
Super User
Bir övladın, atanın, həyat yoldaşının və vətəndaşın monoloqu - ESSE
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Mən övladam...
Öz valideynlərim üçün oğulam. Dünyanın min bir cinayətini işləmiş də olsam, üstündən on illər keçsə, dərim qırışıb, saçlarım ağarsa da, mən yenə də onların gözündə donmuş zamanda qalan bir uşağam. Onların mənəvi borcunu illər ötsə də heç bir maddi ödəmə ilə qaytara bilmərəm.
Mən atayam...
Övlad sahibiyəm. Hər gün gözlərini saatın əqrəbinə dikən, gəliş saatımı səbirsizliklə gözləyən, qapı döyüləndə "atam gəldi" deyib sevinc içində qapıya qaçan bir övladın atasıyam. Adi bir xəstəliyə dözümüm olmasa da, onun gözündə dünyanın ən məğlubedilməz qəhrəmanıyam. Mənim üçün ən üzücü hal bəzən ona məcburiyyətdən danışdığım yalanları həqiqət kimi qəbul etməsidir. Məsələn, mağazada bəyəndiyi bir əşyanı cibimə uyğun olmadığından ala bilmədikdə "o yaxşı deyil, keyfiyyətsizdir, zərərlidir, başqa bir şey seç alaq" deməyimdir.
Hər gün iş saatının bitməsini, yolda işıqforların qırmızı işığının rəqəmlərini saymağım, evə tələsib onu görmək istəyimdən irəli gəlir. Nə qədər dərdli, nə qədər mənəvi yorğun olsam da, onun bir saf gülüşü, bircə sarılması bütün hər şeyi bir andaca unutdurur.
Bəzi zamanlar evə tərəddüdlə getməli oluram. Bilərək zaman gecikdirirəm, çünki gün ərzində onlarla sual cavablandırmağıma rəğmən, "ata, mənə nə almısan?" sualı qarşısında aciz qalmaq məni çox məyus edir.
Mənim üçün ən önəmlisi övladımın gələcəyidir. Onun daim xoşbəxt və uğurlu olmasını istəyirəm. Bunun üçün də əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.
Mən bir həyat yoldaşıyam...
Uzunluğunu bilmədiyim bir ömür yolunda, mənimlə yoldaşlıq edən bir insana layiqli həyat yoldaşı olmağa çalışıram. Daim sevgimizə sadiq qalır, onu əsən küləklərdən, sərt fırtınalardan qoruyan bir keşikçi kimi yanında dayanıram. Bu sevgiyə yeni doğulmuş körpə kimi həssas yanaşıb diqqətli davranıram. Ailə ilə bağlı hər hansı bir məsələdə addım atmadan öncə qarşılıqlı fikir mübadiləsi aparır, sonra qərar verirəm.
Biz bu məsuliyyətli həyat yoluna birgə qədəm qoymuşuq. Ruhumun yorğunluğu yalnız onun bir təbəssümündə, ümid dolu baxışlarında təskinlik tapa bilir.
Mən bir vətəndaşam...
Vətəndaş olaraq öhdəliklərimi, vəzifələrimi, hüquq və azadlıqlarımı gözəl bilirəm. Vətənimin həqiqətən bir parçası olmaq üçün əlimdən gələni əsirgəmirəm. Onun bir dırnağına, bir telinə zərər gəlməsini istəmirəm. Mən onu bölgələrə bölmürəm; mənim üçün onun hər qarışı, bir ovuc torpağı belə doğmadır, əzizdir. Əgər bir gün düşmən bu torpağa göz dikərsə, yatmaq üçün övlada, yoldaşa yastıq olan sinəm düşmən üçün sipər, yıxılana kömək üçün uzadılan əlimsə səngərdə düşmənə tuşlanmış silahın tətikçisinə çevrilər.
“Ədəbiyyat və incəsənət”
(26.03.2025)
Gülüş klubunda Bakı bolşevikləri
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Bakıda Bolşevik inqilabı olur, fəhlə-kəndli hökuməti qurulur.
Qırmızı komissar kepkası əlində tribunaya çıxıb Bakı zəhmətkeşlərinə deyir:
-Biz kommunizmə doğru gedəcəyik. Kommunizmdə cəmi 2 saat işləyəcəksiz.
Bu zaman Dərdayıl zəhmətkeşlərin arasından qışqıraraq soruşur:
-Bəs nahar fəsiləsi nə qədər olacaq?
2.
Artıq yanıb kül olmusansa, “yanğın” deyə çığırmağının nə faydası var, insan?
3.
Kişi olmaq qadın olmaqdan dəfələrlə yaxşıdır. 5-6 kişiylə yatan arvad fahişə adlanır, amma 5-6 arvadla yatan kişisə Sultan!
4.
Mərhum şair Əli Kərim ən bəxtsiz şairdir. Çünki harda onun adıyla bağlı bir tədbir keçirmək istəyirlərsə yerli icra hakimləri təlaşlanıb icazə vermirlər.
Gəl indi bunları başa sal ki, ay dadi-bidad, vallah bu Əli Kərimin o Əli Kərimliyə heç bir aidiyyatı yoxdur.
5.
Əziz gənclər!
Əgər siz toyunuzda möhtəşəm atəşfəşanlıq istəyirsinizsə, onda toyunuzu noyabrın 8-nə - Zəfər gününə salın!
@sərtyel
“Ədəbiyyat və incəsənət”
(26.03.2025)
BİRİ İKİSİNDƏ - Fərqanə Səfərlinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün şeir vaxtıdır. Sizlərə Fərqanə Səfərlinin şeirləri təqdim edilir.
GƏLİRƏM
Yerin pis əməlindən
Üşüyürəm, İlahi -
Göydə bir ocaq qala,
Qızınmağa gəlirəm.
Çiynimdəki hörüklər
Mələklərə yol açıb -
Dəftərimi bilməkçün
Arınmağa gəlirəm.
Qaranlıq peşimandı,
Qardaş bilib işığı -
Kəfənin iç üzünə
Sarınmağa gəlirəm.
Biz uçmaq vərdişini
Doğuluşdan itirdik -
Bir kəpənək belində
Barınmağa gəlirəm.
YENƏ
Yenə durna qatarı,
Yenə sazaq bir hava.
Yenə könlüm yön alır
O isti uzaqlara...
Yenə gün batımını
gözləyir qamış səsi,
Bir də həsrət qoxuyan
Kədərimin naləsi...
Yenə günəş gedəcək
Öz doğma ocağına.
Yenə düşər qaranlıq
Yerin kor bucağına.
Yenə...
Yenə burda mən,
Bir də azğın ümidlər -
Həm məni, həm özünü
Xəyallara kilidlər.
SEVGİ VALSI
Gəl, rəqs edək səninlə,
Mələklər savab yazsın
Çiynimizdə ritmlə...
Gəl, üzümüz ölümə
Dözək hər bir zülmə.
Zaman şərə qarışsın,
Gecənin işıqları
Gözümüzdən alışsın...
Tərləsin əllərimiz
Valsın şən notlarında.
Büdrəsin ayağımız
Zər qırçınlı donumda.
Cismim ağırlıq etsin,
Sol qoluna əksimi -
Oynayaq sənin ilə
Ölümsüzlük rəqsini.
“Ədəbiyyat və incəsənət”
(26.03.2025)
Sündü Məscidi – Şamaxının Tarixi İbadət Ocağı
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycanın zəngin dini və memarlıq irsinin ən dəyərli nümunələrindən biri olan Sündü Məscidi Şamaxı rayonunun Sündü kəndində yerləşir. Bu qədim məscid, yalnız ibadət yeri olaraq deyil, həm də tarix və mədəniyyətin, keçmişin canlı şahidi kimi böyük əhəmiyyət kəsb edir.
Yolumu oradan saldım və sizlər üçün də bu reportajı hazırladım.
Şamaxı – qədim tarixə malik bu yurdun başı çox bəlalar çəkib. Erkən əsrlərdə müxtəlif işğalçı orduların bura yürüşü, dağıdıcı zəlzələlər, ötən əsrdə erməni talanları bu yurdu vuran qoyub, tarixi abidələrini məhv edib. Günümüzə gəlib çıxan çox az artefaktlar var ki, söz açaçağım məscid də onlardan biridir.
Sündü Məscidi erkən İslam dövrünün nadir memarlıq nümunələrindən biri olaraq, Azərbaycan İslam tarixinin ilkin mərhələlərini əks etdirir. Məscidin tarixi, onun inşa tarixi ilə bağlı müxtəlif nəzəriyyələr və memarlıq xüsusiyyətləri bu abidənin əhəmiyyətini daha da artırır.
Sündü Məscidinin inşa tarixi ilə bağlı müxtəlif mənbələrdə fərqli məlumatlar yer alır. Bəzi tarixçilər və mənbələr, 920-ci ili Əbu Tahirin dövrünü işarə edərək, məscidin həmin dövrdə inşa edildiyini bildirirlər. Bu dövr, İslamın Azərbaycan ərazisində geniş yayıldığı və dini abidələrin artdığı bir zaman kəsiyinə təsadüf edir. Digər bir nəzəriyyəyə görə, Sündü Məscidi 743-cü ildə, ərəblərin Azərbaycana yürüşü zamanı tikilib. Bu fikir, onun İslamın ilk yayıldığı dövrlərə aid edildiyini göstərir və həmin dövrün dini və mədəni izlərini daşıyan abidələrdən biri olduğunu sübut edir.
Məscidin inşa olunmasında əsas məqsəd, bölgədə İslamın yayılmasını sürətləndirmək və yerli əhalinin dini tələbatını qarşılamaq olub. Həmin dövrdə ərəb xilafətinin ərazisi genişləndikcə, bölgədə yeni məscidlərin və dini mərkəzlərin inşa edilməsi ehtiyacı yaranıb. Sündü Məscidi də bu ehtiyacları ödəmək məqsədilə tikilib və bölgə əhalisinə dini ibadətlərini yerinə yetirmək üçün xidmət edib.
Sündü Məscidi, erkən İslam memarlığının əlamətdar nümunələrindən biri olaraq diqqət çəkir. Məscidin memarlıq xüsusiyyətləri dövrün tikinti üslubunu əks etdirir və həmin dövrün mədəniyyətini təcəssüm etdirir. Məscidin inşasında istifadə olunan materiallar və tikinti üsulları, onun uzunmüddətli və möhkəm qalmasını təmin edib.
Material və Tikinti Üsulu
Məscidin inşasında əsasən yerli təbii daşlardan istifadə olunub. Bu, onun dözümlülüyünü artırıb və əsrlər boyu mövcudluğunu qorumağa kömək edib. Eyni zamanda, təbii daşların istifadəsi, tikilinin harmoniyasını və mühitə uyğunluğunu təmin etmişdir. Mühüm memarlıq xüsusiyyətlərindən biri də, daşların necə incə işlənməsi və mükəmməl birləşdirilməsidir. Bu, o dövrün inşaatçılarının yüksək bacarığını göstərir.
Minarənin Olmaması
Məscidin minarəsinin olmaması onun erkən İslam dövrünə aid olmasının əlamətlərindən biridir. O dövrdəminarələrin olmaması ümumi memarlıq ənənəsi idi və azan adətən məscidin damından və ya yaxınlıqda yerləşən hündür bir yerdən verilirdi. Minarə olmaması, məscidin sadəlik və təvazökarlıq prinsipini əks etdirir.
Qalın Divarlar və Müdafiə
Funksiyası:
Məscidin qalın divarları onun yalnız ibadət yeri kimi deyil, həm də müəyyən bir müdafiə funksiyasını da yerinə yetirdiyini göstərir. O dövrün müharibəli şəraitində kəndlər və məscidlər tez-tez düşmən hücumlarına məruz qalırdı. Bu səbəbdən, məscidlərin möhkəm və müdafiəyə uyğun inşa edilməsi vacib idi.
İşıqlandırma Sistemi:
Məscidin daxili mühiti, kiçik pəncərələr vasitəsilə işıqlandırılır. Bu pəncərələr, məscidin daxilinə təbii işığın girməsinə imkan verir və ibadətə uyğun rahat bir mühit yaradır. Günəş işığı, məscidin içindəki qapalı məkanlara yayılaraq ibadət edən şəxslər üçün sükunət və tənhalıq atmosferi yaradır.
Sündü Məscidinin daxili quruluşu sadə, lakin funksionaldır. İbadət edənlər üçün ən əlverişli şəraitin yaradılması, həmçinin səsin düzgün yayılması üçün mükəmməl bir akustika nəzərə alınıb.
Sündü kəndi Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biridir. Kəndin tarixi, təkcə bu gün deyil, həm də arxeoloji tədqiqatlarla ortaya çıxarılan faktlarla təsdiqlənir. Kəndin əsrlər boyu Azərbaycanın dini və mədəni həyatında mühüm yer tutduğunu göstərən bir çox tapıntılar mövcuddur. Sündü Məscidi də bu qədim kəndin bir hissəsi olaraq, həm dini, həm də tarixi cəhətdən böyük əhəmiyyət kəsb edir.
Şamaxı, həmçinin Azərbaycanın İslam tarixi baxımından mühüm bir şəhər olmuşdur. Burada bir çox məscid və dini abidə inşa olunub. Sündü Məscidi, bu bölgənin dini-mədəni irsinin vacib bir hissəsi olaraq, Şamaxının tarixi əhəmiyyətini daha da artırır.
Sündü Məscidi zaman-zaman müxtəlif tarixi hadisələrin və dəyişikliklərin təsirinə məruz qalıb. Məscidin ilkin görünüşü müxtəlif dövrlərdə təmir və bərpa olunub, hər bir bərpa mərhələsi məscidin orijinal memarlıq xüsusiyyətlərini qorumağa çalışıb.
Şirvanşahlar dövründə:
Məscidin divarlarında yaranan çatlar və digər zədələr təmir edilib və məscidin ilkin görünüşü qorunub saxlayıb. Bu dövr, Azərbaycan memarlığında klassik dövrün başlandığı bir mərhələdir.
Sovet dövrü:
Sovet hakimiyyəti illərində məscid, digər dini abidələr kimi, uzun müddət fəaliyyətini dayandırıb və baxımsız vəziyyətə düşüb. Bu dövrdə məscid, həm də dini təhsil və ibadət mərkəzi olaraq fəaliyyətini dayandırıb.
Müstəqillik Dövrü:
Azərbaycanın müstəqillik qazandıqdan sonra, məscid əsaslı şəkildə bərpa edilib və ibadət üçün yenidən açılıb. Azərbaycan dövləti, tarixi və mədəni abidələrin qorunmasına böyük diqqət yetirib və Sündü Məscidi bu siyasətin ən gözəl nümunələrindən biridir.
Məscidin bərpa olunmasında məqsəd, yalnız onun fiziki vəziyyətinin yaxşılaşdırılması deyil, həm də yerli əhalinin dini-mədəni irsə sahib çıxmasına, bu irsi qorumağa və gələcək nəsillərə çatdırmağa kömək etməkdir.
Sündü Məscidi, Azərbaycanın İslam mədəniyyəti və memarlığı üçün mühüm bir əhəmiyyət daşıyır. Onun:
-Tarixi abidə kimi qorunması,
-İslamın Azərbaycanda yayılmasında oynadığı rol,
-Memarlıq xüsusiyyətləri baxımından unikal olması,
-Erkən İslam dövrünün tikinti ənənələrini əks etdirməsi - məscidi dəyərli bir tarixi və dini abidəyə çevirir.
Bu məscid, yalnız Azərbaycan xalqının dini irsinin bir hissəsi deyil, həm də onun tarixinin, mədəniyyətinin və memarlığının bir parçasıdır. O, əsrlər boyu Azərbaycanın İslamla təmas dövrünü və həmin dövrün dini həyatını təsvir edir.
Sündü Məscidi, Azərbaycanın ən qədim dini və memarlıq irsinin vacib nümunələrindən biridir. Onun inşa tarixi, memarlıq üslubu və İslam mədəniyyətindəki rolu onu dəyərli bir tarixi abidəyə çevirir. Uzun əsrlər boyu mövcudluğunu qoruyan bu məscid bu gün də fəaliyyətini davam etdirir və ibadət üçün açıqdır.
O Azərbaycanın İslamla ilk təmas dövrlərini və mədəniyyətinin yaranışını əks etdirən mühüm maddi-mədəni irs nümunəsidir. Sündü Məscidi, həm də Azərbaycanın dini və mədəni müxtəlifliyinin simvolu olaraq, xalqımızın zəngin mədəni irsini gələcək nəsillərə ötürməkdə davam edir.
Tarixi əhəmiyyət kəsb edən bütün mədəniyyət abidələrimizi qorumaq hər kəsin müqədddəs borcudur!
“Ədəbiyyat və incəsənət”
(26.03.2025)
“Yuxu mənim gəncliyim imiş” – ƏDƏBİ ETÜD
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
İmran müəllimin dərsi idi. Tələbələr bu dərsə xüsusilə hazırlaşardılar. Hələ ilk gündən özünü gənclərə sevdirməyi bacarmışdı. Onun dərsləri sadəcə nəzəriyyədən ibarət deyildi. Düşündürürdü, suallar yaradırdı. Və tələbələr dərsin necə bitdiyini duymazdılar.
Yenicə dərsə başlamışdı ki, birdən qapı açıldı. Dekan içəri daxil oldu. Tələbələrlə salamlaşdıqdan sonra onlara müraciətlə dedi:
- Bu gün dərsə başlamazdan əvvəl sizinlə kiçik bir ekspress sorğu keçirmək istəyirəm. Bildiyiniz kimi, bu gün Ümumdünya yuxu gümüdür. Sizcə, yuxu nədir? Zəhmət olmasa, hər kəs qısa şəkildə öz fikrini bildirsin.
Sinifdə bir anlıq səssizlik oldu. Sonra tələbələrdən biri dedi:
- Yuxu ruhumuzun bizi tərk edib başqa aləmə səyahət etməsidir.
Başqa bir tələbə fikri davam etdirdi:
- Məncə, yuxu bir filmdir. O, bizə həm istədiyimiz, həm də istəmədiyimiz rolları oynadır. Bəzən baş qəhrəmanı oluruq, bəzən də özümüzü tapa bilmirik...
Digər bir tələbə isə belə dedi:
- Bəlkə də yaşadığımız həyatın özü yuxudan ibarətdir.
Növbə ilə hər kəs öz fikrini müxtəlif şəkildə bildirdi. Sonda isə mən danışdım:
- Yuxu bəzən olmasını istədiyimiz, bəzən də olmasını istəmədiyimiz şeyləri bizə göstərir. Yuxu, sanki ruhumuzun gecə yatarkən yazdığı hekayədir. Bu hekayə bəzən bir nağıl kimi xoşbəxt hiss etdirər, bəzən də bir kabus kimi qorxu və narahatlıq gətirər. O, bizə həm keçmişin izlərini xatırladar, həm də gələcəkdən xəbər gətirər.
Dekan bizim fikirlərimizə diqqətlə qulaq asdı. Gülümsəyərək dedi:
- Hər biriniz maraqlı fikirlər səsləndirdiniz. Hər kəsin öz şəxsi təcrübəsinə görə fikir səsləndirə bilməsi məni çox sevindirdi. Təşəkkür edirəm.
Qeyd dəftərçəsini götürüb sinifi tərk etdi. Biz isə hələ də sualın sehrindən çıxa bilmirdik. Həmin an nəzərlərim yenidən dərsə başlamağa hazırlaşan İmran müəllimə sataşdı. Ağlımdan keçən ilk sualı vermək istədim:
- Bəs sizcə, müəllim, yuxu nədir? Hansı mənanı daşıyır?
Sinifdə hər kəs çevrilib mənə baxdı. İmran müəllim də üzünü mən tərəfə çevirib təəccüblə gözlərini üzümə zillədi. Bir anlıq sükut oldu. İndi hər kəs İmran müəllimə baxaraq nə cavab verəcəyini gözləyirdi.
İmran müəllim bir qədər səssiz qaldıqdan sonra gülümsəyərək dedi:
- Yuxu mənim gəncliyim imiş...
Hamı çaşqınlıqla bir-birinə baxdı. Kimsə belə bir cavab gözləmirdi. Bu cümlənin arxasında dərin mənalar gizlənirdi. Ancaq biz bunu anlaya bilmirdik. Bu sözlərin yükü onun dərin baxışlarında, illərin iz saldığı alnının qırışlarında gizlənmişdi. Heç kim bir söz deməyə cəsarət etmədi. İmran müəllim səssizliyin uzun müddət davam edəcəyini düşünərək xəfif bir gülümsəmə ilə dərsə davam etdi.
Məni isə dərs boyu yalnız bir sual düşündürürdü: “Görəsən, bizim gəncliyimiz də bir gün yuxuya çevriləcəkmi?!
“Ədəbiyyat və incəsənət”
(26.03.2025)
TƏLƏBƏ YARADICILIĞI – Fərasət Babazadə, “Silinməz iz”
“Ədəbiyyat və incəsənət” portalı Tələbə yaradıcılığı rubrikasında bu gün sizlərə debütü olduqca uğurlu alınmış, kifayət qədər oxucu rəğbətini qazanmış tələbə xanımın – Fərasət Babazadənin “Silinməz iz” adlanan hekayəsini təqdim edəcək. Fərasət Babazadə Naxçıvan Dövlət Universitetində filologiya ixtisası üzrə təhsil alır.
FƏRASƏT BABAZADƏ, “SİLİNMƏZ İZ”
Günəşin ilk zəif şüaları pəncərədən süzülərək otağı solğun bir işıqla doldururdu. Gənc oğlan gözlərini açıb tavana baxdı. Bir neçə saniyə hər şey donmuş kimi göründü. Sonra yavaş-yavaş qalxıb masaya tərəf yönəldi. Orada, masa lampasının işığında solğun bir parıltı ilə görünən qələm dayanmışdı.
Bu qələm ona yadigar qalmışdı, kiçik, lakin dərin izlərindən biri kimi. Oğlan qələmi əlinə aldı, onun sərin səthini barmaqlarında hiss etdi. Beynində bir sual titrədi: Götürüm, ya buraxım? Əgər buraxsa, sanki həmin insanı bir daha geridə qoymuş olacaqdı. Əgər götürsə, xatirə həmişə onunla olacaqdı.
İçində qəribə bir qorxu hissi oyandı. Xatirələr daşımaq üçün deyildimi? İnsan onsuz da keçmişindən qopa bilmir. O zaman niyə bu qələmi buraxmalıydı?
Bir anlıq tərəddüddən sonra qələmi cibinə qoydu. O, sadəcə bir qələm deyildi, keçmişin səsini özündə daşıyan kiçik bir əşya idi. Qapını örtüb çölə çıxarkən sanki daha güclü hiss edirdi özünü. Xatirə onu boğmurdu, əksinə, addımlarına yüngüllük qatırdı.
Dəhlizdə addımlayarkən kənarda duran şagirdlərin səsi qulaqlarında uğuldayırdı. Sinifdən çıxanda üzündə nə bir ifadə, nə də bir maraq vardı. Həmişəki kimi, yorucu, sonsuz bir gün daha başa çatırdı.
Oğlan pilləkənləri enərkən başını azacıq aşağı saldı, çantasının ağırlığını çiynində hiss etdi.
“Bu da bitdi,” – öz-özünə düşündü. “Hər gün eyni şey. Eyni sinif. Eyni üzlər. Eyni sıxıcı dərslər. Sabah yenə eyni olacaq.”
Bir anlıq duruxdu. Sanki içində bir boşluq var idi və o, nəyisə tapmağa çalışırdı. Birdən çantasına nəzər saldı. Açıb içinə baxdı. Qələm orada idi.
Barmaqları qələmin üstündə dayandı. Gün ərzində onu tamamilə unutmuşdu. Amma indi, bu yorucu günün sonunda o qələm sanki ona nəsə xatırladırdı. “Bəlkə də hər şey tam eyni deyil,” – düşündü. “Axı bu gün mənimlə bir xatirə vardı.”
Gülümsəmədən, amma qəribə bir sakitliklə çantanı bağladı və yoluna davam etdi.
Ev sakit idi. Pəncərədən bayıra baxdı, hava artıq qaralırdı. Sinif yoldaşlarının gülüşləri hələ də qulaqlarında cingildəyirdi. Hər kəsin üzündə eyni ifadə – istehza. Sanki özünü yox, başqasını görürdü – yerdə yıxılmış, utanc içində titrəyən bir oğlan. Ayağa qalxanda nə qədər tez çıxıb getmək istəsə də, o baxışlar yaddaşına həkk olunmuşdu.
Soyuq tər hələ də bədənindən çəkilməmişdi. Paltosunu bir kənara atıb çantasını açdı ki, dərslərinə başlasın, heç olmasa, beynini yayındırsın. Və birdən… boşluq. Qələmi yox idi.
O an içində qəribə bir boşluq yarandı. İlk anda inanmadı. Çantanı tələsik qarışdırdı, dəftərlərini kənara çəkdi, kitablarının arasına baxdı. Yox idi. Yadigar qələmi yox idi.
Bir anlıq nəfəsi dayandı. Beynində səhərki an canlandı – qələmi götürüb cibinə qoymuşdu. Sonra onu çantasına qoymuşdu. Bəs sonra? Axı bütün gün orada idi! Amma… yıxılanda?
Əlləri titrədi. Deməli, təkcə utanc hissi yox, bir də itki vardı bu günün sonunda. Sinif yoldaşlarının gülüşü, pilləkəndəki o an, qələm… hamısı bir yerə toplaşaraq içinə ağır bir yük kimi çökürdü.
Başını divara söykədi, gözlərini yumdu. Sabah məktəbə necə gedəcəyini bilmirdi. Amma bir şeyi bilirdi – qələmi tapmalı idi. O, sadəcə bir qələm deyildi. O, keçmişin son izi idi.
Günlər keçirdi, amma o an hələ də təzə idi. Hər səhər məktəbə gedəndə sanki sinif yoldaşlarının baxışları hələ də pilləkəndə qaldığı yerdəydi. Onlar güldükcə içindəki boşluq böyüyürdü. O, sadəcə qələmini tapmaq istəyirdi. Dərslər bir-bir keçirdi, uşaqlar eyni şeylərdən danışırdı, gülürdü, qışqırırdı. Amma onun üçün bu səslər uzaqdan gələn bir uğultu idi. Baxışları daim yerləri yoxlayırdı, hər küncü, hər masanın altını, dəhlizdəki hər bir taxta parçasını süzürdü. Pilləkənlərin yanına yaxınlaşanda ürəyi bir az da sıxılırdı. Elə bil, qələm orada bir yerdə olmalı idi, amma yox idi.
Bəzən dərsdən sonra hamı çıxıb gedəndə tək qalırdı. Sükut çökəndə o, ehtiyatla partaların arasından keçib axtarmağa davam edirdi. Amma boş yerə. Sanki qələm heç vaxt olmayıbmış kimi qeyb olmuşdu.
Bir gün, yenə eyni şeylərin təkrarlandığı bir gün arxadan gülüş səsləri eşidildi. Arxaya dönüb soruşdu.
– Nəyə gülürsüz? Bu qədər əyləncəli olan nədir?
Qız ondan qabağındakı dəfdərçəsinə baxmaq istədiyini bildirdi. Oğlan dəftərini qıza uzatdı, amma fikri başqa yerdə idi. Səslər ona sanki uzaqdan gəlirdi. Sinif yoldaşları gülüş içində danışırdı, zarafat edirdi. Dünənki gəzinti… Onun heç xəbəri yox idi.
– Sən gəlməmişdin? – kimsə soruşdu.
Başını sakitcə buladı. O an içində qəribə bir hiss oyandı. Çox vaxt belə şeylərə fikir vermirdi. Həmişə kitablarının arasında itirirdi özünü, ya da sadəcə, “Gələ bilmərəm” deyib uzaqlaşırdı. Amma indi, nədənsə, yad qalmış kimi hiss etdi özünü.
– Onsuz da bizimlə danışmırsan, – biri dedi. – Ya kitab oxuyursan, ya da gəlmirsən. Ona görə də sənə heç demədik.
Bir anlıq sinifdəki səslər susdu. Oğlan özünə tərəf yönələn baxışları hiss edirdi. Amma ən çox hiss etdiyi şey içindəki qəribə boşluq idi.
Bəli, belə idi. Heç vaxt bir yerə getmirdi. Onlardan uzaqda dayanırdı. Öz dünyasında, kitablarında, fikirlərində yaşayırdı. Amma indi bu uzaqlıq nədənsə bir az sıxdı onu. Heç kim ona qarşı pis bir şey deməmişdi. Heç kim onu kənara atmırdı. Sadəcə, o özü özünü ayırmışdı.
Düşündü: Mən həmişə belə idim. İndi niyə pis oluram?...
MƏN
Tələsik çantamı yığıb sinifdən çıxdım. Ayaqlarım yerə toxunduqca içimdə qəribə bir ağırlıq hiss edirdim. Arxadan kimsə adımı çağırdı, amma fikir vermədim. Səs uzaqdan gələn bir uğultu kimi qulağıma çatsa da, davam etdim. Sadəcə yoluma baxdım. Heç nəyə, heç kimə baxmadan.
Evə çatanda çantanı açdım. Dərsliklərimi, dəftərlərimi bir-bir çıxaranda birdən dayanıb nəfəsimi tutdum. Dəftərçəm yox idi. Məktəbdə qalmışdı…
Bir anlıq içimdə qəribə bir narahatlıq yarandı. Axı o, sadəcə dərs qeydləri üçün deyildi. Orada şəxsi fikirlərim, heç kimlə bölüşmədiyim düşüncələrim vardı. Kimsə onu açıb oxusa?..
Bu fikir beynimdə dövrə vurdu. Dəftərçənin indi harada olduğunu, kimin əlinə keçdiyini bilmirdim. Amma bildiyim bir şey vardı – onu tapmalı idim. Və sabah məktəbə getmək üçün tək bir səbəbim var idi.
Sabah oldu. Məktəbə gedən yol hər zamankından daha uzun, daha yorucu görünürdü. Düşüncələrim bir an da olsun sakitləşmirdi. İçimdə qəribə bir gərginlik vardı. Sinfə girən kimi ilk işim sinif yoldaşıma yaxınlaşmaq oldu.
– Dəftərçəmi görmüsən? – soruşdum.
O, bir anlıq fikirləşib dedi:
– Sən gedəndə səni çağırdım, amma artıq çıxmışdın. Mən də partanın üstünə qoydum. Deyəsən, heç kim oxumayıb… amma dəqiq bilmirəm.
Ürəyim daha da sürətlə döyünməyə başladı. Deyəsən… Amma bəs, ya oxuyan olubsa? Axı orada elə şeylər var idi ki, heç kim bilməməliydi.
Son bir neçə gündə nələr baş verdiyini düşündüm. Əvvəl qələm, indi dəftərçə. Bu sadəcə əşyalar deyildi. Xatirələrim idi, düşüncələrim idi, mənim bir parçam idi.
Yenə sıxıcı bir gün keçdi. Dərslər, eyni üzlər, eyni yorğunluq. Heç nəyə marağım yox idi. Evə çatanda anam artıq süfrəni açmışdı, isti yeməklər masanın üzərində idi. Amma içimdə elə bir gərginlik vardı ki, heç nə yemək istəmirdim.
Çantamı bir kənara atıb, yatağa uzandım. Gözlərimi yumub bir anlıq hər şeyi unutmaq istəyirdim. Bəlkə də, yuxu məni bu yorğun düşüncələrdən qurtarardı.
Elə gözlərimi yummuşdum ki, anamın səsi gəldi.
– Gəl yemək ye.
Gözlərimi sıxıb, dərin bir nəfəs aldım. Ayağa qalxmaq istəmirdim. Amma bilirdim ki, getməsəm, suallar bitməyəcək. Məcburən ayağa qalxdım və otaqdan çıxdım.
Mətbəxdən ucadan səslər gəlirdi. Dalaşırdılar. Kim haqlı idi, nə üstündə idi, bilmək belə istəmirdim. Bunlar artıq məni təəccübləndirmirdi. Hər şey əvvəlki kimi idi.
Sakitcə yerimə oturdum, yeməyimi qarışdırmağa başladım. Alışmışdım bu səslərin içində yemək yeməyə. Necə ki, küləyə alışır insan, necə ki, qaranlığa… Eyni idi, dəyişməz idi.
Bir qaşıq aldım, dad yox idi. Bir az duz səpdim, amma yenə fərqi olmadı. Elə bil, yemək boş idi. Sadəcə bir vərdiş kimi yeyirdim. Nə qədər çalışsam da, heç nə dəyişmirdi.
Yarımçıq qoyub qalxdım. Yenə otağıma qayıtdım. Yenə öz dünyama, öz xəyallarıma… Orada heç olmasa, hər şey mənə aid idi.
Bir gün daha belə bitdi. Sabah yenə məktəb yolu, yenə eyni dəhlizlər, eyni üzlər. Deyəsən, bir müəllimlə şagird arasında anlaşılmazlıq olmuşdu. Səs-küy var idi. Amma mənə nə? Onsuz da bunlar hər gün olurdu.
Sinfə daxil olub yerimdə oturdum. Gün necə başlamışdısa, elə də davam edirdi. Amma bu dəfə bir fərq vardı. Müəllim gəlməmişdi, yerinə başqa biri dərsi keçirdi. Çox yaşlı deyildi, orta yaşlı, amma baxışlarında qəribə bir diqqət vardı.
Birdən mənə tərəf dönüb soruşdu:
– Sən nə düşünürsən?
Bir anlıq nə deyəcəyimi bilmədim. Sadəcə üzünə baxdım.
Müəllim bir az da yaxınlaşıb davam etdi:
– Sənin üzündən heç nə oxuya bilmirəm. Donuq baxışların var. Heç nə anlamıram.
Sinifdə sükut yarandı. Sanki hamı bir anlıq nəfəsini tutub bu anı izləyirdi. Mən isə sadəcə baxırdım. Donuq, boş… O, məndən cavab gözləyirdi, amma mənim verəcək heç bir cavabım yox idi.
Dərsə davam etdi. Sanki heç nə olmamış kimi danışırdı, izah edirdi, yazırdı. Amma mənim beynimdə onun dediyi sözlər fırlanırdı.
Dərs bitdi. Uşaqlar çıxmağa hazırlaşanda müəllim adımı çəkdi. Hamı gedəndən sonra mən yerimdə qaldım. O, sakit addımlarla yaxınlaşıb qarşımdakı partaya söykəndi.
– Niyə baxışların belə boşdur? – soruşdu.
Cavab vermədim. O, davam etdi:
– Digər uşaqlara baxanda ən azından bir duyğu qırıntısı görürəm. Kimi dərsə qulaq asır, kimi yatmaq istəyir, kimi sevgilisini düşünür. Amma sən… sənə baxanda gözlərindən heç nə oxuya bilmirəm.
Bu sözlər içimdə nəyisə qırdı. Amma qırılan şey nə idi, özüm də bilmirdim.
Bir neçə saniyə susdum. Sonra gözlərimi yerə dikib sakitcə dedim:
– Hamıdan zəhləm gedir. İnsanlardan.
O, gözlərini çəkmədən məni izləyirdi. Amma artıq heç bir şey demədim. Sadəcə susdum.
Müəllim məndən nəyisə almağa israrcı idi. Baxışlarında qəribə bir səbr və eyni zamanda tələskənlik vardı. Sanki bir cavab gözləyirdi, ya da məndə nəyisə oyatmağa çalışırdı.
Birdən dedi:
– Ananı sev. Bir kitabda oxumuşdum, anasını sevməyən heç kimi sevə bilməz.
Bu sözlər içimdə soyuq bir dalğa kimi yayıldı. Nə deməliydim? Doğrudanmı elə idi?
Cavabsız buraxıb sinifdən çıxdım. Addımlarım dəhlizdə səssizcə əks-səda verirdi.
Evə qədərki tanış yol, tanış küçələr, tanış qapılar… Amma bu dəfə düşüncələrimdə başqa bir şey vardı. Həqiqətən, insan sevməyi ilk anasındanmı öyrənir?
Evə çatana qədər beynimdə eyni suallar fırlanırdı. Amma heç bir cavab tapmırdım.
Evə çatdım, yenə nahar süfrəsi açılmışdı. Hər şey eyni idi. İsti yeməklər, tanış qoxular. Oturub yemək yeməyə başladım. Amma bu dəfə fərqli idi.
Yeməyin dadını hiss edirdim. O istilik... Dilimdə qəribə bir hiss oyatdı. Sanki illərdir unutduğum bir şey yadımda düşürdü.
Yeməyi bitirib ətrafıma baxdım. O, qarşımdakı stulda oturmuşdu. Hər zamankı kimi. Amma bu dəfə ilk dəfə olaraq üzünə diqqətlə baxdım.
Gülümsədim. O da üzümə baxdı. Amma bir şey demədi.
Otağıma qalxdım. Yatağa uzandım. Gözlərimi yumdum. Düşüncələr beynimdə sakitcə əriyirdi. Və yavaş-yavaş yuxu məni apardı.
Birdən diksindim. Qapım bərk-bərk döyülürdü. Sanki qapımı qıracaqdılar.
Ayağa qalxdım, hələ də yarıyuxulu idim. Qapını açdım. Şok olmuşdum. Qarşımda mən dayanmışdım.
Gözlərim qarşımdakının üzünü, duruşunu, baxışlarını incələyirdi. Amma heç nə başa düşə bilmirdim. Əllərində bir parça torba var idi. Heç nə demədən yerə atdı.
Bir anlıq donub qaldım. Sonra əyilib torbanı götürdüm. Əllərim titrəyirdi. Açdım. İçində itirdiklərim vardı.
Ən sevdiyim qələmim. Dəftərçəm. Saatım. Antika qəpiyim. Döş nişanım. Və daha neçə-neçə bir vaxtlar mənə aid olub sonra qeybə çəkilən şeylər. Hamısı torbada idi.
Başımı qaldırıb qarşımdakı özümə baxdım. O, sakit və qərarlı idi. Sanki artıq hər şeyi bilirdi.
Sonra dodaqlarını tərpətdi və bir cümlə dedi:
– Mən əslində sənəm. Hamının sevdiyi sən. İtirdiyin sən.
Hər söz bir daşa çevrilib içimə düşürdü.
– Bəzən elə bir kitab oxuyarsan ki, bitirdikdən sonra əvvəlki insan ola bilməzsən. Və bəzən elə bir şey itirərsən ki, artıq əvvəl sevdiyin qədər həyatı sevə bilməzsən. Sevdiyin şeyləri əvvəl-axır itirəcəksən, – dedi. – Fəqət sonunda sevgi başqa bir surətdə geri dönəcək.
Və o getdi. Mən isə torbanı əlimdə sıxıb qaldım.
“Ədəbiyyat və incəsənət”
(26.03.2025)
Topxana meşəsi - ekoloji soyqırımıdan dirçəlişə
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Topxananın adı tarixi hadisə ilə bağlıdır. 1795-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşanı mühasirəyə aldığı zaman topları bu ərazidə yerləşdirmişdi. Bu səbəbdən də həmin ərazi “Topxana”, meşə isə “Topxana meşəsi” adlanır.
Qədim tarixə malik Topxana meşəsi Şuşanın nadir sərvətlərindən biridir. Şuşa ətrafındakı toprpaqların 20 faizini əhatə edən meşədə palıd, fısdıq, qarağac kimi ağaclar vardı. Subalp və alp çəmənləri göz oxşayardı, dərin dərələrdə bulaqlar qaynayardı. Topxana əsl təbiət möcüzəsi idi. Ayı, canavar, tülkü, dovşan, cüyür və digər heyvanlar, kəklik, turac, göyərçin kimi gözəl quşlar Topxananın qoynuna sığınmışdılar.
Şükürlər olsun ki, artıq Topxana meşəsi yenidən dirçəlir…
37 il öncə hər şey məhz burada başlamışdı. Ermənistanın Azərbaycana qarşı ilk açıq hərbi və ekoloji təcavüzü 1988-ci ilin noyabrında Şuşada yerləşən Topxana meşəsinin yandırılması ilə gerçəkləşmişdi.
Bu hadisə təkcə bir meşənin taleyi deyildi – bu, Azərbaycanın ərazi bütövlüyünə, təbiətinə və tarixinə qarşı törədilmiş cinayətin başlanğıcı idi. 15 noyabr 1988-ci ildə ermənilər ekoloji soyqırımı həyata keçirərək nadir ağaclarla zəngin bu əzəmətli meşəni yandırdılar, palıd, çinar, vələs ağaclarını məhv etdilər. Bunun ardınca isə Azərbaycan torpaqlarına qarşı daha böyük qəsdlərin baş verəcəyi məlum oldu.
Lakin xalq bu vəhşiliyə səssiz qalmadı. 17 noyabr 1988-ci ildə Topxana meşəsinin məhv edilməsinə etiraz olaraq Azərbaycan xalqı Bakının Azadlıq meydanında bir araya gəldi. Bu mitinq təkcə bir ekoloji fəlakətə deyil, eyni zamanda erməni vandalizminə və sovet hakimiyyətinin biganəliyinə etiraz səsi idi. Həmin gün tariximizə Milli Dirçəliş Günü kimi yazıldı.
İllərlə düşmən işğalı altında qalan Şuşa, nəhayət, 2020-ci ilin Vətən müharibəsində azad edildi. Və bu gün Azərbaycan dövləti həmin əfsanəvi Topxana meşəsini bərpa etməyə başlayıb. Təbiətin öz qanunauyğunluğu var – o, zamanla yenidən canlanır. Dövlətimizin gördüyü ekoloji layihələr isə bu prosesə sürət qazandırır.
Topxana meşəsi təkcə coğrafi məkan yox, bir xatirələr silsiləsidir. Bu meşənin adını eşidəndə çoxlarının zehnində Şuşanın kəklikotu qoxulu havası, Cıdır düzünün ucsuz-bucaqsız mənzərəsi, Xəznə qayasının sirli görüntüsü canlanır. Şuşanın dolama yolları, Ağdamdan gələn səfərlər, bir vaxtlar çəkilən şəkillər – bütün bunlar bir şəhərlə və onun ətrafındakı təbiətlə də bağlıdır.
Bu gün biz Topxananı qoruyuruq, ona yeni həyat veririk. Şuşa yenidən doğulur, Topxana yenidən yaşıllaşır və biz əminik ki, bu müqəddəs torpaqlar həmişəlik Azərbaycan təbiətinin və mədəniyyətinin incisi olaraq qalacaq.
Və şübhəsiz ki, Topxana meşəsi və Şuşa artıq xatirələr yox, həyatımızın canlı bir parçası olaraq yenidən bizimdir.
“Ədəbiyyat və incəsənət”
(26.03.2025)
PORTAL AKADEMİYASINDA - Toni Şey. «Xoşbəxtlik gətirərək. Sıfırdan milyardadək»
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Təbiidir ki, illərdir bir çox müəlliflər uğur qazanmağın yollarını göstərmək niyyəti güdən kitablar yazıblar. Onların içində adı dünyalarca məşhurlaşanlar, ən tanınmış motivasiya spikeri adını alanlar da var, yazdıqlarını bestseller səviyyəsinə daşıya bilməsələr belə, kütləvi oxucu qazanmaq şərəfinə nail olanlar da var, heç bir iz qoya bilməyərək yazdıqlarının makulaturaya çevrilməsiylə barışanlar da var.
Əlbəttə ki, mən öz tədqiqatım boyunca ən çox səs-küy qoparan «uğurqazanma bestsellerlərinə» toxunacağam. Oxuculara oxunması məsləhət görülən bu bestsellerlərin əsas müddəalarını göstərəcək, tezislərini qabardacağam.
İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luğa nəzər yetirməyi davam etdirək.
Toni Şey. «Xoşbəxtlik gətirərək. Sıfırdan milyardadək».
Öncə sadaladığım 5 kitabdan fərqli olaraq bu kitab konkret əhvalatlardan bəhs edir. Yəqin ki, Zappos adlı kompaniyanın adını eşitmisiniz. Son dövrün ən gənc milyardçısı, amerikalı Toni Şey bu kitaba topladığı əhvalatlarda öz avtobioqrafiyasını qeyd edir, doqquz yaşından biznesə necə başlamasını, Zappos-u necə qurmasını açıqlayır, bu kompaniyanın öz əməkdaşlarına firavanlıq, müştərilərə isə bol rahatçılıq gətirməsi sirlərini açır, kompaniyasının fəaliyyəti dövründəki inanılmaz uğurları (təkcə birini qeyd edim: 1998-ci ildə onun yaratdığı LinkExchange adlı banner mübadiləsi şəbəkəsini Microsoft 265 milyon dollara satın alıb), eləcə də səhvləri, kuryoz hadisələri göstərir. Toni Şey bu kitabında həm də müasir dövrdə kompaniyaların qurulması, fəaliyyəti, möhkəm biznesin qurulması qayda-qanunlarını şərh edir.
Toni Şeyin xoşbəxtlik anlayışı isə baxın belədir: «Mən həyatımın ən xoşbəxt anlarının siyahısını tutdum və başa düşdüm ki, bu anların heç biri pulla bağlı deyil. Mən dərk etdim ki, özümü ətrafıma komanda toplayanda, qurub yaradanda xoşbəxt saymışam. Səhər ertəyədək dostlarımla təmasda olanda, onlarla Günəşin doğmasını seyr edəndə xoşbəxt olmuşam. Sinif yoldaşlarımla məktəbdə oyunlar oynayanda özümü xoşbəxt hiss etmişəm, sirkəyə qoyulmuş xiyar yeyəndə özümü xoşbəxt hiss etmişəm».
Bəli, bəli! Məhz belə!
“Ədəbiyyatvə incəsənət”
(26.03.2025)
Seçmə şeirlər – SƏMƏD VURĞUN, “ALA GÖZLƏR ”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
SƏMƏD VURĞUN
“ALA GÖZLƏR”
Yenə qılıncını çəkdi üstümə,
Qurbanı olduğum o ala gözlər.
Yenə cəllad olub durdu qəsdimə,
Qələm qaş altında piyala gözlər.
Başımdan getmişdi sevdanın qəmi,
Xəyalım gəzirdi bütün aləmi.
Bu dustaq könlümü, deyin, yenəmi
Çəkdiniz sorğuya, suala, gözlər?
Sevda yolçusuyam əzəl yaşımdan,
Könlüm ayrı gəzir can sirdaşımdan;
Dağıdır huşumu, alır başımdan
Süzülüb gedəndə xəyala gözlər.
Gərdənin minadır, boyun tamaşa,
Ay da həsəd çəkir o qələm qaşa.
Bir cüt ulduz kimi verib baş-başa,
Yanıb şölə salır camala gözlər.
Mənim sevgilimdir o gözəl pəri,
Qoy üzə vurmasın keçən günləri.
Mən qədirbilənəm əzəldən bəri,
Sizinlə yetmişəm kamala, gözlər.
Cahanda hər hökmü bir zaman verir,
Dünən dövran sürən bu gün can verir.
İllər xəstəsiyəm, yaram qan verir,
Siz məni saldınız bu hala, gözlər.
“Ədəbiyyat və incəsənət”
(26.03.2025)
Qədim türklərin yemək adətləri
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə Türk xalqlarının mətbəxi layihəsində bu gün sizlərə Qədim türklərin yemək adətləri barədə söz açacağıq.
Qədim türklərin yemək adətləri onların köçəri və yarımköçəri həyat tərzi, iqlim şəraiti və inancları ilə sıx bağlı idi. Onların əsas qida mənbələri heyvandarlıq və ovçuluqdan gəlirdi. Türklər əsasən qoyun, at, mal əti yeyir, süd məhsullarından geniş istifadə edirdilər.
Əsas qidalar:
1. Ət Yeməkləri
• Qədim türklər üçün ət əsas qida mənbələrindən biri idi. Xüsusilə qoyun və at əti çox yeyilirdi.
• At əti həm qida, həm də dini və mərasim yeməyi kimi önəm daşıyırdı.
• Əti qurudaraq (qaxac) uzun müddət saxlamaq ənənəsi vardı, bu da köçəri həyat tərzi üçün əlverişli idi.
2. Süd və süd məhsulları
• Türklər süddən müxtəlif qidalar hazırlayırdılar: qımız (at südündən fermentləşdirilmiş içki), ayran, qatıq, pendir və kərə yağı çox yayılmışdı.
• Xüsusilə qımız qədim türklərin müqəddəs içkilərindən sayılırdı və döyüşçülər üçün enerji mənbəyi idi.
3. Taxıl və un məmulatları
• Qədim türklər buğda, arpa və darı kimi taxıllardan istifadə edirdilər.
• Yufka (nazik çörək) və müxtəlif xəmir yeməkləri hazırlanırdı.
• Un və taxıldan tarxan adlı quru yemək düzəldilir və bu, uzun səfərlər zamanı qida ehtiyatı kimi daşınırdı.
4. Ovçuluq və təbii məhsullar
• Ovçuluq da mühüm yer tuturdu; maral, cüyür, dovşan və quş əti yeyilirdi.
• Türklər dağlıq və çöl ərazilərdə yabanı meyvə, giləmeyvə, qoz və fındıq da toplayırdılar.
5. Yemək mədəniyyəti və inamlar
• Qədim türklərdə yemək süfrəsi böyük əhəmiyyət kəsb edirdi. Ailə və qəbilə üzvləri birlikdə süfrəyə otururdular.
• Yeməyi böyükdən kiçiyə doğru paylamaq hörmət əlaməti idi.
• Türklər yeməyə başlamazdan əvvəl Göy Tanrıya və əcdad ruhlarına dua edirdilər.
• Qurban kəsmək və ətini toplu şəkildə paylaşmaq mühüm dini adət idi.
Müasir Türk mətbəxinə təsiri
Bu ənənələr əsrlər boyunca qorunaraq müasir türk mətbəxinə təsir etmişdir. Bu gün də qımız, qovurma, pendir növləri, qurut (quru qatıq) kimi yeməklər Orta Asiya, Anadolu və digər türk xalqları arasında yayılmışdır.
Qədim türklərdən miras qalan bu qida mədəniyyəti onların həyat tərzi, inancları və birliyini əks etdirən vacib elementlərdən biri idi.
“Ədəbiyyat və incəsənət”
(26.03.2025)