Ölümdən qorxmamaq, yox olmaqdan qorxmaq - ESSE Featured

Xədicə Əliyeva, "Ədəbiyyat və İncəsənət"

 

“Bəlkə də, ölüm ruhumuzun həqiqi varlığını tapdığı an, müvəqqəti məskunlaşmış olduğu yeri tərk etdiyi gün idi?"

 

Qorxu.

Qorxurdum? Nəyə görə? Deyəsən, sadəcə özümü hazırlayırdım. Nəyə? Qorxmuram dediyim halda özümü nəyə hazırlayırdım?

Cəsarət.

Nə idi qorxu, nə idi cəsarət? Cəsarət qorxmamaq idi, yoxsa qorxularımızla üzləşmək? Məgər, həyatda heç vaxt qorxu ilə yolları kəsişməyən insanlar, cəsarətli adlandırılırdı? Yoxsa, nə olursa olsun, o yoldan keçilirdi? Hər insanınmı qorxuları var idi, yoxsa bəziləri həyatı ciddiyə almayacaq qədər cəsur idi? Həyatı ciddiyə almamaq həqiqətən də cəsarətli olmaq sayılırdı? Yoxsa, biz həqiqi qorxularımızı gizlətmişdik “vecsiz” tərəfimizdə. Cəsur? Cəsur deyə bilərdikmi biz belə insanlara? Heç qorxmayan insanlarmı cəsarətli idi, yoxsa qorxularını bilib onlarla üzləşənlərmi adlanırdı qorxusuz? 

Həyat.

Yox, yox. Mən anlamıram. İtirəcək heçnəyim yoxdur deyən insanları anlamıram! Çünki, həyat sənə hər mərhələdə itirəcək nələrinsə olduğunu göstərir. Həyat, itirilənlər-qazanılanlar üzərində balanslaşıb və sən itirdikcə, qazanırsan. Sanki, həyat içində həyat yaşayırsan və bu daxilində itirdiyin bir şeyi torpağa verərkən, digər qazandığını torpaqdan alarkən daxilinin bağlanan pəncərəsindən digər pəncərəsini görürsən.

Sınanmaq.

Ən sonda isə, sən var oluşla yarışa girib, həqiqətən itirəcək nəyimsə yoxdur deyəndə, həyat sənə qarşı ən son fəndini işlədir. Səni, səninlə sınayır. İnsan bir çox mövzularda sınanır. Bəs, özü?

Yol.

 Dəhşətlisi odur ki, insan cəsarəti axtardığı yolda özü ilə bircə dəfə də qarşılaşmasın. Bax, insanın həqiqət adı altında özünü axtararkən, itirəcək həddə gəlib çıxmasıdır ən böyük qorxaqlıq. Çünki insanın özü ilə üzləşməsidir ən böyük cəsarət. İnsanın qazanacağı ən böyük qalibiyyət özünü tapması, ən böyük məğlubiyyəti isə özünü tapdığı gün əslində itirdiyinin fərqinə varmamasıdır.

Ölüm.

Bəşəriyyət, sanki bu sualların məni torpağa basdırması üçün var idi. Belə baxanda, onsuz da torpağa getməyəcəyikmi? Cismimin torpaq altında olması məni elə də həyəcanlandırmır. Çünki, bu mən deyildim.

Varlıq, yoxluq.

 Bəs, həqiqətən mənim torpaqda olacağımı qəbullanacağım gün necə  olardım? "İnsanlar bir gün öləcəklərini bilərək yaşamalıdır" deyir bəziləri. Əslində, bir çox insan dərk etmədiyi üçün yaşayır. Hə, bir çox insan ölümü dərk etmir və sanki hər biri əvvəlcədən yığılmış sistem kimi həmişə var olacaqmış kimi yaşayır. Bəlkə də, ölümü unutmağımız, ruhumuzun əbədi olduğundan əmin olduğumuz üçün idi? Mən ölümdən qormurdum, lakin yox olmaqdan qorxurdum. Ölüm yox olmaqdırsa, mən niyə qorxmurdum? 

Yenə də Ölüm.

"Bəlkə də, ölüm ruhumuzun həqiqi varlığını tapdığı an, müvəqqəti məskunlaşmış olduğu yeri tərk etdiyi gün idi?"

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.