Super User

Super User

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Azərbaycanda həqiqətən də nəğməkar şairlər var. Günümüzdə bu, Baba Vəziroğludur. İllər öncə isə Dəmir Gədəbəyli var idi, ən məşhur bəstəkarlar onun 300-ə qədər sözünə mahnı bəstələmişdilər və bu mahnılar tanınmış müğənnilərin ifasında səslənməkdəydi, elə indi də səslənir.

 

Dəmir Gədəbəyli (Qasımov) 1939-cu il mart ayının 27-də Gədəbəy rayonunun Ataxal kəndində müəllim ailəsində dünyaya göz açmışdır - şəxsiyyət vəsiqəsində doğum günü 27 mart olaraq qeyd edilib, ancaq deyilənə görə, martın 9-da doğulub.

Orta təhsilini Böyük Qaramurad məktəbində almış, sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1961-ci ildə ADU-ni bitirmiş, elə həmin ildən 1991-ci ilə qədər, 30 il Azərbaycan Dövlət Televiziya və Radio verlişləri komitəsində müxtəlif vəzifələrdə çalışmışdır.

 "20 yanvar" qəzetinin baş redaktoru olmuşdur.

Müstəqillik dövründə müxtəlif Universitetlərdə dərs demişdir (ABU, "Odlar Yurdu" ,"Təfəkkür").

Ədəbi yaradıcılığına gəlincə, 60-cı illərdən şeirləri çap olunmağa başlayıb. 1972-ci ildən SSRİ Jurnalistlər İttifaqının, 1981-ci ildən Azərbaycan Yazıçılar İttifaqının, 1988-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur.

1975-ci ildə görkəmli alim Mir Cəlal Paşayevin rəhbərliyi ilə "Azərbaycan poeziyasında qoşma" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1989-cu ildə isə "Azərbaycan dastanlarının poetikası" adlı doktorluq dissertasiyasını müdafiə edib.

Türkiyənin "Zaman" qəzetinin Bakı üzrə təmsilçisi olmuşdur.

50-dən çox kitabı çap olunub. Demək olar ki, çap olunmamış 60 kitablıq poema, dram və şeirləri var.

Onun şeirləri alman, ingilis, rus, yunan, rumın, çex, bolqar, macar və s. dillərə tərcümə edilmişdir.

 

Kitabları:

1. Sınaqlar. 1961

2. Baba ocağı

3. Daşlar, gözlər, məhəbbət.

4. Ayrılığın əlində

5. Abdaloğlu

6. Qeyrət qalası

7. Ellərin əziz qızı

8. Xatirələrdə yaşayan illər

9. Xalqın Heydər babası

10. XX əsrin Nyutonu

11. Tuğ harayı

12. Türk qızı

13. Atatürkün əsgəri

 

Dəmir Gədəbəyli 6 may 2019-cu ildə vəfat etmişdir.

Allah rəhmət eləsin!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2025)

 

 

Həsənzadə Nigar, “Ədəbiyyat və incəsənət”

 

 

Azərbaycan teatr və kino sənətinin göy üzündə parlayan kəhkəşanlarından biri də Ələsgər Ələkbərov idi. O, özünün möhtəşəm aktyorluq istedadı ilə səhnənin sehrini yaratdı, kinoda isə yaddaşlara həkk olunan obrazlarla bir epoxa qurdu. Onun səsi, baxışları, hərəkətləri – hamısı tamaşaçının qəlbinə nüfuz edən sehrli bir harmoniya idi.

 

Səhnəyə açılan bir tale

 

1910-cu ilin yazında Bakıda dünyaya göz açan Ələsgər Ələkbərov elə o andan sənətə yazılmışdı. Çünki o, yalnız yaşamaq üçün deyil, səhnədə ruhunu ifadə etmək üçün doğulmuşdu. Azərbaycan Dövlət Teatr Məktəbində aldığı təhsil onun istedadını cilaladı, ruhunu isə səhnə alovlandırdı.

Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətə başlayan Ələsgər Ələkbərov teatr aləminin əfsanəsinə çevrildi. Otello rolunda yanğılı bir eşqin, qısqanclığın və faciənin çalarlarını elə oynayırdı ki, tamaşaçılar özlərini bu hekayənin içində hiss edirdilər. Vaqif, Knyaz, Kərəm, Koroğlu kimi rollarında isə o, səhnəni yalnız ifası ilə doldurmur, eyni zamanda tamaşaçıya canlı bir tarix, hisslərin iç dünyasını yaşadırdı.

Kino dünyasında da Ələkbərovun sehrli nəfəsi duyulurdu. Rüstəm bəy kimi tamaşaçını həm güldürüb, həm düşündürən, Koroğlu kimi ədalət uğrunda döyüşən, Şahsuvar kimi bir qəlbin dərdini daşıyan qəhrəmanlar onun sayəsində ölümsüzləşdi.

"O olmasın, bu olsun" filmində Rüstəm bəy obrazı ilə məkrli, lakin bir o qədər də komik bir tiplə bizi güldürdü.

"Koroğlu" filmində isə dağları titrədən nərəsi ilə bir xalqın ümidini, azadlıq istəyini dilə gətirdi.

"Görüş" filmində Şahsuvar rolunda sevginin, vətənə bağlılığın və əsl kişilik nümunəsinin təcəssümü oldu.

Onun kinoda yaratdığı hər obraz bir canlı tarix idi, çünki Ələkbərov sadəcə aktyor deyildi – o, ruhunu hər roluna köçürən bir sənət fədaisi idi.

 

Əbədi səhnənin ölməz ulduzu

 

1963-cü ilin qışı Azərbaycan mədəniyyətinə ağır bir itki gətirdi – Ələsgər Ələkbərov əbədiyyətə qovuşdu. Amma o, nə səhnədən, nə də tamaşaçıların qəlbindən ayrıldı. Çünki həqiqi sənət ölməzdir, həqiqi aktyor isə daim səhnədədir – istər teatr pərdələrinin arxasında, istərsə də filmlərin hər kadrında.

Bugün də onun səsi səhnədə eşidilir, baxışları filmlərdə yaşayır, aktyorluq məktəbi isə yeni nəsillərə örnək olmağa davam edir.

Ələsgər Ələkbərov – sadəcə bir ad deyil, Azərbaycan sənətinin qızıl səhifələrinə yazılan bir dastandır.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2025)

Пятница, 28 Март 2025 08:30

Bu gün Ramazan ayının son cüməsidir

Murad Vəlixanov,  “Ədəbiyyat və İncəsənət”  

 

Bu gün Ramazan bayramı öncəsi sonuncu cümə günüdür. “Xoş günün ömrü az olur”  deyirlər. Həqiqətən də belədi. Bu mübarək bir ay nə tez gəldi keçdi xəbərimiz olmadı. 

 

Sanki Ramazan ayını dünən qarşılamışıq.  Amma bu mübarək aya, orucluğa pəhriz, arıqlamaq bəhanəsi kimi baxanlar da var. Gəlin biraz bu barədə danışaq. 

Orucluq nədir? 

Nə üçün tutulmalıdır? 

Bildiyiniz kimi oruc tutmaq islamın beş əsas şərtindən biridir. Sağlamlığı imkan verən hər bir müsəlmanın oruc tutması vacibdir. 

Oruc tutmaq sadəcə 12 saat ac qalmaq demək deyil. Oruc tutmaq acın halından anlamaqdır. Boşuna hər yemək yeyəndən sonra  “Biz yedik doyduq. Bütün aclar doysun” sözü deyilmir. Bu sözü işlətməyimizə rəğmən ac olanların doyduğundan əminikmi? 

Dünya üzərində milyonlarca silah satılır və müharibələr olur. Hər il 8 milyon silah istehsal olunur. Dünyada doqquz yüz milyondan çox insan acdır. Hər il yetmiş milyon nəfər insan bu rəqəmin üstünə əlavə olunur. Sadecə bir il silah satışı olmasa, müharibələr olmasa dünyada sonsuza qədər ac insan qalmayacaq. 

12 saat ac qalmaqla oruc tutulmur. Önəmli olan qəlbində bəslədiyin əməldi. Gəlin,  sözdə “insan” olmayaq. Ramazan ayı hər zaman var. Amma elə bir an gələcək ki, Ramazan ayı gələndə biz yer üzündə olmayacağıq. Kaş ki, özümüzü müdafiə etdiyimiz anlarda, dinimizin təməlini və insanlığımızı unutmasaydıq. 

 

Qurani-kərim bizim başımızın üstündə yox, başımızın içində, qəlbimizdə və canımızda olmalıdır.

Qədr gecələrində Qurani-kərimi başımızın üstünə qoyuruq ki, bizim bütün təfəkkür, düşüncə və niyyətlərimizin Allahın və Peyğəmbərimizin (s) göstərişləri əsasında olmasının zəruriliyini dərk edək. Bunun ardınca isə Qurani-kərimi açaq və ayələrini ruhumuza, qəlbimizə və canımıza həzm etdirək.

Qurani-kərimi oxuyub əməl etməyənlərdən,  həzm etməyənlərdən olmayaq.

Dostlar, baxın, körpə uşağa bəzən anası yemək yedizdirmək istəyir, amma uşaq yemək istəmir. Ana yeməyi qaşıqla uşağın ağzına qoyur, amma uşaq yeməyi ağzından çıxarır. Qurani-kərimi oxuyub onun ayələrinə əməl etməyən insan da elə həmin uşağa bənzəyir. Ayəni ağzında saxlayır və sonra onu bayıra çıxarır. Heç bir ayə boğazdan aşağı keçmir. Çoxlarımız Qurani-kərimin ayələrini ağzımızda saxlayırıq.

Nə isə. Bu bədbinliklərdən çox danışmayaq. 

Qarşıdan Ramazan bayrmı gəlir. Hər bir müsəlmanın bayramı mübarək! 

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2025)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xəbər verdiyimiz kimi, "Simurq" Mədəniyyət Assosiasiyası Mədəniyyət Nazirliyinin qrantı ilə dəstəklənən "Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı" layihəsini icra etdi, layihə bu mart günlərində yekunlaşdı və həqiqətən də Azərbaycanın mədəni həyatında əsil hadisəyə çevrildi.

 

Layihə çərçivəsində Azərbaycanda Atatürk Mərkəzində baş tutan altıncı - yekun kulturoloji elmi oxunmalarda Azərbaycanın tanınmış kulturoloqları məruzələrlə çıxış etdilər. Benefisiarlar qismində isə alimlər, pedaqoqlar, məmurlar, jurnalistlər, həkimlər, muzey və kitabxana işçiləri, qadın və gənclər QHT-lərin nümayəndələri, tələbələr iştirak edirdilər.

Azərbaycan xalqının milli inkişaf tələbatlarının təhlilinə sistemli kulturoloji yanaşma metodologiyasına əsaslanan layihə Ümummilli lider Heydər Əliyevin tövsiyələri və ölkənin yeni sosial-mədəni inkişaf strategiyası işığında Azərbaycan xalqının ruhi mədəniyyətinin inkişaf etdirilməsinə yönəlib. Layihənin əsas məqsədi Azərbaycan Respublikasının davamlı, rəqabətqabiliyyətli və təhlükəsiz inkişafının bərpa olunan strateji resursu və başlıca hərəkətverici qüvvəsi olan yüksək mədəniyyətli Azərbaycan vətəndaşlarının "istehsalında" dövlətə vətəndaş dəstəyi göstərməkdir. Daimi dəyişikliklər, sivilizasiya böhranı və qloballaşmanın çağırışları şəraitində bu vəzifənin həlli milli inkişaf üçün ölçüyəgəlməz əhəmiyyət daşıyır. 

Layihə çərçivəsində keçirilən ustad dərsi kulturologiya, kulturogenez, mədəniyyət və sivilizasiya, əmək və idarəetmə mədəniyyəti, liderlik mədəniyyəti, hüquqi və etik mədəniyyət, insanlararası və beynəlxalq münasibətlər mədəniyyəti, məsuliyyət mədəniyyəti və s. haqqında universal kulturoloji bilikləri özündə ehtiva edən yüzdən çox rəngli slayddan ibarət təqdimatın nümayişi ilə müşayiət olundu. Təqdimatın altı bölməsində sxemlər, formullar, meyarlar, dəyərlər, metodoloji prinsiplər, o cümlədən "kulturoloji piramida" sistemli innovativ təhlil metodu, xoşbəxtlik, rəqabətqabiliyyətli dövlət, meritokratik tərbiyə və idarəetmə formulları və s. öz əksini tapmışdı. 

Layihənin iştirakçılarına Sülh Mədəniyyəti İnstitutunun (YUNESKO) Elmi Şurası, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət heyəti və "Avropa-Asiya" Beynəlxalq Humanitar Akademiyasının Rəyasət heyəti tərəfindən ali təhsil müəssisələri üçün dərs vəsaiti qismində tövsiyə olunan "Yüksək mədəniyyətli insan" monoqrafiyası paylandı.

Kitabda yer alan universal kulturoloji biliklər məmurlar, alimlər, pedaqoqlar, maarifçilər, jurnalistlər, hüquqşünaslar, həkimlər, diplomatlar, mühəndislər və ixtiraçılar, ədəbiyyat və incəsənət xadimləri üçün, xüsusi istedada malik gənclərin və uşaqların hazırlığı üçün, eləcə də vətəndaşların və yaşlı nəslin nümayəndələrinin özünü təhsili üçün praktiki maraq kəsb edir. Monoqrafiyada açıqlanan özünüidarə mədəniyyətinin xüsusiyyətləri hər bir insana özünü təkmilləşdirməyə və öz həyatını yaxşılaşdırmağa, öz düşüncələrini və hislərini idarə etməyə, çətinlikləri dəf etməyə, sağlamlığını qorumağa və vaxtı rasional şəkildə idarə etməyə kömək etmək üçün nəzərdə tutulmuşdur. Kitabda sistemləşdirilən xarici ölkələrin dövlətçilik və dövlət idarəetmə mədəniyyəti sahəsində təcrübəsi  insan inkişafının mürəkkəb problemlərinin həlli və milli idarəetmənin səmərəliliyinin yüksəldilməsi üçün istifadə oluna bilər. Nəhayət, monoqrafiyanın oxuyucusu orta əsrlərdə yaşamış görkəmli ruhi mədəniyyət yaradıcıları, öz həyat fəaliyyətlərini Azərbaycan xalqının və bütün bəşəriyyətin mədəniyyətinin inkişafına xidmətə həsr etmiş Nizami Gəncəvinin və İmadəddin Nəsiminin kulturoloji portretləri ilə tanış olmaq imkanı əldə edəcək. 

Layihənin üstün cəhətlərindən biri cəmiyyətin ruhi mədəniyyətinin inkişaf səviyyəsini aşkar etmək məqsədilə işlənib hazırlanmış kulturoloji anketlərdir. Azərbaycan xalqının bu günü və gələcəyi xalqın ruhi mədəniyyətinin inkişaf səviyyəsindən çox asılıdır. Əhalinin müxtəlif sosial qruplarının kulturoloji anket sorğusunun keçirilməsi vətəndaşların intellektual və mənəvi mədəniyyət səviyyəsinin qiymətləndirilməsi, mədəni elitaların formalaşdırılması üçün etibarlı, təsdiqlənmiş biliklərin alınması, habelə Azərbaycan Respublikasının sosial-mədəni strategiyasının monitorinqinə və uzaq perspektivdə təkmilləşdirilməsinə istiqamətlənmiş elmi tövsiyələrin işlənib hazırlanması üçün yeni imkanlar açır. 

“Yüksək mədəniyyətli insan” audiokitabının çap edilməsi və yayılması da daxil olmaqla, Azərbaycanın rayonlarında layihənin gələcəkdə həyata keçirilməsi mühüm praktiki əhəmiyyətə malikdir. Layihənin Azərbaycan cəmiyyətində universal kulturoloji biliklərin yayılması ilə bağlı olan əsas kulturoloji ideyaları intellektual mədəniyyətin qabaqlayıcı inkişafı və xalqın icbari kulturoloji təhsili və maarifləndirilməsinin qanunvericilik qaydasında tətbiqi ilə birgə rəqabətqabiliyyətli insan kapitalının inkişafı üçün möhkəm zəmin hazırlaya, ölkənin taleyüklü problemlərinin həlli üçün yeni imkanlar aça bilər.  

Altıncı kulturoloji elmi oxunmaların iştirakçıları, o cümlədən mədəni elitanın və ziyalıların nümayəndələri bəyannamə qəbul etmişlər və dövlət quruculuğu və idarəetmə proseslərində ölkənin milli maraqlarına cavab verən bir sıra elmi tövsiyələrin praktiki cəhətdən reallaşdırılmasına dəstək göstərilməsi xahişi ilə hökumətə müraciət ünvanlamışlar. Onların arasında Azərbaycanda yüksək mədəniyyətli insanların “istehsalının” növbəti onillikdə prioritet milli vəzifəsi elan edilməsi var ki, bu vəzifənin yerinə yetirilməsi Azərbaycan xalqının həyat qabiliyyətinin yüksəldilməsi və milli insan kapitalının inkişafı amili kimi cəmiyyətdə ruhi mədəniyyətin və sistemli kulturoloji təfəkkürün qabaqlayıcı inkişafına təkan verəcəkdir. Mütərəqqi mədəni transformasiyalara istiqamətlənmiş tövsiyələr arasında – kulturologiyanın elm və tədris fənni kimi daha da institusionallaşması, uşaq bağçalarında və məktəblərdə mədəniyyətşünaslığın tədrisə daxil edilməsini, ali təhsil müəssisələrində kulturologiya kafedralarının açılmasını; uşaqlar, gənclər və analar üçün daimi fəaliyyət göstərən kulturoloji maarifləndirmə sisteminin, eləcə də uşaqların meritokratik tərbiyə mədəniyyəti sisteminin yaradılması; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində məqsədyönlü elmi tədqiqatların aparılması və milli ekspert-kulturoloqların hazırlanması üçün zəruri olan Heydər Əliyev adına Kulturologiya Akademiyasının təsis edilməsini; Bakıda daimi fəaliyyət göstərən Beynəlxalq Kulturoloji Elmi Oxunmalar Mərkəzinin yaradılmasını və s. misal göstərmək olar. 

Azərbaycanın innovativ kulturoloji təşəbbüsünə tanınmış alimlər – YUNESKO-nun Sülh Mədəniyyəti İnstitutunun, M.Y. Lomonosov adına MDU-nun Qlobal proseslər fakültəsinin YUNESKO kafedrasının, Pitirim Sorokin Beynəlxalq İnstitutunun, “Sivilizasiyaların dialoqu” Açıq Universitetinin və s. rəhbərləri maraq göstərmiş və onun beynəlxalq səviyyədə həyata keçirilməsinə  hazır olduqlarını nümayiş etdirmişlər. Yüksək mədəniyyətli insanların “istehsal edilməsinin” Azərbaycan modeli “Homo sapiens” insan növündən  – “Homo kulturalis” insan növünə keçid üzrə planet miqyasında layihənin işlənib hazırlanması və həyata keçirilməsi üçün əsas ola bilər. 

Oxunmaların təşkilat komitəsinin ünvanına “Sivilizasiyaların Dialoqu” Açıq Universitetinin, Sülh Mədəniyyəti İnstitutunun (YUNESKO), Rusiya “Xalq təhsili” Forumunun rəhbərlərindən, eləcə də Azərbaycanın xalq şairi, kulturoloq-alim, professor, Beynəlxalq Elmlər Akademiyasının akademiki Nəriman Həsənzadədən, AR-nin Fövqəladə və Səlahiyyətli səfiri Elmira Axundovadan salam və dəstək məktubları daxil olub. 

Azərbaycanın xalq yazıçısı, Fövqəladə və Səlahiyyətli səfiri Elmira Axundovanın, Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərovun, politoloq, “Bakinskiy raboçiy” qəzetinin baş redaktoru Svetlana Bayramovanın, kulturoloq-yaponşünas, BDU-nun müəllimi Əbülfəz Babazadənin, tarix üzrə fəlsəfə doktoru İradə Əlilinin və başqalarının çıxışlarında “Simurq” AMA-nın 35 illik fədakar fəaliyyəti, Fuad Məmmədovun Azərbaycanda yeni elm istiqaməti kimi kulturologiyanın təşəkkülünə və inkişafına verdiyi töhfə yüksək qiymətləndirilmişdir. 

Sülh Mədəniyyəti İnstitutunun (YUNESKO) rektoru, Beynəlxalq Humanitar “Avropa-Asiya” Akademiyasının prezidenti, akademik Engel Tahirov öz salamlama məktubunda Azərbaycan ziyalılarının “Rusiya xalqları, dünya ölkələrinin birliyi tərəfindən fəal şəkildə istifadə olunan” kulturoloji fikrinin nailiyyətlərini yüksək qiymətləndirdi. O, misilsiz poetik dillə Azərbaycan xalqına və onun mədəniyyətinə səmimi sevgisini və hörmətini bəyan etmiş, Bakılıları XXI əsrin yaradıcıları, “Simurq” AMA-nın Birinci Bakı kulturoloji elmi oxunmalarının təşkil edilməsi və keçirilməsi üzrə təşəbbüsünü humanitaristika sahəsində yeni söz, Azərbaycanın gənc nəslinin vətənpərvər-vətəndaş təfəkkürünün formalaşdırılması yönündə praktiki fəaliyyətində yeni addım, zamanın çağırışlarına və təhdidlərinə intellektual cavabın xüsusən dəyərli və tələb olunan forması adlandırdı. Akademik Ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulayaraq, “onun fenomeninin miqyaslı dəyişikliklərə tələbatdan doğulduğunu və ruhi sferada inqilabla müşayiət olunduğunu” qeyd etdi. Məhz Heydər Əliyev “millətin tarixi coşğusunun yalnız və yalnız mədəniyyətlə təmin oluna biləcəyini gözəl başa düşərək, onu ən qiymətli xəzinə, günün tələbi, xalqın ruhu və canı adlandırırdı”. Onun vəsiyyətlərinə uyğun olaraq, insanın nəcibləşdirilməsi, yüksək mədəniyyətli Azərbaycan vətəndaşının formalaşdırılması məqsədi ümummilli ideya qüvvəsi qazanıb. 

Azərbaycanlı kulturoloqların diskussiyalarını və panel müzakirələrini diqqətlə dinləmiş Azərbaycanın xalq yazıçısı Elmira Axundova məmnuniyyətlə qeyd etdi ki, oxunmalar “ümumrespublika əhəmiyyətli hadisə olub, xaricdəki kulturoloqların və intellektual elitanın diqqətini cəlb etmişdir”. 

Elmira xanım oxunmaların nəticələrinin və kulturoloji təhsil və maarifləndirmənin Azərbaycan cəmiyyətinin həyatının bütün sahələrinə sistemli şəkildə tətbiqi üzrə təkliflərin irəli sürüldüyü Bəyannamənin əhəmiyyətini yüksək qiymətləndirdi. “Bu, dövrümüzün çoxdan yetişmiş tələbatıdır, respublikada kulturologiya elminin banisi, tarix elmləri doktoru, “Simurq” Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov bunun əhəmiyyəti barədə danışır. Çox şadam ki, onun ideyaları bu gün ölkəmizin intellektual elitası tərəfindən daha çox dəstək görür”. 

O vurğuladı ki, Bəyannamədə irəli sürülən aktual elmi tövsiyələr Azərbaycanın qanunvericilik və hökumət strukturlarında ciddi şəkildə nəzərdən keçirilməli və müzakirə predmeti olmalıdır ki, “yüksək mədəniyyətli insan” anlayışı vətəndaşlarımızın ümumi mədəniyyət səviyyəsinin və sistemli kulturoloji təfəkkürünün yüksəlməsinə təkan verməklə, nəzəri modeldən sosial-mədəni strategiyaya və canlı praktikaya keçsin. Professor Fuad Məmmədovla bərabər mən də inanıram ki, gələcək “Yüksək mədəniyyətli insanındır”! Gəlin hamımız birlikdə bu gələcəyi yaxınlaşdıraq”. 

Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən ölkənin yeni sosial-mədəni inkişaf strategiyası çərçivəsində “Simurq” AMA-nın keçirdiyi Birinci Bakı kulturoloji elmi oxunmalarına Milli Aviasiya Akademiyasının kafedra müdiri, Azərbaycanın xalq şairi, tanınmış kulturoloq, professor Nəriman Həsənzadə yüksək qiymət verdi. O, “Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı” layihəsini Azərbaycan kulturoloqlarının vətəndaşların intellektual və mənəvi mədəniyyətinin, kulturoloji təfəkkürünün və Azərbaycan xalqının kulturogenezinin inkişafına ciddi töhfəsi, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının ruhi mədəniyyətinin hərtərəfli inkişaf etdirilməsinin zəruriliyi barədə vəsiyyətinin həyata keçirilməsinin ən yaxşı forması adlandırdı. Ağsaqqal vurğuladı ki, Bəyannamədə intellektual mədəniyyətin qabaqlayıcı inkişafı, Azərbaycan cəmiyyətində universal kulturoloji biliklərin yayılması, icbari kulturoloji təhsil və maarifləndirmənin qanunvericilik qaydasında tətbiqi ilə bağlı verilən elmi tövsiyələr zamanın çağırışlarına ən yaxşı cavabdır. Sənəddə yüksək mədəniyyətli vətəndaşların yetişdirilməsi üzrə dəqiq formulə edilmiş postulatlar Azərbaycan cəmiyyətində milli maraqlara cavab verən mütərəqqi kulturoloji dəyişikliklər üçün geniş imkanlar açır. Nəriman Həsənzadə strateji milli resurs kimi Azərbaycanın yüksək mədəniyyətli vətəndaşlarının formalaşdırılmasına və inkişaf etdirilməsinə hədəflənmiş Birinci Bakı kulturoloji elmi oxunmalarının ziyalılarımız, xalqımız və dövlətimiz tərəfindən dəstək görəcəyinə və ölkəmizin bütün regionlarına yayılacağına ümidini ifadə etdi.  

Rusiya Təhsil Akademiyasının akademiki, professor Sühəyl Fərəh öz salamlama məktubunda belə yazır: “19 mart 2025-ci il tarixində yekunlaşan Birinci Bakı kulturoloji elmi oxunmalarının əsas sənədi olan, Azərbaycan ziyalılarının nümayəndələrinin qəbul etdiyi Bəyannamənin mətnini oxuduqda onun dərin intellektual və elmi məzmununu, eləcə də aydın ruhi simasını qeyd etməyə bilmərəm”. “Bəyannamədə mədəniyyətin yalnız müxtəlif nəsillərin maarifləndirilməsi və tərbiyə edilməsi prosesində deyil, həm də müxtəlif elmi fənlər və koqnitiv fəaliyyətdəki rolunun yeni anlayışı verilir, amma heç də az əhəmiyyəti olmayan bir şey də var ki, həmin sənəddə strateji məqsədin – bütün məktəbəqədər, orta və ali təhsil müəssisələrində “Yüksək mədəniyyətli insan” ideyasının reallaşdırılması üçün praktiki yol xəritəsi faktiki olaraq təqdim edilib. Burada strateji vəzifə müəyyən edilib: “Yüksək mədəniyyətli insan” statusunu necə qazanmaq olar ki, o özünü və ailəsini keyfiyyətlə, ahəngdarlıqla və müvəffəqiyətlə idarə etməklə yanaşı, cəmiyyətdə iqtisadi və siyasi proseslərə səmərəli şəkildə rəhbərlik etməyi bacarsın. Nəhayət, ən önəmlisi odur ki, Bəyannamə “Yüksək mədəniyyətli insan” obrazının yayılması  və onun dünyanın bütün ölkələrinin ziyalılarının, elitalarının və müxtəlif sosial təbəqələrinin şüurunda kök salması ilə bağlı konkret plan təklif edir. Bu, layihəyə planetar miqyas qazandırmaqla, bu nəcib humanist işə rəhbərliyi öz üzərinə götürə biləcək BMT və YUNESKO kimi beynəlxalq təşkilatların diqqətini cəlb edəcəkdir.

Azərbaycan Mədəniyyət Assosiasiyasının və Kulturoloqlar Cəmiyyətinin yüksək mədəniyyətli Azərbaycan vətəndaşlarının formalaşdırılmasına və Azərbaycan cəmiyyətinin və dövlətinin mütərəqqi inkişafına yönəlmiş təşəbbüsü Rusiya Federasiyasının “Xalq Təhsili” Forumu tərəfindən yüksək qiymətləndirildi. Forumun rəhbəri Sergey Moroz “Simurq” AMA-nın icbari kulturoloji təhsil və maarifləndirmənin qanunvericilik qaydasında tətbiqi, kulturoloji elmi oxunmaların, ustad dərslərinin, audiokitabların, treninqlərin və uşaqların və gənclərin elmi biliklərinin artırılması və tədrisinin digər formalarının inkişaf etdirilməsi, uşaq bağçalarında və məktəblərdə mədəniyyətşünaslığın tədrisi, ali təhsil müəssisələrində kulturologiya kafedralarının açılması barədə təkliflərini praktiki dəyərə malik kulturoloji innovasiyalar adlandırdı. Məqsədyönlü elmi tədqiqatların həyata keçirilməsi və milli ekspert-kulturoloqların hazırlanması üçün Bakıda Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində Heydər Əliyev adına Kulturologiya Akademiyasının təsis edilməsinin vacibliyi də onun tərəfindən xüsusi vurğulanıb.  

O, qəbul edilən qərarların və işin nəticələrinin kulturoloji ekspertizasının dövlət idarəçilik praktikasına tətbiqi, sosial-siyasi sabitlik, yüksək əmək məhsuldarlığı və vətənpərvərlik amili kimi meritokratik idarəetmə mədəniyyətinin inkişaf etdirilməsi kimi elmi tövsiyələrin də praktiki dəyərini qeyd etdi.  Belə bir layihənin beynəlxalq səviyyədə həyata keçirilməsində iştirak etməyə hazır olduğunu ifadə edən Sergey Moroz bildirdi ki, “Homo sapiens” insan növündən “Homo culturalis” insan növünə keçidi nəzərdə tutan birgə kulturoloji fəaliyyət təkcə milli deyil, həm də planetar əhəmiyyətə malik nəticələr əldə etməyə imkan yaradacaq. 

“Mən bu layihəni, ziyalıların bəyannaməsini, bu elmi tövsiyələri Fuad Məmmədovun 1989-cu ildən etibarən – 35 ildir Azərbaycanda yüksək mədəniyyətin təntənəsi uğrunda apardığı  mübarizədə qələbəsi kimi qiymətləndirirəm” – “Simurq” AMA-nın vitse-prezidenti Svetlana Bayramova belə dedi. Biz hamımız bu mübarizəyə fəal şəkildə qoşulmalıyıq. Onun mədəniyyət yaradıcısı kimi məhsuldar innovativ yaradıcılıq fəaliyyəti altı beynəlxalq elmlər akademiyasının akademiki seçilməklə həmin elmi müəssisələr tərəfindən tanınsa belə, bu günə qədər dövlətimiz tərəfindən qiymətləndirilməyib. Bir neçə akademik, deputatlar, ombudsman, professorlar və xalq artistləri daxil olmaqla, Azərbaycan ziyalılarının nüfuzlu nümayəndələri hələ 2016-cı ildə dəyərli alimin 70 illik yubileyi ilə əlaqədar olaraq, onun elm, təhsil və maarifin inkişafına verdiyi töhfənin qiymətləndirilməsi barədə xahişlə respublikanın rəhbərliyinə müraciət etsələr də, bu günə qədər cavab almayıblar.   

Birinci Bakı kulturoloji elmi oxunmalarının iştirakçıları Bəyannaməni onda əks olunan, ölkənin milli maraqlarına cavab verən kulturoloji postulatların və elmi tövsiyələrin praktiki tətbiqinə dəstək göstərilməsi xahişi ilə Azərbaycanın qanunvericilik orqanlarına və hökumət strukturlarına göndərmək qərarı qəbul etdilər. 

Beləcə,"Simurq" Mədəniyyət Assosiasiyasının Mədəniyyət Nazirliyinin qrantı ilə dəstəklənən "Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı" layihəsi tarixə qovuşdu, lakin layihə şüurlarda, əyani materiallarda, təşviq tədbirlərində davam edəcək və davam etdikcə də yeni minilliyin mədəni insanının formalaşdırılması naminə cəmiyyətimizə öz faydasını göstərəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2025)

 

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Teatr günüdürsə, ölkəmizin ən görkəmli teatr xadimlərini xatırlamağımız yerinə düşər. O cümlədən də, Sabit Rəhmanı. Elə bir teatr xadimini ki, XX əsr Azərbaycan ədəbiyyatında, mədəniyyət və incəsənətində mühüm yer tutan ən görkəmli sənətkarlardandır.

 

Yazıçı, dramaturq, kinossenarist kimi Sovet dövrünün ictimai-siyasi prosesləri Sabit Rəhmanın əsərlərində öz əksini tapıb. Tamaşaları səhnəmizə yeni nəfəs, yeni mövzu və sağlam gülüş gətirib. 70 ildən çoxdur ki, səhnəmizdən “Toy”, “Xoşbəxtlər”, “Aydınlıq”, “Nişanlı qız”, “Əliqulu evlənir” və xüsusən də“Hicran” əskik olmur. Bütün bunlarsız Azərbaycan səhnəsinin nə qədər kasıb olacağını təsəvvür etdinizmi?

Ötən gün yazıçı, dramaturq, Azərbaycanın Əməkdar incəsənət xadimi Sabit Rəhmanın anadan olmasının 115-ci ildönümü tamam oldu.

Sabir Kərim oğlu Mahmudov (Sabit Rəhman) 1910-cu il martın 26-da Şəkidə dünyaya gəlib. 1926-cı ildə “Molla Nəsrəddin” jurnalında “Şeyx Samit” imzası ilə dərc olunan felyetonu ədəbiyyat aləminə yeni bir istedadın gəlişindən xəbər verirdi. 50-dən çox hekayə, “Vəfasız”, “Son faciə”, “Arzular” povestlərini, “Nina”, “Böyük günlər” romanlarını yazdıqdan sonra o, “Hicran”, “Ulduz” musiqili komediyalarını yazdı, daha çox səhnəmizin gülüşünün yaradıcısı oldu.

Amma Sabit Rəhman həm də rejimin simasızlığını, nöqsanlarını da göstərməkdəydi. Baxın, o, 1938-ci ildə “Toy” komediyasını yazıb. “Toy”un əsl mahiyyətini bilmək üçün böyük bir imperiyanın süqutunu gözləmək lazım gəlib. Ədəbiyyatşünas-tənqidçi Yaşar Qarayev yazırdı: “Mən həmişə heyrət edərdim ki, bu qədər şaqraq, şən və şux bir “Toy” “37”dən dərhal sonra 1938-ci ildə necə meydana çıxa və necə belə ucadan səslənə bilərdi?! Doğrudanmı, bu “Toy” - matəmdə bayram, vəba vaxtı işrət” idi?”

Sabit Rəhman dırnaqarası ideal sayılan sovet cəmiyyətinin nöqsanlarını gülə-gülə göstərməklə necə bir təhlükəli oyuna girdiyini də bilirdi, özü “Toy” komediyasını yazandan sonra demişdi: “Mən qabaqcadan bilirdim ki, yerim 37-ci ildə tutulan yazıçıların arasında olacaq. Lakin yazıçı borcumu yerinə yetirmək mənə üstün gəldi”.

Sabit Rəhmanın tamaşalarında Mirzəağa Əliyev, Sidqi Ruhulla, İsmayıl Osmanlı, Möhsün Sənani, Ağasadıq Gəraybəyli, Hökümə Qurbanova, Barat Şəkinskaya, Süleyman Ələsgərov kimi qüdrətli sənətkarlar iştirak edirdi.

İndi isə Sabit Rəhmanın Azərbaycan incəsənətinə töhfəsinin növbəti parlaq səhifələrinə keçək, çünki bu töhfələr  təkcə  teatrda deyil, o, həm də Azərbaycan kinosunun ən qiymətli inciləri sayılan “Arşın mal alan”, “O olmasın bu olsun”, “Koroğlu”, “Əhməd haradadır” kimi filmlərin ssenarisini də yazıb. Xüsusən qeyd edək ki, vaxtı ilə “Arşın mal alan” filminin kinossenarisini oxuyan Üzeyir bəy Hacıbəyli Sabit Rəhmana deyib: “Başqası mənim gülüşlərimi hoqqabazlığa çevirə bilərdi, amma sən gülüşlərimə ekran üçün can vermisən”.

Sabit Rəhman 1970-ci il sentyabrın 23-də Bakıda vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2025)

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanın dünyaya bəxş etdiyi dahi incəsənət xadimləri sırasında bir ad çox möhkəm yer tutubdur - dünyaşöhrətli musiqiçi, XX əsrin ən böyük violonçel ifaçısı hesab edilən Mstislav Rostropoviç. Bu gün onun anadan olmasından 98 il ötür. 

 

Gəlin birlikdə görkəmli sənətkarın ömür yolu və yaradıcılığının bəzi məqamlarına nəzər salaq. Mstislav Leopoldoviç Rostropoviç 1927-ci il martın 27-də Bakıda, milliiyətcə yəhudi, tanınmış violonçel ifaçısı Leopold Rostropoviçin ailəsində dünyaya gəlib, uşaqlıq və gənclik illərini burada keçirib.

O, dörd yaşında ikən anasından fortepianoda, on yaşında isə atasından violonçeldə ifa etməyi öyrənib.

İkinci Dünya müharibəsi illərində Mstislav Rostropoviçin ailəsi Orenburqa, daha sonra 1943-cü ildə Moskvaya köçüb.

Mstislav Rostropoviç 16 yaşı olanda Moskva Konservatoriyasına qəbul olunub və orada fortepiano, violonçel ifaçılığı ilə yanaşı, dirijorluq və bəstəkarlıq ixtisaslarına da yiyələnib. Bu təhsil müəssisəsində Dmitri Şostakoviç və Sergey Prokofyev kimi böyük sənətkarlardan dərs alıb.

Gənc Mstislav Rostropoviç ilk violonçel konsertini 1942-ci ildə verib, üç il sonra isə SSRİ-də ilk dəfə keçirilən gənc musiqiçilərin birinciliyində qızıl medala layiq görülüb. Sovet İttifaqında şöhrət qazanmış gənc və son dərəcə istedadlı Mstislav Rostropoviç Sankt-Peterburq və Moskva konservatoriyalarında pedaqoji fəaliyyətlə məşğul olub, çoxsaylı ifaçıların yetişməsində əmək sərf edib.

O dönəmlərdə Qərblə soyuq müharibə aparan SSRİ Qərb musiqisini də yasaq elan etmişdi, bununla belə, dahi Rostropoviçə tabu qoymaq mümkün deyildi. O, 1964-cü ildə Qərbi Almaniyada çıxışı ilə dünya klassik musiqisevərlərinin rəğbətini qazanıb, həmin illərdə Qərbi Avropanın bir neçə qabaqcıl bəstəkarları ilə tanış olub.

Mstislav Rostropoviç 1967-ci ildə Böyük Teatrda P.Çaykovskinin “Yevgeni Onegin” operasına yüksək dirijorluq istedadını da nümayiş etdirib.

Dünyaşöhrətli musiqiçi üçün D.Şostakoviç, S.Prokofiyev, B.Britten, A.Şnitke və digər bəstəkarlar əsərlər yazıb. Mstislav Rostropoviç D.Şostakoviçin violonçel üçün konsertlərinin ilk ifaçısıdır. O, dahi bəstəkarın “Birinci konserti”ni London musiqisevərlərinə təqdim edib.

Mstislav Rostropoviç 1977-1994-cü illərdə Vaşinqtonda ABŞ Milli Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru kimi fəaliyyət göstərib, Svyatoslav Rixter və Vladimir Horovits kimi məşhur musiqiçilərlə çalışıb. O, həmçinin Mstislav Rostropoviç Musiqi Festivalının təsisçisi və Birləşmiş Krallıqda B.Britten və Piter Pirsin təsis etdikləri Aldeburq Festivalının mütəmadi iştirakçısı olub.

Mstislav Rostropoviç sovet ideologiyasının ən təhlükəli illərində belə demokratik ideyaları çəkinmədən səsləndirib, bunun altından xüsusi xətt çəkməliyik.

Dünyaşöhrətli musiqiçi çoxsaylı mükafatlara və ordenlərə, o cümlədən “Heydər Əliyev” ordeninə, Fransanın “Şərəf Legionu” ordeninə, müxtəlif universitetlərin fəxri doktoru adına və digər mükafatlara layiq görülüb. Mstislav Rostropoviç UNESCO-nun səfiri kimi bir çox təhsil, tədris və mədəni layihələri dəstəkləyib. O, həyat yoldaşı Qalina Vişnevskaya ilə birlikdə Azərbaycanda da bir sıra sosial layihələrdə yaxından iştirak edib.

2002-ci il martın 4-də Bakıda dahi sənətkarın ev-muzeyi açılıb. M.Rostropoviç həyat yoldaşı ilə Azərbaycana vaxtaşırı gəlib və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təkmilləşmə sinifləri təşkil etməklə Azərbaycan musiqi sənətinə də dəyərli töhfələr verib.

Böyük sənətkarın həyatından bir epizodu da qeyd edək. Onun violonçeli London auksionunda 2,5 milyon funt-sterlinqə satılıb.

Mstislav Rostropoviç 2007-ci il aprelin 27-də Moskvada vəfat edib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə onun anadan olmasının 90 illiyi Azərbaycanda dövlət səviyyəsində qeyd edilib.

Dünyaşöhrətli musiqiçi və görkəmli ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi, SSRİ Xalq artisti Mstislav Rostropoviçin Onun əziz xatirəsi hər zaman Azərbaycan xalqının yaddaşında yaşayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2025)

 

Четверг, 27 Март 2025 10:46

Bu gün 27 martdır - Beynəlxalq Teatr Günüdür

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Teatrı kim sevir?

Və kim sevmir?

Təəssüf hissi ilə deyə bilərəm ki, günümüzdə ikincilər daha çoxdur. Mən üzümü birincilərə tuturam, amma elə ikincilərin də fikrində inqilab oyatmaq fikri ilə təntənə ilə qeyd edirəm ki bu günü – martın 27-ni dünya Beynəlxalq Teatr Günü kimi qeyd edir.

 

Bəs niyə məhz bu gün? Bu əlamətdar tarix Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub. Devizi isə belədir: “Teatr – xalqlar arasında qarşılıqlı anlaşmanın və sülhün möhkəmləndirilməsi vasitəsidir”.

Ənənəyə əsasən, hər il Beynəlxalq Teatr Günü münasibətilə görkəmli teatr xadimləri ictimaiyyətə müraciət ünvanlayırlar.

Yaranmasının 152-ci ildönümü qeyd edilən Azərbaycan teatrı da ötən müddət ərzində böyük inkişaf yolu keçib, beynəlxalq aləmdə layiqincə tanınıb və bu gün də uğurla inkişaf edir.

Və bəri başdan qeyd edim ki, hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə ayrıca  “Milli Teatr Günü” də təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb.

 

Gəlin bu əlamətdar 27 mart günündə teatr tariximizə nəzər yetirək. Azərbaycan teatr sənəti çox qədim və zəngin bir tarixə malikdir. XIX əsrin ikinci yarısından başlayaraq ölkəmizdə cərəyan edən ictimai-siyasi hadisələr maarifçilik hərəkatının inkişafına güclü təkan vermişdi. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar olmuşdu. Belə ki, böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynamışdı. Görkəmli maarifçi Həsən bəy Zərdabi və yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının tamaşaya qoyulması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi, peşəkar teatrın təməli qoyulmuşdur.

Uzun və şərəfli bir yol keçmiş Azərbaycan teatrı son illər ərzində daha da möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün ölkəmizdə 30-a yaxın dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlarda 1000-ə yaxın aktyor çalışır.

Ölkə prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı uğurla həyata keçirilir. On illik bir dövrü əhatə edən proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Musiqili, Mingəçevir, Şuşa, İrəvan, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb.

Ötən illər ərzində teatrlarımız dünyanın 20-dən artıq ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, Başqırdıstan, İsveçrə, Moldova və Serbiyada keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil ediblər. Eyni zamanda, xarici ölkələrdən 10-dan çox teatr kollektivi Azərbaycanda qastrol səfərində olub, 30-dək tanınmış rejissor, baletmeyster xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət edilib.

Bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycan teatrını qarşıda daha yeni, daha parlaq uğurlar gözləyir.

Bayramınız mübarək, əziz teatr xadimləri! 

“Ədəbiyyat və incəsənət”

(27.03.2025)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Etiraf edək ki, adəm ovladının ixtiraları arasında, insan şüuruna uzun illərdir ki, televiziyadan güclü təsir edən, başqa bir vasitə hələ ki, tapılmayıb (yalnız son dönəmlərdə internet onu üstələməkdədir). Televiziyanın əhatə dairəsi o qədər böyükdür ki, hər hansı bir istedadlı şəxsi qısa bir zamanda ölkə miqyasında məşhurlaşdıra, sevdirə bilir. Bu gün sizə belə şəxslərdən biri- jurnalist, televiziya aparıcısı, prodüser, rejissor İlhamiyyə Rzadan söhbət açmaq istəyirəm. O İlhamiyyə Rzadan ki, bu qədər populyarlığına rəğmən, hələ də ona heç bir fəxri ad verilməyib...

 

26 mart 1967-ci ildə Qazax rayonunda anadan olub. Orta təhsilini 1984-cü ildə Bakı şəhəri 42 saylı tam orta məktəbdə başa vurub. Həmin il Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Tələbə ikən "МолодежьАзербайджанa" qəzeti ilə ştatdankənar müxbir kimi əməkdaşlıq edib. 1989-cu ildə universiteti bitirdikdən sonra AzTV-də işə başlayıb, "Xəbərlər" redaksiyasında müxbir işləyib. Sonralar ABA TV, Lider TV, Space TV və ANS TV-də çalışıb. Bu yaxınlara qədər ömür-gün yoldaşı, yazıçı Həmid Herisçi ilə "Xəzər səhər" verilişini aparırdı. Hazırda Cəbrayıl, Qubadlı və Zəngilanda Bərpa, Tikinti və İdarəetmə Xidməti adlı qurumda İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır və Mədəniyyət TV-də "Mədəni tənqid" verilişinə aparıcılıq etməyə hazırlaşır.

"Gündəlik Azərbaycan", "525", "Azadlıq", "Bizim Yol", "Zerkalo" qəzetlərində məqalələri dərc olunub. "Həsən bəy Zərdabi adına jurnalistika milli mükafatı"na layiq görülüb. Bir çox nüfuzlu jurnalistika müsabiqələrinin münsiflər heyətinin üzvüdür. Bütün bunlarla yanaşı, bir sıra azərbaycan filmlərinə redaktorluq edib.

"Gecə kanalı" adlı kitabı işıq üzü görüb...

 

Möhkəm iradəli, səbirli, səmimi, eyni zamanda təmkinli xanımdır. Etik normalara ciddi riayət edir. Onun üçün abır-həya insana xas olan ən müsbət xüsusiyyətlərdən biridir. Çox qabiliyyətli və səliqəlidir. Qəlbi ruh coşqunluğu ilə doludur. Həmişə ayaq üstə qalmağı və daima nə iləsə məşğul olmağı xoşlayır. Necə deyərlər, rahatlığını fəallıqda, hərəkətdə tapır...

 

Deyir ki:- “Bizim cəmiyyətdə peşəkar olmaq çox çətindir. Çünki peşəkarlıq üçün təhsil almaq, savadlı olmaq lazımdır, bacarıqlarını tətbiq edə biləcək, özünü inkişaf etdirəcək, təcrübə qazanacaq bir mühitin olması vacibdir. Bu gün bizdə peşəkarlığı inkişaf etdirmək üçün mühit yoxdur. Jurnalistikada biznes mühiti inkişaf etdirilməyib. Azad rəqabət mümkün deyil. Çünki söz və ifadə azadlığı məhduddur. Yalnız bu azadlıqlardan istifadə edən KİV rəqabətdə qalib gələ bilər. Hazırda ancaq maliyyə dəstəyi və siyasi dəstək alan KİV- lər öndədirlər...”

 

Kifayyət qədər həyat qüvvəsi var. Çətinliklər yarananda özünü itirmir, əksinə məqsədinə nail olana qədər gərgin işləməkdə davam edir. Çox götür-qoy etməyi, ən yaxşı üsulu tapmağı vaxt itkisi hesab etdiyindən dərhal işə girişməyə üstünlük verir. Öz qabiliyyətinə o qədər əmindir ki, uğursuzluq barədə heç zaman düşünmür və məhz buna görə də çox vaxt müvəffəqiyyət qazanır. Necə deyərlər, problemlərin üzərinə elə bir enerji və qətiyyətlə atılır ki, onların çoxu sadəcə əriyib gedir. Həyat yoldaşı ilə eyni mühitdə olduğundan özünü şanslı adam hesab edir. Onunla işlədiyi illəri fəaliyyətinin ən məhsuldar vaxtları sayır...

 

“Həmidlə işləmək həddindən çox rahatdır, həm də maraqlıdır. Əvvəla çox dəqiq və səliqəlidir. İkincisi də hər zaman ondan öyrənməli şeylər var. İstənilən sahəni mütəxəssis qədər dərindən bilir. Bu, qüvvələrimizin qənaət edilməsi üçün gözəl fürsətdir. Mövzunu konseptual olaraq anlamağa, problemli məqamları tanıyıb vurğulamağa kömək edir. Həyat yoldaşı olaraq, deyə bilərəm ki, Həmid məişətdə çox köməksizdir. Amma kömək etmək niyyəti və təşəbbüsləri var. Məncə, bu daha vacibdir. “Space”də işlədiyimiz zaman, Həmid bütün gənclərə kömək edirdi, ideya verirdi, onlar Həmidi çox sevirdilər.”- söyləyir.

 

Xoşbəxtlikdən, yaddaşı çox zəifdir. Onu yalnız hal-hazırda baş verənlər maraqlandırır və əgər yeni nə isə diqqətini cəlb edirsə, keçmiş haqqında bütün fikirləri yoxa çıxır. Burada və indi prinsipi ilə fəallıq göstərir, çünki onu maraqlandıran məhz budur...

Deyir ki- “Bizim vaxtımızda söyləyirdilər ki, təvazökarlıq insanın bəzəyidir, insanın baş ucalığıdır. İndi təvazökar insana bilirsiniz necə həqarətlə baxırlar? Sadədil, avam, hətta axmaq kimi baxırlar. Səmimi olduğuna görə adama səmimiyyətini irad tuturlar. Təbii ki, dəyərlərin dəyişib, dəyişməməsindən asılı olmayaraq ölçü hissinin olması çox gözəldir. Səmimiyyətdə də ölçü olmalıdır. Amma bütovlükdə biz cəmiyyətdən danışırıqsa, mən bəzən özümə hesabat verməli oluram. Düşünürəm ki, filan yerdə çox səmimi danışsam, bu mənim əleyhimə işləyəcək. Lakin vaxt vardı ki, məni səmimiyyətimə görə sevirdilər. O vaxt. sənət adamlarının şəxsi həyatı indiki qədər insanlara maraqlı deyildi. Uzaq başı onların geyimləri maraqlı ola bilərdi. İndi isə əksinədir, adamın məişəti, ailəsi, həyat tərzilə də maraqlanırlar...”

 

Bəli, haqqında söhbət açdığım İlhamiyyə Rza insanlar arasında səmimiyyətin, sevginin get-gedə azaldığından gileylənsə də, içindəki insan sevgisi hələ də onu tərk etməyib. “Sağlam həyat uzmanları hər şeyi deyir, bircə bundan başqa: çox yaşamaq, özü də ağrı acısız yaşamaq istəyirsinizsə, xeyrə, ədalətə, sevgiyə, dostluğa olan inamınızı itirməyin!”- söyləyir...

 

Baharın bir xoş günündə dünyaya gələn və yaradıcılığı, istedadı ilə qoca dünyamıza yaz təravəti qatan İlhamiyyə Rzanın bu gün - martın 26-sı növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayırıq...

Yeni yaşı mübarək olsun!

 

“Ədəbiyyat və incəsənət”

(26.03.2025)

Среда, 26 Март 2025 19:00

Sevgi insan üçün nədir? - ESSE

Xədicə Əliyeva, "Ədəbiyyat və incəsənət"

 

 

Gözlərimi açıb çarpayıdan aralanıb aynanın qarşısına keçdim. Öz surətimə baxdım. Baxdım, baxdım. Necə də unutmuşdum özümü, özümü tapmaq üçün çıxdığım bu yolda. Sanki çıxdığım bu səfərdə limana boş gəmi göndərmiş, özüm yaddan çıxmışdım. Bu mən idim, mən. 

 

Cisimlər ruhlara geyindirilən libasa bənzəyirdi. Hər kəsin libası fərqli idi və kimsə bunu özü seçə bilmirdi. Kim bilir, bəlkə də, indi şikayətləndiyimiz cismimizi elə özümüz seçmişdik. Bəziləri bu libasdan məmnun, bəziləri şikayətçi, bəziləri də yarım qalmışdı. Görəsən, insan öz surətini özü seçə bilsəydi, neçə bədənlər, surətlər fərqli olacaqdı. Və bu halda sevgisiz qalan ruhlar sevgi tapa biləcəkdimi? Yoxsa, bir çox çirkin ruha geyindirilmiş cisimlərin ardındakı həqiqəti görüb iyrənəcəkdimi yenə də insanlar sevməkdən?

Nə idi sevgi, sevilmək? Nəyə görə sevirdik və nə üçün sevilirdik?

Hər kəsin dilindən sevginin mənası fərqli intonasiyada, fərqli tempdə, fərqli emosiyalarla səslənirdi. Əslində, dünyada bütünləşmiş sevgi anlayışı yox idi. Çünki, bir çox insan əskik tərəfinə rəğmən sevilirdi, ən azından elə bilirdi. Konkret olaraq bir insanda bu olarsa, sevilər, bu olmazsa, sevilməz anlayışı olsa da, bu, sadəcə insanların uydurması idi.

Hər insan cisminin, ruhunun fərqliliyinə görə ən az bir ruh tərəfindən sevilir, məncə və problem sevgisizlik, sevilməmək deyildi, əslində. Problem bizim üçün doğru olan insanın, bir başqasının doğrusu olması və bir digər insanın da doğrusu biz olmağımıza rəğmən, bizim bir digərinin doğrusu olmağımız idi.

Bəzən o qapını tapıb zəngini çalırıq. Bəzən o qapını heç tapıb zəngini çalma fürsətimiz belə olmur, bəzən zənnimizdəki qapı əvəzinə başqa qapının zəngini  çalırıq və o qapı açılandan sonra yanlış qapını döydüyümüzü anlayırıq.

Bəzən isə, həqiqətən doğru qapını tapmağı bacarırıq.

Mənə görə isə, ən faciəli olanı yanlış qapıları doğru zənn edib, doğru qapının zəngini çalmağa gecikərək itirdiklərimizdir.

 

“Ədəbiyyat və incəsənət”

(26.03.2025)

 

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Bu gün - martın 26-sı Qazax mahalının dəyərli oğlu, şair, publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Davud Nəsibin vəfatının ildönümüdür, vəfatından tam 22 il keçir. 

Rəhmət və ehtiramla anırıq.

 

Davud Nəsib

ŞAİR MÜKAFATI

 

Seyr elə elləri nəğmə dilində,

Torpağa yaxşı bax, işıqlı boylan.

Bir yarpaq ağacın düşsə "əlindən",

Qoyma xəzan ola, dalınca haylan.

 

Göylər ulduzuna məhəbbətlə bax:

Ən parlaq ulduzlar torpaq üstədir.

Bəlkə, nə bilirsən, bu gün, ya sabah

Vətən özü səndən ulduz istədi.

 

Doğmalıq axtarma hər kəlmə sözdə,

Vermə öz ömrünü yelə, hayıfdır.

Bu torpaq, oğlunu sinəsi üstə

Şöhrəti sayıbdır, tacı sayıbdır.

 

Şöhrətçün nahaqdır yüz çalış-vuruş,

Diləyin səndə yox, diləklərdədir.

Yazdığın şeiri də sən eldən soruş, -

Xalqın mükafatı ürəklərdədir.

 

“Ədəbiyyat və incəsənət”

(26.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.