Super User
Bu gün III Gəncə Kitab Sərgisi açılacaq
Xəbər verdiyimiz kimi, 6 – 8 dekabr tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisinin birgə təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban mərkəzində III Gəncə Kitab Sərgisi keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı ANAİB-ə istinadən xəbər verir ki, “Nizami yurduna kitabla gəlirik!” şüarı altında baş tutacaq sərgidə 30-dan çox tanınmış nəşriyyat iştirak edəcək.
Yazıçılar Şəmil Sadiq, Varis, Elxan Elatlı, Rövşən Abdullaoğlu, Siyavuş Quliyev, Elgüsel, Nurlan Suvarov, Çinarə Köçərli, tarixçilər Mehdi Gəncəli, Əkbər N.Nəcəf, təlimçilər İlqar Hümbətov, Orxan Şahbaz və müğənni Röyal Musanın iştirakı ilə müxtəlif panellər, təqdimatlar, imza günləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, master-klaslar və musiqili proqram təşkil olunacaq.
Ziyalılar, ədiblər, naşirlər, ictimaiyyət nümayəndələri və media mənsublarının qatılacağı sərgidə 90 %-dək endirimlər tətbiq ediləcək.
Giriş sərbəstdir.
Qeyd edək ki, sərginin baş sponsorları “DNK hospital”, “Oksi Group”, sponsorları isə Bani seminariyası, “Hedef Group”, “166” yükdaşıma və logistika şirkətidir.
“Ədəbiyyat və incəsənət”
(06.12.2024)
Sabah gəncəlilər yazıçı Varislə görüşəcəklər
Xəbər verdiyimiz kimi bu gün “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisinin birgə təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban mərkəzində III Gəncə Kitab Sərgisi fəaliyyətə başlayacaq.
“Ədəbiyyat və incəsənət” portalı ANAİB-ə istinadən xəbər verir ki, “Nizami yurduna kitabla gəlirik!” şüarı altında baş tutacaq sərgidə 30-dan çox tanınmış nəşriyyat iştirak edəcək.
Sabah saat 14-də yazıçı Varis gəncəlilərlə görüşəcək. Görüşə yazıçı əlidolu gedib. Belə ki, onun müxtəlif illərdə çıxmış 5 bestselleri yeni redaktədə və yeni tərtibatda XAN Nəşriyyatında təkrar nəşr olunaraq oxuculara təqdim ediləcək.
Sərgidə yazıçılar Şəmil Sadiq, Elxan Elatlı, Rövşən Abdullaoğlu, Siyavuş Quliyev, Elgüsel, Nurlan Suvarov, Çinarə Köçərli, tarixçilər Mehdi Gəncəli, Əkbər N.Nəcəf, təlimçilər İlqar Hümbətov, Orxan Şahbaz və müğənni Röyal Musanın iştirakı ilə müxtəlif panellər, təqdimatlar, imza günləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, master-klaslar və musiqili proqram təşkil olunacaq.
Ziyalılar, ədiblər, naşirlər, ictimaiyyət nümayəndələri və media mənsublarının qatılacağı sərgidə 90 %-dək endirimlər tətbiq ediləcək.
Giriş sərbəstdir.
Qeyd edək ki, sərginin baş sponsorları “DNK hospital”, “Oksi Group”, sponsorları isə Bani seminariyası, “Hedef Group”, “166” yükdaşıma və logistika şirkətidir.
“Ədəbiyyat və incəsənət”
(06.12.2024)
Qarabağın "Dəmir Ledisi" Həmidə xanım Cavanşir
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlmişdir.
Ailə məktəbində ilk təhsili alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olub. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını da itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etməyə başlayıb.
1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəylə iki il sonra ailə həyatı qurarkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdı. Lakin Həmidə xanım bütün çətinliklərə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustadkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in əldə etdiyi xeyirxah himayədarı olmuşdu.
Bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Mirzə Cəlillə 25 il əsl məhəbbət və ehtiramla ömür sürmüşdü.
Mirzə Cəlil nə qədər zərbələrə, ittihamlara tuş gəlsə, nadanlıqla döyüşsə da, ən çətin günlərdə Həmidə xanım ona mənəvi dayaq olmuş, bu böyük insanı daim nikbin ovqata kökləmiş, onun bütün ağır sınaqlardan çıxmasına kömək göstərmişdi.
Hətta qeyd edilir ki, 1918-ci ilin yayında ermənilər Ağdamdan Şuşaya gedən yolu bağlayırlar. Bunu eşidən Həmidə xanım Cavanşir Kəhrizli və Əfətlidən gətirdiyi 200 atlı ilə birlikdə Ağdama gəlir. Bu hadisəni eşidən bütün kişilər mərkəzi meydana yığışırlar. Həmidə xanım camaata müraciət edir:
-Bu gecə Ağdam-Şuşa yolu açılmalıdır. Mən də sizinlə birlikdə döyüşə gedirəm.
Həmidə xanımın atının üzəngisinə yüzlərlə əl uzanır. Çox təvəqqedən sonra Həmidə xanımı yola gətirirlər ki, o Ağdamda gözləsin, bu gecə Şuşa yolu açılacaq. Elə həmin gecə Ağdam-Şuşa yolu Qarabağ kişilərinin səyi nəticəsində ermənilərdən təmizlənir və yol açılır.
Digər bir məlumata görə,Qarabağda uşaqlar arasında yayılmış "çiçək" xəstəliyi kütləvi ölümlə nəticələnirmiş. Bu zaman Həmidə xanım öz hesabına Sankt-Peterburqdan uşaqları sağaltmaq üçün vaksin gətirdir.
Tarix Həmidə xanım Cavanşir-Məmmədquluzadəni böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. Tək Kəhrizli kəndinin deyil, cümlə Qarabağın ona kömək üçün pənah gətirən insanların əlindən tutan, qayğılarını həll edən bu xanım həm də o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həll etmişdir. Ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Tiflisdə müalicə üçün dəvət alır. Sabir bu hadisəni Abbas Səhhətə yazdığı məktubda belə xatırladırdı: "Mirzə Cəlil və Həmidə xanımdan çox razıyam. Mənə nə qədər ehtiram edirlər! Xülasə, nə dil ilə təşəkkür edim".
Həmidə xanımın Sabirə göstərdiyi qayğı haqqında Azərbaycan ziyalılığının baş tacı olan Üzeyir bəy Hacıbəyli xüsusi məqalə yazmışdır. Məqalə bu sözlərlə bitirdi: "Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diri-diri təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin iadei-səhhəti üçün, milyonçu kişilərə baxmayaraq, öz varlığından keçəcək qədər böyük bir həmiyyət göstərdi". Bu hadisə Həmidə xanım Cavanşir-Məmmədquluzadənin vətəndaş mahiyyətini, xeyirxah əməllərini əks etdirən yüzlərlə faktdan yalnız biridir.
Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti ilə məktəb açır və burada dərs deyir. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-siyasi həyatında fəal mövqe tutan Həmidə xanım ömür-gün yoldaşının əsərlərini çap etdirmiş, bu böyük sənətlə bağlı kövrək xatirələrini ustalıqla qələmə almışdır.
1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn edilib.
2005-ci ildən etibarən Ağcabədinin Kəhrizli kəndində Həmidə Məmmədquluzadənin ev muzeyi fəaliyyət göstərir. Muzeydə 210 eksponattəqdim olunur.
“Ədəbiyyat və incəsənət”
(06.12.2024)
BƏLƏDÇİMİZ ŞEİRdə “Sonsuzadək eyni...”
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
...Bomboz küçə... Tində dayanan uşaq fikirli. Pəncərədən boylanan qoca gülür. İşıq dirəyinin üstünə yazılıb: “Eyni idik...” Altına bir tarix də qoyulub. Yazıçı o tarixi oxumaq istəmir. Nəyinsə sirli qalmasını arzulayır. Hamı kimi...
Səkidə vurnuxan pişik. Uşaq onu görür. Eyni açılmır... Qoca pəncərədən eşiyə bir alma atır. Alma işıq dirəyinə dəyir, sonra yerə düşür. Yazıçı xatırlayır: “Nağıllarda şahzadələr eyvandan könlü tutduqlarına alma atardı... Sonra...” Sonrasını xatırlamaq istəmir. Hamı kimi...
Küçədən bir yaşıl maşın keçir. Uşağın qaş-qabağı açılmır. Qoca fincandakı çayı üfürə-üfürə içir. Pəncərənin kənarında - divarda bəyaz şərab reklamı var. Reklamda yazılıb: “Eşqi dad!” Yazıçı şərab markasının adını yadda saxlamaq istəmir... Hamı kimi...
-Nağıllar da, dastanlar da toyun təsviriylə bitir. Sonrası danışılmır... -Tarix kinayə edir.
-İnsan biləndə susur, bilməyəndə səsi bərk çıxır. -Zəmanə əmindir.
-Pişiksevərlər heyvan haqlarından danışmaqçün quzu kababıyla məşhur restorana yığışdılar. -Təbiətin səsi qupqurudur.
-Ən dadlı yeməyi insanlara mən verirəm, üstünə də “Xatirə” etiketi yapışdırıram.-Tale öyünür.
-Unutduğunu sandıqlarıyla sınanmaqdadır insan... -Həyat gülümsəyir.
...Yazıçının zehnindəki söhbət yekunlaşır. Uşaq qocaya baxır. Qoca əliylə “nolub?” işarəsi edir. Uşaq başıyla yazıçını işarə edir. Qoca ağzını əyişdirir: “Başını burax...” Uşaq çiynini çəkir: “Necə başını buraxım e? Məndən də yazacaq...”
Qoca gözlərini yumub-açır, qolunu yelləyir: “Çoxdan yazıb...”
Uşaq əvvəl təəccüblənir, sonra dodaqlarını büzüb yazıçıya baxır. Ona tərəf qaçır. Pişik uşağın qaçdığını görüb hürkür, dəmir barmaqlıqların arasından özünü bağçaya təpir. Uşaq yazıçının yanından keçib növbəti tini dönür. Qoca dərindən nəfəs alır, pəncərədən çəkilir.
Qalır bomboz küçə, yaddaşına ayaq izi yazmayan səki, işıq dirəyi və yazıçı... Şəhərarası mikroavtobus gəlir. Yazıçı mikroavtobusa minir. Kirli şüşələrin arxasından görünən şəhəri süzür. Hər küçədə yaddaş rəfindən bir nəfəslik toz üfürülür...”İşıq dirəyindəki tarix sonsuzluq idi: ∞”. “Şahzadələrin almasını tutan əllərin umacağı sevmək yox, sevilmək idi”. “Bəyaz şəraba qoyulan ad “Ən şirin-Aldad” idi”.
Düşəcəyi dayanacağı geridə qoymuşdu. Mikroavtobus bir də keçdiyi yollardan keçəcək, onu ən tezi, saat yarımdan sonra həmin dayanacağa qaytaracaqdı. Yazıçı başını kirli pəncərəyə söykəyib gözlərini yumdu. Qulaqlarında Pərvin Əliyevanın səsi vardı... O, şeir deyirdi:
Bu nəhəng qələbəlikdə
şəhərlər,
yollar,
küçələr
adamla dolu.
Qəribə hərarət,
həsrət,
həsəd,
ağrı...
Yaşamaq ümidi ilə
müdhiş çırpınışda
bir yığın adamın
eyni hekayəsi var...
“Ədəbiyyat və incəsənət”
(06.12.2024)
Rəsm qalereyası: “Daş və gül”
“COP29 sammitində təhlükəsizliyin yüksək səviyyədə təmini DTX və digər güc orqanlarının peşəkarlığını göstərir” - CƏLİL XƏLİLOV
“Azərbaycanın ev sahibliyi etdiyi COP29 sammiti başa çatsa da, tədbirlə bağlı təəssüratlar, habelə, sammitin nəticələrindən irəli gələn vəzifələrin müzakirəsi davam edir.
Sammitlə bağlı diqqət çəkən məqamlardan biri tədbirin yüksək təhlükəsizlik şəraitində təşkili ilə bağlıdır.
Maraqlıdır, 80 min nəfərə yaxın qonağın iştirak etdiyi sammitdə təhlükəsizliyin yüksək səviyyədə təşkili hansı mətləblərdən xəbər verir?”
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu fikirləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov təşkilatın mətbuat xidmətinə mövzu ilə bağlı açıqlama verərkən səsləndirib.
Cəlil Xəlilov daha sonra söyləyib: “COP29 sammitində təhlükəsizliyin yüksək səviyyədə təmini DTX və digər güc orqanlarının peşəkarlığını göstərir.
Beynəlxalq sammit zamanı ölkəmizə gələn 80 minə yaxın qonağın təhlükəsizliyi etibarlı şəkildə təmin edildi ki, bu da hər şeydən öncə güc orqanlarımızın – Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Daxili İşlər Nazirliyinin, Prezidentin Təhlükəsizlik Xidmətinin peşəkarlığını göstərir. Bu fakt bi daha sübut edir ki, ölkəmizin hüquq-mühafizə və təhlkəsizlik orqanlarında iş yüksək səviyyədə təşkil edilib və onların hazırlıq səviyyəsi beynəlxalq əhəmiyyətli ali tədbirlərin təhlükəsiz şəkildə keçirilməsinə imkan verir.
Şübhəsiz, COP29-un təhlükəsiz ortamda təşkili məsələsində DTX-nın üzərinə xüsusi məsuliyyət düşürdü. Qürurvericidir ki, adıçəkilən qurum bu işin öhdəsindən çox böyük bacarıqla gəldi. Sammit zamanı kiçik də olsa xoşagəlməz hadisə baş vermədi. Sammit sakit və təhlükəsiz bir ortamda öz fəaliyyətinə başladı və bu cür də başa çatdı.
Təşkilatçılıqla yanaşı, təhlükəsizliyin yüksək səviyyədə təşkili, qonaqlara göstərilən yüksək diqqət və qayğı ölkəmizə səfər edən hər kəsdə xoş təəssürat yaratdı. Əminliklə demək olar ki, Azərbaycan COP29-dan mənəvi-diplomatik baxımdan böyük qazancla çıxdı.
COP29-un yüksək səviyyədə təşkili bütün dünyaya göstərdi ki, ölkəmiz bu cür mühüm tədbirlərə ev sahibliyi etmək üçün ideal ölkədir. Yəqin ki, bu faktor gələcək tədbirlər zamanı da nəzərə alınacaq və ölkəmiz bundan sonra da öz zəngin təşkilatçılıq təcrübəsi ilə hər kəsi heyrətləndirməkdə davam edəcək”.
Azərbaycan Yazıçılar Birliyində yazıçı İsmayıl Qarayevin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
Azərbaycan Yazıçılar Birliyində görkəmli yazıçı İsmayıl Qarayevin yaradıcılığına həsr olunmuş “Ömürdən sonra…” adlı xatirə gecəsi və 70 kitabının təqdimat mərasimi keçirilib.
AzərTAC xəbər verir ki, tədbirdə ictimai və siyasi xadimlər, şairlər, yazıçılar və media nümayəndələri iştirak ediblər.
Xalq yazıçısı Çingiz Abdullayev İsmayıl Qarayevin həyat və yaradıcılığına dair öz fikirlərini bölüşüb. O bildirib ki, yazıçının əsərləri həyatın müxtəlif aspektlərini, insanın daxili dünyasını təsvir edərək, oxuculara dərin düşüncə və yeni baxış bucağı qazandırır.
Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir İsmayıl Qarayevin həyat yolu və ədəbi irsi barədə məlumat verib. O bildirib ki, yazıçı 1927-ci il dekabrın 5-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub, Gəncə Tibb Texnikumunu və Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.
Ə.Cahangir qeyd edib ki, İsmayıl Qarayev əmək fəaliyyətinə tibb işçisi kimi başlayıb, respublikanın bir sıra tibb müəssisələrində çalışıb. Daha sonra bir neçə qəzet və nəşriyyatlarda fəaliyyət göstərib, həmçinin müxtəlif ədəbi-bədii verilişlərin ssenari müəllifi, aparıcısı və redaktoru olub.
Tədbirdə Xalq şairi Nəriman Həsənzadə, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, AYB-nin katibi, yazıçı Elçin Hüseynbəyli, Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov, Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin sədri Məhəmməd Məhərrəmov, “Apastrof-A” mətbəəsinin direktoru Akif Dənzizadə, AYB sədrinin müşaviri Rauf Aslanov, AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və digərləri İsmayıl Qarayevin əsərlərindən seçmələr səsləndirib, onun yaradıcılığına dair xatirələrini bölüşüblər. Onlar, həmçinin yazıçının həyat və ədəbi fəaliyyəti haqqında geniş məlumat veriblər.
Qeyd edilib ki, İsmayıl Qarayev 120-dən artıq romanın, povestin, poemanın, publisistik əsərin, 80-ə yaxın kitabın müəllifi, bir çox məşhur yazıçıların əsərlərinin redaktoru, bir neçə xarici ölkə yazarlarının əsərlərinin tərcüməçisi kimi zəngin yaradıcılıq yolu keçmiş, əsərləri türk, rus və digər dillərə tərcümə edilərək nəşr olunub.
Bildirilib ki, yazıçı bədii yaradıcılığa XX əsrin 50-ci illərindən başlayıb. İlk kitabı “O və mənim anam” 1964-cü ildə çapdan çıxıb. Sağlığında “O və mənim anam”, Aydınlıq”, “Tərtərin mahnıları”, “Dəniz və dənizçi zarafatları”, “Ömür”, “Əməyin bəhrəsi”, “Gecə keçir”, “Tülkü və canavar”, “V.Şklovski. Marko Polo” (İsmayıl Qarayevin tərcüməsində, 1973) kitabları çap olunub.
Sonda yazıçının övladı, tanınmış yazıçı-publisist Vəsimə İsmayılqızı atasının həyat və yaradıcılığından bəhs edib, onunla bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, 2008-ci ildə yazıçının həyat və yaradıcılığından bəhs edən “Qələmə sarılmış ömür” adlı biblioqrafik göstərici kitabı nəşr olunub. O, yazıçının yaradıcılığını yaşatmaq və gələcək nəsillərə çatdırmaq üçün bu cür tədbirlərin vacibliyini vurğulayıb.
Yazıçı İsmayıl Qarayev 1989-cu il oktyabrın 11-də doğulduğu Tap Qaraqoyunlu kəndində vəfat edib və orada dəfn olunub. Vəfatından sonra yazıçının 70-dən artıq kitabı bir çox nəşriyyatlarda dəfələrlə çap edilib. Bu kitablara “Bir kəndin uşaqları” (2003), “Ata həsrəti” (2006), “Aşiqlər” (2004), “Ömür” (2005), “Piyada” (2005), “Son dəfə” (2006) “Adanın sirri” (2008), “Dağlar qızına məktub” (2008) və s. daxildir.
“Ədəbiyyat və incəsənət”
(05.12.2024)
Yunus Oğuz Qarabağ Universitetinə 100-dən artıq kitabını hədiyyə edib
Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz Xankəndində Qarabağ Universitetinin qonağı olub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, universitet və orada təhsil alan tələbələr, təhsil ocağının kitabxanası ilə tanış olan Yunus Oğuz elm və innovasiya məsələləri üzrə prorektor Fariz Əhmədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva ilə görüşüb. Görüş zamanı universitetin tədris proqramları və ixtisasları haqqında qonağa geniş məlumat verilib.
Yazıçı özünün müxtəlif illər ərzində qələmə aldığı və ayrı-ayrı vaxtlarda çap olunan 100-dən çox kitabını Qarabağ Universitetinə hədiyyə edib. Yunus Oğuz həmçinin Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarın və AYB sədr müavini Rəşad Məcidin kitablarını da universitetə təqdim edib. Bu addım həm tələbələrin ədəbiyyatla daha yaxından tanış olmasına, həm də Qarabağ Universitetinin kitabxanasının zənginləşməsinə böyük töhfədir.
“Ədəbiyyat və incəsənət”
(05.12.2024)
Dəlilərlə işləmək, elə bilirsiniz, asandır?
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki: “Bütün ömrüm boyu pisixiatr həkim işləmişəm. Bu müddətdə dəliləri yanıma güclə gətirsələr də, amma ağıllı adamlar özləri gəlib...”
Söhbət Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserinə iyirmi ildən yuxarı rəhbərlik edən, tibb elmləri namizədi Mayıl Tağıyevdən gedir. Bəlkə də nə vaxtsa səhvləri olub, amma nə vaxtsa günah işlətdiyinə inanmıram. Demirəm məsumdur, Allahın müqəddəs bəndələri srasında onun da adı var, fəqət yaxşı bilirəm ki, təmiz insandır. Namuslu, qeyrətli kişilərdəndir. Necə deyərlər, hər kəsin qarşısında alnıaçıq, üzüağdır...
Yaxşı yadımdadır, rəhmətlik qardaşının yaşı yetmişə çatsa da övladı olmamışdı. Bir sınıq qəlbi sevindirmək üçün, o vaxt Mayıl həkim ona gözəl bir yubiley tədbiri təşkil edib dostlarını qardaşının başına yığmışdı. Kaş görəydiniz, ucqar bir rayonda yaşayan həmin qardaşı necə sevinirdi, necə qayğısız görünürdü...
Rəhmətlik Məmməd Aslanla çox mehriban dost idilər. Məmməd Aslan Onun xətrini çox istəyirdi. Şairin pulu-parası hardandı? Mayıl həkim ona həmişə dəstək olardı. Tez-tez özüylə Yardımlıya aparardı. Dağları gəzərdilər. Rəhmətlik deyərdi ki, mən Yardımlıya gedəndə elə bil doğma Kəlbəcərimi görürəm. Şair həm də həvəskar fotoqraf idi. Füsünkar mənzərələri fotoaparatın yaddaşına köçürməkdən yorulmazdı. Bu gün həkimin özəl klinikasında divarlar Məmməd Aslanın çəkdiyi gözəl təbiət mənzərələri ilə bəzədilib...
Erkən gəncliyindən Sumqayıtda məskunlaşsa da Mayıl Tağıyev bütün ömrü boyu doğulduğu ata-baba yurduna biganə qalmayıb. Rentgen cihazı ilə təmin olunmuş xüsusi avtomobil və həkim heyətilə birlikdə dəfələrlə rayona gedib, əhalini təmənnasız olaraq müayinədən keçiriblər...
Unun, qəndin qıt vaxtlarında şəxsi nüfuzundan istifadə edərək, bu ərzaqları Rusiyadan gətizdirir, rayon camaatının ölkədəki qıtlıqdan əziyyət çəkməməsinə çalışırdı...
Məgər birdir, ikidir Mayıl həkimin xeyirxahlıqarı? Sadaladıqca bitməz. Kim bilir, bəlkə də Allahla öz arasında hələ nə qədər xeyirxah əməlləri gizli qalıb...
Nə isə, bu gün - dekabrın 5-də Mayıl Tağıyevin 76 yaşı tamam olur. Ona möhkəm can sağlığı, firəvan həyat arzulayırıq.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(05.12.2024)
“ASAN xidmət”ə 80 milyonuncu müraciət qeydə alınıb
3 dekabr 2024-cü il tarixində “ASAN xidmət”ə 80 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə bağlı tədbir keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı “ASAN xidmət”ə istinadən məlumat verir.
Bu müraciət 3 saylı "ASAN xidmət" mərkəzinə Könül Hadıyeva tərəfindən edilib. O, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən doğumun qeydə alınması xidmətindən yararlanıb.
80 milyonuncu müraciətin sahibi kimi Könül Hadıyevaya təşəkkürnamə və ABADçı tərəfindən hazırlanmış simvolik hədiyyə təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(05.12.2024)