İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
1.Sadəlik
Sadəlik – bunu kimi yaxşı dərk edir, kimi yaman. Yuxarıdan baxırlar sadəyə çox zaman. Sadənin gözü, sözü özündən əzizdir, qəlbi güzgüdən təmizdir. Sadəlik adi olmaqla, bəzən də bir yükdür. Onun həyata, insanlara sevgisi böyükdür. Sadəni sınaqlardan, imtahanlardan keçirir zaman. Ondan “ayaqlar” yer də alır, “dayaqlar” yurd da salır. Qüruru qəlbində, qanında, canında olan sadə hər addımbaşı gözə girmir. Onun anlamayan hər nadandan, naşıdan umacağı yoxdur.
Sadəlik – Gözəllikdir. Gözəlliksə başa bəladır. Lakin Şekspir deyir: “Gözəllik danışmağa başlayanda bütün natiqlər susur.” Deməli, gözəllik – sadəlik hünər çələngi, təkrarolunmaz möcüzə, mənəvi kamillikdir. Deməli, sadəlik – qeyri-adilikdir, alilikdir!
2.İtiririkmi özümüzü, tapırıqmı
Qəribə talelər var bu dünyada. Yarımçıq ömürlər var bu dünyada. İnsanlığını itirənlər, mənəviyyatsızlar, çürük fikirlilər var bu dünyada. Şəxsiyyətini qiymətləndirənlər, uca tutanlar, sevilənlər, sevənlər var bu dünyada. Təəssüflənənlər, təəccüblənənlər, təsirlənənlər var bu dünyada. Haqlılar, haqsızlar var bu dünyada...
Axı bu dünyada insanları iki qüvvə idarə edir?: - Xeyir və Şər qüvvəsi! Kimidə xeyir çox qalib gəlir. Kimidə şər. Biz bu az-çoxluğu ömrümüz boyu ölçürük, taleyə, qismətə çəkirik. Umuruq, küsürük, gileylənirik, yaxud razılaşırıq, “şükür!” deyirik, sevinirik. Bir vaxt gəlir ki, ruhumuzu yaşatmaqla əzəli-əbədi, gəlimli-gedimli dünya ilə cismən vidalaşırıq. İtiririkmi özümüzü, tapırıqmı?
3.Səhv gəlmişəm bu dünyaya
“Məndə bir mən vardır məndən içəri”
(Yunus İmrə)
“Mən”imi önümə qoyuram, diqqətlə baxıram, düşünürəm: “Səhv gəlmişəm bu dünyaya...”
Fikrimi mənalı baxışlar, düzgün anlamışlar da təsdiqləyir: “Bəli, gəlmişsən bu dünyaya...”
Yanıram, acıyıram özümə, sözümə. Baxa bilmirəm insanların təmiz olmayan gözünə. Qaçıram, uzaqlaşıram, təkləşirəm, özümlə dərdləşirəm, sakitləşirəm...
Sonra “mən”imi məzəmmətləyir, qınayır, danlayıram. Lakin xeyiri olmayır. Laqeydlik, biganəlik, haqsızlıq və yalan görəndə bacarmıram, razılaşmıram, barışmıram. Uşaq sadəlöhflüyü ilə baxdığım bu dünyaya müdriklik gözümü qısqanıram. Adi baxışlarımla belə görürəm ki, təmiz olmaq mümkün olmur bu dünyada...
“Ədəbiyyat və incəsənət”
(01.04.2025)