BİRİ İKİSİNDƏ – Nübar Eldarqızının şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Nübar Eldarqızının şeirləri təqdim ediləcək.

Nübar çox fərqli yazır. Süjetli, sirli, mistik… Hardasa təəccübləndirir, lap heyrətləndirir də. Əslində, elə ən böyük uğur da heç kəsə bənzəmədən özün olmaqdır.

 

 

TALE VARMIŞ...

 

Anam öləndən sonra

evlənmək istədi atam.

– Neyləsin yazıq adam,

7 il iflic qadını üçün

dua eləmişdi Allaha...

Cavanlardan kim eşitdi,

dedi, nahaq,

neynir o yaşda kişi evlənməyi?

Ən çox evdəki bacım

üsyan edirdi bu qərara.

Anamın axirətliyi qonşu qadın,

bir kəlmə demişdi ki,

kişi arvadsız qala bilməz, –

bacım az qalmışdı onu

evdən qovub çıxara...

Sonra...

Daha heç kəs qarışmadı...

– Anam nə qədər ki sağdı,

ruzidi, oddu, ocaqdı, –

evdə hər şey yolundaydı.

Yaxşı da olmasa, babatdı...

Yaşını bəhanə eləyib iş yeri 

atamı işdən çıxartdı, –

anamdan sonra...

Atam, onsuz da azdanışandı,

daha da dinməz oldu,

süstləşdi...

Arıqladı,

səhhəti pisləşdi...

Atamızın ən ağır vaxtlarını

ən çox o bacım görmüşdü.

Danışır ki,

bir dəfə həyətimizin iti

adamı tanımayıb hürmüşdü...

O zaman mən qonşu kənddə

"Sürgündə" yaşayırdım.

Çətin şəraitdə, dar gündə yaşayırdım...

Bir çətən külfət vardı o evdə...

Müharibə, yoxluq, qıtlıq...

Söz-söhbətdən bezirdik...

– Nə qədər uzatsam da, 

"iki addımlıqdan" əlim çatmırdı atam evinə...

Adam ata evinə gedəndə sevinər,

anasız evdə sevinc nə gəzirdi?!

– Bu gün hamı siyasətdən danışır...

Sizlərdən kim bilir,

– ən böyük siyasətçi fələkdi!?

Bacım illər sonra iki uşaqlı dul kişiyə ərə gedəcəkdi...

 

 

VER ÖZÜNƏ

 

Söy bu baxtı, bu taleyi:

– Ay bu baxtı, bu taleyi!..

Qıy bu baxtı, bu taleyi,

Kim yazıbsa, ver özünə!

 

Yaza-yaza şair yazdı, –

Qismətini sözdən asdı!

Xoşbəxtliyi bir abzasdı,

– Kim yazıbsa, ver özünə!

 

...Qəlbimdə bir darıxmaq var!..

Bu depressiyadan çıxmaq var...

Bir ad yazılı çaxmaq var,

Kim yazıbsa, ver özünə!

 

 

SÖZ BAZARI

 

Bu gün söz bazarına getdim.

Bir tərəf qələbəlikdi.

Ucuz söz qalmamışdı.

Məsələn: – yaltaq", "qorxaq"...

"Binamus", "biqeyrət",

"Vicdansız"tək sözlər hamsı

alınmışdı.

Bir ucdan alıcı gəlirdi-

Hər zümrədən...

Hara getdim, 

hər yerdə növbə...

Bir söz vardı,

Almaq istəyən ən çox qocalardı:

– "Tövbə!"

"Qəddarlığ"ı alan çox,

"Nankorluğ"u alan "N" qədər!..

Bəzi sözlər vardı ki,

Tələb təklifdən çox geriydi.

"Təmənnasız", "minnətsiz"...

"Yaxşılıq" da onlardan biriydi...

Bir ağsaqqaldan  sordum:

Ümumi vəziyyət

necədi?

– Kasadlıqdı, – dedi.

– Ən dəyərsiz  söz "insan",

Ən baha söz

"Azadlıq"dı...

 

 

BİR, DOQQUZ, ÜÇ, YEDDİ...

 

Qapı-baca bilmir, gedir, qayıdır...

Sanki məhərrəmlik, oruc ayıdır.

İştahı diş altda, dibsiz quyudur, –

Çoxdan tanıyıram mən bu taleyi.

 

Sümük tulladılar, cumdu köpəklər,

Harda yağlısı var, qapdı zirəklər...

Qırmızı cizgini aşdı tək-təklər,

– Çoxdan tanıyıram mən bu taleyi!

 

– Onu Seyid Əzim, Sabir yaşadı,

Müşfiq Nargin, Cavid Sibir yaşadı,

Adını gözləyən məzar daşıdı! –

Çoxdan tanıyıram mən bu taleyi.

 

...Sən qədər yazarsan, – pozan tapırlar!

Xaindir! – Ad qoyan "ozan" tapırlar.

Bu cəhənnəm, bu qır, – qazan tapırlar,

Çoxdan tanıyıram mən bu taleyi!

 

Bəraət!..

Nə acı bir güzəşt oldu...

Sonra küçə oldu, prospekt oldu...

Dərsliyə salındı, sual, test oldu, –

Çoxdan tanıyıram mən bu taleyi!..

 

– Üstün dəyişiblər, alt qatı eyni!

Edam olunanı, cəlladı eyni...

Bir, qoqquz, üç, yeddi, – kod adı eyni,

Çoxdan tanıyıram mən bu taleyi!..

 

 

ADAM TƏLƏSİ...

 

Bu oğlan dəlidir, – bir qız dəlisi!

– Divanə bir qız var,

eşqə düşübdür...

– Bəs eşq özü nədir?

– Adam tələsi!..

 

Bu sevgi yaşanan yaz, – çoxdan olub... 

Bu, qoca qarıdır, qız  çoxdan ölüb...

Dipdiri bir eşqə heykəl qoyulub,

Üstündə ağlayan illər ölüsü...

 

Orda bir ev vardı, uçulub ölüb...

Vaxtı çatan-çatan seçilib ölüb...

Adam var, gözümdə kiçilib, ölüb, –

Ölümün də beləsi.

 

 Başı dik saxlamaq ağıl istəyir.

Düz sözü söyləmək oğul istəyir.

3 alma EŞQinə nağıl istəyir

Millətin köləsi!

–EŞQ – adam tələsi!

 

 

QƏMİN AQREQAT HALI

 

Niyə məni görmürsünüz? –

Gözünüzün önündəyəm...

Qəmin aqreqat halında,*

Şairin it günündəyəm...

 

Misqal-misqal, dirhəm-dirhəm,

Qüssə çəkir, dərd bölürəm,

Mən hər gedənlə ölürəm,

Hər gələnin sinnindəyəm.*

 

Güzgüyəm, bax, özünü gör, –

Əziləndə əzəni gör!..

Sən istəsən, yüzünü gör, –

Mən bilirəm, minindəyəm!

 

Yal üçün yalaq olmadım,

Gül oldum, alaq olmadım!

Kimsəyə calaq olmadım,

Dədə-baba genindəyəm!

 

Hər dəmir qatar götürmür,

Hər zaman Nübar yetirmir!

Nübar bitir – Haqq bitirmir,

Fərqindəsiz,  zənnindəyəm!

 

 

BİTMİŞLİYİN TƏNTƏNƏSİ

 

Hər şeyin əvvəlinə sonu yazılıb.

"Yararlılıq müddəti" insanın alnına cızılıb.

Ona görə inanmıram möcüzəyə...

Sevgim sözüm kimidir:

yerinə düşmədi...

Mən də elə tərsəm,

Heç yerimi dəyişmədim!..

Üsyankaram hər şeyə!

– Niyə əsgər əsgəri öldürür,

Niyə?

Torpaqmı az, yermi yoxdur,

İnsanın insanla nədir sorunu?

Niyə insanlar milliyyətinə, dininə,

Dinsizliyinə görə mühakimə olunur?

–Niyə?!

Suallar qarşısında acizəm deyə,

Ədalət məhkəmələrini yox,

ilahi ədalətii çox sevirəm:

 Sonda bütün zülmkarlar – fironlar, tiranlar, diktatorlar

haqqın lənətinə qovuşur!

 Bu dünyada olmasa da,

axirətdə haqq yerini tapır.

Oxşar talelilər bir-birinə qonşudur: –

Cənnətliklər, cəhənnəmliklər...

Nöqtələr...

Nöqtələrin piki – Nida!

Bitmişliyin təntənəsi!

Və son:

İnkişafın-pik nöqtəsi!

Zülmün-pik nöqtəsi!!

Səbrin-pik nöqtəsi!!!

Əlvida, dünya, əlvida!..

 

 

XAOS

 

– Bütün ölülər müflis olmuş dirilərdir!

Çılpaq ruh qalxır göyə...

İnsanlar bir gün belə dözmür sevdiyinin ölüsünə,

Ya torpağa göndərirlər, ya da krematoriyə...

Ona görə

Özləmişəm "yox"olmağı!

Doğulmazdan əvvəl

hər şey – YOX idi!

Var olduq, olmadıq,

"Ömür" deyilən başımıza min corab toxudu.

– Bir yanda bəsirət, bir yanda cəhalət...

Bir tərəfdə qüdrət, bir tərəfdə nifrət...

VƏ BİR QRAM AZADLIQ üçün çəkilən zillət!..

Sonra...

Düşüncələrini qəlbinə – ev həbsinə göndər və sus!

SOS!

– İnsanlıqda düşüş – qiymətdə endirim!

– Vicdan çatışmazlığı,

qeyrətdə endirim...

Və budur dünyanın mənzərəsi:

– Kölələrin sonsuz narazılığı,

asilərin ümidsiz mübarizəsi,

mütilərin şükranlığı...

Ən pisi gecələrin deyil, səhərlərin qaranlığı... 

Və daha da pisi –

Tənhalıqdan şikayət də bir dəb...

– Əsl yalnızlığı bir sən bilirsən,

ya Rəbb!!!

 

Epiloq:

 

– Bizi ancaq inandıqlarımız aldadır...

Bizi ancaq sevdiklərimiz ağladır...

Bizi ancaq yazdıqlarımız anladır...

 

 

FEVRAL QALDI ÜSTÜMÜZƏ

 

Ağzı pozuq, ağzı yava,

Biri toyda saldı dava.

Sümüyünə düşmür hava,

Söz də soxdu bəstəmizə.

 

Fərdlər yeni,

dərdlər təkrar,

 Yoxsula – yox! Varlıya – var!

Şərbət verən nəbzi yoxlar,

Dərman olmaz xəstəmizə!

 

Ha mərd ol, ha döy döşünə,

Əl uzadan yox düşənə!

Dost olduğuyçün düşmənə –

Düşmən olduq dostumuza.

 

Ruhduq, canı ödünc aldıq,

Gen dünyadan bir künc aldıq.

Zalım fələkdən gün çaldıq, –

Fevral qaldı üstümüzə!..

 

 

ƏRƏFƏ

 

Küləklər ahdan başladı.

Yağışlar şehdən başladı,

Adəm ilə Həvva çaşdı,

Dünya günahdan başladı...

 

Bir günah da biz elədik,

Elə bildik, düz elədik,

Çatana "sevirəm" deyib

Sözü sevimsiz elədik...

 

Nə qədər eşq, o qədər qəm!

Belə gəlib dünya, aləm.

Kimi bizi qaraladı,

Kiminə biz cəkdik qələm...

 

Keçmir bu Yerdə nazımız,

Eyzən qəm çalır sazımız.

Torpaq payın alıb susur

Razımızla narazımız...

 

Günəş keçir o tərəfə:

Xəbərdir, qoyulur zərfə.

Səhər əyan olacaq, bu

nəyə son, nəyə ərəfə...

 

 

MANQAL SƏFASI

 

Quzunun nəslini araşdırdılar,

Sütülü manqala yaraşdırdılar!

Qıp*-la qırmızını yarışdırdılar, –

Mən də nəticəni maraq elədim.

 

Ətlər gah istiot, gah duz istədi...

Piylər cız-bız oldu, off, nə istidi!

Ən məsum günahkar, bəlkə, tüstüdü, –

O da gözlərimi sucaq elədi...

 

Halva söyləməklə dil dada gəlməz.

Tox acın halını, əlbəttə, bilməz!

Göz haqqı var imiş, burun haqqı bəs? –

Qonşuları iyə qonaq elədik...

 

Ağızlar sulandı, pozuldu süslər,

Qədəhlər toqquşdu, kəsildi səslər,

Quzular yeyildi, soyudu hisslər, –

Utanmadan qurda qınaq elədik!

 

 

ZORNAN OLMUR...

 

Bir ay gözə görünmürsən,

Maraqlanan, soran olmur.

Hər şey yazılıb, oynanır,

Və heç bir şey zornan olmur!..

 

Bunca din var, günah bitmir...

Niyə göylərə ah çatmır?

Adam çoxdu, Allah çatmır?!

Tək-tək olmur... xornan olmur...

 

Səhv elədik, yazar olduq,

Aldıq, satdıq, bazar olduq...

Yalvarmaqdan bezar olduq,

Yağnan olan şornan olmur!..

 

Ümidlərim çilik-çilik,

Qəlbim desən, dəlik-dəlik,

Dərdə çıxıram gündəlik,

Yoxnan olur, varnan olmur!

 

Qapı varsa, açanı var!

Dəlikdən də keçəni var!

Yəni baxtdan qaçanı var? 

Tale korsa?!

Kornan olmur...

 

 

ƏRİZƏ

 

Açar deşiyindən azadlığa baxan qadın, 

Ərinin qorxusundan hər gecə sancı çəkən, 

doğan qadın 

Gündə bir final fikirləşir

Həyatının sonu üçün. 

Əlinin içində yazılıb hər şey...

Hər səhər dua zamanı

Allaha açır əllərini, 

göstərir "ərizə”sini, 

– Məni bu həyatdan azad et, Allah!

 

 

TABLO

 

– Şahə qalxmış dalğalar

Sahildə nə görubsə,

donub qalıb...

Arxa fonda qızılı-qırmızı rəngə

boyanmış üfüq

və...

günəş elə o andaca sönüb qalıb

tabloda...

 

Qıy vura-vura quşlar

Keçir bizim səmadan,

Qəriblikdə ölən var...

 

İnsanlıq elə öldü,

Bir saf toxum qalmadı.

Doldu qum saatımız,

Səhrada qum qalmadı...

 

 

SERGEY YESENİN!..

 

Sonuncu şeirini qanıyla yazıb

səhəri gün otel odasında intihar edən

          Sergey Yeseninə

 

Ah çəkirsən, peyklər ucadan çəkir!..

Kimsə dərk edirmi niyə, nədən yazırsan?!

Biri dərd-qəmini bacadan çəkir,

Biri küləklərə verib göndərir...

Biri günə sərir göz yaşlarını...

sən, sən yazırsan!..

 Yazırsan dostlara,dünyaya... 

Yavaş-yavaş, ölə-ölə...

Köpək balıqları üzür qanın iziylə...

Dərdlər yığılır...yığılır...

sonra qopur zəlzələ, –

İçindəki dağıntıdan, söküntüdən yazırsan...

 Döymək istədiyin qapını çaşıb

Yolun apardığı səmtə çıxmısan...

Dünya partlamağa hazır bombadı,

O canlı bombadan qəlpə çıxmısan!

Qəhvə, noxud, tarot fallarında sən

Qara yox, qırmızı rəngdə çıxmısan...

– Dərdin nəydi sənin?

Yaşamaq qorxusumu

ölümdən bu qədər qorxusuz etmişdi səni,

Yesenin?!

 

 

CƏHƏNNƏM

 

Qaranlıqdan qazanc tutar oğrular,

Böyük oğru kiçikləri sorğular…

Qarr, qarr edən qara-qara qarğalar,

Sizin üçün bircə doğru - qara var!

Qara ki var,  həm qorxar, həm qorxudar,

İşıq düşər, künc-bucaqda gizlənər!

                 

Səhər-səhər qonaq gələr sərçələr,

Pəncərəmdə yemi görüb dirçələr.

Ova çıxar süs-püslü gözəlçələr,

Tindəki oğlanları kələpçələr,

Dolunayda hə-yə gələr elçilər

Bəzi cayar, bəziləri sözlənər...

 

Gecələrin çevrilişin yalanlar,

Günəş çıxar, təbəələr salamlar!

Xeyrə-şərə dair müdrik kəlamlar

Tapıb yenə sağlıq deyər adamlar.

Qoyunlara manqallar qəsd planlar,

Samovarlar mızıldar, mızmızlanar!

 

Bilal* verər dünyanın son azanın,

Çətin olar haqq-hesabı qəzanın,

Tanrı tanır çarmıxdakı İsanı: –

Qisas çəkər tərəzisi-mizanı!

Cəhənnəmdə qaynayar qır qazanı,

Rəhm olunmaz, gələn-gələn közlənər!

 

*Bilal – ilk müəzzin

 

 

SALVADOR DALİ

 

Ən qəddar insan mənəm-

Qarışqalar da şahidim...

Şirniyyat tabağında,

Filanıncı ilin

Yay günü bir nəsil qarışqanı məhv edəndən sonra

çayla ləzzətlə şəkərbura yedim...

Hörümcəklərin evini yıxdım,

Yer belləyəndə soxulcanların

Yuvasını dağıtdım.

Hamam böcəklərinin anasını ağlatdım...

Kürkümüzə düşən birələrdən qurtulmaq üçün yorğanları yaxdım,

Sonra hünülərin atasını yandırdım,-

Qanımızı içirdi o yaramazlar!

-Bütün insanların intiqamını aldım!

Daha sonra

Salvador Dalinin əriyən saatlarından vaxtı soruşub...

Ağırlaşan başımı yatağa atdım...

Və yatdım...

 

 

HEÇ VAXT GÖRÜŞMƏYƏNƏDƏK!

 

Bu, sonuncu şəklimdi,

Götür, çək başdaşıma.

Yığsan atılan daşları

Dağ olar, –

Tək-tək daşıma,

Elə dağa basdır məni.

Zirvəsinə yaz adımı.

Belə şanlı ölüm alar

Ağuşuna az adamı.

Doyunca gəzib getdim,

İmzamı qazıb getdim

Sağlığına! – göz yaşımı süzdüm, içdim,

Dünyadan sızıb getdim...

Qalanlar, salamat qalın,

Heç vaxt görüşməyənədək.

 

 

DOĞUM GÜNÜMƏ

 

Çox uzaqqq… dediyin, əslində, çoxmu uzaq?!

Bəlkə, bilən var,

amma biz bilmədik uzaqdan yaxını,

yaxından uzağı ayırmağı,

ömrü rüblərə bölməyi…

Məsələn, mən uşaqkən gəncliyi,

gənc ikən qocalığı uzaq bilirdim.

Yaşarkən də ölməyi…

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.