
Super User
“Bakı, 28 May küçəsində xatirələr”- Mirzə Alik
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATI SEVDİRƏK layihəsində bu gün sizlərə Mirzə Alikin prozası təqdim edilir.
Qayıdış
Aeroportun şüşəbənd salonunda ağır hava vardı. Küçədən boylanan boz Bakı səhəri, adamların yorğun baxışları, səslərin içində itən tək-tük sevinc nidaları...
O, ətrafına baxdı. Hər kəsin kimsəsi var idi.
Əllərində ad-soyad yazılmış kağızlar tutan sürücülər, gözləri ilə kimisə axtaran adamlar, bəlkə illər sonra ilk dəfə bir-birini görən qohumlar... Hamı kimin üçünsə gəlmişdi.
O isə tək idi.
Hindistanlı və ərəb turistləri hava limanında xüsusi qarşılayan sürücülər diqqətini çəkdi. Onları mehmanxanalara aparacaqlar, lüks maşınlar, beşulduzlu otellər... O isə 28 May metrosuna düşüb köhnə şəhərə gedəcək, qoca binaların divarlarına baxacaq, köhnə daş pilləkənlərdən qalxacaq.
Bakıya qayıtdığı üçün özünü qərib hiss edirdi. Əslində, harda özünü doğma hiss edə bilərdi ki?
Oturacaqlardan birinə çökdü. Nə vaxtsa burada bir işi olsa, fotoqraf olardı, deyə düşündü. İnsanların görüş anlarını çəkərdi.
Bir-birini illərdir görməyənlərin qucaqlaşmasını, gözlərindəki yaşı, gülüşü, həyəcanı... O şəkilləri qəzetlərə verməzdi. Onsuz da introvert idi. Kütlə üçün nəsə etməyi bacarmırdı.
Bəlkə də, sənət elə fərd üçün idi.
Görüşlər, ayrılıqlar, yenidən qovuşmalar... Onun həyatında isə nə real görüş, nə ayrılıq, nə də qovuşma var idi.
O, aeroportdan çıxanda Bakı üzərinə boz bir yorğan çəkmişdi. Yağış yağacaqdı.
Şəhərin mərkəzinə çatan kimi ilk addımlarını 28 May küçəsinə yönəltdi. Onun uşaqlığı, gəncliyi, sevgisi, ümidləri buradan başlamışdı. O illər küçələr daha geniş, insanlar daha mehriban görünürdü. 28 may onun üçün çox doğma idi, burada özünü azad, öz evində, ocağında hiss edirdi.
Bakı - 28 May küçəsində xatirələr
Bakı küləklidir. Amma ən çox da xatirələri ilə adamı üşüdür.
28 May küçəsi ilə addımlayanda keçmişlə indi arasındakı incə sərhədi hiss edirsən. Bura həm tanışdır, həm də yad. Bir zamanlar bu küçələrdə gənclik gülüşləri səslənirdi. Tramvay relslərinin üstündə qaçışan uşaqlar, köhnə kinoteatrlara tələsən tələbələr, buzlu qış səhərlərində işə tələsən insanlar...
İndi isə binalar yüksəlib, həyatlar isə qısalıb. Şüşəli göydələnlər Bakı səmasını yarır, amma o şüşələrin arxasında neçə-neçə yadlaşmış insan var, insanlar istilikdən, doğmalıqdan, səmimilikdən çox aralı düşüb.
28 May metrosunun çıxışında dayandı. Burada hələ də köhnə çörək iyini hiss etmək olur, taksilərin səs-küyü qulaqları doldurur, adamların addımları bu daşların üstünə yazılmış minlərlə hekayəyə qarışır. Bəziləri burada ilk dəfə sevdiyini gözləyib. Bəziləri isə bir daha geri qayıtmamaq üçün gedib.
Şəhər dəyişib. İnsanlar da. Amma külək hələ də Bakı küləyidir. O, yada qulağına həzin şəkildə qayıdışın yox, xatirələrin şəhəri olduğunu pıçıldayır.
28 May... Burada addımlamaq həm mövcud olmaq, həm də xatirəyə çevrilmək deməkdir.
*
Berlin - böyük bir zavod idi. O, illər boyu orada sərt qaydalara tabe olmuş, gündəlik iş həyatının içində ruhunu basdırmışdı. Səliqə, nizam, soyuqluq... O şəhərdə insanlar bir-birinə toxunmadan yaşayırdılar. Bəzən məhz qarışıqlıqdan, xaosdan qaçmaq naminə getdiyi Berlin onun üçün cəhənnəm kimi görsənirdi. O, orada hər gün robotlaşdığının, mənəvi dəyərlərə yadlaşdığının fərqində idi. Bakı isə bir zamanlar insan istiliyi ilə dolu idi.
Amma indi o küçələrdə soyuqluq hiss edirdi. İnsanlar baxışlarını qaçırır, sanki özləri də bu şəhərə yadlaşmışdılar. Oğrun-oğrun baxan adamlar, hündür hasarlarla əhatələnmiş bağlar, bir-birindən uzaqlaşmış qonşular...
Abşeron bağları da, ordakı ağaclar da, toplanlar da bir-birinə qarşı yadlaşmışdı.
Azadlıq prospektində köhnə xatirə
O, Azadlıq prospektindən keçəndə ayaq saxladı. Burada bir vaxtlar Xəlil Rza Ulutürk insanları başına yığıb şeir oxuyur, odlu-alovlu çıxışlar edirdi. Gənclik illərində o da bu cərgədə durmuş, şairin alovlu səsini dinləmişdi.
İndi o yerdə bir evsiz uzanmışdı. Titrəyən əllərində köhnə bir araq şüşəsi vardı. O, bu mənzərəyə dözə bilmədi. Bir zamanlar azadlıq uğrunda bağıran səslər, simalar indi susqun bir bomjun gözlərinə çəkilmişdi.
İtirilmiş xəyal
O, küçənin kənarında dayanıb Xəyaləyə baxırdı.
Xəyalə qabaqkı Xəyalə deyildi. Gözlərində həyat yox idi. Yorğun idi, amma təkcə fiziki yorğunluq deyildi bu. Sanki bütün ömrü onun çiyinlərinə yığılmış, ağır bir yük kimi üstündə oturmuşdu.
Əlləri çatlamış, dərisi kobudlaşmışdı. Sabun köpükləri ilə örtülmüş barmaqları, iri boşqablarda süzülən su damlaları... Hər şey o qədər adiləşmişdi ki, Xəyalə indi bu həyatı suyun dalğasız səthi kimi yaşayırdı - heç nə hiss etmədən.
O, yaxınlaşdı. Xəyalə başını qaldırıb ona baxdı.
- Sən qayıtdın? - Səsi tanış idi, amma içində heç nə yox idi.
- Bəli.
- Neçəyə qədər qalacaqsan?
Bu sualın arxasında heç bir maraq yox idi. Sadəcə, səslənmiş bir cümləydi, elə qabyuyan sular kimi axıb gedən bir cümlə.
O, Xəyalənin həyatından xəbərdar idi. Həyat yoldaşı narkoman olmuşdu. Əvvəl evdəki hər şeyi satmışdı, sonra küçələrə düşmüşdü, sonda da həbsə getmişdi - oğurluq üstündə. Xəyalə isə əvvəlcə yaşamaq üçün çalışmış, sonra sadəcə var olmaq üçün işləməyə başlamışdı.
- Necəsən?
Xəyalə bir anlıq dayandı. Sanki sualı başa düşmək üçün öz içində nəyisə axtardı. Sonra çiyinlərini çəkdi.
- Yaşayıram.
O, Xəyaləyə uzun-uzadı baxdı. Bir vaxtlar sevgi dolu baxışlarla ona baxan bu gözlər indi boş bir pəncərə kimiydi.
- Səni görmək istəmişdim.
Xəyalə başını aşağı saldı, bir boşqab götürdü, sabunlu suda batırdı. Sanki suya nəsə pıçıldadı. Sonra başını qaldırdı və bircə cümlə dedi:
- Gərək gəlməyəydin.
O, nə deyəcəyini bilmədi. Xəyalənin üzündəki ifadə ona çox tanış idi - bu, bir vaxtlar azadlıq istəyən, sevgi gözləyən, amma sonda həyatın divarlarına çırpılıb hissiz bir heykələ dönən insanların ifadəsi idi.
Bakıya qayıtmışdı, amma bütün yollar çoxdan bağlanmışdı.
Səs-sükut
Bakı gecənin sakitliyinə bürünmüşdü. Şəhərin küçələri boyu addımlayanda özünü daha da tənha hiss etdi.
Bütün xatirələr, arzular, ümidlər - hamısı geridə qalmışdı. Xəyalə - geridə qalmışdı. Gənclik illəri - geridə qalmışdı. Hər biri çoxdan tərk edilmiş, insan ayağı dəyməyən limanlar idi.
Birdən, bir məsciddən azan səsi yüksəldi.
O, ayaq saxladı. Azanın səsi gecəni doldurdu, qəlbinin dərinliyinə süzüldü.
Hara getsən də, dərdlərin bitmir.
Hara qaçsan da, xatirələr səni tapır.
Hara dönsən də, özündən qaça bilmirsən.
Berlində belə bir səs yox idi. Orada səslər zəifdir. İnsanlar yavaş danışır, küçələr sakit olur, kimsə yüksəkdən səslənmir. Orada hətta səsin sərhədləri var. Yüksək səslə danışsan, musiqiylə rəqs etsən, sənə cərimə yazıla bilər. Səslər bu cərimələr tərəfindən kəsilirdi...
Burada isə səslər azaddır. Elə bu azan kimi.
O, bir müddət azana qulaq asdı. Səs havadakı boşluğu doldurdu, içindəki boşluğu isə doldurmadı.
Bu şəhər, bu küçələr, bu xatirələr - hamısı buradaydı, amma o artıq burada deyildi.
Bəlkə də getmək çarə deyil.
Bəlkə də hər şeyi içində həll etmək lazımdır.
Bakıda azan səsi küləyin köməyi ilə daha da yüksəkdən gəlirdi. Berlində səslər cərimə yazan polislərin dəstəyi ilə kəsilirdi.
Amma onun içində sükut hakim idi, o azan səsi ilə yanaşı daxilində mövcud olan sonsuz, sərhədsiz pıçıltılara da qulaq asırdı. Bu səs isə onu gələcəyə baxmağa, rahat və azad olacağı yerdə olmağa səsləyirdi. Səs sükutdan çox önəmli imiş, şair bunu dərk edirdi, o səs isə burada, köhnə Sovetskidə, bir azanın səsində idi.
“Ədəbiyyat və incəsənət”
(26.03.2025)
“Bayram payı" adlı hekayənin əks-sədası türk dərgisində
Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün
“Folklor Akademi” dərgisinin 2025-ci ildə ilk nömrəsi dosent doktor Erhan Solmazın redaktorluğu ilə çap edilib. Türk dünyasının qədim, sevimli bayramı olan Novruz günlərində işıq üzü görən dərginin bu sayında müasir Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Eyvaz Zeynalovun "Bayram payı" adlı hekayəsi ilə bağlı araşdırma yazı da yer alıb.
Təsadüfi deyil, belə ki, Novruz bayramı Azərbaycanda da həmişə xalqın yaddaşında çox əziz mərasimlərdən olub. Müəyyən dövrlərdə bu milli bayrama müxtəlif donlar geydirilməyə çalışsalar da Novruzu insanların qəlbindən silib atmaq mümkün olmayıb.
İstedadlı yazıçımız Eyvaz Zeynalov da tarixi çox qədimlərə gedib çıxan Novruz bayramını “Bayram payı” adlı hekayəsində özünəməxsus bir dillə xalqımızın başına gətirilən Qarabağ müsibətləri və Xocalı faciəsinin fonunda oxucuya təsirli vasitələrlə çatdırıb.
Qeyd edək ki, hekayə haqqında araşdırma yazının müəllifləri Pamukkale Universiteti Çağdaş Türk ləhcələri və ədəbiyyatı bölümünün müəllimi, Əəbiyyat dili uzmanı, Uşaq ədəbiyyatı araşdırmaçısı, doktor öyrəncisi Yaşar Sözen və dosent doktor Soner Sağlamdır.
Araşdırma yazısında Eyvaz Zeynalovun Azərbaycan ədəbiyyatının tanınmış çağdaş simalarından biri olduğu qeyd edilir. Bildirilir ki, E.Zeynalov həm böyüklər, həm də uşaqlar üçün maraqlı və dəyərli əsərlərin müəllifidir. O, Azərbaycan uşaq ədəbiyyatında hekayə və nağıl janrında qələmə aldığı əsərləri ilə tanınır. Müəllif uşaqlar üçün xüsusi olaraq yazdığı hekayə və nağıllarda milli-mənəvi, dini, ictimai və ümumbəşəri dəyərləri uğurla işləyib balaca oxucuya çatdırır: “Bu kontekstdə Eyvaz Zeynalovun təmsil etdiyi uşaq ədəbiyyatı missiyası və funksiyası olan bir ədəbiyyatdır. Uşaq ədəbiyyatının missiya və funksiyasını açan əsas komponentlərdən biri də uşağa uyğunluq prinsipidir. Tədqiqatın mövzusu olan və müəllifin uşaqlar üçün yazdığı “Bayram payı” adlı hekayə mətni uşağa uyğunluq prinsipinin daxili struktur elementləri (mövzu, qəhrəmanlar, dil və rəvayət, mesaj) baxımından işlənmiş və araşdırılmışdır.
Hekayənin mətni uşaq hekayəsi və nağıl təhlillərində də istifadə olunan mətn mərkəzli struktur metodu çərçivəsində tədqiq edilmişdir. Bu üsulla mətni təşkil edən daxili struktur elementlərin xüsusiyyətləri ətraflı şəkildə açılır.
Tədqiqatın konseptual çərçivəsini daha yaxşı başa düşmək üçün “Bayram payı” adlı hekayənin mətni tədqiqatın sonunda həm orijinal, yəni Azərbaycan türkcəsində, həm də türk dilinə tərcümə edilmiş şəkildə verilmişdir. Təhlil nəticəsində məlum olmuşdur ki, hekayə mətni Azərbaycan uşaq ədəbiyyatının mühüm bədii və ədəbi əsərləri sırasındadır”.
Qeyd edək ki, bu ilin yanvar ayında Yaşar Sözenin müəllifi olduğu “Müstəqillik dövründə (1991-2025) Azərbaycan uşaq ədəbiyyatında hekayə” adlı tezisinin F.Köçərili adına Uşaq Kitabxanasında müzakirəsi də aparılmışdı.
Doktor Yaşar Sözen təqdimat zamanı Azərbaycan uşaq ədəbiyyatını üç dönəmə - Maarifçilik, Sovet və Müstəqillik dönəmlərinə ayıraraq araşdırdığını bəyan etmişdi. Araşdırma zamanı 18 Azərbaycan uşaq yazarının 552 hekayəsinin xəritə-sxemi (təsviri) hazırlanıb, 10 yazarın isə hekayələri məzmununa görə təhlil edilib. Burada Eyvaz Zeynalovun hekayələrinin geniş tədqiqatı aparıldığı xüsusi vurğulanmışdı.
“Ədəbiyyat və incəsənət”
(25.03.2025)
"Əslində, mən həyatımı saatlara bölürəm" - QƏNİRƏ PAŞAYEVA
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
“O vaxt jurnalist işləyəndə anam həmişə deyirdi, qızım, gəl bu sahədən uzaqlaş. Belə ömür sürmək, səhərdən gecəyə qədər işləmək olmaz. Mən millət vəkili seçiləndən sonra da eyni temp davam etdi. Bir gün də anam dedi ki, “mən elə bilirdim, səni jurnalistika belə edir, sən demə, günah jurnalistikada deyilmiş, özün beləsən, səhərdən gecəyə qədər işləmək sənin həyat tərzindir”.
Əslində, mən həyatımı saatlara bölürəm. Qeyd dəftərçəmdə hər gecə sabah üçün görəcəyim işlərin 1-2 səhifəlik siyahısı olur. Kimə zəng etməliyəm, kiminsə problemi ilə bağlı hara müraciət etməliyəm, rayonda hansı məsələ var, işimdə hansı sənədlər getməlidir və s.. Vay o günə ki, insanın işi olmasın. Məncə, hər bir insan çalışmaq, özünü reallaşdırmaq üçün doğulub...”- söyləyirdi.
1975-ci ilin mart ayının 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində dünyaya gəlmişdi. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültələrini bitirmişdi. 1998-ci ildən “ANS” televiziya şirkətinin “Xəbərlər” xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, “Xəbərlər redaksiyası” baş redaktorunun müavini vəzifələrində çalışmışdı. Sonra Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olmuşdu. 2005-ci ildən 2023-cü ildə vəfat edənədək, III, IV, V və VI çağırış Milli Məclisə deputat seşilmişdi. Parlamentin Mədəniyyət komitəsinin sədri idi...
Deyirdi ki:- “Mən orta məktəbə çox tez getmişəm. Məktəbdə böyümüşəm desəm, daha yaxşı olardı. 3 yaşımdan məktəbdə olmuşam. 4 yaşımda 1-ci sinfə gedən qohumlarımızdan biriylə məktəbə gedirdik. Amma yaş həddinə görə 1-ci sinifdə oxumağa icazə vermirdilər. Amma 5 yaşım olanda buna icazə verdilər. 16 yaşımda ali məktəbə, Tibb Universitetinə daxil olmuşam.
Orta məktəbdə qiymətlərim yaxşı olub. Anam kimya müəllimi idi, mən də kimyanı çox yaxşı oxuyur, kimya olimpiadalarında iştirak edirdim. Anam həmişə yaxşı bir həkim olmağımı istəyirdi. Çünki bu, nənəmin də arzusu idi. Nənəm istəmişdi ki, anam həkim olsun, anam həkim olmamışdı, sonra ikisi də, mənim həkim olmağımı arzulayırdı. Ancaq mən uşaqlıqdan həmişə jurnalist olmaq istəyirdim. O zamanlar dəbdə idi, soruşanda qızlar Tibb Universitetinin, oğlanlar isə hüquq fakültəsinin adını çəkirdilər. Mən həmişə deyirdim ki, jurnalist olacam. Anam mənə hərdən deyirdi ki, həkim ola-ola yaza da bilərsən. Açığı, yuxarı sinifdə fikirləşirdim ki, bəlkə öz arzumun arxasınca gedim? Ancaq ona da mane olan bir amil oldu. Bunu heç vaxt danışmamışam, sizə deyirəm. Mənim atam çox möhkəm xəstələnmişdi. Bəzi həkimlərin fikrincə, guya xərçəng idi. Amma fərqli oldu və atam sağaldı. Həmin vaxt bir nəfər atama demişdi ki, qızını qoyma Tibb Universitetinə sənəd versin, çox çətin olacaq, daxil ola bilməyəcək. Doğrudan da, o vaxt Tibb Universitetinə öz biliyinlə birinci il daxil olmaq çox nadir hadisə idi. İnsanların yarıdan çoxu Tibb Universitetinə 3-cü, 4-cü, 5-ci ildən sonra daxil ola bilirdilər. Ədəbiyyat müəllimim də mənə deyirdi ki, sən mənim ən yaxşı tələbəmsən. O dəhşətə gəlirdi ki, mən ədəbiyyatı qoyub, necə Tibb Universitetinə gedə bilərəm. Tarix müəllimim də həmişə anama narazılığını bildirirdi ki, o tarixi yaxşı oxuyur, niyə zorla onun yolunu dəyişdirmək istəyirsən. Amma atama söz verəndən qərarım qəti idi, geri çəkilə bilməzdim...”
Bir yerdə dayanmağı xoşlamazdı. Necə deyərlər, civə kimi qaynayırdı. Mehriban, gülərüz, işgüzar xanım idi. İş fəaliyyətində qadın-kişi fərqini qəbul etmirdi. Onun nəzərində insanlar tənbəl və qoçaqlardan, məsuliyyətli və məsuliyyətsizlərdən ibarət olur...
“Karyera vəzifə demək deyil. Nədənsə bizdə karyera qurmaq deyəndə fikirləşirlər ki, o, ya deputat, ya da nazir olmalıdır. Xeyr. Karyera odur ki, hər bir insanın öz potensialını reallaşdıra bildiyi bir işi olsun. Yaxşı müəllimlik, həkimlik də karyeradır. Təbii ki, hamı ali təhsil ala bilməz. Amma hər bir insana məşğul olduğu bir peşə mütləq lazımdır. Hər bir insan özünü ayaq üstə saxlayacaq gücdə olmalıdır.”- söyləyirdi.
Elə bil tez öləcəyindən xəbərdar idi. Odur ki, heç bir işi təxirə salmadan çalışırdı. Sanki harayasa tələsirdi...
Deyirdi ki:- “Mənim fəlsəfəm budur ki, insan həyatı hər zaman bitə bilər. Mənim bir neçə sinif yoldaşım artıq həyatda yoxdur, Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsində şəhid olublar. Bəziləri də itkin düşüblər. Biz bir yerdə böyümüş və oxumuşduq. Amma onlar çox gənc yaşlarında həyatlarını itirdilər. Ona görə də düşüncəmdə yoxdur ki, uzun yaşayacam, arzular da belə olmalıdır. Mən hər gün səhər şükür edirəm ki, bu gün həyata gözümü açdım, günəşi, havanı gördüm. Hər gecə də yatanda şükür edirəm ki, bu günü də başa vurdum, çalışdım ki, yaxşılıq edim, insanlara yararlı olum. Pis əməllər etməyim, günaha batmayım. Bu isə mənim həyat fəlsəfəmdir. Hindlilərdə, eləcə də bəzi xalqlarda bir məşhur məsəl var. Deyirlər ki, insan dünyaya gələndə eşidən hər kəs sevinir, amma özü ağlayır. Həyatını elə yaşamalısan ki, sən həyatdan köçəndə hər kəs ağlasın, qəmlənsin. Sən isə üzündə təbəssüm, rahatlıqla həyatdan gedə biləsən...”
Bəli, o, ölümüylə milyonlarla adamı qəmləndirə, kədərləndirə bildi. Bu xəbəri eşidən hər kəsin dilindən- Allah rəhmət eləsin- kəlmələri qopdu. Dəfni isə son on ildə ən izdehamlı mərasimlərdən biri oldu…
“Ədəbiyyat və incəsənət”
(25.03.2025)
CƏLİL XƏLİLOV: Xüsusi xidmət orqanlarımız Azərbaycana yönəlik təhdid və təhlükələr qarşısında etibarlı sipərdir
28 mart xüsusi xidmət orqanlarının - Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarınının peşə bayramı günüdür. Bu münasibətlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov açıqlama verib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, polkovnik açıqlamasında qeyd edib ki, DTX-nın Vətən müharibəsi və post-müharibə dönəmindəki fəaliyyəti Azərbaycanın təhlükəsizliyi baxımından ikiqat əhəmiyyətə malik olub:
“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan Vətən müharibəsində DTX həm ön, həm də arxa cəbhədə xüsusi aktivlik sərgiləməklə 8 Noyabr zəfərinin əldə edilməsinə böyük töhfə verib, erməni faşizminin təxribat cəhdlərinin qarşısını müvəffəqiyyətlə alıb. Təsadüfi deyil ki, xüsusi xidmət orqanlarımızın sayıqlığı nəticəsində müharibə dönəmində ölkə daxilində vətəndaşlarımızın təhlükəsizliyi təmin olunub, hər hansı terror aktının reallaşmasına imkan verilməyib.
DTX post-müharibə dönəmində də dövlətimizin təhlükəsizliyi istiqamətində aktiv fəaliyyətini uğurla davam etdirib. Xüsusilə də 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal anti-terror tədbirləri zamanı separatçıların son müqavimət nöqtələrinin susdurulmasında, doğma Qarabağımızın separatçılardan təmizlənməsində DTX yaxından iştirak edib, bu prosesə böyük töhfələr verib. Anti-terror tədbirləri və ondan sonrakı dönəmlərdə Qarabağda gizlənən separatçıların aşkar edilərək neytrallaşdırılması, onların Bakıya gətirilərk məhkəmə qarşısına çıxarılmasında xüsusi xidmət orqanlarımız böyük əmək və peşəkarlıq sərgiləyib.
DTX erməni separatçılarını zərərsizləşdirməklə Ermənistan və onun havadarlarına göstərdi ki, Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı cinayət törədən, təhlükəsizliyimizə və suverenliyimizə qəsd etmək istəyən heç kim cəzasız qalmayacaq və onlar gec-tez qanun qarşısında cavab verməli olacaq.
Mən 28 mart – peşə bayramı münasibətilə xüsusi xidmət orqanlarımızı - DTX və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarını təbrik edir, onlara bu ağır və şərəfli fəaliyyətlərində uğurlar arzulayıram.
Əminəm ki, bugünə qədər olduğu kimi, bundan sonra da xüsusi xidmət orqanlarımız dövlətimizin təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək, Prezidentimizin və xalqımızın etimadını eyni qətiyyətlə doğruldacaq, xalqımızı, təhlükəsizliyimizi hədəf alan bütün bədxah qüvvələrə erməni separatçılarının aqibətini yaşadacaq”.
“Ədəbiyyat və incəsənət”
(25.03.2025)
CƏLİL XƏLİLOV: Xüsusi xidmət orqanlarımız Azərbaycana yönəlik təhdid və təhlükələr qarşısında etibarlı sipərdir
28 mart xüsusi xidmət orqanlarının - Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarınının peşə bayramı günüdür. Bu münasibətlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov açıqlama verib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, polkovnik açıqlamasında qeyd edib ki, DTX-nın Vətən müharibəsi və post-müharibə dönəmindəki fəaliyyəti Azərbaycanın təhlükəsizliyi baxımından ikiqat əhəmiyyətə malik olub:
“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan Vətən müharibəsində DTX həm ön, həm də arxa cəbhədə xüsusi aktivlik sərgiləməklə 8 Noyabr zəfərinin əldə edilməsinə böyük töhfə verib, erməni faşizminin təxribat cəhdlərinin qarşısını müvəffəqiyyətlə alıb. Təsadüfi deyil ki, xüsusi xidmət orqanlarımızın sayıqlığı nəticəsində müharibə dönəmində ölkə daxilində vətəndaşlarımızın təhlükəsizliyi təmin olunub, hər hansı terror aktının reallaşmasına imkan verilməyib.
DTX post-müharibə dönəmində də dövlətimizin təhlükəsizliyi istiqamətində aktiv fəaliyyətini uğurla davam etdirib. Xüsusilə də 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal anti-terror tədbirləri zamanı separatçıların son müqavimət nöqtələrinin susdurulmasında, doğma Qarabağımızın separatçılardan təmizlənməsində DTX yaxından iştirak edib, bu prosesə böyük töhfələr verib. Anti-terror tədbirləri və ondan sonrakı dönəmlərdə Qarabağda gizlənən separatçıların aşkar edilərək neytrallaşdırılması, onların Bakıya gətirilərk məhkəmə qarşısına çıxarılmasında xüsusi xidmət orqanlarımız böyük əmək və peşəkarlıq sərgiləyib.
DTX erməni separatçılarını zərərsizləşdirməklə Ermənistan və onun havadarlarına göstərdi ki, Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı cinayət törədən, təhlükəsizliyimizə və suverenliyimizə qəsd etmək istəyən heç kim cəzasız qalmayacaq və onlar gec-tez qanun qarşısında cavab verməli olacaq.
Mən 28 mart – peşə bayramı münasibətilə xüsusi xidmət orqanlarımızı - DTX və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarını təbrik edir, onlara bu ağır və şərəfli fəaliyyətlərində uğurlar arzulayıram.
Əminəm ki, bugünə qədər olduğu kimi, bundan sonra da xüsusi xidmət orqanlarımız dövlətimizin təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək, Prezidentimizin və xalqımızın etimadını eyni qətiyyətlə doğruldacaq, xalqımızı, təhlükəsizliyimizi hədəf alan bütün bədxah qüvvələrə erməni separatçılarının aqibətini yaşadacaq”.
“Ədəbiyyat və incəsənət”
(25.03.2025)
"Tamaşaçı effekti" - ətrafdakı hadisələrə hamı baxır, amma heç kəs müdaxilə etmir
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Şəhərdə gəzib evə qayıdarkən qəflətən yolda avtomobil qəzası baş verdi. Hər iki avtomobil toqquşmadan zərər görmüşdü. Avtomobil sahibləri böyük təlaş içində idi, lakin kənardakılar hadisəyə müdaxilə etmir, əksinə, şou düzəldərək telefon kameraları ilə görüntü çəkməyə başlamışdılar.
Əvvəllər də bu tip hadisələrlə çox rastlaşmışdım. Sosial şəbəkələrdə dəfələrlə bu cür videolar yayımlanırdı. Ən çox təsirləndiyim isə hündürmərtəbəli binadan intihara cəhd edən bir xanımın görüntüləri idi. O, özünü binadan atmış, lakin yerə çırpıldıqdan sonra ölməmiş, ağır xəsarət alaraq qan içində çabalayırdı. Son nəfəsində, ağır vəziyyətdə ətrafdakı insanlardan kömək diləyirdi. Amma ona köməyə gələn yalnız telefon kameraları idi. Başqa bir qadın isə əlində telefon, yaranan vəziyyəti lentə almaqla məşğul idi. Görüntülər olduqca tükürpədici idi. Cəmiyyətimizdə bu tip hadisələrə çox yerdə rast gəlmək mümkündür.
Texnologiya həyatımıza daxil olandan bəri sanki fenomenlik xəstəliyinə düçar olmuşuq. Bu yaxınlarda tanınmış azərbaycanlı psixoloq Nizami Orucov "TEDx" səhnəsində "Stress altında qərar qəbul etmə" mövzusunda çıxışı zamanı kiçik bir eksperiment apararaq səhnədə özünü yerə atır və ətrafdakıların reaksiyalarını yoxlayır. Yalnız bir nəfər hadisəyə inanıb səhnəyə doğru qaçaraq kömək etməyə çalışır. Bu zaman psixoloq hadisəni açıqlayır. O qeyd edir ki, bu vəziyyət psixologiyada "tamaşaçı effekti" (Bystander effect) adlanır. Hamı baxır, amma heç kim müdaxilə etmir.
Ətrafımızda baş verən hadisələrə qarşı bəzən niyə passiv qalırıq? Çünki beynimiz bizə deyir ki, "başqası kömək edəcək". Nəticədə isə beynimiz arxayınlaşır və heç bir hərəkət etmir.
“Ədəbiyyat və incəsənət”
(25.03.2025)
GAP Antologiyasında Məryəm Qurbanzadənin “Biz də sevdalandıq....” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Xoyda yaşayan Məryəm Qurbanzadədir.
Məryəm Qurbanzadə
Xoy
V
Biz də sevdalandıq
Biz də şeir yazdıq
Biz də üsyan yandırdıq boğazlarımızda
Amma
“Sevdada erkək olmalısan” – dedilər.
“Şeirdə kişi olmalıdan” – dedilər.
“Səsin boğazında sınmalıdır” – dedilər
Və
Ayaqlarımızın altındakı cənnətə yol tapmaq üçün
Qorxuluq qoydular
Göyərməmiş tarlaların ortasında bizi.
“Ədəbiyyat və incəsənət”
(25.03.2025)
Günün təsadüfi qəhrəmanı - ESSE
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Ölkə olaraq böyük bir əzab ilə üz-üzə qalmışıq. Əzab sözünün altında böyük bir mübaliğə gizlənir. Cəmiyyət olaraq ya nəyinsə həddinin artıq olmasından, ya da əksik olmasından kütləvi sürətdə əziyyət çəkirik. Abrın, ismətin də elə hadisələr olur ki, ən düşük halı ilə, bəzən isə ən şiddətli halları ilə qarşılaşırıq. Amma nə hikmətdirsə, orta yolu heç cürə tapa bilmirik.
Ara məsələ olaraq kiminsə anası, bacısı kimi bir söhbət vardır ki, dillərdə dolaşır. Amma ismət və abrı əlində qalxan edən xalqım həmin bəhsi keçən şəxslərin filankəsin qohumu, tanışı olmamışdan əvvəl bir fərd olduğunu unudur.
Bəhsi keçəcək olan məsələ elə də dəhşətli deyil. Amma mən oturub o qədər düşündüm ki, mövzunun içindən yeni mövzular çıxmağa başladı. Elə ona görə də istədim ki, uzun zaman sonra az da olsa fikirlərimi sizinlə bölüşüm.
Növbəti Novruz bayramını keçirdik. Bu aralar klassik olaraq ya hər kəs rayonlara üz tutdu, ya da bir-birilərinə bayram payı göndərdilər. Bu il işlərim ilə bağlı mənsə kəndə gedə bilmədim və anam mənə bayram sovqatları göndərməli oldu. Bəxtimdən, hər zaman sovqatları mənə təslim edən sürücünün maşını xarab oldu və yeni sürücü mənə liftə qədər yüklərimi daşımağa kömək etmədi. Nə isə, məsələ əslində sürücü deyil, çünki onu istəsəm də qınaya bilmərəm. Mən yüngül bağlamaları liftə qədər daşıdıqdan sonra sona qalan ağır yükü daşımaqda çətinlik çəkirdim. Təsadüfən otuz yaşlarında bir bəy də binamıza daxil olmaq üzrə idi və mənə səsləndi:
-Xanım, gəlin kömək edim.
İnanırsınız, o qədər sevindim ki, dedim, bu dərddən də xilas oldum və yəqin ki bağlamanı həmin bəy götürüb liftə qədər daşıyacaq. Amma o, çox möhtəşəm bir kömək üsulu seçdi və mənim ağır bağlamanı binaya keçirə bilməyim üçün qapını tutdu. Ah... təbii ki mən də bağlama əlimdə qıvranıram. Sonra bu bəy centlimenliyini unudarmı heç?! Liftin düyməsini vurub saxladı ki, mən yükü liftə keçirə bilim və daha çox qıvranım. Üstəlik, liftə daxil olanda onun yerinə on ikinci mərtəbə üçün düyməni mən vurdum ki, daha çox yorulmasın.
Nəzərinizə çatdırım ki, mən də bilirəm, köməyin böyüyü-kiçiyi yoxdur. Amma, dostlar, əgər bu torpaq kişi və qadın üçün bəlli rol biçmişdirsə, niyə rollarımızı doğru oynamırıq. Şəxsən onun köməksiz köməyi mənə böyük bir özgüvən qatmış oldu. Bu həyatda dəfələrlə öyrənmiş olduğum bir həqiqəti mənə yenidən öyrətdi: "Mənim heç kimə ehtiyacım yoxdur"
Düşünürəm ki, abrından və ismətindən qəhrəmanımız başmağının ucuna o qədər baxdı ki, o boyda yükü görmədi. Nə yeyib, nə içdiyimiz bəlli deyil. Əziz varlıqlar, gözlərimizi başmaqlarımızın ucundan qaldırıb bir -birimizə baxaq mütləq. Sadəcə baxıb görə bilərik ki, qarşımızdakı insan ağır yük altında qıvranır və biz ona kömək əli uzada bilərik. Yeriyəndə önümüzə baxaq, dostlar. Başmağımızın ucundakı tozu yağış yuyub aparacaq.
Qardaşım sən də üzrlü say. Bayramın da mübarək!
“Ədəbiyyat və incəsənət”
(25.03.2025)
Çürümüş pranqalar: qız uşaqlarının həyatını məhv edən cinayət – AKTUAL
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Bəziləri bunu mentalitet, bəziləri din, bəziləri isə ənənə adlandırır. Amma adından asılı olmayaraq qız uşaqlarını erkən yaşda ərə vermək bir cinayətdir! İnsanın öz həyatı üzərində qərar vermək hüququnun əlindən alınması, zorla nikaha məcbur edilməsi, təhsildən, arzularından məhrum edilməsi – bunlar nə mədəniyyətdir, nə də insanlıq. Bu, açıq-aşkar bəşəri cinayət və qanunazidd hərəkətdir!
Düşünün: 13 yaşında bir uşaq məktəbdə oxumaq əvəzinə doğum sancıları içində qıvrılır. Hansı sağlam düşüncəli insan bunu qəbul edə bilər?! Hansı vicdansız bu mənzərə qarşısında susa bilər?!
Bütün dünyada bu cür hallar insan hüquqları pozuntusu kimi qiymətləndirilir. Azərbaycanda da qanunlar bu iyrənc praktikaya qarşı açıq şəkildə sərt mövqe tutur. Bəs biz cəmiyyət olaraq nə edirik? Qanunlar var, amma vicdanlar hardadır?!
Erkən nikahın hüquqi və insani cinayət olduğunu unutmayaq!
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, nikah yaşı həm qadın, həm də kişilər üçün 18-dir. Məhkəmə icazəsi olmadan 18 yaşdan aşağı bir şəxsin evləndirilməsi mümkün deyil.
Cinayət Məcəlləsinə əsasən isə:
• 176-1-ci maddə – Yetkinlik yaşına çatmayan şəxsi nikaha məcbur edənlər üçün 3000-4000 manat cərimə və ya 4 ilə qədər həbs cəzası nəzərdə tutulur.
• 152-ci maddə – Yetkinlik yaşına çatmamış biri ilə cinsi əlaqəyə girən şəxs 3 ildən 6 ilə qədər azadlıqdan məhrum edilə bilər.
• 173-cü maddə – Yetkinlik yaşına çatmayanın hüquqlarına zərər vurulması 3000-6000 manat cərimə və ya 2 ilə qədər həbs cəzası ilə nəticələnə bilər.
Bunlar göstərir ki, bu gün 13 yaşında bir uşağın ana olması təkcə mənəvi faciə deyil, həm də dövlətin qanunlarına qarşı açıq-aşkar edilən bir cinayətdir!
Geridə qalmış stereotiplər və onların cavabı:
“Elə belə gəlib, belə də gedər.”
Xeyr, belə getməyəcək! Nənəniz 15 yaşında ərə verilibsə və susubsa, bu, onun travmasını unutduğu anlamına gəlmir. O, sizə danışmadı, çünki başqa çarəsi yox idi!
“Qız uşaqdır, onsuz da evlənəcək.”
Qız uşaqdır, amma gələcəyin həkimi, müəllimi, yazıçısı, hüquqşünası, prezidenti ola bilər! Onun həyatını məhv etməyə heç kimin haqqı yoxdur!
“Dində belə buyurulur.”
Xeyr, yalandır! Heç bir din zorakı nikahı, uşaq yaşında hamilə qalmağı dəstəkləmir. Bu, bəzi nadanların din adı altında etdikləri manipulyasiyadır!
Erkən evliliyin faciələri: faktlar və reallıqlar
• Səhiyyə Nazirliyinin məlumatlarına görə, erkən hamiləlik ana və körpənin ölüm riskini 5 dəfə artırır.
• Yetkinlik yaşına çatmayan qızların 80%-i təhsildən kənarda qalır.
• Psixoloji travma və depressiya səviyyəsi erkən evliliklərdə 60% daha yüksəkdir.
• Qadın Hüquqlarını Müdafiə Komitəsinin hesabatına əsasən, erkən evliliklər ailədaxili zorakılığı 70%-ə qədər artırır.
Bütün bunlar göstərir ki, erkən nikah bir ailəni yox, bütöv bir cəmiyyətin gələcəyini məhv edən virusdur!
Bəs nə etməliyik?
Qanunların sərt icrası – Erkən nikaha icazə verən valideynlər, vasitəçilər, mollalar və digər şəxslər qanun qarşısında ciddi cəzalandırılmalıdır!
Maarifləndirmə kampaniyaları – Məktəblərdə, sosial mediada, televiziya və qəzetlərdə erkən evliliyin dəhşətləri geniş şəkildə izah edilməlidir.
Sığınacaqların yaradılması – Erkən evlilikdən qaçan qızlar üçün sığınacaq mərkəzləri açılmalı və onlara hüquqi dəstək göstərilməlidir.
Cəmiyyətin vicdanı oyanmalıdır! Erkən nikahı dəstəkləyən və ya susan hər kəs bu cinayətin bir parçasıdır!
Sonda: səssiz qalma!
Hər susduğumuz an bir qız uşağı öz həyatını itirir. Hər göz yumduğumuz an bir qız məktəbdən qoparılır, xəyallarını itirir, məcburi ana olur. Qanun var, vicdan var, insanlıq var – susmaq, bu cinayətə şərik olmaq deməkdir!
Əgər sabah öz qızınızın başına bu gəlməsini istəmirsinizsə, bu gün susmayın! Erkən nikaha "mentalitet" adı altında haqq qazandıran hər kəsi ifşa edin!
Çünki qız uşaqları gələcəyin anaları deyil, həm də gələcəyin alimləri, mühəndisləri, sənətçiləri, liderləridir! Onların həyatını talayan hər kəs qanun qarşısında cavab verməlidir!
“Ədəbiyyat və incəsənət”
(25.03.2025)
PORTAL AKADEMİYASINDA - Ayn Rend. «Atlant çiyinlərini düzəltdi»
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Təbiidir ki, illərdir bir çox müəlliflər uğur qazanmağın yollarını göstərmək niyyəti güdən kitablar yazıblar. Onların içində adı dünyalarca məşhurlaşanlar, ən tanınmış motivasiya spikeri adını alanlar da var, yazdıqlarını bestseller səviyyəsinə daşıya bilməsələr belə, kütləvi oxucu qazanmaq şərəfinə nail olanlar da var, heç bir iz qoya bilməyərək yazdıqlarının makulaturaya çevrilməsiylə barışanlar da var.
Əlbəttə ki, mən öz tədqiqatım boyunca ən çox səs-küy qoparan «uğurqazanma bestsellerlərinə» toxunacağam. Oxuculara oxunması məsləhət görülən bu bestsellerlərin əsas müddəalarını göstərəcək, tezislərini qabardacağam.
İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luğa nəzər yetirməyi davam etdirək.
Ayn Rend. «Atlant çiyinlərini düzəltdi»
Ayn Rendin bu kitabını, təsadüfi deyil ki, hətta Qərbdə «İncir» kitabı ilə eyni səviyyəyə qaldırmaq tendensiyası müşahidə edilməkdədir. Çünki yüz minlərlə sahibkarlar öz sahibkarlıq fəaliyyətinə məhz bu 200 səhifəlik kitabı oxumaqla başlayıblar. Bu kitab dünyagörüşünü dəyişir, insan həyatının əsl anlamını açıb göstərir, sahibkarlığın əlifbasını öyrədir. Və həm də bu kitab cəsarətli, güclü və qətiyyətli olmağa da bir çağırışdır.
Əsl adı Alisa Rozenbaum olan bu xanım insanlara öyrətmək istəyir ki:
- İnsan düşüşünün yeganə forması məqsədi itirməkdir.
- «Mən səni sevirəm» söyləmək üçün ilk öncə «Mən» söyləməyi öyrənməlisən.
- İnsan yumor hissini itirəndə hər şeyini itirir.
- Öz qəlb məbədində insan tənhadır.
- Xüsusi adlardan başqa hər bir söz abstraktdır.
Ayn Rend yazır ki, özü nə istədiyini bilməyən adam üçün pul xoşbəxtlik gətirə bilməz. Yazır ki, öz yolunu gözübağlı seçən şəxsə pul məqsədi göstərə bilməz. Ayn Rendə görə, pulla səfeh özünə ağıl, ağıllı özünə şərəf, naqis özünə hörmət ala bilməz.
O yazır ki, əgər siz pul vasitəsilə özünüzü reklam edib özünüzdən yüksəkdə duran və özünüzdən ağıllı olan adamlarla əhatələnmək istəyirsinizsə və bununla nüfuz qazanacağınızı düşünürsünüzsə, onda əmin olun ki, sizdən aşağıda duranların qurbanına çevriləcəksiniz. Zira, ziyalılar dərhal sizdən üz döndərəcək, fırıldaqçı və oğrularsa pulunuzun işığına əhatənizə toplaşacaqlar ki, sizdən bir şeylər qopartsınlar. «İnsan heç vaxt öz pulunun həcmindən kiçik olmamalıdır. Əks halda, onu taptalayarlar».
“Ədəbiyyat və incəsənət”
(25.03.2025)
Zeynal Xəlilin anadan olmasından 111 il ötdü
Könül, “Ədəbiyyat və incəsənət”
Ötən gülərdə müasir Azərbaycan poeziyasının tanınan simalarından olan Zeynal Xəlilin anadan olmasından 111 il ötdü. 111-çox sirli-sehirli bir rəqəm! Əsl poeziya üçün zaman sərhədi olmur, Zeynal Xəlil də əsl poeziya yaradıcılarından olub.
Bəli, martın 23-ü Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şeirləri, poemaları sevilə-sevilə oxunan, pyesləri tamaşaçıların hüsn-rəğbətini qazanmış, Əməkdar incəsənət xadimi Zeynal Xəlilin amadan olduğu gündür.
XX əsr Azərbaycan poeziyasının tanınmış simalarından olan Zeynal Xəlil cəmi 59 il ömür sürmüş, erkən çağlarında üzləşdiyi yetimliyin çətinliklərini, həyatı boyu zamanın bütün ağırlığını, ictimai-siyasi çəkişmələrini, 1937-ci ilin repressiyalarının törətdiyi fəlakətin vahiməsini, İkinci Dünya müharibəsinin soyuq səngərlərinin fəsadlarını varlığından keçirərək yaşamışdır.
Zeynal Xəlil 1914-cü ildə Gəncə şəhərində sənətkar ailəsində dünyaya gəlib. O, şeirlərinin birində öz tərcümeyi-halını belə dilə gətirir: “Atam papaqçıydı, varı-yoxu bir qəlib idi, bir də iynə. Hər zaman öz şeirlərində ağrı və məhəbbətlə atasını yad edən Zeynal Xəlil yeddi yaşında ikən atasını itirib. Böyük qardaşlarının himayəsində yaşayan şair əvvəl yeddiillik orta məktəbi, sonra isə peşə məktəbini bitirmişdir.
Erkən əmək fəaliyyətinə başlayan Zeynal Xəlil 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur. Şeirə, sənətə olan həvəsi hələ tələbəlik illərindən özünü büruzə vermiş “Yeni kənd” adlı ilk şeirini də məhz bu vaxtlarda yazmışdır. Bir-birinin ardınca yazılan şeirləri “Gənc işçi”, “Ədəbiyyat qəzeti” və digər mətbuat orqanlarında çap olunmağa başladı. Şairin 1934-cü ildə Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən buraxılmış ilk şeirlər kitabı “İstək” göstərdi ki, ədəbiyyata öz mövzusu, nəfəsi, yazı manerası olan bir şair gəlmişdir.
Bundan sonra Zeynal Xəlil çətin axtarışlar yolu ilə getdi, daha maraqlı və rəngarəng əsərlər yaratdı. Onun “Tarac” (1936), “Poemalar”, “Qılınc” (1940), “Tatyana” (1942) kimi kitabları oxucularda böyük maraq və hüsn-rəğbət oyatdı. Şairin bir-birinin ardınca çıxan “Düşüncələr”, “Etibar”, “Arzular”, “İki dünya”, “Lalə”, “Bənövşə”, “Şeirlər”, “Ulduzlar”, “Seçilmiş şeirlər və poemalar” və bu kimi onlarla kitabları haqlı olaraq bütün Azərbaycan ədəbiyyatının müvəffəqiyyəti kimi qiymətləndirilir. Zeynal Xəlilin “Ulduzlar”, “Fədai”, “Şah və qarışqa”, “Koroğlunun qocalığı”, “Gülər”, “Səməd Vurğunla görüş” poemalarını da bu siyahıya daxil etsək və bu əsərləri diqqətlə nəzərdən keçirsək şairin ümumi mənzərəsini görərik. Zeynal Xəlilin yaradıcılığı demək olar ki, tarixi qəhrəmanlıq keçmişimizdən tutmuş (“Koroğlunun qocalığı), inqilabi keçmişimizə (Qatır Məmməd), Böyük Vətən müharibəsinə (“Tatyana” poeması və bir sıra şeirlər) və lap son günlərə qədər əhatə edir. Şairin qələmə aldığı şeirləri də oxucular tərəfindən həmişə rəğbətlə qazanmışdır.
Zeynal Xəlilin bir dramaturq kimi də ədəbiyyatımızın inkişafında xidmətləri çoxdur. Onun ilk pyesi “İntiqam” bir çox teatrlarda tamaşaya qoyulmuş və müvəffəqiyyət qazanmışdır. Belə əsərlərdən biri də uzun zaman səhnədən düşməyən “Qatır Məmməd” pyesidir. Bu əsərin səhnə həyatı çox uğurlu olub. Elə bu səbəbdən də həmin dramın motivləri əsasında bədii film də çəkilib.
Əlbəttə, sovet realizminin nümayəndəsi olan Zeynal Xəlilin Qatır Məmmədi vəsf etməsi təbii idi, Qatır Məmmədi sovet quruluşu bəy-xan zülmünə qarşı vuruşan qaçaq kimi göstərirdi. Amma indi – müstəqil Azərbaycanda Qatır Məmməd obrazı satqın. Xain, cumhuriyyətin düşməni kimi göstərilir. Bunu da nəzərə alaq.
“Qatır Məmməd” filminin ardınca İkinci Dünya müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən əsərləri - “Yəhərləyin atları”, “416”, “Döyüşçünün vəsiyyəti” kimi şeirləri, “Tatyana” adlı poeması dövründə çox sevilib.
Zeynal Xəlilin sözlərinə bəstələnmiş mahnılar bu gün də sevilərək dinlənilir, nəsildən-nəslə ötürülür. Bu cəhətdən heç vaxt dillərdən düşməyən, musiqisi Soltan Hacıbəyova məxsus “Kimlər gəldi, kimlər getdi”, musiqisi Emin Sabitoğluya məxsus "Bu gecə”, "Ay işığında” (Qənbər Hüseynli) və s. nəğmələr yaşadıqca, dinlənildikcə Zeynal Xəlil ruhu da yaşayır.
Kimlər gəldi, kimlər getdi,
Bu dünyaya, bu dünyadan...
Zeynal Xəlilin qələmə aldığı əsərlər bir sıra xarici dillərə tərcümə olunmuş və onun rus və Avropa ədəbiyyatından etdiyi tərcümələr həmişə diqqətəlayiq olub.
Allah ona rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(25.03.2025)