, yox olmaq istəmirdi. Amma dünya çox qəddar idi.
Və Van Qoq o dünyadan getdi. O öldü, amma onun fırçası sağ qaldı. Onun sərxoş dünyası bizim ayıq gözlərimizə əbədi qapı açdı. İndi biz Van Qoqun gördüyü o titrəyən ulduzları görə bilirik.
İndi biz də bir az içib, onun çəkdiyi səmanı izləyirik.
İçki... Kimi məhv edir, kimi ölümsüz edir. Dostoyevskini reallıqla barışdırdı, Ömər Xəyyama həyatın əsl mahiyyətini pıçıldadı. Bukovskini küçələrin qaranlıq poeziyasına bağladı, Heminqueyi tüfəngin lüləsinə apardı. Əliağa Vahid içib qəzəl yazdı, Kefli İsgəndər içib qara talehinə güldü. Van Qoq isə içdi və dünyanı çəkdi. Sərxoş gözlərlə, amma ölümsüz fırçayla.
Bəlkə də içki, sadəcə bir içki deyil. O, bəzi ruhları məhv edir, bəzilərini isə dahi edir. Bəlkə də sərxoşluq sadəcə aludəlik deyil, bəlkə də bu dünyaya dözə bilmək üçün bir üsuldur. Bəlkə də, həqiqi həqiqət ancaq sərxoş gözlərlə görünür.
Kim bilir? Bəlkə də, bu dünya həqiqətən də çox qəribədir. Yalnız sərxoşlar onu belə görür.
Bəlkə də, bütün sərxoşların içində Xəyyamın bir qədəhi var. O qədəh ki, insanı bir anlıq bu dünya adlı absurd teatrın tamaşaçısına yox, aktyoruna çevirir. Xəyyam üçün içki, həyatın faniliyini dərk etmək idi. O bilirdi ki, zaman bizi unutmaq üçün gəlib. Ona görə də o, unutmadan yaşamağı seçdi. O, içirdi, çünki həqiqəti dərk edirdi. İnsan gəldi, gedir, amma şərab qalır.
Dostoyevski isə başqa bir həqiqətin sərxoşu idi. İnsanın öz içindəki qaranlıq. O bilirdi ki, içki bəzən insana öz aynasını göstərir, bəzən isə o aynanı qırır. "Yeraltından Qeydlər" yazan adam, yeraltına enmədən o zülməti hiss edə bilməzdi. O, içirdi, çünki insanın özündən qaçışının mümkün olmadığını bilirdi. Çünki insan öz ruhunun zindanında məhkumdur.
Bukovski isə başqa cür içirdi. O, cəmiyyətin saxta nizamına gülürdü. İçki onun üçün bütün mənasızlıqların ortasında yeganə səmimi şey idi. O bilirdi ki, dünya səhnəsində hamı rol oynayır. Bəzi adamlar dürüst, bəzi adamlar yalançıdır, amma sərxoş bir insan həmişə həqiqəti deyir. O, içirdi ki, özünün və dünyanın ciddiyyətini məhv etsin.
Əliağa Vahid isə qədəhi dodaqlarına gətirəndə, Bakı küçələrində unudulmuş bir kədər dolaşırdı. Onun qəzəllərində içki, qəm içində qərq olmuş bir ürəyin ahı idi. Dünya onu başa düşmədi, amma o, dünyanı içki dolu bir qədəhlə anlaya bildi. Onun içkisi, cəmiyyətin vəfasızlığına bir cavab idi. Dostlar satır, sevdiklərimiz uzaqlaşır, zaman heç kəsi gözləmir, amma şərab həmişə eyni dadı verir.
Kefli İsgəndər... O, sadəcə sərxoş deyildi, o, sərxoşluğun fəlsəfəsini yaratmışdı. Onun üçün içki, ağıllı adamların dəlilik sığınacağı idi. O, içirdi, çünki ayıq adamlar həmişə eyni səhvləri təkrarlayırdılar. Onun sərxoşluğu, ayıqlardan daha hikmətli idi.
Van Qoq... Bu dünya üçün çox həssas, çox dəlisov, çox ağrılı bir adam. O, sərxoşluğun ən təhlükəli formasını yaşayırdı. Həyatın sərxoşluğu. İçki onun üçün ağrının bir dərmanı idi, amma eyni zamanda, o ağrını daha da dərinləşdirirdi. Rənglər onun qədəhi, fırçası onun sərxoşluğu idi. Amma o da bilirdi ki, heç nə onu içindəki uçurumdan qurtara bilməzdi.
Və indi Harun da o qədəhi dodaqlarına aparır. Bütün o adların kölgəsi onun qədəhində əks olunur. Xəyyamın faniliyi, Dostoyevskinin qaranlığı, Bukovskinin nihilizmi, Vahidin ahı, İsgəndərin sərxoş hikməti, Van Qoqun fırtınalı ruhu hamısı bir qədəh içində qarışır.
Harun içir, çünki bəzən içmək unutmaq üçün deyil, xatırlamaq üçündür. İçmək, həyatın absurdluğunu qəbul etməkdir. İçmək, bəzən özünü tapmaq, bəzən isə itirməkdir. O, içir, çünki bəzi həqiqətlər ayıq başla dözülməzdir. Və bəlkə də, bütün bu sərxoşlar kimi, o da bilir ki, həyat bəzən sərxoşluq olmadan yaşanmayacaq qədər ciddidir.
Bəzən insan özünü bir zindan kimi hiss edir. Dörd tərəfi görünməz divarlarla çevrilmiş, içində isə susmaq bilməyən xatirələr. Harun üçün içki, bəlkə də, bu divarların bir az da olsa çat verməsidir. O, içir, çünki içində susmayan səsləri boğmaq istəyir. İçir, çünki həyatın əslində çox qarmaqarışıq, insanın isə bu xaosda bəzən sadəcə bir qonaq olduğunu hiss edir.
İçmək sadəcə içmək deyil. Bu, bəzən bir üsyan, bəzən bir etiraf, bəzən isə sadəcə yorğun bir ruhun qısa fasiləsidir. İnsan içəndə bəzi şeylər daha aydın görünür. Sanki həyat bir kinofilm kimi canlanır, amma bu dəfə rejissor sən özünsən. Hər qədəh keçmişə bir pəncərə açır, hər qurtum, ağrını bir az daha hiss etdirir. Bəzən içki insanı sərxoş etmir, əksinə, ayıldır.
Harun içir, çünki bəzi şeylər yaddaşdan silinmir. Çünki keçmişin kölgələri insanı tərk etmir. Bəzən gecənin qaranlığında, hər kəs yatanda, insanın içindəki sükut qışqırmağa başlayır. Onda bir qədəh dolur, qədəhlə bərabər xatirələr də dolur. Qədəh dodaqlara qalxır, və keçmiş bir anlıq geri qayıdır. Kiminsə gülüşü, kiminsə səsi, kiminsə gözlərində əks olunan həyat.
Bəlkə də, Harun içir, çünki insan həmişə keçmişi içir. İçki, sadəcə bir içki deyil. O, zamandır. O, insana keçmişi bir daha yaşamağa icazə verir. O, bir anlıq olsa da, insanı o itirilmiş günlərə, o itirilmiş insanlara qaytarır.
Bəzən içmək, heç nə hiss etməmək üçündür. Çünki bəzən hisslər insana dözülməz olur. Harun bilir ki, həyat yalnız gözəl xatirələrdən ibarət deyil. Sevmək qədər, itirmək də var. Yaşamaq qədər, yorulmaq da var. Bəzən insan, içindəki səs-küydən bezir, sükuta ehtiyac duyur. Onda bir qədəh, bəlkə də, susdurucu rolunu oynayır.
O, içir, çünki bəzən sözlər kifayət etmir. Dünya çox ağır olur, amma insan tək başına onu qaldıra bilmir. Onda bir az içmək, bu yükü bir anlıq da olsa yüngülləşdirir. İçki, bəzən həqiqətdən qaçmaqdır, bəzən isə həqiqəti qəbul etməkdir. Harun üçün bu, nə məğlubiyyətdir, nə də zəiflik. Bu, sadəcə insanın bəzən özünə icazə verməsidir. Bir az unutmaq, bir az xatırlamaq, bir az yaşamaq.
Bəlkə də, sərxoşluq, gerçəkliyə dözə bilməyənlərin sığınacaq yeridir. Bəlkə də, Harun içir, çünki bu dünya bəzən çox real, çox amansız və çox ağırdır. Və bəlkə də, hər qədəh, bu həqiqətə qarşı qaldırılmış bir üsyandır. Sükut içində qışqırmaqdır.
Harun içir, çünki bəzən içmək unutmaq üçün deyil, xatırlamaq üçündür. O, qədəhi dodaqlarına aparanda içindəki bütün səslər susur. Amma elə həmin an, ən dərin səslər danışmağa başlayır. Şərab dil açır, amma onun söylədikləri həmişə şirin olmur. Bəzən bu, keçmişin ağrısını qulağına pıçıldayan bir yalançıdır, bəzən isə içində illərlə basdırdığı həqiqətləri çılpaq şəkildə üzünə çırpan bir aynadır. İnsan içəndə özü ilə tək qalır, amma eyni zamanda, özü ilə qarşılaşmaqdan qorxur.
Harun içir, çünki bəzən ayıqlıq, reallığın boğucu sükutudur. Ayıq insan hər şeyi görür, hər şeyi hiss edir, hər şeyi anlayır və bu anlayışın ağırlığı altında çökür. İnsan ayıq başla gördükləri qarşısında ya mübarizə aparır, ya da boyun əyir. Amma sərxoş adam nə döyüşmək məcburiyyətindədir, nə də təslim olmaq. O, sadəcə axına buraxır özünü. İçki, Harun üçün sadəcə bir vərdiş deyil. Bir fəlsəfədir. Bəzi insanlar üçün içki zəiflikdir, amma bəziləri üçün həyatın dözülməz ciddiyyətinə qarşı üsyandır.
O içir, çünki hər qurtum keçmişdən bir hissə gətirir. Bir qədəh içində yaşanmış bütün sevinclər, məyusluqlar, xatirələr həll olunur. İçərkən bəzən keçmişi yenidən yaşayır, bəzən gələcəyi görməzlikdən gəlir. İçki, yaddaşı silmir, əksinə, bəzi şeyləri daha da aydınlaşdırır. Şərabın dadı dilində yox, ruhunda hiss olunur. İçən insan sadəcə qədəhi boşaltmır, eyni zamanda, ruhundakı ağırlığı da içəri axıdır. Amma bu, həmişə azadlıq gətirmir. Bəzən daha dərin bir zəncirlənmədir.
Harun içir, çünki bəzi həqiqətlər ayıq başla daş kimi ağırdır. İnsan bəzi şeyləri başa düşəndə daha xoşbəxt olmur. Əksinə, bu dərk ona daha böyük bir yük, daha böyük bir tənhalıq gətirir. İçki, bəzi qapıları açır, bəzi yolları bağlayır. Harun içir, çünki ayıqkən insanların yalanlarını, cəmiyyətin ikiüzlülüyünü, həyatın absurdluğunu görmək çox ağrılıdır. İçki isə bəzən bu absurdluğu qəbul etməyə kömək edir. O içir, çünki bəzi hisslər içkidən güclüdür, bəzi xatirələr içkidən sərxoş edir.
O içir, çünki bəzən dünya bir az dağınıq göründükdə, insan onu daha yaxşı anlaya bilir. İçki, reallığı təhrif etmir. Bəzən onu daha aydın göstərir. Amma bu aydınlıq həmişə xoş olmur. Hər qurtumda bir şeyi daha çox anlayır. Sevginin müvəqqəti olduğunu, dostluqların köhnəldiyini, sözlərin heç vaxt tam olaraq həqiqəti ifadə etmədiyini. İnsan ayıq başla yaşaya bilmir, çünki həqiqət, dözülməz dərəcədə ağırdır.
Bəlkə də Harun içir, çünki həyat bəzən sərxoşluq olmadan yaşanmayacaq qədər ciddidir. Çünki bəzən bir qədəh içində bütün keçmişin ağırlığı, bütün gələcəyin qeyri-müəyyənliyi, bütün bu dünyanın anlaşılmazlığı həll olunur. Və bəlkə də o, içir ki, bütün bu yükü bir anlıq unuda bilsin ya da ən azından, onunla barışa bilsin..
O, çoxdandı içmirdi. Taa ki, Günəşinin qarşısına buludlar keçənədək.
“Ədəbiyyat və incəsənət”
(25.03.2025)
ŞAGİRD YARADICILIĞI – Cəlilabad məktəblisi Səma Əliyevanın essesi
“Ədəbiyyat və incəsənət” portalının Şagird yaradıcılığı rubrikasında bu gün sizlərlə Cəlilabad rayon Göytəpə şəhər Vasif Hüseynov adına 2 nömrəli tam orta məktəbin 10a sinif şagirdi Səma Əliyevanı görüşdürürük. Səma ümummilli lider Heydər Əliyev barədə esse yazıb. Əminik ki, xoşunuza gələcək.
Təqdim edir: Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Bəşəriyyət tarixində iz buraxan şəxsiyyətlər, xalqın həyatında böyük rol oynayan və ehtiram qazanan insanlardır. Azərbaycan dövlətinin qurucusu, ölkəmizin müstəqilliyi və inkişafı uğrunda həm daxili, həm də beynəlxalq arenada yorulmadan fəaliyyət göstərən Ulu Öndər Heydər Əliyev bu cür şəxsiyyətlərdən biridir. Onun irsi və yaratdığı siyasi məktəb bu gün də davam etdirilir.
Heydər Əliyev qüdrətli dövlət başçısı, uzaqgörən siyasətçi, vətənpərvər və ensiklopedik zəka sahibi idi. Azərbaycanın çiçəklənməsi və inkişafı naminə müdriklik nümayiş etdirmiş, ölkəmizi ağır vəziyyətlərdən çıxararaq güclü və sabit dövlətə çevirmişdir.
Heydər Əliyevin Psixoloji Xüsusiyyətləri və Siyasətində Tətbiqi
Heydər Əliyevin liderlik qabiliyyətini daha da önə çıxaran onun psixoloji xüsusiyyətləri idi. Onun qeyri-adi yaddaşı, yüksək intellekti, emosional sabitliyi və fiziki gərginliyə davam gətirmək bacarığı, liderlik fəaliyyətini daha da gücləndirirdi. Xüsusilə, nitqi onun maarifçi və inandırıcı lider olmasının əsas nümunəsidir.
Heydər Əliyev bilirdi ki, dövlətin güclənməsi, xalqın psixoloji rifahının yaxşılaşdırılması ilə sıx bağlıdır. Onun həyata keçirdiyi islahatlar, iqtisadi inkişaf və sosial rifah strategiyası insanlarda gələcəyə inam yaratmışdır.
Heydər Əliyev Siyasətindən Konkret Nümunələr:
1. 1993-cü il hakimiyyətə qayıdışı:
Azərbaycanın ağır siyasi və iqtisadi böhran yaşadığı dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə sabitliyi və təhlükəsizliyi təmin etdi. Bu, onun xalqın psixoloji vəziyyətini stabilləşdirmək üçün atdığı ilk mühüm addım idi.
2. "Əsrin müqaviləsi" (1994):
Neft strategiyasını uğurla həyata keçirərək Azərbaycanın iqtisadi gücünü artırdı. Bu, həm ölkənin beynəlxalq arenada nüfuzunu artırdı, həm də xalqın sosial rifahını yüksəltdi.
3. Milli Ordu quruculuğu:
Heydər Əliyevin ordu quruculuğu siyasəti, xalqın təhlükəsizlik və müdafiə qabiliyyətinə inamını artırdı. Bu siyasət, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əsasını qoydu.
4. Gənclər siyasəti və təhsil islahatları:
Ulu Öndər gənclərin psixoloji rifahına və intellektual inkişafına xüsusi diqqət yetirirdi. Onun təşəbbüsü ilə minlərlə gənc xarici ölkələrdə təhsil aldı və bu gün Azərbaycan dövlətinə xidmət edir.
Son olaraq:
Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlamı onun xalqına və vətəninə olan sonsuz sevgisinin sübutudur. Onun uzaqgörən siyasəti və psixoloji liderlik bacarığı, Azərbaycanın bu günkü uğurlarının əsasını təşkil edir.
44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər də məhz Heydər Əliyevin yaratdığı güclü dövlətin və vətənpərvər ordunun nəticəsidir. Ali Baş Komandan İlham Əliyevin "Mən ata vəsiyyətini yerinə yetirdiyim üçün xoşbəxtəm" sözləri, Ulu Öndərin hələ sağlığında gələcək qələbəmizi necə uzaqgörənliklə planlaşdırdığını bir daha sübut etdi.
“Ədəbiyyat və incəsənət”
(25.03.2025)
Cəmi 48 ilə sığan bitməyən bir ömür
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
Ötən gün nəinki Azərbaycan xalqının, bütün türk dünyasının sevimlisi, qürur mənbəyi olan Qənirə Paşayevanın doğum günüydü, 50 yaşını onsuz keçirdik.
O, 24 mart 1975-ci ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur. Qənirə Paşayeva Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. Biz onu öncə jurmalist, sonra millət vəkili, ictimai xadim kimi tanıyıb sevdik.
Yaşadığı şərəf dolu 48 il ərzində Qənirə Paşayevanın bu ölkə üçün göstərdiyi müstəsna xidmətlər bu gündə hamımızın yaddaşındadır. Özəlliklə canlı yayımda erməni deputatının sözün əsl mənasında payını verməsi videosu bu gün də bütün sosial şəbəkələrdə izlənmə rekordları qırmaqdadır.
Qənirə Paşayeva nəinki ölkədə, işgüzar səfərlərlə bağlı getdiyi bütün ölkələrdə böyük rəğbət və sevgi ilə qarşılanırdı. ALLAH sevdiyi qulları bu dünyadan tez aparır deyirlər. Yəqin ki, Qənirə xanım Paşayeva da ALLAHIN sevdiyi qullarından olduğu üçün bu dünyadan tez getdi.
2023-cü ilin sentyabr ayında mənşəyi bilinməyən hipotonik vəziyyət diaqnozu ilə xəstəxanaya yerləşdirilən Qənirə Paşayeva yerləşdirildiyi Mərkəzi Klinik Xəstəxanada həkimlərin səyinə baxmayaraq sentyabrın 28-də vəfat etdi. Sentyabrın 29-da isə İkinci Fəxri Xiyabanda dəfn olundu.
Dünən yağışlı gün olmasına baxmayaraq onu ziyarət edənlərin, sinədaşına tər güllər düzənlərin sayı-hesabı yox idi.
Bu həyatda hər insan bir cana borcludur. Bir gün gələn bir gün gedəcəkdir. ALLAH bütün dünyadan köçənlərimizə rəhmət eləsin!
“Ədəbiyyatvə incəsənət”
(25.03.2025)