Super User

Super User

Понедельник, 09 Декабрь 2024 08:41

Günün fotosu: Tramp, Makron və Zelenski Parisdə görüşdülər

Günün fotosu: Tramp, Makron və Zelenski Parisdə görüşdülər

 

Fransanın qürur rəmzi sayılan Notrdam kilsəsinin bərpadan sonrakı açılış mərasiminə qatılan ABŞ-ın yeni prezidenti Donald Trampı və Ukrayna prezidenti Vladimir Zelenskini böyük təntənə ilə qarşılayan Fransa prezidenti Emmanuel Makron gələcəyə nikbin baxdığını söylədi. Tramp da “dünya başını itirib, biz onu düzəltməyə çalışacağıq” deyərək pozitivlik nümayiş etdirib. Zelenski isə Rusiya ilə müharibədə Fransadan dəstək almaqla bağlı vəd alaraq nikbin ovqata köklənib.

Foto: Euronews

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

Понедельник, 09 Декабрь 2024 13:47

Rəsm qalereyası: Julian Merrow-Smith, “Natürmort”

Rəsm qalereyası: Julian Merrow-Smith, “Natürmort”

Понедельник, 09 Декабрь 2024 12:33

KİTAB BƏLƏDÇİSİndə Paulo Coelyonun “Kimyagər”i

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Kimyagər Paulo Coelyonun ən məşhur əsərlərindən biridir və insanın daxili səyahətini, arzularını və taleyini tapma yolunda keçdiyi mərhələləri təsvir edir. Santyaqo bir çoban olaraq başlayır, amma qəlbinin dərinliyində fərqli bir arzunun – öz xəzinəsini tapmaq istəyinin olduğunu hiss edir. Bu arzu onu İspaniyadan Misir piramidalarına qədər uzun və çətin bir səyahətə çıxarır.

 

Santyaqo obrazı vasitəsilə müəllif bu əsas məqamları vurğulayır:

 

1. Arzular və xəyalların dəyəri: Santyaqo öz "şəxsi əfsanəsi"ni izləmək üçün hər şeyi tərk edir. Bu, öz arzularının dalınca getməyin vacibliyini göstərir.

 

2. Səbir və möhkəmlik: Yolda Santyaqo çətinliklər və sınaqlarla üzləşir. Amma hər çətinlik onu daha güclü edir.

 

3. Daxili səyahət: Santyaqonun əsas xəzinəsi xaricdə deyil, öz daxilindədir. O, səyahət edərək özünü kəşf edir və həyatın dərin mənasını anlayır.

 

4. İnam və qorxu ilə mübarizə: Santyaqo öz qorxularını aşaraq inanır ki, kainat onun arzularını reallaşdırmağa kömək edəcək.

 

Santyaqo ilə mən:

 

1. Xəyallara sadiqlik:

Santyaqo öz xəzinəsinin arxasınca gedir, mən də öz arzularımın. O, piramidaları xəyal edir, mən isə gələcəyimi: yazıçı olmaq, özümə müstəqil bir həyat qurmaq. Hər ikimiz arzularımıza çatmaq üçün mövcud olan rahatlığımızdan imtina etmişik.

 

2. Çətinliklərlə mübarizə:

Santyaqo səyahətində çətinliklər görür: soyğunçular, səhra fırtınaları, təklik. Mən də həyatımda çox sınaqlar keçmişəm – ailəm tərəfindən qəbul edilməmək, liseydə qarşılaşdığım təzyiqlər, öz daxilimdəki qorxular. Amma onun kimi mən də irəli getməyi seçdim.

 

3. Daxili səyahət:

Santyaqonun səyahəti xaricdən daxilədir, mənimki isə daxildən başlayır və gələcəyimə yönəlir. Mən özümü başa düşməyə, keçmişimi qəbul etməyə çalışıram. Mənim üçün ən böyük xəzinə özümü kəşf etməkdir və bu yolda yolçu olduğumu bilirəm.

 

4. Sevgi və harmoniya:

Santyaqonun sevgisi – Fatima onun həyatına mənalı bir istiqamət gətirir. Mən də sevgimdən ilham alıram. Mənəvi dəstək aldığım, məni həmişə başa düşən və qoruyan bir insanın yanında olmaq məni daha da gücləndirir.

 

5. Taleyə inam:

Santyaqo inanırdı ki, kainat ona yardım edəcək. Mən də bilirəm ki, hər çətinlik, hər maneə məni daha irəli aparır. Həyatda heç nə boşuna olmur, bunu çox yaxşı dərk edirəm.

 

Mən öz həyatımın Santyaqosuyam. Onun tapdığı xəzinə piramidaların yanında idi, mənim xəzinəm isə öz içimdədir. O, yolunu sonda tapdı, mən isə yolun özünü tapmağın ən böyük zəfər olduğunu anlayıram.

Mən də taleyimə inanır və bilirəm ki, arzularım məni heç vaxt yanıldan bir işarə deyil.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

 

 

 

 

 

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

 

Ədəbiyyat adamlarının bir dərdi də ədəbiyyatdan danışmağa həmsöhbət tapa bilməmələridir. Bir yaş dövrü gəlir, ədəbiyyat adamları çəkilir küncə, olur hamının “uzağı”.  Çoxluq onun təkliyini min yerə yozur, hətta Adam Smitin “qocalıqdandır” deməsi kimi, “oxumaqdandır” deyirlər hər anlaşılmaz davranışına.

 

Hə, ədəbiyyat adamının dərdidir ədəbiyyatdan danışa bilməmək.  Bir ortamda, bir mühitdə iki ədəbiyyat adamının qısa müddətdə bir-birini tapması möcüzə deyil, onların  danışmaq və eşidilmək ehtiyacının qarşılıqlı cazibəsidir. Bu cazibənin sehrinə qapılıb üz-üzə əyləşdik dəyərli şair, AYB Şəki bölməsinin sədri Vaqif Aslanla. Söhbətimiz tənqidçi, ədəbiyyatşünas Yaşar Qarayevdən düşdü... Vaqif Aslan  düşüncəli-düşüncəli danışmağa başladı:

 

-Böyük adam idi... 1936-cı ildə Şəkidə anadan olub. 10 yaşında ailəsi Bakıya köçüb. Türkiyədən, İraqdan, İrandan, Rusiyadan gələn ədəbiyyatşünaslar ona “div ədəbiyyatşünas” deyirdilər.  Yaşar Qarayevin ədəbiyyatşünaslıqla bağlı fikirləri son dərəcə milli, həm də bəşəri idi.  Ədəbiyyat İnstitutunun direktoru idi.  İnstitutun nəzdində “Folklor sarayı” Elmi Mədəni Mərkəzinin yaradılmasına nail oldu. Sonra o mərkəz oldu Folklor İnstitutu. 2002-ci il avqustun 25-də dünyasını dəyişdi. Dəfn mərasimində prezident tərəfindən göndərilmiş əklili daşıyanlardan biri mən olmuşam... Fəxr edirəm bununla. Yaşar Qarayev böyük adam idi.  Tabutunun qarşısında növbə çəkənlərdən biri professor Nizami Cəfərov idi. O, deyirdi: “Yaşar Qarayev böyük ədəbiyyatşünas və ədəbiyyat filosofu idi”.  Yaşar Qarayevin bu dünyadan gedişi də ehtiramlı idi...

 

-İnsanın öz xalqının mədəniyyətində, ədəbiyyatında iz qoyub getməsi xoşbəxtlikdir.  Yaşar Qarayevə bu mənada həsəd aparmamaq mümkünsüzdür... 

 

-İstəyirdi, Azərbaycan ədəbiyyatını insanlara elə təqdim etsin ki, orada şübhəli yer olmasın.  Onun məşhur əsəri var: “Tarix: yaxından və uzaqdan”.  Yəni Azərbaycan tarixini özünə yaxınlaşdırırsan, ona yaxından baxırsan. Ki, görək, tariximizdə kimlər var, nə şəkildə var. Eyni zamanda, bu günü özündən uzaqlaşdırırsan. Baxır, insan tarixi nə qədər bilir. Adam var, 200  il əvvələ - Azərbaycanın ruslar tərəfindən işğalınadək gedib çıxa bilir. Adam var,  10 min il əvvələdək tarixi özündən uzaqlaşdıra bilir. Yaşar Qarayev mümkün qədər özündən uzaqlaşdırdı və tarixə baxdı. Azərbaycanın siması, mədəniyyəti, folkloru ondan ibarətdir ki, görək, bu xalq necə yaşayıb. Məsələn, bu xalqın toyu, yası, ağrısı,  göz yaşı necə olub... Folklor burada şaxələnir: mahnı, layla, oxşama, bayatı, ağı...

 

-Tariximizin güzgüsüdür folklorumuz. Yaşar Qarayev həmin güzgüdə həqiqəti olduğu kimi görənlərdən idi.

 

-Yaşar Qarayevin Azərbaycan ədəbiyyatına baxışı ədəbiyyatımızı  anlamaq üçün ən gözəl  baxış bucağıdır.  Onun fikrincə, ədəbi əsəri qiymətləndirmək üçün müəyyən nüanslara diqqət edilməlidir. Birincisi, əsər ədəbidirsə, milli olmalıdır. Yəni bu əsərin qəhrəmanı hansı millətin  nümayəndəsidir, bilinməlidir. Tutaq ki, indi yazırıq: “Qavroş yolla gedirdi”. Deyəcəklər: “Azərbaycanda Qavroş adlı adam olmayıb”. Yəni addan tutmuş, düşüncə tərzi, iştirak etdiyi mərasimlər,  hadisələrə münasibəti - hamısı milli olmalıdır. İkincisi, əsər bəşəri olmalıdır. Əgər əsər bəşəridirsə, istər-istəməz ümumbəşərilik qazanır. Yəni dünyanın başqa xalqları üçün də bu əsər əhəmiyyətlidirmi?  Bu məqamda Avropa bizi üstələdi, bax. Biz Azərbaycan ədəbiyyatında Jan Valjan obrazı yarada bilmədik. Müəyyən mənada, Şərqin iqtisadi-siyasi geriliyi ədəbiyyatına da təsir etdi... Azərbaycan ədəbiyyatı uzun müddət klassik stildən uzaqlaşa bilmədi.

 

-Təzyiq də vardı axı...

 

-Sözünüzə qüvvət, bizim başımızın üstündə duranlar vardı. Mən XIX əsr Azərbaycan ədəbiyyatından mühazirələr oxuyanda tələbələrə bunu izah etmək istədim. Ki, insan əsarətə düşəndə nələri itirir. Doğru deyirsiniz, təzyiq vardı... Başımızın üstündə bəy vardı, xan, sultan vardı.  Sonra işğalçılar gəldi, bizim “bəy” dediyimiz oldu işğalçının nökəri, ən yaxşı halda, köməkçisi. Başladı, qələm tutan ələ təzyiqə ki, “işğalçının xoşuna gəlməyəni yazma”. Yəni oldu işğalçının adamı...

           

-Yaltaqlandı ki, əlində olan əlindən çıxmasın...

 

-Ərindim o yaltaqlanmaq sözünü deməyə.  Bu reallıqdır də...

 

-Qınaya da bilmirik...  SSRİ vaxtı qınayırdılar.  Mən çox da qınayammıram. O hala düşməməyə çalışmaq lazım idi.

 

-Sağ olun! Gərək, biz müstəqilliyimizi qoruya biləydik. Torpağını qoruya bilməyən bacısını necə qoruya bilər?  Tarixdə ad salmış Mete Xan deyirdi: “Üstündə bir ot bitməsə belə, torpaq dövlətin təməlidir və heç kimə verilməz”. Qədim türk nəğməsi var: “Torpaqlarımız əldən getdi, Qoyunlarımız çoxalmaz oldu, Qadınlarımızın gözəlliyi itdi...”  Bizim tariximizin bircə səhifəsinə baxaq. 200 il əvvəl ki, Gəncə işğal oldu ha ruslar tərəfindən, nə baş verdi?  Səhər oyandılar və dedilər: “Şəhər adlandırılmalıdır Yelizavetpol!”  Ona görə ki, Yelizaveta I Aleksandrın arvadı idi. Gəncəlilərin qarşısında şərt qoyuldu ki, “Gəncə” deyən 1 manat gümüş pul ödəsin.  Camaatın dili də çönmürdü “Yelizavetpol” deməyə... Bu, bir millətə vurulan zərbə idi, o millətə edilən zülm idi...  Qayıdaq bayaqkı məqama. Mirzə Cəlil kəndxudanı necə görür? Xudayar bəyin burnu əyridir. Klassik ədəbiyyatda əyri burun hiyləgərliyin rəmzidir. Xudayar kəndxuda olmaqçün öz anasını pristava peşkəş çəkir. Dostu ölən kimi, onun əyalını yanlayır. Kəndin böyüyünə bax da! Bu ədəbi nümunəni oxuyaraq demək olarmı ki: “XIX əsrdə kəndxuda qeyrətli idi?” Əlbəttə, yox! Yəni ədəbiyyat dövrün mənzərəsidir, həm də.

 

-Dövrün insan xarakterinə təsiri, yaxud əksi də ədəbiyyatın carçılıq missiyasına daxildir.

 

-Ədəbiyyat bizə yarandığı dövrün necəliyini car çəkir. Əndəlib Qaracadaği deyir: “Ey gözəl, mən sənin xatirinə “Quran”ı yandıraram”. Biri deyir: “Ey dilbər, sənin xatirinə boğazımdan xaç asaram”.

 

-Biri deyir: “Ey tərsa gözəli, dönüb tərsa olaram...”

 

-Ay sağ olun! Şeyx Sənan kimi, donuz otarmağa razı olanlar da var.  Qətiyyətli, əqidədə möhkəm ola bilməyiblər. Bu da işğalın Azərbaycan xalqına, eləcə də, onun mədəniyyətinə, ədəbiyyatına vurduğu bir zərbədir. Gəlin, birgə xatırlayaq. İşğaldan sonrakı dövrdə Azərbaycan qadını Füzulidə, Vaqifdə olduğu kimi, mərkəzi gözəllik rəmzi deyil artıq; xristian gözəlindən sonrakı pillədədir. Qadınlar da məğlub oldu...  Görün, başımıza nələr gəlib, nələri itirmişik biz.

 

-Ədəbi dilimiz də sabit olmayıb.

 

-Məsələni ümumiləşdirək.  Azərbaycan ədəbiyyatı tarixindən danışanda deyirlər: “Mədinə məktəbi”, “ərəbdilli Azərbaycan ədəbiyyatı” və s. Bəs yaxşı, ərəblərin Azərbaycana gəldiyi tarixi biliriksə, ərəbdilli ədəbiyyat ondan sonra yaranmağa başlayıbsa, ədəbiyyatımızın ilkinliyi, özəyi harada idi? Bunu izah etmədilər, “ərəbdilli ədəbiyyat” deyə-deyə öz ədəbiyyatımızı öz ədəbiyyatşünaslarımız şübhə altına aldılar.  Demək lazım idi ki,  o vaxt ərəblər  doğma dildə yazılmış ədəbi nümunələri məhv edirdilər deyə, Azərbaycan ədibləri məcbur qaldılar ərəb dilində yazmağa. XI-XII əsrdən danışarkən deyilir: “Farsdilli ədəbiyyat”. Tələbəyə nə deyəsən? Axı onun ata-babası, uluları farsdilli yox, türkdilli olublar. Məsələnin kökünü izah etməliyik, sonra deməliyik: “Fars dilində yazılmış Azərbaycan ədəbiyyatı nümunələri”.

 

-O dövrdən gəlib çatan əsərlər arasında ana dilimizdə olanlar çox azdır.

 

-10-11 il əvvəl olardı. “Mehri və Vəfa” adlı dastanın bir nüsxəsi Şəkidə, bir nüsxəsi də Qazaxda aşkar edildi.  Tədqiqatlar  göstərdi ki, dastan  1056-cı ildə tamamlanıb.  Qul Əlinin “Qisseyi-Yusif”inin 1212-ci ildə tamamlandığını deyirlər. Yəni XIII əsrdə. Belə çıxır ki, “Mehri və Vəfa” anadilli ədəbiyyat nümunəsi kimi, ondan 2 əsr qabaq qələmə alınıb.   Dastanın dili “Dastani-Əhməd Hərami”dən də, “Qisseyi-Yusif”dən də sadədir, anlaşılandır. Buradan o nəticəyə gəlirik ki, öz ana dilimizdə də əsərlər yaranırmış. Sadəcə, onlar üzə çıxarıla bilmirmiş. Dövr öz sözünü deyirdi... Dövr ərəb istilasının nəticəsi idi. Bir də, tarixi tədqiqat problemləri var.

 

-Məsələn, mən “Dədə Qorqud”un tarixinin daha qədim olduğu fikrindəyəm.

 

-Hə, dastanda hadisələr islamaqədərki dövrlə səsləşir. Amma dastanın əvvəlindəki o cümlə var ha, “rəsulun zamanında...”, o cümlə çaşdırır. Kitabın hazırlanma prosesinə baxaq. Siz kitabı yazırsınız, gətirirsiniz mənə. Mən onu oxuyuram, fikirlərimi müqəddimə kimi yazıram. Yəni bir kitabın müqəddiməsi, əslində, o kitabdakı son yazıdır. Dastanların düzülüşündə də bu məqam nəzərə alınmalıdır. Hansı qolun hansı qoldan, hansı boyun hansı boydan sonra, yaxud öncə gəlməsini bilməkçün onun əhatə etdiyi dövrü öyrənməlisən.   Bizim ədəbiyyatşünasları ilişdirən həmişə müəqddimələr, ilk cümlələr olur.

 

-“Dədə Qorqud”la bağlı elə əfsanələr var ki,  dastanla bütövləşdirilə bilər. Məsələn, “Dədəm qorxdu” əfsanəsi. Bilqamışın ölümsüzlüyü axtarmasının izləri var o əfsanədə. Amma kənarda qalıb.

 

-Sikloplar haqqında məlumat ancaq odur ki, onları Geya doğub. Necə doğulmaları haqqında heç nə öyrənə bilmirik, düzdür? Amma “Dədə Qorqud” dastanında biz Təpəgözün niyə doğulmasını da oxuyuruq. Çoban Pəri qızına əl atdı, Pəri qızı vədə tamamında pərdənin içindəki uşağı gətirib çobanın üstünə atdı ki, “al, məndə əmanətin var”.  Bu uşaq zorakılıqdan doğuldu... Çoban neynədi? Onu dəyənəyiylə, təpiyiylə  qurdaladı ki, görsün nədir pərdənin içindəki? Sevgisizlikdən doğulan, anasından, atasından sevgi görməyən, hələ dünya işığı görməmiş təpiklənən uşaq nə olmalıydı ki?! Elə Təpəgöz oldu. Sosial münasibətlərin, insanın sevgisizlikdən nə hala düşdüyünün izahını görürsənmi?  Üstəlik, dastanda günəşə tapınmanın izləri də var. Basat Təpəgözdən kim olduğunu soruşanda deyir: “Atam aslan”. Aslan günəşin rəmziydi təfəkkürdə.

 

-“Dədə Qorqud”la bağlı tədqiqatlarınız haqqında eşitmişəm, amma oxumaq imkanım olmayıb.

 

-Mən heç vaxt “mən” sözündən istifadə etməmişəm. 2 cilddən ibarət “Kitabi-Dədə Qorqud ensiklopediyası” nəşr olunub.  Ensiklopediyada əsərim haqqında yazılan məqalənin adını çəkiblər, mənim əsərimdən bəhs etməyiblər. Gördüm, heç nə demədim, amma içimdən bir ağrı keçdi... “Oğuz elinə salam” kitabımda dastanın hər boyunu öz düşüncə süzgəcimdən keçirmişəm.  BDU-nun professoru var, Yeganə İsmayılova. Doktorluq işində əsərimi gözəl təhlil edib,  mənə istinad edib. Halal xoşu olsun!  Adam öz əsərinin oxunmasını, kiminsə ondan faydalanmasını görəndə xoşbəxt olur.

 

-Gözəl ədəbi söhbət etdik. Kaş, vaxt ola, bu cür söhbətləri tez-tez edək.

 

-Eh... İki ayda bir dəfə Yaşar Qarayevin yanına gedirdim Bakıya. Söhbətləşirdik. O günləri xatırladım. Burada-Nakam adlı Şəki Mərkəzi Kitabxanasının ikinci mərtəbəsində otağım vardı.  Şəkinin hər yerindən, ətraf rayonlardan gələn qələm adamlarını orada qarşılayırdım, söhbətləşirdik, ədəbi müzakirələr aparırdıq. Kitabxana təmirə bağlandı. Təmir bitəndən sonra mənə “gəl, otağını yenidən verək sənə” deyən olmadı. İndi bax,  başıma yığılanlarla ancaq bu cür-çay evlərində ortururam. Çay da ki, içəndə fikrim qarışır, söhbətin nizamı pozulur deyə, içmirəm. Mən Şəkidə ədəbiyyat adına çox şeylər etməyə cəhd göstərmişəm... Etdiklərimi başqaları danışar sizə. Səməd Vurğunun 100 illiyini keçirmişəm burada. Hamını dəvət etmişəm, gəliblər. Son illərdə yaradıcılığımda da önəmli hadisələr olub. “Vaqif” pyesim Şəki Dövlət Dram Teatrında səhnəyə qoyulub. “Sənin şeirlərin” adlı sevgi şeirlərindən ibarət kitabım işıq üzü görüb. “Mühazirələr: XIX əsr Azərbaycan ədəbiyyatı tarixi üzrə” kitabında isə tələbələrimin elmi işləri cəmlənib. Bu kitabı onlardan xəbərsiz çıxarmışam, əlimə həm kitab, həm də Şəki paxlavası götürüb düz qapılarına getmişəm.  Onların üzündəki minnətdarlıq duyğusu məni xoşbəxt edib.

 

-Mənim hansısa müəllimim bunu etsə, xoşbəxtliyi qatbaqat yaşayaram...

 

-Qələm adamının xoşbəxtliyi də ayrı cür olur...  Təki, bütün qələm adamları xoşbəxt olsunlar!

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

 

Azərbaycan Dövlət Rəqs Ansamblı Rusiyanın Çelyabinsk şəhərində keçirilən “Sineqorye” XIV Beynəlxalq Milli Mədəniyyətlər Festivalında uğurla iştirak edib.

 

AzərTAC xəbər verir ki, festival çərçivəsində Çelyabinskdə 7, bölgənin şəhərlərində 18 konsert, panel müzakirəsi və ustad dərsləri təşkil olunub.

 

Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə) festival günlərində vilayətin mərkəzi Çelyabinskdə, eləcə də regionun Miass və Satka şəhərlərində möhtəşəm konsert proqramları ilə çıxış edib. Kollektivin Çelyabinsk Operasının səhnəsindəki çıxışı xüsusilə yaddaqalan olub. Ansamblın ifasında “Sarı gəlin”, “Qazaxı”, “Şələqoy”, “Qaytağı”, “Dəflə rəqs” və digər milli rəqs nümunələrimiz böyük maraqla qarşılanıb, tamaşaçıların qəlbini fəth edib. Ansamblın uğurlu çıxışına görə bədii rəhbər, Xalq artisti Rüfət Xəlilzadəyə Çelyabinsk Vilayəti Mədəniyyət Nazirliyinin diplomu təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

Muzey Mərkəzində Azərbaycanın Əməkdar rəssamı İsa Məmmədovun xatirəsinə həsr olunmuş “Bakının mənzərələri” adlı fərdi sərginin açılışı olub. Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Muzey Mərkəzinin, Azərbaycan Rəssamlar İttifaqının və Qərbi Azərbaycan İcmasının dəstəyi ilə təşkil olunub.

 

AzərTAC xəbər verir ki, sərgidə rəssamın Dənizkənarı Milli Park, Nizami küçəsi, Vağzal meydanı, Fəvvarələr meydanı və bir çox digərləri kimi Bakının sevimli guşələrini əks etdirən 60 rəsm əsəri nümayiş etdirilir.

 

Tədbirdə İsa Məmmədovun ailə üzvləri də iştirak ediblər. Rəssamın oğlu Nəriman bu sərginin atası üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, atasının arzusunun yerinə yetirdiyinə görə qürur duyduğunu bildirdi.

 

“Burada çıxış etmək mənim üçün asan deyil. Atam özü bu sərgini görə bilməsə də, əsas odur ki, biz onun xəyalını gerçəkləşdirə bildik. Mən həqiqətən inanıram ki, o, indi bizi görür və fəxr edir. Bu sərginin təşkilində və açılmasında əməyi olan hər kəsə ürəkdən təşəkkür edirəm”, - deyə Nəriman Məmmədov bildirib.

 

Azərbaycanın Əməkdar artisti İsa Məmmədov kiçik bir kənddə dünyaya göz açıb. 1974-cü ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olaraq, o, Bakıya köçür. Lakin uşaqlıq və gənclik illərinin keçdiyi yerlərlə bağlı xatirələr sənətçini heç vaxt tərk etmir. Böyük şəhərdə məskunlaşan İsa Məmmədov Azərbaycanın rayonlarına tez-tez səfər edərdi. Quba, Xaçmaz, İsmayıllı onun üçün xüsusilə sevimli yerlərə çevrilir. Sırf realist baxışla gücləndirilmiş impressionist üslub ona təbiətin hər bir guşəsinə açıq şəkildə heyran olmağa imkan verir. Qəribədir ki, rəssamın əsərləri arasında çox olan şəhər mənzərələri həm şəhərin səs-küyündən, həm də hər hansı bir böyük şəhərə xas olan həyat ritminin sərtliyindən tamamilə məhrumdur. Rəssam nəyi çəkməsindən asılı olmayaraq, təbiətin sevimli guşələri, Bakının sevimli guşələri - hər şeydə onun tamaşaçılara ötürdüyü pərəstişkar münasibəti, sevgisi, səmimiyyəti öz əksini tapır.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

Понедельник, 09 Декабрь 2024 09:14

Moskvada Azərbaycan kəlağayısına həsr olunmuş tədbir keçirilib

Azərbaycan kəlağayısının UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə Moskva Millətlər Evində “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adlı tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Moskva şəhəri Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov salamlama nitqi ilə çıxış edib. Kəlağayı haqqında məlumat verib, onun Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş baş örtüyü olduğunu deyib. Kəlağayının həm qədim mədəniyyətimizin, tarixi ənənələrimizin simvolu, həm də odlar yurdunun gözəllik, incəlik, namus və ləyaqət rəmzi olduğunu bildirib.

Sonra milli musiqi alətimiz sazın müşayiəti ilə Azərbaycan xalq mahnılarının ifaçısı Təranə Gədəbəyli çıxış edib.

Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədr müavini Həşim Əliyev öz çıxışında tədbirdə azərbaycanlılarla yanaşı müxtəlif millətlərin nümayəndələrinin də olduğunu vurğulayıb.

Tədbirin davamında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında azərbaycanlı gənclərin səhnələşdirdiyi musiqili nömrə təqdim olunub. Tədbirin təşəbbüskarı, Qadınlar Birliyinin rəhbəri Leyla Fərəcova kəlağayı haqqında şeirlər səsləndirib. Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi, şair-tərcüməçi Afaq Şıxlı kəlağayının özəlliklərindən danışıb.

Bəxtiyar Həsənov tədbir çərçivəsində keçirilən “Qadın ipək baş geyimlərinin istehsalı və daşınmasının ənənəvi mədəniyyəti və onun simvolizmi” müsabiqəsinin qaliblərinə diplomlar təqdim edib.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

 

 

Понедельник, 09 Декабрь 2024 12:18

YARAT-da “Özüm ilə təklikdə” adlı plastik tamaşa nümayiş olunub

YARAT Mərkəzində “Praktika” Teatrının YARAT təşkilatı ilə əməkdaşlığı çərçivəsində müasir üslubda hazırlanan “Özüm ilə təklikdə” adlı plastik tamaşa nümayiş olunub.

 

YARAT-dan AzərTAC-a bildirilib ki, tamaşa İosif Brodskinin yaradıcılığından ilhamlanan, “Praktika” Teatrının rezidenti Jack’s Garret komandasının 2022/2023-cü il mövsümündəki bədii fəaliyyətinin nəticəsidir. Daxili münaqişədən bəhs edən “Özüm ilə təklikdə” tamaşası küçə rəqsi və müasir xoreoqrafiya texnikalarını birləşdirərək hərəkətlərin gücü ilə poeziyanın dərinliyini bir araya gətirir. Baş qəhrəman yol ayrıcındadır: mübarizə aparmaq, ya da özünü qəbul etmək və işığa doğru irəliləmək, ya da qaranlığa dalmaq.

 

Aktyorlar Aleksandr Tronov və Aleksandr Alyoxin İ.Brodskinin şeirlərini yenidən mənalandıraraq tamaşaçını metaforalar və simvollar aləminə qərq etdilər. Səhnəqrafiya və ideyası xoreoqraflar Anna Deltsova və Aleksandr Tronova məxsus tamaşaya 150-yə yaxın qonaq qatılıb.

 

Tamaşadan bir gün sonra isə YARAT və “Praktika” Teatrının əməkdaşlığının davamı olaraq Jack’s Garret komandası tərəfindən müasir xoreoqrafiya üzrə ustad dərsi keçirildi. Rusiyalı xoreoqraf və aktyor Aleksandr Tronovun rəhbərliyi ilə ikihissəli təlimə qatılan iştirakçılar küçə rəqsi texnikalarını və hərəkətlərlə emosiyaların necə çatdırılacağını öyrəniblər.

 

“Praktika” Teatrı Moskvada yerləşən, dövrün tendensiyalarına cavab verən və fəaliyyətində çağdaş ədəbiyyatından istifadə edən eksperimental mərkəzdir. “Praktika” tamaşaçılarla müasir yazılar, musiqi, dizayn, memarlıq, multimedia və aktyor oyununun aktual bədii dili ilə danışır. Teatr bugünkü incəsənəti yaradan fənlərarası sahəni araşdırır.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində həmin ölkədə yaşayan Qərbi azərbaycanlıların təşkilatçılığı və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev açılış nitqi ilə çıxış edərək tarixi faktlarla ermənilərin Qərbi Azərbaycanda əsrlər boyu azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə və deportasiya haqqında, eləcə də XIX-XX əsrdə azərbaycanlıların Qafqazın və Qərbi Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni mühitində oynadıqları rol barədə məlumat verib.

İclasın sədri Vidadi Qurbanov yaradılacaq ictimai birliyin rəhbəri və onun müavini vəzifəsinə namizədlərin irəli sürülməsi üçün müraciət edib.

İclas iştirakçıları İsmayıl Məmmədovun təklifi əsasında “Özbəkistanda Yaşayan Qərbi Azərbaycanlılar” İctimai Birliyininrəhbəri vəzifəsinə əslən Qərbi Azərbaycanın Basarkeçər rayonundan olan İlham Abdullayevin, müavin vəzifəsinə isə Ədalət Qocamanovun namizədliyini dəstəkləyib.

Konfrans iştirakçıları “Özbəkistanda yaşayan Qərbi Azərbaycanlılar” İctimai Birliyinin təsis iclasının yekunu olaraq müvafiq təşkilatlara ünvanlanmaq üçün sənədlərin hazırlanmasına dair razılığa gəlib.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

 

Понедельник, 09 Декабрь 2024 11:46

Qabalda İlya Çavçavadzeyə həsr olunmuş tədbir keçirilib

Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və layihələri çərçivəsində fəaliyyət göstərən “Qabal İnkişaf Mərkəzi” görkəmli yazıçı, şair, publisist və ictimai xadim İlya Çavçavadzeyə həsr olunmuş dəyirmi masa keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə,  Gürcüstanın Laqodexi rayonunun “Qabal Ədliyyə Evi”ndə baş tutan tədbirdə azərbaycanlı və gürcü ziyalılar, gənclər və məktəblilər iştirak edib.

Mərkəzin direktoru Yavər Məmmədov çıxışında bu cür tədbirlərin azərbaycanlılar və gürcülər arasında mədəni əlaqələrin möhkəmlənməsinə, dialoqun təşviqinə töhfə verdiyini deyib. İlya Çavçavadzenin azərbaycanlılara böyük rəğbət bəslədiyindən və onların milli xüsusiyyətlərinə dair bir sıra məqalələr dərc etdirməsindən danışıb.

Mərkəzin gürcü dili müəllimi Telli Qiyasova tədbir iştirakçılarına böyük gürcü mütəfəkkirinin həyat və yaradıcılığı haqqında geniş məlumat verib.

Rayonun gürcü ziyalıları çıxışlarında azərbaycanlı gənclərin İlya Çavçavadzenin həyat və yaradıcılığına göstərdikləri böyük maraqdan fərəh duyduqlarını, onların Gürcüstan və Azərbaycan arasında gələcək münasibətləri inkişaf etdirərək daha da möhkəmləndirəcəyinə ümid bəslədiklərini bildiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.