Super User

Super User

Понедельник, 09 Декабрь 2024 10:30

Varisin Moskvada çıxan yeni romanı böyük maraq doğurub

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Yazıçı Varisin “Gecə reysinə bilet” adlanan yeni romanı Moskvada, İSP nəşriyyatında 5000 tirajla işıq üzü görüb. “Müasirlər və klassiklər” adlanan ən nüfuzlu vintaj seriyadan nəşr edilən roman dərhal böyük ajiotaj yaradıb.

 

Hazırda dünyada ən çox tələb olunan non-fikşn janrında yazılan romana Rusiyanın tanınmış ədəbiyyat xadimləri yüksək qiymət verməkdədirlər. Maksim Burdin Nəşriyyat Evinin kreativ direktoru Yelena Burdinanın fikirləri bu cəhətdən səciyyəvidir: “Əsərlə tanış oldum. İncədir. Valehedicidir. Dərindir”.

Təsadüfi deyil ki, roman 2024-2025-ci il Moskva Ədəbiyyat Mükafatı-biennalesinin lonq listinə daxil edilib.

Kitabın rəyçisi Beynəlxalq Slavyan Maarifçiliyi Kiril-Mefodiy Akademiyasının vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Momontovdur. Baş redaktoru Marina Şunina, buraxılış redaktoru Darina Nikonovna, redaktoru Olqa Orlovadır. Layihənin prodüsseri Yelena Kuvşinovadır. Romanı rus dilinə Sabina Samidxan çevirib.

Cild yazısı “Uğura gedən yolda ən yaxşı bələdçi uğurlu insanların ömür yoludur” olan “Gecə reysinə bilet” romanı həyatın dibinə düşmüş bir gəncə sonradan örnək olan və onun xilasına çevrilən bir ömür yolundan – XX əsr SSRİ-nin və Azərbaycanın görkəmli dövlət xadimi Musa Əliyevin həyat və fəaliyyətindən bəhs edir. Bu fəaliyyətdə həm Azərbaycanda neft daşları epopeyasının banisi olmaq, ilk dəfə respublikanın zəngin faydalı qazıntı yataqlarının xəritəsini hazırlamaq, Səməd Vurğun və Mirzə İbrahimov kimi şöhrətli yazarları Stalin repressiyasından xilas etmək, həm İkinci dünya müharibəsində Moskvanın müdafiəsinin, neft üzrə kadrların yetişməsinin əsas fiqurlarından birinə çevrilməklə faşizm üzərində qələbəyə misilsiz töhfələr vermək, həm Əlcəzairdə Saxara neft yataqlarını kəşf etməklə Əlcəzair xalqına rifah, sərvət bəxş etmək və daha nələr, daha nələr dayanır. Həqiqətən, milyhonların örnək götürəcəyi bir ömür yoludur Musa Əliyevin ömür yolu.

Kitabı Rusiyanın ən böyük kitab satışı şəbəkələrindən (ozon, litress, wildberries, stroki.mts, ntv.plyus, moscowbooks, onlinelit, litprichal və s.) əldə etmək mümkündür.

Kitabın ölkəmizdə nəşri 2025-ci ildə planlaşdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

Понедельник, 09 Декабрь 2024 08:12

Memarlıq keramikasının bərpası necə mümkün olur?

Azərbaycan Milli İncəsənət Muzeyində “Memarlıq keramikasının bərpası. Texnologiyalar. Nümunələr.” adlı mühazirə keçirilib. “Keramarx” Memarlıq Bədii Keramika Muzeyinin və “Pallada” bərpa-istehsalat şirkətinin direktoru Konstantin Lixolat tərəfindən təqdim olunmuş mühazirədə bərpa prosesinin çətinlikləri və incə məqamları haqqında danışılaraq, mədəni irsin qorunub saxlanılmasının vacib əhəmiyyəti vurğulanıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, məruzəçi xüsusilə, müəyyən tarixi dövrlərdə istifadə olunan ənənəvi texnologiyalar və materiallara diqqət yetirib. Konstantin Lixolat öz iş fəaliyyəti haqqında danışaraq, keçmiş əsrlərdə sarayları və evləri bəzəyən qədim kaminlər üzərindəki bərpa mərhələləri barədə ətraflı məlumat verib. Bundan əlavə, dinləyicilər keramika bəzəklərinin simvolikası haqqında maraqlı faktlar öyrəniblər.

 

Mühazirənin sonunda Konstantin Lixolat auditoriyanın suallarını cavablandıraraq müasir texnologiyaların tarixi orijinallığı qorumaqla obyektlərin mədəni dəyərinə xələl gətirmədən necə qorunub saxlanılması haqqında danışıb.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

Həftəsonu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, ADMİU-nun rəhbərliyi və kollektivi, eləcə də məktəbin rəhbər və müəllim heyəti iştirak edib. Görüşdə ADMİU tələbələrinin istehsalat təcrübəsi üçün məktəbdə xüsusi proqramların təşkili, caz musiqisinin tədrisinin təkmilləşdirilməsi və bu sahədə birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.

Bundan əlavə, universitetin təcrübəli müəllimləri tərəfindən məktəb şagirdləri üçün ustad dərslərinin təşkili, məktəb müəllimlərinin ixtisas artırma təlimlərinə cəlb edilməsi, həmçinin tədris proqramlarının monitorinqi və təkmilləşdirilməsi ilə bağlı razılıq əldə edilib. Tərəflər arasında yaradıcı dərslərin keçirilməsi və tədris sahəsində əməkdaşlığın gücləndirilməsi qarşıya əsas məqsəd kimi qoyulub.

Bu əməkdaşlığın Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

Понедельник, 09 Декабрь 2024 18:11

BİR SUAL, BİR CAVAB Rəsmiyyə Sabir ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

F.Dostoyevskinin “Alçaldılmış və təhqiredilmişlər” romanında başqalarının bədbəxtliyinə, məhvinə gətirib çıxarmasına səbəb olan var-dövlət ehtirasının bəzi insanlarda ifrat dərəcədə olduğunun şahidi oluruq. Cəmiyyətdə pulun həlledici olmasına münasibətiniz necədir?

 

CAVAB

Həqiqətən də bəzilərinin var-dövlət ehtirası başqalarının bədbəxtliyinə gətirib çıxarır. Mən ixtisasca iqtisadçıyam və bir iqtisadçı olaraq pulun funksiyalarını gözəl bilirəm. Məni hər zaman düşündürən bəzi məsələlər var. Onlardan biri pulla bağlıdır. Niyə insanlar pulun bu qədər əsirinə çevrilirlər? Doğrudur, pul həyatda çox şey deməkdir, lakin hər şey demək deyil. Pulla ömür almaq olarmı? Xeyr. Bir milyarderin pulun gücsüzlüyü haqqındakı fikirlərini oxumuşdum. Belçikada 4 il davam edən milli xoşbəxtlik sorğusuna görə, pulun səadət gətirmədiyi qənaətinə gəlinmişdir. 

Fikrimcə, pul yaxşılıq etmək üçün bir vasitə olmalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə qısa fasilədən sonra sizlərlə yenidən Əlizadə Nuridir. “Ulduz ətri

 və ya ağ nəğmə” adlı şeirdə şair nəyi təlqin edir? 

 

Yapışmağa saman qalıb görəsən?

Əliyalın yalan qalıb görəsən?

Ölüm niyə cavan qalıb görəsən

Bu qocaman, bu ağbirçək dünyada?

 

-deyə şair yenə də təəccübləndirir. 

Həqiqətən, gözəldir.

Xoş mütaliələr!

 

 

Ulduz ətri

və ya ağ nəğmə

 

Çiçək kimi sığalladım xəzəli,

Öz evimdi, öz yaxamdı, öz əlim...

Yaxşı baxsan, qəmin də ən gözəli

Sevgi kimi görünəcək dünyada.

 

Yapışmağa saman qalıb görəsən?

Əliyalın yalan qalıb görəsən?

Ölüm niyə cavan qalıb görəsən

Bu qocaman, bu ağbirçək dünyada?

 

Səni deyib yuxarını gəzirdim,

Göy üzünün axarını gəzirdim...

Mən bəxtimin baharını gəzirdim-

Əzilibmiş çiçək-çiçək dünyada.

 

...O aydı, ya yar gözümə sataşdı?

Tanrı bu gün kor gözümə sataşdı...

Hara baxdım tor gözümə sataşdı,

Hara baxdım- bu hörümçək dünyada.

 

Gülə sığın- gül üzünü itirmə,

Günəşi sev, gündüzünü itirmə.

...Canım durna, göy üzünü itirmə-

Üşüyərsən lələk-lələk dünyada...

 

“Ədəbiyyat və incəsənət”

(09.12. 2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Şahnaz Şahinin şeirləri təqdim edilir.

 

Yarımçıq çay

stəkanda can verir

 

Gecələri yatmıram ki, əzizim,

Gecələrin göz qoyuram üstünə.

Azar-bezar, fikir-xəyal, dərdlərin,

Gecələri duz qoyuram üstünə.

 

Hamı yatıb, bir gecədi, bir də mən,

Yarımçıq çay stəkanda can verir.

Qonşu çırpır qapısını hirs ilə,

Arxasınca gözlər dolub qan verir.

 

Gecə yarı pəncərəmin altında

Qəfil qalxır pişiklərin davası.

Yuvasından hürküb düşür quşcuğaz,

Çırpılacaq yerdə daşa quşcuğaz...

 

Uzaqlarda soyumayan küləklər

Ara-sıra səs gətirir üstümə:

"Anan qurban, sabaha nə qaldı ki,

Gecələrin axı sənlə qəsdi nə..."

 

Bir də görrəm ağarıbdı dan yeri,

Yenə qalxıb işə gedir küçələr.

Səs-küy qalxıb salamlayır şəhəri,

Dalğa-dalğa axıb gedir küçələr.

 

Bu gecə də belə keçdi, əzizim,

Yalqız görüb yaxın gəldi divarlar.

Yazdım, pozdum, tükənmədi həsrətin,

Mənə bir bu şeir qaldı yadigar.

 

Baharın ürək tutması

 

Bir yarpağa vurulub

sevmək də olar payızı,

bir küləyə qoşulub

getmək də olar payızdan,

bir yarpağın xətrinə

lap söymək də olar payızı...

 

Barmaqlarının darağında ucaldı,

qocaldı barmaqlarım,

saçlarım şahmat  taxtasına döndü...

 

Son dəfə nə zaman tüstülənib bu ocaq,

nə zaman boşalıb qolların...

Topuklarında oynaşan kölgəmə

yazığı gəlir köpəyimin də..,

 

İndi mən baharın ürək tutmasıyam,

bayılıram payıza...

 

Qadın-Vətən

 

Güllər sizin üçün açır,

Günəş sizə gülümsəyir.

Ulduzlar göz vurub keçir,

Dağlar düzə gülümsəyir.

 

Gülümsəyir duman, çən də,

Əriyir kədər də, qəm də.

Dodaqlarının ucunda

Şürün busə gülümsəyir.

Yağır buluddan aşağı,

Yağış yerə gülümsəyir,

Bağda bəhrə gülümsəyir,

Ağacda bar gülümsəyir.

Seyr edib gözəllikləri

Bu nur çöhrə gülümsəyir...

 

Saçalrında gümüş tellər,

Telində gül gülümsəyir.

Kipriyində yaş titrəyir,

Gözündə yol gülümsəyir.

 

Müqəddəsdi torpaq, vətən,

Qadın-ana... müqəddəsdi.

Uğrunda qurban gedəndə

Qadın-Vətən gülümsəyir...

Bayraq-bayraq gülümsəyir,

Buta-buta gülümsəyir,

Oğul-oğul gülümsəyir.

 

Sıfırdan aşağı

 

Sıfırdan başlamaq -

hər şeyi sıfırlamaq,

sonra nə varsa bütöv almaqdır.

Sıfırdan başlamaq özün olmaqdır...

 

Sıfırlanmaq -

gözdən düşmək,

sıfra vurulub bölünmək,

sıfırdan yıxılmaqdır...

 

Sıfırlamaq-silmək, yox etmək,

qalan nə varsa itirib batırmaqdır...

Sonra da

ardınca dərin bir köks ötürüb,

rahat nəfəs almaqdır...

 

Sıfırdan aşağı

həddi də var həyatın, birdənəm,

gəl gedək... gedək üzmək öyrənək!

 

Bir gün öldürəcək 

məni xoşbəxtlik

 

Bəbəklərindən mutluluğu dərsəm,

nəğmələşsə barmaqların,

oxusam əllərini bir not dəftəritək...

 

Çiçəkləsə yaxan,

üstündə dava salsa arılar,

sünbül kimi dən tutsa saçların,

uçub gəlsə quşlar,

pıçhapıç başlasa qarılar...

 

Yollar koşaraq gəlsə üstümə,

sarılsa boynuma,

öpüş yığsam ayaqlarından,

tumurcuqlanıb çatlasa dodaqların...

məni öldürəcək xoşbəxtlik,

öldürəcək, yavrucuğum...

 

Bu arılar nə oxuyur 

görəsən

 

Bir çiçəyin ətirinə yığışıb,

Bu arılar nə oxuyur görəsən.

Barılar da qoca qarı misalı,

Səsə düşüb qulaqları deyəsən.

 

Xonça tutub, xəyal qurur zavallı...

O bənd üstə bəndə düşüb, dərdə bax.

"Bir baxmısan, bir də boylan, bir də bax",

Tut günəşə, qumaşda bax, zərdə bax,

Baharda bax, yağışda bax, qarda bax...

 

Dilbilməzmiş, naşı imiş demə bu,

Gəlmədi ki, imana bu, dinə bu.

"Sinə meydan, zülf pərişan..."eyvallah

Ədasından od götürüb yanar bu...

Açıq işvə, naz qarışıq üzə bax,

Yanağında halə tutan közdü, köz..,

Arıların sayı bəlkə yüzdü, yüz!..

 

Arı gələr çiçəklərdən bal çəkər,

Bal çəkdiyi ürəklərə yol çəkər.

Günəş doğar, Ay dolanar, il çəkər,

Səsə düşər qulaqları ellərin.

Əsib keçər sübhün sərin yelləri,

Tel-tel olar ləçəkləri güllərin...

 

Dünya yaz doğurdu 

o doğulanda

 

İndi mən payızın nəyi oluram..,

Yağan yağışımı, əsən yelimi,

Saralan yarpağı, tənha çölümü?..

Bu yağış altında qalıb üşüyən,

Dünənki atəşin soyuq külümü?..

 

Açdım pəncərəni, hava soyuyub..,

Dünənki istidən əsər qalmayıb,

Dünənki istidən kəsər qalmayıb,

Hava kədərlidi, gözü nəmlidi.

Hələ bu, payızdan fağır dünyaya,

Birinci mesajdı, ilkin həmlədi...

 

İndi mən payızın nəyi oluram..,

Qaçıb göy üzünü bulud aşağı,

Dəlisi oluram, səyi oluram.

Uzaqda top atır ildırım baba,

Burda toyxanası, toyu oluram...

Sərxoş buludların qolları üstə,

Mən də əldə qədəh dolandırıram,

Saqisi oluram, meyi oluram...

 

Bir az havalıdı başım mənim də,

Bir az davalıdı başım mənim də...

Bu gedən neçənci yaydı, ilahi,

Bu gələn neçənci payız olacaq...

Elə bu payıza ilk sevinən də,

Elə ilk küsən də o qız olacaq...

 

Dünya yaz doğurdu o doğulanda..,

Yağışlar çöllərədə ot bitirirdi.

Bahar çiçəyiydi o qız eləcə

Yalın meşələrə, boz torpaqlara,

Təbəssüm səpirdi, gül bitirirdi...

Elə ürəkliydi, elə ürəkli..,

Burdan göy üzünə qəmzə satırdı,

Burdan göy üzünə yol bitirirdi...

 

Açdım pəncərəni, hava soyuyub..,

Bir də bu payızdan olmayacaq ta...

O qız da qoşulub payıza getdi,

Elə o qızdan da olmayacaq ta...

 

Çarmıxdakı azadlıq

 

Geniş açılmış qollarında

dünyanı qucmaq arzusu...

Günəş bərq vurur üzündə,

şüa-şüa əriyir duaları...

Əllərinin ortasındakı mismarın altından

köpüklənir dəniz,

Körüklənir sinəsi...

 

Quşlar gəlib

nəğmə oxuyur başında,

acanda dimdikləyir gözlərini...

Ətə yerikləyən vəhşi heyvanlar

diz çöküb qabağında..,

Üzünü

ayaqlarına söykəyib ibadət edir azadlıq...

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

Понедельник, 09 Декабрь 2024 16:31

MƏŞHURLARLA ÜZBƏÜZ – Gülüstan Əliyeva dostluq barədə

“Məşhurlarla üzbəüz” rubrikasında bu dəfə “Ədəbiyyat və incəsənət” sizlərə  Azərbaycanın əməkdar artisti, Opera və Balet teatrının və Milli Konservatoriyanın solisti Gülüstan Əliyevanın fikirlərini təqdim edəcək. Fikirləri ondan Aysel Kərim alıb.

 

Gülüstan Əliyeva 8 aprel 1967-ci ildə Yevlaxda doğulub. Kiçik yaşlarından musiqi ilə məşğuldur. Yevlaxda orta məktəbdə oxuyanda atası onu və bacılarını musiqiyə cəlb etmişdir, Pionerlər evində musiqi ilə məğul olmağa başlamış, musiqi məktəbində bunu davam etdirmişdir. 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsində iştirak etmiş və üç turun üçündən də əla qiymət alaraq müsabiqənin qalibi olmuşdur.

Elə həmin ildə Bakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olmuşdur. Burada Xalq artisti İslam Rzayevin sinfində muğamın sirlərini öyrənmişdir. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirərək həmin il Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasının tarixində ilk dəfə açılan muğam sinfinin ilk tələbəsi olaraq, 1990-cı ildə həmən sinfin ilk məzunu olmuşdur. Müəllimi Xalq artisti, professor Arif Babayevdir. Hələ tələbəlik illərində (1986) Gürcüstanda keçirilən beynəlxalq tələbə gənclər festivalının iştirakçısı və qalibi də olmuşdur.

1992-ci ildə Beylaqan royonu Günəşli qəsəbə inməktəbdə musiqi müəllimi kimi fəaliyyətə başlamışdır. 1993-cü ildə ailə həyatı quraraq yaşadığı Cəbrayıl rayonu  işğal olunduqdan sonra məcburi köçkün kimi Bakiya qəlmişdir. 1994-cü ildə Sabunçu rayonunun 170 saylı orta məktəbdə müəllim kimi işləmişdir. 1994–1995 illərdə eyni zamanda Muğam Teatrında işləmişdir. 1995-ci ildən isə Opera müğənnisi kimi Opera və Balet Teatrında işə başlamışdır və bu günə qədər Opera və Balet Teatrında yüksək dərəcəli solist kimi çalışır.

2003-cü ildən Azərbaycan Milli Konservatoriyanın muğam kafedrasının müəllimi, 2015-ci ildən baş müəllimi, 2017-ci ildən kafedranın dosenti, 2022-ci ildən isə sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Dissertasiyası "Azərbaycan Bəstəkarların opera yaradıcılıqında qadın obrazlarının musiqili drammaturji həlli" adlanır.

Gülüstan Əliyeva konsert fəaliyyəti ilə olduqca ciddi və səmərəli məşğul olur. Müxtəlif televiziya kanallarında xalq və bətəkar mahnılarını, muğamları böyük ustalığla ifa edir. Müğənni həmçinin dövlət konsertlərində, tədbirlərdə də müvəffəqiyyətlə çıxış edərək ona göstərilən etimadı daim doğruldur. 

Azərbaycan Milli musiqisini və muğam sənətini dünyanın bir sıra ölkələrində — Türkiyə, İran, Moldova, Rusiya, Avstriya, İsveç və s. ləyaqətlə təmsil edib. 1997-ci ildə Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Neft Konsorsiumu çərçivəsində keçirilən tədbirdə iştirak edib.

2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildəvə 10 may 2019-cu ildəPrezident Mükafatına layiq görülüb.

2021-ci ildə Xarı Bülbül Best Awards mükafatına layıq görülüb. 

Səsi – sopranodur.

 

İstərdik dostluqdan danışasınız. Dost dediklərinizdən zərbə aldığınız çox olub yoxsa daha çox sadiqlik görmüsünüz? Dostluq nədir Gülüstan Əliyeva üçün?

 

Dostluq mənim üçün o qədər müqəddəs məfhumdur ki dost üçün mən canımı qurban verərəm. Dostluq etməyi sevən və bacaran bir insanam. Əlbətdəki illərlə zərbələr almışam, illərlə yanılmışam. Hətta 30-40 illik dostlarımı həyatımdan çıxartmışam. Əslində mən düşündüyüm kimi insanlar deyilmişlər. Əslində mən onlar üçün istifadə mənbəyi imişəm. Mənim adımdan, maddi vəziyyətimdən, şan-şöhrətimdən istifadə edərək yaşayıblar. Cəmi bir-iki dostum var çox artıq deyil. Onlar da sənət həmkarım deyil. Bilirsiniz insan illərlə yaşa dolduqca və kamilləşdikcə düşünür ki əvvəl özünlə dost olmalısan. Tək-tənha oturub düşünməyi, hansısa restorana gedib tək yemək yeməyi, tək başına kofe içməyi, tək başına hanısa ölkədən ölkəyə getməyi, özünü sevməyi yəni bunları bacarmalıdır insan. O zaman insana düşünürəm ki heç kim də lazım deyil. Bütün bunların hamısı cəfəngiyyat imiş.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

 

Понедельник, 09 Декабрь 2024 16:02

GK TƏQDİM EDİR: Sərhədi keçən oğlan

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

“Gülüş klubu”nda çalışmışıq ki, bu gün də “Dodağınızın yüngülcə qaçması bizim böyük uğurumuzdur” şüarımıza sadiq qalaq.

 

Aydınlıq

Universitetə bu və ya digər şəkildə aidiyyatı olan “Möhtəşəm” şadlıq sarayı kupçada şadlıq sarayı kimi yox, “Şadlıq mərasimlərində xalqın ruh halını və psixoloji durumunu müəyyənləşdirmək üçün universitet laboratoriyası” kimi qeyd olunub.

 

Olmuş hadisə

Qızla oğlan skamyada otururlar. Oğlan qızı qucaqlayır, saçını oxşayır və s. və i. Qız birdən soruşur ki, sənin xarici pasportun var ? 

Oğlan:

- Yox nə olub ki?

Qız:

- Artıq sərhədi keçirsən.

 

 

Frazalar

*Düşünməyi qadağan etmək çətindir. Amma daha çətini – düşünməyə məcbur etməkdir.

*İnsanın hər şeyə gözünü yumduran bir nəsnə var – böyük pul bankomatları.

*Ər və arvad uzun illər birgə yaşayıb da sonda bircə saata boşandılar.

*Eh, indi heç bilirsiniz, çirklənmiş mundirlərin yuyulmasına neçə tonlarla yuyucu vasitələr işlədilir?

*Gördün ki, bir şeyini zorla əlindən alırlar, de ki, bağışlayıram.

 

 “Ədəbiyyat və incəsənət”

(09.12.2024)

 

Понедельник, 09 Декабрь 2024 15:29

PA – Uğur simvolları barədə

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.        

 

2-ci məşğələ                  

 

«Uğur» nədir? Uğur simvolları hansılardır?

 

«Uğur» anlamı yaşamımızın ən vacib tərkib hissəsidir, hansı sahəyə üz tutsaq, hara əl qoysaq orada uğur qazanmaq ehtiyacı duyuruq, əlbəttə ki. Hansı işə əl atırıqsa, biz azərbaycanlıların da, digər əksər xalqların da belə  dədə-baba deyimi var, onu söyləyirik: «Uğurlar olsun!» Qarşımıza qoyduğumuz məqsədlərə nail olmağımız uğurumuzdur. Və bütün uğur qazanmaq düsturları eyni strategiya uzrə müəyyənləşir: arzu-məqsəd-planlaşdırma-hərəkət-nəticə.

«Uğur» ümumən hamı üçün eyni məna kəsb edirsə bu mənanı hərə öz subyektiv istəkləri ilə məzmuna gətirir. Kiminçunsə uğur vəzifə, nüfuz, ad-sandır, kiminçünsə hədsiz var-dövlətdir, kiminçünsə sevgi qovuşuğu, uğurlu ailədir, kiminçünsə yarış qalibiyyətidir.

Ümumən isə bütün dillərin lüğət tərkibində «uğur» sözünün mənası təxminən bu cür izah  edilir: insan həyatında gözlənilməkdə olan, arzulanan bu və ya digər prosesin, hadisənin pozitiv notlarla yekunlaşması, məqsədə çatma! Və əksər dillərdə «uğur» sözü həm də «bəxtigətirmə» sözünün sinonimi kimi də işlənir. Bu zaman isə o, hər hansı təsadüfi, öncədən gözlənilmədən bir müvəffəqiyyətə nail olmanı nəzərdə tutur («Bəxtigətirmə»nin ən bariz nümunəsi lotereya uduşları hesab oluna bilər).

İndiyə qədər neçə-neçə yazıçı romanına, rejissor filminə «Uğur» adını qoyub (İtalyan kinorejissor Dino Rizi 1963-cü ildə, sovet kinorejissoru Konstantin Xudyakov 1984-cü ildə çəkdikləri filmlərə, alman yazıçısı Lion Feyxtvanger 1930-cu ildə yazdığı romana bu adı qoyublar).

Bir kəlmə ilə desək, bütün şüurlu həyatlarını uğur qazanmağa kökləyən insanlar, heç də təsadüfi deyil ki, özlərinə uğur simvolları, müxtəlif talismanlar da seçirlər. Məsələn, Qərbdəki bəzi ənənəvi uğur simvollarına nəzər yetirək: yonca bitkisi, parabüzən həşəratı, bacatəmizləyən... Xüsusən , «bacatəmizləyən» maraqlı seçimdir, deyilmi? Əgər insan çox vacib bir işinin ardınca yollananda «bacatəmizləyənlə» (peç borularını, kaminləri, qazanxanaları, ventilyasiya sistemlərini yoxlayan və təmizləyən mütəxəssislə) rastlaşarsa, demək, onun uğur qazanacağı təmin olunub. Hətta almanlar, avstriyalılar, polyaklar, danimarkalılar bacatəmizləyənin əksi həkk olunmuş əşyaları bir-birilərinə hədiyyə də edirlər.

Dördyarpaqlı yonca dünyada ən geniş yayılmış uğur simvoludur. İnanclara görə, kim bu bitki növü ilə rastlaşırsa, onu həyatda böyük uğurlar gözləyir. Gərək, bu yoncanın yarpağını qurudub həmişə üstündə gəzdirəsən. O, səni mənfiliklərdən, bəd nəzərlərdən qoruyacaq,  yaxşı nə varsa hamısını maqnit kimi çəkib sənə doğru gətirəcək.

Siz təsəvvür edin ki, irlandlar dördyarpaqlı yoncanı (shamrock adlandırırlar) öz milli simvolları elan ediblər!

Parabüzən tapmaq da Qərb xalqlarında çox yaxşı əlamət hesab olunur, bu da, əsasən, miflərlə və ayinlərlə bağlıdır. Belə ki, miflərə görə, bu həşərat səmalarda  yaşayır, yalnız istisna hallarda yerə enib Tanrının iradəsini yerdəkilərə çatdırır. Üstünə parabüzən qonmuş holland, yaxud parabüzənlə rastlaşmış çex qədər xoşbəxt adam görə bilərsinizmi? Fransızlar isə uşaqlarına parabüzənin rəsmi həkk edilmiş amulet verərək onların xata-baladan hifz olunacaqlarına inanırlar.

Təsadüfi deyil ki, ruslar bu həşərata Tanrı inəyi adı veribllər. İngilisdilli ölkələrdə o, Müqəddəs Məryəmə işarə ilə Lady adlandırılır, almanlar ona «Tanrı şamı», bolqarlar «Tanrının gözəli» deyirlər. Digər Avropa xalqları da ona «Mariya (Məryəm) böcəyi», «Müqəddəs Məryəm quşu», «Tanrı heyvanı» kimi adlar veriblər. Parabüzənin əksi olan talisman, xurafata görə, həmişə uğur gətirir. Xüsusən, kürəyində yeddi qara xal olan parabüzən əbədi uğur və xoşbəxtlik rəmzi sayılır.

Başqa bir populyar uğur simvolu nal hesab olunur. Özü də nal tək Qərbin yox, həm də Şərqin uğur simvoludur.

Uğur və xoşbəxtlik gətirən naldan söhbət gedirsə, onu satın almaq olmaz, onu mütləq yerdən tapmalısan. Özü də o, mütləq metal olmalıdır. Başqa bir şərt nalı ucluqları yuxarı, yaxud aşağı asmaq məsələsidir ki, buna da iki baxış var. Şərqdə, Latın Amerikasında və Avropada nalı ucluqları aşağı asmaq dəbdir, bu, uğurun və xoşbəxtliyin sənə doğru axması deməkdir. Əksinə, ingilislər və irlandlar isə nalı ucluqları yuxarı asırlar ki, uğur və xoşbəxtlik dağılmasın, axıb getməsin.

Çində uğur, bolluq rəmzi qızıl balıq hesab olunur. Çin ailələrində içində səkkiz qızılı rəngli (qırmızı da olar) və bir qara balıq olan akvariumlara gen-bol rast gələrsən.

Uzaq Şərqin başqa bir uğur simvolu ağzında qızıl sikkə saxlayan üçayaqlı qurbağadır. Bu simvolu var-dövlət simvolu da hesab edirlər. İnanca görə, bu varlıq bir vaxtlar şər qüvvələrə aid imiş, amma Budda onu ram edərək insanlara xidmətə məcbur edib və o, insanlar üçün ağzından qızıl sikkələr ifraz etməyə başlayıb.

Amerikalının ilk qazandığı pul əskinası uğur simvolu hesab olunduğundan həmin əskinas xərclənmədən saxlanılır. Yaponlarda bir ayağını qaldırmış Maneki-pekuo adlanqırdıqları pişik fiquru uğur rəmzidir. İtalyanlarda uğur rəmzi açardır.

Müxtəlif xalqlarda xrizantema çiçəyi, yarasa da uğur simvolu hesab olunur.

Geniş yayılmış uğur simvollarından başqa, uğur əlamətlərinə, ayinlərinə də rast gəlmək olar ki, müxtəlif xalqlarda bu əlamətlər müxtəlifdir.

Biz azərbaycanlıların da çox maraqlı, özünəməxsus uğur əlamətləri var. Hər hansı bir işin dalınca gedərkən rastına ilk çıxan adamı sınayırsan, işin uğurlu alınırsa, həmin adamı «ayağı yüngül» adlandırır və növbəti dəfələrdə  o rastına çıxarkən işinin uğurla nəticələnəcəyinə bir arxayınçılıq hiss edirsən. Bundan başqa, bizlərdə hər hansı bir işin dalınca gedəndə rastına əlində içi dolu qab, zənbil tutmuş adam çıxarsa, bu da uğura işarə hesab olunur.

Bizdə Uğur həm də insan adıdır. Xüsusən indi, XXI əsrin ilk yüzilliyinin əvvəllərində valideynlər böyük ümidlərlə oğlan uşaqlarının adlarını Uğur qoyurlar.

Uğurun gətirdiyi sevinc və xoşbəxtliyin müqabilində, təbii ki, onun antonimi olan uğursuzluq da məyusluq, kədər gətirir.

Kimsə işşizliyinə, kimsə cavabsız sevgisinə, kimsə maddi ehtiyacına, kimsə xəstəliyinə görə özünü uğursuz hesab edir (Təbii ki, uğursuzluq barədə də ayrıca danışacağıq).

Hətta bəzən uğur anlayışı ifrat dərəcəyədək bəsit forma da ala bilir. Mən hər gün məhəllədə bekarçılıqdan oynadığı domino oyununda qazandığı qalibiyyətlərə görə özünü ən uğurlu adam adlandıran məzmunsuz biveci də tanıyıram, hələ dünyaya gəlməyən nəvə-nəticəsinə aldığı mülkləri tam təmir edərək içlərini əşyalarla doldurmaq «uğuruna» imza atmasını bayram edən nadürüst harını da.

Amma bizim mövzu obyektimiz şişirdilmiş, təhrif olunmuş «uğur» deyil, mütləq anlamda tanıyıb dərk etdiyimiz adi, statistik «uğur»dur. O uğur ki, hamımız varlı, yaxud kasıb, kişi, yaxud qadın, yaşlı yoxsa cavan, savadlı, yoxsa savadsız olmağımızdan asılı olmayaraq ona doğru yürüyürük.

Bəs bu uğuru necə qazanmalı? Ona doğru ən kəsə və ən dürüst yolu necə tapmalı?

Kitabımız boyunca bu suala cavab axtarmağa çalışacağıq, əlbəttə ki.

Və bir də mütləq nəyi vurğulamaq istəyirəm?

Xaraktercə ətalətli adam deyiləm, həm elm adamı, həm biznesmen, həm auditor kimi həddən artıq gərgin iş qrafikim var. Bir yandan, ictimai xadim kimi də fəalam, ən müxtəlif, elmi, sosial, mədəni, media tədbirlərinə dəvət alır, hamısında iştirak etməyə çalışıram. Xeyriyyəçilik işləri də mənim həyatımda ayrılmaz yer tutur. Bəzən onlarca insanın bu və ya digər probleminə yardım etmək zorunda qalıram. Təbii ki, söhbət həm maddi yardımdan, həm də hüquqi, mənəvi yardımdan gedir. Mən gördüyüm işlər üçün heç vaxt mükafat, «çox sağ ol» gözləmirəm, bu, öz yerində. Demək istədiyim odur ki, yaxşı mütaliəm, keçdiyim zəngin və çoxşaxəli fəaliyyət yolum, həmişə aqil və ağsaqqal insanlardan nəsə öyrənmək istəyim məndə insanları motivasiya etmək bacarığı və vərdişləri yaradıb ki, bu vərdişlər get-gedə daha da təkmilləşir, daha effektiv olur. İllərdir ki, biliklərimi kitab halına gətirmək istəyim də buradan qaynaqlanıb.

42 ildə ən müxtəlif sahələrdə qazandığım nailiyyətlər mənim həm də uğurlu bir insan olmağıma dəlalət edir. Demək, öz uğur formulamı paylaşmaq, həyatın bu və ya digər mərhələlərində çətinliklərlə üzləşən, uğur tapmaqda, necə deyərlər, oxu daşa dəyən gənclərə nələrisə tövsiyə etmək, «nə edin» və «nə etməyin» söyləmək haqqına da malikəm. Bu, isə kitab yazmaq qərarımın digər bir tərəfidir.

Hələlik isə öz uğur formulumun qısaca olaraq məğzini söyləmək istəyirəm. Bunu, haradasa, mənim əsərimin rezyümesi də hesab etmək olar: usanmadan işləmək, qarşına məqsədlər qoymaq və yerinə yetirmək. Uğur – özlüyündə bir materialist anlayışdır. Zəhmətkeşliyinlə, məqsədyönlülüyünlə, biliyinlə, ətrafına yığdığın insanları motivə etmək bacarığınla yalnız və yalnız hədəfə doğru irəliləməlisən!

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

 

Понедельник, 09 Декабрь 2024 15:07

“100-dən çox baş obraz yaratmışam” - HABİL XANLAROV

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Budəfəki qonağım dəyərli aktyor, həmçinin rejissor kimi də fəaliyyət göstərmiş Habil Xanlarovdur.

 

-Salam dəyərli aktyorumuz Habil bəy. Necəsiniz?

 

-Salam, Xoş gördük. Şükürlər yaxşıyam. 

 

-Haqqınızda daha ətraflı bilmək istərdik. Əgər mümkünsə...

 

-Mən Xanlarov Habil Tehran oğlu 1973-cü il mart ayının 15 də Füzuli rayonunda anadan olmuşam. Ailəliyəm. 5 övladım, 6 nəvəm var.

 

-Bu peşəyə gəlişiniz necə başladı?

 

-İlk peşəkar səhnəyə 1990-cı il Füzuli Dövlət Dram Teatrından başladım. Sənətə müsabiqə birncisi olaraq gəldim. İlk vaxtlardan etibarən tamaşalara baş obrazlarla başladım. İlk rolum S.S.Axundovun "Eşq və intiqam" əsərində Çingiz obrazı oldu.

1993-cü ildə məlum səbəblərdən Füzuli Dövlət Dram Teatrının həyatına qaçqınlıq düşdüyündən həmən ildən Sumqayıt şəhərində Sumqayıt Dövlət dram teatrında məskunlaşmalı olduq. Gəldiyimiz ildən mən həm Füzuli, həm də Sumqayıt teatrlarında yaradıcılığımı davam etdirdim. O illər məni tanıyanlar iki teatrın qəhrəmanı deyirdilər.

2003-cü ildə Mədəniyyət Nazirliyinin göstərişi ilə Füzuli teatrı Horadiz şəhərində fəaliyyətni davam etdirdi və nazirlik məni də Füzuli teatrına rejissor gondərdi. İki il müqavilə əsasında orada həm rejissor, həm də aktyor kimi çalışdım. Teatrın orada yenidən yaranmasında fəal iştirak etmişəm. Həmçinin gənc, istedadli insanları teatra cəlb edərək, teatrın yenidən qurulması və repertuarını genişləndirməsi üçün tamaşalara quruluş vermişəm. Müqavilə müddəti bitdikdən sonra yenidən Sumqayıt Dövlət Dram Teatrına dəvət aldım. Bu günə qədər də Sumqayıt Dövlət Dram Teatrında fəaliyyətimi davam etdirirəm.

 

-Hansı rollarda çıxış eləmisiniz? Ən çox sevdiyiniz obraz hansıdır?

 

-Fəaliyyətimin 33 illiyindəyəm. 100 dən çox baş obraz yaratmışam (bu həm də az gostərici deyil). C.Cabarlının "Aydın"ında Aydın, T.Əliyevanın "Mənim ağ Göyərçinim "də Aqil, C.Cabbarlının "Almaz”ında Balarza, “Yusif və Züleyxa”da Hz Yusif, “Zülmətdə nur”da H.Cavid, "Gecikmiş etiraf”da Mir Cəfər Bağırov, “Hacı Qəmbər”də Hacı Qəmbər, "Təhminə və Zaur"da Zaur, "Varlı qadın"da Qariq, "Varlı ev"də Həbi və s. qeyd edə bilərəm. 

İşlədiyim bu illərdə müxtəlif filmlərdə və seriallarda da rol almışam. "Dolu" filmində erməni zabiti, “Bakı media”nın və Arzu xanım Əliyevanın təşəbbüsü ilə çəkilən "Son iclas" filmində, parlament sədri M.Y.Cəfərzadə və s.

 

-Bir aktyor olaraq bu gün tamaşaçıların teatra marağı, gəlişi sizləri qane edirmi? 

 

-Bir necə il öncəyə nisbətdə, bəli tamaşaçılar artıq könüllü olaraq teatr kassalarından bilet alaraq tamaşalara üz tuturlar. Bu da bizi yaradıcı insan olaraq çox sevindirir. Çünki teatr canli sənət olduğuna görə teatr tamaşaçısız mümkün deyil.

 

-Fəaliyyətiniz zamanı yadda qalan ən maraqlı hadisələrdən birini bizlərlə paylaşa bilərsinizmi?

 

-Maraqlı hadisələr çox olub. Yadımda qalan maraqlı hadisələr çox olsa da biri haqqında məlumat verim. Deməli, 25 yaşımda 60-65 yaşlı Hacı Qəmbər obrazını ifa edərkən nazirlik tərəfindən tamaşanın yoxlanışı vardı. Tamaşa bitdikdən sonra müzakirə zamanı artıq biz obraz paltarlarını soyunub, qrimi təmizləməliydik. Dedilər ki, Hacı Qəmbər obrazını hansı aktyor ifa edib, burdadırmı? Məni göstərdilər ki, Habil müəllim ifa edib. Qonaqlar inanmadılar. Səhnədə məhz həmin yaşda aktyor olduğunu düşünmüşdülər.

 

-Gələcəkdə hansı planlarınız var? 

Mümkünsə qısa da olsa bilmək istərdik.

 

-Planlar barədə nə deyə bilərəm... İnşallah hər şeyi zaman göstərər. Plan olaraq yaradıcılığıma davam etmək və yenə də fərqli, xarakterik obrazlar yaratmaq istəyirəm. Göstərdiyim xidmətlərə görə Cənab prezidentimiz tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşam. “Heydər zirvəsi” fəxri diplomu ilə təltif olunmuşam. Dəfələrlə ilin aktyoru və xarakterik obrazlar nominasiyasında mükafatlara layiq görülmüşəm. Çalışdığım illərin və obrazların müqabilində yəqin ki, fəxri ad da alaram. 

 

-Müsahibə üçün sizə dərin minnətdarlığımı bildirirəm Habil bəy. Çox sağ olun.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.