Super User
Kolorado ştatında soydaşlarımız yeni diaspor təşkilatı yaradıb
ABŞ-nin Kolorado ştatında yaşayan soydaşlarımız orada Azərbaycan icmasının ilk diaspor təşkilatını yaradıb.
“Ədəbiyyat və incəsənət” portalına Diasporl İş Üzfrə Dövlər Komitəsindən verilən məlumata görə, “Koloradoda Azərbaycan Diasporu” adlanan təşkilatın məqsədi yerli Azərbaycan icmasının Amerika cəmiyyətində təmsilçiliyini artırmaq və bu missiyanı gələcək nəsillərə ötürməkdir. Kolorado azərbaycanlılarının ABŞ-də yaşayan digər etnik qruplar, yerli icmalar və gənc nəsil arasında sıx əlaqələrin qurulması, habelə Azərbaycan dilinin və mədəniyyətinin təbliği də təşkilatın əsas hədəflərindəndir.
Yeni yaradılan təşkilatın təsisçisi və rəhbəri Nigar Şıxsəfiyeva Azərbaycanın diaspor fəaliyyətinin genişləndirilməsi, ölkəmizin ABŞ-də tanıdılması istiqamətində mühüm addımlar atılacağını vurğulayıb.
“Ədəbiyyat və incəsənət”
(09.12.2024)
Xalq yazıçısı Natiq Rəsulzadənin 75 illik yubileyi qeyd olunub
Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə Xalq yazıçısı, kinodramaturq Natiq Rəsulzadənin 75 illik yubileyi qeyd olunub.
AzərTAC xəbər verir ki, Xalq yazıçısı tədbirdən öncə jurnalistlərə açıqlamasında oxucularla daim ünsiyyətdə olduğunu deyib: "Çalışıram oxucularımla tez-tez görüşüm. Fikrimcə, yazıçı öz oxucusunu tanımalıdır. Mənim təkcə Azərbaycanda deyil, həmçinin MDB məkanında və Avropada da oxucularım var. Onlarla ünsiyyət qurub, fikirlərini öyrənmək mənim üçün çox önəmlidir. Amma bu, o anlama gəlmir ki, yazıçı oxucunun dedikləri ilə tam razılaşmalıdır. Çünki yazıçının öz dəst-xəti, yolu var".
Onun sözlərinə görə, bəzən yazıçılar yorulur və əsərlərində zəif tərəfləri görmür. Oxucu kitabı ilk dəfə oxuyanda o məqamları görür. Buna görə də oxucularla vaxtaşırı ünsiyyət qurmaq bu məsələdə kömək olur.
Əvvəlcə Natiq Rəsulzadənin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
Yubiley gecəsində çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu və digərləri Natiq Rəsulzadənin əsərlərindəki xarakterlərin bitkinliyi ilə diqqəti cəlb etdiyini bildiriblər. Natiqlər yazıçının gənc yaşlarında inkişaf etdirdiyi üsluba sadiq olduğunu deyiblər. Qeyd olunub ki, yazarın əsərləri üzərində qurulan ssenarilər aktyor üçün asandır. Təsadüfi deyil ki, onun kitabları bu gün bir sıra Avropa dillərinə tərcümə olunur.
Qeyd edək ki, Natiq Rəsulzadə Azərbaycanda, Rusiyada, Avropa və bir çox başqa ölkələrdə nəşr olunan 50-dən çox kitabın müəllifi, ədəbiyyat sahəsində bir sıra yerli və xarici mükafatların laureatıdır.
“Ədəbiyyat və incəsənət”
(09.12.2024)
Beyləqan gənclərinin ətraf mühitin qorunmasına töhfəsi
Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət” portalının Beyləqan təmsilçisi
Azərbaycan Respublikasınin Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədilə 2024- cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində "Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı" İctimai Birliyi tərəfindən həyata keçirilən "Ətraf mühitin qorunmasında region gənclərinin təşəbbüslərinə dəstək" layihəsi baş tutmuşdur.
Layihənin icra planına uyğun olaraq, düșərgədə iștirak etmiş Beyləqan gənclərinin "Gənc təbiət dostları" şəbəkəsi yaradılmışdır və yașadiqları bölgədə onların iştirakı ilə "Tullantılarla İncə Sənət" kiçik layihə təşəbbüsü həyata keçirilmişdir.
Layihənin keçirilməsində əsas məqsəd məişət tullantılarından müxtəlif sənət nümunələri hazırlanaraq tədbir iştirakçılarına nümayiş etdirməklə bərabər, gəncləri ətraf mühitə duyarlı yanaşmaq vərdişləri formalaşdırmaq, zərərli əşyaları, plastikləri, sellofan torbaları düşünmədən zibil qutularına, su hövzələrinə atmaq vərdişlərindən çəkindirməkdir. Həmçinin yaradıcı yeniyetmə və gəncləri dəstəkləməyi, həvəsləndirməyi məqsəd kimi qarşısına qoymuşdur.
“Ədəbiyyat və incəsənət”
(06.12.2024)
IV Şəki Beynəlxalq Teatr Festivalı uğurla başa çatıb
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi və birgə təşkilatçılığı ilə keçirilən IV Şəki Beynəlxalq Teatr Festivalı uğurla başa çatıb.
Dekabrın 1-də başlayan və beş gün davam edən festival Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunub. Beynəlxalq festivalda ölkəmizin teatrları ilə yanaşı, Qazaxıstan və Özbəkistan respublikalarından gələn teatr kollektivləri də iştirak ediblər.
Festivalın sonuncu günü, dekabrın 5-də Gəncə Dövlət Milli Dram Teatrı tamaşaçılara türk dramaturqu Əziz Nesinin “Toros canavarı” sosial komediyası əsasında hazırladığı eyniadlı tamaşanı təqdim edib.
Tamaşanın quruluşçu rejissoru İstanbulun Maltəpə Bələdiyyə Teatrının baş rejissoru, Avrasiya Teatrlar Birliyinin (ATB) baş katibi Kubilay Erdelikara, rejissoru ATB-nin Azərbaycan təmsilçisi Yusif Cəfərov, quruluşçu rəssamı Mustafa Mustafayevdir.
Tamaşada rolları Əməkdar artistlər İlham Hüseynov, Sevda Orucova, Novruz Cəfərov, Elxan Abbasov, Ramiz Vəliyev, aktyorlar Günay Cabbarova, Emil Salmanov, Samir Abbasov, Akif Səfərov, Həsən Cəfərov və Elmir Məmmədov ifa ediblər.
Bağlanış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, festivalın keçirilməsinə göstərdikləri dəstəyə görə Mədəniyyət Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbərliyinə, teatr kollektivlərinə minnətdarlığını bildirib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi irs şöbəsinin Teatr sektorunun rəhbəri Böyükxanım Talıbova festivalın Şəkinin, eləcə də Azərbaycanın mədəni həyatında əlamətdar hadisə olduğunu vurğulayıb, 145 illiyini qeyd edən Şəki teatrının kollektivinə yaradıcılıq uğurları arzulayıb. Nazirliyin rəsmisi festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki Dövlət Dram Teatrının rəhbərliyinə minnətdarlığını bildirib.
Şəki Dövlət Dram Teatrı və Şəki Şəhər İcra Hakimiyyəti adından Gəncə Dövlət Milli Dram Teatrının kollektivinə festivalın simvolu və xatirə hədiyyələri təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(06.12.2024)
Milli Xalça Muzeyində “Sehrli xalça” adlı yeni kolleksiyanın təqdimatı olub
Dekabrın 5-də Azərbaycan Milli Xalça Muzeyində Avstriyanın dünyada məşhur zərgərlik brendi “Freywille”nin “Sehrli xalça” adlı yeni kolleksiyasının təqdimatı keçirilib.
AzərTAC xəbər verir ki, tədbirdə əvvəlcə “Sehrli xalça” kolleksiyasının yaranması haqqında məlumatları özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova çıxış edərək milli-mədəni irsimizə xüsusi rəğbət və sevgidən yaranan “Sehrli xalça” kolleksiyası və Azərbaycan zərgərlik sənəti haqqında məlumat verib. O qeyd edib ki, bu unikal kolleksiya Milli Xalça Muzeyi ilə “Freywille” brendi arasında imzalanan Anlaşma Memorandumuna əsasən milli irsimizin dünya miqyasında tanıdılması məqsədilə hazırlanıb.
“Müasir incəsənət və zərgərlik texnologiyası ilə xalqımızın zəngin tarixini özündə birləşdirən “Sehrli xalça” kolleksiyası Qarabağın məşhur xovsuz xalçası “Vərni”nin orijinal naxışlarından ilhamlanaraq yaradılıb. Xalçanın əsas özəlliyi üzərində stilizə edilmiş həndəsi əjdaha motivlərinin olmasıdır. Bu layihə üzərində altı aya yaxın proses gedib. İnanırıq ki, kolleksiya Azərbaycanda və bütün dünya miqyasında layiqincə qiymətləndiriləcək, daha geniş kütlələr arasında xalça sənətimizin tanıdılması və bu sokral bəzək elementlərinin tərəddüdsüz milli-mədəni irsimizin bir hissəsi olduğunu bir daha təsdiq edəcək", - deyə Ə.Məlikova əlavə edib.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov diqqətə çatdırıb ki, “Freywille” brendi ilk dəfə zərgərlik məmulatlarının dizaynında Azərbaycan xalça naxışları və motivlərindən istifadə edib.
“Freywille” şirkətinin rəhbəri Fridrix Ville öz videomüraciətində onların Milli Xalça Muzeyində kəşf etdikləri nümunələrin zərgərlikdə növbəti sənət əsəri yaratmaq üçün möhtəşəm ilham qaynağı olduğunu söyləyib.
Şirkətin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nigar Namazova yeni kolleksiyanı sənətkarlığın, tarix və mədəniyyətin möhtəşəm harmoniyası kimi dəyərləndirib.
Bədii hissədə tanınmış tarzən, Əməkdar artist Şəhriyar İmanov və onu müşayiət edən musiqiçilər - İlqar Əliyev (klaviş) və Şükür Əliyev (ritm alətləri) Azərbaycan və Avstriyanın musiqilərindən ibarət kompozisiya təqdim ediblər.
Həmçinin “Mirvari” rəqs ansamblı Qara Qarayevin “Yeddi gözəl” baletinin sədaları altında xoreoqrafik kompozisiya nümayiş olunub.
Sonda muzeyin Ənənəvi texnologiya şöbəsində yeni toxunan “Vərni” xalça fraqmentlərinin qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi reallaşıb.
“Ədəbiyyat və incəsənət”
(06.12.2024)
“GÖYGÖL" DÖVLƏT MAHNI VƏ RƏQS ANSAMBLI 55 illik yibileyə hazırlaşır
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 25 dekabr saat 19:00-da "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının 55 illik yubileyinə həsr olunmuş konsert proqramı baş tutacaq.
“Ədəbiyyat və incəsənət” portalına filarmoniyadan verilən məlumata görə, konsertdə "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə solistlərin ifasında mahnılar, rəqslər təqdim olunacaq.
“Ədəbiyyat və incəsənət”
(06.12.2024)
Gürcüstanda aşıq sənəti inkişaf etdirilir
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Gürcüstanın Saqareco rayonunda fəaliyyət göstərən “Parlaq Gələcək” Tədris Mərkəzinin layihəsi çərçivəsində yaradılan “Aşıq dərnəyi” gənc nəslin yetişməsində müstəsna rol oynayır.
“Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, mərkəzin direktoru Rafael Süleymanov kursların ödənişsiz olduğunu bildirərək: “Tərbiyənin bir çox növləri var. Lakin musiqi tərbiyəsi daha böyük imkanlar yaratmaq qüdrətinə malikdir. Xalqımızın milli-mənəvi dəyərləri Gürcüstanda musiqi zövqünün tərbiyə olunmasında əsas amil kimi dəyərləndirilir. Milli musiqi nümunələrimizdə - xalq mahnılarında, rəqslərdə, aşıq musiqisində xalqın yüksək mənəviyyatı, onun arzu və istəkləri əks olunur”,- deyə qeyd edib.
Aşıq Əlibala Qurbanov uşaqların bu qədim el sənətinə böyük maraq göstərdiyini, aşıq sənətinin öyrədilməsində əsas məqsədin şagirdlərdə yaradıcılıq qabiliyyətini üzə çıxarmaq, musiqi bacarıqlarını inkişaf etdirmək, həmçinin xalqımızın milli-mənəvi dəyərlərini yaşatmaq olduğunu söyləyib.
Saz dərnəyinin üzvü Sərvət Yusifov ailələrində həmişə saz olduğunu, ona görə də aşıq sənətini sevdiyini, Nuray Hacıyeva isə bu qədim el sənətinə uşaqlıqdan maraq göstərdiyini qeyd edib.
“Ədəbiyyat və incəsənət”
(06.12.2024)
“Tablolarda nağıllar” sərgi-müsabiqəsinin yekun tədbiri Rəssamlar İttifaqında olacaq
Dekabrın 13-də Azərbaycan Rəssamlar İttifaqında gənc rəssamların “Tablolarda nağıllar” adlı yaradıcılıq sərgi-müsabiqəsinin bağlanış mərasimi keçiriləcək.
AzərTAC xəbər verir ki, sərgi Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illiyi münasibətilə təşkil olunub.
Tədbir Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə reallaşıb.
“Ədəbiyyat və incəsənət”
(06.12.2024)
“Sözdən yaranan incilər”də - “Gözüaçıqlıq yalanlara göz yummaq bacarığıdır”
Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu dünya dahilərinin, səmavi insanların və Azərbaycan mütəfəkkirlərinin on üç mindən çox kəlamlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən yaranan incilər” adlı kitab kimi çapa hazırlayırlar. Bu sayımızdan başlayaraq həmin kəlamlardan, aforizmlərlərdən seçmələri səhifələrimizdə çap edirik. İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaqsınız.
HÜMBƏT HƏSƏNOĞLU
Hümbət Həsənoğlu - həkim, yazıçı, ictimai xadim. “Tərəqqi” medallı. Altı mindən çox aforizmlərin müəllifidir. Tükdilli xalqlar arasında ən çox aforizmlər yazan azərbaycanlı yazıçıdır.
- İnsana ağıl həyata uyğunlaşmaq üçün, hisslər həyatı yaşamaq üçün verilib.
- İnsan yekə- yekə danışanda kiçilir.
- Söz kibrit kimidir, ocaq da qalayar, yanğın da törədər.
- Həqiqət axtaranın təəssüfdən çarığı, kədərdən əsası olmalıdır.
- Uğur qazanmaq üçün uğurluya bax, uğursuza qulaq as.
- Nəzəri biliklər iki halda əhəmiyyətsizdir, suda üzmək istəyəndə, qadınla münasibət quranda.
- Gözüaçıqlıq yalanlara göz yummaq bacarığıdır.
- Kim olursansa ol, amma kürəyini sürtməyə biri olmalıdır.
- Şamın məşəl kimi yanmağına ümid eləmə.
- Sözün dəyəri cümlədə, insanın dəyəri cəmiyyətdə bilinər.
“Ədəbiyyat və incəsənət”
(06.12.2024)
BİR SUAL, BİR CAVAB Fərid Hüseyn ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
İndi divardakı quş kölgələrini
önündə dayadığımız gecənin
xatirəsinə qalıb saat,
kəfgirləri yaddaşıma sancmışam.
Sənsiz keçən vaxtı görməmək üçün
qol saatımı divardan asmışam.
(Fərid Hüseyn)
Necə düşünürsünüz, zaman yaraları sağaldırmı, yoxsa yaralar qasnaqlasa da, zaman adlı həbin gücü yetməz o yaraları tam sağalda, Fərid bəy, zaman adlı həb "ən ağır yaranı" sağalda bilərmi?
CAVAB
Zaman əlbəttə ki, insanı olanlardan, baş verənlərdən az-çox soyudur, iş-güc, gündəlik qayğılar adamın başını qatıb köhnə günlərin havasından uzaq salır, amma bəzən elə vaxt yetişir ki, keçmiş günün bircə anlıq xiffəti ürəyini didik-didik eləyir, bağrının başı göynəyir. İnsan “o məsələ belə olmasaydı, belə olardı, bu adam olmasaydı, o biri olsaydı” deyə düşünəndə əlacsızlıqdan az qalır özünü kağız kimi cırıb kənara tullasın. İnsan bir anının içində keçmişi xatırlayıb elə peşmanlıq keçirə bilər ki, on ilin dustağı, iyirmi ilin əsiri əzablı günlər içərisində o qədər sarsıntı yaşamaz. Hər şey insanın mənəvi dərinliyindən asılıdır, nə qədər Allaha bağlısansa, ürəyin təmənnasız istəklərinə mübtəlasansa əzabların da o qədər ağır olur. İndi insanlar ona görə Allahdan uzaq olmağa çalışırlar ki, günün, peşmanlıq hisslərini yüngül keçirsinlər. Biri var hansısa günahın Allahın nəzəri önündə törədildiyini təsəvvür edəsən, biri də var kameraya düşüb-düşmədiyini fikirləsən. Lev Tolstoyun “Dirilməsi”nin qəhrəmanı Nexlyudov saf eşqin qurbanı olan Katya adlı qızın gələcəyini korlayır, sonra o hadisə qızcığazın bütün gələcəyini məhv edir. Məhkəmədə qız taleyini danışdıqca Nexlyudov anlayır ki, bu qədər rüsvayçılıqlar Allahın nəzəri önündə baş tutub. Dəhşətə gəlir. Allah səhv, günah etməyəndir deyə onun səhv addım atma ehtimalı da təbii ki, yoxdur. Səhvsizin qarşısında səhv edəndə onun təsiri daha ağır olur, nəinki daim səhvlərin məskənində yaşayan adi insanların. Dinlərin hamısında “axirət rüsvayçılığı” məsələsi var. Nə deməkdir axirət rüsvayçılığı: Kəsə mənası budur ki, nə qədər çox günahın varsa o qədər də çox o hadisəyə şahid olan və sənin həqiqi kimliyini tanıyan adamlar var.
“Ədəbiyyat və incəsənət”
(06.12.2024)