Super User

Super User

Вторник, 01 Апрель 2025 16:33

GAP Antologiyasında Məryəm Səfəvinin “Əlvida” şeiri

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Tehranda yaşayan Məryəm Səfəvidir.

 

Məryəm Səfəvi

Tehran

 

ƏLVİDA

 

Yeni həyat,

Yeni evim mübarək!

Əlvida arxamca qalan qısqanclı qaranlıqlar

Yalana bürünmüş sevgilər –

Dustaq qalan beyinlər!

Əlvida qədri-qiymət bilməyən ürəklər

Əlvida

Min türlü üz dəyişdirən insanlar...

 

Salam mənim yeni dörd divarım!

Salam mənə yoldaşlıq edən

Yorğanım,

Yastığım,

Tərliyim!

Salam mənim pəncərədə gözləyən

Yaşıq kaktus çiçəyim,

Salam mənim hasar üstündə oturan

Mavi göyərçinim...

 

Bunlar mənim yeni həyatım,

Bunlar mənim yeni dünyam!

 

Bir mən gərəkli deyil idim zatən

Sizin kirli dünyanıza

Bir də artıq

Sevib də, sevilməyən

Anlayıb da, anlanılmayan

Düşüb də, qalxanmayan

Kölgələr vardır ki, burada

Gəlməzdir sizin zatən karınıza!

 

Yalqızlığı seçərək

Dörd divara sığınmış olan,

Burda düşdaşlarım varımdır mənim.

Onlara dəli-divanə deyirsiniz siz!

Ancaq

Onları dəli edib də, tərk eləyənlərə

Heç bir söz deməyirlər,

Heç bir zaman, onlar!

Sizin hər bir zaman onlara,

“Dəli” dedikləriniz!..

 

Pis-yaxşıya məruz qalaraq

Danışdıqda

Danışmağa məhkum olan

Seçib də seçilməyə haqqı olmayan,

Duru su kimi,

Saf ürəkləri vardır onların;

Siz, onların kölgələrisiniz

Çünki ürəklərində,

Duru su kimi,

Saf diləkləri vardır onların...

 

Bax!

O, sizin dəyərsiz

Yalanla bağlı ola dünyanız!

Bu isə bizim

Tər-təmiz, huzurla dolu yeni dünyamız!

Bizim dünyamızı,

Yalnız tər-təmiz yaşamaq dəyər

Sizin o qaranlıq,

Sizin o səfil dünyanıza!

Sizin dünyanız gəlməz bizim karımıza

Sizin dünyanız, gəlməz sizin arınıza...

 

Yenə xatırladım bir daha

Yeni həyatım,

Yeni evim mübarək!..

 

“Ədəbiyyat və incəsənət”

 (01.04.2025)

 

 

 

Вторник, 01 Апрель 2025 08:07

Bir verilişin ardından və ya YENİGÜNÜN YENİ YAZISI

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün 

 

Bu günlərdə “BakuTV-nin “Baku Aktual” proqramının qonağı oldum. Elçin Əlibəylinin usta aparıcılığı və eyni studiyanı bölüşdüyümüz həmsöhbətlərimin sayəsində öyrədici həm də polemik bir veriliş oldu. 

 

Verilişin bəlli bir vaxtı, özünəxas axarı, yayım strukturu var və əlbəttə, düşüncələrimizin heç də hamısını bölüşə bilmədik. “BakuTV”yə, şəxsən məni adıkeçən verilişə dəvət edən könül dostlarına, mövzunun özünə və bayram dəyərlərimizə sayğıduyarlıq ifadəsi olaraq, verilişsonrası belə bir yazı işlədim - onu sizlərlə bölüşürəm. Yazını redaktə edən, öz dəyərli fikirlərini əsirgəməyən folklorşünas alim Aynur xanım İbrahimliyə və istedadlı hənc türkoloq Məleykə xanım Mirzəliyə əsənliklər diləyir, gününüz ağ olsun deyirəm!

 

*

Novruz - Yenigün bayramı və  öncəsindəki dörd ünsürə (su, od, yel/hava, torpaq) bağlı qutlamaların çərşənbə adı ilə qeyd olunması, onların məhz ikinci günə – çərşənbə axşamına təsadüf etməsi qədim kosmoqonik təsəvvürlər, mifoloji təqvim anlayışı və zaman bölgüsü ilə əlaqəlidir.

 

“Çərşənbə” (farsca “çahar-şanba”, yəni “dördüncü gün”) islamdan öncəki dönəmlərdə də özəl bir gün sayılırdı; lakin burada dartışmalı bir məqam var: həftənin dördüncü günü dedikdə, qədim təqvimlərdə fərqli sayımlar mövcud idi. Belə ki, həftə bazar günü ilə başlayırdısa (bir çox qədim sistemlərdə olduğu kimi), o zaman dördüncü gün çərşənbə axşamına (indiki adlandırmamızla həftənin ikinci gününün gecəsinə) düşürdü.

Başqa cür baxsaq, bu, Ay təqvimi ilə Günəş təqviminin uzlaşdırılmasına bağlı məsələdir. Qədim təqvimlərdə bir dönəmin tamamlanması və yenisinin başlanğıcı üçün həftənin “dördüncü günü” önəmli sayılırdı.

 

Həmçinin, bəzi türk xalqlarında “çərşənbə” yox, “çərxi-çərşənbə” və ya “çərxi-cümə” kimi deyimlər də var, hansı ki bu, günlərin (necə deyərlər) hərəkətli olması ehtimalını göstərir.

 

Yaxşı, bəs niyə məhz ikinci gün?

Bu, ilkin Novruz - Yenigün miflərində yer alan kosmoqonik yaradılış ardıcıllığı ilə bağlıdır. Miflərə görə:

- Bazar ertəsi – İlkin xaos (qarışıqlıq) günü idi;

- Çərşənbə axşamı – Kainatın ünsürlərinin formalaşmağa başladığı gündür və s.

Qədim inanclara əsasən, hər bir yeni dönəm (il, ay, həftə və s.) “qaranlıqdan aydınlığa” keçid ilə başlayırdı. Bu baxımdan, günün gecə yarısı başlaması prinsipi (örnəyi, İslam təqvimində günün günbatardan başlaması) ilə çərşənbənin axşam qeyd edilməsi arasında bağ vardır.

Çərşənbələr Novruzdan öncəki son 4 həftədə müəyyən enerji təmizlənməsi və keçid mərhələləri kimi qəbul edilirdi. Xalq inanclarına görə, “il çərşənbədə qocalır, Yenigündə cavanlaşır”…

 

Bəs “İlaxır çərşənbə” yerinə başqa bir gün - örnəyi, “İlaxır cümə” ola bilərdimi?

Cümə günü İslam gələnəyinə görə, qutsal sayıldığı üçün qədim inanclara əsaslanan Novruz törənləri ilə birləşdirilməyib.

Çərşənbənin ilahilik və qutsallıq daşıması, həmçinin Novruz - Yenigün öncəsi ən yaxın həftəlik dönəm təmsil etməsi “İlaxır çərşənbə”nin formalaşmasına səbəb olub.

Gələnəksəl olaraq, çərşənbələr keçmişi yola salmaq, cümələr isə gələcək üçün alxış etmək anlamı daşıyırdı. Bu baxımdan ilin son çərşənbəsi ilə ilin tamamlanması, yenisinin isə Yenigündə başlaması simvolik bir sistem yaradırdı.

Yəni “İlaxır çərşənbə” Novruzun son qapısıdır, Novruz - Yenigün isə yeni ilin başlanğıcıdır. 

Ayrıca, 

cümə bizim ellərdə “ad(ı)na” adlanır; çərşənbəyə isə öztürkcədə “ortac”, “ortancı gün” deyə bilərik.

 

Novruz - Yenigün bayramı ilə bağlı bəzi mübahisə doğuran sualları və məqamları burada vurğulamaq yerinə düşərdi.

1. Novruzun İranla bağlanması, bu türk bayramının fars bayramı kimi təqdim edilməsi:

- Novruzun Türk dünyasında, Türküstanda və qədim Türk-Monqol mifologiyasında daha geniş izlərinin olduğunu unutmayaq.

Novruz təkcə farsların keçirdiyi bayram deyil, əlbəttə. Bu bayramın izləri Türküstandan Anadoluya, Qafqazdan Sibirə qədər geniş coğrafiyada yaşayır. Türk xalqlarının qədim inanc sistemində yeni ilin yazla başlaması konsepti var idi. Üstəlik, qədim türk dastanları və miflərində də yazın oyanışla, yenilənmə ilə bağlandığı görünür. Novruz fars mədəniyyətinin materiyasına nüfuz etsə də, Türk dünyasında çox daha qədim köklərə malikdir.

2. Dörd çərşənbənin qaynağı, təsnifatı - su, od, yel və torpaq çərşənbələri gerçəkdən qədim türk inanclarından gəlir, yoxsa sonradan formalaşıb?

- Bəzi akademik yanaşmalarda bu çərşənbələrin təsnifatının daha sonrakı dönəmdə – İslam və ya sufizm təsirləri ilə formalaşdığı vurğulanır. Bu ritualların qədim türk dünyagörüşündə, özəlliklə Tenqriçilikdə və şamanizmdə öz yerinin olduğu danılmaz faktdır.

Su, od, yel və torpaq çərşənbələri türk xalqlarının qədim kosmoqonik təsəvvürləri ilə çox yaxından səsləşir. Tenqrizmdə və şamanizmdə dörd ünsür doğanın əsas başlanğıcları sayılır. Bu anlayış türklərin çox qədim dönəmlərdən doğa kultları ilə yaşamasının göstəricisidir. Dörd çərşənbənin formalaşması zamanla sistemləşdirilib və müxtəlif coğrafi bölgələrdə fərqli adlar və yorumlarla, yaraşdırmalarla qarşımıza çıxır.

3. Novruzun qeyri-İslami olduğunu dair iddialar vardır; onun dini aspektləri və İslamdan sonrakı transformasiyası - bu bayram İslamla nə dərəcədə uzlaşır?..

- Radikal dini baxışları müdafiə edən kimsələr  Novruzu “bidət” adlandıra bilər. Novruzun İslamdan öncə mövcud olduğunu, lakin islamlaşmış türklər tərəfindən yeni çalarlarla qəbul, davam və inkişaf etdirildiyini unutmamalıyıq.

Yenədəlik olmasın, İslamdan öncə mövcud olan bir çox bayram kimi, Novruz da islamlaşmış türklər tərəfindən davam edilib və bəzi islami çalarlar qazanıb. Örnəyi, bəzi qaynaqlarda Novruz günü Həzrət Əlinin xəlifə seçildiyi və ya Yer üzü suya qərq olanda Nuh Peyğəmbərin gəmisinin quruya çıxdığı gün kimi də vurğulanır. Lakin bu, Novruzun köklərinin sırf İslamla, dinlə bağlı olması anlamına gəlməməlidir. Əksinə, İslam çox öncələrdən mövcud olmuş Novruzu tamamən yasaqlamaq əvəzinə, onu müəyyən qədər öz mədəni sisteminə inteqrasiya edib.

4. Novruzun siyasi və ideoloji çalarları - bayramın türkçü, pantürkist və ya paniranist ideologiyalarla bağlanması nə dərəcədə doğrudur?

-Əsl türklük, türkçülük (və onun “pan” önlüyü almış halı belə) başqa xalqlara, başqa dəyərlərə sayğılı, dözümlü, anlayışlı olub və yalnız özünün olanları da ürəkgenişliyi ilə paylaşmaq, xeyirxahlıq etmək ərdəmi göstərib - öncə bunu vurğulayaq.

Bununla belə, çox həssas mövzudan söz açıldığının fərqindəyik; çünki Novruz türksoylu dövlətlərdə olduğu kimi, İranda və farsdilli və b. dövlətlərdə də milli-mədəni kimliyin bir parçası halına gəlib. Novruzun- Yenigünün yaradıcısı bizim dədələrimiz olsa belə, onun artıq yalnız bir etnosla sınırlandırılmasına ehtiyac olmadığını qəbul edirik.

Zatən UNESCO da bu bayramı çoxmillətli irs kimi tanıyır. UNESCO 2009-cu ildə Novruzu Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, İran, Pakistan və Hindistanın birgə təqdimatı əsasında Qeyri-maddi mədəni irs siyahısına daxil edib. 2016-cı ildə Qazaxıstan, Türkmənistan, Tacikistan, Əfqanıstan və İraq da bu siyahıya qoşulub. 

Novruzun UNESCO yolunda Azərbaycanın rolu böyük olub -  Novruzun beynəlxalq səviyyədə tanınması üçün aktiv diplomatik addımlar atıb.

Novruzun hər hansı bir yad siyasi və ya ideoloji çərçivəyə salınması yanlışdır. Göründüyü, bilindiyi kimi, bayram Türküstanda, ümumən türk xalqlarında, İran adlanan ölkədə, Hindistanda və b. da keçirilir. Sovet dönəmində Novruz qadağan edilsə də, xalq arasında yaşamağa, yaşadılmağa davam etdi və milli kimliyin bir parçası kimi qorundu. Novruz - Yenigün miqyaslı bayramlar, dəyərlər yalnız qorunmur, o, özü də ulusu, dəyərləri qoruyur və ucaldır!

Qədim türk mifoloji mətnlərində və dastanlarında yazın oyanış, yenilənmə ilə bağlı olduğunu göstərən bir neçə örnəyi yada salaq:

 

Bozqurd mifi

 

Türk mifologiyasında Bozqurd, yol göstərən və bələdçi bir varlıqdır. Bozqurd miflərində tez-tez qışdan çıxış, yeni başlanğıc və yaz fəslinin gətirdiyi ümidlər vurğulanır. Qurdun türkləri qurtardığı məqam adətən yaz fəslinə təsadüf edir, çünki bu, yaşamın yenidən başlanması kimi qəbul edilir.

 

Göyərçin və Günəş mifi

 

Qədim türklərin inanc sistemində Günəşin yazla birgə güclənməsi və doğanın yenidən canlanması anlayışı mövcud olub. Bir çox miflərdə Günəşin qayıdışı və bununla birlikdə doğanın dirçəlməsi təsvir edilir. Örnəyi, Altay türklərinin inanclarında yazın gəlişi ilə torpağın canlandığı və ruhların yenidən canlandığı vurğulanır.

 

Ergenekon dastanı

 

Bu dastan, türk xalqlarının əsarətdən, darlıqdan və sıxıntıdan qurtuluşunu, yeni bir başlanğıcı simvolizə edir. Ergenekon türk mifologiyasında qapalı bir vadi kimi təsvir edilir, burada türklər uzun müddət yaşayır, ancaq daha sonra oradan çıxıb yeni bir yaşama günaydın deyir. Bu çıxış sürəci yaz fəslində, dəmirli dağların əridilərək aşılması ilə baş verir. Burada yaz – qurtuluş, yenidən doğuluş və gücün yenilənməsi kimi təsvir edilir ki, bu da Novruzun - Yenigünün mahiyyəti ilə üst-üstə düşür.

 

Oğuz Kağan dastanı

 

Adıkeçən dastanda Oğuz Kağanın doğumu və yaşamında yazın, Günəşin özəl yeri var. Dastanda onun doğulduğu zaman otağın işıqla dolması və Günəşin simvolik gücə çevrilməsi vurğulanır. Bu, yazın yenilənmə, oyanış və güc rəmzi olmasına işarədir.

 

Alp Ər Tonqa dastanı

 

Dastanda Alp Ər Tonqanın ölümü və daha sonra onun ruhunun doğa ilə birləşməsi ideyası var. Yazın onun yenidən dirilməsi və ya ruhunun yenidən dönüşü ilə bağlı olması mifoloji düşüncədə öz əksini tapır.

 

Bütün bu örnəklər, qədim türk dünyagörüşündə yazın gəlişinin təkcə fəsil dəyişikliyi deyil, həm də yeni dönəmin, oyanışın və yenilənmənin rəmzi olduğunu göstərir.

Bir sözlə, 

Novruzun - Yenigünün türk mədəniyyətində dərin kökləri mif və dastanlarımızda, şifahi yaradıcılığımızda öz əksini tapır.

 

Od-ocaq fərqinə nəzər salmaq da burada yerinə düşərdi. 

 

Od və tonqal motivi müxtəlif mədəniyyətlərdə fərqli anlamlar daşıyır. Türk mifologiyasında od-ocaq həm fiziki, həm də ruhani-mifik anlamdadır. Qədim yunan, Roma-Bizans və Misir mifologiyalarında isə od daha çox İlahə, Tanrı hədiyyəsi və ya cəza simvolu kimi çıxış edir.

 

Prometeyin “od”u ilə türk “ocağ”ının fərqli və oxşar cəhətləri:

-Prometey odunu Olimpdən oğurlayır və insanlara verir. Burada od - bilgi, sivilizasiya və inkişaf rəmzi kimi çıxış edir.

-Türk mifologiyasında isə od-ocaq Tanrı tərəfindən verilib və qutsal sayılır. Odun qorunması soyun, ailənin və ulusun yaşaması ilə bağlanır.

 

Əgər yunan mifində od Tanrılardan oğurlanan “qadağan olunmuş hədiyyə”dirsə, türk mifində od bəşəriyyətin, necə deyərlər, ayrılmaz bir hissəsidir və qorunmalı olan varlıqdır.

 

Yunan və Roma-Bizans miflərində od:

-Hefaistos (Vulkan) – Yunan və Roma mifologiyasında od Tanrı Hefaistosun/Vulkanın hakimiyyətindədir. O, dəmirçiliyin, sənətkarlığın və odun bəkçisidir.

-Hestia (Vesta) – Ev və ailə ocağının tanrıçasıdır. Ona həsr olunmuş Vesta bakirələri qutsal ocağı qoruyur...

 

O miflərdə od-ocaq ailənin və toplumun əsas dayağı sayılır. Türk mifində isə ocaq həm də nəslin davamlılığının, ulusal birliyin rəmzidir.

 

Misir mifologiyasında od:

-Ra və Günəş kultu – Misirdə od və işıq Günəşlə birbaşa bağlıdır. Günəş Tanrısı Ra hər gün göyüzündə üzür və şər qüvvələrlə savaşır;

-İsis və Osiris mifində də Günəş və onun yanar enerjisi həyatverici qüvvə sayılır.

 

Misir mifində od - ilahi işıq və enerjidir, türklərdə isə od həm Tanrı hədiyyəsi, həm də insanın öz varlığını qoruma vasitəsidir.

 

Türk mifologiyasında od və tonqal:

-Od, ocaq, tonqal – özünəxas qutsallıq daşıyır.

-Şaman atəşlə təmizlənir;

-Kam (şaman) tonqalın üzərindən keçərək pis ruhları qovur;

-Tonqal üzərindən atılmaq günah və çirkinliklərdən təmizlənmə rituallarıdır.

 

Türk mifində od oğurlanmır, ona cəza verilmir, əksinə, onu qorumaq bir görəv sayılır. Bax, bu, Prometey mifindən və digər mədəniyyətlərdən əsas fərqin göstəricisidir.

 

Odun qutsal sayıldığı bir çox inanc sistemində ona toxunmaq, hətta üstünə nə isə atmaq belə qadağan edilib. 

Atəşpərəstlikdə od ilahi gücün və saflığın simvolu sayılırdı, ona üfürmək, çirkləndirmək olmazdı; lakin Novruzda tonqalın üzərindən tullanmaq gələnəyi tamamilə fərqli bir inancla bağlıdır.

 

Türk-Monqol mifologiyasında və şaman inancında od arındırıcı, təmizləyici, yeniləyici bir gücə malikdir. Odun üzərindən tullanmaq isə məcazi və ritual anlamda günahlardan, xəstəliklərdən, neqativ enerjidən arınmaq deməkdir. Bu, tonqaldan keçməklə ruhun və bədənin saflaşmasını simvolizə edir.

 

Şaman gələnəyində və qədim türk inanclarında tonqal bir maneə deyil, keçid qapısıdır – yəni insan bu rituala qoşulmaqla öz yükündən qurtulur, yeni dönəmə arı-duru qədəm qoyur. Tonqalın üstündən atılan insan “köhnə enerji”dən çıxaraq “yenilənmiş” hala gəlir.

 

Nənə-babalarımız odun insanı təmizlədiyinə, bədnəzərdən və bəlalardan qoruduğuna inanırdı.

Türk mifologiyasında və Altay şamanizmində oda daxil olub yenidən çıxmaq bir növ ruhsal və fiziki transformasiya anlamına gəlirdi.

Köhnə il, xəstəliklər və bütün pisliklər odla məhv olur, yenisi isə onun közündən doğulur…

 

Zərdüştlikdə od ibadət obyekti idi, ona fiziki təmas sayğısızlıq sayılırdı.

Novruzda isə od təmizlənmə və keçid vasitəsidir, onu keçərək insan arınır-durulur.

Atəşpərəstlikdə od qorunan və daim yanan bir qutsal varlıqdır; bizim Yenigündə isə od insanların gündəlik yaşamına daxil olur və kollektiv şəkildə paylaşılır.

 

Tonqal üzərindən atlamayan bəzi türk boyları, tirələri var, onlar ancaq od çevrəsində rəqs edənlər, ona alxış oxuyanlar da eyni inanc sisteminin içindədir. Fərqli bölgələrdə bu ayin müxtəlif formalarda yaşadılıb (və yaşadılır).

 

Yəni Novruz tonqalı daha geniş bir mədəniyyətin mirasıdır – türk, monqol başlanğıclı olmaqla yanaşı, irandilli və hətta Qafqaz xalqlarının qədim inanclarında da izləri olan kollektiv bir ritualdır.

 

Novruz - folklor hadisəsi kimi

 

Novruz - Yenigün bayramını folklor hadisəsi kimi dəyərləndirmək mümkündür, çünki onun əsas özəllikləri folklorun təməl prinsiplərinə uyğun gəlir:

 

-Şifahi gələnəyə əsaslanır – Novruz ayinləri, inancları və mahnıları nəsildən-nəslə ötürülür;

-Kollektiv xarakter daşıyır – Fərdi deyil, icma tərəfindən yaşadılır və yürüdülür;

- Sinkretik doğaya (synkrētismos – birləşmə, qarışma doğasına) malikdir – Mifoloji, dini, sosial və estetik elementləri özündə birləşdirir;

-Zaman və məkan içində dəyişkəndir – Fərqli coğrafiyalarda fərqli formalar alır;

- Variantlılıq nümayiş etdirir – Müxtəlif bölgələrdə fərqli çalarlarla keçirilir və s.

 

Əgər Novruzu folklor hadisəsi kimi qəbul ediriksə, onda onun variantlılığını da qəbul etmiş oluruq. Çünki folklor həmişə variantlıdır – xalq yaradıcılığında heç bir hadisə donmuş, dəyişməz formada mövcud olmur. Yetər ki folklorun yerini “feyklor” almasın.

 

Variantlılıq örnəkləri:

-Azərbaycanda dörd çərşənbə keçirilir, kosa-kosa, qurşaq, şalatdı kimi gələnəklər, oyunlar və s. var;

-Özbəkistanda kollektiv şəkildə “Sumalak” bişirilir;

-Qazaxıstanda bayramın əsas elementi “Naurız köje” yeməyidir;

-Tatar və başqurdlarda Novruz qışın qovulması ayini ilə bağlanır;

-Arazdan o taylarda “Sizdə-behdar” adlanan süfrə gələnəyi var və s.

 

Bütün bunlar göstərir ki, Novruz universal əsaslara malik olsa da, onun fərqli variantlarla qarşımıza çıxması folklorun təbii özəlliyidir. 

 

Bizim bayrama bizim şifahi və yazılı qaynaqlarda nəzər yetirək:

 

Dədəm Qorqudun dastanında bayram birbaşa Novruz adı ilə keçmir, lakin dastandakı bəzi motivlər, təsvirlər və simvolik elementlər Novruzla- Yenigünlə bağlı gələnəkləri və dünyagörüşünü əks etdirir.

 

Dastanda doğa ilə bağlı təsvirlər, özəlliklə yaşıl otlaqların, yazın gəlişinin, doğanın canlanmasının təsviri və s. Novruzun - Yenigünün mahiyyəti ilə tam üst-üstə düşür. Örnəyi, “Bamsı Beyrək boyu”nda Beyrəyin uzun müddət əsirlikdən sonra geri dönüşü məhz yaz fəslində baş verir, bu da yenidən doğuluş, qurtuluş və yazın gəlişi ilə assosiasiya olunur.

 

Oğuzların dövri yurd dəyişməsi – Yaylaq-qışlaq motivinə diqqət yetirək:

Oğuz türklərinin qışlaqdan yaylağa köçməsi Novruz fəlsəfəsinə uyğun gəlmirmi? - Əlbəttə, gəlir. Bu dəyişiklik doğanın dirçəlməsi, yeni yaşayışın başlanması ilə bağlanır. Novruz da qışın bitib yazın başlaması ilə bağlıdır.

 

Başqa bir simvol - atəş kultu və tonqal simvolikasını yada salaq:

Dastanda atəşin önəmli rolu var. Oğuz türkləri üçün od qutsal sayılır; ocağın sönməməsi ailənin davamlılığı ilə bağlıdır. Novruz tonqalı da məhz bu mifoloji inancların davamıdır. Alxış və qarğışlarda belə bu kultun izləri qalmaqdadır. Günümüzdə “Ocağın qaralsın” - ağır qarğışdırsa, “ocağı sönməsin” ürəkdən deyilən alxışların başında gəlir. Yadımdadır, rəhmətlik anam “İşığı söndür” yerinə “İşığı farağatla” deyərdi…

 

Dədəm Qorqudun dastanında qadın kultu və məhsuldarlıq amilini də unutmayaq:

Dastanda qadınlar çox vaxt doğal güclə, torpaqla, su ilə bağdaşlanır. Örnəyi, Burla Xatunun su ilə bağlılığı, qadınların məhsuldarlıq və bolluq simvolu olması Novruzun torpaq və su ünsürləri ilə bağlı ayinlərinə uyğun gəlir.

 

Böyük bayram törənləri, şənliklər:

Oğuzların toy, qələbə və önəmli hadisələrlə bağlı qurduqları böyük məclislər, süfrələrin açılması və birliyin gücləndirilməsi Novruz - Yenigün bayramında da əsas yer tutur.

 

Beləliklə, 

Dədəm Qorqud dastanında Novruz bayramı ad olaraq çəkilməsə də, onun ruhuna, sosial strukturuna uyğun olan yaz, yenidən doğuluş, od-ocaq kultu, məhsuldarlıq və birliyə çağırış kimi elementlər açıq-aşkar görünür. Yəni, dastanda Novruz birbaşa olmasa da, öz əksini tapır və qədim türklərin dünyagörüşündə onun izləri aydın görünür.

 

“Alpamış” dastanı

 

“Alpamış” türklərin qəhrəmanlıq dastanıdır və Novruzun-Yenigünün mahiyyəti ilə bağlı elementlər burada da görünür:

-Alpamış uzun ayrılıqdan sonra vətəninə məhz yaz aylarında qayıdır. Bu, Novruzun qovuşma və yenilənmə ruhunu əks etdirir;

-Dastanda ocağın yanması, qutsal sayılması və qorunması ilə bağlı bölümlər Novruzun tonqal yandırma gələnəyi ilə üst-üstə düşür;

-Dastanda toy və bayram süfrələri təsvir edilir, bu da Novruzun kollektiv keçirilən şənlik olmasına bir işarə kimi alqılanmağı haqq edir.

 

“Manas”

 

Qırğızların “Manas” epopeyası dünyanın ən böyük epik irsidir. Burada da Novruzun ruhunu əks etdirən elementlər var:

-Manasın yaşamındakı önəmli hadisələrdən bəziləri yazla və ya yeni dönəmin başlanması ilə bağlanır;

-Dastanda odun qutsallığı vurğulanır, bu da Novruz tonqalları ilə bağlı inanc sisteminə bənzəyir;

-Novruz süfrəsində olduğu kimi, dastanda da müxtəlif nemətlərlə zəngin süfrə açılması və qonaqpərvərlik gələnəkləri yer alır və s.

Yeri gəlmişkən, 

Manasın mənəvi oğlu Çingiz Aytmatovun əsərlərinin bir çoxundan işıq seli kimi keçən etno etüdləri, etnoqatları yada salaq; o cümlədən “Dəniz qırağıyla qaçan alabaş”da Yer üzündə yaşamın su başlanğıcı ilə bağlı dərin bədii-fəlsəfi məqamları xatırlayaq…

 

Digər türk dastanlarında Novruzla bağlı izlər

 

“Oğuz Kağan” dastanı – Günəş və işıq kultu ön plandadır, bu da Novruzun Günəşlə bağlı rituallarını xatırladır;

 

“Köroğlu” dastanı – Qışın sona çatması, yazın gəlişi ilə yeni mərhələnin başlanması Novruz fəlsəfəsinə uyğundur;

 

“Edigey” dastanı – Dastanın bəzi versiyalarında yeni ilin başlanğıcı ilə bağlı təsvirlər vardır.

 

Ona görə də,

türk dastanlarında Novruzun adı çəkilməsə də, onun əsas simvolik elementləri – yazın gəlişi, yenilənmə, bolluq, birliyin güclənməsi, od və Günəş kultu – açıq şəkildə görünür. Bu da Novruzun öz əsl adı (Yeni Gün) və sosial strukturu, mahiyyəti ilə türk ulusunun qədim inancları və mədəniyyətində dərin köklərə malik olduğunu göstərməkdədir.

 

Türk xalqlarına aid qədim yazılı qaynaqlarda  Novruz bayramı birbaşa vurğulanmasa da, onun mahiyyətini və əsas rituallarını əks etdirən motivlər geniş şəkildə yer alır.

 

Kaşğarlı Mahmud dədəmizin “Divanü Lüğat-it-Türk” (1072–1074) əsərində bayramın mahiyyəti ilə bağlı bəzi sözlər, deyimlər mövcuddur.

 

Kaşğarlı Mahmud “Yengi Kün” (Yeni Gün) deyimini işlədərək, yeni ilin başlanğıcını, yazın gəlişini bildirən bir gün haqqında danışır. Bu ifadə məhz Novruzun mahiyyətinə uyğun gəlir, çünki Novruz türklər üçün Yeni Gün demək idi, elə indi də belədir.

 

Yaz və doğanın canlanması ilə bağlı ifadələr:

Kaşğarlı dədəmizin ünlü sözlüyündə doğanın yenilənməsi, yazın gəlişi, otlaqların canlanması, heyvanların çoxalması ilə bağlı sözlər var.

Örnəyi, “Uluğ Yaz” (Böyük Yaz) ifadəsi Novruzun doğayla bağlı mahiyyətinə işarə edir.

 

Kaşğarlı Mahmud türklərin önəmli bayramlarda oyunlar, yarışlar keçirdiyini, süfrələr açdığını vurğulayır. Novruz da tarixi baxımdan belə törənlərlə keçirildiyi üçün bu gələnəklər Novruz gələnəklərinin qədim türklərdə mövcud olduğuna işarə edir.

 

Kaşğarlı ulu bilgin göy cisimlərinin, özəlliklə Günəşin Türk dünyasında önəmli yer tutduğunu yazır. Novruz da Günəşin hərəkətinə bağlı olduğu üçün bu inanc sisteminin bir parçasıdır.

 

Yəni,

“Divanü Lüğat-it-Türk”də Novruz adı ilə açıq bir vurğu olmasa da, “Yengi Kün” (Yeni Gün) ifadəsi və yazın gəlişi ilə bağlı təsvirlər Novruzun Türk dünyasında qədim dönəmlərdən etibarən mövcud olduğunu göstərir. Bu da Novruzun türk xalqlarının mədəniyyətində dərin köklərə malik olduğunu bir daha göstərir.

 

Yusif Balasaqunlunun XI yüzildə yazdığı

“Qutadqu Bilik”

 

Yusif Balasaqunlu dövlət yönətimi, əxlaq, hikmət və dönəminin sosial münasibətləri haqqında yazsa da, əsərdə fəsillər və doğanın dövri dəyişiklikləri də təsvir olunur. Örnəyi,

-Günəşin və yazın gəlişi ilə yenilənmə motivi var;

-Ədalətli hökmdarın doğa qanunlarına uyğun hərəkət etməsinin vacibliyi vurğulanır, bu da Novruz fəlsəfəsinə çox yaxındır;

-Əsərdə yazın insanlara yeni ümid gətirməsinin təsviri də Novruzun simvolik anlamına uyğundur.

 

Yenigen bayramı ilə bağlı Çin qaynaqlarında, Orhun-Yenisey abidələrində (və hələ üzə çıxarılmamış - onu Gün üzünə çıxaracaq ərdəmli türk balalarını gözləyən “külçə mədəniyyət” abidələrimizdə!) daha başqa bilgilər olduğuna inanıram. İnanıram: araşdırmalara cəlb olunmuş bir çox mətnlər, abidələr üzərində yeni baxışla tədqiqatlar aparılması ictimai fikrə yeniliklər qazandıracaq. Elmi-texniki qalxınmanın həm öz cılxa dəyərlərimizi həm alış-verişdə olduqlarımızı həm də başqa dəyərlərlə səhih sınırları üzə çıxarmaqda qatqıda bulunacağına inanıram.

İnanıram, inanıram, inanıram! 

Tanrı necə haqdır!

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2025)

Вторник, 01 Апрель 2025 16:10

“Mənim yolum” – SƏRBƏST MÖVZUDA İNŞA

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Mən həyata üsyan edirəm, yoxsa həyat mənimlə amansız davranır? Bəlkə də həyatınamansızlığı məni üsyankar olmağa vadar edib. Mən həyata meydan oxuyarkən,bəlkə də həyat mənim dözümümü yoxlayırdı. Cavabsız suallarım çoxdur.

 

Hər düşüncə ağlımda yeni bir fikir doğurur. Hər yolun sonu, başqa bir yolun başlanğıcıdır.

Başlanğıcların nə gətirəcəyini bilmək üçün yalnız bir yol var: bu yolu getmək. Haraaparacağını isə yalnız gedənlər bilər. Yol dəyişə bilər, ancaq mənim yönüm dəyişmir.

Yollar məni daraltsa da, mən öz yolumda irəliləməkdən vaz keçmirəm. Dəyişsəmdəyolumu dəyişirəm; ruhumu, düşüncəmi, məqsədlərimi dəyişmirəm.

Günəş ikən niyə kölgə olum?

Dəniz ikən niyə kiçik bir çay olum?

Şimşək ikən niyə qaranlığa bürünüm?

İnsan ikən niyə cansız bir daş olum?

İçimdəki parıltı bir qığılcım olsa belə, mən yolumu gedəcəyəm. Həyatın mənə qarşı amansız mübarizəsi məni daha da dözümlü olmağa vadar edir. Və mən bu mübarizədə qarşılaşdığım çətinliklərə sinə gərərək, fırtına kimi əsib, sonra səssizcə dincələcəyəm...

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı şair Namiq Dəlidağlının şeirlərindən hər gün sizlərə üç yarpaq təqdim edəcək.

 

 

PAYIZ MƏKTUBU

Bu payızdan ayrılıq,
dadı-tamı gəlir, ha.
Sağlığında yad elə,
öldü, hamı gəlir, ha.

Hərdən yolun düşürdü,
bu “xaraba qalmış”a -
Nə vaxtdandı bir güman
ümidinə qalmışam.

Mən “xaraba” deyəndə
bu şəhəri deyirəm.
Sənsiz suyu, havası
bu zəhəri deyirəm.

Deyirsən ki, soyuqdu,
indi “o xaraba”da.
İsti paltar göndərdim
bir köhnə arabada.

Zamanın deyəmmirəm,
nə vaxt ora yetişər.
Deyərəm çıx, qarşıla,
nə vaxt yadıma düşər.

Mən zamana uduzdum,
vaxtı satın alıram.
Bəlkələrlə yaşayıb,

gümanlarla qalıram.

...Məndən adamlıq umma,
adamlıqdan çıxmışam.
Özümü öldürmüşəm,
günahıma batmışam.

Bu qış bura gəlməyin,
yəqin baş tutan deyil.
Nə ünüm sənə yetən,
nə əlim çatan deyil.

…Yaxşı, gecə yarıdı,
gedim bir az dincəlim.
Bu da yarımçıq şeir,
yazmağa gəlmir əlim...

 

 

SEVGİ SÜKUTU
   
Sən verən saatda zaman dayanıb,
əqrəblər donubdu on beş qırx beşdə.
Mənim ad günümdə bağışlamışdın,
sükut ömrü yaşayan bu saatı.
 
Zamanın ən ağır yükü çiynində,
ən ağır yükünü götürüb vaxtın,
susub ölçüsünü itirib vaxtın,
əlləri qoynunda durub dayanıb.
(Zaman əqrəbləri yorub dayanıb)
Nə mən doğulmuşam on beş qırx beşdə,
nə sən doğulmusan bizə dedilər.
 
Bəlkə bir-birə olan sevgimiz ölüb o an,
nə mən bunu bilmişəm,
nə sən bunu duymusan.
 
Təzədən işə salıb qursam da o saatı,
o ömrü ta yaşamaz.
Nakam sevgimizin
matəm anıdı, on beş qırx beş.
Nə isə...
 
Sənə olan sevgimin,
sonra ölən sevgimin əziz xatirəsini
bir dəqiqəlik sükutla tez-tez yad eləyirəm,
 saat on beş qırx beşdə.


  ETİRAF
 
Dünən doyunca vurdum,
sənsizliyin sağlığına.
Vüsal məni çağırmışdı,
hicranın qonaqlığına.
 
İçim, çölüm çox azad,
dərdim, qəmim kəm idi.
Bütün sevdalı başlar,
dünən yəqin dəm idi.
 
Nə qoxun burnumdaydı,
nə adın yaddaşımda.
Sərxoş olmaq arzusu,
dolanırdı başımda.
 
Bilmirdim ki, mən səni,
belə tez unudacam.
...Dünən dünəndə qaldı,
bu gün sənə möhtacam.
   
“Ədəbiyyat və incəsənət”

(01.04.2025)

 

         

 

Вторник, 01 Апрель 2025 15:03

“Qəribə talelər var bu dünyada” - 3 MƏNSUR ŞEİR

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

1.Sadəlik

 

Sadəlik – bunu kimi yaxşı dərk edir, kimi yaman. Yuxarıdan baxırlar sadəyə çox zaman. Sadənin gözü, sözü özündən əzizdir, qəlbi güzgüdən təmizdir. Sadəlik adi olmaqla, bəzən də bir yükdür. Onun həyata, insanlara sevgisi böyükdür. Sadəni sınaqlardan, imtahanlardan keçirir zaman. Ondan “ayaqlar” yer də alır, “dayaqlar” yurd da salır. Qüruru qəlbində, qanında, canında olan sadə hər addımbaşı gözə girmir. Onun anlamayan hər nadandan, naşıdan umacağı yoxdur.

Sadəlik – Gözəllikdir. Gözəlliksə başa bəladır. Lakin Şekspir deyir: “Gözəllik danışmağa başlayanda bütün natiqlər susur.” Deməli, gözəllik – sadəlik hünər çələngi, təkrarolunmaz möcüzə, mənəvi kamillikdir. Deməli, sadəlik – qeyri-adilikdir, alilikdir!

 

 

2.İtiririkmi özümüzü, tapırıqmı

 

Qəribə talelər var bu dünyada. Yarımçıq ömürlər var bu dünyada. İnsanlığını itirənlər, mənəviyyatsızlar, çürük fikirlilər var bu dünyada. Şəxsiyyətini qiymətləndirənlər, uca tutanlar, sevilənlər, sevənlər var bu dünyada. Təəssüflənənlər, təəccüblənənlər, təsirlənənlər var bu dünyada. Haqlılar, haqsızlar var bu dünyada...

Axı bu dünyada insanları iki qüvvə idarə edir?:  - Xeyir və Şər qüvvəsi! Kimidə xeyir çox qalib gəlir. Kimidə şər. Biz bu az-çoxluğu ömrümüz boyu ölçürük, taleyə, qismətə çəkirik. Umuruq, küsürük, gileylənirik, yaxud razılaşırıq, “şükür!” deyirik, sevinirik. Bir vaxt gəlir ki, ruhumuzu yaşatmaqla əzəli-əbədi, gəlimli-gedimli dünya ilə cismən vidalaşırıq. İtiririkmi özümüzü, tapırıqmı?

 

3.Səhv gəlmişəm bu dünyaya  

 

“Məndə bir mən vardır məndən içəri”

(Yunus İmrə)

 

“Mən”imi önümə qoyuram, diqqətlə baxıram, düşünürəm: “Səhv gəlmişəm bu dünyaya...”

Fikrimi mənalı baxışlar, düzgün anlamışlar da təsdiqləyir: “Bəli, gəlmişsən bu dünyaya...”

Yanıram, acıyıram özümə, sözümə. Baxa bilmirəm insanların təmiz olmayan gözünə. Qaçıram, uzaqlaşıram, təkləşirəm, özümlə dərdləşirəm, sakitləşirəm...

Sonra “mən”imi məzəmmətləyir, qınayır, danlayıram. Lakin xeyiri olmayır. Laqeydlik, biganəlik, haqsızlıq və yalan görəndə bacarmıram, razılaşmıram, barışmıram. Uşaq sadəlöhflüyü ilə baxdığım bu dünyaya müdriklik gözümü qısqanıram. Adi baxışlarımla belə görürəm ki, təmiz olmaq mümkün olmur bu dünyada...

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2025)

 

 

Вторник, 01 Апрель 2025 14:34

Musa Ələkbərli ilə hər görüş bayramdır

Nurəddin Ədiloğlu, “Ədəbiyyat və incəsənət” üçün

 

 

...Əlçatmaz, ünyetməz gənclik çağımız keçmişdə qalsa da, adətən, Musa Ələkbərli ilə paytaxtın “Gənclik” adlanan parkında elə gənclik həvəsi ilə səhər yürüşü edərkən görüşürük. Bizim səhər gəzintimizi təbiətə səyahət də adlandırmaq olar. Yolumuzun və duyğularımızın kəsişdiyi bu hündür məkandan Xəzər dənizinin mənzərəsi, Bakının panoramı ilin hər fəslində gözəl, günün hər çağında cazibədar görünür. Musa müəllim bura həmişə incə yumor hissi olan yaxın dostu, “Tovuz Xeyriyyə cəmiyyəti”nin sədr müavini Çingiz Abbasovla birlikdə gəlir. Meşə tipli füsunkar parkın cığırları, enişləri – yoxuşları, süni gölü bizə doğulub boya-başa çatdığımız yurd yerlərini xatırladır... 

 

  Sübh çağı əlimizdəki eyni ölçüdə, eyni biçimdə ağac payalarını görən tanışlarımız zarafatla bizə: “Kəndistan yerində örüşə mal-qara aparan adamlara oxşayırsınız” deyirlər. Etiraf edim ki, parkda coxlu sahibsiz itlər "meydan sulayır", fındıq ağacından olan bu payaları bizə Tovuzdan Çingiz müəllim həm də özümüzü sürü ilə gəzən itlərin qəfil hucumundan qorunmaq üçün gətirib. Musa müəllim azca əyilmiş qamətini dikəldərək yol gedə-gedə söhbət edəndə ağac payasını ehmallıca çiyninə qoyur, elə bil Bakının Əhmədli yaylasında deyil, dağlar qoynunda yerləşən Gədəbəyin Ataxal kəndinin eniş-yoxuşlarında gəzib-dolaşır. Hər bir yaradıcı insan kimi onun da şəhərin səs küyündən uzaqda keçən qayğısız uşaqlıq, qaynar gənclik çağlarının xatirələrini dinləmək bizə xoşdur... Yetmiş beş illik yubileyi ərəfəsində ulu Göyyurdun dağlarından, zümürd meşələrindən, büllür bulaqlarından ötrü qəribsəmiş müdrik şair hərdən poetik və həzin notlar üstündə köklənən duyğularını da dilə gətirir. Axı, Musa Ələkbərlinin ilhamının mayası da doğma Vətən torpağına, el-obaya sevgidən doğrulub, məhəbbətdən yoğrulub. Ədəbiyyatımızın cəfakeşi, görkəmli tənqidçi  Vaqif Yusiflinin təbirincə desək, Musa müəllim öz kökünə-soyadına, ocağına-suyuna bağlı qələm sahibidir. “Özü şəhərdə yaşasa da, sir-sifətindən, yerişindən, danışığından, hətta şeirlərindən doğulduğu kəndin qoxusu gəlir...” Doğrudan da, Musa müəllim köksündə kənd uşağının saf ürəyini gəzdirən, dünyaya gözləri ilə deyil, könlü ilə baxan və heç vaxt köhnəlməyən köhnə samballı kişilərəndir. Burda, yəni bizim gəzib-dolaşdığımız parkda kimi ona Musa müəllim, kimi şair, kimi də Musa dayı deyə xitab edir. Ağsaqqal şairlə səhər çağı təmiz havada gəzib - dolaşmaq həm də ədbəbiyyatla nəfəs almaq deməkdır. Bəzən də gəzə-gəzə biri-birimizə orta məktəb və tələbəlik illərimizin ən yaxşı, ən yaddaqalan anlarından söhbət açırıq. Musa müəllim demişkən, xatirə yağışlarında yuyuna-yuyuna  dünyanın pak, təmiz uşağı oluruq.  Onu da deyim ki, Musa müəllimin Bakıya gəldiyi günlərin məcara dolu silsilə xatirələri bir kitaba sığmaz.

  

  Universitetin filologiya fakültəsinin ikinci kursunda təhsil alarkən Hüseyn Arifin  “Uğurlu yol”u ilə şeirlərinin işıq üzü görməsi, sevimli müəllimi Bəxtiyar Vahabzadənin  xahişi ilə Maarif Nazirliyindən “azad təyinat” alması, İyas Tapdığın yaxından köməkliyi ilə əvvəlcə “Qızıl Şərq” mətbəəsinə, sonra isə “Gənclik” nəşriyyatında işə düzəlməsi, “Məndən şeir istə" adlı ilk kitabının (1977) nəşrindən sonra Qulu Xəlilovun "Ədəbiyyat və incəsənət" qəzetində ona açıq məktub yazması, "Qanlı göl" adlanan ərazidə heç bir şəraiti olmayan gecəqonduda yaşaması, Azad Talışoğlunun sayəsində paytaxtda qeydiyyata düşməsi, Ənvər Əhmədin ərzibəndəlik etməsi ilə böyük sənətkar və ictimai xadim İsmayıl Şıxlı Yazıçılar Birliyinin (o vaxt İttifaq adlanırdı) rəhbəri olarkən mənzillə təmin olunması ömrünün ən nurlu və unudulmaz səhifələridir. Musa müəllimin bu həzin xatirələrində həm  XX əsrin 70-80 - illərində respublikamızda istedadlı gənclərə dəyər verən nurlu ürək sahibləri yada düşür, onların xeyirxah obrazları göz önünüdə canlanır.

  ...Qırx hektara yaxın ərazisi olan meşə-parkın ortasında, yuxardan baxanada səkkiz rəqəminə oxşar kiçik göl var. Musa Ələkbərli bəzən gölün kənarındakı oturacaqların birində əyləşib dostu Çingiz müəllim və qocaman pedaqoq Ənvər Əhmədli ilə şirin-şirin söhbət edir. Biz isə – Fərman, Vəli, Əhməd, Nazim, Elşən, Tahir, Yaşar, Elman yuxarıdakı açıq meydançada voleybol oynayırıq. Oyun qurtarar-qurtarmaz Fərman Laçınlı deyir ki, Ədiloğlu, Musa dayını çoxdandır ki, görmürəm, gedək ona baş çəkək. Üzü aşağı velosiped cığırında Nizami ağac payasını əlində yellədə-yellədə bizə qoşulur. Və Musa müəllimə çathaçatda  payasını saz kimi sinəsinə basıb deyir:

 

Axı nə fərqi var, kimdir, nəçidir,

İnsan bu dünyada kirayəçidir.

Hər ömrün sonu var, ölüm də haqdı

Can ilə ödənir kirayə haqqı...

 

imiş. O qələm adamı xoşbəxtdir ki, kağıza köçən sözləri bir şam işığıtək oxucunun qəlbinə süzülüb ruhunu oxşayır, dilində əzbərə çevrilir. 

Musa Ələkbərli on dörd yaşından bədii sözə könül verib, qələmə pənah gətirib. Vətənin, doğma yurdun təbii gözəlliklərini ülvi bir hisslə tərənnüm edib. Artıq 60 ildən çoxdur ki, kədərli-sevincli, acılı-şirinli, enişli-yoxuşlu şair ömrünü yaşayır. Bu gün də Musa Ələkbərli cavanlıq şövqü ilə həyat dastanını yazıb-yaradır. Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılığı ilə yeri və mövqeyi olan söz ustası düz beş il öncə  70  yaşına  xitabən belə yazırdı:  

 

Salam yetmiş yaşım, ay üzü nurlum,

Ömrümə-günümə xoş gəldin, salam.

Ay sevda həvəslim, şeir qürurlum

Yadıma saldın ki, mən ağsaqqalam.

                             ***

Tərifə qərq edim, öyüm nəyini?

Sən mənə nə şöhrət, nə şan gətirdin.

Bir kənd uşağının saf ürəyini

Ahıl bir qocaya nişan gətirdin...

 

    Mənim  fikrimcə, Musa müəllimin bu şeirini  onun 75  yaşına da şamil etmək olar.

 Çünki “Şairlik ən ali məqamdı, vallah!..” deyən sənətkar elə yetmiş beşi llik ömründə də ən böyük rütbəni, ad-sanı özünün qətiyyətli və işlək qələmilə qazanıb. Bəli, SÖZ yaradıcı insanın əsl sərvəti, ən böyük varidatıdır. Söz qələm adamının taleyinə zinət verən Tanrı nemətidir... Məhz sözün qüdrətiylə Musa Ələkbərli öz poetik “mənini” sənət zirvəsinə qaldıra bilib. Elə bu zirvədə şairin kəmali-iftixar ilə izhar elədiyi “Tanrı mənə söyləməsə yazmaram” poetik bəyannaməsi sənətkar ömrünün ən uca həqiqətidir (Sadıq Elcanlı) fikri də təsadüfi qənaət deyil. İlhamı göylə yer arasına körpü salan Musa Ələkbərli “şeir möcüzədir” deyir. “Elə ki, şeirdən uzaq düşürəm, yerdən də, göydən də əlim üzülür...” qənaətinə gələn şair həmin şeirin son bəndində Ölüm Mələyinə də belə bir icmarış da göndərir:

 

Açılsın gözümdə göylərin qatı,

Uçmaq eşqim varsa ölməyəcəyəm.

Əzrayıl da bilsin mən bu həyatı

Şeirsiz bitirə bilməyəcəyəm!

 

Musa Ələkbərli nədən, hansı mövzudan yazırsa yazsın, onun poeziyasının öz işığı, öz rəngi, öz çaları var. Oxuculara təqdim etdiyi “Ürəyimin işığında”, “Bəlkə bir də görüşdük”, “Gözlərim yol çəkir”, “Aydanım ay işığı”, “Gözümdə ağlayan bulud” və başqa kitablarındakı insana, vətənə, təbiətə sevgi, məhəbbət aşılayan şeirlərində özünəxas şirin dilli, xoş ləhcəli ifadələri bulaq suyu kimi içmək, dağ havası kimi ciyərlərinə çəkmək istəyirsən... Musa Ələkbəlinin şeirlərində musiqililik də var, həyat lövhələrinin rəsmi də, xalq müdrikliyindən qaynaqlanan ifadələr də. Bir çox poetik düşüncələri aforizm kimi səslənir: “İnsanlar ac nəfsə qul olmasalar, Dünyanı sevgiyə kökləmək olar!” Geçəkdən də mənəmlik iddiasına düşüb, nəfsinə qul olan insanların ucbatından dünyada haqsızlıqlar, ayrı-seçkilik, ədalətsizliklər baş alıb-gedir...   

Əlbəttə mən tənqidçi deyiləm, ona görə də Musa Ələkbərlinin poeziyasını təhlil etmək niyyətinən uzağam.  Çünki zamanında  Rəsul Rza, Bəxtiyar Vahabzadə, Elçin, Məmməd Araz, Xəlil Rza Ulutürk, İlyas Tapdıq, Qulu Xəlilov, Vaqif Yusifli, Nizami Cəfərov və başqa adlı-sanlı sənətkarlar, görkəmli alimlər, ədəbi tənqidçilər onun poeziyasını yüksək qiymətləndiriblər.

 

 Qeyd edim ki, 75 illik yubileyi ərəfəsində Musa Ələkbərlinin “Elm və Təhsil” nəşriyyatımda “Sözün qiyaməti qopan yerdəyəm” adlı 776 səhifəlik şeirlər və poemadan ibarət kitabı işıq üzü görüb. Kitabda şairin son iyirmi ildə qələmə aldığı şeirlərinin mühüm bir hissəsi toplanmışdır. “Ön söz”ü yazıçı İradə Aytelə məxsus olan kitabda vətənimizin bütövlüyü uğrunda vuruşan qəhrəman oğullarımıza həsr olunmuş şeirlər xüsusi maraq doğurur.  Milli Qəhrəmanımız Mübariz İbrahimovdan bəhs edən “Mübarizlik dərsi” poemasında Musa Ələkbərli poetik düşüncələrlə Mübarizi yetirən qədim Biləsuvarın Əliabad kəndindən tutmuş böyük Azərbaycana qədər müqəddəs VƏTƏN kəlməsini sözün ən ali zirvəsinə qaldırır. Hələ 14 il əvvəl "Azərbaycan" jurnalında (2011-ci il, №1) dərc edilmiş bu poemanı misra-misra oxuyan  filologiya elmləri doktoru Vaqif Yusifli yazırdı: “Musa Ələkbərli bu poemanı yazmaqla poeziyada da MÜBARİZLİK DƏRSİNİN başlandığını əyan elədi. Poeziyanın silahı sözdür... "Mübarizlik dərsi" poeması göstərdi ki, Söz də bir silahdır!”

Düz deyirlər ki, şair yaşadığı zamanın, ictimai mühitin barometridir. Bu fikir Musa Ələkbərlinin simasında bir daha öz təsdiqini tapır. Mənə elə gəlir ki, əsl şairlərdə bir az sufiyanə, bir az da dərvişyana əlamətlər olur. Musa Ələkbərli də öz nəfsinə ağalıq edən, Allahın verdiyinə qane olan halal adamdır. 

Musa müəllimin gözəl xasiyyəti var, “Baharda sevgisiz yaşamaq olmur” – desə də mən onun ilin bütün fəsillərində insanlara, dost-tanışa tükənməz sevgisinin şahidi olmuşam. Ürəyinin qapısı dostlar üçün açıq olan Musa müəllimin bir kitabı da "Ürəyimin qapısından keçənlər" adlanır. Bu kitabda Azərbaycanın bütün bölgələrindən olan dəyərli elm, mədəniyyət, ədəbiyyat, sənət adamlarına bir-birindən maraqlı şeirlər ithaf edib. Haqqı nahaqqa verməyən, bir qətrə yaxşılığı belə unutmayan İNSANDIR Musa müəllim. Ötən il Yazıçılar Birliyində şair, yazıçı, dramaturq, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində uzun müddət “Hünər” Hərbi-Vətənpərvərlik Redaksiyasına rəhbərlik etmiş Məmməd Kazımın 90 illik yubileyinə həsr olunan  xatirə gecəsi keçirirdik. Etiraf edim ki, Məmməd Kazımla 50 ildən artıq duz- çörək kəsən qələm adamlarından çoxu müxtəlif bahanələr edib o məclisə gəlmədilər. Musa müəllim səhhətində narahatçılıq hiss etsə də tədbirin əvvəlindən axırınacan iştirak etdi və Məmməd Kazımın həm ona, həm də şair qardaşı Bəhlul Ataxallıya göstərdiyi diqqətdən maraqlı epizodlar danışdı. 

Eləcə də Azərbaycan Nəşriyyatında rəhmətlik Ramiz Hümmətovu hamımız yaxşı tanıyırdıq. O, təkcə dövri nəşrlərin deyil, neçə-neçə görkəmli şair və yazıçının kitablarının  araya-ərsəyə gəlməsində  zəhməti olan peşəkar dizayner idi. Riyaziyyatçı olsa da, sazın, sözün vurğunuydu. Azərbaycan ədəbiyyatını, folklorunu dərindən bilirdi. Ramizin qəflətən ölümü Musa müəllimi çox sarsıtmışdı.  O gün şair ürək ağrısısı ilə bu misraları yazmışdı:

 

                           

Sən idin ağrını, acını yenən,

Qoşmayla dillənən, cinasla dinən,

Bizim toyumuza gəlmişdin dünən,

Bu gün necə gedim yasına, Ramiz!

 

...Zamanın burulğanlarından sağ-salamat, həyatın sınaqlarından üzüağ çıxan, daim poetik dünyasına bağlı olan Musa Ələkbərli bu gün də ədəbi prosesdə öz missiyasını layiqincə davam etdirir. Təbii ki, insanın yaşı artdıqca ömrü də qısalır. Əminəm ki, bütün Musa Ələkbərli poeziyasını sevənlərin bu bahar 75 illik yubileyini qeyd edən şairə mənim kimi bir arzusu var: Qoy ulu Tanrı qəlbi yazıb-yaratmaq eşqi ilə döyünən Musa müəllimə ilk növbədə möhkəm cansağlığı versin!

Gələn yubileylərində görüşmək ümidilə.

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2025)

 

           

                              

 

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Təbiidir ki, illərdir bir çox müəlliflər uğur qazanmağın yollarını göstərmək niyyəti güdən kitablar yazıblar. Onların içində adı dünyalarca məşhurlaşanlar, ən tanınmış motivasiya spikeri adını alanlar da var, yazdıqlarını bestseller səviyyəsinə daşıya bilməsələr belə, kütləvi oxucu qazanmaq şərəfinə nail olanlar da var, heç bir iz qoya bilməyərək yazdıqlarının makulaturaya çevrilməsiylə barışanlar da var.

Əlbəttə ki, mən öz tədqiqatım boyunca ən çox səs-küy qoparan «uğurqazanma bestsellerlərinə» toxunacağam. Oxuculara oxunması məsləhət görülən bu bestsellerlərin əsas müddəalarını göstərəcək, tezislərini qabardacağam.

İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luğa nəzər yetirməyi davam etdirək.

 

 

Napoleon Hill, «Düşün və varlan»

 

Hətta belə bir deyim var, həyatında müəyyən uğur qazanan insan, hökmən Napoleon Hillin sözügedən bu kitabını yəqin ki, oxumuş insandır.

Bu gün bu kitab planet boyu milyon tirajlarla çıxır, (indiyə kimi 30 milyondan çox nüsxəsi satılıb), əksər biznesmenlər Napoleon Hilli uğur psixologiyasının banisi hesab edirlər. Bu kitabın hər bir uğurlu insanın, biznesmenin stolüstü kitabı olması da iddia olunur. Həyatının 20 ili boyunca Endryu Karnegi, Henri Ford, Tomas Edison və digər ən şöhrətli varlı insanların həyatını öyrənən, 5000 ən varlı amerikalıdan həyatları ilə bağlı müsahibələr alan müəllif sonda belə bir qənaətə gəlmişdir ki, bu şəxslərin hamısı oxşar xüsüsiyyətlərə malik olmuş, müvəffəqiyyət qazanmanın eyni qanunlarına riayət etmişlər.

Bu elə bir kitabdır ki, onu təkrarən oxuyacaq və hər dəfə yeni bir şeylər tapacaqsınız. Dünyanın ən varlı insanlarının uğur sirrini bilmək sizə zarafat gəlməsin.

Kitabda xoşbəxt həyatı təmin edən müvəffəqiyyətin 13 prinsipi də verilmişdir və təsəvvür edin, bütün bu prinsiplərin mayasında inam dayanır. (Mən sonrakı hissədə hədsiz maraq doğuran bu prinsipləri ayrıca oxucularıma təqdim edəcəyəm).

 

“Ədəbiyyatvə incəsənət

(01.04.2025)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

 

Deyir ki:- “Bu gün teleseriallar Azərbaycanın ən ağrılı yeridir. Düzdür, yaxşı serial çəkən rejissorlar var. Amma teleserialların sifarişçisi olan telekanallar biabırçı gündədir. Bir vaxtlar elə verilişlər var idi ki, onu həsrətlə gözləyənlər olurdu. Nəticəsi nə oldu? Mütəxəssis kənara atıldı. Amma belə olmamalıydı. Demirəm, indi perspektivli rejissorlarımız yoxdur. Var, lakin qarşıya qoyulan məqsədə çatmaq olmur. Çünki aktyorların çoxu "küçə"dən tutulmadır. Ömrünü sənətə həsr edən aktyorlar isə kənarda qalıblar. Çox narahatam ki, narkomaniya, mafiya və digər mənfi xarakterləri təbliğ edən filmlər telekanalları başına götürüb...”

 

Əsilzadə adamdır. Ulu babası Əli ağa Hüseyn ağa oğlu XVIII əsrin əvvəllərində Qarabağın Dədəli oymağının başçısı olub. Əli ağa öncə Osmanlılara xidmət etsə də, sonradan Qızılbaşlara qoşulub. Bir müddət Şah II Təhmasib Səfəviyə xidmət edib. Sonra Nadir şahın ordusunda Osmanlılara qarşı vuruşub. Nadir şahın ölümündən sonra isə ömrünün sonunadək indiki Füzuli rayonunun Dədəli kəndində yaşayıb...

İşgüzar, bacarıqlı, becid adamdır. Təşkilatçılığına isə söz ola bilməz. Əgər aktyorluğu seçməsəydi, bəlkə də indi hansısa böyük vəzifədə çalışırdı.

 

Bəli, bu gün sizə “Tütək səsi”, “Sevinc buxtası”, “Gözlə məni”, “Qanlı zəmi” kimi məşhur Azərbaycan filmlərində rol alan, aktyor Gəray Ayaz oğlu Əlibəyovdan söhbət açmaq istəyirəm. Bir neçə gün öncə 70 yaşı tamam olan Gəray müəllimdən.

Gəray Əlibəyov 1955-ci ildə Füzuli rayonunun Dədəli kəndində doğulub. Səkkizillik təhsilini həmin kəndə, tam orta təhsilini isə Füzuli rayonu Bünyad Sərdarov adına məktəbdə başa vurub. Sonra Azərbaycan Dövlət İncəsənət İnstutunda ali təhsilə yiyələnib. Sumqayıt Dövlət Teatrında aktyor, Veteran klubunda direktor, Araz kinoteatrında müdir müavini, Araz kinoteatrında direktor, "Sinema" kiçik dövlət müəssisəsində direktor, "Elşad K" şirkətində prezident, Mədəni İnkişaf Mərkəzi ictimai birliyində sədr, ULUS FİLM prodüser mərkəzində direktor vəzifələrində çalışıb. Bir müddət də Simurq.info saytının baş redaktoru kimi fəaliyyət göstərib.

2005-ci ildən 565 №-li Şəhadətnamə ilə Azərbaycan Respublikası Əslzadələr Məclisinin üzvüdür.

Bir müddət Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri olub. O dönəmlərdə şura adına çox önəmli layihələrin icrasına nail olub.

 

Deyir ki:- “Doğrudur, indiki tamaşaçılar ciddi verilişlərdən daha çox bayağı verilişlərə baxmağa üstünlük verirlər, amma buna baxmayaraq, telekanallar eldən-obadan, tarixdən və digər maraq yaradacaq maarifləndirici məsələlərdən göstərməlidirlər ki, insanlar baxıb, yeni bir şey eşidib bəhrələnsinlər. Yoxsa "bu onun anasını belə etdi", "o bunun bacısını..." Bu ruhda böyüyən nəsil nə olacaq? Bu seriallar milləti hara aparacaq? Bəlkə qocalmışam? Amma bilirəm ki, bu təbliğat uçuruma aparır. Televiziya cinayəti, pozğunluğu göstərir, cinayət də günü-gündən artır...”

Təkcə bədii filmlərə çəkilməyib, həm də iyirmiyə yaxın sənədli filmin ssenari müəllifi, eləcə də bəzilərinin direktoru olub. Telekanallarımızın bu günki vəziyyətindən çox narahatdır. Bir ziyalı, incəsənət adamı kimi bütün bunlara biganə qala bilmir, ürək ağrısı ilə söhbət açır:

“Televiziya kanalları düz mövqe tutmayıb. Bunun bir adı var- miilli-mənəvi dəyərlərin məhvi... Qəribədir ki, bu ölkədə hamı dedektiv kitablar oxuyur. Sanki təbliğat insanları buna məcbur edir. Gözəllik və romantizmə baxan belə yoxdur. Hər bir dövlətin milli ideologiyası var. Bizim kanalların apardığı ideologiya isə qeyri-müəyyən və mücərrəddir. Bu təbliğat isə mənəvi dəyərlərə xidmət etmir.”- söyləyir.

Səhhətində ciddi problemlər yaranan Gəray müəllimin xeyli müddətdir ki, fəaliiyət göstərə bilmir. Ona tezliklə sağalmasını, 71 yaşına tam gümrah çıxmasını arzulayırıq. Hələ onun, mədəniyyətimizə verəcəyi töhfələr bitməyib.

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2025)

 

 

Вторник, 01 Апрель 2025 13:05

BİRİ İKİSİNDƏ – Nübar Eldarqızının şeirləri

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Nübar Eldarqızının şeirləri təqdim ediləcək.

Nübar çox fərqli yazır. Süjetli, sirli, mistik… Hardasa təəccübləndirir, lap heyrətləndirir də. Əslində, elə ən böyük uğur da heç kəsə bənzəmədən özün olmaqdır.

 

 

TALE VARMIŞ...

 

Anam öləndən sonra

evlənmək istədi atam.

– Neyləsin yazıq adam,

7 il iflic qadını üçün

dua eləmişdi Allaha...

Cavanlardan kim eşitdi,

dedi, nahaq,

neynir o yaşda kişi evlənməyi?

Ən çox evdəki bacım

üsyan edirdi bu qərara.

Anamın axirətliyi qonşu qadın,

bir kəlmə demişdi ki,

kişi arvadsız qala bilməz, –

bacım az qalmışdı onu

evdən qovub çıxara...

Sonra...

Daha heç kəs qarışmadı...

– Anam nə qədər ki sağdı,

ruzidi, oddu, ocaqdı, –

evdə hər şey yolundaydı.

Yaxşı da olmasa, babatdı...

Yaşını bəhanə eləyib iş yeri 

atamı işdən çıxartdı, –

anamdan sonra...

Atam, onsuz da azdanışandı,

daha da dinməz oldu,

süstləşdi...

Arıqladı,

səhhəti pisləşdi...

Atamızın ən ağır vaxtlarını

ən çox o bacım görmüşdü.

Danışır ki,

bir dəfə həyətimizin iti

adamı tanımayıb hürmüşdü...

O zaman mən qonşu kənddə

"Sürgündə" yaşayırdım.

Çətin şəraitdə, dar gündə yaşayırdım...

Bir çətən külfət vardı o evdə...

Müharibə, yoxluq, qıtlıq...

Söz-söhbətdən bezirdik...

– Nə qədər uzatsam da, 

"iki addımlıqdan" əlim çatmırdı atam evinə...

Adam ata evinə gedəndə sevinər,

anasız evdə sevinc nə gəzirdi?!

– Bu gün hamı siyasətdən danışır...

Sizlərdən kim bilir,

– ən böyük siyasətçi fələkdi!?

Bacım illər sonra iki uşaqlı dul kişiyə ərə gedəcəkdi...

 

 

VER ÖZÜNƏ

 

Söy bu baxtı, bu taleyi:

– Ay bu baxtı, bu taleyi!..

Qıy bu baxtı, bu taleyi,

Kim yazıbsa, ver özünə!

 

Yaza-yaza şair yazdı, –

Qismətini sözdən asdı!

Xoşbəxtliyi bir abzasdı,

– Kim yazıbsa, ver özünə!

 

...Qəlbimdə bir darıxmaq var!..

Bu depressiyadan çıxmaq var...

Bir ad yazılı çaxmaq var,

Kim yazıbsa, ver özünə!

 

 

SÖZ BAZARI

 

Bu gün söz bazarına getdim.

Bir tərəf qələbəlikdi.

Ucuz söz qalmamışdı.

Məsələn: – yaltaq", "qorxaq"...

"Binamus", "biqeyrət",

"Vicdansız"tək sözlər hamsı

alınmışdı.

Bir ucdan alıcı gəlirdi-

Hər zümrədən...

Hara getdim, 

hər yerdə növbə...

Bir söz vardı,

Almaq istəyən ən çox qocalardı:

– "Tövbə!"

"Qəddarlığ"ı alan çox,

"Nankorluğ"u alan "N" qədər!..

Bəzi sözlər vardı ki,

Tələb təklifdən çox geriydi.

"Təmənnasız", "minnətsiz"...

"Yaxşılıq" da onlardan biriydi...

Bir ağsaqqaldan  sordum:

Ümumi vəziyyət

necədi?

– Kasadlıqdı, – dedi.

– Ən dəyərsiz  söz "insan",

Ən baha söz

"Azadlıq"dı...

 

 

BİR, DOQQUZ, ÜÇ, YEDDİ...

 

Qapı-baca bilmir, gedir, qayıdır...

Sanki məhərrəmlik, oruc ayıdır.

İştahı diş altda, dibsiz quyudur, –

Çoxdan tanıyıram mən bu taleyi.

 

Sümük tulladılar, cumdu köpəklər,

Harda yağlısı var, qapdı zirəklər...

Qırmızı cizgini aşdı tək-təklər,

– Çoxdan tanıyıram mən bu taleyi!

 

– Onu Seyid Əzim, Sabir yaşadı,

Müşfiq Nargin, Cavid Sibir yaşadı,

Adını gözləyən məzar daşıdı! –

Çoxdan tanıyıram mən bu taleyi.

 

...Sən qədər yazarsan, – pozan tapırlar!

Xaindir! – Ad qoyan "ozan" tapırlar.

Bu cəhənnəm, bu qır, – qazan tapırlar,

Çoxdan tanıyıram mən bu taleyi!

 

Bəraət!..

Nə acı bir güzəşt oldu...

Sonra küçə oldu, prospekt oldu...

Dərsliyə salındı, sual, test oldu, –

Çoxdan tanıyıram mən bu taleyi!..

 

– Üstün dəyişiblər, alt qatı eyni!

Edam olunanı, cəlladı eyni...

Bir, qoqquz, üç, yeddi, – kod adı eyni,

Çoxdan tanıyıram mən bu taleyi!..

 

 

ADAM TƏLƏSİ...

 

Bu oğlan dəlidir, – bir qız dəlisi!

– Divanə bir qız var,

eşqə düşübdür...

– Bəs eşq özü nədir?

– Adam tələsi!..

 

Bu sevgi yaşanan yaz, – çoxdan olub... 

Bu, qoca qarıdır, qız  çoxdan ölüb...

Dipdiri bir eşqə heykəl qoyulub,

Üstündə ağlayan illər ölüsü...

 

Orda bir ev vardı, uçulub ölüb...

Vaxtı çatan-çatan seçilib ölüb...

Adam var, gözümdə kiçilib, ölüb, –

Ölümün də beləsi.

 

 Başı dik saxlamaq ağıl istəyir.

Düz sözü söyləmək oğul istəyir.

3 alma EŞQinə nağıl istəyir

Millətin köləsi!

–EŞQ – adam tələsi!

 

 

QƏMİN AQREQAT HALI

 

Niyə məni görmürsünüz? –

Gözünüzün önündəyəm...

Qəmin aqreqat halında,*

Şairin it günündəyəm...

 

Misqal-misqal, dirhəm-dirhəm,

Qüssə çəkir, dərd bölürəm,

Mən hər gedənlə ölürəm,

Hər gələnin sinnindəyəm.*

 

Güzgüyəm, bax, özünü gör, –

Əziləndə əzəni gör!..

Sən istəsən, yüzünü gör, –

Mən bilirəm, minindəyəm!

 

Yal üçün yalaq olmadım,

Gül oldum, alaq olmadım!

Kimsəyə calaq olmadım,

Dədə-baba genindəyəm!

 

Hər dəmir qatar götürmür,

Hər zaman Nübar yetirmir!

Nübar bitir – Haqq bitirmir,

Fərqindəsiz,  zənnindəyəm!

 

 

BİTMİŞLİYİN TƏNTƏNƏSİ

 

Hər şeyin əvvəlinə sonu yazılıb.

"Yararlılıq müddəti" insanın alnına cızılıb.

Ona görə inanmıram möcüzəyə...

Sevgim sözüm kimidir:

yerinə düşmədi...

Mən də elə tərsəm,

Heç yerimi dəyişmədim!..

Üsyankaram hər şeyə!

– Niyə əsgər əsgəri öldürür,

Niyə?

Torpaqmı az, yermi yoxdur,

İnsanın insanla nədir sorunu?

Niyə insanlar milliyyətinə, dininə,

Dinsizliyinə görə mühakimə olunur?

–Niyə?!

Suallar qarşısında acizəm deyə,

Ədalət məhkəmələrini yox,

ilahi ədalətii çox sevirəm:

 Sonda bütün zülmkarlar – fironlar, tiranlar, diktatorlar

haqqın lənətinə qovuşur!

 Bu dünyada olmasa da,

axirətdə haqq yerini tapır.

Oxşar talelilər bir-birinə qonşudur: –

Cənnətliklər, cəhənnəmliklər...

Nöqtələr...

Nöqtələrin piki – Nida!

Bitmişliyin təntənəsi!

Və son:

İnkişafın-pik nöqtəsi!

Zülmün-pik nöqtəsi!!

Səbrin-pik nöqtəsi!!!

Əlvida, dünya, əlvida!..

 

 

XAOS

 

– Bütün ölülər müflis olmuş dirilərdir!

Çılpaq ruh qalxır göyə...

İnsanlar bir gün belə dözmür sevdiyinin ölüsünə,

Ya torpağa göndərirlər, ya da krematoriyə...

Ona görə

Özləmişəm "yox"olmağı!

Doğulmazdan əvvəl

hər şey – YOX idi!

Var olduq, olmadıq,

"Ömür" deyilən başımıza min corab toxudu.

– Bir yanda bəsirət, bir yanda cəhalət...

Bir tərəfdə qüdrət, bir tərəfdə nifrət...

VƏ BİR QRAM AZADLIQ üçün çəkilən zillət!..

Sonra...

Düşüncələrini qəlbinə – ev həbsinə göndər və sus!

SOS!

– İnsanlıqda düşüş – qiymətdə endirim!

– Vicdan çatışmazlığı,

qeyrətdə endirim...

Və budur dünyanın mənzərəsi:

– Kölələrin sonsuz narazılığı,

asilərin ümidsiz mübarizəsi,

mütilərin şükranlığı...

Ən pisi gecələrin deyil, səhərlərin qaranlığı... 

Və daha da pisi –

Tənhalıqdan şikayət də bir dəb...

– Əsl yalnızlığı bir sən bilirsən,

ya Rəbb!!!

 

Epiloq:

 

– Bizi ancaq inandıqlarımız aldadır...

Bizi ancaq sevdiklərimiz ağladır...

Bizi ancaq yazdıqlarımız anladır...

 

 

FEVRAL QALDI ÜSTÜMÜZƏ

 

Ağzı pozuq, ağzı yava,

Biri toyda saldı dava.

Sümüyünə düşmür hava,

Söz də soxdu bəstəmizə.

 

Fərdlər yeni,

dərdlər təkrar,

 Yoxsula – yox! Varlıya – var!

Şərbət verən nəbzi yoxlar,

Dərman olmaz xəstəmizə!

 

Ha mərd ol, ha döy döşünə,

Əl uzadan yox düşənə!

Dost olduğuyçün düşmənə –

Düşmən olduq dostumuza.

 

Ruhduq, canı ödünc aldıq,

Gen dünyadan bir künc aldıq.

Zalım fələkdən gün çaldıq, –

Fevral qaldı üstümüzə!..

 

 

ƏRƏFƏ

 

Küləklər ahdan başladı.

Yağışlar şehdən başladı,

Adəm ilə Həvva çaşdı,

Dünya günahdan başladı...

 

Bir günah da biz elədik,

Elə bildik, düz elədik,

Çatana "sevirəm" deyib

Sözü sevimsiz elədik...

 

Nə qədər eşq, o qədər qəm!

Belə gəlib dünya, aləm.

Kimi bizi qaraladı,

Kiminə biz cəkdik qələm...

 

Keçmir bu Yerdə nazımız,

Eyzən qəm çalır sazımız.

Torpaq payın alıb susur

Razımızla narazımız...

 

Günəş keçir o tərəfə:

Xəbərdir, qoyulur zərfə.

Səhər əyan olacaq, bu

nəyə son, nəyə ərəfə...

 

 

MANQAL SƏFASI

 

Quzunun nəslini araşdırdılar,

Sütülü manqala yaraşdırdılar!

Qıp*-la qırmızını yarışdırdılar, –

Mən də nəticəni maraq elədim.

 

Ətlər gah istiot, gah duz istədi...

Piylər cız-bız oldu, off, nə istidi!

Ən məsum günahkar, bəlkə, tüstüdü, –

O da gözlərimi sucaq elədi...

 

Halva söyləməklə dil dada gəlməz.

Tox acın halını, əlbəttə, bilməz!

Göz haqqı var imiş, burun haqqı bəs? –

Qonşuları iyə qonaq elədik...

 

Ağızlar sulandı, pozuldu süslər,

Qədəhlər toqquşdu, kəsildi səslər,

Quzular yeyildi, soyudu hisslər, –

Utanmadan qurda qınaq elədik!

 

 

ZORNAN OLMUR...

 

Bir ay gözə görünmürsən,

Maraqlanan, soran olmur.

Hər şey yazılıb, oynanır,

Və heç bir şey zornan olmur!..

 

Bunca din var, günah bitmir...

Niyə göylərə ah çatmır?

Adam çoxdu, Allah çatmır?!

Tək-tək olmur... xornan olmur...

 

Səhv elədik, yazar olduq,

Aldıq, satdıq, bazar olduq...

Yalvarmaqdan bezar olduq,

Yağnan olan şornan olmur!..

 

Ümidlərim çilik-çilik,

Qəlbim desən, dəlik-dəlik,

Dərdə çıxıram gündəlik,

Yoxnan olur, varnan olmur!

 

Qapı varsa, açanı var!

Dəlikdən də keçəni var!

Yəni baxtdan qaçanı var? 

Tale korsa?!

Kornan olmur...

 

 

ƏRİZƏ

 

Açar deşiyindən azadlığa baxan qadın, 

Ərinin qorxusundan hər gecə sancı çəkən, 

doğan qadın 

Gündə bir final fikirləşir

Həyatının sonu üçün. 

Əlinin içində yazılıb hər şey...

Hər səhər dua zamanı

Allaha açır əllərini, 

göstərir "ərizə”sini, 

– Məni bu həyatdan azad et, Allah!

 

 

TABLO

 

– Şahə qalxmış dalğalar

Sahildə nə görubsə,

donub qalıb...

Arxa fonda qızılı-qırmızı rəngə

boyanmış üfüq

və...

günəş elə o andaca sönüb qalıb

tabloda...

 

Qıy vura-vura quşlar

Keçir bizim səmadan,

Qəriblikdə ölən var...

 

İnsanlıq elə öldü,

Bir saf toxum qalmadı.

Doldu qum saatımız,

Səhrada qum qalmadı...

 

 

SERGEY YESENİN!..

 

Sonuncu şeirini qanıyla yazıb

səhəri gün otel odasında intihar edən

          Sergey Yeseninə

 

Ah çəkirsən, peyklər ucadan çəkir!..

Kimsə dərk edirmi niyə, nədən yazırsan?!

Biri dərd-qəmini bacadan çəkir,

Biri küləklərə verib göndərir...

Biri günə sərir göz yaşlarını...

sən, sən yazırsan!..

 Yazırsan dostlara,dünyaya... 

Yavaş-yavaş, ölə-ölə...

Köpək balıqları üzür qanın iziylə...

Dərdlər yığılır...yığılır...

sonra qopur zəlzələ, –

İçindəki dağıntıdan, söküntüdən yazırsan...

 Döymək istədiyin qapını çaşıb

Yolun apardığı səmtə çıxmısan...

Dünya partlamağa hazır bombadı,

O canlı bombadan qəlpə çıxmısan!

Qəhvə, noxud, tarot fallarında sən

Qara yox, qırmızı rəngdə çıxmısan...

– Dərdin nəydi sənin?

Yaşamaq qorxusumu

ölümdən bu qədər qorxusuz etmişdi səni,

Yesenin?!

 

 

CƏHƏNNƏM

 

Qaranlıqdan qazanc tutar oğrular,

Böyük oğru kiçikləri sorğular…

Qarr, qarr edən qara-qara qarğalar,

Sizin üçün bircə doğru - qara var!

Qara ki var,  həm qorxar, həm qorxudar,

İşıq düşər, künc-bucaqda gizlənər!

                 

Səhər-səhər qonaq gələr sərçələr,

Pəncərəmdə yemi görüb dirçələr.

Ova çıxar süs-püslü gözəlçələr,

Tindəki oğlanları kələpçələr,

Dolunayda hə-yə gələr elçilər

Bəzi cayar, bəziləri sözlənər...

 

Gecələrin çevrilişin yalanlar,

Günəş çıxar, təbəələr salamlar!

Xeyrə-şərə dair müdrik kəlamlar

Tapıb yenə sağlıq deyər adamlar.

Qoyunlara manqallar qəsd planlar,

Samovarlar mızıldar, mızmızlanar!

 

Bilal* verər dünyanın son azanın,

Çətin olar haqq-hesabı qəzanın,

Tanrı tanır çarmıxdakı İsanı: –

Qisas çəkər tərəzisi-mizanı!

Cəhənnəmdə qaynayar qır qazanı,

Rəhm olunmaz, gələn-gələn közlənər!

 

*Bilal – ilk müəzzin

 

 

SALVADOR DALİ

 

Ən qəddar insan mənəm-

Qarışqalar da şahidim...

Şirniyyat tabağında,

Filanıncı ilin

Yay günü bir nəsil qarışqanı məhv edəndən sonra

çayla ləzzətlə şəkərbura yedim...

Hörümcəklərin evini yıxdım,

Yer belləyəndə soxulcanların

Yuvasını dağıtdım.

Hamam böcəklərinin anasını ağlatdım...

Kürkümüzə düşən birələrdən qurtulmaq üçün yorğanları yaxdım,

Sonra hünülərin atasını yandırdım,-

Qanımızı içirdi o yaramazlar!

-Bütün insanların intiqamını aldım!

Daha sonra

Salvador Dalinin əriyən saatlarından vaxtı soruşub...

Ağırlaşan başımı yatağa atdım...

Və yatdım...

 

 

HEÇ VAXT GÖRÜŞMƏYƏNƏDƏK!

 

Bu, sonuncu şəklimdi,

Götür, çək başdaşıma.

Yığsan atılan daşları

Dağ olar, –

Tək-tək daşıma,

Elə dağa basdır məni.

Zirvəsinə yaz adımı.

Belə şanlı ölüm alar

Ağuşuna az adamı.

Doyunca gəzib getdim,

İmzamı qazıb getdim

Sağlığına! – göz yaşımı süzdüm, içdim,

Dünyadan sızıb getdim...

Qalanlar, salamat qalın,

Heç vaxt görüşməyənədək.

 

 

DOĞUM GÜNÜMƏ

 

Çox uzaqqq… dediyin, əslində, çoxmu uzaq?!

Bəlkə, bilən var,

amma biz bilmədik uzaqdan yaxını,

yaxından uzağı ayırmağı,

ömrü rüblərə bölməyi…

Məsələn, mən uşaqkən gəncliyi,

gənc ikən qocalığı uzaq bilirdim.

Yaşarkən də ölməyi…

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2025)

Вторник, 01 Апрель 2025 12:32

Hər kəs tələsir, zamanın əqrəbi isə geri gedir

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

İnsan həyatını tələsərək keçirir. Uşaqlıqdan bizi tələsdirirlər: "Tez böyü! Tez oxu! Tez iş tap! Tez evlən! Tez uşaq sahibi ol! Tez yaşlan, sonra isə yaşadıqlarını xatırla!" Sanki həyat bir yarışdır və hamı finiş xəttinə birinci çatmaq istəyir. Amma əslində, bu finiş xəttində hamını eyni şey gözləyir: "Keçmişə baxış və suallar."

 

Bəs bu tələskənliyin sonu haradır? Zamanın irəlilədiyini düşünürük, amma tarixə baxdıqda, insanlığın eyni dövrələri təkrarladığını görürük. Tarixin səhifələrini vərəqlədikcə, bir imperiyanın digərinin qalıqları üzərində qurulduğunu, bir müharibənin digərinin davamı olduğunu anlayırıq. Bəs irəliləyiş hardadır?

 

Tarix irəli gedirmi? Yoxsa təkrarlanır?

 

Tarix boyu sivilizasiyalar yüksəldi, inkişaf etdi və sonda çökdü. Qədim Misir fironları tanrı elan edildi, min illərlə fironlara ibadət olundu. Lakin bir gün bu imperiya yox oldu və onun yerini Roma aldı. Roma da gücün zirvəsinə çatdı, lakin onun da çöküşü qaçınılmaz oldu. Ondan sonra Osmanlı gəldi, İngiltərə imperiyası yüksəldi, SSRİ yarandı və dağıldı.

Tarixin hər mərhələsində insanlar öz dövrlərini ən müasir, ən ağıllı, ən irəliləmiş dövr hesab ediblər. Roma vətəndaşları öz qanun sistemlərini mükəmməl sayırdılar, Orta əsrlər Avropasında insanlar kilsənin gücünü dəyişməz hesab edirdilər, 20-ci əsrin insanları kommunizmin və ya kapitalizmin dünyanı dəyişəcəyinə inanırdılar. Amma tarixə dönüb baxanda görürük ki, biz eyni şeyləri təkrar-təkrar yaşayırıq.

Müharibələr bitmir, sadəcə forması dəyişir. Əgər orta əsrlərdə xalqlar bir-birini qılıncla məhv edirdisə, bu gün informasiya müharibələri gedir. 100 il əvvəl insanlar aclıqdan əziyyət çəkirdi, bu gün isə psixoloji problemlər içində boğulurlar. İnsanlar ədalət və bərabərlik uğrunda mübarizə aparır, amma bu mübarizə əsrlərdir davam edir. Əgər dünya həqiqətən irəliləyirsə, niyə hələ də eyni problemlərlə qarşılaşırıq?

 

İnsan həqiqətən dəyişirmi?

 

Tarix təkcə hadisələr deyil, həm də insanın dəyişməz xarakterinin sübutudur. Aristotel insanın əxlaqını araşdırarkən, insanın əbədi olaraq "xoşbəxtlik" axtarışında olduğunu demişdi. Bunu Platon da təsdiqləmişdi. Amma eyni zamanda, insanlar hakimiyyət, güc, sərvət üçün bir-birini məhv etməkdən də çəkinmirlər.

 

Zamanın dəyişdiyini düşünürük, amma insanın psixologiyası dəyişmir. Şöhrətpərəstlik, eqoizm, qorxu, gücə can atma hissləri qədimdən bəri insanın əsas instinktləridir. Qədim Romada insanlar çörək və əyləncə üçün amfiteatrlarda bir-birini qətlə yetirirdi, bu gün isə insanlar televiziyada və sosial mediada başqalarının məhvinə tamaşa edirlər. Əvvəllər insanlar fiziki döyüşlərdə bir-birini öldürürdü, bu gün isə psixoloji savaşlar aparırlar.

Sistemlər, ideologiyalar, rejimlər dəyişir, amma insanın mahiyyəti eyni qalır. Qorxu, ümid, sevgi, nifrət – bunlar insanın min illər əvvəl də hiss etdiyi duyğular idi, bu gün də eynidir. İnsan irəlilədiyini düşünür, amma əslində, eyni duyğuları fərqli şəkillərdə yaşayır. Bəs bu, inkişafdırmı?

 

Kapitalizm: Yeni feodalizm?

 

Müasir dövrdə insanlar azad olduqlarını düşünürlər. Amma sistemlər sadəcə formalarını dəyişir. Əgər orta əsrlərdə feodalizmdə insanlar torpaq sahiblərinə işləyirdilərsə, bu gün böyük korporasiyalar eyni rolu oynayır. İnsanlar azad əmək bazarında işlədiklərini düşünürlər, amma əslində böyük bir sistemin çarxlarında bir dişli kimi fırlanırlar.

Sənaye inqilabı insanlara yeni imkanlar vəd etdi, amma eyni zamanda daha çox insanı maaş sisteminə bağladı. İnsanlar əvvəlcə torpağa bağlı idi, sonra fabriklərə, sonra ofislərə. İndi isə texnologiya insanları daha da sıx bir sistemin içinə salıb: bank kreditləri, borclar, iş yerlərində sonsuz rəqabət və istehlak çılğınlığı.

Əgər insanlar həqiqətən azaddırsa, niyə hamı tələsir? Hamı niyə bir yarış içindədir? Niyə hər kəs pul qazanmağa, daha çox istehlak etməyə, daha çox işləməyə məcburdur?

 

Fərdi həyat: İnsan hara gedir?

 

Bütün bu tarixi və sosial məsələləri kənara qoysaq, fərdi səviyyədə insan hara gedir? Uşaqlıqda tələsirik böyüməyə, böyüyəndə tələsirik oxumağa, oxuyanda tələsirik işləməyə, işləyəndə tələsirik ailə qurmağa, sonra isə tələsirik qocalmağa və sonda tələsərək həyatımızı başa vururuq.

Amma bir gün dayanıb sual veririk: "Mən niyə bu qədər tələsirdim?" Həyatın sonunda əksər insanlar keçmişə baxıb eyni peşmanlığı yaşayır: "Daha çox yaşamalı idim, daha çox anı dəyərləndirməli idim."

Bəlkə də ən böyük sual budur: əgər həyat bir yarışdırsa, finiş xəttində bizi nə gözləyir? Və ən əsası, bu yarış həqiqətən irəliyəmi aparır, yoxsa biz sadəcə dairə vururuq?

 

Nəticə: Zamanın əqrəbi hara gedir?

 

Hər kəs tələsir. Həm fərdi, həm sosial, həm tarixi baxımdan hamı tələsir. Amma zamanın əqrəbi həqiqətən irəli gedirmi, yoxsa biz onu geriyə çəkirik?

 

Tarix təkrarlanır, insanlar eyni instinktlərlə yaşayır, sistemlər dəyişir, amma mahiyyət eyni qalır. İnsanlıq inkişaf etdiyini düşünür, amma keçmişin xətalarını təkrar edir.

Bəlkə də ən böyük dərs budur: biz zamana qalib gələ bilmərik. O bizi aparır, biz onu yox. O irəli gedir, amma bəzən biz geriyə çəkirik.

Bəs sən? Sən zamana tabe olursan, yoxsa onunla savaşırsan? Sən də tələsirsən, yoxsa dayanıb baxmağa cəsarətin çatır?

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.