Super User

Super User

Şəlalə Rəhimli (Rəhimova Şəlalə Adil qızı) 02 iyul 1992-ci ildə Ucar rayonunda dünyaya gəlib. Çoxdan tanıyıram onu... Şair var, yazdıqlarıyla sevirsən, sonra özünü tanıyırsan, yazdıqları da  sənə yadlaşır... Şəlalə isə tanıdıqca, bir addım daha yaxınlaşdıqca, yazdıqlarıyla doğmalaşdığım insanlardandır. 

Şeirləri mütəmadi olaraq dövri mətbuatda çap olunur. 

Şəlalənin şeirlərini rəssamlığın kubizm janrına bənzədirəm həmişə... Kəskin xətlər, ölçülər və o ölçülərin içindəki sərhədsizliklər...

İstəyirəm, onun şeirlərini hamı oxusun...Ən azından, şairlər oxusun... Hamımızın ölçülərimiz və sərhədsizliyimiz var axı...

                                                       Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”

 

***

Qonşuya duz dalınca,

Yoxsa quzu qaytarmağa

göndərmisən uşaqları, İlahi?

Uzatdığı saqqız qədər tanıyırdı uzağı,

Qolundakı diş yeriylə ölçürdü vaxtı...

Çərpələngə ad qoyurdu: “Qaranquş”...

Parabüzən axtarırdı göndərə pay dalınca:

“Uç-uç baba, get gətir payımı... Uç!”

Dağ çayında yuyurdu ayaqlarını,

Moruq ləkəsinə qatırdı 

Cızılan barmağının qanını...

Hər şeyi səndən istəyən,

Küsməyi-barışmağı bir oyunluq çəkən

Uşaqları hara göndərdin, İlahi?

Göstər getdikləri yeri...

Bu ömrü yanlış gəldik,

Qayıdaq geri...

 

 

***

Oxuduğum bir kitabdaydı,

ya da baxdığım bir filmdə;

sənə baxmaq ibadət imiş eşqə…

…Çiyninə baş söykəmək dua,

Dərdindən gülməmək oruc tutmaqmış…

Bunları öyrəndim…

Ağlımın yetmədiyi,

əlimin çatmadığı bircə sirr var:

bu qədər mavi,

bu qədər azad,

bu qədər əngin olmağı

necə bacardın axı?

Bir də…

Niyə filmlər və kitablar

Sənə mənə danışmır?

Demirlər: bir dəli sənsiz darıxır?!

 

 

***

Böyüyürdüm…

Dinləyirdim

Həyatdan bəhs edən nağılları…

Düşürdü deyirlər “üç almalar”;

Doyurmurdu həyata dair xəyalları…

Sonra öyrənməyə başladım

Sevməyi, sevinməyi,

Gülümsəməyi, qəmlənməyi,

Və yağışda rəqs etməyi,

Və ovcumdakı damlaya bir dua pıçıldayıb

Gül kökünə göndərməyi…

Bir səhər günəşdən öncə oyandım,

Ovcuma göndərdi saçaqlarını…

Yapışdım saçağından günəşin

Qaçdım yaşıllığın ətrinə sarı…

Bir simitlə mən də doydum, göyərçinlər də…

Bir udumluq sevinc oldu pambıq şəkəri…

Öyrəndim həyata dair hər şeyi;

Kiçik, saysız xoşbəxtlikləri…

 

“Ədəbiyyat və incəsənət”

(25.03.2025)

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

 

Qədim türk diyarı,  "Bilqamıs" dastanında adı keçən Adanada beynəlxalq poeziya bayramı  təntənəli şəkildə qeyd olunub. Dünya şairlərinin Adanada bir araya gələrək şeir gününü qeyd etməsi mədəniyyətin bütün dəyərlər üzərində  qələbəsini bir daha bəyan edib.  

 

Şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, dosent Təranə Turan Rəhimli də 20 - 21 mart tarixində Adanada Çukurova Universitetində keçirilən Dünya Şeir Günününə həsr edilmiş 1-ci Uluslararası Çukurova Şeir Günləri tədbirində

iştirak edib.  Elə tədbir barədə bilgiləri də Təranə xanımdan aldıq.

Tədbirin  açılışında çıxış edən Fən Ədəbiyyat fakültəsinin dekan müavini Dos. Dr. Bilge Karqagöllü şeirin mədəniyyətləri birləşdirən  qüvvə olduğunu vurğulayıb. Çukurova universitetində birincisi gerçəkləşdirilən Dünya Şeir Günlərinin şeir dolu könülləri bir araya gətirdiyini, milli ədəbiyyata, universitetin həyatına, tələbələrin mənəvi tərbiyəsinə ciddi təsiri olacağını qeyd edib. Dos. Dr. Bilge Karqagöllü tədbirdə iştirak edən şairləri, ədəbiyyatşünas alimləri və şeirsevərləri Dünya Şeir Günü münasibətilə təbrik edib. 

Adana Böyükşəhər Bələdiyyəsi, Çukurova Universiteti və Altın Kozanın əməkdaşlığı ilə bu il ilk dəfə təşkil edilən “Uluslararası Çukurova Şeir Günləri” tədbirində Quzey Kıbrıs Türk Cümhuriyyətinin Mədəniyyət İdarəsinin müdiri, şair Şirin Zaferyıldızı Zaimağaoğlu çıxış edərək şeirin "qəlbləri yaxşılaşdıran və  birləşdirən" güc olduğunu  diqqətə çatdırıb. O, “Şeir kimi dünya yaratmaq ümidimizin azaldığı bu günlərdə şeir kimi olun, övladlarınızı şeirlə böyüdün, şeirsiz qalmayın”  səslənişi ilə salona müraciət edib və öz şeirlərini oxuyub. 

Fən Ədəbiyyat Fakültəsinin Dekanı Prof. Dr. Faruk Karadağ  ixrisasca fizik olmasına baxmayaraq  şeirə sevgisi,  söz sənətinə qarşı həssaslığı, eləcə də ədəbiyyatçı kimi  mükəmməl nitqi ilə tədbir iştirakçılarında xüsusi rəğbət doğurub. Fakültə dekanı bu kimi  ədəbi tədbirlərin tələbə gənclərin yaddaşında dərin iz buraxacağını, universitetin elmi və ədəbi mədəni  həyatına  töhfələr verəcəyini qeyd edib.

1-ci Uluslararası Çukurova Şeir Günlərinin 20 Mart Cümə axşamı günü Çukurova Universiteti Konqres Mərkəzində başlayan ilk tədbirində Aşıq Veysələ həsr olunmuş elmi məruzələr dinlənilib,  musiqi əsərləri səslənib, xalq sənəti örnəkləri sərgilənib. Eləcə də  müxtəlif ölkələrdən tədbirə dəvət edilən  şairlərin əsərlərindən ibarət  stendlər hazırlanıb, onlar öz stendlərində oxucular üçün kitablarını imzalayıblar.

1-ci Uluslararası Çukurova Şeir Günlərinin lk günü bütünlükdə xalq şeirinə həsr edilib.  İkinci günündə isə Çukurova Universiteti Mithat Özsan Amfiteatrında 21 Mart Dünya Şeir Günündə ənənəvi və müasir poeziya nümayiş olunub. Müxtəlif ölkələrdən alimlərin, şairlərin, aşıqların iştirak etdiyi 1-ci Uluslararası Çukurova Şeir Günləri tədbirində 21 Mart Dünya Poeziya Günü münasibətilə  təşkil edilən "Ənənəvi və müasir şeir" başlığı altında keçirilən şeir günlərində  şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru Təranə Turan Rəhimli çıxış edib və şeirlərini oxuyub. O, nitqində qeyd edib: "Gözəllik dünyanı xilas edəcək deyimi var. Mənə görə ən ali gözəllik şeirdir,  çünki o insan qəlbinə və ruhuna dərindən təsir edə bilir, könlümüzün ən zərif tellərinə toxunur,  şüurları təzələyir. Buna görə də dünyanı şeir xilas edəcək. Ədəbi dostluqlar xalqların dostliğunu möhkəmləndirərək bəşəriyyəti sülh yoluna çıxaracaq. Şeir məhz belə bir gücə malikdir."

Təranə Turan Rəhimlinin  44 günlük Vətən müharibəsinin yaşatdığı zəfər həyəcanı ilə yazdığı, eləcə də türkçüıük, turançılıq mövzusunda qələmə aldığı şeirləri  dinləyicilərin sevgi və rəğbəti ilə qarşılanıb. Əsrin faciəsi sayılan, Türkiyədə şəhərləri viran qoyan 6 fevral zəlzələsi ilə bağlı  

"Bu gün onuncu gündür" şeirinin hüzn, kədər dolu misraları isə iki xalqın xeyirdə, şərdə birliyinin,  Azərbaycan-Türkiyə qardaşlığının bariz örnəyi kimi dərin duyğular yaşadıb.  Türkiyəli şair və araşdırmaçı, Prof. Dr. Metin Turan "Günümüzdə Anadolu xalq şeiri" mövzusunda məruzəsi, ədəbi söhbətləri və şeirləri ilə tədbirə xüsusi rəng qatıb.

Prof.Dr. Salahaddin Bekki, Prof.Dr.Refiye Okuşluk Şenesen, Dos.Dr. Esra Tarhan, Dos.Dr. İsmail Şenesen, Dos.Dr. Ayhan Karakaş, Dr.Zekiye Çağımlar "Aşıq şeiri ənənınin izində" adlı paneldə maraqlı elmi mərizələrlə çıxış ediblər. Aşıq Mədəni Karataş və Ozan Dertli Polatın deyişmələri salonun gur alqışları ilə qarşılanıb. Aşıq Veysəlin sazını səhnəyə gətirib həmin sazı sevgi və sənət məsuliyyəti ilə dilə gətirən, ifasıyla əlindəki müqəddəs əmanətin haqqını verən Şentürk İyidoğan iştirakçıları heyran edib.

Şair və tərcüməçi Aytekin Karacaçoban bir-birindən dərin fəlsəfi anlamlı şeirləri və fransız dilindən bədii tərcümələri ilə iştirakçıların diqqətini cəlb edib. Fransız şairləri və tərcüməçiləri Sylvain Cavailies, Claire Lajus həm fransızca, həm də türkcə şeirlərini səsləndiriblər. İstanbul Universitetinin müəllimi olan Claire Lajus araşdırmaları və pedaqoji fəaliyyəti ilə türk gəncliyinin həyatına təsirini, Sylvian Cavailies isə tərcümələriylə Türkiyə əsəbi həyatına qatqılarını nəzərə çatdırıb. Hər iki fransız şairin türkcə təmiz, aydın nitqi xüsusi rəğbətlə qarşılanıb.

Tanınmış şairlər Nisa Leyla, Demet Duyuler,  Taner Cindoruk, Haydar Ünal, Bilge Karqa, Seval Arslan, Duran Aydın, Bahar Faris, Ayfer Karakaş, İlhan Kemal, M.Demirel Bahacanoğlu, Mustafa Özke, Durmuş Ali Özkale, Neslihan Dağlı, Ruhan Mavruk, Hülya Başak Ekmekçi şeirlərini oxuyublar.

Tədbirin sonunda iştirakçılara plaketlər və təşəkkürnamələr təqdim edilib.

Tədbir çərçivəsində Çukurova Universiteti şəhərciyini gəzən, Seyhan su hövzəsinin əsrarəngiz mənzərəsinə heyran qalan iştirakçılar  Fən Ədəbiyyat Fakültəsini də ziyarət ediblər. Prof. Dr. Bedri Aydoğan, Prof. Dr. Ayşehan Deniz Abığa, universitetin İnzibati İşlər Müdiri Demet Duyuler zəngin kitabxanası ilə diqqəti çəkən, qədim milli  əşyaları ilə muzeyi xatırladan otaqlarında şairləri qonaq ediblər.

Poeziya günləri qapanış ziyafəti və şəhər gəzintisi ilə başa çatıb. Adanada gerçəkləşən, öz işini uğurla başa çatdıran  1-ci Uluslararası Çukurova Şeir Günləri iştirakçıların yaddaşında dərin iz buraxıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.03.2025)

 

 

Bu il Üzeyir məktəbinin yetirməsi, Xalq artisti, professor, görkəmli bəstəkar Əşrəf Abbasovun anadanolmasının 105 illikyubileyitamamolur. Bumünasibətlə CəfərCabbarlı adınaRespublikaGənclərKitabxanasındabəstəkarınhəyatvə yaradıcılığındanbəhsedənvirtualkitabsərgisihazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.

Materialda görkəmli bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafında olan danılmaz xidmətləri, bəstələdiyi müsiqi əsərləri, Azərbaycan musiqi mədəniyyətində uşaqlar üçün yazılan ilk böyük səhnə əsəri “Qaraca qız” baletinin müəllifi olması qeyd edilir. Virtual kitab sərgisində zəngin yaradıcılığa malik Əşrəf Abbasovun müəllifi olduğu mahnı və romanslar, skripka, violonçel, fortepiano, nəfəsli alətlər, kamera ansamblı, xalq çalğı alətləri orkestri, habelə xor üçün bəstələdiyi əsərlər haqqında məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Xalq artisti Əşrəf Abbasovun həyatı, yaradıcılığı, elmi fəaliyyəti haqqında kitablar,  müxtəlif janrlı not-musiqi əsərləri, filmlər və tamaşalar üçün bəstələdiyi not məcmuələri, onun haqqında dövri mətbuatda çap olunan məqalələrdən nümunələr nümayiş olunur.

 

“Ədəbiyyat və incəsənət”

(24.03.2025)

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

 Azərbaycanda gündəm xəbərlərini oxumaq dəhşətlidir. Bəzi xarici ölkələrin gündəmini izlədikdə görürük ki, texnoloji, arxeoloji, kosmoloji kəşflər həyata keçirilməkdədir. Marsda koloniyalar yaratmaq istəyi, beyin üçün nəzərdə tutulmuş Neuralink çipləri və daha başqaları...

 

Bir sözlə, fantastik filmlər zaman keçdikcə reallığa çevrilir. Bunlar ürəkaçan, sevindirici xəbərlərdir. Hətta insanda gələcəyə və yaşamağa olan ümid daha da alovlanır.

İndi isə ürək ağrıdan, ümid alovunun küləklərlə üz-üzə qaldığı məqamı qeyd edəcəyəm. Azərbaycanınsa gündəm xəbərləri bunlardır: 13 yaşlı uşaq dünyaya uşaq gətirir, bir "ana" öz övladını günlərlə evdə ac-susuz saxlayır, selektiv abortlar baş verir, statistik göstəricilər bizə alimenti bir biznes növü kimi təqdim edir, qapı ağzında, zibillikdə körpələr tapılır və daha nələr...

Burada çox qəribə bir ədalət paradoksu ortaya çıxır. Uşaq sahibi olmaq üçün illərlə səbrsizliklə gözləyən, həkim növbələrində saatlarla vaxt keçirən, falçılara ümid bağlayan, tale sınağı kimi bunu qəbul edib onlarla dini ziyarətgaha gedən insanlar gözardı edilir. Bioloji analıq funksiyasını sadəcə yerinə yetirənlər isə insan taleyi ilə oynayır, körpələri zibilliyə, qapı arxasına ataraq onları məhvə sürükləyirlər.

İndi bir cümlə yazacağam, cümlədəki qəribəliyi müşahidə edin: 13 yaşlı uşaq dünyaya uşaq gətirib. Bir cümlədə iki dəfə uşaq ifadəsi işlədilib. Bilirsiniz, bu ifadə insanda hansı təsəvvürü yaradır? Sanki bir uşağın qucağından gəlincik zorla alınır və yerinə körpə uşaq verilir. Bax, bu əsl dəhşətdir.

Bu cür hadisələrə fikir bildirmək üçün gərək yetərincə soyuqqanlı olasan. Çox təəssüf ki, mən bunu bacarmıram...

 

“Ədəbiyyat və incəsənət”

(24.03.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı siyasi icmalçı Asif Şəfəqqətovun Türkiyə olaylarına  verdiyi şərhi sizlərə təqdim edir. 

 

Məncə, Ekrem İmamoğlunun həbs edilməsi yalnız 2028-ci il prezident seçkilərində potensial rəqibin aradan götürülməsi kimi şəxsi məsələ ilə bağlı deyil. Axı seçkilərə azı 2,5 il (2027-ci ildə növbədənkənar keçirilərsə) qalıb. Siyasi oyunlarda böyük təcrübəsi olan Erdoğan bilməmiş deyildi ki, İmamoğlunun bu şəkildə siyasi səhnədən götürülməsi böyük etirazlara səbəb olacaq. Bəs niyə bu addımı atdı?

 

Gəlin, məsələyə Türkiyənin yalnız içindən baxmayaq.

Bilirsiniz ki, hazırda dünyada trampçılarla (suverenistlərlə) qlobalistlər arasında böyük qarşıdurma var. Trampçılar dünyada azlıqda olsalar da (ABŞ-ın özündə belə onlara qarşı dayanan böyük qlobalist güclər var) ABŞ-ın böyük dövləti gücündən (pul, ordu, xüsusi xidmətlər və s.) istifadə etmək imkanları var. Qlobalistlər isə Aİ-də və Britaniyada hakimiyyətdədirlər. Qlobalistlər daha çoxsaylı olsalar da ABŞ-a qarşı zəif mövqedədirlər (o qədər pulları və güclü orduları yoxdur). Trampçılar və qlobalistlər arasında mübarizənin nəticəsi həm bir çox transmilli korporasiyalar, həm də Avropa ölkələri (Britaniya, Frana, Almaniya, Polşa) üçün həyati məsələdir.

Belə bir vəziyyətdə Avropa birdən-birə Türkiyəni "əzizləməyə" başladı. Avropa liderlərinin (qlobalistlərin) 2 mart London sammitinə Erdoğnın dəvət edilməsi (https://www.facebook.com/share/p/1ELec7aepF/) artıq bir siqnal idi: "Bizə qoşul". Erdoğan sammitə Hakan Fidanı göndərdi. Bununla o bildirdi ki, tərəf seçmək istəmir, çünki bu mübarizədə kimin qalib gələcəyinə əmin deyil. Ağıllı addım idi.

Qlobalistlərə isə Türkiyənin onların tərəfinə keçməsi çox vacibdir: Türkiyə NATO-da 2-ci ən güclü orduya malikdir. Türkiyəsiz qlobalistlərin trampistlərə məğlub olması labüddür. Buna görə də onlar "kökə" metoduna əl atdılar. 

12 martda Polşanın (Britaniyanın nəzarətində olan ölkə) baş naziri Donald Tusk zədəli ayaqla Ankaraya gəldi və bəyan etdi ki, biz Türkiyənin Aİ-yə üzv olmasını dəstəkləyirik. Əlbəttə, o yalnız Polşanın adından danışmırdı. Xatırladıram ki, Türkiyə 1999-cu ildən Aİ üzvlüyünə namizəddir və onun nə vaxtsa üzv seçiləcəyinə heç kim inanmırdı. İqtisadi vəziyyətinin gündən-günə pisləşdiyi və geosiyasi məsələlərdə Aİ ilə fikir ayrılığının daha da artdığı bir vaxtda Aİ Türkiyəyə qarşı niyə belə "yumşalmalı" idi?!

Bu oyunda "kökə" nədir? 500 milyon nəfərlik premium Aİ bazarı. 

Bəs bu "kökə"yə görə Türkiyə nə verməlidir? Öz ordusunu Aİ-nin sərəncamına verməlidir. Aİ isə ondan Ukraynada və Qara dənizdə Rusiyaya qarşı, Qrenlandiyada ABŞ-a qarşı və s. istifadə edə bilməlidir. "Dəvəni toya niyə çağırarlar? Odun daşmağa, su daşımağa."  

Türkiyə ordusu onillər boyu ABŞ-ın Orta Şərqdə "dəyənəyi" olmuşdu. Erdoğan uzun mübarizədən sonra bu "dəyənəyi" ABŞ-ın əlindən ala bildi. İndi onu Aİ-nin əlinə verə bilərdimi?!

Erdoğan əvvəllər Türkiyənin Aİ-yə üzv olması üçün çox çalışıb, lakin indi də bunu istəyirmi? Aİ-nin taleyi sual altındadır. Tramp bütün Aİ məhsullarına qarşı aprel ayından azı 25% tarif sanksiyaları tətbiq edəcəyini bəyan edib. Aİ-nin daxili bazarı isə daralmaqda davam edir. Yəni hazırda Aİ üzvlüyü müsbət iqtisadi perspektivlər vəd etmir. Bundan başqa, Aİ-yə üzv olarsa, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmalıdır, Kipr və adalar məsələsində Yunanıstana güzəştə getməlidir, Cənubi Qafqaz iddialarından (Fransanın xeyrinə), həmçinin Azərbaycana hərbi-siyasi dəstəkdən əl çəkməlidir, İrana qarşı sanksiyaları dəstəkləməlidir və s.

Aydındır ki, Aİ-nin təklifi Erdoğanı sevindirmədi. Çüman ki, o, Tuska Aİ-nin istədiyi cavabı verməyib. Bəs bu halda Aİ nə etməlidir? Aİ-nin A planı Erdoğanın təklifə razılığını almaq idisə, bunun baş vermədiyi hal üçün B planı da olmalı idi. Rumıniya hadisələri göstərdi ki, qlobalistlər suverenistlərə qarşı hər qanunsuzluğa hazırdırlar.

Yuxarıda qeyd etmişdim ki, bu onlar üçün həyati məsələdir. Lazım gəlsə, siyasi sui-qəsdlərə də gedəcəklər. Bunları da görəcəyik.

Erdoğan başa düşür ki, Aİ-nin "kökəsinə" etiraz etsə, "kötəyini" dadmalı olacaq. Bəs Aİ-nin "kötəyi" nədir? Türkiyənin qərbpərəst, daha doğusu, qlobalist müxalifəti. Erdoğan suverenistlər cərayanına aiddir. Elə bu baxışlarına görə o, qlobalistlər üçün arzuolunan fiqur deyil. Aydındır ki, Erdoğanın Aİ-nin təklifinə qəti etiraz etməsi Gürcüstandakı kimi Ankara, İstanbul və İzmirdə (qlobalistlərin güclü olduğu şəhərlərdə) "Maydan"ların yaranmasına səbəb olacaqdı (Tiflisdə də əhali eyni bahanədən qaldırılmışdı). Ukraynadakı kimi zor yolu ilə hakimiyyəti devirib, İmamoğlunu hakimiyyətə gətirə bilərdilər – onsuz da onun əhali arasında reytinqi yüksəkdir. Onun keçid hökumətinə müvəqqəti rəhbərliyini Aİ tanıyacaqdı. İmamoğlu 3-4 ay sonra növbədənkənar prezident seçkiləri keçirəcək və təbii ki, əhalinin böyük sevinci ilə qalib gələcək və legitim prezident olacaqdı. Buna görə o həm də Aİ-yə minnətdar olacaqdı. Aİ-yə də bu lazım deyildimi?! Türkiyə əsgərləri isə qlobalistlər üçün qurban gedəcəkdi – amma bunu əhali gec anlayacaqdı.

Erdoğan hadisələri qabaqladı – zərbəni birinci endirdi. Potensial "Maydan"ın şəksiz liderini (İmamoğlunu) həm fiziki (həbs), həm də hüquqi (diplomun ləğv edilməsi) zərərsizləşdirdi. "Maydan"a rəhbərlik edə biləcək 2-ci, 3-cü dərəcəli yüzə yaxın liderləri də həbs etdi. Əlbəttə, bunlar qeyri-demokratik, avtoritar addımlar idi. Amma indi harada demokratiya var ki?! Məsələ dövlətin taleyinə gələndə demokratiya yada düşən ən axırıncı məsələ olur. 

Soruşa bilərsiniz ki, bəs Erdoğan İmamoğlunun tutulacağı halda baş verə biləcək xalq etirazlarından qorxmurdumu? Məncə, o bunu da planında nəzərə alıb. Xalq etirazları da bütün proseslər kimi entropiya qanuna tabedir. Yəni təbii halda o yavaş-yavaş sönməlidir. Getdikcə vüsət alması üçün ona kənardan əlavə enerji verilməlidir (süni müdaxilə olmalıdır). "Maydan"larda həmin enerji puldur. İndiyədək "Maydan"ların enerji mənbəyi, əsasən, USAID olmuşdu. USAID artıq ləğv edilib. Tramp da Türkiyədə qlobalistlərin hakimiyyətə gəlməsində maraqlı deyil. Düzdür, Aİ də "Maydan" üçün büdcə ayıra bilər və yəqin ki, ayıracaq, lakin Aİ-nin "Maydan"a USAID qədər büdcə ayırmaq imkanı yoxdur. Yəni Erdoğan ümid edir ki, küçə etirazları uzun çəkməyəcək, əhalinin qəzəbi soyuduqca küçələr boşalacaq.

 

P.S. Məsələyə daha da dərindən (ABŞ-ın, Rusiyanın, İsrailin, İranın hadisələrdə rolları və mövqeləri və s.) baxmaq olardı, amma onlar bu məsələdə həm 2-ci planda oynayırlar, həm də o halda yazımız həddən çox uzanardı.

P.P.S. Bu yazıda məqsədim Erdoğana haqq qazandırmaq deyil (mənim də onunla razılaşmadığım çox məqamlar var), Türkiyədə baş verən hadisələrə alternativ baxış təqdim etməkdir.

P.P.P.S. Bu yazımda sadəlik üçün qlobalistlər yazmış, lakin əslində ultraqlobalistləri nəzərdə tutmuşam.

 

“Ədəbiyyat və incəsənət”

(24.03.2025)

Понедельник, 24 Март 2025 18:11

Unudulmuş Osmanlı hökmdarı – SULTAN II SÜLEYMAN

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 


“Türklərin tarixi” – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu dəfə sizlərəOsmanlı tarixinin çox süst, uğursuz bir dövrü və o dövrdə hakimiyyətə gəlmişSultan II. Süleyman barədə danışacağıq.

 

Unudulmuş Osmanlı hökmdarı Osmanlı tarixində ən az tanınan sultanlardan biri II. Süleymandır. O, məşhur Qanuni Sultan Süleyman ilə qarışdırılmamalıdır. II. Süleyman Osmanlı taxtına 1687-ci ildə çıxsa da, onun hakimiyyəti bir çox baxımdan sönük olmuşdu və çox çətin dövrlərə təsadüf edirdi.

 

Taxta necə çıxdı?

II. Süleyman Sultan İbrahimin oğullarından biri idi və uzun illər boyunca Topqapı Sarayında təcrid həyatı yaşamışdı. O, taxta çıxdıqda artıq 45 yaşında idi, Osmanlı tarixindəki ən yaşlı taxta çıxan sultanlardan biri idi. Əmisi Sultan IV. Mehmedin taxtdan endirilməsindən sonra Osmanlı dövləti böyük xaos içində idi və yeni hökmdarın dövləti idarə edə biləcək gücdə olub-olmadığı sual altındaydı.

 

Dövlətin çətin vəziyyəti

II. Süleyman taxta çıxanda Osmanlı dövləti həm daxili çəkişmələrdən laxlayırdı, həm də xarici düşmənlər tərəfindən sıxışdırılırdı. Avropada Osmanlı ordusu ard-arda məğlubiyyətlər alırdı. Xüsusilə 1683-cü ildə Vyana mühasirəsinin uğursuzluğundan sonra Osmanlıya qarşı qurulan Müqəddəs İttifaq (Avstriya, Rusiya, Polşa və Venesiya) Osmanlı torpaqlarına ağır zərbələr endirirdi.

Onun hakimiyyəti dövründə:

 • Avstriyalılara qarşı mübarizədə Osmanlı ard-arda torpaq itirdi.

 • Makedoniya və Balkanlarda üsyanlar başladı.

• Dövlətin iqtisadiyyatı zəifləməyə davam etdi.

 

İslahatlar və cəhdlər

II. Süleyman dövlətin vəziyyətini düzəltmək üçün Köprülü Fazıl Mustafa Paşanı sədr-əzəm təyin etdi. Fazıl Mustafa Paşa güclü bir idarəçi idi və Osmanlını düşdüyü bataqlıqdan çıxarmaq üçün bir sıra islahatlar həyata keçirdi. Ordunu yenidən təşkil etdi və dövlət xərclərini azaltmağa çalışdı.

 

Ölümü və mirası

II. Süleymanın cəmi 4 illik hakimiyyəti (1687-1691) böyük uğurlar gətirməsə də, onun dövründə Köprülü sülaləsinin güclənməsi Osmanlı üçün bir az da olsa sabitlik yaratdı. O, 1691-ci ildə vəfat etdi və yerinə qardaşı II. Əhməd keçdi. Baxmayaraq ki, II. Süleyman böyük bir fəthçi və ya güclü bir sultan kimi tanınmır, onun dövrü Osmanlı tarixinin dönüş nöqtələrindən biri idi. Osmanlı bu illərdə zəifləməyə başlamış, lakin Köprülü sülaləsinin idarəçiliyi ilə dövlət müəyyən qədər özünü toparlamışdı. Bu sultan haqqında tarix kitablarında az məlumat olsa da, onun hakimiyyəti Osmanlının çətin dövrlərinin anlaşılması üçün vacib bir mərhələdir. O da özündən öncəki bir çox sultanlar kimi sələflərinin etinasız və yanlış alınmış dövlət əhəmiyyətli qərarlarının qurbanı olmuş sultanlardan biri idi.

 

“Ədəbiyyat və incəsənət”

(24.03.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Xoyda yaşayan Məryəm Qurbanzadədir.

 

Məryəm Qurbanzadə

Xoy

 

 

IV

Güzgüdəki pəncərənin yalqızlığını

Kim quylayacaq?

Düşündüm və

Qürbətdən sonra gələn adım kimi

Həsrətə topladım saçlarımı.

Oturdum

Tikə parça yaşadığım özümü

Tikiş tikdim oğlumun həyatına.

Gözlərimdə titrəyən qorxunun adını

Qadın qoydu tanrı.

Ağladıqdan sonra gülümsədim buna, evi yığışdırıb,

Göz yaşlarımı açıqladım pəncərələrə

Bir ibkisin ayaqlarına yapışıb sürüklənən ömrümə

Göyü açıqladım,

Səssizliyində qanad qucaq açdı sanki.

Durdum

Getməməyə

Ümid verdim

Yenə.

 

“Ədəbiyyat və incəsənət”

 (24.03.2025)

 

Понедельник, 24 Март 2025 17:04

BİZİM KİNO - “Hökmdarın taleyi”

 

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

 2008-ci ildə rejissorlar Ramiz Fətəliyev və Dilşad Fatxulinin lentə aldığı “Hökmdarın taleyi” filmi Azərbaycan tarixinin ən çətin və mürəkkəb dövrünü əhatə edir. Ekran əsəri dövlətçilik tariximizin qapalı məqamlarının öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir. Böyük dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” faciəvi pyesinin motivləri əsasında çəkilən filmin ssenari müəllifi yazıçı-dramaturq Elçin Əfəndiyevdir.

 

Mürəkkəb süjet xətti olan, gərgin dramatizmi ilə fərqlənən film Şəkidə çəkilmişdir. Film hökmdarın siyasi meydanda tənhalığı haqqındadır və bu problem dövlətçilik problemidir. İbrahimxəlil xanın apardığı siyasətlə ətrafı heç cür razılaşmır və sonda bu onun tək qalmasına və ailəsi ilə birlikdə qətlinə gətirib çıxarır. Bu filmin çəkilməsində əsas məqsəd cəmiyyətə xanlıqlara parçalanan bir dövlətin var olma mücadiləsi zamanı torpaqlarının ona düşmən olan Rusiya və İran kimi iki nəhəng imperiya tərəfindən zəbt edilməsini göstərmək və insanlara dostunu və düşmənini ayırd etməsini təlqin etməkdir.

Bir tərəfdən Qarabağ xanlığının işğal və məhv edilmə təhlükəsi, digər tərəfdən isə o dönəm bölgənin Şuşadan sonra ən tarixi və görkəmli şəhərlərindən olan Gəncənin işğal edilmə təhlükəsi ilə üz-üzə dayanan bir dövlətdə aclıq və qıtlıq üçüncü bir tərəfdən başa bəla olmuşdu. Bunu fürsətə çevirmək istəyən Rus çarı I Aleksandr general Sisianova Gəncənin tez bir zamanda işğal edilməsini və adının dəyişdirilərək Yelizavetpol qoyulması barədə əmr verir. Aclıq və qıtlıq hər nə qədər dizboyu olsa belə heç kim vətənin dar günündə silahını atıb geri çəkilməzdi və çəkilə bilməzdi də. Nəticədə hər kəs “madam ki, qismətimizdə ölüm var, canımızı döyüş meydanında verəcəyik” deyib düşmənlə son ana qədər vuruşdu. Və son olaraq böyük Gəncə şəhərinin xanı Azərbaycan ordusunun sərdarı və sərkərdələrindən olan Cavad xan geri addım atmadı və canını təslim edənə qədər vuruşdu.

Gəncənin işğalından sonra Rus imperiyasının növbəti hədəf Qarabağ xanlığı və xanlığın baş şəhəri olan Şuşa idi. Şuşanın adı gələndə düşmənlərin ağzı boş yerə sulanmırdı. Gözəl təbiəti, gəzməli-görməli yerləri, valehedici görkəmi və.s xüsusiyyətləri düşmənlərin iştahını qabartmaya bilməzdi. İlk həmlə İran şahı Ağa Məhəmməd Şah Qacardan gəldi və İbrahimxəlil xanı özündən aslı vəziyyətə saldı. Bu ölkəni hər zaman azad və abad görməyə alışıq olan şair və eyni zamanda İbrahimxəlil xanın vəziri Molla Pənah Vaqif I Yekaterinaya məktub yazaraq İran ordusunun bölgədən çıxarılması üçün kömək istədi. Bunu eşidən Ağa Məhəmməd Şah Qacar böyük bir ordu toplayaraq Şuşaya yürüyüş etdi və Qarabağ xanı İbrahimxəlil xan taxt-tacını ataraq qaçdı. Ancaq Molla Pənah Vaqif sağ ələ keçirildi. İran şahı qarşısında qorxmazlığı və baş əyməməyi Qacarı bərk qəzəbləndirdi və onun sübh tezdən edam edilməsi barədə əmr verdi. Lakin Qacarın vəziri onu bu qərardan geri döndərdi. Çünki Molla Pənah Vaqif xalqın sevib saydığı şəxslərdən idi, onun edam edilməsi Qacarın bir milləti qarşısına almasına bərabər idi.

Sonda Qacar öz əsgərləri tərəfindən xaincəsinə öldürüldü. İbrahimxəlil xanın soyundan gələn Məhəmməd Cavanşir taxta keçdi və Molla Pənah Vaqifi oğlu ilə birlikdə edam etdirdi.

Mövzunu toparlasaq, görürük ki, insan dostunu və düşmənini seçə bilmir. İstər dövlət olaraq, istərsə də fərd olaraq, sənə ziyan verəcək biri ilə münasibət qurmaq köynəyin düymələrini yanlış ilmələmək kimidir. Əvvəldən yanlış olduğunu axıra çatmayana qədər anlamırsan.

Bu həyatda çalışın, dostunuzu da, düşməninizi də doğru seçəsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(24.03.2025)

 

Понедельник, 24 Март 2025 11:28

"Oxu!" – Bəşəriyyətin şüur inqilabı

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Giriş: Sözün və Vəhyin Gücü

 

İnsan tarixi boyunca inkişafının əsas qaynaqlarından biri bilik və oxumaq olmuşdur. İslamın ilk vəhyi olan “Oxu! Səni yaradan Rəbbinin adı ilə oxu!” (Ələq, 96:1) ayəsi isə bu anlayışı ilahi bir çağırışa çevirərək oxumağı, düşünməyi və elm axtarışını insan varlığının təməli kimi təqdim edir. Sadəcə bir söz – “Oxu!” – təkcə dini bir əmr deyil, eyni zamanda bəşəriyyətin intellektual inkişafının, elmi tərəqqisinin və mədəni yüksəlişinin açarıdır.

Bu məqalədə bu ayənin tarixi, fəlsəfi, elmi və bədii aspektləri araşdırılacaq, onun insan təfəkkürü və cəmiyyətin inkişafına təsiri müzakirə ediləcəkdir.

 

 

I. Oxumaq və Bəşəri İnkişaf

 

1. Yazının və Oxumanın Tarixi

 

Bəşəriyyət yazını və oxumağı kəşf etməklə öz biliklərini qoruyub saxlamış və gələcək nəsillərə ötürmüşdür. Şumer gil lövhələrindən tutmuş, Misir hiyerogliflərinə, Yunan fəlsəfəsinə və İslamın "Qızıl dövrünə" qədər oxumaq və yazmaq insan cəmiyyətlərinin inkişafında əsas rol oynamışdır.

İslamda ilk vəhyin oxumaqla başlaması təsadüfi deyil. VII əsr Ərəbistanı şifahi mədəniyyətə malik idi, yazılı bilik isə məhdud idi. Ancaq İslamın yayılması ilə kağız, kitabxanalar və təhsil sistemləri inkişaf etdi, bu da İslam dünyasının elmdə önə çıxmasına səbəb oldu.

 

2. Elm və İnkişaf – Qaranlıqdan İşığa

 

Oxumaq təkcə dini və mənəvi yüksəliş üçün deyil, həm də elmi tərəqqi üçün vacibdir. Keçmişdə bir çox sivilizasiyalar yazı və biliyin yayılması ilə yüksəldi:

Abbasilər dövründə Bağdadda qurulan "Beytül-Hikmə" (Hikmət Evi) dünyanın ən böyük elm mərkəzlərindən birinə çevrildi.

Əl-Xarəzmi riyaziyyatı inkişaf etdirdi, İbn Sina tibb sahəsində inqilab yaratdı, Əl-Biruni astronomiyanı irəli apardı.

 

Avropa Orta əsrlərində müsəlman alimlərin əsərləri tərcümə edilərək Renessansın əsasını qoydu.

Oxumaq və elmi araşdırmalar tarix boyu bəşəriyyəti qaranlıqdan işığa çıxaran vasitə olub.

 

II. Psixoloji və Fəlsəfi Aspektlər: Oxumağın İnsan Beyni Üzərində Təsiri

 

Müasir neyroelm sübut edir ki, oxumaq insan beynində dərin təsirlər yaradır:

Sinir əlaqələrini gücləndirir, beyində yeni neyron yolları yaradır.

Təxəyyülü genişləndirir, analitik düşüncəni inkişaf etdirir.

Empatiya və duyğu tənzimləməsini gücləndirir.

İbn Rüşdün "Ağlın inkişafı oxumaqla mümkündür" fikri bu gün psixologiya və sinir elmi tərəfindən təsdiq edilir.

Fəlsəfi baxımdan isə, "Oxu!" əmrinin ikiqat mənası vardır:

1. Sözün mənəvi və ilahi oxunuşu – İnsan Allahın kainatda qoyduğu işarələri oxuyaraq mənanı dərk edir.

2. Fiziki və dünyəvi oxunuş – İnsan bilik toplayaraq dünyanı anlamağa çalışır.

Bu da göstərir ki, insan həm ruhunu, həm də ağlını oxumaqla qidalandırmalıdır.

 

III. Bədii Perspektiv: Oxumaq və İncəsənət

 

Oxumaq insanın təkcə ağlını deyil, eyni zamanda onun ruhunu və incəsənət duyğusunu da qidalandırır. Böyük yazıçılar və şairlər öz yaradıcılıqlarında oxumağın və bilik axtarışının vacibliyini vurğulamışlar.

Dante'nin "İlahi Komediya”sı insanın mənəvi və intellektual yüksəlişini təsvir edir.

Nizami Gəncəvinin "Xəmsə"si, bilik və ədalətin insan həyatındakı yerini əks etdirir.

Fyodor Dostoyevski, romanlarında insanın daxili dünyasını anlamaq üçün fəlsəfi oxumağın vacibliyini vurğulayır.

"Oxu!" ayəsi sənət və ədəbiyyatın da mahiyyətinə toxunur. Çünki insan bədii əsərləri oxuduqca, gerçəkliyi daha dərin dərk edir.

 

IV. XXI Əsr və Oxumaq: Yeni Çağırışlar

 

Müasir dövr informasiya bolluğu və rəqəmsal sürət dövrüdür. Artıq oxumaq əvvəlki kimi deyil:

Sosial media və qısa məzmunlar insanların uzun məqalə və kitab oxuma vərdişlərini zəiflədir.

Süni intellekt və avtomatik bilik axını, insanların öz fikirlərini formalaşdırma ehtiyacını azaldır.

Bəs XXI əsrdə "Oxu!" əmrini necə dərk etməliyik?

1. Tənqidi düşünmək: Yalnız oxumaq kifayət deyil, oxunanı dərk edib analiz etmək lazımdır.

2. Dərin mənbələrə yönəlmək: Kitablar və akademik məqalələr qısa sosial media yazılarından daha çox bilik qazandırır.

3. Müasir texnologiyanı faydalı istifadə etmək: Audiokitablardan, elmi məqalələrdən və süni intellektdən düzgün istifadə oxuma prosesini daha effektiv edə bilər.

 

Nəticə: Oxumaq – İnsanlığın Ən Böyük Gücü

 

İlk vəhyi "Oxu!" olan bir dinin davamçıları olaraq, bizi digərlərindən fərqləndirən və yüksəldən şey oxumaqdır. Bilik əldə etməyi dayandırdığımız an bəşəriyyətin durğunluq dövrü başlayır.

Bu gün bu ayəni yenidən oxumaq və onun dərin mənasını dərk etmək bəlkə də insanlığın ən böyük ehtiyaclarından biridir. Çünki elmsiz iman kor, oxumaqsız düşüncə isə natamamdır.

Oxumaq – kainatı, insanı və Yaradanı anlamağın yeganə yoludur.

Elə isə, oxuyaq!

 

“Ədəbiyyat və incəsənət”

(24.03.2025)

 

 

 

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Hörmətli oxucu, yəqin ki, yadplanetlilər haqqında söz-söhbətləri Siz

də çox eşitmisiniz. Görəsən, başqa planetlilərdə də həqiqətən şüurlu canlılar varmı? Onların Yerə gəldikləri doğrudurmu? Danışa bilirlərmi? Əgər danışa bilirlərsə, dilləri Yer kürəsindəki hansı dillərə oxşayır?

 

Bu suallara olan marağım məni bəzi araşdırmalar aparmağa sövq etdi. Apardığım araşdırmalar zamanı məlum oldu ki, dinimizə görə, 18 min aləm var.   Quran təfsirçilərinin əksəriyyəti göylərdə və yerdə gəzib-dolaşan, bütün canlılar üçün tək olan Allaha həmd edən varlıqlar barədə ayələri izah edərkən yerdənkənar sivilizasiyaların mövcudluğunu inandırıcı sayırlar.

Amma bu gün uzaq planetlərdə həyatın olmasına inananlar çox olsa da, bunu cəfəngiyyat hesab edənlər də var. Yadplanetlilərin mövcudluğu kimlər üçünsə elmi fakt, bəzilərinə görə isə əfsanədir.

Fəqət Sokrat demişkən, “Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir”.  Bu səs mənə deyir ki, əgər  kainatda bu qədər qalaktika və saysız-hesabsız planetlər mövcuddursa, (Vanderbilt Universitetinin astronomiya üzrə dosenti və “Dinlər və Dünyadan Kənardakı Həyat” adlı kitabın müəllifi David Weintrauba görə, onların sayı 2045-ci ilədək bir milyona çata bilər) həmin planetlərin içərisində təkcə bizim planetdə canlı həyatın var olmasını iddia etmək düz olmaz.

Onu da deyək ki, digər planetlərdə həyatın olmasına inananların sayı getdikcə artmaqdadır. Artıq bir çox alimlər də dünyadan kənardakı həyatın mövcudluğu ilə bağlı cümlələri “əgər” ilə deyil, “nə zaman” ilə başlayırlar.   

Onlarla ekspert-araşdırmaçı, astrobioloq, planetoloq, astrofizik, astroloqYer kürəsindən kənarda həyatın olması fikri ilə razılaşırlar. Astrobioloq K.Horner isə tərəddüd etmədən deyir ki, “Heç inanmağım gəlmir ki, Yer kürəsi yeganə yaşayış məskənidir”.

NASA-nın “Vikinq” proqramında iştirak etmiş amerikalı professor C.Levin bildirirdi ki, hələ 1976-cı ildə ABŞ-ın eyniadlı kosmik aparatı Marsa enərkən orada şüurlu həyatı əks etdirən aşkar əlamətlər müşahidə edilmiş, bioloji həyat əlamətləri aşkara çıxarılmışdır. "The Guardian" yazırdı ki, alimlər Balıqlar bürcündə ölçücə Yer planetinə bənzəyən 7 yeni planet kəşf ediblər. Onların fikrincə, bu planetlərdən bəzilərində həyatın mövcud olması tamamilə mümkündür. Vaxtı ilə Marsda Misirdəki kimi Sfinksin olduğunun “isbat olunması” barədə olan söyləntilər, kosmosun dərin qatlarından qeyri-adi siqnalların alınması və s. kimi faktlar da bu inamı artırır. İlk dəfə Aya gedən insan – N.Armstrong yadplanetlilərin gerçək olduğunu söyləyirdi. 2008-ci ildə “Apollon 14” kosmik gəmisi ilə aya gedən dr. E.Mitchell də yadplanetlilərin gerçək olduğu barədə deyilənləri təsdiq edirdi. Mətbuata açıqlama verən E.Mitchell həm də yadplanetlilərin düşmən olmadığını vurğulayırdı. 

Bəs görəsən, yadplanetlilər bizim yaşadığımız dünyaya gerçəkdən də səyahət edirlərmi?  Bu barədə də fərqli fikirlər vardır. Uçan boşqablar, naməlum obyektlər (təbii xarakter daşımayıb, mistifikasiya faktı aşkar edilməyən qeyri-adi obyektlər), yadplanetlilərin müxtəlif faciələr (təyyarə və gəmi qəzaları, yanğın və s.) törətmələri, Misir piramidalarının onlar tərəfindən tikilməsi, Hindistanda 2 min il bundan əvvəl sanskrit dilində yazılmış yazılarda viman adı altında bir çox mifik uçan qurğular haqqında informasiya verilməsi, şumerlərin qızıl çıxarmaq məqsədilə ulduzlardan  gəlmiş Annunaki – yadplanetli qrupu tərəfindən yaradılması, İsa peyğəmbərin, Firon II Ramzesin yadplamentli olmaları, bir zamanlar Roma Papasının yadplanetlilərin varlığından xəbərdar olduğu, Xəzər dənizində yad planetlilərin bazasının olması, onların müxtəlif insanlarla görüşməsi, söhbətlər aparması, öz ideyalarını vətəkliflərini çatdırmaları, yadplanetlilər tərəfindən bəzi insanların oğurlanaraq onlara çip yerləşdirmələri  və s. söyləntilər bu ehtimalları daha da gücləndirir.

Hətta astroloq S.Rəhimli qeyd edir ki, “NASA-da qəzaya uğramış yadplanetli uçan boşqablar var... Hazırda mobil telefonlar, komputerlər, bir sözlə, bunların hamısı vurulmuş və ya qəzaya uğramış gəminin içərisindəki detalları araşdırarkən elmə əlavə olunaraq ixtira edilib".

Məşhur Amerika ufoloqu, professor A.Xaynek BMT-nin xüsusi siyasi komitəsindəki  çıxışında bunun reallığa çox-çox yaxın olduğunu bildirərək “Naməlum obyektlərin yüksək qalxma sürəti və manevretmə qabiliyyəti belə fikir yaradır ki, onlardan bir çoxu avtomatik və çox güman, məsafədən idarə olunur. Məhz bu cəhət yadplanetlilərin lap yanımızda olmasını ehtimal etməyə imkan verir,”- demişdi. Bir sıra tədqiqatçılar yadplanetlilərin Yerə gəldiklərini və ya çox yaxınlaşdıqlarını qətiyyətlə söyləyirlər. Yadplanetlilərin həyat tərzi və antik mədəniyyətlərdən bəhs edən "Tanrının maşınları" adlı kitabın müəllifi, isveçrəli yazar E.V.Daniken yadplanetlilərin ilk gəlişlərinin daş dövrünə təsadüf etdiyini bildirir. O qeyd edir ki, əcdadlarımız “onları tanrı hesab etdilər... Bu tanrılar günümüzdəki etnoqraflar kimi davrandılar. Bir neçə qəbiləni araşdırdılar, bir neçə dil öyrənib tövsiyələr verdilər. Bir müddət sonra gələcəkdə bir daha geri gələcəklərinə dair söz verdilər".

Astroloq F.Qurbansoy deyir ki, "Yad planetlilərin yer planetinə gəlməsi mövcuddur”. Azərbaycan əsilli ABŞ-da aerokosmik mühəndisi, NASA-da şöbə müdiri işləyən Allen Mirqədirov da müsahibələrinin birində müxbirin “Uzaq bir yerdə insanların yaşadığı bir qalaktikanın mövcudluğuna inanırsınız?” sualına belə cavab vermişdi: “İnanıram ki, digər planetlərdə və qalaktikalarda da insanlardan fərqli bir formada olsa da, həyat var... İnanıram ki, yadplanetlilər mövcuddur və keçmişdə onların bir neçə qrupu yerə baş çəkiblər. Bu barədə hər bir qitədə çoxlu tarixi sübutlar mövcuddur”.

 

Nəhayət, yazımızın ən maraqlı hesab etdiyimiz bölümünə gəlib çatdıq. Görəsən, Yerə gəlib çıxan bu yadplanentlilər danışmaq qabiliyyətinə malik olublarmı? Dilləri Yer üzərindəki hansı dillərə oxşardır? Bəri başdan deyək ki, bəli, yadplanentlilərin içərisində nitq qabiliyyəti olanlar da var. Amma dillərinin Yer üzərindəki hansı dillərə bənzədiyi barədə tam və tutarlı ortaq fikir yoxdur. 

LAKİN ÇOX MARAQLI BİR FAKT VAR! Belə ki, İspaniya gizli xidmətinin illər öncə dərc etdiyi bir hesabatda deyilir ki, günəşdən 4,3 işıq ili uzaqlıqda yerləşən "Alpha Centuari" adlı planet sistemində yaşayan yadplanetlilər türkcəyə bənzər bir dildə danışırlar. Hesabatdakı maraqlı tapıntılar arasında müşahidə olunan UFO hadisələri ilə yanaşı, şahidlərin türkcə və digər dillərdə eşitdiyi səslərin də təsnifləşdirilməsidir. Hesabata görə, əsrlərdir dünyanı uçan naməlum obyektlər (UNO) vasitəsilə ziyarət edən bu “yadplanetlilər iki növdə olurlar. Onlardan biri insana çox yaxın xüsusiyyətlər daşıyır. Bu cinsin çox yüksək texnologiyaya malik olduğu da təsdiqlənib. Yadplanetlilərin tələffüzü türkcəyə bənzəyən bir dildədir", - deyə hesabatda bildirilib. Hesabatın ABŞ-ın kəşfiyyat mənbələrinə və UFO müşahidələri zamanı şahidlərin verdiyi ifadələrə əsasən hazırlandığı qeyd olunur.

Xüsusi olaraq qeyd edirik ki, yadplanetlilərin dilinin Yer dillərindən ancaq türk dilinə bənzərliyi hələlik müəyyən olunmuş yeganə faktdır. Təəssüf ki, bəzi ağzıgöyçəklər bu fikri və iddianı məsxərəyə qoyurlar. Birincisi, onlar anlamırlar ki, burda söhbət yadplanetlilərin türkcə yox, “tələffüzü türkcəyə bənzəyən bir dildə” danışdıqlarından gedir. İkincisi, yenə də anlamırlar ki, onların “tələffüzü türkcəyə bənzəyən bir dildə” danışmaqlarının özü də  “Tanrı ərmağanı olan türk dili”miz üçün fəxarətdir.  

CNI-nin bu hesabatı həm də türk mədəniyyətinin və mifologiyasının yadplanetlilərlə mümkün əlaqələrini də ortaya qoyur. Axı bir çox türk mifologiyasında tanrılarla ünsiyyət, göydən gələn varlıqların insanlara təsiri kimi mövzular var. Bizcə, türk mifoloji mətnlərindəki bu motivlərdə  “çəyirdək qədər də olsa, tarixi gerçəklik var”. Bu mənada AB-də keçirilən UFO konfransında çıxış edərkən “Türk UFO alimi” F.Yurdözünün türk sivilizasiyasının yadplanetlilər tərəfindən qurulduğu, Göktürklərin yadplanetli olduğu, yadplanetlilərin türklərlə ortaq irq formalaşdırması barədəki iddiaları qəribliyə salınmalı deyil.

Günəş Dili Nəzəriyyəsinin türk versiyasına görə, yer üzündə danışılan bütün dillərin ortaq əcdadı türk dilidir. “Türk dili Daş-Mədən dövründə köç yolu ilə dünya dillərinə mədəniyyət sözlərini yayan böyük qədim mədəniyyət dilidir”. Yer üzündə danışılan ən qədim və geniş yayılmış dil türk dilidirsə, yad planetlilərin “tələffüzü türkcəyə bənzəyən bir dildə” danışması niyə təəccüblə qarşılansın ki?

Küllü-aləmi yoxdan var edən ulu Tanrı bütün şüurlu canlılara (o cümlədən yadplanentlilərə) dil–danışmaq qabiliyyətini ümumi prinsiplər əsasında vermişdir (Dillərin yaradılmasına dair ilahi (teoloji) nəzəriyyə).

 “Quran”ın “ər-Rum” surəsinin 22-ci ayəsində deyilir: “Onun ayələrindəndir göylərlə yerin yaradılışı, dillərinizin, rənglərinizin müxtəlifliyi. Bunda, şəksiz, ayələr var bilənlərə”. Göründüyü kimi, bu ayə dillərin hamısını eyni statusda təqdim edir. Bütün milli dillər Tanrı zəmanətində olduğundan müqəddəslik statusuna malikdir. O cümlədən yadplanetlilərin dilləri də.

N.Comsky kimi bəzi aparıcı dilçilər, həm Yer üzərində işlədilən, həm də yadplanetlilərin istifadə etdiyi dillərin "ümumbəşəri qrammatika" prinsiplərini ehtiva edə biləcəyini düşünürlər. Bu fikri dəstəkləyənlər, dünyadan kənar varlıqların istifadə etdiyi dilin bizim dillərimizə bənzər qrammatik quruluşa malik ola biləcəyini proqnozlaşdırırlar. Bunları nəzərə alan N.Comsky və J.Vatumull Los-Ancelesdə keçirilən Beynəlxalq Kosmik İnkişaf Konfransında deyirdilər ki, "Qəribə görünsə də, Mars dili insan dilindən o qədər də fərqli olmaya bilər".

Yadplanetlilərlə əlaqə saxlamaq üçün əvvəl kosmosa göndərilən mesajlarda kəlmələrdən, riyaziyyat və elmin dilindən istifadə edilirdi. Sonralar musiqidən istifadə edilməyə başlanmışdır. Eşitdiyimizə görə, Xalq artisti Q.Rüstəmovun məşhur “Sona bülbüllər”i də bir zamanlar kosmosa yer üzünü təmsilən göndərilmişdir. Ümid edək ki, günlərin bir günü bu gözəl mahnımıza da qarşılıq olaraq mesaj alarıq.

Son vaxtlar Yer kürəsindən kənar sivilizasiyaların axtarışı, onlarla əlaqə saxlamaq üçün yeni dilin yaradılmasına başlanılmışdır. Bu işə NASA da kömək edir. Yeni dilin yaradılmasından sonra linqvistlər kosmosa mesaj göndərmək istəyirlər. Ümid edirlər ki, həmin mesajı əldə edəcək yadplanetli sivilizasiya onu oxuya, anlaya və ya hansısa digər üsulla dərk edə biləcək. Biz isə ümid edirik ki, bu işdə türk dilinin imkanlarından da istifadə olunacaq və bu, layihənin uğurunu təmin edən əsas amillərdən olacaq.

“Balkanların Nostradamusu" kimi tanınan Vanqa qarıya görə, 2025-ci il yadplanetlilərin insanlarla görüşəcəyi ildir. Məşhur britaniyalı medium D.Davies də bunu təsdiq edir. O göstərir ki, 2025-ci ildə yadplanetlilər artıq gizlənməyəcək, bəşəriyyətlə əlaqə quracaqlar və ilin sonuna kimi fiziki təmasların sayında böyük artım olacaq. Onların dediyinə görə, yadplanetlilər yer üzünə insanlara kömək etmək, xeyir vermək üçün gələcəklər.

Bu niyyətlə gəlirlərsə, xoş gəlirlər. İnanaq ki, aralarında “tələffüzü türkcəyə bənzəyən bir dildə” danışan yadplanetlilərlə yenidən rastlaşmaq da mümkün olacaq! Axırı xeyir olsun!

 

“Ədəbiyyat və incəsənət”

(24.03.2025)

 

                                                                                          

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.