Ağdamda Sarı Musa türbəsi Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

 

Ağdam rayonunun Xaçın Türbətli kəndində Elxanilər dövrünün xatirə memarlığının dəyərli bir abidəsi qalmışdır. Xalq arasında "Sarı Musa türbəsi" adlanan bu abidənin interyerində, giriş qapısının üstündəki inşaat kitabəsində bildirilir: "Ulu Allahın rəhminə möhtac, mərhum Qutlu Xacə Musa oğlunun bu imarəti ustad Şahbənzərin əməlidir"

 

Türbənin inşaat işləri 15 iyul 1314-cü ildə tamamlanmışdır. Azərbaycanın o çağdakı Xaçın vilayətinin nüfuzlu şəxsi olmuş Qutlu Xacə Musa oğlunun məzarı üstündə ucaldılmış türbə ziyarət kimi məşhurlaşaraq kəndin adını da "Xaçın + türbə(t) + li" müəyyənləşdirmişdir.

Sarı Musa türbəsinin giriş qapısı üzərindəki kitabə, onun 1314-cü ildə ustad Şahbənzər tərəfindən Musa oğlu Qutlunun məzarı üzərində tikildiyini göstərir.

Qülləvari türbə tipinin özünəməxsus örnəklərindən olan Qutlu Xacə Musa oğlu türbəsinin bayır həcmi üçtipli alçaq kürsülük, onikiüzlü prizmatik korpus və çadırabənzər piramidalı günbəz örtüyündən ibarətdir.

Korpus və kürsülük yaxşı yonulmuş sarımtıl əhəng daşı ilə üzlənmişdir. Korpusun 9 üzündə yarımonüzlü planı olan tağlar, şimal, şərq və qərb üzlərində isə qapı və pəncərə gözləri qurulmuşdur. İri ölçüsünə və bədii-plastik həllinə görə şimal gözü türbənin baş giriş qapısıdır.

Türbənin korpusundakı bütün taxçaların, qapı və pəncərələrin üst sivri hissələri incə stalaktit kompozisiyaları ilə işlənmişdir. Korpusun tinlərində daş memarlığı üçün bir qədər miqyassız görünən incə pilyastrlar verilmişdir. Fasad səthləri daş üzərində oyma naxış, xonça və stalaktitlərdən başqa dekorativsimvolik mənaları olan müxtəlif heyvan (öküz, aslan, maral, dovşan və s.) təsvirləri ilə bəzədilmişdir. Təbii daş fonda daha canlı görünməsi üçün bu təsvirlər tünd qırmızı boya ilə örtülmüşdür. 

Qutlu Xacə Musa oğlu türbəsi Azərbaycanın qülləvari türbələri üçün səciyyəvi olan dinamik həcm kompozisiyasına malikdir. Ancaq bu abidənin istər inşaat texnikasında, istərsə də detallarının bədii-plastik həllində Aran memarlığının, özəlliklə də Qarabağ memarlığının fərqli xüsusiyyətləri əks olunmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.