Məlum olduğu kimi, Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma DQMV rejiminin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub. Dərhal iki ölkənin Prezident Administrasiyaları və Xarici İşlər Nazirlikləri arasında təmaslar başlayıb. Bunun ardınca Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb. Almaniya Prezidenti Administrasiyasının rəhbəri adından ünvanlanmış məktubda baş vermiş bu hadisəyə görə üzrxahlıq ifadə olunaraq, məktubun mediaya verilməsinə razılıq bildirilib.
Mövzu ilə bağlı “Ədəbiyyat və incəsənət” portalına açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov baş verənləri Azərbaycan dövlətinin prinsipiallığının nəticəsi kimi dəyərləndirib:
“Almaniyanın üzrxahlığı diplomatiyamızın gücündən, dövlətimizin prinsipiallığından xəbər verir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan diplomatiyası həqiqətən də çox güclüdür və dövət maraqlarımızın keşiyində ayıq-sayıq dayanıb.
Bildiyiniz kimi, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi Instagram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “bayrağını” paylaşmışdı. Bu isə haqlı olaraq Azərbaycanın ciddi etirazına səbəb olmuş, bu etiraz ən sərt şəkildə Almaniyanın ölkəmizdəki səfirinin diqqətinə çatdırılmışdı. Azərbaycan tərəfi Almaniyadan baş verənlərlə bağlı ictimai şəkildə üzrxahlıq edilməsini tələb etmişdi. Hansı ki, Azərbaycanın bu tələbi ən qısa zamanda yerinə yetirildi, Almaniya yaşanan məlum olayla bağlı ölkəmizdən üzr istədi. Bu fakt bir daha sübut etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan diplomatiyası ölkəmizin maraq və mənafeyi ilə bağlı məsələlərdə heç kimə, heç bir dövlətə güzəştə getmək niyyətində deyil və bu məsələlərdə sona qədər prinsipiallıq sərgiləyir.
Artıq məlum insident öz məntiqi sonluğuna çatsa da, baş verənlər bizim hər birimizdən ayıq-sayıq olmağın, dövlətimizə, onun Prezidentinə daim dəstək verməyin son dərəcə önəmli olduğunu göstərir. Biz Vətən müharibəsindəki həmrəyliyimizi günümüzdə də davam etdirməli, hər bir böhtan və təxribatın qarşısını qətiyyətlə almalı, bu haqsızlıqları birlikdə ifşa etməliyik. Unutmayaq ki, yalnız birlik, bərabərlik bizi hər bir mübarizədən qalib çıxara, bizi öz hədəflərimizə çatdıra bilər”.
“Ədəbiyyat və incəsənət”
(01.04.2025)