107 yaşlı çinar- UŞAQLAR ÜÇÜN TARİX DƏRSİ Featured

Murad Vəlixanov,  “Ədəbiyyat və İncəsənət” 

 

Bu gün nə film, nə tarixi şəxsiyyət, nə də bir aktyor haqqında danışacağam. Bu gün 107 yaşlı qocalmaq bilməyən, nə qədər silkələnsə belə düşməyən çinar barədə- AZƏRBAYCANIMIZ barədə danışmaq istəyirəm. Auditoriya olaraq isə uşaqları seçmişəm. Öncə onları Səfəvilər dövlətinin yarandığı dönəmə aparacam.

 

1501-ci il dekabrın 22-də Şah İsmayıl Xətai 15 yaşında taxta çıxaraq Səfəvilərin əsasını qoydu və paytaxt şəhər Təbriz seçildi. Buna kimi bizim dövlətçilik ənənələrimiz var idi əlbəttə. Amma Səfəvilər əsl imperiya oldu, qüdrəti aləmə yayıldı. Ona görə də mən bu dövlətdən başladım söhbətimə.

Yaranışından süqut etdiyi günə qədər çox müharibələr, çox şahlar, sultanlar görən Səfəvilər dövlətində Şah İsmayıl Xətainin əmri ilə rəsmi dil olaraq Azərbaycan türkcəsi elan edildi. Osmanlı dövləti ilə aparılan müharibələr zamanı müəyyən ərazilərin itirlməsi nəticəsində  paytaxt Qəzvin şəhərinə köçürüldü. Şah I Abbas hakimiyyətə gələndən sonra paytaxt İsfahan şəhəri oldu. Bu dünyada neçə-neçə dövlətlər qurulmuş və süqut etmişdir. Eyni hal Səfəvilərdə də yaşandı və dövlət 1736-cı ildə süqut etdi. 

Türk çörəksiz susuz yaşayar, amma dövlətsiz yaşaya bilməz. Bu deyim 1918-ci ildə özünü doğrultdu və Şərqdə ilk Cümhuriyyət quruldu. Adı da Azərbaycan Xalq Cümhuriyyəti oldu. Qurucusu da unudulmaz insan, dahi şəxsiyyət, bu gün də hər birimizin qəlbində yaşayan Məmməd Əmin Rəsulzadə idi.

Cəmi 2 il ömrü olmasına rəğmən qəbul etdiyi qərarlar və nizam-intizamı ilə bütün dövlətlərə örnək oldu. Cümhuriyyətimizin ilk baş naziri olduğu kimi, ilk Müdafiə Naziri də oldu və bu şəxs Səməd Bəy Mehmandarov idi ki, bu şəxs günü bu gün də hamı tərəfindən xatırlanır və adı çəkiləndə ruhuna bir fatihə surəsini çox görmürük.  

“İki qoçun başı bir qazanda qaynamaz” deyib atalarımız. Özündən başqa dövlət, özündən başqa böyük sevməyən  Rusiya 1920-ci ildə 1-ci Qırmızı Ordunu Bakıya göndərdi və Azərbaycan Xalq Cümhuriyyəti rəsmi olaraq süqut etdi. O gündən etibarən Azərbaycan SSR adlı müstəqil olmayan bir respublikaya sığındıq. Şanlı üç rəngli bayrağımız dirəkdən endirildi və yerinə SSRİ bayrağı asıldı. Bu millət düz 71 il o bayrağı seyr etdi. SSRİ-nin gəlməsi bir bəla idi, qoyduğu qadağalar ikinci bir bəla oldu. Nə dadımız qaldı, nədə duzumuz. Novruz bayramı belə gizli-gizli qeyd edilirdi. Bir millətə 71 il cəhənnəm yaşadıldı. Bəlkə də haqq dünyasına köçənlər, sağ olanlar qədər yanmadı. Onlar ən azından güllə ilə, süngü ilə həlak oldular və şəhid adını qazandılar. Geridə qalanların payına isə göz yaşı qalmışdı. Əsarəti bitirməyin vaxtı çatmışdı. Bir şeylər edilməli və bu murdar düzəndən qurtulmaq lazım idi. 1990-cı ilin soyuq yanvar ayı azadlıq atəşi ilə isindi. Minlərlə Azərbaycan vətəndaşı küçələrə çıxaraq azad yaşamaq istədiklərini Sovet hakimiyyətinə hayqırdı. Əli silahsız insanlara əl qaldırmaq, atəş açmaq düşmənlərimizin çoxdankı adəti idi. Həmişə olduğu kimi onlar “duruşunu” pozmayaraq qadınlara, uşaqlara, qocalara atəş açdılar, tankları ilə insanların, maşınların üstündən keçdilər. Başqa dövlətin insanı olsaydı çoxdan qorxudan evinə girər, qapını bağlayardı. Ancaq mövzu damarında türk qanı axan, soyu Səfəvilərdən gələn bir milləti mərmi ilə, top atəşi ilə qorxutmaq mümkünsüz idi. O gecə azadlıq eşqimizi, hüriyyətimizi qanla yazmışdıq. Çox şəhid, çox itki vermişdik. Ancaq istədiyimizi də almışdıq. Elə o gecədən sonra SSRİ ayaqda qala bilmədi və bir daha qurulmamaq üzrə dağıldı. Müstəqilliyini yenicə əldə etmiş bir dövlətin başı hər zaman bəlalı olur. Bu bəla bizdən də yan keçmədi. 1988-ci ildən etibarən Ermənistan dövləti Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə başlamışdı, müstəqillik dönəmində biq rədər də azğınlaşdı.  Qərbi Azərbaycanda yaşayan sonuncu azərbaycanlı ailəsinində ata-baba yurdundan qovulması və ermənilərin Qərbi Azərbaycanı işğal etməsi gözlərini yenə də doyurmadı. Nəticədə 1992-ci ildə 1-ci Qarabağ Müharibəsi başladı. Rusların da yardımı və dəstəyi ilə ölkəmizə və millətimizə qarşı misli görülməmiş soyqırım həyata keçirildi.

Hər nə qədər ağır itkilər versə belə Azərbaycan düşmən qarşısında əyilib bükülmədi və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə birlikdə ordu quruculuğunda böyük islahatlar başladı. Bu islahatlar 1994-cü ildə bəhrəsini verdi və ilk hərbi qələbəmizi qazandıq. Füzuli rayonu Horadiz qəsəbəsi ilə birlikdə 12 kənd düşməndən tam təmizləndi. İrəliləmək və düşməni Qarabağdan birdəfəlik qovma şansımız olsa belə din qardaşlarının dara düşdüyünü görən Rusiya elə həmin il ABŞ və Fransanında vasitəçiliyi ilə  Minsk Qrupu yaratdı, atəşkəs imzalandı ki, sonralar bu atəşkəs dəfələrlə pozulacaq və həm hərbi, həm də dinc  Azərbaycan vətəndaşının həlak olması ilə nəticələnəcəkdi.

Ulu Öndər Heydər Əliyevin vəfatından sonra Prezident olan İlham Əliyevin başçılığı altında hər şey yenidən başladı. 2003-cü ildə Prezident İlham Əliyev önündəki vəzifənin nə qədər çətin və məsuliyyətli olduğunu bilirdi. Buna görə də səbrli və təmkinli olmaq lazım idi. Ancaq nə millətimizin, nə də ordumuzun səbri qalmamışdı. Xocalıda həlak olan minlərcə qadının, uşağın, yaşlının qanı yerdə qala bilməzdi. Səbr kasamızın ilk qırıntısının düşməsi 2016-cı ilin aprel ayına təsadüf elədi və ordumuz ermənilərin həmləsinin qarşısını alaraq sürətli əks-hücum əməliyyatı başlatdı və nəticədə  bir neçə kənd və Lələtəpə yüksəkliyi azad edildi. Bu, eyni zamanda 2010-cu ildə təkbaşına minalanmış sahəni keçərək ermənilərə və Ermənistana həyatları boyu unuda bilməyəcəkləri bir şillə çəkən Mübariz İbrahimovun həmləsinin davamı idi ki, bunun hələ ardı da olacaqdı. 

2016-cı ildə yedikləri şapalaqdan dərs çıxarmayan ermənilər müharibə cinayətlərinə davam edərək  3 yaşlı Zəhra Quliyevanın qanına girdilər. Təbii ki, bu barbarlığın da bir cavabı olmalı idi və oldu da. Kiçik Zəhranın tökülən qanına qarşılıq ermənilərin xeyli atəş nöqtələri dəqiq zərbə ilə məhv edildi. Yenə də Rusiya araya girərək iki ölkəni danışıqlar masasına dəvət etdi.  33 il gözümüzün içinə baxaraq bizə düşmən olan şimal “qonşularımız” bu dəfə Ermənistandan kukla əvəzi istifadə edərək bizim həm vaxtımızı alır, həm də quyumuzu qazırdılar.  Ancaq ALLAHIN DA bir hesabı var idi.  2020-ci ildə ermənilərin törətdiyi  növbəti müharibə cinayəti bizim səbrimizin, onların isə soylarının sonunu gətirdi. Sentyabr ayında  Cəbrayıldan başlanan zəfər yürüşümüz noyabr ayında Şuşada  bitdi və ermənilər, din qardaşları olan rusların köməyə gəlmədiyini görüb köklərinin tamamilə Qafqazdan silinməməsi üçün ağ bayraq qaldırdı. Bu “ağ bayrağın” nə məna daşıdığını millət olaraq çox təcrübə etmişdik. Gəncədə və Bərdədə etdiyimiz kimi. Noyabrın 10-da Rusiyanın təşəbbüsü ilə sülh sazişi üzərində işə başlandı və ermənilərə  Ağdam, Laçın və Kəlbəcəri ordumuza təhvil verməsi üçün 2 ay vaxt verildi. Bütün Qafqazlılar kimi biz də ermənilərin xislətinə bələd idik və Qarabağdan çıxarkən mərdimazarlıq edəcəklərini bilirdik.  Başqa cür ola da bilməzdi axı. Ermənilər Laçın və Kəlbəcərdə meşə yanğınları törətdi və bölgəni tərk edərkən kilsə və monastrda yerləşən dini və tarixi əşyaları oğurladılar. Hətta gedərkən erməni dilində  “geri gələcəyik” yazısını qoyub getdilər.  

“DƏMİR YUMRUĞ”un ağrısı keçmişdi. Deməli bunlara  “DƏMİR YUMRUĞUN” yerində olduğunu biriləri xatırlatmalı idi və bu, 2023-cü ilin sentyabr ayına təsadüf elədi. Ermənilərin törətdiyi mina terroru nəticəsində 5 polis əməkdaşımız şəhid oldu. Nəticədə ordumuz Konstitusiya quruluşumuzun və suverenliyimizin bərpası məqsədi ilə anti-terror əməliyyatlarının başlaması barədə qərar qəbul etdi.

“Geri gələcəyik” mesajını verən ermənilər 24 saat dolmadan yenidən ağ bayraq qaldıraraq Qarabağda olan tör-töküntülərini toplayıb  torpaqlarımızı tərk edəcəklərini bəyan etdilər.

Bəli, tarix boyu biz zülmə boyun əyməyən bir millət olmuşuq. Deyil 107, 207 ildə keçsə Türkün xasiyyəti dəyişməyəcəkdir. Molla Pənah Vaqifin Qacara dediyi kimi  “Əyilmədim Bəli! Əyilməz vicdanın böyük heykəli”.

Unutmayın, Qurd dərisini dəyişər, amma xasiyyətini dəyişməz! 

 

“Ədəbiyyat və incəsənət”

(26.03.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.