
Super User
Avropada Novruz bayramı qeyd olunur
Avropanın müxtəlif ölkələrində Novruz bayramı coşquyla qeyd olunur. Soydaşlarımız Vətəndən uzaqda milli dəyərlərimizi təbliğ edir, adət-ənənələrimizi yaşadır.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Almaniya, Belçika, Çexiya, Estoniya, Finlandiya, İsveç, Litva və Norveçdə təşkil edilən bayram tədbirlərinə həmin ölkələrdə yaşayan, təhsil alan soydaşlarımız, Azərbaycana dost icmaların və yerli ictimaiyyətin nümayəndələri, diplomatik korpusların təmsilçiləri qatılıb.
Berlində fəaliyyət göstərən Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evinin təşkil etdiyi Novruz bayramı tədbiri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. İştirakçılar Novruz bayramının adətlərinə uyğun olaraq yumurta boyayıb, toqquşdurub, şəkərbura hazırlayıblar. Bayram tədbiri müddətində milli musiqilər və rəqslər ifa edilib.
Belçikanın paytaxtı Brüsseldə Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi, “Fireland” Azərbaycanlılar Birliyinin təşkilatçılığı ilə “Azərbaycan mədəniyyət gecəsi – Novruz Bayramı” adlı tədbir keçirilib. Tədbirin çoxsaylı iştirakçılarına Azərbaycan mədəniyyəti, eləcə də Novruz bayramının tarixi və ənənələri haqqında geniş məlumat verilib. Bədii hissədə Cavid Səlimov, Emin Sadıqlı, Sadıq Ağamalıyevin ifaları iştirakçıların zövqünü oxşayıb. “Fireland” və “Butam” uşaq rəqs ansambllarının təqdim etdiyi maraqlı səhnəciklər və rəqslər sürəkli alqışlarla qarşılanıb. Həmçinin Üzeyir Hacıbəyovun 140 illiyi münasibətilə “Fireland” qrupunun “Arşın mal alan” operettasından rəqsi qonaqların marağına səbəb olub.
Çexiyanın paytaxtı Praqada keçirilən “Novruz təranələri” adlı bayram tədbirində Azərbaycanın özünəməxsus Novruz adət-ənənələri nümayiş olunub, Novruz atributları ilə xonçalar bəzədilib, iştirakçılara təqdim edilib. Tədbir “Land of Fire” cəmiyyəti və Azərbaycanın Çexiyadakı Səfirliyinin dəstəyi, Çexiyadakı Azərbaycan icmasının üzvü Gülnarə Əlizadənin təşkilatçılığı ilə baş tutub.
Praqada Novruz bayramı ilə bağlı daha bir tədbir Azərbaycan Mədəniyyət Evində təşkil edilən xüsusi dərs olub. Dərsdə uşaqlara qədim tariximizin və mədəniyyətimizin ən mühüm elementlərindən olan Novruz bayramı, əcdadlarımızın mirası barədə məlumat verilib. Həmçinin, kukla-brelokların hazırlanması üzrə ustad dərsi keçirilib. Təcrübəli rəssam-kuklaçı Vəfa Aşumovanın müəllimliyi ilə uşaqlar maraqlı kuklalar hazırlayıblar.
Estoniyada fəaliyyət göstərən “Buta Art Studio” Azərbaycan Yaradıcılıq Mərkəzində Novruz bayramı münasibətilə rəsm sərgisi açılıb və xalçaçılıq üzrə ustad dərsi keçirilib. Sərgidə Novruz bayramına həsr olunmuş rəsm əsərləri nümayiş etdirilib. Mərkəzin rəhbəri, rəssam Rövşən Nur iştirakçılara xalçaçılıq sənətinin incəlikləri və Novruz bayramının ənənələri haqqında ətraflı məlumat verib.
Finlandiyanın paytaxtı Helsinkidəki Azərbaycan Evində Novruzun milli və mənəvi dəyərlərimizdəki önəmi vurğulanıb, bu gözəl bayramın və əvəzsiz ənənələrin gələcək nəsillərə ötürülməsinin vacibliyi diqqətə çatdırılıb.
İsveçin paytaxtı Stokholmdakı soydaşlarımız da Novruz bayramını qeyd etmək üçün bir yerə toplanıblar. Bayram tədbiri SAF İsveç-Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. SAF-ın sədri Sevda Dadaşova Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fonduna və Beynəlxalq Media Qrupuna göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. Azərbaycan və Özbəkistanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları, müğənni Ramazan Şərifzadə, Günel Həmidli və Stokholmda yaşayan azərbaycanlı ifaçılar öz çıxışları ilə tədbirə rəng qatıblar.
Litvada fəaliyyət göstərən Klaypeda həftəsonu Azərbaycan məktəbində Novruz bayramına həsr olunmuş dərsdə şagirdlərə bayramın tarixi və ənənələri haqqında geniş məlumat verilib. Uşaqlar bu bayramın rəmzlərini daha dərindən öyrənib, səməni maketi hazırlayıb, həmçinin baharın gəlişini və təbiətin oyanışını əks etdirən rəsmlər çəkiblər.
Novruz bayramı ilə bağlı digər bir dərs Norveçin paytaxtı Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbində baş tutub. Burada məktəbin şagirdlərinə Novruz bayramı haqqında məlumat verilib, adət-ənənələr izah olunub. Uşaqlar Novruza aid şeirlər söyləyib, Kosa və Keçəl obrazlarını canlandırıblar.
Sonda qeyd edək ki, dünya azərbaycanlılarının hər il milli bayramlarımızı keçirməsi, ölkəmizin milli mədəni dəyərlərini yaşadıqları cəmiyyətlərdə geniş təbliğ etməsi Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və soydaşlarımızın birliyinin nümayişi baxımından olduqca əhəmiyyətlidir.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
“Jewish News Syndicate”: “Azərbaycan danılmaz geosiyasi gücə malik çox güclü beynəlxalq mövqedə olacaq”
Qafqaz ölkələri arasında regionun dünya güclərinin xarici təsirindən azad edilməsinə çağıran, güclü siyasi xəttə sadiq və vətəndaşlarının həyatını yaxşılaşdırmağa qətiyyətli ölkə kimi Azərbaycan ən aydın səsə malikdir. Belə bir halda Orta Dəhlizdən istifadə olunması artmaqda davam edərsə, Azərbaycan danılmaz geosiyasi gücə malik çox güclü beynəlxalq mövqedə olacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru Mordexay Kedar ABŞ-nin populyar “Jewish News Syndicate” nəşrində dərc olunmuş məqaləsində yazıb.
Məqalədə qeyd olunub ki, Azərbaycan Orta Dəhlizdən bir neçə sahədə əhəmiyyətli fayda əldə etmək niyyətindədir. Onun Qafqazda və Yaxın Şərqdə mövqeyi son vaxtlar güclənməkdədir. Azərbaycan İsrail və Türkiyə arasında münasibətlərin normallaşmasında vasitəçi rolunu oynayıb və ümumiyyətlə, özünü regional münaqişələrin həlli prosesində vasitəçi kimi təqdim edir. Bu mənada Orta Dəhlizdən istifadə bu ölkəni Asiya və Avropa arasında yüklərin daşınması üçün başlıca mərkəzə çevirəcək. Dəhlizdə növbəti dayanacaq olan Gürcüstana çatmaq üçün bir çox daşımalar Azərbaycanın yolları ilə reallaşacaq. Bu, müxtəlif sektorlarda, məsələn, tikinti (yolların yaxşılaşdırılması və avtobus dayanacaqlarının tikilməsi), hüquq-mühafizə orqanları (artan nəqliyyat daha çox polis əməkdaşları tələb edir) və liman işçiləri (malların axını ilə əlaqədar olaraq Bakı Limanında əlavə iş yükünün öhdəsindən gəlməli olacaqlar) kimi müxtəlif sektorlarda yeni iş imkanları yaradacaq.
Eyni zamanda diqqətə çatdırılıb ki, Azərbaycan iqtisadiyyatı öz fəaliyyətini ilk növbədə neft və qaz resurslarından logistika və beynəlxalq daşımalara qədər şaxələndirdiyi üçün daha da güclənəcək. Sözügedən ölkənin Orta Dəhlizdən əldə edəcəyi ən mühüm üstünlüklərdən biri onun həm Avropa ölkələri, həm də dəhlizdə iştirak etməyən digər ölkələr ilə bağlı mövqelərinin möhkəmlənməsi olacaq. Bir sözlə, Orta Dəhlizin bütün üstünlükləri Qafqazda regional sabitliyə və onun sakinləri üçün təhlükəsizliyin artırılmasına töhfə verəcək. Bildirilib ki, malların keçidinə mane olan və ya qarşısını alan hər hansı hərbi və ya terror hərəkəti cinayətkarlara qarşı beynəlxalq ittifaqın yaranmasına gətirib çıxara bilər.
“Ədəbiyyat və incəsənət” portalı məqalə ilə tanışlıq yaratdığı üçün Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıq bildirir.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.jns.org/iran-its-adversaries-and-the-middle-corridor/
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
“Kədərlənirəm ki, bir də şeir yazmayacağam..." – İSMAYIL ŞIXLININ DOĞUM GÜNÜDÜR
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Bilirsənmi, Salatın, oxumaq yaxşı şeydir. Adam çox şey öyrənir. Xasiyyəti də dəyişir. Mən oxumuş qızlar görmüşəm. Onların paltarları da qəşəngdir, özləri də. Danışanda adam qulaq asmaqdan doymur. Əgər bizim qızlar oxusalar, onlardan da gözəl olarlar...
"Quşlar" şeirindən "Ölən dünyam" romanınadək uzanan böyük bir yaradıcılıq yolu... Bu gün klassik Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, tanınmış ədəbiyyatşünas, pedaqoq, ictimai-siyasi xadim, filologiya elmləri namizədi, xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdür.
İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. İbtidai təhsilini Kosalar kənd məktəbində aldıqdan sonra 1933-cü ildə Qazax pedaqoji texnikumuna daxil olub.
1936-cı ildə texnikumu bitirib, bir il Kosalar kənd tam orta məktəbində baş dəstə rəhbəri və müəllim işləyib. 1937-1941-ci illlərdə təhsilini Azərbaycan dövlət Pedaqoji üniversitetinin dil və ədəbiyyat fakültəsində davam etdirib.
1941-1942-ci illərdə Kosalar kəndində dərs hissə müdiri kimi çalışıb.
Yazıçı ikinci dünya müharibəsi dövründə Sovet ordusunun tərkibində sıravi əsgər kimi ön cəbhələrdə - Şimali Qafqazda, Krımda, III Belarusiya cəbhəsində, Şərqi Prussiya istiqamətində düşmənə qarşı döyüşlərdə iştirak edib.
Ordudan tərxis edildikdən sonra 6 ay yenidən Kosalar kənd məktəbində tədris hissə müdiri işləyib.
1946-1949-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Üniversitetinin filologiya fakültəsinin aspirantı olub, müəllim, baş müəllim, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri kimi fəaliyyət göstərib.
1965-1968-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1976-1978-ci illərdə "Azərbaycan" jurnalının baş redaktoru, 1981-1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi olub. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının Sədri seçilib.
O, həmçinin fəal ictimai fəaliyyət göstərib. Müxtəlif illərdə Bakı zəhmətkeş deputatları Sovetinin deputatı, Azərbaycan KP Bakı şəhər komitəsinin üzvü,, Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin üzvü, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilib. 1976-cı ildə xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyəti xəttilə Almaniya Demokratik Respublikasına, 1982-ci ildə Almaniya Federativ Respublikasına göndərilən Sovet nümayəndə heyətinin tərkibində yer alıb.
Müstəqillik illərində milli-azadlıq hərəkatının önündə gedən ziyalılardan biri olub, milli özünüdərkin formalaşmasında müstəsna rolu olub. 20 yanvar, erməni təcavüzü faktorlarına qarşı SSRİ rəhbərliyi qarşısında barışmaz və üsyankar mövqe sərgiləməklə tarixə düşüb.
Haqsızlıqlarla barışmayan, heç bir ideologiyanı şəxsiyyətindən ucaya qaldırmayan, cəsarətli, sözübütöv, mərd bir insan olub İsmayıl Şıxlı. Belələrini tarix yüz ildə bir dəfə yetişdirir.
İsmayıl Şıxlı xidmətlərinə görə müxtəlif orden və medallarla təltif edilib.
O, "Qızıl Ulduz", "Şərəf nişanı", “Qırmızı əmək bayrağı”, II dərəcəli “İkinci Dünya müharibəsi” orden və medallarına, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına, Azərbaycan Respubliksasının "Şöhrət" ordeninə və "Xalq yazıçısı" fəxri adın layiq görülüb.
İsmayıl Şıxlının ilk mətbu əsəri olan "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunub.
Yazıçı həmin gün: "Mən həm sevinirəm, həm də kədərlənirəm. Sevinirrəm, nəhayət, şeirim çıxdı. Kədərlənirəm ki, bir də şeir yazmayacağam..." söyləyib və sonrakı yaradıcılığını nəsrə bağlayıb.
Bundan sonra o, ədəbi yaradıcılığa 1947-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirdiyi "Həkimin nağılı" hekayəsi ilə gəlib.
İsmayıl Şıxlı "Konserv qutuları", "Səhəri gözləyirdik", "Kerç sularında", "Haralısan ay oğlan?", "Mənim rəqibim" kimi hekayələri, "Cəhbhə yolları" sənədli povesti, Azərbaycan ədəbiyyatının uğuru hesab edilən "Ayrılan yollar", Azərbaycan ədəbiyyatında roman janrının ən uğurlu nümunələrindən sayılan "Dəli Kür", müasir nəsrimizdə yeni hadisə kimi qələmə verilən "Ölən dünyam" kimi bənzərsiz əsərlər qələmə alıb.
Yazıçı ona böyük şöhrət gətirmiş "Dəli Kür" romanını 8 ilə yazıb.
1969-cu ildə Hüseyn Seyidzadənin rejisorluğu ilə roman əsasında eyni adlı film çəkilib. Moskva filmin finalındakı Cahandar ağanın ölüm səhnəsini dəyişməyi tələb edib. Operator assistenti kəsilərək atılan səhnəni götürüb saxlayıb və müstəqillik illərində filmin finalı yenidən bərpa olunub.
"Dəli Kür" əsəri yazıçıya böyük şöhrət gətirməklə yanaşı həmçinin, Sovet ideologiyasının kəskin olduğu bir dövrdə Cahandar ağa kimi milli, ziddiyyətli bəy obrazı geniş əks-sədaya səbəb olub.
O, son romanı olan "Ölən dünyam" əsərini xəstə olduğu üçün özü yaza bilmədiyindən əsəri onun diqtəsi ilə həyat yoldaşı Ümidə xanım qələmə alıb.
Əsəri bitirdikdən sonra: "İndi rahat ölə bilərəm" söyləyən yazıçı tam 5 ay sonra 1995-ci il iyul ayının 26-da dünyasını dəyişib və fəxri xiyabanda dəfn olunub.
Həqiqətən də, elə insanlar var ki, ölümlərindən sonra da, əbədi olaraq yaşayırlar.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(22.03.2025)
Gənclər Kitabxanasında akademik Fəraməz Maqsudovun 95 illik yubileyi münasibətilə vəsait hazırlanıb
Görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, funksional analiz və diferensial tənliklər sahəsində görkəmli alim Fəraməz Maqsudovun doğum günü münasibətilə Respublika Gənclər Kitabxanasında vəsait hazırlanıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan məlumat verilib.
Fərəməz Maqsudov 1930-cu il martın 20-də Naxçıvan şəhərində anadan olmuşdur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında akademik Fəraməz Maqsudovun mənalı ömür yolundan, zəngin elmi yaradıcılığından, geniş ictimai fəaliyyətindən, qazandığı nailiyyətlərdən bəhs edən vəsait hazırlanıb. Materialda professor Misir Mərdanovun “Görkəmli alim, bacarıqlı elm təşkilatçısı və humanist insan” məqaləsinin, akademikın "İstiqlal" ordeni ilə təltif edilməsi, xatirəsinin əbədiləşdirilməsi haqqında imzalanan rəsmi sənədlərin tam mətni təqdim edilir.
Kitabxananın rəsmi saytında https://ryl.az/funds/melumat-b%C3%BClleteni yerləşdirilən materialda görkəmli şəxslərin Fəraməz Maqsudov haqqında söylədikləri dəyərli fikirlər, onun layiq görüldüyü təltif və mükafatlar, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar əks olunur. Vəsaitdə müəllifi olduğu kitabların biblioqrafi təsviri ilə yanaşı qısa annotasiyası, dövrü mətbuat nümunələri də sərgilənir.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
İğdırda Azərbaycan-Türkiyə Novruz tədbiri və atəşfəşanlıq keçirilib
19 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının Ankaradakı Səfirliyi, Qarsdakı Baş Konsulluğu, İğdır Vəliliyi, Alagöz Holdinq və Azərbaycan Respublikasının Ankara Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə möhtəşəm Novruz bayramı tədbiri, konsert proqramı və atəşfəşanlıq.
“Ədəbiyyat və İncəsənət” portalı Azərbaycan Respublikasının Ankaradakı səfirliyinə dair xəbər verir ki, İqdir şəhər Mərkəzi Alians Sarayında keçirilən bayram tədbirində İğdır şəhər Vəliliyi, Azərbaycanın Səfirliiyi, Qars Baş Konsulluğu, Azərbaycan Mədəniyyət Mərkəzinin rəsmiləri, İqdirlərə qarşı iştirak edib.
Hər iki dövlət himnləri səsləndirildikdən sonra təbrik çıxışları olub.
İlk əvvəl İğdır valisi Ercan Turan tədbiri açaraq Novruz bayramının Türk dünyasının ortaq dəyəri kimi səciyələndirilib, qardaş Azərbaycanla birgə belə böyük və möhtəşəm qurulan Novruz bayramının şəhərdə maraqla qarşılandığını bildirib. O, Novruzun zərəri haqqında danışaraq, onun birlik və səlahiyyətlərə xidmətinə çıxış edib.
Azərbaycanın indiki Səfiri Rəşad Məmmədov xalqlarımızın min illərdir yaşatdığı, köhnə tariximizi, mədəniyyətimizi əks etdirən Novruz bayramı münasibəti ilə təbriklərini çatdırıb. O, ortaq dəyərimiz olan Novruz bayramının İğdırda qardaş Türkiyə ilə birgə qeyd olunmasının xüsusi qayğıya ehtiyacı olduğunu və Novruzun dünyanın ən qədim, ən müdrik bayramı olaraq milli mədəniyyətimizdə rolu, dövlət səviyəsində qeyd olunmasından danışıb.
Digər çıxışçılar da Novruz bayramını xalqlarımızı birləşdirdiyini və yenidən mədəniyyətimizi ondan əks etdirdiyini söyləyiblər.
Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış bədii konsert proqramı təqdim olunub.
Tədbirdə Azərbaycan Respublikasının xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Elnarə Abdullayeva, Fəxri Nicat Kazım, Zəngəzur Rəqs Ansamblı, Naxçıvanın Yallı Ansamblı, aşıq və zurnaçıların iştirakı ilə geniş konsert proqramı təqdim edilib.
Sonda İğdır şəhər mərkəzi bələdiyyə meydanında Novruz tonqalları qalanıb, konsert bayram tonqalları ətrafında davam edib. Atəşfəşanlıq təşkil olunub.
Bayram tədbiri irəliləyərək böyük maraqla qarşılanıb.
tədbir çərçivəsində qonaqlar üçün iftar süfrəsi də hazırlanıb.
Minlərlə insanın iştirakı ilə Novruz şənliyində xalqımızın min illər boyu yaşayıb-yaratdığı Novruz bayramı, onun adət və ənənələri haqqında geniş məlumat verilib.
Bir sözlə, çox möhtəşəm bir bayram ab-havası yaradılıb.
“Ədəbiyyat və İncəsənət”
(21.03.2025)
Türkiyənin məşhur rejissoru Osman Sınav vəfat etdi
“Ədəbiyyat və incəsənət” portalı “Hürriyyet”ə istinadən xəbər verir ki, Türkiyənin məşhur rejissoru, böyük türkçü, turançı Osman Sınav vəfat edib.
O, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bu gün - martın 20-də 69 yaşında dünyasını dəyişib.
Azərbaycanlı izləyicilər onu daha çox “Kurtlar vadisi” serialı ilə tanıyırdılar. O. Sınav bundan başqa “Acı hayat”, “Deli yürek”, “Sen anlat Karadeniz”, “Ekmek teknesi” kimi məşhur serialların da rejissoru olub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(20.03.2025)
Təbriklər, 1 yaşlı ASAN TV
Prezident İlham Əliyevin tapşırığı ilə fəaliyyət göstərən ASAN Radionun bazasında yaradılan ASAN TV 1 yaşını qeyd edir. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk onlayn televiziya olan ASAN TV-nin yaradılmasında məqsəd video məzmunun daha keyfiyyətli təqdimatı, dövlət xidmətləri ilə bağlı əhatəli maarifləndirməni asan dildə təmin etməkdir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ASAN TV öz bir ilinə kifayət qədər imic, izləyici toplayaraq və baza quraraq gəlib. TV sosial media səhifələrində yayımlanır. Qısa maarifləndirici videolar üstünlük təşkil edir.
Bir il ərzində ASAN TV-də “QəbuldASAN”, “İnkişafdASAN”, “Gələcək üçün bacarıqlar”, “İnnovator”, “Müsahibə”, “YAŞAT, Azərbaycan”, “Könüllüsən”, “Piknik” və s. kimi verilişlər yayımlanır.
Eyni zamanda “Faydalı məlumat”, “Bir sual, bir cavab”, “Həftəlik statistika” “1 gün 1 dəqiqədə”, “Tarixin bu günü”, “Olimpiya gündəliyi”, “Canlı”, “Ana dili” və s. kimi buraxılışlar təqdim edilib.
ASAN TV media məkanında yenilik edərək "ASANİYƏ" adlı ilk süni intellekt aparıcı vasitəsilə innovasiya sahəsində yenilikləri izləyicilərə çatdırır.
ASAN TV mühüm sosial layihələrə informasiya dəstəyi göstərir. Eyni zamanda, bir sıra irimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv media tərəfdaşıdır.
ASAN TV dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə də əməkdaşlıq edir.
Paylaşımlar 1 il ərzində bütün sosial media hesabları üzrə ümumilikdə 60 milyona yaxın baxış toplayıb.
Xüsusilə qeyd etmək istəyərdik ki, kollektivə tanınmış, peşəkar, sevilən jurnalist Emin Musəvinin başçılıq etməsi də öz sözünü deyir.
ASAN TV-çilərə 1 yaşları münasibətilə səmimi təbriklər yollayırıq.
“Ədəbiyyat və incəsənət”
(20.03.2025)
Mart ayının 21-də, saat 11-də Fəxri Xiyabanda...
Bildiyiniz kimi, mart ayının 21-i Xalq şairi, ölməz Səməd Vurğunun doğum günüdür. Hər il bu tarixi gün silsilə tədbirlərlə yadda qalır. Bəs bu il necə, bu il də “Azərbaycan” şeiri ilə poeziyamızda möhür vurmuş dahi şair anılacaqmı?
Suala cavab alnaq üçün Vurğunla bağlı tədbirlərin təşkilatçısı olan "Qazax" Xeyriyyə İctimai Birliyi Mətbuat Xidmətinin katibi Səbinə Yusifə üz tutduq. Səbinə Yusif bizə belə bir açıqlama vardi:
Hər il olduğu kimi bu il də mart ayının 21-i saat 11:00-da Xalq şairi Səməd Vurğunun anadan olması və Poeziya Günü münasibətilə "Qazax" Xeyriyyə İctimai Birliyi və Səməd Vurğunun Ev Muzeyinin birgə təşkilatçılığı ilə Fəxri Xiyabanda Səməd Vurğunun məzarı ziyarət olunacaqdır.
Eyni zamanda 22 martda anadan olmuş Xalq yazıçısı İsmayil Şıxlının, 23 martda anadan olmuş Xalq yazıçısı Mehdi Hüseynin, Xalq yazıçısı Yusif Səmədoğlunun, Xalq şairi Vaqif Səmədoğlunun, Xalq yazıçısı İsa Muğannanın, Azərbaycan SSR Xalq Artisti və SSRİ xalq artisti, xoreoqraf, professor, Leyla Vəkilovanın, ictimai-siyasi xadim Mövsüm Poladovun məzarları da ziyarət olunacaq.
Anım tədbirləri tək Bakı şəhəri ilə məhdudlaşmayacaq. Mart ayının 21-i saat 11:00-da Qazax Rayon İcra Hakimiyyətinin, Azərbaycan Yazıçılar Birliyininin Qazax Zona filialının və "Qazax" Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Səməd Vurğunun anadan olmasının 119-cu ili əlaqədar olaraq Qazax rayonunun Yuxarı Salahlı kəndində yerləşən Səməd Vurğunun Poeziya Evində anım tədbiri keçiriləcəkdir.
Novruz bayramı ilə əlaqədar olaraq "Qazax" Xeyriyyə İctimai Birliyinin Bakıda yaşayan üzvləri doğmalarını ziyarət etmək üçün Qazax və Ağstafa rayonlarına getdikləri üçün Yuxarı Salahlı kəndində Səməd Vurğunun Poeziya Evində təşkil olunan anım tədbirində iştirak edəcəklər.
Şairin məzarına və abidəsi önünə "Qazax" Xeyriyyə İctimai Birliyi tərəfindən hazırlanmış əklillər və tər qərənfillər qoyulacaq, şairin şeirləri səslənəcək, ruhun qidası olan saz dilləndiriləcək.
Nə qədər ki. Qədirbilən xalqımız öz milli-mənəvi dəyərlərə söykənən ənənələrini qoruyub saxlayacaq, nə qədər Azərbaycan ədəbiyyatı yaşayacaq, o qədər də Vurğun yaşayacaqdır.
“Ədəbiyyat və incəsənət”
(20.03.2025)
Ayrılarmı könül candan?! - GÜNLƏRDƏN SƏMƏD VURĞUN GÜNÜDÜR
Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
“Azərbaycan” şeiri ilə mənsub olduğu millətin birlik-bütövlük rəmzinə çevrilən Səməd Vurğun 1906-cı ilin bahar bayramında, martın 21-də Qazax mahalında, Yuxarı Salahlı kəndində dünyaya gəldi. Tale onu Füzulidən Vaqifə bitib-tükənməyən yol gələn Ana dilli poeziyanın sarvanına çevirdi.
30-cu illərin dəhşətli repressiyalarında Səməd Vurğunun incə ruhlu şeirləri, mükəmməl poemaları Cümhuriyyət adında müqəddəsliyi əlindən alınan Azərbaycan xalqının Vətən dili adlı nur çeşməsi oldu. Ölkədə bütün kargüzarlıq işlərinin rus dilində aparıldığı bir dönəmdə dünya Azərbaycan türkcəsini Səməd Vurğun lirik-romantik misralarında tanıdı. Səməd Vurğunun poeziyası tarixlə müasirlik arasında körpü olmaqla yanaşı, taleyin sərt üzündən özü öz tarixi torpaqları ilə həmsərhəd olan Vətənin bütövlük rəmzinə çevrildi. “Kürəkçay”dan, “Türkmənçay”dan, “Gülüstan”dan sonra heç bir şair üzünü imperiyalara tutub: “El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən, Anam doğma Vətənimsən, Ayrılarmı könül candan? Azərbaycan! Azərbaycan!” deyib, zamana, quruluşa meydan oxumamışdı. O, vurğun idi, Vətənin hər daşına, sal qayasına, axar çayına belə vurğun olan Vurğun! Soyu, soy-kökü, şəcərə dəftəri ilə ana tərəfdən Molla Pənah Vaqif ucalığına, müqəddəsliyinə bağlı olan Səməd Vurğun bütün ruhu, duyğuları ilə Molla Pənah Vaqifin “Vəziri-azam” əzəmitini, şair əlçatmazlığını mənəvi dünyasında yaşadırdı.
Firudin bəy Köçərlidən dərs almışdı
Səməd Vurğun ustad aşıqların, azman sənətkarların, qüdrətli pedaqoqların, adını hərb tarixinə qızıl hərflərlə həkk edən sərkərdələrin diyarında dünyaya gəlmişdi. Zamanının ən böyük müəllimindən, Firudin bəy Köçərlidən dərs almışdı. 1918-ci ildə Qori Müəllimlər Seminariyasını Qazaxa köçürən Firudin bəy Köçərlinin ən istedadlı tələbələrinin, Mirqasım Əfəndiyev, Mehdixan Vəkilov kimi gələcəyin qüdrətli pedaqoqlarının sırasında yer almışdı. Övlad həsrəti ilə yaşasa da, mənəvi varisləri ilə qürur duyan Firudin bəy Köçərlinin və Badisəba xanımın sevimli şagirdlərindən olmuşdu. O, həm də ilk məhəbbətin oduna yanmışdı.
İki dəfə Stalin mükafatı aldı
30-cu illərdə, həm də mütərcim kimi ədəbi mühitə öz möhrünü vuran Səməd Vurğun Aleksandr Puşkinin, Maksim Qorkinin, Şota Rustavelinin məşhur əsərlərini, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərini fars dilindən Türkcəmizə çevirməklə Nizaminin irsini öz millətinə təqdim etdi. 1930-cu ildə işıq üzü görən “Şairin Andı”, 1934-cü ildə işıq üzü görən “Könül dəftəri”, 1935-ci ildə çap olunan “Şeirlər” adlı kitabları ilə milli-mənəvi dəyərlər xəzinəmizi zənginləşdirən Səməd Vurğun, təkcə 1935-ci ildə qələmə aldığı 7 poema və 100-dən çox şeirlə şair əzəmətini dünyaya nümayiş etdirdi. 1930-1940-cı illərdə fitri istedadının yelkəni ilə geniş ədəbiyyat nəhrinə baş vuran şairin 1933-cü ildə qələmə aldığı “Azərbaycan” şeiri mənsub olduğu millətin, məmləkətin birlik-bütövlük rəmzinə, “Manifest”inə çevrildi. Onun Taras Şevçenkodan, İlya Çavçavadzedən, Canbul Cumayevdən etdiyi tərcümələr ölkənin ədəbi-mədəni əlaqələrinə bir töhfə oldu. 1937-ci ilin dəhşətli repressiyaları ilə burulğana düşən, Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Seyid Hüseyn, Salman Mümtaz, Firudin bəy Köçərli, Hənəfi Zeynallı kimi fikir, düşüncə və qələm sahiblərini itirən Azərbaycanın möcüzələr nəticəsində xilas olan dahilərindən idi Səməd Vurğun.
“Vaqif” dramı Səməd Vurğunu Stalin-Mikoyan-Beriya qəzəbindən qorudu
30-cu illərin qara yelləri onun təkcə şair ilhamının imtahan ili deyildi, həm də şəxsiyyətinin, ləyaqətinin sınağı idi. Onu, bu dəhşətli illərdən 37-38-ci illərin Qırmızı Terrorundan məhz fitri istedadı xilas etdi. Üzeyir bəyi “Koroğlu” operası xilas etdiyi kimi “Vaqif” dramı da Səməd Vurğunun xilaskar mələyinə döndü. Hər iki dahini Stalin-Mikoyan-Beriya qəzəbindən qorudu. Həttə o dərəcədə qorudu ki, hər iki qüdrətli sənətkar Stalin mükafatına layiq görüldü. Bu dahilərin divanı idi. Baş sarayda Stalin adında “Sultan” olsa da, söz və sənət mülkündə Sultan Üzeyir bəy və Səməd Vurğun idi.
“Vaqif” dramı SSRİ-nin düşüncə sistemini dəyişdi. Şura Hökuməti Qafqazlara, Azərbaycana gələrkən sübut etmək istəyirdi ki, elmi, mədəniyyəti, dövlətçilik ideologiyasını məhz Lenin inqilabı gətirib. Səməd Vurğun “Vaqif”lə sübut etdi ki, Sovetlər gələnə qədər də onun, Vaqif kimi nəinki dövlət xadimi olub, o, həm də Xaqani, Nizami, Nəsimi, Füzuli, Şah İsmayıl Xətai kimi qüdrətli şair olub. Nə saraylara, nə də imperiyalara baş əyib. “Mütləq doğru halət görmədiyi” dünyadan incisə də, xalqdan dönməyib.
Nizami Gəncəvinin 800 illik yubileyi ərəfəsində mühüm vəzifələrin öhdəsindən ləyaqətlə gələn, “Leyli və Məcnun” poeamasını Azərbaycan türkcəsinə çevirən Səməd Vurğun “Xanlar” dramı ilə təkcə bir inqilabçının, Xanlar Səfərəliyevin deyil, azadlıq və hürriyət duyğuları ilə alışıb-yanan bir qəhrəmanın obrazını qələmə aldı. “Azad İlham” kitabından sonra, 1941-ci ildə Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının motivləri əsasında mənzum dramını qələmə alan şair əsl məhəbbəti Fərhadın Şirinin eşqinə çapdığı Bistun dağında deyil, saf duyğuda, sevgidə, halal zəhmətdə olduğunu sübut etdi. 1942-ci ildə Səməd Vurğun məhz bu əsərə görə 2-ci dəfə Stalin mükafatına layiq görüldü.
Bakı qəhrəman şəhərlər sırasında yer almasa da...
Bu il Faşizm üzərində Qələbənin 80 illiyidir. Bakı qəhrəman şəhərlər sırasında yer almasada, Azərbaycan xalqı bu müthiş müharibədə 300 min oğul və qızını Şəhid verdi. Səngərlərə sipər olan 600 min insanı, məşhur diviziyaları ilə Bakıdan Berlinədək savaşdı. Bakı nefti SSRİ Silahlı Qüvvələrinin qan damarına çevrildi. Stalin, Molotov, Jukov, Rokasovski kimi mümkün olmayanları mümkünə çevirənlərin sırasında Dağıstan Vilayət Partiya Komitəsinin Birinci Katibi polkovnik-komissar Əziz Məmmədkərim oğlu Əliyev ilə yanaşı, “Neftin Oktan ədədi”ni və “Molotov kokteyli”ni ixtira edən Akademik Yusif Məmmədəliyevlə birlikdə həm də hər bir əsəri bir dastana, orduya bərabər olan Səməd Vurğun yer aldı. Müharibə dövrü ədəbiyyatının ən qiymətli incilərini yaradan Səməd Vurğun Qroznıdan, Mozdokdan, Krım və Novorasiski cəbhələrindən keçib qələməni süngüyə çevirdi. “Ananın öyüdü”, “Ukrayna partizanlarına” şeirləri təkcə müharibə dövrü ədəbiyyatının şah əsərləri hesab olunmadı, həm də, dünya ədəbiyyatını incisi kimi 1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən qiymətli əsərlər kimi müsabiqələr qalibi oldu. 1943-cü ildə onun təşəbbüsü ilə yaradılan Füzuli adına Ziyalılar evi hərbi vətənpərvərliyin təbliği üzrə tək və yeganə məkan olaraq dünya tədqiqatçılarının maraq dairəsinə çevrildi. Məhz bu təşəbbüsünə görə Səməd Vurğun SSRİ-nin rəhbəri marşal Stalinin ali mükafatlarına layiq görüldü.
Akademiyanın 15 təsisçisindən biri
1945-ci ildə Azərbaycan SSR-də Elmlər Akademiyası təsis olunanda ilk 15 təsisçidən biri kimi rəsmi dövlət sənədinə imza atan Səməd Vurğun SSRİ və Azərbaycan rəhbərinin qərarı ilə İkinci Dünya müharibəsindəki fəal iştirakına, ədəbiyyat sahəsindəki nəaliyyətlərinə görə Akademiyanın həqiqi üzvü seçilmişdir. 1945-ci ildə şairin qələmə aldığı “İnsan” poeaması təkcə bir fəlsəfi-dram əsəri deyildi. Bu gün də dünyanın ehtiyac duyduğu insanlıq adlı ali duyğunun təbliği və təşviqi üçün müqəddəs vasitə idi.
Səməd Vurğun təkcə şair, müəllim və alim deyildi, o, həm də qüdrətli ictimai-siyasi xadim idi. İranla Mədəni Əlaqələr Cəmiyyətinə rəhbərlik edən Səməd Vurğunun 1945-ci ildə Güney Azərbaycana gəlişi İran-Azərbaycan münasibətlərində yeni mərhələnin əsasını qoyduğu kimi, həm də Güney Azərbaycan məsələləri ilə bağlı problemləri gündəmə gətirmişdi.
Səməd Vurğun qüdrətli şair, fikir və düşüncə sahibi, ictimai-siyasi xadim idi. Bir deputat kimi fəaliyyəti təkcə ölkədə deyil, Sovet İttifaqında belə təqdir edilirdi. Çünki, o, bu dünyaya sevginin, məhəbbətin, dostluğun, qardaşlığın simvollarından biri kimi gəlmişdi. Bir alim, eyni zamanda ədəbiyyatşünas kimi onun gördüyü möhtəşəm işlər Azərbaycan Elmlər Akademiyasının qurulmasında mühüm nailiyyətlərdən olmaqla yanaşı, həm də təməl prinsiplərdən idi. Ulu Öndər Heydər Əliyevin Xalq şairi Səməd Vurğunun 90 illik yubileyinə həsr olunan tədbirdəki çıxışı da dediklərimizə əyani sübutdur: “Səməd Vurğun, eyni zamanda böyük alim, filosof idi. Səməd Vurğun Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən, yaradıcılarından biridir. O, sadəcə akademik seçilmiş bir adam deyil. Səməd Vurğun və məhz onun kimi Üzeyir Hacıbəyov, Heydər Hüseynov, Yusif Məmmədəliyev, Mustafa bəy Topçubaşov, Mirzə İbrahimov və başqa belə insanların təşəbbüsü nəticəsində 1945-ci ildə Elmlər Akademiyası yaranıbdır. Bu böyük tarixi hadisədir. Burada Səməd Vurğunun xidmətləri böyükdür. Ən böyük xoşbəktlik ondadır ki, Səməd Vurğun ömrünün son illərində həmin akademiyanın vitse-prezidenti vəzifəsini daşımışdır və Azərbaycan elminin, ədəbiyyatşünaslığının inkişafında çox əvəzsiz xidmətlər göstərmişdir.”
50-ci illər üçün xərçəngin bir adı, ünvanı vardı QƏHƏR!
Səməd Vurğunun “Zəncinin arzuları”, “Avropa xatirələri”, “Muğam”, “Aygün”, “Zamanın Bayraqdarı” poemaları bu gün də sevilərək oxunan ədəbi nümunələrdi. Onun 1954-cü ildə Sovet Yazıçılarının İkinci Ümumittifaq Qurultayında “Sovet poeziyası haqqında”kı məruzəsi öz mənəvi tutumuna görə ciddi elmi əsərlərdən biri kimi qəbul olunmuş, SSRİ-də xüsusi nüfuz sahibi olan şairə şöhrət gətirmişdi.
Səməd Vurğun yaradıcılığının bütün yönləri ilə tək və yeganə idi. Əvəzsiz idi. Onu istənilən səviyyələrdə sevdilər. Xalqın və dövlətin sevimlisi olan Səməd Vurğun dünya şöhrətini yuxarıda qeyd etdiyimiz kimi fitri istedadı ilə qazandı.
Mübtəla olduğu ağır xəstəlik günümüzün reallığı olsa da, 50-ci illər üçün xərçəngin bir adı, ünvanı vardı QƏHƏR! Səməd Vurğun 30-cu illərin Qəhərini də, kədərli gecələrini də, qaranlıq səhərlərini də görmüşdü. Yan-yörəsindən aparılan Nargin adasında güllələnən, Sibirə sürgün edilən dostlarının ağrısı onu, içindən çürütmüşdü. Yoxsa 50 il nə idi ki!?
İmam Mustafayev “Xalq şairi” fəxri adını məhz onun üçün təsis etdi
Quruluşun, zamanın rənginə-ahənginə baxmayaraq Bakıda Bağırov, Moskvada Stalin onu etiraf edirdi. Onun fitri istedadına, bir orduya bərabər qələminin qüdrətinə ehtiyac var idi. Abbas Mirzə Şərifzadənin zindandan xilası üçün Bağırova müraciət edən, hər dəfə Birinci katibin əllərinin ortasında sıxılan “Qara Qələmlər”dən biri kimi sındırılacağını, daha doğrusu gedər-gəlməzə göndəriləcəyini bilsə belə, Cavidin, Müşfiqin, Əhməd Cavadın adını tutmaqdan çəkinmirdi. Dövrün cöhrü onu dərmansız dərdə mübtəla etmişdi. Stalinizm başa çatdıqdan, Bağırov rejimi bitdikdən sonra iqtidara gələn akademik İmam Mustafayev digər istedadlı insanlar kimi Səməd Vurğunuda xüsusi qayğı ilə əhatə etmişdi. Amma artıq gec idi. 1956-cı ilin martında, Onun ölkənin Birinci şəxsi kimi aldığı tarixi qərar akademik səviyyəsinin və Vətən pərvər hissinin ən böyük nümunəsidir. Səməd Vurğunun 50 illik yubileyi həmin ilin mart ayına təsadüf etmişdi. Azərbaycan KP MK-nın Birinci katibi İmam Mustafayev Şairin şərəfinə Azərbaycan SSRİ-də “Xalq Şairi” fəxri adının təsis olunması üçün qərar almışdı. Qərara əsasən 001 nömrəli vəsiqə Mirzə Fətəli Axundova adına Opera və Balet Teatrında mayın 12-də Azərbaycanın ilk xalq şairi Səməd Vurğuna təqdim olunmuşdu. SSRİ-nin nüfuzlu sənət, mədəniyyət, incəsənət və elm xadimlərinin iştirak etdiyi təntənəli yubiley mərasimindən sonra unudulmaz Səməd Vurğun mayın 27-də 19:30-da dünyaya vida nəğməsi oxudu. Onunla Vida mərasimi Azərbaycan Dövlət Filarmoniyasında təşkil olundu. Üç gün davam edən Vida mərasimindən sonra Şair Fəxri Xiyabanda torpaq müqəddəsliyinə qovuşdu.
Bakının biri-birindən qiymətli ünvanları, məkanları var. Fəxri Xiyabanın yeri, məqamı isə Şəhidlər Xiyabanı qədər müqəddəsdir, əzizdir. Burada millət, məmləkət qurucuları, Vətəni Vətən edən dahilər uyuyur. Fəxri Xiyabanın geniş darvazasının açıldığı qapıda isə hər kəsi bir möhtəşəm abidə qarşılayır. Bu “Ayrılarmı könül candan!? Azərbaycan! Azərbaycan!” nidası ilə milləti əbədi birliyə-bütövlüyə səsləyən Xalq şairi Səməd Vurğunun abidəsidir. Məkanı cənnət, məqamı uca olsun!
Heydər Əliyev - Əminəm ki, Səməd Vurğunun ədəbi irsi daima yaşayacaq
Səməd Vurğunun vəfatından sonra adı təkcə ölkəmizdə deyil, keçmiş SSRİ məkanını çevrələyən respublikalarda, xarici ölkələrdə əbədiləşdirilib. Möhtəşəm abidələri, büstləri ucaldılıb. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci mərhələsində aldığı rəsmi qərarla yaşadığı mənzil Səməd Vurğunun Ev-Muzeyinə çevrilib. 1974-cü ildə alınan bu qərardan sonra, 1975-ci il oktyabrın 6-da Ulu Öndər Heydər Əliyevin iştirakı ilə təntənəli şəkildə açılışı olub.
Açılış mərasimində çıxış edən Ulu Öndər Heydər Əliyev şairin milli-mənəvi dəyərlər tariximizdə yeri və rolu barədə mühüm məqamları diqqətə çatdırıb. Şairin 90 illik yubileyinin keçirilməsi ilə bağlı xüsusi Sərəncam imzalayan Ulu Öndərin Muzeyin rəy kitabına yazılan fikirləri isə Xalq şairi Səməd Vurğunun irsinə, şəxsiyyətinə verilən dəyər kimi hər birimiz üçün qiymətlidir: “Bu gün böyük şair Səməd Vurğunun 90 illiyini qeyd edərkən 1975-ci ilin oktyabr ayını xatırlayıram. O günlər dahi şairin Ev-Muzeyinin təntənəli açılışı oldu. Ötən illər ərzində muzey Səməd Vurğunun həyat və yaradıcılığını təbliğ etmək üçün çox iş görüb. Xalqımızın mədəniyyətinin inkişafına böyük xidmət göstərib. Əminəm ki, Səməd Vurğunun ədəbi irsi daima yaşayacaq. Muzey ölkəmizin görkəmli mədəniyyət ocağı kimi şərəfli işə bundan sonra da xidmət edəcəkdir.
Ulu öndər Heydər Əliyevin hər iki siyasi hakimiyyəti dövründə aldığı qərarlar Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyev tərəfindən bu gün bütün mənalarda uğurla davam etdirilir. Ulu Öndərin Səməd Vurğunun irsinə və şəxsiyyətinə münasibətinin əlaməti kimi Prezident İlham Əliyevin 13 dekabr 2011-ci ildə “Xalq şairi Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri haqqında” sərəncamı da dediklərimizə əyani sübutdur. Onu da qeyd edək ki, Sərəncama əsasən həm də, Səməd Vurğunun irsi dövlət varidatı elan olunan əsərlərin siyahısına daxil edilib, əsərləri latın qrafikası ilə nəşr olunub.
Səməd Vurğun tək və yeganə şairimiz, alim və ictimai-siyasi xadimimizdir ki, qalxdığı bütün kürsülərdə iki qoşa qanadı, varisləri ilə görünüb. Ondan sonra onlu dünyamızı, həm də Yusif və Vaqif Səmədoğlunun yaradıcılığı zinətləndirib. Atalarının şair və ictimai xadim kimi qalxdığı ali kürsülər onlarla şərəflənib. Fəxri Xiyabanda da belədir. Kəlam və Qələm adına üç müqəddəs məzar eyni ocağa, ailəyə, həm də Səməd Vurğun dəyərinə, əyarına bağlıdır!
“Ədəbiyyat və incəsənət”
(21.03.2025)
Bu gün onun 126 illiyidir – ONUN, BÖYÜK CƏFƏR CABBARLININ
Şərəf Cəlilli, filoologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Cəfər Cabbarlı bir dahi idi
Bütün varlığı, ruhu, duyğuları ilə Azərbaycan olan, varlığı ilə Azərbaycan ədəbiyyatını zənginləşdirən, poetik inciləri, nəsr və dram əsərləri, kino ssenariləri ilə ruhumuzun qida yeri olan Cəfər Cabbarlı 1899-cu ilin yazında, martın 20-də Xızı dağlarının qoynunda dünyaya gəldi. Kömürçü Qafarın oğlu ruhunu cisminə geyib yer üzünə gəlsə də, qəlbinin odu, hərarəti ilə Tanrının Qələm və Kəlam müqəddəsliyinə xidmətdə bulundu. Şeirləri, nəsr və dram əsərləri ilə təkcə yeni dövrün yeni insanını yaratmadı, tarixlə müasirlik arasında körpüyə çevrildi. “Sevil”, “Aydın”, “Oqtay Eloğlu”, “Ədirnə Fəthi”, “Vəfalı Səriyyə” kimi qiymətli dram əsərlərini yaradan Cəfər Cabbarlı “Ey dan ulduzu” şeiri ilə Cümhuriyyət Sevgisinə, “Ana” şeiri ilə övlad məhəbbətinə abidə ucaltdı. Bütün əsərlərini sonsuz sevgilərlə qələmə alan Cəfər Cabbarlı yazıçı, dramaturq, ictimai-siyasi xadim kimi həm də Əbədi İstiqlalın beşiyinin başında duranlardan oldu. 1910-cu ildən Musavat Partiyasının üzvü olan Cəfər Cabbarlı 1919-cu ildə Musavat Partiyasının Bakı Komitəsinin rəhbər heyətində təmsil olundu. Azərbaycan Parlamanının-Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin steneoqrafı kimi hər günü əsrə bərabər olan Parlamanın gündəliyini yaratdı.
Azərbaycan Xalq Cümhuriyyəti Qızıl Ordunun “Qırmızı terroru”na tuş gəldikdən sonra, Gizli Musavatın qurucularından biri kimi tarix yaratdı. Mirzəbala Məmmədzadənin sədrliyi ilə fəaliyyət göstərən qurumda Əbdülvahab Yurdsevər müavin, Cəfər Cabbarlı isə baş katib vəzifəsini ləyaqətlə yerinə yetirdi. Onun bu dövrdə qələmə aldığı poetik incilər Xalq Cümhuriyyətinin və hilallı, ulduzlu üç rəngli Bayrağın həsrətinə həsr olundu.
Bu, Cəfər Cabbarlının görmək istədiyi qadın obrazı idi
Azərbaycan teatrının beşiyi başında dayananlardan biri kimi tarix yaradan Cəfər Cabbarlı millətin nicatını elm-irfanda, maarifçilikdə, teatr-incəsənət, mədəniyyət və mətbuatın inkişafında görən Tarixi Şəxsiyyətlər: Mirzə Kazım bəy, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev kimi Qadının İnkişafını cəmiyyətin tərəqqisi kimi qəbul etdiyindən idi ki, ən qiymətli əsərlərinin baş qəhrəmanını qadınlardan seçir, çadrasını sıyırıb atan Sevilin, Almazın, vəfalı Səriyyənin simasında görmək istədiyi Azərbaycan qadınını səhnəyə gətirir. Cəfər Cabbarlı üsyanların şairi, inqilabın yazıçı, nasir və dramaturqu idi. Ən böyük arzusu, məqsədi hürr görmək istədiyi Vətənini Əbədi İstiqlala qovuşduran böyük vətəndaşlar yetişdirmək idi. Onları yetişdirən isə, savadlı qadın, ana ola bilərdi. Peşəkar Azərbaycan teatr və kinosu məhz onun müqəddəs adı, əməli ilə bağlıdı. Həsən bəy Zərdabinin, Həbib bəy Mahmudbəyovun ənənələrini uğurla davam etdirən, Azərbaycan kinosunun rüşeymini cücərdən bu Böyük Sənətkar Mirzə Fətəli Axundzadədən sonra, həm də, milli dramaturgiyanın sütunlarını ucaltdı. Cəfər Cabbarlı öz möhtəşəm dramaturgiyası ilə, təkcə milli kinonun başında dayanmadı, ssenarilər ilə rejissorlar, aktyorlar nəslini yetişdirdi. Onun səhnə əsərində ilk qadın aktrisa kimi çıxış edən İzzət xanım Orucova bir kimyaçı alim kimi həm də, Azərbaycan elminin aparıcı simalarından oldu. Çadrasını atan Sevilin duyğularını gerçəyə çevirən İzzət Orucova, Akademik İzzət xanım Orucova kimi tarix yaratdı. Bu, Cəfər Cabbarlının görmək istədiyi qadın obrazı idi.
O, ruhu, duyğuları ilə tamam başqa yerdə, dünyada idi
Bütün həyatını millətinin tərəqqisinə, milli-mənəvi dəyərlərinin inkişafına həsr edən Cəfər Cabbarlı Cümhuriyyət iflasa uğradıldıqdan sonra yeni quruluşa töhfə verənlərin sırasında yer aldı. Onun, “Sevil”, “Almaz” kimi əsərləri məhz yeni dövrün təntənəsini özündə ehtiva etsə də, o, ruhu, duyğuları ilə tamam başqa yerdə, dünyada idi. O, inkişaf və tərəqqi edən millətin əvvəl-axır Əbədi İstiqlala qovuşacağına inanır, qələmə aldığı əsərlərində də kamil insanın yetişdirilməsi üçün münbit mühiti yaradır, zəmin hazırlayırdı. Xalq Komissarları Şurasının sədri Hüseyn Rəhimov, Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırov, Azərbaycan Yazıçılar İttifaqının sədri Məmmədkazım Ələkbərli ilə söhbətlərində Cəfər Cabbarlıya üstüörtülü şəkildə olsa da, bu barədə məlumatların verilməsini demişdilər. Onun, “Firuzə” adı ilə məşhurlaşan “Bakı” novellasının oxunuşu günü 1934-cü il dekabrın 31-i səhər saat 10-da görüşə getməmişdən öncə, gecə saat 4-də dayanan ürəyi də bir çox gizli mətləblərdən xəbər verir. “Pravda” qəzetində dərc olunacaq “Bakı” novellasının ruhu, havası, davası da bəlli idi. Birinci katibin otağında onu nələrin gözlədiyini Cəfər Cabbarlıdan başqa kimsə yaxşı bilməzdi. Düzünə qalsa, sonralar Cəfər Cabbarlının yaşadıqlarını həmin məşhur otaqda Səməd Vurğun, Süleyman Rüstəm kimi dahilər yaşayacaqdı...
1911-ci ildən 1934-cü ilə qədər biri-birindən qiymətli əsərlər yaradan Cəfər Cabbarlı dövrünün ən ali mükafatlarından biri olan Azərbaycan Sovet Sosialist Respublikasının Əməkdar İncəsənət Xadimi adına layiq görüldü. Bütün yazdıqları, yaratdıqları ilə sübut etdi ki, mənsub olduğu millətin düşünən beyinlərindən, işıq gələn yerlərindən biridir.
Cəfər Cabbarlı ilə vida mərəsimi “İsmailliyə” binasında təşkil olundu
Cəfər Cabbarlı 1934-cü il dekabrın 31-də səhər saat 4-də dünyaya vida nəğməsi oxudu. Ömrünün 35-ci çağında mələklərin qanadında Tanrı dərgahına qaldırıldı. Bütün həyatını, daha doğrusu dahilərə məxsus, hər günü bir dastan olan həyatını millətinin, məmləkətinin tərəqqisinə həsr edən Cəfər Cabbarlı ilə vida mərəsimi Musa Nağıyevin nakam oğlu İsmayılın şərəfinə ucaldığı “İsmailliyə” binasında təşkil olundu. Qarlı bir qış günündə, 1935-ci il yanvarın 2-də. Azərbaycan SSR-nin Birinci katibinin göstərişi ilə Fəxri Xiyabanda torpaq müqəddəsliyinə qovuşdu.
Cəfər Cabbarlının ürəyi dayanandan sonra, ölüm səbəbini müəyyənləşdirmək üçün onu “Semaşko” adına xəstəxanaya qaldırdılar. Cəfər Cabbarlının unudulmaz qızı Gülarə xanım Cabbarlının xatirələrinə istinad edərək deyə bilərik ki, atası dünyasını dəyişdikdən sonra, “Onun beyni çıxarılaraq Moskvaya, oradan da Leninqrada aparılıb. Məşhur Anatomiya Muzeyində Maksim Qorkinin və Lenin beyinləri ilə birgə saxlanılıb. Cəfər Cabbarlının beyninin çəkisi 2,5 qram imiş. Leninin, Qorkinin beynindən böyükmüş.” Gülarə xanıma istinad edərək onu da deyə bilərik ki, “Bütün bu faktlar o vaxtlar Dövlət Təhlükəsizlik Komitəsinin diqqətində olan məsələlər olduğuna görə heç kəsə deyilməyib.” Bu faktlara əlavə olaraq onu da qeyd edə bilərik ki, son dövrlərin araşdırması sübut edir ki, Cəfər Cabbarlının beyni həcm etibarı ilə Alfred Nobelin beynindən də böyükmüş...
Cəfər Cabbarlının irsinə, şəxsiyyətinə ən böyük dəyəri Ümummilli Lider Heydər Əliyev verdi
Cəfər Cabbarlı bir dahi idi. Dahi olaraq doğuldu, dahiyanə əsərlər yaratdı, onu əbədiyyət səltənətində sultana çevirən əsərlər. Cəfər Cabbarlının irsinə, şəxsiyyətinə, sonsuz millət, məmləkət sevgisinə ən böyük dəyəri isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev verdi. Siyasi hakimiyyətinin birinci və ikinci mərhələsində Cəfər Cabbarlının adının, xatirəsinin əbədiləşdirilməsi, abidə və büstlərinin ucaldılması, ev muzeyinin yaradılması haqqında əmrlər, sərəncamlar imzaladı. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində qorunan rəsmi sənədlər də dediklərimizi təsdiq edir. Azərbaycan SSR KP MK-nın Birinci katibi Heydər Əliyevin 1982-ci il martın 16-da imzaladığı, “Cəfər Cabbarlının 80 illik yubileyinin keçirilməsi haqqında” rəsmi sənəd Mərkəzi Komitənin Plenumunda müzakirəyə çıxarılarılıb. Qərara əsasən, o zamankı Lenin, indiki Heydər Əliyev adına Respublika Sarayında Cəfər Cabbarlının 80 illik yubileyi təşkil olunub, ittifaq ölkələrindən, xüsusəndə Moskva və Leninqrad şəhərlərindən 25-dən çox mədəniyyət və incəsənət xadimi yubiley tədbirinə dəvət alıb, Azərbaycan SSR Elmlər Akademiyasına, Mədəniyyət Nazirliyinə, Respublika Yazıçılar Birliyinə, Teleradio Verilişləri Komitəsinə, Azərinforuma, Azərbaycan Kinostudiyasına, Dövlət Kino Fonduna və Respublikanın mətbuu orqanlarının redaksiyalarına yubiley tədbirinin təşkili və işıqlandırılması üçün göstərişlər verilib. Ulu öndər Heydər Əliyevin 1969-cu il imzaladığı əmrlə Azərbaycan Film Kinostudiyasının önündə büstü ucaldılıb.
Bu Böyük Şəxsiyyətin qərarı ilə Cəfər Cabbarlının möhtəşəm abidəsi ucaldılıb
Azərbaycan SSR KP MK-nın Birinci katibi Vəli Axundovun rəhbərliyi ilə Azərbaycan SSR KP MK-nın bürosunun 1962-ci il iyulun 17-də aldığı qərarın icrası da, Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci mərhələsinə təsadüf edib. Məhz bu Böyük Şəxsiyyətin qərarı ilə, Bakı şəhərində Cəfər Cabbarlının möhtəşəm abidəsi ucaldılıb. Heykəltəraş Mirəli Mirqasımovun layihəsi əsasında qurulan bu abidə bu gün də Cəfər sevərlərə ən qiymətli hədiyyələrdən biri kimi dəyərlidir. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci mərhələsində Cəfər Cabbarlının yaşadığı ev – xatirə muzeyinə çevrilərək Cəfər Cabbarlının Ev-muzeyi kimi fəaliyyətə başlayıb. Məhz Ulu öndər Heydər Əliyevin xüsusi əmr və sərəncamları ilə Cəfər Cabbarlının adına Bakıda və respublikanın ayrı-ayrı şəhər və qəsəbələrində küçə adları verilmiş, Xızıda-doğulduğu torpaqda Ev-muzeyi yaradılıb. Bakı Metropolitenində stansiyaların birinə adı verilmiş, ayrı-ayrı dövrlərdə yubileylərinin keçirilməsi üçün sərəncamlar imzalanıb. Ulu Öndərin Cəfər Cabbarlının irsi və şəxsiyyəti ilə bağlı aldığı tarixi qərarlar, özü də müqəddəs qərarlar Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən davam etdirilib. 17 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Cəfər Cabbarlının 120 illik yubileyinin qeyd olunması ilə bağlı” sərəncam imzalayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 saylı Qərarı ilə Cəfər Cabbarlı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflər siyahısında daxil edilib. Bununla yanaşı, Türk dünyası da Azərbaycanın bu qüdrətli qələm sahibinin irsinə sonsuz ehtiram və sayğısını nümayiş etdirib. 2019-cu ilin fevralında Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının – TÜRKSOY-un mənzil qərargahında Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə Beynəlxalq Elmi Konfrans keçirilib.
Adı ilə bağlı mükafat Ev-muzeyi tərəfindən gənc yazarlara təqdim olunur
Cəfər Cabbarlı narahat və nigaran dünyamızı Vətənin-Azərbaycan dar, ağır günlərində tərk etdi. Sinəsində Cümhuriyyət dağı, hilallı, ulduzlu, üç rəngli Bayrağın nisgili ilə. Bu gün Azərbaycan azaddır, müstəqildir. Dünyanın ən böyük Bayraq Meydanına, ən böyük Bayraq dirəyinə, ən böyük Bayrağına sahibdir. Cəfər Cabbarlının yolunda qələm çaldığı Odlar Yurdu Azərbaycan dünyada həm də Tarixi Zəfərə imza atan qüdrətli bir dövlət kimi daha işıqlı sabahlara doğru yol gedir. Baharda dünyaya gələn, ömrünün bahar çağında dünyadan köçən, bütün varlığı, ruhu, duyğuları ilə Odlar Yurdu Azərbaycan olan, ən böyük abidəsini könüllərdə, qəlblərdə ucaldan Cəfər Cabbarlıya bundan böyük mükafat ola bilməz. Baxmayaraq ki, adı ilə bağlı mükafat hər on ildən bir adını daşıyan Ev-muzeyi tərəfindən gənc yazarlara təqdim olunur.
“Ədəbiyyat və incəsənət”
(20.03.2025)