
Super User
“1-ci Uşaq Teatr Festivalı”nın qalibləri elan edildi
Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün
“Milli Teatr Günü” nə həsr olunmuş Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Azərbaycan Teatr Xadimləri İttifaqı və “EMEDIA GROUP” Media təşkilatının təşkilatçılığı ilə “1-ci Uşaq Teatr Festivalı”nın bağlanış mərasimi keçirildi.
Qeyd edək ki, festival çərçivəsində müxtəlif yaş qruplarından olan uşaqlar yaradıcı çıxışlarını təqdim etmişdilər.
Bağlanış mərasimində çıxış edən Azərbaycan İncəsənət Məktəbinin təsisçisi və bədii rəhbəri Fərid Bağırov festivalın uğurla yekunlaşdığını bildirdi və gələn il 2-ci Uşaq Teatr Festivalının keçiriləcəyini də elan etdi. O, festivalın uşaqlar üçün böyük yaradıcılıq platforması olduğunu qeyd edərək bu ənənənin davam etdirilməsinin vacibliyini bildirdi. Həmçinin, gələcək festivallarda genişmiqyaslı tədbirlərin və yeni teatr elementlərinin tətbiq ediləcəyini vurğuladı.
Festivalın təşkilatçılarından olan “EMEDIA GROUP” Media təşkilatının sədri Elşən Əliyev çıxış edərək festivalın uşaq teatr sənətinin inkişafına böyük töhfə verdiyini söylədi. O, uşaqların yaradıcılıq potensialının dəstəklənməsinin vacibliyini vurğulayaraq, festivalın informasiya təminatında və təşviqində rol oynayan media qurumlarına təşəkkürünü bildirdi.
Teatr Xadimləri İttifaqının sədr müavini, Respublikanın Əməkdar artisti, professor Azad Şükürov öz çıxışında festivalın teatr sənətinə yeni nəsil istedadların qazandırılmasına verdiyi töhfədən danışdı. O, uşaqların belə layihələrdə iştirakının onların yaradıcılıq potensialını üzə çıxardığını və gələcəyin aktyorları üçün gözəl imkanlar yaratdığını bildirdi.
Qeyd edək ki, 6 gün davam edən festivalda 6-14 yaş arası 1, 2 və 3-cü yer uğrunda orta məktəblər, mədəniyyət mərkəzləri, dövlət və özəl təşkilatların iştirakı ilə mübarizə aparılmışdı.
Münsiflər heyətinin qiymətləndirməsi əsasında qaliblər seçilərək festivalın bağlanış mərasimində ictimaiyyətə təqdim olundu:
I yer – 3 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi – “Çiçəyim” Uşaq Teatrı.
II yer – 7 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi – “Sənət İnciləri” kollektivi.
III yer – Mirzə Ələkbər Sabir adına 259 saylı orta məktəb – “Hop-Hop” kollektivi.
III yer – Azərbaycan İncəsənət Məktəbi – “Səhnənin Ulduzları” kollektivi.
Festivalın xüsusi nominasiyaları üzrə mükafatlandırılanlar:
Ən yaxşı aktyor – “Şahzadənin sərgüzəştləri” əsərində Şahzadə roluna görə Allahverdiyev Yusif.
Ən yaxşı aktrisa – “Göyçək Fatma” əsərində Çirkin qız roluna görə Dəniz Məsiml.i
Ən yaxşı rejissor – “Tənbəl Əhmədin nağılı” tamaşasına görə Bədəlova Yaqut Məsimli.
Ən xarakterik aktyor – “Cik-Cik xanım” tamaşasında Usubəliyev Saleh.
Ən şirin aktrisa – “Şahzadənin sərgüzəştləri” tamaşasında Sarıduman Rabia Sinay.
Ən şirin aktyor – “Tısbağanın yolu” tamaşasında Talıblı Səid.
Ən yaxşı səhnə tərtibatı – “Tənbəl Əhməd” tamaşasına görə Məmmədova Mehparə
Ən yaxşı musiqi tərtibatı – “Cik-Cik xanım” tamaşasına görə Rəhim Rəhimov.
Ən yaxşı səhnə geyimi – “Şahzadənin sərgüzəştləri” tamaşasında Rəna Kərimova.
Ən yaxşı rəqs – “Tənbəl Əhmədin nağılı” tamaşasında Əli Natiqoğlu.
Sonda festivalda iştirak edən bütün uşaq kollektivlərinə sertifikatlar və hədiyyələr təqdim edildi. Bağlanış mərasimi maraqlı musiqi və rəqs nömrələri ilə yekunlaşdı.
Sonda Fərid Bağırov festivalın tərəfdaşlarına - Kinderland Uşaq Əyləncə Mərkəzi, Ailəm Electronics, Mədəniyyət Könüllüləri İctimai Birliyi, Guarden Şirkəti və Ulu 1995 mətbəəsinə tədbirdə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
Bozqurd – azadlığın və cəsarətin simvolu
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi – “Ədəbiyyat və incəsənət” üçün
Bu gün dünyada qurdla bağlı külli miqdarda yer adı, heykəl, adət-ənənələr, mərasimlər vardır. Amerikada yaşayan Mayya tayfaları bu gün də qurda sitayiş edirlər, Romanın simvolu kimi qurd qəbul edilir, Cənubi Amerika hinduları qurdu döyüşə aparan sərkərdə kimi qəbul edirlər, Avrasiyada qurd daha çox yol göstərən kimi xarakterizə edilirsə, Qərbi Avropada ona daha çox ilkin başlanğıc kimi münasibət bəsləyirlər.
Qurdlarla bağlı Hans Bidermanın məşhur "Simvollar ensiklopediyası"nda da xeyli maraqlı məlumatlar var. Məsələn, Qədim misirlilər qurdbaşlı tanrılara müharibə tanrısı kimi sitayiş edirdilər. Slavyan mifologiyasında isə qurda şərin elçisi kimi yanaşılır. Yazdıqlarımızı ümumiləşdirərək belə nəticəyə gəlmək olur ki, bütün hallarda qurd bəşəriyyətin əzəl çağlarından insanların düşüncəsində, arzu və niyyətlərində özünə möhkəm yer eləyib.
Tarix sübut edir ki, qurda ən çox önəm verən türklər olub. Onlar qurd (Bozqurd) kultuna xüsusi bir ehtiramla bağlıdırlar. Təsadüfi deyil ki, türklərdə Bozqurd həmişə müqəddəs tutulmuşdur. Bəzi türk xalqları bozqurdu hörmətlə tanrı oğlu adlandırırdılar. Altay dağlarında, qədin hun məskənlərində çoxlu qurd tanrı heykəlləri, dişlərini qıcırtmış və quyruğunu belinə qaldırmış zolaqlı qurd təsvirləri və petroqlflər vardır. Şəkidə e.ə. III-II yüzilliklərə aid qurqandan tapılmış boyunbağının üzərində qurd şəkilləri təsvir edilmişdir. Qədim türk əfsanə və dastanlarında çoxlu qurd personajlarının və onlara xüsusi ehtiramın olduğunu görürük. Göytürklərin göy bayraqlarında qurd başı rəsmi vardı. Qədim türklərin dini inanışlarından danışan Çin qaynaqlarında Ötüken (kultdur) qurdbaşlı varlıq olaraq xatırlanırdı. Ə.Firdovsi “Şahnamə” əsərində türklərin yaşadığı yerləri “keşvare qorqsar” (“qurdlar məskəni”) adlandırır.
Xalq inanclarında qurd dişinin cibdə daşınmasının nəzərdən qoruyacağına inanılırdı. Yuxuda və ya gəzərkən qurd görmək xeyirə yozulardı. Hamilə qadının nəzərdən qorunması üçün yastığının altına qurd dişi və ya dərisi qoyular, yeni doğulan oğlan uşağının beşiyinin dörd tərəfinə qurd şəkli çəkilərdi. Qurdun parçaladığı qoyun murdar sayılmazdı. Südü kəsilmiş anaların yenidən südünün gəlməsi üçün qurd əli dualarla qadının döşlərində gəzdirilər, bədəninin bir yerində ağrısı olan və ya boğazı gələn uşaqların ağrıyan bölgələrinə “qayıt, qayıt” deyilərək yenə qurd əli sürülərdi. Bizcə, bu örnəklər qurdun əski türk düşüncə və inancında hansı anlam daşıdığını bəlli etmək üçün kifayətdir.
Onu da qeyd etmək lazımdır ki, bu inancların bir qismi indi də yaşamaqdadır. Qurd adı ilə bağlı çoxsylı toponimlərin mövcudluğu, yuxarıda göstərilən inanclarla yanaşı, qurdu söymək və ona qarğımağın günah sayılması, “qurd üzünün mübarək” hesab edilməsi, şansı gətirən adama “qurdu uladı” və ac adama “qurd kimi acımış” deyilməsi, qorxmaz, cəsur, dözümlü və təcrübəli insanlar barədə söylənilən “qurdlarla dolaşır”, “qurd ürəyi yeyib”, “qurd kimiöz qanını yalayır”, “qurdla qiyamətə qalacaq”, “qoca qurd” kimi ifadələr, qurdla bağlı andlar (“Bozqurdun ruhuna and olsun”, “And olsun Bozqurdun mübarək üzünə” və s.), atalar sözləri (“Qurdun adı, yesə də, qurddur, yeməsə də”, “Qurdun səbəbinə quş da yeyər”, “Qurdu nə qədər əhilləşdirsən, gözü yenə meşəyə baxacaq.” və s.), məsəllər (“Kor qurdun qismətini verən Allah mənim də qismətimi verər”, “Qurd getdi yazıya, meydan qaldı tazıya”, “Süfrəmizin qurd payı” və s.), nağıllar (“Kor qurdun qisməti” və s.), oyunlar (“Yoldaş, məni qurd apardı” və s.) , adətlər (“Qurd ağzı bağlamaq”, “Qurd ayağı gətirmək” və s.) və s. qurd barədə əski inancların uzantısı olub, hələ də türkün düşüncəsində boz qurdun öz qutsallığını, Tanrı qatında özəl məqama sahib olduğunu və bu yöndə cağdaş türkün əski türklə düşüncə ortağı olduğunu bildirir.
Əski türk dastan, əfsanə, nağıl, atalar sözü və məsəllərdə, həmçinin yazılı ədəbiyyat nümunələrində (xüsusən poeziya nümunələrində) “qurd” sözünün, o cümlədən “Kitabi Dədə Qorqud” dastanının müxtəlif boylarında rastlaşdıqları “qurd üzü mübarəkdir, qurd ilə xəbərləşim”, “qara başım qurban olsun, qurdum, sana”,”issiz yerin qurdu kibi ulaşdılar”, “əzvay qurd ənügi erkəgində bir köküm var”, “yeni bayırın qurduna bənzər igidlərim”; N.Gəncəvinin “İsgəndərnamə” poemasında “Gəldi qurd ağzından sübhün nəfəsi, Keşikçi itinin kəsildi səsi” beytindəki “qurd ağzı”; “Koroğlu ilə Bolu bəy” qolunda “yeyib qurdlarınla ulaşım, dağlar”, Koroğlu qoşmalarındakı “gərək budur qurddan olan qurd olsun”, “… adım qurd oldu, qurd oldu” deyimləri; atalar sözlərində təsadüf etdiyimiz “Qurd görəndə salavat çevir”, “Qarşına qurd çıxsa, əlinə pay gələr”; müasirlərimizin şeirlərindəki “qurdbaşlı bayrağın balası bayraq” (B.Vahabzadə: “Bayraq”), “Dur, özünü bozqurd eylə” (M.Araz: “Ayağa dur, Azərbaycan), “Bozqurd sənsən, bozqurd mənəm, Bu qurd kimi düşmənimi bir gün yenəm” (X.Rza: ”Bozqurd”), “Namazını qurd üzünə, Yarpaq üstə qılan gəlsin.”, “Yuxumda bir ağız qurd ular keçər” (R.Behrudi: “Vida türküsü” və “Boz qurd”), “Mən bir acıyalquzağam, Qurd ulayır içimdə” (M.Yaqub: “Tənhalığın üsyanı”), “Qorqudun, boz qurdun, türk ulun olum” (F.Böyükkişi: “Mən də sənin kimi təkəm, tənhayam…”) və s. kimi ifadə və cümlələrdəki “qurd” sözü ilə tez-tez rastlaşırıq.
Türk inanışlarına görə Bozqurdun rolu (funksiyası) üç şəkildədir; ata (əcdad), rəhbər (yol göstərən, hami) və qurtarıcı (xilaskar).
Qədim türklər özlərini təbiətdən ayırmadığı, ətraf mühiti anlayıb dərk etdiyi mifoloji zamanda - ilkin zamanda - əcdadlarının zamanında yaranışlarında, soylarında qurdla qohumluq bağları olduğunu iddia edər, nəsillərinin bu müqəddəs varlıqdan törədiyinə inanardılar. Təsadüfi deyil ki, mifoloji zamanda yaratdıqları çox əski dastanların bəzilərində ana (məsələn:“Bozqurd” və “Asena” dastanlarında), bəzilərində ata (məsələn: “Törəyiş”, “Doqquz Oğuz – On Uyğur” dastanlarında) olaraq görülən Bozqurd türk nəslinin yoxolma təhlükəsi yarananda ortaya çıxır və nəslin davam etməsini saxlayır. Bir hun əfsanəsində doqquz oğuzların törəməsini qurd – insan cütləşməsi davam etdirir. Çou-shu adlı Çin xanədan xronikasında törəyiş əfsanəsi ilə ilgili xəbər, Ərgənəkon dastanı və çox qədim bir türk əfsanəsində dişi qurdun tək qalmış uşağı himayə etməsi, VI əsrə aid bir daş qəbirdə, Kül Tikin kitabələrinin birində qurddan süd əmən uşaq təsviri, 1957-ci ildə (sonuncu fakt) Türkmənistan ərazisində insan övladının qurdlar tərəfindən bəslənilməsi hadisəsinin baş verməsi və dıgər mənbələr də deyilənlərə inam oyadır.
Türklər boz qurdu həm də bir hami, rəhbər kimi qəbul edirlər. Mifoloji materialarda, o cümlədən qədim türk dastanlarında görürük ki, millətin həyatının həlledici anında Bozqurd onlara yol göstəirir, rəhbərlik edir. Məsələn, “Ərgənəkon” dastanında və “Kut dağı” əfsanəsində Bozqurdun rəhbər rolunu aydın görmək mümkündür.”Oğuz Xaqan dastanı”nda Oğuz Xaqana göydən enən işığın içərisindən çıxan göy qurd yol göstərir.
Materiallar Bozqurdun həm də qurtarıcı olduğunu deyir. Türk zor duruma düşəndə bozqurd ortaya çıxaraq onu qurtarır. “Köç”, “Manas”, “Ərgənəkon” dastanlarında bozqurd qurtarıcıdır. İndiyədək qurd mövcud olan bir tatar əfsanəsində görürük ki, meşədə azaraq düşmənlərin mühasirəsində qalan köçəri qəbiləni bir qurd mühasirədən çıxarır, məhv olmasına imkan vermir.
Bozqurdun əcdadlıq funksiyası əsasən Göy Türk xaqanlığında tanınmışdır. Oğuzlarda onun əsas funksiyaları yol göstərən və xilaskardır.
Gerçəklik budur ki, heç zaman bütə tapınmayan türk Bozqurdu simgə olaraq seçib. Bozqurdun simgə olduğu sürəcdə türk yenilməz olub. Məhz bunu çox yaxşı bilən türk düşmənləri Bozqurdu, əslində bozqurd ruhunu türkdən almağa çalışdılar. Bunlar sadəcə düşüncə və gəlişi gözəl sözlər deyil, gerçək tarixi faktlara dayanan məntiqi sonuclardı. SSRİ-nin yarandığı ilk illərdə türkün və türklüyün düşməni olan Lenin türkiyəli araşdırmaçı yazar İlhan Bardakçıya belə demişdi: “Türkiyədə kommünizmi yerləştirmək üçün öncə onlara dinlərini, milliyyətlərini unutdurmak və qafalarına yerləşmiş olan Bozqurd əfsanəsini söküp atmak lazımdır.”
Bəs nə üçün türklər digər yırticıları deyil, məhz qurdu əcdad, rəhbər və xilaskar “seçir”? Bu məsələ türk etnik-mədəni sistemi çərçivəsində aydınlaşdırılmalıdır. Onlar bilməlidirlər ki, qurdların insan düşüncəsi ilə qəbul edilən müsbət cəhətləri hansılardır və onların hansı xüsusiyyətləri şüurlu insanın davranışına daha yaxındır.
Türk ən əski çağlardan fiziki gücə deyil, mənəvi böyüklüyə tapınmışdı. Heç təsadüfi deyildir ki, Səlcuqilər dövründə güney Azərbaycanda yaradılan bir nimçədə yazılmışdı: “Türklə ucuz başla danışmaq olmaz.” Dünyanın cansız əşyalara tapındığı dönəmdə türk yaradıcı olaraq Tanrını tanıdı. Yaradılışdan ruhu ruhuyla tən gələn Bozqurdu məhz əlçatmaz ruhuna görə sevdi, əyilməzliyinə, mərdliyinə, özgür ruhuna görə özünə simvol olaraq seçdi. Türk güc axtarışında olsaydı, aslanı, pələngi və s. simgə seçərdi. Bozqurdu simgə olaraq seçən türk Bozqurdun özü kimi əyilməz yaşadı, özgürlük vurğunu oldu. Bu ruh türkün enerji qaynağı oldu.
Qədim türklərin düşüncəsinə görə, qurdlar heç də insanlara zərər verən yox, əksinə, dünyamızı əyriliklərdən təmizləmək kimi Tanrı missiyasını öz üzərinə götürmüş canlılardır. Tədqiqatçılar (M.Seyidov, M.Həkimov, N.Hacıheydərli, C.Bəydili, C.Bayramlı, O.Salayev, R.Qafarlı və b.) türklərin xarakterik xüsusiyyətlərinin bir çoxunun qurd psixologiyası üzərində qurulduğunu və haradasa onu xatırlatdığını göstərirlər. Məsələn, aşağıda qeyd edilənlərə diqqət edək:
1.Qurd azadılıqsevən heyvandır. Həmişə azadlığa can atır. O, yeganə yırtıcı heyvandır ki, əhilləşdirmək və zəncirləmək mümkün deyil. Pəncəsi tələyə düşəndə belə qurd onu dişləri ilə didib-parçalayıb özünü xilas edir. Əğər bozqurd ona saldıran çox sayda yırtıcının qarşısında çıxılmaz vəziyyətdə qalarsa, əsir olmamak için köksünü parçalayıp özünü öldürür. Bozqurdlar məğrur və heç nəyə baş əyməyən heyvanlardır. Onlar heç bir zaman ev heyvanları ola bilməzlər. İnsanla dost olarlar, amma it, ya da başqa heyvan kimi insana tabe olmaz, kölələşməzlər. Çünki Bozqurd ev itləri kimi havayı yemək üçün sahibinə yaltaqlanmaqdansa, hürr şəkildə aclıqdan ölməyi üstün tutur. Onlar məğlub ola bilərlər, amma əyilməzlər, öldürülərlər, diz çökməzlər, ovlanarlar, həbsə düşməzlər. Yuxarıda sadaladığımız xüsusiyyətlərin böyük əksəriyyətinə Azərbaycan və Anadolu türklərinin, habelə, bütün türklərin psixologiyasında rast gələ bilərik. Türklər hər zaman azad və sərbəst olmağa üstünlük veriblər. Türklər o dərəcədə qorxmaz olublar ki, İslamın 2-ci xəlifəsi Ömər onlar haqqında belə deyib: ”Türkü yaraladınsa, hökmən onun işini bitir. Əks təqdirdə o əlinə düşən ilk imkanda geri qayıdacaq və sizə o zaman aman olmayacaq. Onlar geri çəkilməyi, uduzmağı qəbul etmirlər”; Sonuncu dini insanlara təlqin edən Həzrəti-Məhəmməd isə ərəblərə xitabən bunları söyləyib: “Türklər sizə toxunanadək onlara toxunmayın”.
2. Qurd heç vaxt təkbaşına hərəkət etmir. Sürü onun üçün kollektiv özünümüdafiə xarakteri daşıyır. Onun öz lideri var. Qurd qurdluğu ilə dərk edir ki, tək əldən səs çıxmaz. Türklər, onun liderləri də hər zaman öz dövlətinə sadiq qalmağa, kollektivin rəyi ilə hesablaşmağa, dar gündə özünü kollektivin bir üzvü kimi görməyə üstünlük veriblər.
3. Qurd ailəsinə, evinə sadiqdir. Balalarının, “xanımının” yolunda canını qurban verməyə hazırdır. Dişisi ölən qurd ömrünün sonuna kimi başqa dişi ilə “evlənmir”. Dişisini başqa bir erkəklə görən qurd onu parça-parça edib, yalquzaq kimi yaşamağa belə razı olur.
4. Yaşadığı əraziyə, ailəsinə, öz növündən olan digər qurda təcavüz olarsa, qəzəbli qurdun qarşısını heç bir canlı ala bilməz.
5. Tanrıya sevgi qurdun qanındadır. Üzü hər zaman Tanrıya doğru olan qurd ağzını göyə tutub uladıqda belə gözlərini yumur, bir növ “daxilən saflaşır” və Tanrıya məxsus olduğunu göstərir. Təsadüfi deyil ki, göy qurdun adı keçən dastan və əfsanələrdə onun göylərdən endiyini və bəzən də Oğuz Xaqan dastanında olduğu kimi ağ işığın içindən çıxdığını görürük. Bütün hallarda göy qurd (Tanrı tərəfindən göndərilmiş) xilaskar, qurtarıcı obrazında təqdim olunur. Qurdun ulaması birliyə çağırış kimi mənalandırılır .
Sadaladığız xüsusiyyətlərin böyük əksəriyyətinə türklərin psixologiyasında rast gələ bilərik. Türklər özləri də xasiyyət və davranışları ilə qurd arasında elementar oxşarlıqlar görürdülər. Hətta aypara taktikası (və ya Turan türk taktikası) adı verilən yarımçevrə ilə düşməni ortaya götürüb çevrəni qapamaq strategiyasının qurdlardan götürülərək ilk dəfə türklər tərəfindən tətbiq edildiyi ehtimal olunur.
Türk (Oğuz) – qurd münasibətlərinin arxaik semantikasının araşdırıcıları da türklərdə qurd obrazına məxsus mifoloji cizgiləri təsdiqləyirlər. “Kitabi Dədə Qorqud”dakı qurdun Salur Qazan tərəfindən “ər” adlandırılması (“Qarla yağış yağanda ər kimi duran!”) faktı Oğuzun funksiyasının qurdun funksiyasından fərqlənmədiyini göstərir. Hər iki obraz “ər” semantemində birləşır. Türklər də qurd kimi hər zaman qorxmaz, azad və sərbəst olmağa, öz dövlətinə, ailəsinə sadiq qalmağa, kollektivin rəyi ilə hesablaşmağa, dar gündə özünü kollektivin bir üzvü kimi görməyə üstünlük vermiş, “Tanrı Milləti” olduqlarını dəfələrlə sübut etmişlər.
Qurdların növləri çoxdur. Bəs nə üçün türklər ancaq Bozqurdu simgə kimi qəbul edirlər? Çünki qədim türklərin psixologiyası ancaq bozqurdun “psixologiyası” ilə tən gəlirdi.Yuxarıda göstərilən nümunələr də bunun sübutu ola bilər.
“Bozqurd” və ya “göy saçaqlı qurd” adlanan heyvan yalnız müəyyən zamanda zühur edir və yalquzaqdır. Yəni o digər heyvanlar kimi təbiətdə yaşamır, səmavidir. Ancaq ehtiyac olduğunda, türklərin çətin zamanında izə çıxır. Əski türk dastan, əfsanə və deyimlərində Bozqurdla yanaşı göy qurd (gök kurt) və göy börü (gök börü) obrazına da rast gəlirik. Burada «göy» sözü rəng anlamında deyil, «göylərdən enmiş», «göy mənşəli», «qutsal», “qurd” sözü isə “qurtuluş” anlamındadır . Təsadüfi deyil ki, göy qurdun adı keçən dastan və əfsanələrdə onun göylərdən endiyini və bəzən də göydən enən ağ işığın içindən çıxdığını görürük. Əksər hallarda göy qurd (Tanrı tərəfindən göndərilmiş) xilaskar, qurtarıcı obrazında təqdim olunur.
Əski türk isə yalnız qutsal saydığı varlıqlara göy (gök) ismini verirdi. Bir sözlə, əski türklərin Bozqurdu simvol olaraq seçməsinin iki ana səbəbi olmuşdur:
1.Bozqurdun başqa heç bir canlıda olmayan üstün özəllikləri
2.Bozqurdun Göy mənşəli (gök kurt) – müqəddəs olması
Bu xüsusiyyətlərə görə, türklər azadlıqlarının timsalı olaraq Bozqurdu özlərinə simvol seçiblər.
Yəqin çoxunuz qurd adam, yaxud ay bədirlənəndə bəzi insanların qurda dönməsi barədə əfsanələri eşitmiş və ya oxumusunuz . Dünya xalqlarının, o cümlədən Azərbaycan xalqının mifoloji mətnlərində (məsələn: “Qurd Zalxa” və “Qurd adam”) insanın qurda çevrilməsi barədə kifayət qədər material vardır. Vaxtı ilə tarixin atası sayılan Hedrodot da öz əsərlərində bu barədə söhbət açmışdır. Tarixdə 1520 – 1630-cu illərdə Avropada otuz mindən çox qurd adam hadisəsi qeydə alınmışdır. Son illərdə məlum olmuşdur ki, sovetlər dönəmində Moskva və Sank- Peterburqdakı institutlarda gizli şəkildə insanın qurda çevrilməsi ilə bağlı araşdırmalar aparılırmış.
Elm bu yaxınlara kimi insanın qurda çevrilməsi fonemini rədd edirdi. Lakin son vaxtlar Rusiya Milli Elmlər Akademiyası və Amerika Səhiyyə Assosiasiyası apardıqları ekspedisiyaların nəticələrinə əsaslanan dəqiq faktlar və dəlillərə istinad edərək bəyan etdilər ki, insanın qurda çevrilməsi fenomeni var. Rusiyanın şimallarında məskunlaşmış, əsasən, türk əsilli xalqların şamanları, Şimali Amerika hinduları (əsasən türk əsilli), Yaxın Şərqdəki türk tayfalarının bəzi şəxslərinin yaman ruhlarla döyüşmək üçün qurda dönmələri elmi məqalələrlə təsdiq olunur .
Məqalələrdə göstərilir ki, türk şamanlar arasında müxtəlif dua və ayinlərin köməyi ilə asanlıqla qurda çevrilə bilənlər (onlara “noyd” deyirlər) indi də vardır. Bu zaman onların insan olduqlarını ancaq gözlərindən və səslərindən tanımaq mümkün olur.
Qurda, o cümlədən digər canlılara çevrilmək insan orqanizminin imkanlarının gerçəkdən də, hədsiz olduğunun sübutudur. Mifoloji tədqiqatlar göstərir ki, fərqli coğrafiyalarda yaşayan insanlar ancaq qurda yox, digər canlılara da (məsələn: ayı, maral, bizon, sırtlan (leşlə bəslənən çirkin üzə sahib heyvan) və s.) çevirlə bilirmişlər. Qurda isə daha çox türk əsilli xalqların nümayəndələri dönürlərmiş. Bizcə, türkün digər canlılara yox, ancaq qurda çevirilməsinin əsas səbəbi yuxarıda da qeyd etdiyimiz, kimi ortaq xarakterlərin olması, bozqurda olan ehtiramın təzahürüdür.
Tədqiqatlarda qeyd edilir ki, mifoloji mətnlərdə heyvanın əcdad, soybaşı kimi göstərilməsi, sadəcə, bu adı daşımış insanın keyfiyyətini əks etdirir, yəni soykökündə boz qurd kimi şüsaətə, döyüşkənliyə, lider özəlliklərinə malik bir insanın durduğunu göstərməyə hədəflənir, onun bioloji əcdadı olmasına yox.
Beləliklə, əcdad, rəhbər – yol göstərən, xilaskar – qurtarıcı funksiyalarını yerinə yetirən qurd türklərin ədəbi-bədii təfəkkürdə azadlıq, işıq, mərdlik, yurdsevərlik, sadiqlik, liderlik, ən başlıcası türkçülüyün simvolu kimi anılaraq qəbul edilir və özünün tarixi-fəlsəfi, o cümlədən ideya yükünü hələ də ünvanlara çatdırmaqda davam edir.
Bu gün Bozqurdla bağlı mifoloji elementlər, sözün həqiqi mənasında, milli estetik fikir yatırımına, yetişməkdə olan nəslin azadlıq və istiqlal təfəkkürünün, milli-mənlik şüurunun formalaşması və təkamülünə güclü təsir vasitəsinə çevrilmişdir. 44 günlük Qarabağ savaşında oğullarımızın qəhrəmanlıqları və onların divarlara, qayalara cızdıqları Bozqurd rəsmləri, şəhid gizirimiz X.Yusifzadədən tutmuş qazi polkovniklərə qədər bir çoxlarının Bozqurd işarəsini göstərilməsi bunun ən gözəl sübutudur.
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
PORTAL AKADEMİYASINDA - Riçard Brenson, «Hər şey cəhənnəmə, giriş və elə!»
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Təbiidir ki, illərdir bir çox müəlliflər uğur qazanmağın yollarını göstərmək niyyəti güdən kitablar yazıblar. Onların içində adı dünyalarca məşhurlaşanlar, ən tanınmış motivasiya spikeri adını alanlar da var, yazdıqlarını bestseller səviyyəsinə daşıya bilməsələr belə, kütləvi oxucu qazanmaq şərəfinə nail olanlar da var, heç bir iz qoya bilməyərək yazdıqlarının makulaturaya çevrilməsiylə barışanlar da var.
Əlbəttə ki, mən öz tədqiqatım boyunca ən çox səs-küy qoparan «uğurqazanma bestsellerlərinə» toxunacağam. Oxuculara oxunması məsləhət görülən bu bestsellerlərin əsas müddəalarını göstərəcək, tezislərini qabardacağam.
İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luğa nəzər yetirək.
Riçard Brenson. «Hər şey cəhənnəmə, giriş və elə!»
Ser Brensonun növbəti kitabını isə həyat manifesti, hərəkət və risk manifesti adlandırırlar. Kitabın məğzi həyatdan nə mümkündürsə hamısını götürməkdir. «İstədiyini etməkdən qorxma!» - deyir Ser Brenson. Buna görə də sənin təhsil səviyyənin, təcrübənin olub olmamasının əsla əhəmiyyəti yoxdur. Həyat – sənə həzz gətirməyən məşğuliyyətlərə sərf olunmaq üçün olduqca gödəkdir.
Müəllif iddia edir ki, əgər sənin çiyinlərinin üzərində başın varsa, döyünən ürəyin varsa, demək istənilən məqsədə çatmaq iqtidarındasan. «Nəsə xoşuna gəlirsə elə, xoşuna gəlmirsə, düşünmədən tulla getsin!», - söyləyən Riçard Brensonun bu kitabının illərdir ki, dünyada əl-əl gəzməsinin səbəbi odur ki, kitab hər bir insana öz imkanlarına inam aşılayır, onu müdrikləşdirir və ona inanılmaz dərəcədə çox optimizm bəxş edir.
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
KİNO BƏLƏDÇİSİndə - Müharibə dəhşətləri- “Gizli silah”
Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Rejissor Lan Şarpenin 1990-cı ildə ekranlaşdırdığı “Gizli silah” filmi barədə danışmaq istəyirəm. İkinci Dünya müharibəsi iştirakçısı olmasaq belə, filmlərdən və kitablardan yəqin ki, hamımızın yaddaşındadır və görünür, uzun müddət heç kimin ağlından silinməyəcəkdir.
Rus kəşfiyyatı alman ordusunun əlində “Katyuşa” yaylım-atəş sisteminin olması barədə məlumat əldə edir və sistemin məhv edilməsi üçün 8 nəfərdən ibarət partizan qrupu qurulur. “Katyuşa”nın yerini təsbit edən qrup planın ilk mərhələsini alman ordusunun diqqətini dağıtmaq üzərinə kökləyir və plan uğurla həyata keçirilir.
Partizan qrupunda yaxalanan iki zabitin alman ordusuna verdiyi yanlış məlumatlar rus ordusunun işini bir qədərdə asanlaşdırır və almanların diqqəti əməlli-başlı dağılır. Birinci yalan məlumat rus ordusunun var qüvvəsi ilə irəlilədiyi və alman hərbi bazasına yaxınlaşması barədə olur. Digər yalan isə bazanın rus hərbi hava qüvvələri tərəfindən vurulacağı barədə olur. Nəticə etibarilə söylənənlərin heç biri baş vermir və alman ordusunun loru dildə desək, bildiyi də yadından çıxır.
Rus ordusu böyük planın ilk mərhələsini uğurlu bir şəkildə həyata keçirdərək almanların diqqətini dağıtmağı bacarmışdı. Növbədə planın ikinci hissəsi var idi. Rus ordusu almanların məcbur qalarlarsa “Katyuşa”nı körpü vasitəsilə qaçırda biləcəyini bilirdi. Buna görə də hədəf körpünün partladılması idi. Rus kəşfiyyatçısı göl üzərində hərəkət edə bilən kolluq vasitəsilə kamuflaj olaraq körpüyə bomba bağlamaq üçün hərəkətə keçir. Hər nə qədər təhlükəli və riskli görünsə belə almanların əlini zəiflətməkdən başqa çıxış yolu qalmır. Almanlar ilk baxışda kolluğun öz-özünə hərəkət etdiyini düşünüb çox da əhəmiyyət vemirlər. Kəşfiyyatçı bombanı uğurla qurlaşdırıbmış. Alman əsgəri hər ehtimala qarşı gölə bir neçə atəş açır. Mərmilərdən birinin rus əsgərini ağır şəkildə yaralamasına rəğmən, vəzifə sonuna qədər yerinə yetirilməli idi. Bağlanan bombanın partlamaması rus əsgərini yenidən körpüyə qayıtmağa vadar eləyir. Gölün üzərində görülən qan izləri alman əsgərlərinin hərəkətə keçməsinə səbəb olur. Rus kəşfiyyatçısı öz canı bahasına həm millətinin, həm də döyüş yoldaşlarının canını xilas edir və körpünü özü ilə birlikdə partladır.
Baş verənlərdən də görüldüyü kimi bir insan lazım gəldikdə vətəni üçün, xalqı üçün öz canını düşünmədən fəda etməyə hazırdır və etməlidir. İstər öz ordumuz, istərsə də başqa bir ordu, hər kəsin dilində və fikrində “öncə vətən” düşüncəsi yatır.
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
Qız anası olmaq - İTHAFNAMƏ
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Ana olmağın necə möhtəşəm bir duyğu olduğunu ana olduğum zaman anladım. Üstəlik, bu duyğunu sənə bəxş edən bir qız övladıdırsa, hər şey daha da xüsusi və möhtəşəm olur.
Qızım dünyaya gəldiyi gündən içimdə anlamadığım bir bağlılıq hiss etdim. Onun varoluşu ilə sanki mən də yenidən doğuldum.
Qızımla keçirdiyim hər an – onun gülümsəməsi, yerişi, baxışları, ilk sözləri – gözümdə unudulmaz xatirələrə çevrilir və bir ömür ruhuma həkk olunur. Qız anası olmaq bambaşqa bir duyğudur. Nə qədər anlatmağa çalışsan belə, kəlimələr yetərsiz qalar. Sanki qarşında özünün bir parçasını görürsən. Ona tamaşa edəndə "Necə də mənə bənzəyir, bir vaxtlar mən də belə idim" deyə düşünürsən. Qarşında böyüyən balaca bir "sən" və onu böyüdərkən yenidən balacalaşan yenə "sən". Sən də onunla böyüyür, onunla daha güclü olursan. O sənə elə bir güc bəxş edir ki, həyatının heç bir anında özünü bu qədər güclü, məğlubedilməz hiss etməmisən – sanki dünyaya meydan oxuya bilərsən.
Onun balaca əllərinin toxunduğu hər yer çiçək açır, gözəlləşir. Dünyam onunla daha mənalı, daha anlamlı olur. Sən mənim ən böyük uğurum, sən mənim ən dəyərli varlığım, sən mənim canımdakı cansan, canım qızım. Sən bir gün böyüyəcək, öz yolunu tapacaqsan. Harda olmağından asılı olmayaraq, səni hər zaman çox sevən bir ananın olduğunu unutma! Və sən həmişə mənim "balaca" qızım olacaqsan. Sən sevginin özüsən.
Son olaraq yazımı sənə yazdığım qoşma ilə bitirmək istəyirəm. Və bu qoşma, sevgimin sözlərə çevrilmiş halıdır.
YAZ ÇİÇƏYİM
Ay üzünə hər gün qurban olduğum,
Günəş doğdu ömrümə sən gələndə.
Çiçək açdı bütün bağlar, bağçalar,
Gül qoxulu ay çiçəyim gələndə.
Mənim dünyam baxışında gizlidir,
Gülüşünlə sanki həyat canlanır.
Sən güləndə necə gözəl görünür,
Bu cahan da bu aləm də gözümdə.
O qaşlar, kirpiklər necə qəşəngdir,
Zülfün kimi incədən də incədir.
Oynamağın hamısından gözəldir,
Oyna, balam, sən aşığın sazında.
Nəşəsiylə hər tərəfə səs salır,
Hər kəlməsi ürəyimi oxşayır.
Bu Aynurun halı yaman qaralır,
Yaz çiçəyim məndən uzaq düşəndə.
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
Baxın gözlərimə - MƏNSUR ŞEİR
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Yenə yaz gəlir.
Çiçək-çiçək arzuların doğulduğu yaz.
Yaşıl-yaşıl ümidlərin bolluğu yaz.
Çovğun, sərt qışın qovulduğu bambaşqa yaz.
Kimlərsə sevinir, sevilir... Amma nədənsə bu dəfə də qəlbimə ayaz gətirir bu yaz. Soyuq-soyuq baxışlar qarışır nəzərimdə. Bəmbəyaz diləklərim sanki asıla qalır biləklərimdən.
Bilərəkdənmi belə olur görəsən? Məni için-için göynədən, inlədən bu yaz nakam ömrümə dumanı, çiskinin çox görür. Görünür, taleyimə yazılan yazıdır deyə, yazın da qüvvəsi dəyə bilmir. Və bundan da bir daha kədərlənir, kədərləndirir bu yaz. Lakin çalışıram, ovqatıma əsl yaz nəfəsi, yaz təravəti gətirim. Yad nəzərlər sezməsin bu yazın da sazağında üşüməyimi, qəmli düşünməyimi.
İçimdə özümü odlayıramsa, çölümdə bambaşqayam. Daxilən ağlayıramsa, xaricən gülürəm. Dilim ağlımın səsinə güc verirsə, qəlbimin aynası gözlərimsə... Gözlərimsə gözləmirəm kimisə yanıltsın, aldatsın.
Baxın gözlərimə. Yaşı ürəyimə axan gözlərimə...
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
19 mart - Cənubi Azərbaycanda Səttarxan hərəkatının ildönümüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Taleyin hökmü ilə ikiyə bölünən Azərbaycanın birləşməsi, otaylı butaylı imperiya zülmündən qurtulması üçün mücadilə aparan şanlı oğullardan biri olmuş Sərratxanın adını unutmağa heç kəsin haqqı yoxdur.
1905-1911-ci illər İran inqilabının – buna Məşrutə inqilabı da deyilir və Cənubi Azərbaycanda demokratik hərəkatın rəhbərlərindən biri, Azərbaycan xalqının milli azadlığı uğrunda fədakar mübariz olub Səttarxan.
Azərbaycan Xalq Cümhuriyyətinin (Azərbaycan Demokratik Respublikasının) banisi, müstəqillik uğrunda əvəzsiz xidmətləri olan Məhəmməd Əmin Rəsulzadə vaxtı ilə Səttərxan haqqında çox layiqli sözlər deyib, bu hərakat haqqında filmlər çəkilib,teatr tamaşaları hazırlanıb, əsərlər yazılıb. Ən azından, Məmməd Səid Ordubadinin yazığı “Dumanlı Təbriz” romanını yəqin ki, çoxlarınız oxumusunuz. “Səttarxan” marşı bəstələnib, Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov “Səttarxan” mahnısını şövqlə ifa edib.
İndi isə tarixi xronologiyaya nəzər yetirək. 1905-1911-ci illərdə Səttar xanın başçılığı ilə Təbrizdə milli-azadlıq hərəkatı başladı. Tezliklə bu hərəkat Cənubi Azərbaycanın hər tərəfinə yayıldı.
Məşrutə hərəkatı Səttar xanı böyük sərkərdə səviyyəsinə qaldırdı. 1907-ci ildə Təbrizin Əmirxiz mahalının azadlıq fədailərinə rəhbərlik edən Səttar xan nümayiş etdirdiyi qeyri-adi qəhrəmanlığı və şücaəti ilə azadlıq fədailərinin sevimli sərkərdəsinə çevrilmişdi.
1908-ci ildə şahın 40 min nəfərlik silahlı qüvvəsinin inqilabın beşiyi sayılan Təbriz şəhərinə hücumundan sonra iyun ayında Səttar xanın rəhbərliyi altında Ali Hərbi Şura yaradılmışdır. Ali Şuranın baş komandanı Səttar xan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli, Seyid Haşim xan təyin edilmişlər. 1909-cu ilin aprel ayına qədər Təbriz üsyanı inqilabçıların verdiyi çoxsaylı itkilərə baxmayaraq düşmənin silahlı qüvvələrini Təbrizdən çıxarmağa nail olur. Bu döyüşdə Səttar xan və Bağır xan nümayiş etdirdikləri qeyri-adi qəhrəmanlıqları müqabilində Azərbaycanın əyalət əncüməni tərəfindən müvafiq olaraq "Sərdari-milli" (Xalq sərkərdəsi) və "Salari-milli" (Xalq rəhbəri) fəxri adlarına layiq görülürlər.
Təbrizin müdafiəsi Hərbi Şuraya tapşırılır. Üsyançıların qələbəsi bütün İrana təsir göstərir. Bir çox şəhərlərdə, o cümlədən Tehranda "Səttar xan" adı altında inqilabi komitələr yaranır. Təbriz əyalət əncüməni özünü Şura Məclisinin elçisi kimi təqdim edir. 1908-ci ilin oktyabr ayına qədər Azərbaycanın bir çox vilayətləri düşmənlərdən təmizlənir. Ölkədə inqilabi hərəkatın güclənməsindən qorxuya düşən şah-irtica qüvvələri Tehranda Şura Məclisinin yenidən açılmasına icazə verməyə məcbur olurlar. 1908-ci ilin dekabr ayında açılan İkinci Şura Məclisi Səttar xanla Bağır xanın xidmətlərini dəyərləndirmək məqsədilə onların adlarının metal lövhə üzərinə qızıl hərflərlə həkk edilmiş Şərəf Nişanlarının hazırlanması və Məclisin yenidən açılışı zamanı tribunadan asılması haqqında fərman verir.
Təbriz inqilabının qələbəsindən sonra inqilabi əhval-ruhiyyənin artması şah qüvvələrini, Çar Rusiyasını və imperialist İngiltərəni təşvişə salır. Onlar Səttar xanı və silahdaşlarını gözdən salmaq üçün Səttar xan və Bağır xanı silahdaşlarından,Təbrizdən ayırmağa çalışırlar. İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfiri Corc Birliyə göndərdiyi teleqramda (16.3.1910) deyilirdi ki, Səttar xan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır. Bundan sonra İranın baş naziri, Milli Şura Məclisi işə qarışıb Səttar xan və Bağır xanı Tehrana getməyə məcbur edirlər. 1910-cu il mart ayının 6-da Səttar xan və Bağır xan 300 nəfər silahdaşı iləTehrana yola düşür. 1910-cu ilin aprel ayının 3-də Səttar xan Tehrana çatır. Qurbanlar kəsilir, Tehran əhalisi onu xilaskar kimi qarşılayır.
Səttar xana fədailəri ilə Atabəy parkında yer verilir. 1910-cu ilin 7 avqustunda şah qoşunları və milliyətcə erməni olan və əvvələr Səttar xanın qüvvələri ilə birgə şah rejiminə qarşı mübarizə aparmış daşnak Yefrem Davidyansın başçılıq etdiyi Tehranın polis qüvvələri gecə xaincəsinə Atabəy parkına hücum edirlər, Səttar xanın qüvvələrini mühasirəyə alaraq tərkisilah etməyə cəhd göstərirlər. Baş verən silahlı qarşıdurmada Səttar xan ayağından yaralanır. Səttar xanın qoşunlarına Tehrandan çıxmağa imkan verilmir.
Nəhayət, 1914-cü ilin noyabr ayının 9-da aldığı güllə yarasından Səttar xan 48 yaşında vəfat edir və Tehrannın Şah Əbdüləzim qəbiristanlığında dəfn olunur.
Beləcə, birləşmiş mənfur düçmən qüvvələri Azərbaycan xalqının qəhrəmanlıq mübarizəsini qan içində boğmağa müvəffəq olurlar.
Amma biz inanırıq ki, gün gələcək və ikiyə bölünmüş Azərbaycanımız yenidən birləşəcək.
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
QISA FİKİRLƏR XƏZİNƏSİndə Əmin Ər-Reyhani
“Ədəbiyyat və incəsənət” portalı Qısa Fikirlər Xəzinəsi rubrikasında bu dəfə Əmin Ər-Reyhaninin fikirlərinə yer ayırıb. Toplayanı, tərcümə və tərtib edəni Cəlal Məmmədovdur.
Əmin Ər-REYHANİ:
Məni əhatələyən təbiətin hər parçasında ana mənbəyinə Tanrı və ya Yaradıcı adını verdiyimiz ilahi bir cövhər müşahidə edirəm.
***
Çiyinlərinə yüklədiyimiz yükün ağırlığından ah çəkərək inləyən insanların bizə qarşı üsyana qalxmalarından qorxuram.
***
Yox olmağımızın səbəbi bölünməyimiz, bölünməyimizin də səbəbi cahil olmağımızdır.
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
Azərbaycanlı pianoçunun Londonda daha bir solo konserti keçirilib
Londonda yerləşən London Nəqliyyat Muzeyində (London Transport Museum) Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Vüsalə Babayeva klassik-caz əsərlərdən ibarət solo konsert proqramı ilə çıxış edib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müxtəlif ölkələrdən olan bəstəkarların əsərlərinin ifa edildiyi konsertə böyük maraq göstərilib. Proqramda klassik musiqi ənənələri ilə caz elementlərini özündə birləşdirən əsərlər səsləndirilib. İfaçının repertuarında Corc Gerşvinin məşhur “Rhapsody in Blue”, “The Man I Love”, “I Got Rhythm”, Fazıl Sayın “Jazz Fantasy on Mozart”, Nikolay Kapustinin “Etüd No.1”, eləcə də Azərbaycan bəstəkarları Qara Qarayevin “Eskiz” və Sevda Məmmədlinin “Azərbaycan naxışları” kimi əsərlər yer alıb. Soydaşımızın ifaları sonda sürəkli alqışlanıb.
Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçısı olan Vüsalə Babayeva “Transported by Culture” layihəsi çərçivəsində London Nəqliyyat Muzeyinin artisti seçilib. Konsert də bu layihə çərçivəsində baş tutub. Soydaşımız bir müddət öncə Kral Musiqi Kollecinin magistratura pilləsini bitirib. Hazırda Guildhall Musiqi və Dram Məktəbində “Artist Diploma” təhsili alır.
Bununla yanaşı, pianoçu Londonun müxtəlif nüfuzlu zallarında solo konsert proqramları ilə də çıxış edir.
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
Şəhidlər barədə şeirlər – Ruslan Abbasov
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü
Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Ruslan Abbasova həsr edilmiş şeirlə tanış olacaqsınız.
RUSLAN HİKMƏT OĞLU ABBASOV
(25.05.2000.-14.10.2020.)
Qaradağ rayonunun Sahil qəsəbəsindən olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi
MƏRD RUSLAN
Vardı təbəssümlü üzü,
İnamlı baxışı, gözü,
Mənalıydı hər bir sözü,
Hər kəlməsi “bəli”, “hə, can”,
Qoçaq, igid, mərd Ruslan.
Dərindi ağlı, kamalı,
Düzlük idi saf amalı,
Saysızdı arzu, xəyalı,
Sahil doğulduğu məkan,
Qoçaq, igid, mərd Ruslan.
Əsgər oldu – zirək, cəsur,
Qorxmaz, güclü, mətin, məğrur,
Vətən ondan duyur qürur,
Düşmənlərə uddurdu qan,
Qoçaq, igid, mərd Ruslan.
Düz yeddi postu aldılar,
Düşməni dərdə saldılar,
Qəlbdə əbədi qaldılar,
Qisas hissi olur yaman,
Qoçaq, igid, mərd Ruslan.
Hər kəs ola bilməz igid,
Komandirlər buna şahid,
Füzulidə oldu şəhid,
Dağ-dərəni aldı duman,
Qoçaq, igid, mərd Ruslan.
Verdi canın torpaq üçün,
Üçboyalı bayraq üçün,
Xoş gələcək, növraq üçün.
Unudulmaz heç bir zaman,
Qoçaq, igid, mərd Ruslan.
“Ədəbiyyat və incəsənətz”
(19.03.2025)