“Ədəbiyyat və incəsənət” portalı şair Namiq Dəlidağlının şeirlərindən hər gün sizlərə üç yarpaq təqdim edəcək.
PAYIZ MƏKTUBU
Bu payızdan ayrılıq,
dadı-tamı gəlir, ha.
Sağlığında yad elə,
öldü, hamı gəlir, ha.
Hərdən yolun düşürdü,
bu “xaraba qalmış”a -
Nə vaxtdandı bir güman
ümidinə qalmışam.
Mən “xaraba” deyəndə
bu şəhəri deyirəm.
Sənsiz suyu, havası
bu zəhəri deyirəm.
Deyirsən ki, soyuqdu,
indi “o xaraba”da.
İsti paltar göndərdim
bir köhnə arabada.
Zamanın deyəmmirəm,
nə vaxt ora yetişər.
Deyərəm çıx, qarşıla,
nə vaxt yadıma düşər.
Mən zamana uduzdum,
vaxtı satın alıram.
Bəlkələrlə yaşayıb,
gümanlarla qalıram.
...Məndən adamlıq umma,
adamlıqdan çıxmışam.
Özümü öldürmüşəm,
günahıma batmışam.
Bu qış bura gəlməyin,
yəqin baş tutan deyil.
Nə ünüm sənə yetən,
nə əlim çatan deyil.
…Yaxşı, gecə yarıdı,
gedim bir az dincəlim.
Bu da yarımçıq şeir,
yazmağa gəlmir əlim...
SEVGİ SÜKUTU
Sən verən saatda zaman dayanıb,
əqrəblər donubdu on beş qırx beşdə.
Mənim ad günümdə bağışlamışdın,
sükut ömrü yaşayan bu saatı.
Zamanın ən ağır yükü çiynində,
ən ağır yükünü götürüb vaxtın,
susub ölçüsünü itirib vaxtın,
əlləri qoynunda durub dayanıb.
(Zaman əqrəbləri yorub dayanıb)
Nə mən doğulmuşam on beş qırx beşdə,
nə sən doğulmusan bizə dedilər.
Bəlkə bir-birə olan sevgimiz ölüb o an,
nə mən bunu bilmişəm,
nə sən bunu duymusan.
Təzədən işə salıb qursam da o saatı,
o ömrü ta yaşamaz.
Nakam sevgimizin
matəm anıdı, on beş qırx beş.
Nə isə...
Sənə olan sevgimin,
sonra ölən sevgimin əziz xatirəsini
bir dəqiqəlik sükutla tez-tez yad eləyirəm,
saat on beş qırx beşdə.
ETİRAF
Dünən doyunca vurdum,
sənsizliyin sağlığına.
Vüsal məni çağırmışdı,
hicranın qonaqlığına.
İçim, çölüm çox azad,
dərdim, qəmim kəm idi.
Bütün sevdalı başlar,
dünən yəqin dəm idi.
Nə qoxun burnumdaydı,
nə adın yaddaşımda.
Sərxoş olmaq arzusu,
dolanırdı başımda.
Bilmirdim ki, mən səni,
belə tez unudacam.
...Dünən dünəndə qaldı,
bu gün sənə möhtacam.
“Ədəbiyyat və incəsənət”
(01.04.2025)