
Super User
“Yuxulamış xəyalının üstünü örtürdüm…” – LEYLİ XİYAVLI
Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi
Azərbaycan Ədəbiyyat Fondununtəşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu günsizlərə Leyli Xiyavlının şeirlərini təqdim edəcəyik.
Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir.
I.
Arıtladım ürəyimi
Çölə atdım "onu", "səni".
Qidalandım öz sevgimdən
Yavaş-yavaş sevdim "məni".
Çoxdan idi tək qalmışdı,
Mənim tərkimi qılmışdı,
"Sən", "məni" məndən almışdı,
Yavaş-yavaş sevdim "məni".
Heç bir şair öz ömründə -
"Məni" sevmədi şeirində,
Day qalmadım "sən" sehrində,
Yavaş-yavaş sevdim "məni".
"Ramiz" sevdi özgəsini,
Taxdı onun bəlgəsini,
Keçdim eşqin döngəsini,
Yavaş-yavaş sevdim "məni".
Düz ömrümün yarısında,
Sevgililər sırasında,
İki daşın arasında,
Yavaş-yavaş sevdim "məni".
II
Əlində bir dəstə qara tikanla,
Geyimli-keçimli önümdə durur.
Ölüm, ən qorxulu boyla, buxunla,
Mənə sevgisini önəri verir.
Bir xeyli fikirə dalıb, görürəm,
Əbədi dincliyim onunla olur.
"Hə" deyib, könlümü ona verirəm,
Yayılır tənimə, ruhum durulur.
Ölüm çılpaq edir köksümü birdən,
Çıxardır əynimdən son nəfəsimi.
Mənə hiclə qurur qaranlıq yerdən,
Hovxurur üzümə, boğur səsimi.
Düşür sümüyümə ağı çalğısı,
Süzürəm ölümlə "Uzun dərə"ni.
Onun bundan belə yoxdur qayğısı,
Bilir, mənim qədər olmaz sevəni.
Bu dünya yaşamı tam qara-qançır,
Əbədi yaşamı sevib seçirəm.
Yerin, bir qəbirlik dodağı qaçır,
Bilir, torpağına gəlin köçürəm.
III.
Yuxulamış xəyalının
Üstünü örtürdüm...
Ayıldı...
Yapışdı yaxamdan.
IV.
Ürəyim...
Sevgindən...
Yadırğamasın deyə...
Hər an...
Xatirələrini tamsınır.
V.
Hava limanıdır hərcayi könlün,
Birisi qalxarkən, birisi enir.
Ağ-qara, yaxşı-pis fərq etməz sənə,
Onların hamısı canına sınır.
Gözünün ipini boş buraxıbsan,
Gəzir ortalıqda, doymadan baxır.
Yalandan, özünü yuyub arıtma,
Kirli baxışından lehmələr axır.
Sənin vücudunda ağlın, ürəyin,
Sürüşüb düşübdü aşağı yurda.
Onları şəhvətə kölə edibsən,
Belə tapşırıbsan qoyunu qurda.
Bir nimdaş paltardır sevgi sözlərin,
Hər dönə birinə yaraşdırırsan.
Murdar yalanları, yazıq qızların -
İpək ruhlarına daraşdırırsan.
Bir qızı "sevirəm" deməkdən öncə,
Dəstəmazlı olsun könlün, gözlərin.
"Həyyi əla təmiz sevgi" söyləsin -
Yaraşıqlı, dadlı-duzlu sözlərin.
“Ədəbiyyat və incəsənət”
(26.03.2025)
“Roman aktual olaraq qalır və həmişə ayaqda qalmağa çalışır” – Türkiyənin tanınmış yazıçısı Ahmet Ümit. MÜSAHİBƏ
Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə təqdim etdiyi Türk dünyası mədəniyyət xadimlərini Azərbaycanda tanıdaq layihəsində bu gün sizlərə Türkiyənin məşhur detektiv yazıçısı Ahmet Ümit ilə müsahibə təqdim ediləcək. Müsahibəni aparanlar Təvfik Çakır və Esin Gənctürkdür. Təbii ki, bizim ölkədə də detektiv janrı çox sevilir. Türkiyə kimi çoxşaxəli oxucu auditoriyası arasında bu janrı sevdirməyə, görəsən, yazar necə nail olub?
Əlavə olaraq qeyd edək ki, Ahmet Ümit 1960-cı il təvəllüdlüdür, Qaziantepdə doğulub.
-Əvvəlcə bunu soruşmaq istəyirik, yazma fikri ağlınızda necə formalaşır?
-Əslində belə, yazmağa romanla başlamadım, şeir və hekayə yazaraq başladım. O vaxtlar ilham deyilən şey var ya, o gəlirdi. Gənc idim və ilham pərisi mənə cazibədar görünürdü, amma roman yazmağa başladığımda ilham gəlməz oldu. Romanda bir mövzu belə-bir şəkildə mənə çatır. Sis və Gecəni, ilk romanımı sizə danışım. Bir gənc qız intihar etdi. Mənim yaxınlığımda olan bir gənc qız... Bu qızın yaşlı bir sevgilisi olduğu barədə söhbətlər var idi. Bu hadisə məndə bir fikir yaratdı. Bu hadisəni MİT (Milli İstihbarat Təşkilatı –red.) daxilindəki hərbi-mülki münaqişə ilə birləşdirmək istədim, yəni iki hekayəni danışdım. İntihar edən qızı götürdüm, MİT daxilində artıq hisslərini itirmiş və həyəcanını tapmaq üçün o gənc qıza yönəlmiş bir agentlə birləşdirdim. Agent peşəkar ehtiraslarını itirmişdi. Agentlik və ya kəşfiyyatçılıq maraqlı bir peşədir. Ehtirasla edilən bir şeydir. Təbii ki, o ehtirasları hakimiyyət əldə etmə, güc əldə etmə ehtirasları kimi müzakirə edə bilərik. Amma agentlik ölümə qədər aparan saf bir ehtirasdır. Mənim kitabdakı agentim bu ehtirasları itirir. Peşəsində yadlaşma yaşayır, çünki hərbi kökənli MİTçilər onların müəyyən səbəblərlə rahat işləmələrinə icazə vermir. Bu hisslərlə bir gənc qızla qarşılaşır. Artıq həyatın ləzzətini itirdiyi üçün bütün yaşama arzusunu və məqsədini gənc qıza yükləyir. Beləcə bir aşk hekayəsi ilə MİT daxilindəki münaqişəni təhlil etdim. Anlada bilirəm? Romanda ilham həqiqətən çətindir. Yenə Bab-ı Esrar üçün Konyaya getdim, araşdırmalar etdim, orada bir müddət yaşadım. Sonra Mövlana ilə Şəms arasındakı münasibət haqqında oxumalar etdim. Şəmsin Mövlana oğlu tərəfindən öldürüldüyü məsələsi məni Bab-ı Esrarı yazmağa sövq etdi deyə bilərəm. Fərqli fikirlər gələ bilər. Qar İysini yazdım. Bu romanda danışdıqlarım artıq mənim yaşadığım hadisələr idi. Moskvada qaldım bir müddət. Yaşadığım hadisəni yazmalıyam və yazsam çox yaxşı olar dedim. Kukla, Susurluğu danışır. Daha çox yaşadığımız hadisələrin içindən seçirəm deyə bilərəm. Amma mənim bütün əsərlərimdə üstün çıxacaq şey ümumiyyətlə bu torpaqların mədəniyyətidir. Bəli, bu torpaqların mədəniyyəti roman yazmaq üçün çox yaxşı bir material təqdim edir mənə. Həmçinin yazar kimliyimin ötəsində bir insan olaraq çox həyəcanlandırır. Bir müddətdən sonra insan olaraq həddən artıq həyəcan duya bilmirik bəzi şeylərə. Mən bu mədəniyyətə çatmaq və yazmaq üçün araşdırıram, çox gəzirəm. Sadəcə yazaraq roman olmur məncə. Danışdığım bölgələrə gedirəm. Bunların hamısı zövq verən, öyrədən, həyatı rəngarənd edən, maraq oyadan təcrübələrdir. Romanlarım ümumiyyətlə belə ortaya çıxır. Sonra bir fikir gəldi deyək, intensiv bir oxuma dövrü başlayır. Bilmədiyim mövzular ola bilər. Mən Fətil və ya təsəvvüf mütəxəssisi deyiləm.
-Hələ Sultanı Öldürmək romanınızda mənbə göstərmisiniz.
-Bəli. Mənbə göstərməyimin səbəbi də budur: Əslində insanlar "Bu mənbə niyə?" deyə soruşurlar. Nəticədə bir roman oxuyurlar. Mən bu vəziyyəti heç yadırgamıram. Romanda mənbə olar ya olmaz deyək. Məncə olar. Çünki roman maraqlı bir janrdır. Yaşamaq və ayaqda qalmaq üçün hər şeyi alır. Yəni istəsəniz məktublarla bir roman yaza bilərsiniz. Roman daxilinə bir teatr pyesi qoya bilərsiniz. Bir şeir, bir esse, bir gündəlik hətta birja hesabatlarını belə romana qoya bilərsiniz. Romanın digər janrlara nisbətən daha çox rəğbət görməsinin və yaşamasının səbəbi də məncə budur. Digər janrlar yox olub demirəm və digər janrları da çox sevirəm, hətta bir dastan Ninattanın Biləzliyini yazdım. Amma roman aktual olaraq qalır və həmişə ayaqda qalmağa çalışır. Ona görə də bir mənbə göstərilə bilər. Mən burada heç bir mənfi tərəf görmürəm. Mənbə göstərməyimin bir səbəbi də yazdığım roman, daha doğrusu bu cür romanlar araşdırmaya əsaslandığı üçün insanlarda belə bir səhv anlayış ola bilər. Bab-ı Esrarı oxuyub təsəvvüfü öyrənəcəyəm, Sultanı Öldürməki oxuyub Fatehi öyrənəcəyəm, İstanbul Xatirəsini oxuyub İstanbulu biləcəyəm... Xeyr, qətiyyən belə bir şey yoxdur. Nəticədə bunların hamısı bir romandır. Mənim kitablarım maraq hissi oyadan kitablar olur; mən də bu vəziyyətdə "Marağınızı aradan qaldırmaq istəyirsinizsə, mənbədə göstərdiyim kitabları oxuyun." deyirəm.
-Əsərlərinizə baxdıqda roman, hekayə, şeir, dastan, nağıl kimi janrlar yazırsınız. Bu qədər janrı sınamağınızın səbəbi sizcə nədir? Hekayəçi, romançı və ya şair Ahmet Ümit kimi tanınmaq istəməzsiniz?
-Mən özümü romançı və ya şair Ahmet Ümit kimi təyin etmək istəmirəm. Mən yaşayıram və yazmaq həyatımın bir hissəsidir. Buna görə də bir fikir, düşüncə, hadisə mənə gəlir və bu ən yaxşı romanla ifadə edilə bilər deyirəm və ya şeirlə daha gözəl olar deyirəm. Hansı uyğundursa onu yazıram. Bəziləri polisiyə yazarı deyir, ola bilər. Heç incimirəm. Hani polisiyə üçün ikinci dərəcəli ədəbiyyat deyirlər və belə görürlər. Mənim belə bir narahatlığım olmadı. Mümkün olduğu qədər materialımı ən yaxşı formada təqdim etməyə çalışıram. Bunu edərkən də qabiliyyətim ölçüsündə, ağılım ölçüsündə ən yaxşısını etməyə çalışıram. Daha çox roman yazıram hətta romanı daha çox sevirəm. Amma bilinməz gələcəkdə yaşasam, yetmiş yaşımdan sonra tamamilə şeirə dönə bilərəm. Bilmirəm. Hər kəs şeir çətin deyir, mən də roman daha çətin deyirəm. Roman fövqəladə bir şeydir. Mənim yazdığım janr çox çətindir məsələn. Hər roman eyni zamanda bir tezis. Mən bu çətin şeyi edirəm və çox sevirəm. Qabiliyyətim, ağılım bu cür romanları yazmağa çatır amma son zamanlar çətinləşdiyimi də etiraf edim.
-Bəs, çətinləşməyinizin səbəbi nə ola bilər?
-Yaradıcılıq mı, yaşlılıq mı, bilmirəm. 52 yaşına çatdım. Unuduram, çox şeyi unuduram. Ya da çox çoxlu məlumat yükləndi. Məlumat gəldikcə arxadakıları silirəm. Ən yaxşı yazılacaq romanlar, sonra yazılacaq romanlardır deyərlər, amma mən həqiqətən bilmirəm.
-Daha çox polisiyə (detektiv –red.) yazarı kimi tanınırsınız. Romançı kimliyiniz ön plana çıxmır. Ahmet Ümit deyiləndə polisiyə ağla gəlir. Bu barədə nə düşünürsünüz?
-Bu zamanla olacaq bir şeydir. Yazarlar yaşayarkən çox dinamik olurlar. Bir də polisiyə deyə bir stereotip var, polisiyə yazmaq qabaqcadan qərəz var. Bir də çox satıram. İnanın bu tək başına bir nifrət səbəbidir. Tanınmaq bir nifrət mövzusudur. Bu nifrət hər kəsi sarıya bilər. Tənqidçiləri, digər yazarları, jurnalistləri. Buna görə də bir yazarın yaxşı ya pis olduğu və ya yazdıqlarının dəyərinin bilinməsi üçün ölməsi lazımdır. Bir yazarı ən yaxşı şəkildə təyin etmək üçün onun aradan çıxması lazımdır. Mən gedəndə məni sevən-sevməyən -ədəbiyyat mühiti də olmasa- bəziləri gəlib yazdıqlarımın dəyərini verəcəklər. Haqq edilən dəyər nədir? Onu mən də bilmirəm.
-Ümumiyyətlə akademiklərdən bir reaksiya gəlir. Tələbələrə bu və ya digər yazar durarkən polisiyəmi oxunur deyirlər.
-Yəqin ki, bir qabaqcadan qərəzdir. Bəlkə oxuyurlar da bəyənmirlər.
-Peyami Safa və Kamal Tahir kimi romançıların polisiyəni ikinci plana atmaları, hətta təxəllüslə polisiyə yazmalarının bir təsiri ola bilərmi?
-Əgər akademik yoldaşlar polisiyə romanını kiçildərək oxumayın deyirlərsə, o zaman böyük bir səhv içindədirlər. Roman deyilən şey subyektiv bir şeydir. Bəyənirsən, bəyənmirsən. Ona heç kim bir şey deyə bilməz. Ona görə də biri çıxıb "Mənim yazdıqlarımı necə anlamırsınız dar ağıllılar?" deməməli, deyə də bilməz. Ayıbdır. İnsanın bəyənməmək hüququ var. Amma məni bəyənməyən birinin məni bəyənən birini kiçiltməsi qədər absurd bir şey ola bilməz. Buna haqqı yoxdur. Dili pis, xarakter təhlilləri pis, quruluş fəlakət. Bunlar tənqidçilərin işidir. Bir tənqidçi kimi bunları təhlil edə bilərsiniz çox normal. Həm mən bu cür tənqiddən məmnun olaram. Amma polisiyəni kiçildərək yanaşırsınızsa orada bir problem var deməkdir. Bu yoldaşlar bir az geridə qalmış mənasına gəlir. İnkişafı fərq edə bilmirlər. Yazar ilə tənqidçi və ya ədəbiyyat tarixçisi arasındakı fərq budur: Yazar canlı bir şeylə məşğul olur və onu canlandırır. Olmayan bir şeyi canlandırır. Tənqidçi və ədəbiyyat tarixçiləri onun üzərində otopsiya edirlər. Yazar ilə oxucu arasında da baxış fərqi olacaq. Bir az əvvəl xanımefəndinin biri gəldi ya, İstanbul Xatirəsini çox bəyəndiyini dedi. Yəqin ki, o oxucu mənim yeni kitabımı oxuyanda bəyəndiyi İstanbul Xatirəsinə bənzər bir kitab gözləyəcək. Yəni yazar bu vəziyyətdən qaçmaq məcburiyyətindədir. Sənətdə vacib olan unikal olmaqdır. Sizdən əvvəl yazılmış bir şeyi özünüz də yazmış olsanız daha yaxşısını yazmaq məcburiyyətindəsiniz. Daha yaxşı yazmaq, yaxşı roman yazmaq deyil. Tamamilə fərqli bir şey yazmaqdır. Başqa bir yanaşma və ya təsirli bir şey qoya bilməkdir. Məsələ budur. Oxumaq lazımdır, əgər real bir tənqid varsa nəzərə almaq lazımdır. Mən öz halımdan məmnunam.
-Tanınma baxımından çox şanslısınız.
-Bəli, çox şanslıyam. Bir dəfə ümumi mənada mənim etdiyim işin nə olduğu çox aydındır. Həm ölkə daxilində, həm ölkə xaricində tanınıram. Bu da xoşbəxtlik verir. Dediyim kimi əsərlərin keyfiyyəti, nə qədər ədəbi olduğu tərəfi nisbidir. Mən belə yazıram, məhv oldum filan... Belə bir şey yoxdur. Əmin olun, tarix sizi silər atar. Kafka yaşayarkən heç kim onu vecinə almırdı. Tənqidçilərin heç biri onu düzgün tanımırdı. Amma indi Kafka ortadadır. Məncə vacib olan öləndən sonra nə olacağı. İndi sevdiyim və məni xoşbəxt edəcək əsərlər yazıram. Mənim üçün ədəbiyyat bir xoşbəxt olma vasitəsi və formasıdır. Yazdığım üçün bədbəxtəm demirəm. Amma bədbəxtliyimdən qurtulmanın tək çarəsi də ədəbiyyatdır deyə bilmərəm. Yalandır. Sait Faik "Yazmasaydım dəli olardım." deyir. Sait Faikə bu mövzuda inana bilərik. Lakin bir çox yazar üçün... Belə şey olmaz. Mən yazmasaydım çiçək yetişdirər, həyatın ləzzətini bir şəkildə çıxardardım. Bunu görürəm, insanlar çox bəyənirlər. Uşaqlarım oxuma vərdişini sizin kitablarınız sayəsində əldə etdi deyən bir çox valideyn gördüm. Yenə yaxşı oxucular gəlir, "Kitabınızı bəyəndim!" deyirlər. Bəzi estetikçilərimiz yazı yazırlar. Bütün bunlar məni son dərəcə xoşbəxt edir. Almaniyada bir professor tez yazdırır. Amma xalqdan məsələn bir qapıçının oxuması da fərqli bir duyğu oyadır məndə. Bəli, bir qapıçının və bir akademikin oxuması çox gözəldir. Yenə bir qeyd edim: Bu gün hamımız Oğuz Atay deyiləndə böyük, çox böyük yazar deyirik. Atay 70-80-ci illərə qədər yox idi. Olduğu mühit və ümumi qəbul anlayışı Atayı fərdi danışdığı üçün qəbul edə bilmədi. Hər kəs solçu idi və sosial realizm deyilən məsələ var idi. Onu indi daha yeni anlayırıq. Mənim üçün belə bir şey olacaq demirəm. İnsanlar istədiklərini düşünəcəklər, zaman buna qərar verəcək. İndi sevdiyim işi edirəm və qarşılığını alıram. Yolda gəzə bilmirəm. Təbii ki, bu əsəbləşdirici bir vəziyyətdir. Bəlkə məni sevməyənlər buna görə sevmirlər. Yazar paxıl olur, tənqidçi də paxıl olur. Bir də mən heç kəsi vecimə almıram, belə bir tərəfim də var. Hörmət edirəm amma. Sis və Gecə məncə ilk ədəbi polisiyə roman kimi görülə bilər. Fəthi Naci yaşayırdı o vaxt, haqqımda tənqid yazdı. Mən də onu bir hekayəmdə öldürdüm. Məni gördüyü yerdə "Qatilim!" deyirdi. Sonra çox yaxşı dost olduq. Yazmaq fikrində olan yoldaşlara qızıl bir tövsiyə verim. Həmişə inadkar olacaqsınız. Heç vaxt dəyərsiz sözlərə baxmayacaqsınız. Tarantinonun üslubunu götürsəniz, bayağı deyərsiniz. Amma o bu üslubla tamamilə fərqli bir şey ortaya çıxardı və insanları təsir edir. Frankenştayn bir qorxu romanıdır, fəlsəfə romanıdır? Məncə bir varlıq romanıdır. İnsanın texnologiya ilə olan hesablaşmasını danışır. İnsanın yaratma və tanrılaşma mübarizəsini danışır. Ona görə hər kəs bir şey deyəcəkdir və yaxşı ki deyirlər. Deməsələr daha pisdir.
-Çox məhsuldar bir yazarsınız, eyni zamanda cəmiyyətə oxuma zövqünü aşılayırsınız kitablarınızla. Ahmet Ümit sayəsində kitab oxumağa başladım deyən çox insan var. Özünüzlə ilk polisiyə yazarımız olaraq bildiyimiz Ahmet Mithat Əfəndi arasında bir müqayisə etdinizmi?
-Ahmet Mithat Əfəndi bir dəfə möhtəşəm bir intellektualdır. Gec qalmış Osmanlıya bir an əvvəl Qərbin bütün ədəbi janrlarını gətirməyə və tanıtmağa çalışan bir adam. Nə qədər kifayət etdiyi müzakirə edilə bilər. Məncə Ahmet Mithat Əfəndi şahane bir adamdır. Onunla müqayisə olunmağı şərəf sayaram. Aradan bu qədər zaman keçmiş və hələ də onu müzakirə edir, danışırıq. Çox əhəmiyyətli bir şeydir. Belə də düşünürəm. Bir çox yazar özü haqqında yanılır. Bunların başında Servantes gəlir. Servantes Don Kixotu yazarkən: "Allah lənət eləsin, mən bu macəra romanını niyə yazdım?" demişdir. "Şairəm mən, şeir yazmalıyam. Cəngavər hekayəsi nəyimə?" demişdir. Artur Konan Doyl, Şerlok Holmsin yaradıcısıdır və davamlı olaraq böyük romanlar yazma arzusu ilə yaşamışdır. Şerlok Holmsi öldürəndə xalq "Niyə öldürdün?" deyə üsyan edir və onu yenidən canlandırır. Ölüm hesabatı yayınlanmamışdır. Bütün bunlar ədəbiyyatın nə qədər nisbi olduğunu göstərir. Nəyin keyfiyyətli, nəyin həqiqi ədəbiyyat olduğu son dərəcə müzakirəli bir şeydir. Dövrün anlayışı bu baxımdan çox vacibdir. Ahmet Mithat Əfəndi də dövrün ədəbiyyat anlayışı daxilində təhlil edilməlidir. Bir yazarın etməli olduğu şey özü ilə yarışması və yazdığı bir əsərdən daha yaxşısını, daha çoxunu yazmağa çalışmasıdır. Bunu da özünə işgəncə vermədən, xoşbəxt olaraq etməlidir. Sıxaraq, çətinlik çəkərək yazılan mətnlər çətin oxunur. Mən yazarkən əylənirəmsə, siz də əylənirsiniz. Eyni zamanda hisslənirəm, ağlayıram, kədərlənirəm, qorxuram. Yaşadığım şeyləri bir-bir oxucularda görürəm. Ən yaxşısını etmək üçün dil üzərində çox çalışıram. Xarakterə əhəmiyyət verirəm. İntensiv bir zəhmət sərf edirəm.
-Ədəbiyyatın bir funksiyası olduğuna inanırsınızmı? Bu kontekstdə qətliam, zorakılıq, qorxu kimi vəziyyətləri danışan polisiyə janrının nə funksiyası ola bilər?
-Ədəbiyyatın bir funksiyası olduğuna inanıram. Bu funksiya əslində fəlsəfənin funksiyaları ilə eynidir. Fəlsəfə nə edir, nəyi öyrədir? Biz niyə fəlsəfə öyrənməliyik. Fəlsəfə sadəcə anlayışlar yaratmır. Fəlsəfə özümüzlə insanlıq arasında, özümüzlə digər varlıqlar arasında əlaqə qurmağımızı, özümüzlə cəmiyyət və tarix arasındakı münasibəti anlamamızı təmin edir. Ədəbiyyat da bunu edir. Lakin fəlsəfə kimi sıxmır. Çox gözəl bir hekayə danışa bilərsiniz, insanları əyləndirə bilərsiniz. Gözəl bir şeirlə xoş vaxt keçirər və ruhunuzu rahatladarsınız. Yaxşı və pis üzərində düşünürsünüz, bir çox şey öyrənirsiniz. Ədəbiyyatın belə bənzərsiz bir faydası var. Qətliam, zorakılıq kimi mövzulara gəlsək, mən bunların nə qədər səhv bir davranış olduğunu danışıram. Öldürmənin həll olmadığını və özbaşına bir bədbəxtlik olduğunu göstərirəm. Roman bu mənada çox şey qatabilər. Təşviq edirmi? Mən təşviq etməməyə diqqət edirəm. Yəni insanları zorakılığa, öldürməyə sövq edən bir vəziyyət romanlarımda yoxdur. Mənim romanlarımda insanlar intensiv bir mərhəmət və şəfqət içindədirlər.
-Xüsusilə son dövrlərdə keçmiş tarixə yönələn romanlar yazılır. Bəlkə bu vəziyyət mövzu çətinliyi çəkilməsindənmidir?
-Türkiyədə tarix çox danışılmadı. Bir dəfə bunu görmək lazımdır. Osmanlının danışılması lazımdır. Çünki babam Osmanlı vətəndaşı olaraq doğuldu və Cümhuriyyət vətəndaşı olaraq öldü. Mənim genlərimdə və davranış formalarımda əlbəttə Osmanlı mədəniyyəti olacaq. Biz babalarımızı bilməsək nə olacaq? Hamımız nəticədə 1923-cü ildə doğulmadıq. Mən ümumiyyətlə romanlarımı tarixi roman kimi yazmıram. Bu gün və keçmiş arasında bir əlaqə qurmağa çalışıram. Çox dərin materialımız var. Problem dərinlik yaratmaq və bəzən bu dərinliyi tutub tarixi həqiqətləri ilə danışmaq. Nəticədə insanı, insan və onun ruhunun tarix içində necə dəyişdiyini danışırıq. Bir də yazılan tarixi roman tutduqca davamı gəlir. Təbii ki, yazar buna uyğunlaşa bilər. Belə bir problemli vəziyyət olacaq. Almaniyada yazdığım Patasana romanını nəşr edəcəkdilər. Nəşr edəcək nəşriyyat da böyük bir nəşriyyat idi. Amma məndən bundan sonra Patasananın davamı ola biləcək bir seriya istədilər. Eyni komanda Efesə getsin, Nemruda getsin, qazı etsin kimi istəklər. Nəticədə nəşriyyatlar mədəni xidmət etdikləri qədər iqtisadi maraqlarını da düşünəcəklər. Nəhayət ki, kommersiya qurumları. İndi əgər tarixi roman satırsa, davamını istəyərlər və görürük ki, tutur və davamı da gəlir. Bu vəziyyətdə yazar "xeyr" deməsini bilməlidir. "Pul üçün deyil, zövq üçün yazıram." deməlidir. Beyoğlunun Ən Gözəl Ağası...
-Siz çox yazan bir yazıçısınız. Sizcə bu təhlükəli bir vəziyyət deyilmi? Axı hər zaman yaxşı əsərlər verməniz gözləniləcək. Sizin ən sevdiyiniz və bəyəndiyiniz dediyiniz bir əsəriniz varmı?
-Mən iki ildən bir roman yazıram. Bir il araşdırma, bir il yazı prosesi... Əgər tarixi bir mövzu işləməyəcəyəmsə, daha qısa müddətə başa gələ bilər. Məsələn, sizin dediyiniz payızda çıxacaq romanımda Beyoğlunu təsvir etdiyim üçün rahatam. Çünki daha əvvəl "Beyoğlu Rapsodiyası"nı yazmışam və bu yerləri çox yaxşı tanıyıram. Bunu da vurğulamaq istəyirəm: əgər yazdığım roman içimə yatmırsa və kifayət qədər yaxşı görmürəmsə, onu nəşr etdirmirəm. Romanın gözəl olması üçün müəyyən bir müddət gözləmək lazımdır deyə bir qayda olduğuna inanmıram. Mənim "ən bəyəndiyim" bir əsərim yoxdur. Amma çox sevdiyim və məni duyğulandıran kitabım "Nağıl nağıl içində"dir. Çünki bu, anamın danışdığı nağıllardır. Mən bu nağılları yenidən yazdım və redaktə etdim. Ən yaxşı romanımı isə tənqidçilər deyəcək.
-Filmi çəkilən əsərləriniz var. Bu filmlər kitablarınıza olan marağı azaltmırmı?
-Belə bir şey olacağını düşünmürəm. Əksinə, kitablarıma olan maraq artacaq. Türkiyədə, hətta dünyada belə bir yanaşma var: "Bir kitabı dəyərli edən şeylər nələrdir?" deyə soruşduğunuzda bəzi meyarlar var. Mükafat alıbmı, xarici dilə tərcümə olunubmu və filmi çəkilibmi? Xalqın gözündə kitabın filmə çəkilməsi böyük bir şeydir. Filmə çəkilibsə, deməli, yaxşı kitabdır deyilir. Bir də oxucu sayı çox artır. "Sis və Gece" 2007-ci ildə filmə çəkildi. Mən bu kitabı 1996-cı ildə yazmışdım. On bir il keçmişdi, amma filmə çəkildiyi il çox satıldı. Yenə "Bir Ses Böler Geceyi" çox tanınan bir kitabım deyildi. Filmə çəkilincə tanınırlığı və satışı artdı. Filmin iki faydası var. Həm kitabın tanınırlığı artır, həm də başqa bir sənət sahəsini, kinonu dəstəkləmiş olursunuz. Axı bu, mənim filmim deyil. "Sis və Gece" Turgut Yasaların, "Bir Ses Böler Geceyi" isə Ersan Arseverin filmidir. Onlar mənim əsərlərimdən təsirlənib film çəkiblər. İnsanlar bəyənməyə bilər, bu məni maraqlandırmır. Axı oxucu kitabdan aldığı zövqü heç vaxt filmdən almaz. İki sahənin də fərqli funksiyaları və ləzzətləri var. Yenə də bir qisim insan "Pis deyil" deyib kitabı alıb oxuyur. Onsuz da mənim bir kitabımı oxumağa başlayan biri ardını da oxuyacaq.
-Çox gözəl bir söhbət oldu, təşəkkür edirik.
-Mən çox təşəkkür edirəm.
“Ədəbiyyat və incəsənət”
(26.03.2025)
Rəsm qalereyası: Con Uilyam Uoterhaus, “Narıncı məhsul”
Rəsm qalereyası: Con Uilyam Uoterhaus, “Narıncı məhsul”
Flamand rəssamı Con Uilyam Uoterhausun (John William Waterhouse) (1849-1917) “Narıncı məhsul” ("Orange Harvest") rəsmi təqribən ötən əsrin ilk ilində çəkilmişdir. Kətan və yağlı boya.
Bir badə içki – POETİK LÖVHƏ
İlkin Vəliyev, “Ədəbiyyat və incəsənət”
Ramazan ayıdır. Bir çoxları oruc tuturlar, bir çoxları isə əvvəlki qaydada yeyib-içməkdə, şərab hasil etməkdədirlər. Bəziləri isə lap qəribədirlər. İl uzunu içki içirlər, Ramazan ayında isə oruc tuturlar.
Bu şeir spirtli içki içən şəxsin dilindən qələmə alıb. O, günahlarını etiraf edir, özünüə bəraət də qazandırmaq istəyir.
Hərdən tuş gəlsəm də, el qınağına
Mən öz əməlimdə peşman deyiləm.
Belə yolda çaşıb, düşsəm qırğına,
And ola Allaha insan deyiləm.
İçkidən təsəlli tapdığım üçün,
Ömründə bir dəfə qınama məni.
Özümü odlara atdığım üçün,
Heç vaxt yoxluğunla sınama məni.
Kor pəncərə baxır, mənə o yandan
Yalnız buraxarmı Tanrı bəndəsin?
Əllərin həyatdan üzdüyü zaman,
İnsan qaldırarmış ən son badəsin.
Bir başqası kimi hallanar adın,
Onda bütün səhvlər şərab olarmış.
Bir badə içkiyə dəyməyən qadın,
Ömrün boyu sənə əzab olarmış!
Nə qədər cəbhəsi varmış kədərin,
İnsan bu cəbhəyə əsgər gedirmiş.
İnsanların verə bilmədiklərin,
Bəlkə də bir badə içki verirmiş...
“Ədəbiyyat və incəsənət”
(26.03.2025)
Əlahəzrət faktlara istinadən... – HÜSEYNBALA MİRƏLƏMOVDAN İTTİHAMLARA CAVAB
“Ədəbiyyat və incəsənət” portalı tanınmış yazıçı, dramaturq, publisit Hüseynbala Mirələmovun “Əlahəzrət faktlara istinadən...” adlı məqaləsini təqdim edir.
Bu yazı Azərbaycanda uğurlu yaradıcı insanlara qarşı zaman-zaman həyata keçirilən gözügötürməzlik mərəzindən bəhs edir.
“...Təqribən 15 il bundan qabaq "Azərbaycan" qəzetinin şöbə müdiri, görkəmli jurnalist, Əməkdar jurnalist Flora Xəlilzadə zəng vurub mənimlə görüşmək istədiyini bildirdi. Görüşümüzdə Flora xanımın ilk cümləsi indiki kimi yadımdadır: "Hüseynbala müəllim, dünən bizim başımıza nə oyun açmısınız?" Təəccübləndim. Flora Xəlilzadə sözünə davam elədi: “Dünən televiziyada sizin ssenari müəllifi olduğunuz “Tənha durna uçuşu” filminiz nümayiş olundu, bir otaqda mən filmə baxıb ağlayırdım, digər otaqda oğlum. Gəldim ki, sizi bu uğurlu ssenariyə və Ələkbər Kazımovskinin rejissor işinə görə ürəkdən təbrik edim, həm də bir məsələni diqqətinizə çatdırım. Mənə bir gün əvvəl yüksək ranqlı tanınmış bir məmur zəng vurub dedi ki, “televiziyada Hüseynbala Mirələmovun ssenari müəllif olduğu film nümayiş etdirəcəklər, istəyirəm ki, baxıb filmi darmadağın edəsən”. Əlbəttə ki, o məmurun sözünə görə yox, sırf maraqdan filmə baxdım və əslində o gözəl film bizi sözün müsbət mənasında "darmadağın" elədi..."
Flora xanım söz verdiyi kimi, yaradıcılığımı "darmadağın etmək" arzusunda olan o "vəzifəli"nin adını açıqlamadı, ancaq düşünürəm ki, o məmur nə qədər yüksək "vəzifə"də imiş ki, özündə "Azərbaycan" qəzetinin şöbə müdirinə göstəriş vermək cəsarətini tapıbmış?..
Əslində heç o insanın adını öyrənməyə marağım da olmadı, zaman-zaman müşahidə edirəm ki, paxıl, xain, başqasının uğurlarını gözü götürməyən adamların adı olmur, sadəcə kinləri və murdar xıltları olur. Bu xarakter məsələsidir, vəzifə ilə əlaqəli deyil, bunlardan vəzifədə olanlar da var, olmayanlar da... Belə adamlarla bağlı Məhəmməd Peyğəmbərin belə bir kəlamı var: “İnsanın ən fənası birinə bir üz, başqasına başqa bir üz göstərən ikiüzlü adamdır”.
Bu misalı ona görə gətirdim ki, insanların ədalətdən uzaq münasibətləri artıq çoxdandır məni təəccübləndirmir. "Tənha durna uçuşu" hekayəsini gənclik illərimdə qələmə almışam. Məktəb illərinin dostlarına ithaf etmişəm. İlk gənclik həyəcanları və sevgi haqqında səmimi bir hekayədir. Bunlar hamımızın gənclik illərində yaşadığımız hisslərdir və burada qeyri-adi heç nə yoxdur. Flora xanımın da böyük təəssüratlarla haqqında bəhs etdiyi həmin filmdən sonra mənə yüzlərlə məktub gəlmişdi. Hətta yaşlı insanlar belə mənə yazırdılar ki, “sən bizim həyatımızı necə bilmisən, necə bu qədər dəqiqliklə qələmə almısan?” Yəni, demək istəyirəm ki, hansısa məmurun "darmadağın" elətdirmək istədiyi və Ötkəm İsgəndərov, Həmidə Ömərova, Əminə Yusifqızı, Səidə Quliyeva, Azad Şükürov, Mətanət Atakişiyeva, Məsmə Aslanqızı, Rafiq İbrahimov, Əjdər Həmidov, Abbas Qəhrəmanov kimi tanınmış aktyorların rol aldığı həmin film geniş tamaşaçı kütləsi tərəfindən də rəğbətlə qarşılanmışdı...
Bu müqəddiməni yazmağım təsadüfi deyil. Bir neçə gün əvvəl sosial şəbəkədəki səhifəmdə maraqlı şair, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin vaxtilə yaradıcılığım haqqında yazdığı "Hüseynbala Mirələmovun ədəbi həqiqətləri" kitabından bir hissə paylaşmışdım. Niyəsə bu məlumat bəzi jurnalistləri qıcıqlandırıb. Bundan sonra bəzi saytlar və internet televiziyaları Qəşəm Nəcəfzadəni mütəmadi olaraq dəvət edib haqqımda eyni sualları verməkdən yorulmurlar. O sualları verən gənc jurnalistlərə böyük hörmətim var, gənclər bizim gələcəyimizdir, sualları ilə bağlı da heç bir iradım yoxdur, ancaq səsləndirdikləri ittihamlara səmimi şəkildə, həm də onların bəzilərindən fərqli olaraq gerçək faktlara əsaslanaraq cavab vermək qərarına gəldim.
"Yeni Müsavat"ın internet televiziyasında şair Qəşəm Nəcəfzadəyə sual verən gənc jurnalist iddia edir ki, Hüseynbala Mirələmov yazarlara və rejissorlara təzyiq edib haqqında kitab yazdırır(mış), əsərlərini teatrlarda tamaşaya qoydurur(muş). Bu müqəddimə ilə başlamaq səbəbim odur ki, ədəbi-bədii yaradıcılığımı hədəf alıb ən müxtəlif şəkildə, ən müxtəlif mənbələrdən, ən müxtəlif səviyyələrdə hücuma məruz qoyanların kininə, şübhə ilə yanaşmalarına çoxdan öyrəncəliyəm və bundan zərrə qədər də narahatlıq keçirmirəm. “Bar verən ağacı daşlayarlar”,- deyib atalarımız... Amma ağacı daşlamağın da təhər-töhrü var axı. Çünki böyük ağaclar bir gündə yetişmir və onların təkcə barı yox, bəzən sadəcə kölgəsi də lazımlı olur... Ona görə bir az əvvəldən başlayaq.
1961-ci ildən etibarən dövri-mətbuatda bədii əsərlərim çap olunur. İlk hekayəm - "Bir tikə çörək" 1961-ci il, noyabrın yeddisində həmin vaxt Mərkəzi Komitənin mətbu orqanı olan "Leninçi" qəzetində işıq üzü görüb. Həmin vaxt mən Lənkəranda 2 nömrəli orta məktəbin 7-ci sinfində təhsil alırdım. O dönəmdə "Leninçi"nin redaktoru görkəmli jurnalist Tofiq Həsənov idi. Ondan əvvəl isə hələ 4-cü sinifdə oxuyanda "Azərbaycan pioneri" qəzetində də oçerk və məqalələrim dərc edilirdi.
Mən 1965-ci ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olmuşam. Sonralar İnstitutun "Politexnik" qəzetində mənimlə eyni ildə həmin ali məktəbə qəbul olan Xalq şairi Vahid Əziz, nasir Dilsuzla birgə hər üçümüzün əsərləri çap olunurdu. O qəzeti demək olar ki, biz buraxırdıq. İnstituta qəbul olunduqdan sonra "Azərbaycan pioneri" qəzetinin redaksiyasına gedib uşaqlıqdan bəri əməkdaşlıq etdiyim kollektivlə görüşdüm, əyani tanış oldum. O qəzet mənə çox doğma idi. Həmin vaxt qəzetin baş redaktoru görkəmli journalist, maraqlı yazıçı Əmrah Əmrahov idi. Əmrah müəllimlə görüşəndə bütün kollektivi topladı və məni qəzetdə işləməyə dəvət etdi. Dedim ki, gündüz oxuyuram. Cavab verdi ki, eybi yoxdur, günortadan sonra işləyərsən. Beləliklə, günün ikinci yarısında ədəbiyyat şöbəsində baş ədəbi işçi vəzifəsi mənə tapşırıldı. Bir müddət sonra isə görkəmli şair və nasir Vaqif Nəsib başqa işə keçdiyinə görə "Azərbaycan pioneri" qəzetinin ədəbiyyat şöbəsinə rəhbərlik bütünlüklə mənə həvalə edildi. Ondan sonra düz 5 il orada Cəmil Əlibəyli, Davud Abdulkərimov, Şahin Quliyev, Zeynal Babayev, Əmrah Əmrahov, Əmir Mustafayev, Svetlana Nəcəfova, Məmməd Əkbərov, Hafiz Hüseynov, Valeh Səfərov, Nəriman Süleymanov, Vaqif Hüseynov, Asif Quliyev kimi Azərbaycan jurnalistikası tarixində imzasını təsdiqləmiş görkəmli jurnalistlərlə çiyin-çiyinə əməkdaşlıq etmişəm. İşə gedərkən eyni mərtəbədə hər gün korifey jurnalist Nəsir İmanquliyevlə üz-üzə gəlirdik, işlə bağlı bilmədiyim məsələləri bəzən də ondan soruşub öyrənirdim. Əvvəlki nəsil bu görkəmli jurnalistlərimizi yaxşı xatırlayır, onların hər biri klassik jurnalistikamızın sayılıb-seçilən isimlərindən idilər. Onlardan dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm, həyatda olanlara cansağlığı arzulayıram, onlar bu yazımı oxusalar fikirlərimi təsdiqləyə bilərlər. 1965-70-ci illər ərzində "Azərbaycan pioneri"nin ədəbiyyat şöbəsinin işini mən apardım. Buna qədər isə rayondan bu qəzetə yazılar göndərirdim və dərc edilirdi. Maraqlananlar M. F. Axundov adına Milli Kitabxanaya müraciət edib dəqiqləşdirə bilərlər. 1961-ci ildən başlayaraq 24 yanvar, 26 mart, 7 aprel, 7 iyul, 27 oktyabr və sair zaman ardıcıllığı ilə qəzetin arxivinə göz yetirə bilərlər. Bildiyimə görə, Milli Kitabxananın qapıları gecə saatlarına qədər oxucuların üzünə açıqdır.
"Azərbaycan pioneri"nin ədəbi şöbəsində çalışdığım vaxt görkəmli yazıçıların, şairlərin hekayələrini, poemalarını böyük məmnuniyyətlıə redaktə edirdim, çapa göndəriş yazırdım. Orada əsərləri işıq üzü görən müəlliflər arasında sonradan tanınmış yazıçı və şairlər də yetişdi. O müəlliflərin hamısı da mənim işimdən razı qalırdılar. O vaxtkı Azərbaycan Dövlət Univeristetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsinin tələbələri "Azərbaycan pioneri" qəzetinə təcrübəyə gələndə onlardan bir neçəsini rəhbərlik bizim şöbəyə yönəldirdi. Mən onların çoxuna xəbər yazmağı öyrətmişəm. Sonra o tələbələrin böyük əksəriyyəti tanınmış qəzet və jurnallarda öz imzaları ilə tanınan jurnalistlər kimi yetişiblər.
Bu yaxınlarda "Ənvər Paşa" kitabımın təqdimatında mənim özüm üçün də sürpriz olan bir məlumatı eşitdim. Təqdimat mərasimində çıxış edən keçmiş Mətbuat Şurasının sədri və indi “Xalq” qəzetinin baş redaktoru işləyən, dəyərli ziyalı Əflatun Amaşov 7-ci sinifdə oxuyarkən yazdığı ilk şeirlərini mənim redaktə etdiyimi və onun ilk redaktoru olduğumu qürur hissi ilə dilə gətirdi: "Yazıçı Hüseynbala Mirələmov mənim ilk redaktorum olub. Yeddinci sinifdə oxuyanda yazdığım şeirləri "Azərbaycan pioneri" qəzetinə yollamışdım, şeirlərim o vaxt həmin qəzetdə çalışan Hüseynbala müəllimin redaktorluğu ilə dərc edilmişdi..." (Əflatun Amaşovun və digərlərinin yaradıcılığım haqqında ətraflı fikirləri ilə tanış olmaq istəyənlər isə "525-ci qəzet"in 16 fevral 2022-ci il tarixli sayına nəzər sala bilərlər. https://525.az/news/186508-huseynbala-mirelemovun-enver-pasa-romani-teqdim-olundu).
Əlbəttə, bu kimi faktlar onlarla, yüzlərlə olduğu üçün hamısını xatırladaraq buraya yazmağa lüzum görmürəm.
Bunları yazmaqda əsas məqsədim odur ki, keçmişə nəzər salmadan, əlahəzrət faktları bilmədən bəziləri təxəyyül gücü ilə ittihamlar səsləndirir, Hüseynbala Mirələmov ədəbiyyata sanki bu yaxınlarda gəlibmiş kimi təəssürat yaratmağa çalışanlar necə deyərlər, “üstümüzü unlu görüb adımızı dəyirmançı” çağırmaqda israr edirlər. Nə olsun ki, mən ixtisasca mühəndisəm, öz sahəm üzrə - qaz təsərrüfatı sahəsində ən yuxarı vəzifələrdə çalışmışam? Bu mənim günahımdır? İnstitutu bitirəndən sonra hərbi xidmətə getdim və qayıdandan sonra qəzetdə deyil, öz ixtisasım üzrə qaz təsərrüfatı sahəsində işləməyə başladım. Yoxsa belə bir qanun varmı ki, istehsalatda çalışanlar, texniki sahənin biliciləri bədii yaradıcılıqla məşğul ola bilməz?! Axı təkcə Azərbaycdan ədəbiyyatında yox, dünya ədəbiyyatında da istehsalatdan, texnikadan, səhiyyədən və başqa sahələrdən gələn yazıçılar çoxdur. Elə mənim yaxşı tanıdığım, təmasda olduğum, dostluq etdiyim dünya şöhrətli yazıçı Çingiz Aytmatov ilk işinə zootexnik kimi başlayıb və sonra ədəbiyyata gəlib.
Qəşəm Nəcəfzadə ilə internet televiziyasında müsahibə aparan gənc jurnalistin iddiasına görə, mən yaradıcılığım haqqında kitabların yazılması üçün, əsərlərimin tamaşaya qoyulması üçün təzyiq göstərirmişəm(!). Mən niyə və hansı şəkildə insanlara təzyiq göstərə bilərdim, bu nə cür düşüncə tərzidir? Mənim hansı təzyiq rıçaqlarım vardı ki, haqqımda yazmaları üçün yazıçılara, şairlərə, rejissorlara təzyiqlər edim? Onlara təzyiq edib neyləyəcəkdim ki, evlərinin qaz təchizatını kəsəcəkdim, yoxsa evlərinə qaz çəkiləndə maneçilik yaradacaqdım?! Bu nə gülünc, bəsit bir fikirdir?
Yeri gəlmişkən, yeni faktlar axtaran gənc jurnalistlərimizə onu da bildirim ki, ədəbi yaradıcılığım haqqında yazan təkcə Qəşəm Nəcəfzadə deyil. Əsərlərim haqqında mərhum akademik Bəkir Nəbiyev xeyli məqalə və resenziya yazıb. Akademik Nizami Cəfərov "Hüseynbala Mirələmovun yaradıcılığı və ya ədəbi-tərcümeyi halı", professor İslam Qəribli "Hüseynbala Mirələmov: tarix və müasirlik", professor Nizaməddin Şəmsizadə "Yazıçı ömrünə uvertüra", tanınmış ədəbiyyatşünas alim Vaqif Yusifli "Həyatın ritmi", Raqub Kərimov və Eyvaz Eminalıyev "Hüseynbala Mirələmovun yaradıcılıq yolu", Minaxanım Nuriyeva - Təkəli "Sənət kəşfləri. Yaradıcılıq səadəti", Elçin Kamal və Fariz Çobanoğlu "Obrazlar aləmində", Vəkil Hacılı "Gəlinlik paltarı işığında", Əli Rza Xələfli "Əbədi həyat arzusu", Sarvan Şamiloğlu və Surxay Əlibəyli "Hüseynbala Mirələmov yaradıcılığında Qarabağ ağrıları", Bəradər Səməndərli və Aygün Hüseynova "Mirələmovun "qırxıncı otağı" adlı sanballı kitablar qələmə alıblar. Yeri düşmüşkən xatırladım, 1986-cı ildə nəşr edilən "Tənha durna uçuşu" adlı ilk kitabımın ön söz müəllifi Xalq yazıçısı Elçindir, bu yaxınlarda işıq üzü görən "Şərəfsizlik tarixi" yaxud Vernadski prospektində" kitabıma ön sözü isə Yazıçılar Birliyinin sədri, hörmətli Xalq yazıçımız Anar yazıb. Bundan başqa Xalq şairləri Bəxtiyar Vahabzadə, Qabil, eləcə də görkəmli ədəbiyyatşünas alim İsa Həbibbəyli, tanınmış yazarlar Əbülfət Mədətoğlu, Əli Mahmud, Aydın Xan, Gülarə Munis, Xuraman, Firudin Tərtəroğlu, Nəcibə İlkin və indi adını xatırlamadığım neçə-neçə dəyərli sənətkarlar əsərlərim haqqında dövri mətbuatda çox gözəl yazılar, məqalələr və resenziyalarla çıxış ediblər. Ədəbiyyatşünas alim Xatirə Əliyeva "Hüseynbala Mirələmovun yaradıcılıq yolu" mövzusunda dissertasiya müdafiə edib. Bu yaxınlarda daha bir gənc alimin yaradıcılığım mövzusunda yazacağı dissertasiya işinin mövzusu təsdiqlənib. İndi o gənc jurnalistin sözünə əsaslansaq, belə çıxır ki, bu qədər yaradıcı insana əsərlərim haqqında yazılar yazmaq üçün təzyiq göstərmişəm?!
Hələ institutun ikinci kursda oxuyarkən - 1967-ci ildə "Ulduz"un, səhv etmirəmsə, 8-ci sayında "İzlər" hekayəm işıq üzü görmüşdü. Onda "Ulduz" jurnalı yeni nəşrə başlamışdı. Həmin vaxt jurnalın ədəbiyyat şöbəsinin müdiri görkəmli şairimiz mərhum Məmməd Araz idi. Hekayəni də o çap eləmişdi. Onda guya "haqqımda yazmaq, əsərlərimi nəşr etmək üçün insanlara təzyiq göstərdiyim" iddiasını irəli sürən jurnalistlərin nəinki özləri, heç valideynləri də anadan olmamışdı...
Tanıyanlar bilir, rəhmətlik Xalq şairi Qabil həm çox səmimi, həm də obyektiv bir insan idi. Ürəyindən gəlməyən heç bir sözü söyləməzdi. Bir dəfə telefon söhbətimizdə mənə demişdi: "Sən bilirsən də mən bu gün heç kəsi oxumuram. Əlbəttə, mən sənə minnət qoymaq istəmirəm, ancaq sənin "Gəlinlik paltarı" romanını həm özüm, həm də ailə üzvlərim oxuyur. Amma sənə bir iradım var. Sən o gün Azərbaycan televiziyasında çıxış edirdin, orda qeyd etdin ki, mən mühəndisəm, istehsalatçıyam, ədəbiyyat mənim hobbimdir. Mən isə sənə əminliklə etiraz edib deyirəm ki, sən gözəl yazıçısan, əsas işin də ədəbiyyatdır, əslində mühəndislik, istehsalat sənin hobbindir". Allah ona qəni-qəni rəhmət eləsin, "Dağlarda atılan güllə" romanım haqqında da müəllifi olduğu "Qeyrət a vətəndaşlar" yazısında dəyərli fikirlərini qeyd edib.
Dünya şöhrətli dahi yazıçı Çingiz Aytmatov "Xəcalət" əsərimi oxuyub bəyəndiyini dəfələrlə dilə gətirmişdi. Səmimi dostluq telləri ilə bağlandığımız Cingiz Aytmatovun yaradıcılığım haqqında söylədiyi fikirlər həmişə stimul qaynağım olub. Dahi yazıçı “Dağlar düşəndə” romanının əlyazmasını da şəxsi avtoqrafı ilə mənə bağışlamışdı. Dünya şöhrətli Çingiz Aytmatovun şəxsi avtoqrafı ilə aldığım həmin əlyazması, indiyə qədər aldığım ən dəyərli hədiyyələrdəndir...
Sadəcə bilmək maraqlıdır, görəsən yerli-yersiz ittihamlar səsləndirən sözügedən gənc jurnalist Azdramada hansısa bir tamaşamı izləyibmi? Yaxud ümumiyyətlə, teatr repertuarlarına vaxtaşırı nəzər salırmı? Əvvəllər yazdığım onlarla əsərimi heç demirəm, heç olmasa, son 4-5 il ərzində qələmə aldığım "İki şah, iki sultan" trilogiyasından "Süqut", "Bənövşəyi əncir", "Çaldıran yolu" romanlarımı, "Son səfər" povestimi, "Şərəfsizlik tarixi" yaxud Vernadski prospektində" sənədli prozamı, “Ənvər Paşa” tarixi romanımı heç vərəqləyibmi ki, yaradıcılığım haqqında belə fikir yürüdür? Teatrlara azca da olsa diqqət yetirsəydi bilərdi ki, mənim yazdığım pyeslər əsasında hazırlanan- “Xəcalət”, “Vəsiyyət” tamaşaları illərlə Azərbaycan Dövlət Milli Akademik Dram Teatrının səhnəsində anşlaqla oynanılıb. Eləcə də başqa pyeslərim Dövlət Gənclər Teatrının, Şuşa Dövlət Musiqili-Dram Teatrının, İrəvan, Gəncə, Lənkəran Dövlət Dram Teatrlarının səhnələrində anşlaqla oynanılıb. Hansısa rejissora necə təzyiq göstərmək olar, hətta rejissor bir kənara, tamaşaçılara təzyiq göstərib onları zala yığmaq olarmı? Bu tamaşalar da, ssenarilərim əsasında çəkilən televiziya filmləri də böyük tamaşaçı rəğbəti qazanıb. “Xəcalət”də baş rolun ifaçısı olan Xalq artisti Nurəddin Mehdixanlı televiziyada çıxışında dəfələrlə deyib ki, “Xəcalət” tamaşası dünyanın 4 ali festivalında “Qran-pri” mükafatına layiq görülüb”. Belə çıxır ki, həmin jurnalistin düşüncəsilə yəqin festival jürilərinə də mən təzyiq eləmişəm...
Jurnalist olmaq səsinə güc verib pafosla danışmaq deyil. Jurnalistliyin başlıca prinsiplərindən biri soyuq faktlara əsaslanıb fikir yürütməkdir. İxtisasca jurnalist olmasam da yuxarıda adını çəkdiyim görkəmli jurnalistlərin məktəbini keçmişəm, yəni hələ gənclikdən onlardan bu sənətin bütün sirlərini öyrənmişəm.
Əlbəttə, jurnalistikamızda olan gənc mütəxəssislərin gələcəyinə böyük ümidlərim var, onların öz peşəkar sələflərinin yolunu layiqincə davam etdirəcəklərinə inanıram. Çünki Azərbaycan jurnalistikası sanballı təməl üzərində bünövrə tutmuş hörmət-izzətli bir fəaliyyət sahəsidir. Bu sanbalı və izzəti qorumaq isə gənc jurnalistlərin həm vəzifə, həm də vətəndaş borcudur.
Hər gün televiziya kanallarında Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin məlumatları verilir: ölkədə külli-miqdarda narkotik maddənin ələ keçirilib məhv edilməsi, bunun alveri ilə məşğul olan cinayətkarların zərərsizləşdirilməsi ilə bağlı xəbərlər cəmiyyətə açıqlanır. Gənc jurnalistlərə tövsiyə edirəm ki, bu qədər narkotik maddənin Azərbaycana nə üçün, hansı yollarla gəldiyini araşdırsınlar, gənclərin həyatını məhv edən narkomaniyanın azaldılması istiqamətində maarifləndirmə işləri ilə məşğul olsunlar, bununla bağlı mətbuatda mütəmadi yazılarla çıxış edib dövlətimizə, xalqımıza bu şəkildə xeyir versinlər. Kiminsə şəxsi həyatı ilə bağlı, yaxud heç bir ictimai yükü olmayan məlumatlarla süni sensasiyalar yaratmaqdansa, bədxah qüvvələrin gəncliyimizi narkomaniyaya sürükləməsinin qarşısını almaq üçün bu problemi işıqlandırsınlar və mümkün həll yollarını təklif etsinlər.
Azərbaycanı düşündürən ümummilli problemlərdən, bəşəri məsələlərdən, gənclərin niyə təhsildən uzaqlaşıb zərərli vərdişlərə qurşanmasından yazsınlar. Hamımızı narahat edən əsl problemlər bunlardır. Yoxsa, saytlarda, internet televiziyalarında süni reytinq naminə, İP sayını artırmaq üçün "Mirələmov hardasa asqırdı, yaxud filankəsov hardasa öskürdü" tipli xəbərlərlə jurnalistika olmur. Mirələmovun hansısa məclisdə öskürməsinin heç kimə nə dəxli, nə də faydası var. Bəzi jurnalistlər nöqsanlardan yazmaq, müəyyən maarifləndirmə işləri aparmaqdansa, ayrı-ayrı adamların şəxsi həyatına giriblər və ordan çıxmaq istəmirlər... Kiminsə şəxsi həyatı başqasının nəyinə lazımdır? Müasir Azərbaycan jurnalistikası bu deyilvə bu olmamalıdır. Hazırkı bəzi “xəbər” saytlarının fəaliyyəti həqiqi jurnalistikadan min ağac uzaqdadır...
Bütün hallarda danışanda da, yazanda da ədaləti, insafı unutmamaq lazımdır.
Mən belə jurnalistlərin nəzərinə çatdırmaq istəyirəm ki, orta məktəbi gümüş medalla bitirib 2 “5” qiymətlə Politexnik İnstitutuna qəbul olunmuşam. Atam da sadə fəhlə olub, əlinin qabarı ilə bizi böyüdüb, namuslu əməyi ilə övladlarını ali məktəblərdə oxudub. Kiminsə vasitəsilə, tapşırığı, yaxud "daydayılığı" ilə irəli getməmişəm. Mənim nə o vaxtlar, nə də indi təsir vasitələrim, yaxud təzyiq rıçaqlarım olmayıb ki, bütün bunları həyata keçirim. Erkən gəncliyimdən oxuyub, çalışıb hər şeyə zəhmətimlə nail olmuşam. Məgər ədəbiyyatla yanaşı fizikanı, riyaziyyatı da əla oxumaq günahdır? Həmin vaxt istədiyim ali məktəbə daxil olmağa savadım vardı, sadəcə o vaxt müəllimlərimin tövsiyələrini nəzərə alıb, texniki sahəyə sənədlərimi təqdim etdim və mühəndis oldum. Əslində isə filoloq, jurnalist olmaq istəyirdim. Və bu sahə üçün savadım da, dünyagörüşüm də yetərli idi. Amma tale elə gətirdi ki, mühəndis oldum, Azərbaycan sənayesinə öz töhfələrimi vermək imkanı qazandım. Bu sahədə elmi iş müdafiə eləyib, alim oldum. Eyni zamanda ədəbiyyatla da nəfəs aldım, ondan uzaq düşmədim, istehsalatla paralel bədii və publisistik yaradıcılığımı davam etdirib yazıçı oldum. Hələ çap edilməmiş "sandıq ədəbiyyatı"m da kifayət qədərdir, inşallah, gələcəkdə onları da nəşr etdirməyi düşünürəm.
Sonda bir daha xüsusilə bəzi internet televiziyalarına və saytlara üzümü tutub faktlara söykənərək, müraciət etdikləri mövzuları dərindən araşdıraraq xəbər, reportaj, veriliş hazırlamağı tövsiyə edirəm, çayxanada, avtobusda, hansısa məclisdə eşitdikləri məhəllə söhbətlərinə istinad edərək yox. Çünki hər xəbər, hər fakt insan taleyində dərin izlər buraxır. Faktlar quru statistika deyil, onların arxasında ədəbiyyat naminə keçilmiş yol, dövlətə və dövlətçiliyə böyük xidmət durur.
Bir də, hər insanın bir tale yazısı var və bu haqda Ralf Valdo Emerson belə gözəl kəlam deyib: “Tale yalnız bir fürsətdir, amma biz onu necə istifadə edəcəyimizi seçirik”.
Sonda isə fikrimi dahi şairimiz Əfzələddin Xaqaninin bu kəlamı ilə bitirmək istəyirəm. Çünki bu kəlamın deyildiyi vaxtdan on əsr keçsə də bizim şüurumuzda, düşüncəmizdə və əsasən də xislətimizdə çox əfsus ki, heç nə dəyişməyib:
İstəsən güzgütək saf olsun ürək,
Sinədən on şeyi atasan gərək.
Haram, qiybət, kin, paxıllıq, tamah,
Kibr, riya, həsəd, ədavət, kələk.
Yaxşı olar ki, hər birimiz bu kəlamı beynimizə həkk eləyək, bir-birimiz haqqında nə isə yazanda və deyəndə, ilk öncə bu kəlamı yada salaq...
“Ədəbiyyat və incəsənət”
(26.03.2025)
107 yaşlı çinar- UŞAQLAR ÜÇÜN TARİX DƏRSİ
Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Bu gün nə film, nə tarixi şəxsiyyət, nə də bir aktyor haqqında danışacağam. Bu gün 107 yaşlı qocalmaq bilməyən, nə qədər silkələnsə belə düşməyən çinar barədə- AZƏRBAYCANIMIZ barədə danışmaq istəyirəm. Auditoriya olaraq isə uşaqları seçmişəm. Öncə onları Səfəvilər dövlətinin yarandığı dönəmə aparacam.
1501-ci il dekabrın 22-də Şah İsmayıl Xətai 15 yaşında taxta çıxaraq Səfəvilərin əsasını qoydu və paytaxt şəhər Təbriz seçildi. Buna kimi bizim dövlətçilik ənənələrimiz var idi əlbəttə. Amma Səfəvilər əsl imperiya oldu, qüdrəti aləmə yayıldı. Ona görə də mən bu dövlətdən başladım söhbətimə.
Yaranışından süqut etdiyi günə qədər çox müharibələr, çox şahlar, sultanlar görən Səfəvilər dövlətində Şah İsmayıl Xətainin əmri ilə rəsmi dil olaraq Azərbaycan türkcəsi elan edildi. Osmanlı dövləti ilə aparılan müharibələr zamanı müəyyən ərazilərin itirlməsi nəticəsində paytaxt Qəzvin şəhərinə köçürüldü. Şah I Abbas hakimiyyətə gələndən sonra paytaxt İsfahan şəhəri oldu. Bu dünyada neçə-neçə dövlətlər qurulmuş və süqut etmişdir. Eyni hal Səfəvilərdə də yaşandı və dövlət 1736-cı ildə süqut etdi.
Türk çörəksiz susuz yaşayar, amma dövlətsiz yaşaya bilməz. Bu deyim 1918-ci ildə özünü doğrultdu və Şərqdə ilk Cümhuriyyət quruldu. Adı da Azərbaycan Xalq Cümhuriyyəti oldu. Qurucusu da unudulmaz insan, dahi şəxsiyyət, bu gün də hər birimizin qəlbində yaşayan Məmməd Əmin Rəsulzadə idi.
Cəmi 2 il ömrü olmasına rəğmən qəbul etdiyi qərarlar və nizam-intizamı ilə bütün dövlətlərə örnək oldu. Cümhuriyyətimizin ilk baş naziri olduğu kimi, ilk Müdafiə Naziri də oldu və bu şəxs Səməd Bəy Mehmandarov idi ki, bu şəxs günü bu gün də hamı tərəfindən xatırlanır və adı çəkiləndə ruhuna bir fatihə surəsini çox görmürük.
“İki qoçun başı bir qazanda qaynamaz” deyib atalarımız. Özündən başqa dövlət, özündən başqa böyük sevməyən Rusiya 1920-ci ildə 1-ci Qırmızı Ordunu Bakıya göndərdi və Azərbaycan Xalq Cümhuriyyəti rəsmi olaraq süqut etdi. O gündən etibarən Azərbaycan SSR adlı müstəqil olmayan bir respublikaya sığındıq. Şanlı üç rəngli bayrağımız dirəkdən endirildi və yerinə SSRİ bayrağı asıldı. Bu millət düz 71 il o bayrağı seyr etdi. SSRİ-nin gəlməsi bir bəla idi, qoyduğu qadağalar ikinci bir bəla oldu. Nə dadımız qaldı, nədə duzumuz. Novruz bayramı belə gizli-gizli qeyd edilirdi. Bir millətə 71 il cəhənnəm yaşadıldı. Bəlkə də haqq dünyasına köçənlər, sağ olanlar qədər yanmadı. Onlar ən azından güllə ilə, süngü ilə həlak oldular və şəhid adını qazandılar. Geridə qalanların payına isə göz yaşı qalmışdı. Əsarəti bitirməyin vaxtı çatmışdı. Bir şeylər edilməli və bu murdar düzəndən qurtulmaq lazım idi. 1990-cı ilin soyuq yanvar ayı azadlıq atəşi ilə isindi. Minlərlə Azərbaycan vətəndaşı küçələrə çıxaraq azad yaşamaq istədiklərini Sovet hakimiyyətinə hayqırdı. Əli silahsız insanlara əl qaldırmaq, atəş açmaq düşmənlərimizin çoxdankı adəti idi. Həmişə olduğu kimi onlar “duruşunu” pozmayaraq qadınlara, uşaqlara, qocalara atəş açdılar, tankları ilə insanların, maşınların üstündən keçdilər. Başqa dövlətin insanı olsaydı çoxdan qorxudan evinə girər, qapını bağlayardı. Ancaq mövzu damarında türk qanı axan, soyu Səfəvilərdən gələn bir milləti mərmi ilə, top atəşi ilə qorxutmaq mümkünsüz idi. O gecə azadlıq eşqimizi, hüriyyətimizi qanla yazmışdıq. Çox şəhid, çox itki vermişdik. Ancaq istədiyimizi də almışdıq. Elə o gecədən sonra SSRİ ayaqda qala bilmədi və bir daha qurulmamaq üzrə dağıldı. Müstəqilliyini yenicə əldə etmiş bir dövlətin başı hər zaman bəlalı olur. Bu bəla bizdən də yan keçmədi. 1988-ci ildən etibarən Ermənistan dövləti Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə başlamışdı, müstəqillik dönəmində biq rədər də azğınlaşdı. Qərbi Azərbaycanda yaşayan sonuncu azərbaycanlı ailəsinində ata-baba yurdundan qovulması və ermənilərin Qərbi Azərbaycanı işğal etməsi gözlərini yenə də doyurmadı. Nəticədə 1992-ci ildə 1-ci Qarabağ Müharibəsi başladı. Rusların da yardımı və dəstəyi ilə ölkəmizə və millətimizə qarşı misli görülməmiş soyqırım həyata keçirildi.
Hər nə qədər ağır itkilər versə belə Azərbaycan düşmən qarşısında əyilib bükülmədi və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə birlikdə ordu quruculuğunda böyük islahatlar başladı. Bu islahatlar 1994-cü ildə bəhrəsini verdi və ilk hərbi qələbəmizi qazandıq. Füzuli rayonu Horadiz qəsəbəsi ilə birlikdə 12 kənd düşməndən tam təmizləndi. İrəliləmək və düşməni Qarabağdan birdəfəlik qovma şansımız olsa belə din qardaşlarının dara düşdüyünü görən Rusiya elə həmin il ABŞ və Fransanında vasitəçiliyi ilə Minsk Qrupu yaratdı, atəşkəs imzalandı ki, sonralar bu atəşkəs dəfələrlə pozulacaq və həm hərbi, həm də dinc Azərbaycan vətəndaşının həlak olması ilə nəticələnəcəkdi.
Ulu Öndər Heydər Əliyevin vəfatından sonra Prezident olan İlham Əliyevin başçılığı altında hər şey yenidən başladı. 2003-cü ildə Prezident İlham Əliyev önündəki vəzifənin nə qədər çətin və məsuliyyətli olduğunu bilirdi. Buna görə də səbrli və təmkinli olmaq lazım idi. Ancaq nə millətimizin, nə də ordumuzun səbri qalmamışdı. Xocalıda həlak olan minlərcə qadının, uşağın, yaşlının qanı yerdə qala bilməzdi. Səbr kasamızın ilk qırıntısının düşməsi 2016-cı ilin aprel ayına təsadüf elədi və ordumuz ermənilərin həmləsinin qarşısını alaraq sürətli əks-hücum əməliyyatı başlatdı və nəticədə bir neçə kənd və Lələtəpə yüksəkliyi azad edildi. Bu, eyni zamanda 2010-cu ildə təkbaşına minalanmış sahəni keçərək ermənilərə və Ermənistana həyatları boyu unuda bilməyəcəkləri bir şillə çəkən Mübariz İbrahimovun həmləsinin davamı idi ki, bunun hələ ardı da olacaqdı.
2016-cı ildə yedikləri şapalaqdan dərs çıxarmayan ermənilər müharibə cinayətlərinə davam edərək 3 yaşlı Zəhra Quliyevanın qanına girdilər. Təbii ki, bu barbarlığın da bir cavabı olmalı idi və oldu da. Kiçik Zəhranın tökülən qanına qarşılıq ermənilərin xeyli atəş nöqtələri dəqiq zərbə ilə məhv edildi. Yenə də Rusiya araya girərək iki ölkəni danışıqlar masasına dəvət etdi. 33 il gözümüzün içinə baxaraq bizə düşmən olan şimal “qonşularımız” bu dəfə Ermənistandan kukla əvəzi istifadə edərək bizim həm vaxtımızı alır, həm də quyumuzu qazırdılar. Ancaq ALLAHIN DA bir hesabı var idi. 2020-ci ildə ermənilərin törətdiyi növbəti müharibə cinayəti bizim səbrimizin, onların isə soylarının sonunu gətirdi. Sentyabr ayında Cəbrayıldan başlanan zəfər yürüşümüz noyabr ayında Şuşada bitdi və ermənilər, din qardaşları olan rusların köməyə gəlmədiyini görüb köklərinin tamamilə Qafqazdan silinməməsi üçün ağ bayraq qaldırdı. Bu “ağ bayrağın” nə məna daşıdığını millət olaraq çox təcrübə etmişdik. Gəncədə və Bərdədə etdiyimiz kimi. Noyabrın 10-da Rusiyanın təşəbbüsü ilə sülh sazişi üzərində işə başlandı və ermənilərə Ağdam, Laçın və Kəlbəcəri ordumuza təhvil verməsi üçün 2 ay vaxt verildi. Bütün Qafqazlılar kimi biz də ermənilərin xislətinə bələd idik və Qarabağdan çıxarkən mərdimazarlıq edəcəklərini bilirdik. Başqa cür ola da bilməzdi axı. Ermənilər Laçın və Kəlbəcərdə meşə yanğınları törətdi və bölgəni tərk edərkən kilsə və monastrda yerləşən dini və tarixi əşyaları oğurladılar. Hətta gedərkən erməni dilində “geri gələcəyik” yazısını qoyub getdilər.
“DƏMİR YUMRUĞ”un ağrısı keçmişdi. Deməli bunlara “DƏMİR YUMRUĞUN” yerində olduğunu biriləri xatırlatmalı idi və bu, 2023-cü ilin sentyabr ayına təsadüf elədi. Ermənilərin törətdiyi mina terroru nəticəsində 5 polis əməkdaşımız şəhid oldu. Nəticədə ordumuz Konstitusiya quruluşumuzun və suverenliyimizin bərpası məqsədi ilə anti-terror əməliyyatlarının başlaması barədə qərar qəbul etdi.
“Geri gələcəyik” mesajını verən ermənilər 24 saat dolmadan yenidən ağ bayraq qaldıraraq Qarabağda olan tör-töküntülərini toplayıb torpaqlarımızı tərk edəcəklərini bəyan etdilər.
Bəli, tarix boyu biz zülmə boyun əyməyən bir millət olmuşuq. Deyil 107, 207 ildə keçsə Türkün xasiyyəti dəyişməyəcəkdir. Molla Pənah Vaqifin Qacara dediyi kimi “Əyilmədim Bəli! Əyilməz vicdanın böyük heykəli”.
Unutmayın, Qurd dərisini dəyişər, amma xasiyyətini dəyişməz!
“Ədəbiyyat və incəsənət”
(26.03.2025)
Vətənpərvərlik və şəhidlik zirvəsi – CAMAL İSMAYILOV NÜMUNƏSİ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
El bilir ki sən mənimsən,
Yurdum, yuvam məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Azərbaycan – xalqına və əcnəbi vətəndaşlara sığınacaq olan, gözəlliyi, sərvətləri, strateji yerləşməsi ilə keçmiş dövrlərdən bu günə qədər yadellilərin hücumuna məruz qalan doğma vətənim.
Bu gözəllikləri qorumaq üçün öz canını heçə sayan, “yetər ki o azad olsun, üç rəngli, ay-ulduzlu bayrağımız göy üzündə dalğalansın” deyə canını fəda etmiş qəhrəmanların diyarı. Yurdumuzda vətənini canı-könüldən sevən igidlər doğulub – böyüyür və bu şərəfli yolda canlarını qurban edirlər. Onlar “vətənə sədaqət, düşmənə nifrət”, “mənim sədaqətim, mənim şərəfimdir”, “şərəf həyatdan ucadır”, "su kimi səssiz, kölgə kimi qara”, “asan gün dünən idi”, “daxili qoşunlarda xidmətinlə fəxr et” kimi müxtəlif şüarlar altında, müxtəlif ağır təlimlər çərçivəsində Vətəni qorumaq üçün yetişdirilirlər.
“Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. ARK - Maddə/9”
Ümumilli lider Heydər Əliyevin təbirincə desək: Biz elə nəsil yetişdirməliyik ki, təkcə bizim vaxtımızda yox, bizdən sonra da onlar Azərbaycanın xətalara düşməsinə imkan verməsinlər. Onlar düz yolla, doğru yolla, milli hissiyyatlar yolu ilə getməlidirlər.
İllərdir müəyyən zaman kəsiyində doğma torpağımıza basqınlar olmuş, bu hücumların qarşısı alınarkən neçə-neçə mülki vətəndaşlar və hərbi qulluqçularımız şəhadət şərbətin içmiş, şəhid olmuşlar. 20 Yanvar, Xocalı faciəsi, Aprel döyüşləri, təcavüzə qarşı 44 günlük Vətən müharibəsi, Gəncə terroru, antiterror əməliyyatları düşmənlərimizin bizə qarşı əsası olmayan qeyri-etik davranışlarının nəticəsi.
Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü bu yolda qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır.
Şəhidlərimiz ən ali qürur mənbəyimizdir - Müdafiə Nazirliyi.
Bu gün bizim əsir düşməsin deyə bomba ilə özünü partladan xüsusi təyinatlı gizir Əliyev Kərim kimi, erməni dilini təmiz bilən, onların içinə sızan, etibar əldə edən, ermənilər tərəfindən Niva markalı maşın hədiyyə edilən və həmin maşınla da içərisində nə qədər erməni komandirini əsir kimi vətənimizə gətirən xüsusi təyinatlı gizir Ələsgərov Zaur kimi, ömrünün 18 ilini Vətənə xidmət edən, Hadrutda əməliyyat zamanı erməni rabitə qovşağına qoşularaq güllə atmadan 1500-dək erməni əsgərini başqa istiqamətə yönləndirən, erməni dilində onların öz rabitəsi ilə düşmənin generallarına “geri qayıdın” əmri verən peşəkar kəşfiyyatçı və bu xidmətinə görə Hadrut fatehi adlandırılan, xüsusi təyinatlı qüvvələrin baş giziri İsmayılov Camal kimi, bir erməni generalını və polkovnikini əlləri ilə boğan 19 yaşlı Dövlətzadə Cəbrayıl kimi adlarını qızıl hərflərlə yeni tariximizə yazan neçə-neçə şəhidlərimiz və igidlərimiz vardır.
Bu gün onlardan biri – Camal İsmayılov barədə danışmaq istəyirəm.
Şəhidimiz Camal İsmayılovun şərəfli həyat və döyüş yolu
Rus, ingilis, erməni dilini sərbəst bilən şəhidimiz 1984-cü ilin iyulun 7-də Neftçalanın Həsənabad qəsəbəsində anadan olub. Ailəsi 1986-cı ildə Rusiyanın Krasnoyarsk vilayətinin İqarka şəhərinə köçüb. Orada rus dilində təhsil alıb. 1991-ci ildə yenidən Azərbaycana geri dönüblər və orta məktəbi Neftçalada bitirib. O, dağ xizəkçiliyi üzrə kitablar tərcümə edib dərslik hazırlayırdı. Dağ xizəkçiliyini, paraşütçülüyü peşəkar şəkildə öyrənmişdi.
2002-ci ildə Camal ordu sıralarına çağırılıb. Orada Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat və rabitəçi qrupuna seçilib. Türkiyədə 2014-cü ilin may-iyun ayları ərzində paraşütçülük kursunu bitirib. Daha sonra 2015-ci ildə “Turaz Şahini” təlimlərində iştirak edib. Həmin ilin 28 sentyabr-16 oktyabr tarixlərində Gürcüstanda keçirilən “Dağçılıq və xizək” təlimlərində iştirakına görə sertifikat alıb. 2019-cu ildə isə ABŞ, Pakistan, Gürcüstan, Azərbaycan və Türkiyənin iştirakı ilə keçirilən xüsusi 4-cü korpus təlimlərinə qatılıb, fərqlənmə sertifakatına sahib olub.
“Qüsursuz xidmətə görə”, Azərbaycan Respublikası Silahı Qüvvələrinin yubiley medalı, Rusiya Müdafiə Nazirliyinin iştirakçı medalı ilə, ümumilikdə isə 7 dəfə fəxri medalla təltif olunub. Baş gizir heç vaxt evdə işi, iştirak etdiyi əməliyyatlar haqqında danışmazdı. Həyat yoldaşı deyir ki, yalnız onun ölümündən sonra necə bir qəhrəmanın xanımı olduğunu bilib.
Şəhidimiz deyirdi - "Hərbçilər təqaüdə çıxmırlar, onların kağızları şəhidlikdir. Ya şəhid olandan, ya da adi qaydada öləndən sonra mənim haqqımda öyrənəcəksiniz."
Həyat yoldaşı Fatimə İsmayılovanın dediklərindən:
“Ailəsi olaraq bilirdik ki, kəşfiyatçıdır, başqa heç nə. Aprel döyüşlərində də iştirak etmişdi. Amma orada baş verənlərdən bir kəlmə də danışmadı. Sadəcə olaraq silahdaşlarını itirdiyinə görə çox pis olmuşdu. Ondan həmişə "müharibə olsun", "torpaqlarımızı alaq" sözünü eşidirdik.
Füzulinin, Cəbrayılın, Hadrutun, Ərgünəş yüksəkliyinin, Qubadlının və Laçına nəzarət edən yüksəkliyin azad olunmasında onun qəhrəmanlığı danılmazdır. Döyüş yoldaşları danışır ki, Hadrutda əməliyyat zamanı erməni rabitə qovşağına qoşularaq güllə atmadan 1500-dək erməni əsgərini başqa istiqamətə yönləndirib. Erməni dilində onların öz rabitəsi ilə düşmənin generallarına əmr verib ki, geri qayıdın. Bununla da onları aldada bilib və həmin mövqelərə bizim əsgərlər yerləşiblər. Daha sonra Hadruta su gətirməyə gediblər. Görüblər ki, digər dəstə mühasirəyə düşüb. Oradan 3 nəfərlə həmin dəstəni mühasirədən çıxarıblar və ermənilərin özlərini pusquya salıblar.
Füzulinin azadlığı uğrunda gedən döyüşlərin birində hərbçi yoldaşını xilas edərkən yaralanıb. Az bir vaxtda xəstəxanada müalicə aldıqdan sonra döyüşlərə yenidən qoşulub. Bizim bundan xəbərimzi olmayıb. O boyda əraziləri azad etmişdilər, telefonda bir kəlmə deməzdi, adi gün kimi normal, sadə danışırdı. Mən deyirdim, Camal, filan yeri azad etmişik, televizordan elan veriblər. Telefonda gülürdü, hiss edirdim ki, oradadırlar, ancaq mənə heç nə demirdi. Bir kəlmə bildirİRdi ki, həddindən artıq qəribə hisslərdir, bunu yaşamaq lazımdır. İnşallah yayda gəlib burada istirahət edərik. Pozitiv danışırdı, heç vaxt bizi müharibədədir deyə sıxmırdı.”
_
Baş gizirin sonuncu döyüşü Laçın dəhlizinə nəzarət edən yüksəkliyin azad edilməsi uğrunda olub
Şəhid xanımı: “17 nəfər olubar. Camal qrup rəhbəri imiş. Gedib həmin hərbi hissəni ələ keçiriblər. Ancaq qüvvələr qeyri-bərabər imiş. 500 nəfər erməni ilə 17 nəfər hərbçimiz 2-3 saat dayanmadan döyüşüb. Son güllələrinə qədər atıblar. Yoldaşım oktyabrın 19-dan 20-nə keçən gecə həmin ərazidə şəhid olub.
Həmişə fikirləşirdim ki, görəsən, şəhid olanda son anda nə düşünüb? Nəşini gətirəndə məndən soruşdular ki, Fatimə hansı qızınızın adıdır? Dedim, Fatimə mənəm. Bildirdilər ki, son nəfəsində mənim adımı çağırıb. Üstündəki “ratsiya” açıq imiş, döyüş yoldaşları onun bu çağırışını eşidiblər.
Təxminən 200 nəfərə yaxın ermənini bıçaqla, boğaraq məhv edibmiş. Hamısını da öldürə-öldürə deyirmiş ki, Xocalının qisasını alıram. Həmişə bildirirdi ki, bu, təkcə torpaq məsələsi deyil, həm də namus işidir. Xocalı soyqırımını qəbul edə bilmirdi. O, bizim namusumuzu, Azərbaycan xalqının üzərindən o ləkəni təmizləyib. Uşaqlar atalarının yoxluğunu dərk edirlər, çox darıxırlar. Deyirəm, atanız kəşfiyyatçı idi, bəlkə də o biri dünyanı kəşf etməyə gedib...”.
Vətən sevgisi imandandır
Arzusu torpaqlarımızı almaq və qismət olsa, şahadətə ucalmaq idi. 37 yaşında o arzusuna çatdı, həm torpaqlarımız azad oldu, həm də Şəhidlik zirvəsinə ucaldı. Camal İsmayılov peşəkar hərbiçi olmaqla yanaşı həm də dünyagörüşlü bir ata idi. Qızlarının gələcəkdə xaricdə təhsil almalarını planlayırdı. Onların dünyagörüşlərinin çox olmasını istəyirdi. Oğlu isə onun şəhadətindən 4 ay sonra fevral ayının 2-də dünyaya göz açmışdır. Özünün istəyi olub ki övladının adı Alp Arslan olsun. Böyüdükdə idmançı olmasını istəyirdi. Camal İsmayılov özü də idmançı olmaq istəyirmiş və boks üzrə yarışlarda iştirak edirmiş. Amma tale bunu ona qismət etmədi.
Allah rəhmət eləsin!
Mən Camalın həyatını oxuduqca həm kövrəlir, həm də fəxr hissi duyurdum. Fəxr edirəm ki, qəhrəman oğulları və qızları olan şanlı ölkənin mənsubuyam. Azərbaycan xalqı canını bu müqəddəs və şərəfli yolda fəda edən şəhid, qazi, veteran və hərbi qulluqçuları ilə fəxr edir, qürur duyur.
Arzumuz budur ki, daim ölkəmizdə igidlərimizə diqqət və qayğı göstərilsin və onlar daim diqqət mərkəzində olduqlarını bilsinlər. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazi və veteranlarımıza Şafi ismi ilə şəfa, hərbiçi və əsgərlərimizə can sağlığı nəsib etsin! Amin!
“Ədəbiyyat və incəsənət”
(26.03.2025)
İLQAR ƏLFİOĞLU BARƏDƏ - “Dövlət babanın" unutduğu mükafat...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Beş yaşınadək keçmiş “Sovetsk”idə - “Həmşəri palanı” küçəsindəki 7 kvadrat-metrlik bir evdə böyüyüb. Sonra yeni mənzilə köçüblər. Ailədə üç uşaq olublar. Daha sonra institutut, əsgərlik, bədii yaradıcılıq, televiziya və “Dalğa” verilişi. Onu Azərbaycana tanıdan da elə “Dalğa” oldu…
Deyir ki, “Səmimi bir etiraf edim: atamın mənim üçün kim olduğunu hələ tamamilə dəqiqləşdirə bilməmişəm. Hətta həyatımda oynadığı rolu da dəqiqləşdirə bilməmişəm. Bilirəm ki, məndə nə varsa, hamısı atamdandır. Amma nə vaxt verib, necə verib, hansı mexanizmlə verib, bilmirəm”...
Nikbin, məğrur, dövrlə ayaqlaşan, ətrafında cəryan edən hadisələrə həssas, səbrsiz insandır. Gördüyü iş ürəyincə olmayanda, ideyaları tükənəndə, bəzən dünyadan bezir. Amma böyük işlər görmək həvəsi heç zaman onu tərk etmir...
Söhbət İlqar Əlfioğludan gedir. Atası Əlfi Qasımov əslən Ağdam rayonunun Poladlı kəndindən idi. Azərbaycan yazıçısı, jurnalist, publisist və tərcüməçi kimi yaddaşlarda yaşayır. 1985-ci ilin mart ayında ürək çatışmazlığından vəfat edib. Anası Rəhilə xanım isə müəllim işləyib...
Yüksək intuisiya, hissetmə qabiliyyətinə malikdir. Bəzən həmsöhbətini gipnoz etməyi bacarır. Qəribə xasiyyətləri çoxdur. Həzin musiqi səsindən, şam işığından, tənhalıqdan ilhamlana bilir...
“İllər həyatımızdan metro qatarı kimi keçir. Ətraf qaranlıqdır, bir şey görmürsən, ancaq gurultusu qalır beynində. Stansiyalarda işığa çıxırsan, amma hansı dayanacaqsa sonuncudu, artıq düşməlisən...
Hər iki başı zülmət olan bu yolu hamı keçir, içində işıq daşıya bilsə, xoş halına...”- söyləyir.
Mübariz, haqsızlığa qarşı amansızdır. Yanında kiminsə haqqı tapdalananda sərt reaksiya verir. Buna görə də bəziləri onu acıdil adam kimi tanıyırlar. Heç zaman ruh düşkünlüyünə mübtəla olmur. Əksinə çətinliklə üzləşəndə daha əzmkar, daha döyüşkən olur. Sadə geyinməyi xoşlayır. Onun üçün insanların libası yox, daxili keyfiyyətləri əsasdır…
Deyir ki:- “Ömrüm 20 yaşına qədər acı bağırsaq kimi uzanırdı. 20-70 arası isə heç bilmədim necə keçdi. İndi hər günümü dəyərləndirirəm - görəsi o qədər iş var ki. Sadəcə, planlar qurub Allahı özümə güldürmək istəmirəm - məsləhət Onunkudur.”
Gözlərində qəribə bir kədər var. Keçmişin acı xatirələri onu heç vaxt rahat buraxmır. Odur ki, güləndə sanki ürəkdən gülmür…
"Dünən sənin normal insan kimi saydığın adam bu gün imkanlı olub, varlanıb eşşəklikedirsə, deməli o, elə eşşək olub. Sadəcə eşşəkliyini göstərməyə imkanı olmayıb..."- söyləyir.
Bu gün –martın 26-sı İlqar Əlfioğlunun 70 yaşı tamam olur. Bu gün o, qocalığın cavanlığını arxada qoyub, qocalığın ahıllıq dövrünə qədəm basacaq. Amma qəti qorxusu yoxdur, hələ qarşıda onu qocalığın özü gözləyir. Qocalmaq isə hər adama nəsib olmur...
Yeri glmişkən, İlqar Əlfioğlu bəlkə də ölkədə yeganə jurnalist, tərcüməçi, yazıçı, televiziya aparıcısıdır ki, xidmətləri indiyədək "Dövlət baba" tərəfindən əsla mükafatlandırılmayıb. Necə deyərlər, elə bil çörəyinin duzu yoxdur. Nə bilim, bəlkə də yada salan olmayıb...
70 yaşın mübarək, İlqar Əlfioğlu! Sən ən azından, Əməkdar Jurnalist adını haqq eləmisən.
“Ədəbiyyat və incəsənət”
(26.03.2025)
Günün fotosu: Fransada yumurta savaşı
Günün fotosu: Fransada yumurta savaşı
Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
BFM TV telekanalı ilə çıxış edən Fransanın bazarlar üzrə vitse prezidenti Mariya da Silva ölkədəki yumurta qıtlığının əsas səbəbinin müəsəlmanların Ramazan ayı ilə bağlı olmasını dilə gətirərək söylədi:
“Ramazanda insanlar daha çox yumurta yeyirlər. Çox biçirir, desertlər hazırlayır, bol yumurta işlədirlər. Bu da qıtlıq yaradır.”
Bu antiislamçıları kəskin hücuma keçirdi, müsəlmanları isə müdafiəyə sürüklədi.!
Şəkildə: AP fotoqrafı bir müsəlman süfrəsini çəkib nümayiş etdirir.
“Ədəbiyyat və incəsənət”
(26.03.2025)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Quzu fisincanplovu
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Quzu fisincanplovunun hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR:
§ Quzu əti – 159 qr
§ Kərə yağı – 50 qr
§ Soğan – 50 qr
§ Düyü – 100 qr
§ Qoz ləpəsi – 32 qr
§ Nar şirəsi – 30 qr
§ Narşərab – 15 qr
§ Şəkər tozu – 10 qr
§ Zəfəran – 0,1 qr
§ Sarıkök – 0,2 qr
§ Darçın – 0,2 qr
§ Qazmaq – 30 qr
§ Duz – 6 qr
§ İstiot – 0,05 qr
HAZIRLANMASI:
Quzu əti 30-35 qramlıq tikələrə doğranır. Enli, çox da dərin olmayan qazanda yağ qızdırılır. Doğranmış quzu əti yağda qızardılır. Üzərinə doğranmış soğan əlavə olunur, bir- likdə qızardılır. Qızarana yaxın xır- da doğranmış və ya üyüdülmüş qoz vurulur, tovlanır, sonra duz, istiot, darçın, sarıkök, nar şirəsi, narşərab, işgənə əlavə edilir, qarışdırılır. Ağzı bağlanır və bişirilir. Ət bişənə, suyu çəkilənə yaxın altının odu azaldılır, bir müddət bişirilir. Ayrıca qazmaqlı plov dəmlənir. Hazır olduqda zəfəran şirəsi əlavə edilmiş düyü boşqaba çəkilir, üzərinə ərinmiş yağ əlavə olunur. Yanına qazmaq qoyulur. Fisin- can ayrıca dərin boşqab və ya kasada süfrəyə verilir. Bişmə müddəti 2 saa- ta qədər davam edə bilər.
QEYD: Fisincanın rənginin qaralması üçün nar şirəsi əlavə olunan zaman qızdırılmış nal və ya dəmir parçası qazana atılır. Həmin dəqiqə fisincanın rəngi dəyişir. Bu xörək ev, çöl heyvanlarından, ev, çöl, quru və su quşlarından, balıqdan hazırlanır. Nar olmadıqda turş meyvə və giləmeyvələrdən (qurudulmuş və ya təzə halda) istifadə oluna bilər. Əsasən, zoğal, zirinc, albalı, gilas, turş qırmızı alça, xartut şirəsi, turş gavalı şirəsindən istifadə olunur.
“Ədəbiyyat və incəsənət”
(26.03.2025)